Sim-sim.az

Çinarə Ömray – İt

489A168C-1CD9-4E48-9905-6E18F58EF705_w640_r1_s

– Gəl, Vaqif, gəl, qardaş, rahat ol, heç kim yoxdu. Əlim kömürlüdü, manqalı yandırıram, sən gəl…

Qapını bağlayıb bağı dolaşa-dolaşa dostumun səsinə doğru addımladım.

Şəhərin səs-küyündən, boğanağından çıxıb bu bağa düşmək cənnət həzzi idi. Yaşıllığa toxunduqca ruhum təzələnirdi. Alma ağacının yanına çatmışdım ki, arxamda mırıltı eşitdim. Diksindim. Çevrilən kimi baxışlarım iri alman itinin gözüylə toqquşdu. Qorxdummu? Bilmirəm. Amma o itin gözlərində bir anın içində qapı açıldı, ordan keçib keçmişə yola düşdüm. “Vaqif… Vaqif…” – dostumun səsi də getdikcə uzaqlaşdı və yavaş-yavaş öləziyib başqa, yaşlı adamın səsinə çevrildi.

***

11 yaşım var. Atalıq yükü mənim sısqa çiyinlərimə qonub. Həkim atam “Orda mənə daha çox ehtiyac var, – deyib, cəbhəyə yollandı. – Heç kim orda döyüşənlərin ailə-uşağından artıq deyil”. Mənə elə gəldi ki, bu anda anam da mənim kimi düşünürdü: atam bu sözləriylə bizi güllələyib gedir. Zaman-zaman da belə xatırlayacaqdım: orda yaralı əsgərlərin yarasını sarıdıqca, burda bizim içimizin yaralarından necə qanlar axdığından xəbərsiz atam.

***

Kəndə film gələrdi, uşaqlar yığışıb gedərdi, filmə marağım ömrümü yeyib-bitirsə də, gedəmməzdim, filmə verəcək pul nə gəzirdi. Atammı, savaşmı mənim uşaqlığımı da götürüb cəbhəyə aparmışdı. Bunu anam film gələn günlərdə tay-tuşlarımdan ayrılıb suyu süzülə-süzülə evə dönəndə ağlamsınan gözlərimə baxa-baxa öz-özünə deyərdi, sanki təkcə uşaqlığım yox, özüm də burda yoxdum, çıxıb cəbhəyə getmişdi; üzünü uşaqlığımın getdiyi yollara tutub deyərdi. Anama elə inanardım ki! Ancaq anlamadığım bir şey vardı: orda, qan-qadanın, ah-nalənin içində mənim uşaqlığım nə işə yarayırdı, kimə lazım idi, onu niyə aparmışdılar axı…

Gözdən yayınıb böyüklərin ayaqlarının arasında özünü kluba pulsuz salan uşaqlar vardı, məni də həvəsləndirirdilər, ancaq uşaq olsam da, qürurum qoymazdı. Necə də olsa, “filankəs həkimin oğlu” kimi adım vardı üstümdə.

Bir gün kəndə film gətirən Məhəmməd dayı tüstüsü başının üstündən lay-lay, burula-burula çıxan papirosunun kötüyünü atmaq üçün öz tozlu köşkündən qapını aralayıb həyətə baxanda məni klubun həyətində tək-tənha görüb yaxınlaşdı:

– Niyə qıraqda dayanmısan, balaca?

– Heç… elə-belə. Özü də mən balaca deyiləm. Bir evin kişisiyəm.

– Baho, onu kim deyib sənə?

– Anam.

– Belə de… anan daha nə deyir?

– Deyir ki, atan o boyda ordunu qoruya bilir, sən ikicə nəfəri qoruya bilməyəcəksən? Mənə balaca deməyin…

Məhəmməd dayı bu dəfə Ciminin filmini gətirdiyini desə də, qutudan nə cürsə “Şərikli çörək” çıxmışdı. Film başlayanda klubda aləm dəydi bir-birinə, Məhəmməd dayını fitə basdılar; Məhəmməd dayı rayondan kimisə söydü ki, qutuları qarışdırıb, sonra nə oldusa, hamı bir anda kiridi; sonra filmdə özadımı eşitdim, həmişəki kimi film başlayandan sonra evə getmədim, həyətdə oturub səsini dinləməyə, filmi gözümdə canlandırmağa başladım. Ancaq bunu Məhəmməd dayıya deyəmmədim.

– Yaxşı, kimin oğlusan? – papirosuna son dərini qullabını vurub soruşdu. Səsinin tonu da tamam dəyişmişdi.

– Fərhadın.

– Hansı Fərhad? O Qarabağda döyüşən Fərhad?

– Hə, Məhəmməd əmi…

– Yaxşı, kişi oğlu, adını bilmək olar?

– Vaqif…

– Hə, Vaqif, bu, lap möcüzədi ki… Ancaq burda boş-bekar dayanmaqdan bir şey çıxmaz. Gəl, əmiyə kömək elə. Tək çatdırmıram. Elə ordan da baxarsan. Pulları da sən yığarsan bundan sonra. Sənin də payın olacaq a. Kişi deyilsənmi?

Bir anlıq qulaqlarıma inanmadım. Demək, bundan sonra adamları içəri mən buraxacaqdım. Aparat köşkünün pəncərəsindən filmi də seyr edə biləcəkdim. Üstəlik, lent qırıqlarından özümə götürə biləcək, ən əsası isə evimizə çörək qazanacaqdım.  

Məhəmməd əminin qap-qara kömür kimi üzü vardı. Tərdən işıldardı. Ara-bir proyektorun işığı üzünə düşərdi, illah da dava filmləri gedəndə, deyərdin, üzündə savaş gedir. Bombalar yağır üzünə, ah-nalə yüksəlir, qanlar axır, alnındakı şırımda əsgərlər yerə sinir, düşmən gülləsindən qorunur, sonra düşməni məhv etmək üçün hücuma keçirdilər.

Sonralar öyrəndim ki, Məhəmməd əmi atamla bir alayda döyüşüb, atam onu yaralanandan sonra döyüş meydanından çıxarıb, yarasını sarıyıb. Məhəmməd əmi deyirdi ki, bütün ailəsini Xocalıda itirib, indi dünyada kimsəsi yoxdu. Sonradan döyüşdə də bəxti gətirməyib, minaya düşüb, başı silkələnib, ayaqlarını itirib, indi həmişə beynində uğultu olur. Onu ordudan tərxis eləmişdilər, gəlib bizim qonşu kənddə yuva qurmuşdu özünə, tək-tənha yaşayırdı.

Məhəmməd əmiylə sevincək razılaşmışdım. Qanadım olsa, uçardım. Amma o dəmir lent qutuları az qala özüm ağırlıqdaydı. Filim bitib adamlar dağılandan sonra orda qalıb həmin dəmir qutuları Məhəmməd əminin motosiklinə yükləyirdim. Ayrılanda Məhəmməd əminin cibimə basdığı dəmir pullar gecələr ağrıyan belimə məlhəm olurdu. Ufuldaya-ufuldaya yuxuya gedirdim, yuxuda danışırdım, atamı çağırıdım, anam gəlir, saçımı sığallaya-sığallaya ağlayırdı…

Məhəmməd əminin gətirdiyi Böyük vətən müharibəsindən bəhs edən rus filmlərinə baxdıqca atam gəlirdi gözümün önünə. Onların orda hansı şəraitdə qaldıqlarını, necə savaşdıqlarını gördükcə atamı – mənim uşaqlığımı özüylə cəbhəyə aparan Fərhad həkimi hiss edilmədən bağışlamağa başlayırdım. Məhəmməd əmi deyirdi ki, bundan sonrakı ömrümü atana borcluyam. Qürurdan içim-içimə sığmırdı. Atamla fəxr edirdim. Həmin filmə o qədər həyəcanla baxmışdım ki, top-tüfəng səsi qulağımı ağrıtmışdı. Ancaq ağrılara dözürdüm, elə bilirdim, atamın adı qulağıma dərman qoyur, məni ovudur. Atam haqda nağıllardan daha da güclənir, daha da böyüyürdüm. İşə düzələndən bəri güzəranımız az da olsa düzəlmişdi. Yavaş-yavaş kənd dükanına olan borclarımızı ödəyirdik. Bilirdim ki, orda atam sevindiyindən özüylə apardığı uşaqlığımı qucaqlayıb bağrına basır, doya-doya öpür, sonra səngərdə yatırdırdı.

“Bizim Cəbiş müəllim”in kəndə gəlişi isə ayrı bir şey oldu mənimçün. Elə bil atam cəbhədən qayıdıb gəlmişdi. Zalım oğlu, elə bil Cəbiş yox, Fərhad həkimiydi. Bir anlıq qaçıb mələfə ekrandakı üzündən öpmək də keçmişdi içimdən. Ancaq eləcə lentləri öpdüm. Gördüm ki, Məhəmməd əmi gözlərini silir. Məsələ ondaydı ki, Məhəmməd əmi özü də hər dəfə gətirdiyi filimlərə bacadan mənimlə birgə, sanki ilk dəfə baxır, sonra da siqareti-siqaretə calayırdı.

Kəndimizdə bir Səmayə nənə vardı; filmdə əsgərlər bombanı atıb “lajiss” deyən kimi Səmayə nənə başını iki əliylə qucaqlıyıb əyilir, səslər kəsiləndən sonra ehmal-ehmal dikəlib yan-yörəyə baxır, yanaşı oturduğu əri Kərim babanın sağ olduğuna əmin olandan sonra yenidən seyrə dalırdı. Səmayə nənə ötən müharibənin uşağı olmuşdu, əri Kərim babanınsa bəlkə min yaşı vardı. Kino qurtarandan sonra mən qutuları daşıyanda çəliyinə çöykənib üzünü Məhəmməd əmiyə tutub deyir:

– Bala, o günlərə qaytardın məni. Döyüş günlərim bir-bir keçdi gözümün qabağından.

– Hə, dayı, lap yaxşı, – Məhəmməd əmi fikirli-fikirli deyir, – yenə gətirəcəm, baxarsız.

– Bala, bəri dur, saa bir şey danışacam.

– Danış, dayı danış. Uşaq qutuları yığınca vaxtım var.

– O vaxtı müharibədə bizə dərman verirdilər ki, qadın-zad istəməyək. A bala, sənə bir şey deyim, gülmə: o dərman indi-indi təsir eləyir mənə…

– Ətin tökülsün, kişi, – abır-həya qalmayıb səndə, – Səmayə nənə deyir.

– Elə demə, arvad, qadın ayrı şeydi…

Məhəmməd əmi qəfildən şaqqanaq çəkdiyi kimi, qəfildən də daş atılmış qurbağa gölünə döndü. Nə onun nəyə şaqqanaq çəkdiyini başa düşdüm, nə qəfildən qəm dəryasına batamsını. İndi də hər yadıma düşəndə, özümdən asılı olmadan birinci dodağım qaçır, sonra gəmilərim qərq olur…

Sabahı gün kəndə kino yox, Məhəmməd əminin qara xəbəri gəldi: özünü tənha yaşadığı komanın çatısından asmışdı…

Məhəmməd əmidən sonra, elə bil, atam ikinci dəfə bizi atıb cəbhəyə yollandı.

***

Kəndimizdə imkanlı ailələr çox idi. İri bağları vardı. Meyvələri aşıb-daşardı. Öz uşaqlarını qoymazdılar əllərini ağdan-qaraya vursunlar. Mənim kimi uşaqlara aparıb bağı yığdırardılar. Ağır vedrələri daşımaqdan qollarım sızlar, ovuclarım kəsik-kəsik olar, belim qopar, ağrıdan səhərə kimi yerimdə qıvrılıb yuxuya tamarzı qalardım. Günümüzə 3 manat pul, bir-iki kilo da meyvə verərdilər. Bu mənimçün böyük qazanc idi. Həmin meyvəni də ucuzuna satar (birini anama saxlardım), pulunu aldığım 3 manatın üstünə qoyub evmizə gətirərdim. Anam hər dəfəsində gətirdiyim pulu öpər, sonra da önlüyünün ətəyi ilə göz yaşını silib toyuq-cücənin qapısını vurmağa çıxardı. Yaşıdlarım sabah qonşu kəndin uşaqlarıyla oynayacağı oyunla bağlı baş sındırarkən, mən “sabah görən neçə ağac yığa biləcəyəm, evə nə qədər pul gətirəcəyəm” kimi suallarla yuxumu ərşə çəkirdim.

Mədəd dayının nə özü, nə də 3 oğlunun heç biri döyüşə getməmişdi. Nə qədər baş sındırsam da, səbəbini tapa bilmirdim. Bir dəfə fikirləşməkdən bezib soruşmuşdum da.

– Mədəd dayı, niyə siz, ya da oğlanlarınız döyüşə getməmisiniz?

– Atandan öyrənmisən belə sualları?

– Yox, sadəcə, maraqlı gəldi.

– Atan gedib, neynəyib? Bəlkə Qarabağı alıb, bizə xəbər eləməyib?

– Atam həkimdir. Orda yaralıları sağaldır. Məhəmməd əmi də deyirdi ki, qalan ömrünü atama borcludu.

– Hə, bilirəm. Mən pulumla on dənə atan kimi həkim alıb göndərmişəm ora. Sən bunları fikirləşmə. İşləmək fikrin var, ya yox, sən onu de?

– Əlbəttə…

– Onda sabah sübh tezdən gəl, bizim bağın meyvələrin yığ. Görürəm, ağıllı, zirək oğlansan. Tək bacarmazsansa, dostlarından da gətirərsən, kömək edərlər. Onların da haqqını verərəm.

– Yox, yorulmaram. Özüm gəlib yığaram.

Sübhün gözü açılmamış onların qapısında durub yuxudan nə zaman duracaqlarını gözləyirdim. İşə başlayandan iki saat keçməmiş, demək olar, iki ağacı yığıb qurtarmışdım. İndi də ağacın dibinə tökülənləri yığırdım. Birdən it səsi eşitdim, arxaya çöndüm, yalan olmasın məndən iki dəfə böyük itdi, hürə-hürə gəlirdi. İlk dəfə alman itini onda görmüşdüm. Özümü itirməyib cəld ağaca dırmaşdım. İt isə pəncələrini qaldırıb ağaca söykəmiş, üzü yuxarı dayanmadan hürür, dişlərini qıcayıb mırıldayırdı. Ürəyim də ilk dəfəydi ağzımda döyünürdü. Elə bilirdim ki, it bu dəqiqə ağaca dırmaşacaq, məni diri-diri udacaq. Gözlərindən də görünürdü ki, hər an məni parçalamağa hazırdı. Elə bildim, əsir uşaqlarımızın ətinin yedirdildiyi erməni itidir, yoxsa öz itlərimiz mənə belə düşməncə baxmazdılar. Bilmirəm, ya mən əsirdim, ya külək, ya da ağac. Elə bil əlim boşalacaq, bu dəqiqə yerə düşəcəkdim. Hardansa gülüş səsi gəldi. Mədəd dayının cəngavər oğlanlarıydı. Mənim necə qorxduğumdan həzz alıb qıraqdan gülürdülər.

– Cek, vzyat evo, – böyük oğlan qışqırır, yenə gülürdü. İt isə bu sözdən sonra daha da qəzəblə üzü ağaca hürürdü. Qəfildən nə oldu, olmadı, bilmədim, o gülüşlər içimdəki bütün qorxunu üfürüb apardı və boş qalmış yerinə qatı, qanqırmızı bir nifrət doldu. Xatırlayıram ki, ilk dəfə onda ürəkdən nifrət eləmişdim atama. Axı övladını burda ölümə atıb necə gedib orda vətənini qoruya bilir? – düşünmüşdüm uşaq ağlımla. Həmin an atamın insanlıq, vətən, mərhəmətlə bağlı dediyi bütün sözlər kağız qayıqlar kimi beynimin qan qırmızı nifrət gölündə batmışdı.

Bir də onu hiss etdim ki, bu qurdağız azman itlə üz-üzə, burun-buruna dayanıb meydan oxuyuram. Ürəyimdən bircə şey keçirdi: qoy bu vəhşi məni tikə-tikə parçalasın, bu da atama dərs olsun, ondan sonra qayıdıb gəlsin! İtin gözlərinə necə baxdığım yadımda deyil, ancaq onu bilirəm ki, bayaqdan ağacı gəmirən, hürməkdən az qala cəhəngləri cırılan it sakitcə üzümə baxıb ləhləyirdi, sanki kimin oğlu olduğumu gözümdən oxumuşdu, indi üzr istəyirdi məndən. Yığdığm meyvələri təpiklə vurub aşırtdım, məni lal-dinməz gözləriylə yola salan itə sürtünə-sürtünə keçib, pulumu da almadan yola düzəldim…

– Vaqif, ay Vaqif… – Mədəd dayının səsiydi. – İt oğlu itə bax e hələ.

Bilmədim Mədəd dayı bunu mənə deyirdi, itinə, yoxsa oğlanlarına…

***

Dostum mənə çatanda biz bağın ortasında itlə üzbəüz dayanıb bir-birimizə baxırdıq.

– Qardaş, səs kəsildi, dəli oldum. Dedim, indi parçalıyıb səni. Kim bunu açıb, axı. Zəncirdə saxlayıram. Buna bax e, zəncirini qırıb, it oğlu it!

Çinarə Ömray