Sim-sim.az

Dəniz Pənahova – Kloun (II)

596813fe-ced3-43dc-aa93-d4559350673e

 

 

ƏVVƏLİ BURADA

Sim-sim.az Dəniz Pənahın "Kloun – 2" hekayəsini təqdim edir.

 

 

 

 

"Kloun"  həm saytda həm də məşhur bir ədəbiyyat dərgisində dərc olunmuşdu. Hər şey öz axarındaydı. Qonararımı almaq üçün banka gedəndə özümü Knut Hamsun sayağı hiss edirdim, amma süd almadım…

Deyirdilər ki, "əsər bitdimi, bu,  qadının doğuşdan sonrakı rahatlığı kimidi".

Deyirdilər, məndə əksinə oldu.
Uşaq doğulmuşdu, mızıltıları da gəlirdi, rahat deyildim…

 Hekayədə uydurduğum yalanlara görə hər gün otaqda oyana –buyana gəzişir, addımlarımı sayırdım. Rəqəmlərə həssaslığımdan illərdi qurtula bilmirəm, lənətə gəlmiş psixoz! Yadımdadı, ilk dəfə onunla gəzintiyə çıxanda parkı 37 dəfə dövrələmişdik.  Dövrələrin sayını ona da demişdim, demişdim, amma deyəsən, hürkmüşdü axı o…  Özüm dedim, dedim ki, qaçsın.

Əbədi bir iz!

Taxtadan 37 rəqəmini yondurub, xüsusi düzəltdirib, kiçik, üzük boyda, lap üzük kimi…


Deyəsən,  Tamam xalanın qızı “Adını bilmədiyim qız“ sinfoniyasını bəyənməmişdi. Yəqin sizə də maraqlıdır, görəsən, Tamam xalanın qızının adı nə idi. Adını öyrənmədən ölsəm, dünyanın ən anlamsız ölüsü olardım. İlk əvvəl saytdan və dərgidən qurtulmaqla hər şeyə son qoya biləcəyimi sanırdım. "Asus K 55" notebookumun “hekayeler” papkasından “Kloun“ u sildim. Amma zibil qutusundan silməyə əlim gəlmədi. Sonra bütün dərgiləri özüm alıb yandırmağa qərar verdim. Saytın baş redkatorundan da hekayəmin silinməsini xahiş edəcəkdim. Amma jurnallar alınmış qonararlar xərclənmişdi. Geniş otağımın mənasız çəhrayı rəngli divarlarını qucaqlayırdım. Qurtulmaq istəyirdim. Günlərlə yatağımda, yorğanımı qucaqlayıb donuq nəzərlərlə tavanı izləyirdim. Divarı 3 xəttlə ayıran bucaqların birindən tavana iri ayaqlı bir hörümçək də köç etmişdi. Yeni qonağı ödürməyə də əlim gəlmirdi. Hərdən qapını və pəncərələri açıq qoyurdum ki, milçəkdən zaddan girsin, hörümçək də qidalansın. Mətbəxdəki stola düşən bir damla mürəbbəyə isə bir sürü qarışqa darışmışdı. Öldürməyə qıymadım. Onsuz yeyəndən sonra dağılışacaqdılar. Səhəri gün bir damla mürəbbəni də bilərək tökmüşdüm. Arada siz də yoxlayın.
Günlər keçdi hörümçəyin yanında yenisi peyda oldu. Əvvəlcə elə bildim balasıdır. Sonra onların sevişmələrini izlədim. Hörümçəklər qəribə sevişirdilər. Ancaq ayaq, əl ucları bir-birinə toxunub qalırdı vəssəlam. Səhər tezdən gördüm ki, iri hörümçək balacanı yeyib. Elə bilirdim ki, erkək hörümçək iri olandı. İnternetdə araşdırma apardım. Yanılmışdım. Dişi hörümçəklər iri olur və sevişəndən sonra erkəyi yeyirmiş. Ona görə də bəzən erkək hörümçəklər sevişməzdən əvvəl dişiyə yemək hədiyyə edir. Deyəsən, mənim ev onlar üçün uğursuz yataq otağı olmuşdu. Ayağımın altına stol qoyub süpürgə ilə hörümçəyi divarımdan həyətə qovdum. Sallanan tor pəncərəmdəki pərdə kimi yellənirdi. Onu da götürüb tulladım.
 Gecələr arada soyuducunun tırıltısından başqa bir səs duymaq olmurdu. Divar saatım da yox idi ki, tıqqıltıları sayım yuxu tutsun.Yuxu dərmanı içməkdən də mədəm pozulmuşdu. Yeni bədənsəl saat kəşf etmişdim. Diqqətlə səssizlikdə bədəninizi dinləsəniz bütün iç orqanlarınızdan gələn tıp-tıp səslərini eşidərsiniz. Təkçə ürək deyil, baş, damar, ayaq, barmaq ucları, boğaz. Bəzən o qədər səssizlik olurdu ki, bütün tıppıltıları eyni anda duyurdum. Qulağım batacaqdı ki, başlayırdım öz uydurduğum bir musiqini zümzümə etməyə.

Gecələrin birində yastığımın altından səs gəldi. Yastığımın böyründəki  “Nikomax etikası” kitabı ilə naməlum böcəyi birdəfəyə məhv etdim. İşığı yandıranda gördüm ki, kəpənəkdir. Bir günlük ömür yaşayan bəlkədə son bir saatını yaşayan kəpənəyi öldürmüşdüm. Amma bütün kəpənəklər birgünlük yaşamır. Bəzi növlərinə aiddir. Ümid edirdim ki, öldürdüyüm kəpənək birgünlüklərdən olmasın. Kəpənəyi qılçasından tutub işlətmədiyim dəftərimin arasına qoydum. Daha hər səhər qarışqalar üçün stola birdamcı mürəbbə tökməyin də anlamı qalmamışdı.
Beləliklə qərara gəldim ki, evdən səs gəlsin. İnternetdə evi tələbə qızlar üçün kirayə elanında yerləşdirdim. Özüm heç istifadə etmədiyim balaca otağa köçdüm. Əlavə gəlir mənbəyim olacaqdı, həm də səs eşidəcəkdim.
İki, rayonlu kollec tələbəsi tapmışdım. Hər gün yüksək səslə “Üzeyir Mehdizadə”ni dinləyirdilər. Qulaqcıqları da vardı.

Üzeyirə qarşı Üzeyir effektini yaratmaq istəyirdim. Təsir əks təsirə bərabərdir. İki mənfi bir müsbətdir. Mən də Üzeyir Hacıbəyovun əsərlərini qulaqcıda dinləyə -dinləyə yuxuladım. Bir ay dözmüşdüm.Tək qalmaqdan gözəl şey yoxdu həqiqətən. Ən çox da mürəbbəni bankasından yemək kimi ləzzətli şey yoxdur. Həmişə çay içəndə qapını bağlayırdım. Elə bilirdim ki, anam gəlib məni bankadan mürəbbə yediyimi görəcək.  Bir filmdə eşitmişdim ki, almanlar yəhudiləri qıranda bəzi evləri gəzib desert qaşığı tapırdılarsa onlara heçnə etmirdi. Mənim anamla aramda olan mədəniyyət savaşı almanlarla yəhudilərinki kimi idi. İkinci ayın ortasına çatmışdıq. Pulu xərcləmişdim deyə qızları evdən çıxara bilmirdim. Düşünürdüm ki, başım qarışacaq Tamam xala və onun qızını, hekayəni, hamısını unudacam. Xeyri olmadı.
 Birdən qərara gəldim ki, Tamam xalanın iş yerinə gedim və hər şeyi ona danışım. Məni bağışlasın, yaxud bilmirəm nə reaksiya verirsə versin, önəmli deyildi. Əsas bu iztirabdan qurtulum yetər. İndi sizə də maraqlıdır ki, mən nələri uydurmuşam. Hamısını deyəcəm. Əslində hekayənin sirli qalmağı daha yaxşı olardı . Əfsuslar olsun ki, mən bacarmadım. İlk yalan elə hekayənin başında oldu. Tamam xala bibimin yox xalamın iş yoldaşı idi. Bəs niyə yalan demişdim. Birincisi, hekayədə iki xala sözü qəşəng səslənmirdi. Qulağaitici gəlirdi. İkincisi isə bu hadisəni xalam mənə danışanda “heç kəsə demə, bu barədə yazma” -deyib, məni tənbeh etmişdi. Mən Tamam xalanın evinə getməmişdim. O , heç bilmir ki, mən onun ölmüş qızından hekayə yazmışam. Məktub da mənə aiddir. Amma bəzi məqamları o qızın həyatı ilə yarısı da mənlə əlaqəli idi. Daha bunları sadalamayacam. Həm xalam dərgini nənəmin əlində görüb oxumuş mənə əsəbləşmişdi- Sən neyləmisən? Tamam  səni məhkəməyə verər. Get özündən yaz da ay başına dönüm. Gərək işdən qovulam? İcazəsiz camaatın həyatından yazırsan. Mövzu tapmadın yazmağa?! Allahın, dinin varsa , əgər varsa,  əl çək məndən. Aramız soyumuşdu.

 

– Off ay xalaaa sən heç nə deməsən o axı hardan biləcək. Birdə ki, mən tanınmış yazıçı deyiləm ki, dərgi onun əlinə keçə və oxuya narahat olma xahiş edirəm, əsəbləşmə.


İndi siz elə düşünəcəksiniz ki, məhkəməyə falan verilərəm deyə bu gün mən həqiqətləri deyirəm. Xeyir. Onsuz da hekayə yazılandan 4, 5 gün sonra üstümə qəribə ağır yük tökülmüşdü. Aradan xeyli vaxt keçdi.
Xalama  "whatsapp" da səsli mesaj atıb neçənci növbə olduğunu soruşdum. İki növbəylə işləyirdi.

– Səhər növbəsiyəm.
– Tamam xala da səhərdi?( Mən istəyirdim ki, xalam orda olmayan gün gedim və rahat danışa bilim)
– Hə nədi ki?
– Tamam xala ilə danışmaq istəyirəm.
Xalam yenə başladı ard-arda dır-dır deyinməyə.
Qərara gəldim ki, gizlincə gedim iş yerinin qarşısında gözləyim. İşdən çıxanda izləyib yaxınlaşım. Onsuz məni tanıyacaqdı. Bir neçə dəfə görmüşdü. Lənətə gələrdi o günü ki, mən ora getmişdim. Tamam xalanı tanımışdım. Hamının üzünü izləyib bir- bir xalamdan işçilər haqqında məlumat almışdım və Tamam xalada dayanmışdım. Onun hekayəsi məni didib- didişdirmişdi.

Xalamla aramızı onsuz da güc bəla ilə təzə düzəltmişdim. Bu hekayəni görməsəydi daha yaxşı olardı. Keçən yay gürcü rəfiqəmin mənə hədiyyə etdiyi xaça görə anamdan çox xalam təşvişə düşmüşdü. Mən sadəcə rəfiqəmin könlü xoş olsun deyə bir neçə günlük taxmışdım boynuma. Xalamın yoldaşı Həcc ziyarətinə gedəndə dəfələrlə yalvarmışdı ki, dua elə o qız o xaçı çıxarsın. Mənim də həvəsim öləndən sonra xaçı çıxarmışdım. Həm də gürcü dostum Nana yanımda yox idi deyə çıxarmışdım. Xalamsa hər dəfə məni görəndə deyirdi : – gördün Şükür dua elədi Həccdə, boynundakı da qırldı. Mən bir az məzələnmək üçün yalandan xaçın qırıldığını demişdim. Çünki həqiqəti nə qədər deyirsən de hamının öz həqiqəti əsl həqiqətdir.
Çay,  çörək almaqdan ötrü məhləmizdəki balaca marketdən başqa küçəyə çıxmağa həvəsim yox idi. Hərdən istəyirdim ki, gedim aftovağzala gözümü yumum ölkədaxili bir bilet seçim qatarlarda, aftobuslarda o yana gedim, bu yana gəlim. Nəhayət hazırlaşıb evdən çıxdım. Tır-tırlı soyuducumun üsdünə kiçik rəngli kağızlarda “ zibilinizi atın” “unvalnikin için təmiz saxlayın” yazılarını yapışdırıb, çantama da balaca bir kitab atıb çıxdım evdən. Qonşuluqdakı dayımgilin həyətinə keçdim ki, bir baş çəkim, çoxdandır səs-səmir gəlmirdi. Həyətdəki kartof meşokunun üstünə atılmış ibtidai sinifdə zorla geyindiyim qırmızı paltoma sataşdı gözüm. Uşaq vaxtı topuğacan çatırdı əynimdə. Kövrələ -kövrələ geyinirdim. Hələ anam istehza ilə deyirdi ki, sən heç bilirsən neçiyə almışam bunu, naz eləmə gör nə gözəldi. Hələ paltoya uyğun qırmızı bir şlyapam da vardı. Allahım, getsin o günlər gəlməsin. Sonra həmin paltonu dayım qızlarına vermişdim. Deyəsən, onlar da bəyənməyib kartoflar üşüməsin deyə meşoka geyindirmişdilər. Yarım saat qırmızı paltomu izlədim. Atılmış uşaq kimi idi. Götürüb çırpdım və geyindim. Dizimdən bir az yuxarı idi. Qollarındakı qatı açdım. Tam üstümə oturmuşdu. Biraz sığalladım. Qayıdıb öz gödəkçəmi evə atanda aralı qapıdan kiraçı qızların birini gördüm. Dırnaqlarını "pilka"layırdı. "Pilka"nı barmaqlarının ucunda elə tutmuşdu ki,  sanki skripka smiçoku ilə sürətli bir musiqi ifa edirdi. Barabambam bara bam bam bara bara bam bam bam…

Başında çoxlu platin gəzdirən İranlı müəllimim Abbas Zəfər Muhammadi durdu gözümün önündə. Eynən bu pilkalı qız kimi smiçoku sol əlimdə tuturdum. Onun üçün çətin idi “si”dən başlamaq. Tərsinə çalmaq. Sağdan öyrənə bilmirdim. Sonra onu deport elədilər 5 illik. Dərslərə “skype” da davam edirdik. Hər dəfə də deyirdi:  “Fransa da oldum, İtaliada oldum, Almaniyada oldum belə şeyə rast gəlmədim.” Deport müddəti bitdisə də o bir də bu ölkəyə gəlmədi. Evdən çıxdım. Köşkə çatanda “Ədəbiyyat” qəzeti alıb vərəqləməyə başladım. İlk səhifədə Cek Londonun “Həyatın mənası” essesi idi. Gərək onu axıra salaydılar. Qazeti çantama basdım.Yolda gec –gec rastladığım, uşaq vaxtı məndən küsən  İ. və N. bacılarına rastladım. Məni görəndə gülümsəmələrini zorla tuturdular. Cəsarətimi toplayıb 15 ildən sonra onlara yaxınlaşdım.


– Salam N. Salam İ. Bəlkə də unutmusuz biz dördümüz qonşu Aytənlə birgə balaca olanda dərsə bir gedirdik. Siz bizim ikimizdən də küsmüşdüz. İllərdir düşünürəm tapa bilmirəm nə üstə küsdüyünüzü. Küsən tərəf siz olaraq bəlkə deyəsiz mən də rahatlayaram.


-Hə əlbəttdə xatırladım. Bir məhlə oyanda qalırıq da. Amma doğrusu nəyə görə küsmüşdük elə biz də unutmuşuq. Addım atmağa da utanırdıq. Bu mənim facebookumdu. Yəqin varsan da orda. İnstaqramın var? Gir orda danışarıq, deyib getdilər. Virtuallaşıb sağollaşdıq.


Qəribə idi, hələ bunun sirrini çözməmişdim. Yol gedə-gedə əsasən də məhləmizdə nəsə oxuyanda gözüm yola baxmasa da, ayağım daşa –kəsəyə dəymədən gedib düz evə çatardım. Ayaq yaddaşının olmadığını bildiyim halda. Ancaq aftobusda isə tərsinə olurdu. Pəncərədən küçələrə baxa –baxa getsəm də evin yanında deyil iki dayanacaq o yanda düşürdüm. Bu da baxan gözün yaddaşı.  Uşaq olanda isə mavi səmanı o qədər çox sevirdim ki, mavi donumu da çıxarmırdım əynimdən, gözüm göylərə baxa-baxa anamın əlindən tutub gedirdim. Anam da ayağının altına bax deyəndə qaldırıb ayağımın altına baxırdım. Bu hadisə müəllimlərimdən birinin də başına gəlmişdi. Uşaqlar çox şeyi eyni qavrayırlar.Sonra böyüdükcə bütün rəngləri sevdim. Qəzeti yenidən çıxarıb esseni təzədən oxuya-oxuya yaşadığım “Ümid Ə.” küçəsindən ayrıldım. Küçələr bu gün mənim idi. Bir az da mən idi. Hərdən döngə-döngə pişiklərin idi. Metroya düşdüm. Həmişə metro qatarlarında insanların əllərini izləyirdim. Tüklü barmaqların pozulmuş dırnaq boyalı qadınları daha çox idi. Başımı ağır- ağır qaldırıb sifətlərini izləməyə başladım. Dəbdəbəli geyinmiş kişilərdən, qadınlardan tutmuş  cırıq və çirkli paltarlı adamlara kimi hamının dodaq kənarlarının xətti aşağıya doğru idi. Elə mənim özümün də, başqa gənc qızların, oğlanların da. Fikirləşirdim ki, bəlkə müharibə şəraitinin təsirindəndir. Amma axı mən həmişə bu mənzərəni izləyirdim. İnsanlar çox güldüyündə belə “çox gülməyim axırı ağlamaqla qurtaracaq” deyib yarımçıq gülərdilər.Hamı əslində bədbəxt idi. Bədbəxtlik pis şey deyil ki, ona öyrəşəndə artıq ondan zövq almağa başlayırsan. Növbəti dayanacaqda dodağıaşağı xanım düşdü. Yerinə dodağı düz mən oturdum. Qatarda adətən heç kəs danışmırdı. Amma ən ağır, bağlı ağızların səsi idi qatar. Hamının üzündən müharibə tökülürdü. Nəticəsi olduğum nənəm 3 savaş görmüşdü, nəvəsi olduğum 2 anam isə bir. Üçü də həmişə deyərdi ki, “bala təki müharibə görməyəsiz” .Amma dünya dağılmadıqca mən də, uşaqlarım da uşaqlarımın uşaqları da müharibə görəcəkdi. Dözməyib başımı yanımda oturan qızın çiyninə dayadım. Qız qəfil çəkilib sifətimə tərs-tərs baxdı. Qatarda ən çox tərbiyə donuna bürünmüş qızlar oturmuşdu. Bu qatarda hamı bir başqası idi. Hamı ən çox şair idi. Müəllimi şair, iqtisadçısı şair,polisi şair, şairi fəhlə idi. Deyəsən “mimesis” sənətdən çox həyatda öz əksini tapmaqla imitasiyalı insanlar yetişdirmişdi. Hərdən düşünürdüm, bəlkə mən də ağını çıxardıram, Tamam xalanın qızının hekayəsini bu qədər böyüdərək. Bəlkə mən də əzabı imitasiya edirəm. Görəsən imitasiya ilə yaşayanlar bu sualı özünə verib dəyişə bilirdilər. Dəyişə bilməyəndə deməli insan özüdü. Bu şəhərdə nə qədər adam özü idi görəsən. Deyəsən, qarşıdan gül bayramı gələcəkdi. Yenə hamı başqalaşıb güləcəkdi. Elə mən də Azərbaycan boyda hamı olurdum. Elə bil Allahın üfürdüyü o ruh boyda bütün insanlar birləşib bütün mən olmuşdular. Gülləri heç sevmirdim. Kəpənəktək solub, uçurdu. Hərdən qərənfil istəyirdim. Məzar üstə bezən və qərənfili gülən günü.
Növbəti dayanacaqda düşdüm. Yüzlərcə robotun içində mən də yeriyirdim. Qayıblarım çoxalmasın deyə bu gün dərsə gedəcəkdim. Evdən tez çıxmışdım. Biraz şəhəri dolaşmaq qərarına gəlmişdim. “Nizami”nin heykəli tərəfdə oturmuşdum. İki rayonlu qız heykələ yaxınlaşıb şəkil çəkdirə- çəkdirə mübahisə edirdilər. Qızlardan biri heykəlin Mirzə Cəlilə digəri isə Cəlil Məmmədquluzadəyə aid olduğunu deyirdi. Savaşa-savaşa qucaqlaşıb selfi elədilər. Ağlıma çox gülməli bir pyes gəldi. Tez çantamdakı qəzeti çıxarıb arxa shifəsindəki ölülərə və ad günü olanlara şeir yazılan səhifədə pyesin eskizini cızmağa başladım. Onlar bəlkə də ən xoşbəxt adamlar idi. Elə Mikayıl Müşfiqlə Səməd Vurğunu eyni anda sevən qrup yoldaşım da çox xoşbəxt idi. Özünü dahi sayan, şərab şüşəsi ilə şəkil çəkdirən yazarlardan tutmuş hamı imitasiya donunda xoşbəxt idi. Donu çıxartsalar çılpaq daha gözəl görünərdilər. Hələ təzəlikcə qulluqdan kənar, saqqallı bir gənc yazar astral səyahətin psixoloji problem olduğunu yazmışdı . Axmaq, hardan bilsin ki, astral səyahəti illərdir təkminləşdirib, artıq yazmağın daşını atıb biznes qurmuşam. Astral aləmdə, şəxsi təcrübələrimlə zaman tənzimləmələrini aydın öyrənməyə başlamışdım. Əvvəlcə aylarla məşq əsnasında gedib yenə keçmişə düşürdüm. Qərara gəldim ki, heç marağımı çəkməyən futbol oyunu ilə gələcəkdə olduğumu yuxuda tapa bilərəm. Bu minvalla "Topazda" hər sabahkı oyun üçün məşq edib bir gün öncədən astral səyahət edir, hansı komandanın udacağını tapmağa çalışırdım. Çox qazansaydım, şübhələr üzərimdə olardı. Bəlkə məni quldurlar tutub öz mənafelərinə uyğun işlədərdilər də. Məqsədim biraz pul toplayıb , ölkəni tərk edib uşaqlıq arzumu gerçəkləşdirmək, kosmonavt olmaq idi. İllərdir müxtəlif peşələrlə məşğul olub hamısını da yarımçıq buraxırdım. Hamısı da uşaqlıq arzumun baş tutmaması ilə yarımçıqqalırdı. 4il teatr rejissorluğunu oxumuşdum. İnsanların səhnəyə ehtiyacı qalmamışdı. Həyatda hər gün bir ifa edirdilər.  Yeganə istəyim qaranlıq ənginliklərdən tullanıb yox olmaq idi. Hamı yeni hekayə gözləyirdi. Bir misra, bir sətir, bir fikir insanlar üçün ümüd olmuşdu. Elə gənc yazardan müsahibə alanda da demişdi ki, oxuculara az da olsa ümüd vermək istəyirəm. Özümün ümüdü olmaya-olmaya yalançı ümüdlərlə heçkəsin başın aldatmaq istəmirdim. Onsuz yetərincə yazar vardı. Fakultəmizdə 70-ə yaxın. Fakultədən kənar yüzlərcə. Bircə mən çatışmırdım. Kitab təqdimatları isə toy dəvətnaməsindən fərqlənmirdi. Yeganə fərq qonaqlarda idi. Toyda tanımadığımız tanışlar, kitab təqdimatlarına isə dost –tanışlar gəlirdi. Hələ biri bir dəfə mənə demişdi ki, getmirsən təqdimata get ki, o da səninkinə gəlsin də. Şou biznesdən fərqləri yox idi. Qoca dodaqla cavan dodaq birləşib əvəzində cavan dodaqlının anlamsız şeirləri dərc olunurdu. Mənə isə deyirdi ki, bacarırsan sən də elə. Mənsə elə onda əlçəkdim yazmaqdan. Evə gəlib vanna otağındakı diş fırçamı sığalladım. Hər səhər onunla öpüşürdüm. Bunu qocalana qədər etməyə hazır idim. Şəhid olmuş sevgilimdən qalan tək şey diş fırçası idi. Qocalana qədər necə dözəcəkdim ki. Hərdən kütləvi intihara səbəb olacaq bir şey yazıb, özüm də onlarla birlikdə məhv olmaq istəyirdim. Məh olsun bəşəriyyət, yeni irq gəlsin. Amma bu Allahla savaşım olardı deyə əl çəkirdim. Çox tayfalar ona pənah gətirmədiyi üçün məhv etmişdi hamısını, sonra da peşman olub göyqurşağını yaratmışdı. Elə o vaxtdan yumru fırlandıqca fırlanır. Biz də yumrunun içində dörtkünc evlər tikib yaşayırıq.Yaşamağı bacaranlar yaşayacaqdı. Yaşamaq istəyirdi yer kürəsi.
 Şəhərdə qağayılar uçuşurdu səssiz qanad çalmadan. İnsanlara qarışmış bir az çörək üçün uçurdular. Uçduğu körpünün həmən altında balaca bir qız ovuclarını açıb dilənirdi. Xoşbəxtlik dilənçi bir qızın ovuclarındakı qəpiklərin bir- birinə dəyib çıxartığı səsin bitdiyi yerə qədər idi. Bir sərxoş əmi dərin- dərin qağayıları izləyirdi. Küçələr bəzən sərxoş kimiydi. Künc –bucağı da sərxoşlarındı. Bu şəhər nağıl kimi  rəngli-rəngli idi. Şeir kimi şəhərdə yaşayırdım. Yaza bilmədiyim şeir idi bu şəhər. Elə bu hekayədə yaza bilmədiyim şeirdən törəyib olub hekayə. “Əziz Ə.” küçəsinə düşüb addımlarımı sürətləndirmişdim ki, balaca bir oğlan addımlarımı yavaşıtdı.
– Ana Hatabah kimdi? Anaa ana kimdi Hatabah?
“Natavandı kirilcə yazılıb”- cavab verdi anası.
Ən sevimli müəllimin dərsinə çatmışdım.Tərslikdən günün şüası düz ayaqlarıma və sifətimə vururdu. Durub pərdələri çəkib pəncərəni bağladım. Müəllim anidən bizdən çox sadə bir sözü ingiliscədən soruşdu.
-Mmmm, uşaqlar dilimin ucundadıye ingiliscədən “will” deməkdir. Kim bilir.

 Bilirdim ki, müəllim özünü göstərir. Çünki dodaq kənarlarının xətti azacıq yuxarı qalxmış, gizlincənə altdan-altdan qələbəsayağı gülümsəyirdi. Bütün bunlara baxmayaraq sevimli müəllimim idi. Dilimin altında “iradə” deyə pıçıldadım. Az keçmədi ətrafdan səs çıxmadı deyə müəllim səsləndi.
– Hə xatırladım iradə…
Qrup yoldaşlarımdan biri dilləndi.
– Müəllim dablyu ilə yazılır ,qoşa ll ilə.


Gic gülmək tutmuşdu məni. Ürəyimdə “Allah öldü, Allah öldü” deyib gülməyimi kəsdim. Dediyim sözü yanlış anlamayın. Allahın ölməyi yox Allah məni öldür anlamında bir kəlmə idi. Nədənsə uşaqlıqdan bu kəlməni deyəndə gülməyim dayanırdı. Yaxud dırnağımla əlimin içini cızıb ağrıdırdım ki, gülmək çəkilib getsin. Yəqin çoxunun gülməyi tutmasın deyə ürəyində deyəcəyi bir açar sözü var. Yaxud qəmli bir mənzərəsi.
Dərs bitti. Və mən tələsik Tamam xalanın iş yerinə getmək üçün çantamı da götürüb tez sinifdən çıxdım. İşdən çıxmaqlarına hələ xeyli vardı. Universitetimizdən bir xeyli aşağıda yerləşən kilsədə musiqi səsləri gəlirdi. Elə bildim ki, filmlərdəki kimi kimsə toy edir. İcazə alıb içəri keçdim. Qarğışgahdakı qadınlar kimi nur üzlü rus və azəri qadınları, kişiləri boynu azca bükük əlləri göydə musiqili dua edir, Padre əvəzi adam isə həm rusca həm azərbaycanca dua oxuyurdu. Arxada bir qıraqda oturdum. Məndən başqa oturanlar da vardı. Yerdə qalan hamı əli göydə dua edirdi. Tək əli göydə dua edənlər də vardı. Bir rus xanım mənə yaxınlaşdı.
-Здравствуйте, вы христианин?
-Нет
-Мусулъманин?
-Нет
-Атеист?
-Нет
-Признаете ли вы Исуса как Бога?
-Нет
-Тогда не берите куски хлеба, когда их будут раздаватъ.
-Okey, deyib,  çörək paylanmamış çıxdım kilsədən. Halbuki, İsa dinindən aslı olmayaraq hər kəsə çörək verirdi. Yollandım Tamam xalanın iş yerinə. Gözlədim- gözlədim düşmədilər. Yuxarı qalxdım. Qapını açanda öz xalam da içəridə idi. Kiminsə üzünü boyayırdı. Hamı ilə salamlaşdım. Xalam gözləri kəlləsinə çıxmış, bərələ- bərələ mənə baxırdı. Tamam xala saçımı kəsərsiz deyə ona yaxınlaşdım. Heyifim gəlsə də qəsdən bunu edirdim. Özdə Tamam xalanın əli ilə. Aynada təlxək kimi özümə baxır əlimi uzadım axmayan yaşı silirdim. Yenə onunla danışa bilməmişdim. Yeni saçıma nə özüm nə də başm uyğunlaşa bilmirdik. Sabahısı gün yenə gəlib işin yanında gözlədim. Nəhayət çıxdılar. Yox, aman Allah . Məktəbli qızlar kimi hamısı qol-qola verib evə gedirdilər. Qızlar böyüyəndə də bir çox vərdişlərini tərgitmirlər. İndi gözlə ki, bunlar nəvaxt bir-birinin qolundan aralanacaq. Bir –bir işçiləri yola saldım. Arxadan izləyirdim. Nəhayət Tamam xalanı tək yaxalaya bildim.
-Salam Tamam xala
-Salam necəsən?
-Sağolun,sizə bir şey deməliyəm. Bilmirəm necə başlayım.
-Denən nə olub?
– Ayaqüstə danışılası deyil, olar oturaq bir yerdə? Vaxtınız var 5-cə dəqiqə
– Hə var.
-Çay içirsiz? İşdən çıxmısız yorğun –arğın,çay içək mən də dərsdə çox yorulmuşam.
– De görüm nə olub, narahat oldum
-Narahat olmayın, önəmli bir şey deyil, sadəcə mən rahat olmalıyam sizə deməsəm rahat olmayacam.
-Hə nə olub, ürəyim üzüldü tay
-Şeydi, mən sizin qızınızı yuxumda görmüşəm( of ay Allah ay qız nə danışırsan, yuxu nəydi.  de,de ,de çəkinmə nə olur olsun de)
-Hə,  nolub,necə görmüsən? xahaaha…
-Mən sizin ölən qızınızı yuxumda görmüşəm, uşaq olanda xalamdan eşitmişdim onun haqqında. Bilmək istəyirəm ki onun adı nə idi? (Ohhh yarımçıq ohh)
………..
Yolunuz bir gün “Memar əcəmi”dən düşərsə mütləq “Firuzə” gözəllik salonunda saçınızı Tamam xalaya kəsdirin. Amma qəti məndən söhbət açmayın. Əgər istəsəniz ölən qızının adını da soruşun. Onlar 20 ildən çoxdur ki, orda işləyirlər. Düz 20 il. Tamam xalanın qızının adı Nərgiz idi, zarafat edirəm. Adı İradə idi, İradə.