Sim-sim.az

İnanc Hüseynli – Nisgil

received_1574688026193515-1

Onu görəndə çox həyəcanlanırdım.

Nə qədər baxmamaq, gözlərimi qaçırmaq istəsəm də özümlə heç cür bacarmırdım. Əslində nə hiss etdiyimi dəqiq bilmirdim. Amma hislərimdə bir az həyəcan, bir az qorxu, bir az maraq vardı. Evləri yolumun üstündə idi. Hər gün işə gedib gələrkən onu görürdüm. Mənə fikir vermirdi. Amma bəzən olurdu ki, baxışlarımız bir-birinə kilidlənirdi. Onun baxışlarına davam gətirə bilmirdim. Başımı aşağı salıb addımlarımı sürətləndirirdim. O, məni görmədiyi vaxtlarda isə gizlincə bir yer tapır, uzun müddət onu izləyirdim.

Bu, Səma idi…

Hamı dəli adlandırırdı Səmanı. Ailənin yeganə övladı olan bu qız haqda bildiyim tək şey onun sonradan bu vəziyyətə düşməsi idi, iyirmi yaşından sonra. Başqa heç nə bilmirdim. Ətrafdakılar üçün o, sadəcə dəli idi, bütün dəlilər kimi. Səbəbini bilmirəm, amma nədənsə mənimçün Səma bir başqa idi, ya da bütün dəlilərdən fərqli. Onda adını bilmədiyim bir şey vardı sanki… Maraq məni yeyib bitirirdi. Səmanı tanıyan hamıdan onun haqda soruşurdum. Heç kim məni qane edəcək cavablar vermək istəmirdi. Bəlkə də mən çox maraqlı idim nəsə öyrənmək üçün. Ancaq bildiyim cavabları eşidirdim. İyirmi yaşından sonra belə olub…dəlidir o…həmişə eyvanda oturur…artıq on beş ildir onun yeri o eyvandır…demək olar ki, danışmır… Belə şeylər…

  O gün qəribə idim, məğlubiyyətə bərabər qələbə qazanmış kimi…

Çoxdandır axtardığım suala cavab tapmışdım artıq. Amma cavabı tapdığım an cavab axtardığım üçün peşman olmuşdum, elə bil…

Səma ilə kasıb bir oğlan bir-birini çox sevirmişlər.

Amma Səmanın ailəsi imkanlı olduqları üçün qızlarının “həyatını məhv etmək” istəməyiblər və beləliklə, gəncləri bir-birindən ayırıblar. Bundan bir müddət sonra oğlan başqasıyla ailə qurub.

Səmanın sonrakı taleyi isə göz qabağında…

  Çox sarsılmışdım.

Gözlərimin yaşı dinmirdi.

Nə edəcəyimi bilmirdim.

Amma bayaqkı peşmanlıq hissi bir anlıq məni tərk etmişdi. Bir neçə dəqiqədən sonra  Səmagilin qapısında idim, qeyriixtiyari, bəlkə də bilərəkdən…

Qapını elə döyürdüm ki, elə bil mənə borcları var.

 Eyvanda keçən on beş ilin qisas yumruqları ilə…

 Anası açdı, Səmanı görmək istədiyimi dedim, tanıyırdı məni, amma qızı görmək istəyim onu çox təəccübləndirmişdi.

Çox inkar etdi, guya Səma heç kimlə danışmaq istəmir…

Məni geri qaytarmaq cəhdi uğursuz oldu.

 

  Səmanın yanındakı stulda oturmuşdum. Anası bizə çay gətirmək üçün o biri otağa getmişdi. Səma ilə tək qalmaqdan ötrü bu yaxşı fürsət olduğu üçün heç etiraz etmədim. Susurdum, bir az da qorxurdum. Bütün bədənim titrəyirdi, əllərimi bir-birinə bərk sıxmışdım. Sanki bayaq qapıda qadınla içəri girmək üçün “döyüşən” mən deyildim…Səma isə elə bil məni görmürdü… Əlimi əlinə uzatdım. Sanki illərdir kiminsə əlindən tutmağı gözləyirmiş kimi əllərimi bərk- bərk sıxdı. Bayaqdandı otaqda olduğumun fərqinə varmadığını düşündüyüm Səma gözlərimin içinə diqqətlə baxırdı. Üzündə azacıq təbəssüm vardı. Hətta, gizlincə Səmanı izlədiyim zamanlarda belə onun üzündə təbəssüm görməmişdim… “Sən” dedim. Sözlər boğazımda düyünlənirdi. Yenə susdum. Səmanın sual dolu gözləri davam etmək lazım olduğunu hiss etdirirdi mənə. Özümü birtəhər topladım. On beş il əvvəl…sən…o. Siz sevmişdiniz…Danışa bilmirdim artıq. Kaş bura heç gəlməyəydim deyə düşündüm… Səmanın əllərimi əllərindən itələməsi məni düşüncələrdən ayırdı. Bayaqkı baxışlar yox olmuşdu. Mənə düşmən kimi baxırdı. Təzə dil açmış uşaqlar kimi nəsə deməyə çalışırdı, amma deyə bilmirdi. Hiss edirdim ki, ağzından kəlmələri çıxartmaqda israrlıdır. “Hə, mən…o…sevirdik çox…amma qoymadılar. Onlar kasıb idi axı, bizsə varlı. Bilirsən, o vaxt onun hər şeyi vardı, bir puldan başqa…amma indi mənim heç nəyim yoxdu, heç nəyim, atam, anam, sevdiyim, ürəyim, heç özüm də yoxam”… Hamı deyirdi ki, Səma keçmişi ilə bağlı heç nə xatırlamır, on beş ildir ki, heç ata-anası ilə də keçmişlə bağlı bir kəlmə belə danışmayıb. Amma o hər şeyi xatırlayırdı və səsinin tonu getdikcə qalxırdı, artıq qışqırırdı, əlləri ilə ayaqlarını sıxır, saçlarını yonurdu. Mənə isə “cəhənnəm ol”, “rədd ol” deyirdi…

  Pilləkənləri düşərkən hönkür-hönkür ağlayırdım, çevrilib arxaya baxmağa belə cəsarətim yox idi. Mən “rədd oldum”, “cəhənnəm oldum”, amma nə o “rədd ol, cəhənnəm ol”, deyən günü, nə bu gün, nə də sabah özümü bağışlamayacam Səmanın yaralarını deşdiyim üçün və o günü heç vaxt unutmayacam…Hə, bir də Səma qışqırarkən anasının əlində böyük bir iynə Səmanı “zərərsizləşdirmək” üçün ona yaxınlaşdığını…

 

                                                            İNANC HÜSEYNLİ