Sim-sim.az

Poeziya haqqında söhbətlər- I söhbət

 Birinci söhbət

Poeziya haqqında danışmaq da, yazmaq da çətindir. Yunan mifologiyasındakı cildən-cildə girən Fetida kimi, poeziya da, elə bil, həmişə adamın əlindən sürüşüb çıxır, bir tərəfi ilə daim sirli qalır. Söhbət poeziyadan gedəndə, deyəsən, Nəzəriyyə etiraf edir ki, məndə Peleyin qolları yoxdur. Bu zarafatın içində həqiqət payı olsa da, düşünürəm ki, poeziya haqqında da nələrisə demək mümkündür. Söhbətə ən azı belə başlamaq olar: yayğın düşüncəyə görə, şeir bədii təfəkkürün ibtidai formasıdır və təkamül şeirdən romana doğrudur. Məncə, bu yalnış qənaətə gətirən bir neçə səbəb var.

Birincisi, insan təfəkkürü çox vaxt özündən əvvəl olanı ibtidailiklə, primitivliklə eyniləşdirməyə meyllidir. Fikrimcə, bu məqama diqqət yetirmək vacibdir. Nə var axı XXI əsrin insanı olub, məsələn, Homeri ibtidai hesab etməyə?! Əslində məsələ çox sadədir və bu sadə həqiqət həmişə göz ardı edilir: bu gün sizə ibtidai, primitiv gələn müəlliflər öz dövrlərində modern olublar. Demək məsələ eramızdan əvvəl V əsrdə, ya da XXI əsrdə doğulmaqda deyil. Məsələ budur ki, indiki zaman əbədi deyil, o, bax elə siz bu sətirləri oxuyarkən, artıq keçmiş zamana çevrilir, yəni ki, olur “ibtidai”.

İkincisi, “şeirdən romana doğru” formulunun tərəfdarları çox güman ki, Tarixin hərəkətini xətti hesab edirlər. Tarix isə xətti yox, spiralvari, əyilib-bükülərək, daim irəli-geriyə sıçrayaraq hərəkət etməkdədir. Əslində, məsələnin kökü bir az da industrial gerçəkləyin bizdə yaratdığı illüziya ilə bağlıdır. Antik dövrdən orta əsrlərə qədər şeir aparıcı sənət idi. Hətta o qədər aparıcı idi ki, məsələn, Lukretsi Kar “Cisimlərin təbiəti haqqında” adlı fəlsəfi traktatını, Nikola Bualo isə “Poeziya sənəti” adlı nəzəri kitabını şeirlə yazmışdı. XVIII əsrin sonu, XIX əsrdən başlanğıcından etibarən isə şəhərləşmənin, texniki kəşflərin, sənayeləşmənin bütün dünyada yaratdığı kardinal dəyişikliklər, əvvəllər o qədər ciddi hesab edilməyən romanı önə çıxartdı. Bu gün də roman sənəti dünyanın və insan mürəkkəbliyini ifadə etməyin başlıca forması sayılır. Amma mənə görə, problem uydurma olan “şeir-roman” qarşıdurmasında deyil. Əfsus ki, öz taleyini poeziya sənətində görən gənc müəlliflər də, azsaylı poeziyasevərlər də ilk növbədə populyar olana cumurlar. Çağdaş dünyada populyar olanla maraqlanmaq, elə bil, bir az da vəzifə kimidir. Axı orda-burda populyarın haqqında danışacaqlar, gərək xəbərin olsun, üstəlik, əlçatandır, tez tapılandır.     

Bəs görən neçə adamın repertuarında Konfutsinin tərtib etdiyi “Şe-King” (Şeirlər kitabı), Tibetlilərin və Misirlilərin “Ölülər kitabı”, Hind “Veda”ları, “Upanişadalar”, İnka, Aztek, Maya mədəniyyətinin ilk şeirləri və bu kimi başqa qədim mətnlər var? Nədənsə bizə həmişə elə gəlir ki, oxumağa elə çağdaşlardan başlasaq, qısa zamanda dönüb müasir olacağıq. Amma bəşəriyyətin böyük şeir abidələrindən xəbərsizliyimiz bizim bu günün reallığına olan münasibətimizə də ciddi təsir edir. Ona görə də çoxuna elə gəlir ki, ondan əvvəl heç nə olmayıb, ya da çox ibtidai şeylər yazılıb. Halbuki qədim mətnlərdən öyrəniləsi o qədər şey var ki…

Üçüncüsü, mənə görə, ədəbiyyatdakı təkamül bir janrın başqa janra keçməsi yox, növün öz daxilində baş verən prosesdir. Yəni, şeir təkamül edib roman olmur, o, öz daxilində dəyişir, məsələn, çarpaz qafiyəli heca şeirindən ağ şeirə.

***

İndiki dünyada şou da, karyerizm də, merkantilizm də, sözün bütün mənalarında legitimlik qazanıb. Belə bir dünyada, əlbəttə ki, SÖZ gündəlik ünsiyyət vasitəsindən, dil alış-verişindən başqa heç nə deyil. Çağdaş insan üçün çox güman ki, sözlər, eləcə, hansısa əşyanın, nəsnənin simvoludur, içi boş qılaflardır. Amma bu gün bizə ibtidai gələn insanlar üçün SÖZ başqa anlam kəsb edirdi. Əcdadlarımız üçün sözlər nəsnələrin, əşyaların özləri qədər konkret gerçəkliklər idi. Məsələn, ağız, burun, dil, əllər, ayaqlar kimi, insanın ADI da bədəninin bir üzvüydü. Bu məqamda istəyirəm ki, ötən il oxuyub çox sevdiyim, qeyd dəftərçəmə köçürdüyüm bir eskimos şeirinə baxaq:

 

Zamanın başlanğıcında

insanlarla heyvanlar

yer kürəsini paylaşarkən,

insan istəsə heyvan,

heyvan istəsə insan ola bilərmiş.

Bəzən insanla dolarmış dünya,

bəzən heyvanla.

Eyni dildə danışarmışlar.

Söz sehrmiş o vaxtlar;

insan ruhunun sehrli gücləri varmış.

Təsadüfən deyilən bir Söz

qəfildən canlanar,

gözlənilməz nəticələr doğurarmış.

Nigeriyada yaşayan Doqonlara görə, Söz davranışla, əməllə sinonimdir. Məsələn, döyülmüş dəmir, toxunmuş parça, üyüdülmüş buğda – yəni yerinə yetirilmiş işlər onlar üçün Sözdür. Sudanlı Bambaralar üçün də Dil, Söz mücərrəd yox, konkretdir. Onların atalar sözlərindən birində belə deyilir: “İnsanın quyruğu yoxdur, hörükləri də. Onu hardan tutmaq olar? Ağzından çıxan sözdən.” Paraquay tərəflərdə yaşayan Quarani hinduları uşağın doğulmasını belə ifadə edirlər: “Söz yerləşmək üçün özünə yer hazırlayır.”

Qədim insan inanırdı ki, o ayağından, əlindən yaralandığı kimi, adından yaralana bilər. Ceyms Freyzer məhşur “Qızıl budaq” kitabında bu haqda bənzərsiz misallar çəkir. Məsələn yazır ki, Şimali Amerikalı hindular üçün saç, dırnaq, göz kimi, ad da bədənin bir üzvüdür, həmin adın pis məqsədlə deyilməsi öldürücü nəticələrə gətirib çıxa bilər. Onlara görə, ad heç vaxt deyilməməlidir, çünki deyilən kimi maddiləşir, bu da adamın özünəməxsus xüsusiyyətlərindən birini faş edir, beləcə, onu düşmənlərinin qabağında gücsüz vəziyyətdə qoyur. Eskimoslar qocalanda adlarını dəyişdirirlər. Keltlər üçün AD canla, nəfəslə eyni şeydir. Avstraliyadakı Yuin qəbiləsində ata öz adını oğluna yalnız ərgənlik mərasimdə açıqlayır. Qədim tayfaların, icmaların, qəbilələrin əksəriyyətində uşaqlıqdan yetkinliyə keçid mərasimləri təşkil olunurdu ki, bu ayinlərdən sonra onlara yeni bir ad öyrədilirdi. Yetkinlik statusunu alan adam yalnız bu yeni ad vasitəsilə əcdadlarının yaradılış əfsanələrini, keçmiş qutsal bilgiləri öyrənə bilərdi, yəni ad bir növ açar, şifrə idi.

Deyilənə görə, qədim misirlilərin iki adı varmış: biri hamıya açıq olan balaca, yaxşı ad, o biri də ömür boyu hamıdan gizlədilən pis, böyük ad. Misir mifologiyasındakı tanrı Reni ilan sancanda, o belə deyir: “Mən çoxlu adı, biçimi olanam. Atamla anam verdilər adımı, kimsə sehrlə başıma iş açmasın deyə, doğulandan bədənimdə bir yerində gizlidir.               

Paraquaylı abiponların maraqlı adəti var. Onlar hər il dillərində iməcilik aparırlar. Hər il dillərindən ölmüş adamların adlarını, ya da o ada oxşayan sözləri atır, yerinə təzə sözlər götürürlər.

Misalları çoxaltmaq olar, qısaca deyim ki, ibtidai dediyimiz insan birliklərində Söz də, Dil də, Ad da başqa statusda idi. Onlar inanırdılar ki, bıçaq sözü bıçağın özü kimi adamı yaralaya bilər. Onlar üçün Söz tanrıydı və bu inamları həqiqi idi. Biz isə elə bil, sözün özünə yox, şəklinə inanırıq.     

SÖZ dünyanın ən müxtəlif dillərində başqa-başqa adlar altında olsa da, həmişə eyni mənaları – həyat nəfəsini, yaradıcı gücü, universal ruhu, varlığın sirrini ifadə edir. Maleneziya dilində mana, qədim misirlilərdə ka, ibranilərdə amen, qədim çinlilərdə ki, hindlərdə om… Məsələn, üç hərfdən ibarət (a,u,m) Om qədim hind müdrikləri üçün müqəddəs söz idi və ilahiliyin simvolu, universal gücü yaradan nəfəsdir. Bu birləşmə dildəki bütün sözləri, bütün varlıqları aşıb keçərək permanent, sərhədsiz bir yaradıcı çırpınışla bütün dünyaya yayılır. Bhaqavad-Gitada belə yazılıb: “Bütün Vedalardakı Om hecasıyam, sudakı dadam, ayda və günəşdə parıltıyam, havan keçən səsəm, kişidə döləm, torpaqda qoxuyam, atəşin parlaqlığıyam; bütün varlıqlardakı canam, sonrasız zamanam, üzü bütün tərəflərə çevrilmiş tanrıyam.”

“Upanişadalar” kitabında əsas fiqur Atman əvvəlcə aləmləri, suları, işıq təkərinin çubuqlarını, ölümün yerini-yurdunu yaradır, sonra suların içindən Puruşanı (insanın universal eskizini) çıxardır, ona forma verir və üstündə kürt yatır. Vaxtı çatanda çatlayan yumurtanın içindən cücənin görünməsi kimi, Puruşanın ağzı görünür və SÖZ doğulur. Sonra Atman bütün digər işlərini həmin SÖZ vasitəsilə həyata keçirir.

Afrika xalqlarının mifologiyasında iki cür söz var: Quru söz, Yaş söz. Onlara görə, Quru söz uca varlıq Ammanın özəlliklərindən biridir; o, əvvəlcə sözü yaradır, onu muxtar bir gücə çevirir, sonra isə bu güc vasitəsilə (sözlə) bütün varlıqları yaradır. Afrika mifologiyasında deyilir ki, Quru söz insanda intuisiya kimi mövcuddur, Yaş söz isə yaradılış yumurtasının içində həyatın əsas prinsipi kimi cücərir və düşünmək, danışmaq qabiliyyəti formasında insana ötürülür.  

                                                             (Ardı gələn bazarertəsi)