Sim-sim.az

Seyid Aynur – Kimsəsiz qadın (ŞEİRLƏR)

a4f44f05-4cfc-4de5-9782-f1e2265a2de8

 

Hayku

Su zanbağları-

Ümumxanada körpə,

Lilli su, yağış.

 

Ağappaq əllər,

Eyvanda əriyən qar-

Yaz ayrılığı.

 

Bələnmiş körpə,

Yaylığa bükülü baş-

Oyanmış miqren.

 

Cırcıramalar-

Dilə gəlmiş vicdanım,

Pozulmuş yuxu.

 

Kimsəsiz qadın,

Hey ağlayan su kranı-

Çirkli boşqablar.

 

Tərləmiş yanaq

Möhkəm sıxılı əllər

İyul sevdası.

 

 

Müharibədən Kaskad şeir

Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim,

Gecənin gündüzə toxunduğu o al qırmızı sabah,

Dil açdı bətnimdə azadlıq,

Gileyləndi olanlardan,

Bakının havası düşmədi-qocalar qırıldı bir-bir.

Dizin-dizin alçaldı ucaboy, enlikürək cavanlar,

Ay da kədər dolu baxışlarla son dəfə oxşar kimi.

Daradı o gur, buruq-buruq saçlarını Həkərinin,

Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim.

 

Düşmən durmadan göydən mərmilər yağdırdı başımıza,

Yamacdan boylanan gülxətmi də ağladı kəndimizi.

Mən evimizin pəncərəsində durub səni gözlədim,

Gecənin gündüzə toxunduğu o al qırmızı sabah.

 

Laçından bəd xəbər gətirdi bizim əmiğoluAbo,

Zəhrimar Koridor sözünü ilk dəfə onda eşitdim.

Bir də köçkünlükdə bir özgə mənzilinə sığmayanda,

Dil açdı bətnimdə azadlıq,

Gileyləndi olanlardan.

 

Şuşadan tək xatirə, baş daşlarında şəkillər qaldı,

Son nəfəsdə nənəm dodaq qurudan həsrətlə danışdı:

“Bizləri bir az da elə bu özümüzkülər öldürdü,

Bakının havası düşmədi-qocalar qırıldı bir-bir”

 

SƏN

“Sən”-“O”:

Lal divarlar,

utandığından gözlərini yummuş çıl-çıraq,

bir fincan qəhvə-

içinə şəkər əvəzi gülüş qatılmış.

“Sən”-“O”:

Vanna otağının tərli kafelləri,

üzlü pərdələrin

gizlətməyə çalışdığını hayqıran vicdanlı pəncərələr,

doğulmayacaq körpə.

“Sən”-“Mən”,

“Ər”-“Arvad”:

orta statistik ailə olmağı bacarmayanlar.

Sevilməyən bədənlərdə əllərin yox,

yad gözlərin izi qalır.

 

MƏHƏBBƏTİN

Əlil arabasına bənzəyir məhəbbətin,

sənə çatım deyə,

maşınları saxlayıb,

qarşıdakı yolu keçmək lazımdır.

Alınası iş deyil-

bu şəhərdə maşınlar sürətlə gedir.

 

AYRILIĞIN YASI

Ötən yaz,

Yağışlar yolunu kəsmədimi,

küləklər əlindən almadımı heç,

sənə yazdığım sevgi dolu şeirləri?.

Sevgimiz ayağında,

xatirələr boz çamadanında gedəndən bəri,

Üzüm tinglərdə,

Günah alma ağaclarında qalmadımı?.

Bizsə payızda tutduq ayrılığın yasını,

əlvida, ey yaz,

ayrılığın günahı almaların,

səndən sonra kədər dolu üzüm,

ağ şanının.

 

KİBRİT

sinirləri yumağ edib,

ərinə köynək toxuyan bəstəboy qadın,

Və divarda göz boyda dəlik açıb

qonşusunu

seyr edən kişi;

1 qutu qədər ev-

Və bir daha heç vaxt alışmayacaq 1 cüt kibrit.

Seyid Aynur