Sim-sim.az

UŞAQ ƏLLİ ŞAMO-ELŞAD BARAT

Elşad-Barat

Şamogilin ikiotaqlı küməsi kəndin lap girəcəyində, dağın ətəyindəydi. Dağdan diyirləndikcə böyümüş, amma tam böyüyə bilməmiş qar topasına oxşayırdı. Bir az da təzə yığılmış alanəm vələnin qopnasını xatırladırdı. Formasına görə çox şeyə oxşayan kümə təkcə ev ola bilmirdi.

Müəllim atasının milli şöyüşlərindən doymuş divarların arasında Şamonu xoşbəxt edən tək şey Günaylı xəyallar idi. Günay onun dəlicəsinə sevdiyi pomidor yanaqlı, çiyələk dodaqlı, üzüm saplaqlı əlli, qaralmış banan qaşlı, at quyruqlu saçlı nərmə-nazik sevgilidən başqa, həm də bibisi qızıydı.

Bəlkə də, Şamo universitetə girib şəhərli bibiqızısıyla evlənməkdən başqa heç nə düşünmürdü. Sanki, o boyda kümədə tək yaşayırdı. Atasının ana dilimizdə aşkar olunmamış söyüşlərlə onu təhqir etməsinə məhəl qoymur, bacı-qardaşlarının gündəlik savaşını “vız” sayırdı. Arabir anasının dığdığına qulaq versə də, ümumilikdə, onu da eşitməzdən gəlirdi.

Şamonun atası dil-ədəbiyyat müəllimi olduğundan söyüşlərdə sayaçı sözlərdən, holavarlardan istifadə edir, şifahi xalq ədəbiyyatının müxtəlif janrlarına əl atırdı.

İllər keçdikcə Şamogilin qoyunları çoxalır, örük növbələri tez-tez gəlirdi. Evdən uzaq olmaq üçün Şamoya elə bu lazım idi. Qoltuğunda iki-üç kitab, qatırdı qoyunları qabağına.

Həmişə, dağın döşünə yayılmış qoyunların qabağında uca səslə kitab oxuyurdu. Elə bil qoyunlara dərs keçirdi.

Doqquzuncu sinifdə oxuyanda hərbi komissarlığın həkim müayinəsində eşitdikləri Şamoya başqa bir dərd oldu. Həkim demişdi ki, sənin əllərin inkişafdan qalıb, özün on altı yaşında olsan da, əllərinin hələ on iki yaşı var.

Bu dərd Şamonu nə kitabdan ayırdı, nə də Günaylı xəyallardan. Günaygil kəndə gələndə Şamonu tutmaq olmurdu. İllaki də, bibisi onu “yeznə-yeznə” deyib çağıranda yerə-göyə sığmırdı.

Şamonun əlləri elə bil böyüməkdən imtina etmişdi. Uşaq kimi şıltaqlıq edir, nədənsə böyümək istəmirdi.

Şamo öz əlləriylə mübarizə aparmırdı.

Bir də görürdün ki, kümənin qabağında Şamo əllərini döyür, irsi söyüşləri çəkinmədən dilinə gətirirdi. Əlləri cibinə çatmadığı üçün hirsindən ciblərinin ağzını da tikmişdi.

Uşaq əllərinə görə Şamo əsgərliyə yararsız sayıldı. Hamı ona xəstə kimi baxır, kənd uşaqları “uşaq əlli Şamo” deyərək onunla alay edirdi.

Öz uşaq barmaqlarıyla varaqladığı kitablardan çıxıb universitet tələbəsi olan Şamonun arzuları reallaşdıqca əlləri kiçilirdi.

Söyüşcül müəllim atası Şamodan xəbərsiz universiteti qiyabiyə çevirtdirdi. Bu çevriliş Şamonun bütün ümidlərini kiçildib əlləri boyda etmişdi.

Arıqlayıb çöpə dönmüş uşaq əlli tələbə kitab oxumaqdan imtina etmiş, sanki ömürlük susmuşdu. Günəş çıxanda qoyunları qabağına qatıb həyətdən çıxır, bir də batanda qayıdırdı.

Heç kəslə kəlmə kəsməyən Şamonu qoyunlarla danışan görmüşdülər. Şişəklərdən birini tutub başını sığallaya-sığallaya Molla Pənahın hansısa şeirini deyirmiş.

İmtahanlara getmədiyinə görə universitetdən qovdular Şamonu.

Günayı dazbaş bir oğlana nişanladılar.

Sevdiyi qızın toyuna getməyən Şamo kümədə tək qalmışdı. Nə qədər çalışdısa, ipi tavana bərkidə bilmədi.