Sim-sim.az

Yuhan Borgen –  Yaxşı insan

Dünya şöhrətli Norveç yazıçısı Yuhan Borgen (1902 – 1979) Avropa ədəbiyyatına böyük  töhfə vermiş sənətkarlardandır.  Onun novellaları, romanları, esseləri, məqalələri müxtəlif dillərə tərcümə olunub. 

Yuhan Borgenin çoxşaxəli ədəbi irsi əsasən ədəbiyyat və incəsənət məsələlərinə həsr edilib. Bu nümunələrdə bədii yaradıcılığın problemləri, sözün mövqeyi, yaradıcılıq psixologiyası öz əksini tapıb. Müəllifin məqalələrinin böyük əksəriyyəti L.N.Tolstoy, F.M.Dostoyevski, M.Qorki, Ç.Dikkens, H.K.Andersen, K.Hamsun, H.Qriq kimi məşhur söz-sənət sahiblərinin yaradıcılığını əhatə edib.

 

Sim-sim.az Y.Borgenin üç pritçasını  təqdim edir.

                                                                  

 

                                             Üç zaman

Bir dəfə şir ilə quzu yan-yana talada gəzişirdi. Qəfildən quzu şiri sorğu-suala tutmağa başladı: “Ay şir, sənin fikrincə, hazırda biz hansı zamanda yaşayırıq?”

“Soruşursan hansı zamanda?”, – şir quzunun sualını təkrar etdi. –  “Allahına şükür elə ki, biz yaşayırıq, bəyəm bu, səni qane eləmir? Bundan əlavə, yaşadığımız zaman məhz elə bizə məxsusdur. Əgər belə olmasaydı, biz əsla yaşaya bilməzdik”, –  şir sözünü yekunlaşdırdı.

Quzu taladakı yağlı otlardan yedikcə şirin dedikləri barədə düşünüb-daşındı  və nəhayət dilləndi: “Sən çox müdriksən, ay şir! Yürütdüyün fikirlərində də haqlısan. Yaşadığımız indiki zaman əlbəttə ki, bizə məxsusdur. Amma məni başqa şey düşündürür. Dəfələrlə eşitmişəm ki,  üç növ zaman mövcuddur: gözəl və eyni zamanda qəddarlığı ilə seçilən keçmiş zaman, sadəcə qəddar və amansız olan indiki zaman və bir də özündə tolerantlıq ruhu yaşadan, məsələn şirlə quzunun azad, sərbəst olaraq yan-yana gəzişdikləri gələcək zaman. Mən bu fikri ağıllı bir qoca keçidən eşitmişdim və düşündüm ki, indi məhz gələcək zamanın vaxtıdır”.

Şir o dəm quzunun başını dişləyib qopardaraq: “Sən ki, özün bu barədə mənim yadıma saldın, deməli hələ keçmiş zamanda yaşayırıqmış”, – dedi.

Qızılgül və tikanlar

                                                              1

Uşaq qızılgül koluna yaxınlaşaraq: “Mənə qızılgül hədiyyə verərsənmi?”-  soruşdu. – “Özün dər”, –  qızılgül kolu ona cavab verdi, – “Lap iki-üç gül dər, mən xəsis deyiləm!”.

Uşaq sevincindən əllərini qızılgül kolunun budaqlarının arasına saldı və qışqıraraq dərhal geri çəkildi. “Vay-vay-vay! Bu nə olan işdir? Necə də tikanlısan? Məndə heç nə alınmır”. “Sən narahat olma, oğul bala, əvvəl-axır alınar. Onsuz da bu həyatda tikansız gül olmur”, –  qızılgül kolu uşağa ürək-dirək verdi.

“Olmur-olmasın, mənə heç lazım da deyil” –  uşaq zınqırov çalmağa yollandı.

2

Uşaq hər növ gül-çiçəkdən iri bir dəstə tutaraq qızılgül kolunun yanına qayıtdı: “Görürsən də, necə gözəl güllərdir, elə deyilmi?”, –  soruşdu. –  “Axı, bunlar ki, qızılgül deyil”, – qızılgül kolu cavab verdi.

Uşaq bundan da çox gül-çiçək toplamağa başladı; demək olar ki, gündən-günə, həftədən-həftəyə o,  düzləri, yamacları gəzərək bir-birindən gözəl, al-əlvan çiçəklərdən dəstə bağlayırdı. Nəhayət ki, uşaq öyünmək məqsədilə bir gün yenidən qızılgül kolunun yanına gəldi. Amma nə görsə yaxşıdır: tikanların əhatəsində olan qızılgül kolu gülsüz qalmışdı. “Bəs sənin güllərin necə oldu?”-  oğlan koldan soruşdu. “Hamısı tələf oldu, indi təkcə tikanlarım qalıb”, – qızılgül kolu cavab verdi.

Bu yerdə uşaq əlindəki çiçəkləri yerə tullayaraq, hönkürtü ilə ağlamağa başladı.

                                      Yaxşı insan

Beş sığırçın albalı ağacında əyləşib nahar edirdi. “Ay səni, şeytan! Odur ey insan gəlir!”, –  onlardan ən kiçiyi dilləndi. “Neçə dəfə sənə deyərlər ki, şeytanı çağırma?”- sığırçınların ən böyüyü, bəlkə də ataları, ona təpindi. “Axı, mən xəbərdar elədim, dedim ki, insan gəlir,”-   kiçik sığırçın özünə haqq qazandırmağa çalışdı. Böyük sığırçın cavab verdi: “Fərq eləməz. Onsuz da uçmaq vaxtımızdır!”

Sığırçınların beşi də uçub buradan uzaqlaşdı. Ağaca yaxınlaşan insan yuxarı boylandı: “Sizi lənətə gələsiniz, sığırçınlar! Bu il yenə albalı olmayacaq!” Sonra o, evə qayıtdı və pal-paltardan  müqəvva düzəldərək ağacdan asdı.

“Çox çirkin paltodur, –  yerlərinə qayıdan sığırçınlar bildirdilər, – amma onun üzərində oturmaq rahatdır”. Quşlar müqəvvanın çiyinlərində, şlyapanın üzərində əyləşib əvvəlki kimi albalı gilələrindən qidalanmağa başladılar. “Vallah, insanlar heç də pis deyillər”- cavan sığırçın bəyan etdi. Bu zaman ağaca tərəf tüfəngdən atəş açıldı. Sığırçın yerə yıxıldı. “Bəlkə onlar da albalı yeməyi xoşlayırlar” – ana sığırçın dilləndi. “Məncə onlar sığırçın ətini daha çox xoşlayırlar”-  ata sığırçın  yerə düşmüş bala sığırçını götürmək istəyən insanın üstünü batırdı.

İnsan bütün günü sığırçınları güllə atəşinə tutdu. Axırda yorulub əldən düşdü. Tüfəngini kənara tullayaraq dedi: “Nə xeyri var? Bunların sayı milyondan çoxdu!”.

Sığırçınlar: “O, nə qədər atırsa atsın, bunun bizim üçün zərrəcə qorxusu yoxdur. Bağ olduqca kiçikdir, bizsə sayca çoxuq. İnsan bizə yaxşılıq etmək istəyir, amma bilmir ki,  axmaqdır”.

Səhərisi gün ağaclardan sığırçınları özündə əks etdirən çoxlu xırda güzgülər asıldı. “Onsuz da bu, kömək etməz!”- ata sığırçın kədərlə bildirdi. – Tezliklə burada albalıdan əsər-əlamət qalmaz”.

“Qədim zamanlarda, – digər bir sığırçın söhbətə qarışdı, – burada çoxlu nəhəng bağlar vardı, amma sığırçınların sayı isə indikindən xeyli az idi”.

İnsan dedi:”Heç baş aça bilmirəm:sığırçınların sayı niyə əvvəlki dövrlərdən çoxdur?”. O, ağaclardan balıqçı torları asdı. Bunu görən sığırçınlar dilləndilər: “Bu insan niyə bu qədər qanmazdır? Axı, niyə anlamır ki, biz sığırçınların say-hesabı yoxdur! Onun yeganə çıxış yolu çoxlu albalı ağacları əkib-becərməkdir!”

İnsan çoxlu sayda yeni albalı ağacları əkdi. “Bu ağaclar əvvəlkindən on dəfədən çox bar verməlidir”-  o, bağı nəzərdən keçirərək qürrələndi. Bu zaman artıq insanın saçları ağarmış, üzü dərin qırışlarla örtülmüşdü. Qəfildən beş milyondan çox sığırçın uçub gələrək bağdakı albalıları bir anda yeyib qurtardılar. Bağa girən insan gördüklərindən dəhşətə gələrək tüfəngindən atəş açıb özünü güllələdi.

“Nə olsun ki, – sığırçınlar dilləndilər, – hər halda onun gözləri yeməlidir”.

Tərcümə: Ağaddin BABAYEV

 

(Visited 89 times, 1 visits today)