Bu günlərdə Xalq yazıçısı Kamal Abdullanın yeni romanı işıq üzü görüb. “Sirlərin sərgüzəşti” adlı əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Bu, müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” əsərlərindən sonra sayca dördüncü romanıdır. Biz də onunla elə dördüncü romanının vərəqlərindən hələ mətbəənin “ətri” getməmiş görüşüb söhbətləşdik.
Beləliklə, Əməkdar elm xadimi, akademik, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal ABDULLA ilə “Ədəbiyyat söhbəti”ni təqdim edirik.
“Ədəbiyyat söhbətinin gizli iddiası ağıllı söhbət etməkdir”
– Sizcə, kompüterin, internetin, texnologiyanın tüğyan etdiyi indiki dövrdə ədəbiyyat söhbətləri oxucular üçün maraqlıdırmı?
– Onu yaxşı dediniz – tüğyan etdiyi. Həqiqətən hər gün bu tüğyanın şahidi oluruq. Ədəbiyyat söhbəti mənə elə gəlir, həmişə lazımdır. Çünki ədəbiyyat söhbəti o demək deyil ki, hökmən hansısa kitabdan, romandan, şeirdən danışasan. Əslində, ədəbiyyat söhbətinin gizli iddiası ağıllı söhbət etməkdir. Bu söhbət bizi bir romandan başlayıb dünyanın ən dərin sirlərinə, bir hekayədən başlayıb qədim tariximizə, bir şeirdən başlayıb xalqımızın, dövlətimizin, cəmiyyətimizin yaşadığı psixoloji məqamlara apara bilər. Yəni ədəbiyyat söhbəti ədəbiyyat naminə yox, bir vasitə, vəsilə kimi bizi başqa vacib mövzulara çıxara bilər. Bu baxımdan belə söhbətlər həmişə gərəklidir.
– Elə isə başlayaq. Kamal Abdulla müasir Azərbaycan ədəbiyyatını necə qiymətləndirir? Sizcə, bugünkü ədəbiyyat müasir günümüzlə, həyatın dinamikası ilə səsləşir?
– Vacib deyil hökmən bu günlə səsləşsin. Əlbəttə, həmin o dinamik məqamlar baş verərkən səsləşmənin özü nəyinsə əvvəl, nəyinsə sonra olması deməkdir. Əks-səda nədir? Səs var, sonra əks-səda baş verir. Bu ardıcıllıq duyulursa, xalqımızın, dövlətimizin həyatında baş verən hər hansı hadisə müəyyən zamandan sonra öz əksini bədii aləmdə, yaxud başqa müstəvidə tapmalıdır. Bu halın paralel, eyni zamanda olması mümkün deyil. Amma o əks-səda nə vaxt qulağımıza çatır, bu, artıq başqa məsələdir. Bu gün fiziklər qədim zamanlarda baş vermiş möhtəşəm partlayışın əks-sədasını kainatda axtarıb tapa bilirlər. Ozamankı hadisə – hər şeyi öz içinə yığan bir sinqulyar nöqtənin partlayışı kainatın bugünkü mənzərəsini verib. Səs olan yerdə, əks-səda həmişə var.
Sükutun səsi
– Məsələn, bu gün həyatımızda baş verən hansısa “partlayışın” əks-sədası 50-100 ildən sonra eşidiləcək, yazılacaq?
– Əlbəttə, həyatımızda baş verən partlayışı kimlərsə nə zamansa danışacaqlar. Bu o demək deyil ki, partlayışa şahid olan nəsil artıq yoxdursa, onu yazmayacaqlar, həmin informasiya itib-batacaq. Belə deyil. Bu, qanla, yaddaşla, dərin genetik kodlarla nəsildən-nəslə ötürülən informasiyadır. Bunu biz özümüz də çox zaman hiss edə bilmirik. Çox ola bilər ki, mən özüm XVI, XVII əsrdə yaşamış və hansısa hadisənin təsviri olmuş məqamı özümdən xəbərsiz içimdə bilmədən yaşadıram. Amma o informasiya mənim içimdə qapanıb qalmamaq üçün mənim özümlə əməlli-başlı “mübarizəyə” qalxır. Bəlkə mənim özümü də aldadıb real həyata bədii “maska”da daxil olur. Çünki mən onu içimdən çölə çıxararkən bədii vasitələrdən istifadə edərək onu ədəbiyyat dilinə çevirməyə çalışıram. Bunlar hamısı onu göstərir ki, nə zaman baş verməsindən asılı olmayaraq, hər bir hadisə hökmən öz əks-sədasını tapmalıdır. Hətta biz deyəndə ki, tək əldən səs çıxmaz – ona da şübhəylə yanaşmaq lazımdır. Tək əldən də səs çıxar. Tək əldən sükutun səsi çıxar.
– 30-40 il öncəki oxucu ilə müasir dövrün oxucusunun fərqi nədir? Ümumiyyətlə, müasir oxucu müəllifdən nə istəyir, nə tələb edir?
– Əvvəlki oxucu kitaba daha yaxın oxucu idi, indiki oxucu – internetə. Bir var, hansısa əsəri internetdən oxuyasan, bir də var kitabı əlinə alasan, onu vərəqləyəsən, vərəqlərini sığallayasan, ətrini duyasan.
Ümumiyyətlə, mənə həmişə elə gəlib ki, kitab çox oxuyan adamın ağlı da, biliyi də, həyat təcrübəsi də çox olur. O, daha maraqlı, daha ləyaqətli ömür sürə bilər. Amma hərdən oturub fikirləşirəm ki, heç kitab oxumayan adamlar da var. Onların da içində son dərəcə ləyaqətlisi, şərəfli həyat yolu keçənlər, həyat təcrübəsi dərin olanlar olur. Bəs bunu necə anlamaq olar? Deməli, belə çıxır ki, bütövlükdə götürəndə həyat özü bir kitabdır, mətndir. Kimi mətnin mətnini oxuyur, kimi də həyatın özündən öyrənir. Nahaqdan demirlər ki, dünya özü bir kitabdır. Mənə elə gəlir, insanda kitabı çox oxumaq ehtiyacı həyat kitabını adekvat oxuya bilməyəndə yaranır. Həyat kitabını kifayət qədər ciddi şəkildə oxuya bilməyəndə, həyatı həyatın özündən yox, kitabdan öyrənmə məcburiyyətini (ehtiyacını) özündə hiss edirsən. Söhbət təbii ki, ədəbi-bədii kitablardan gedir.
“Öyrədərək öyrənirəm”
– Siz həyatı daha çox kitabdan, yoxsa həyatın özündən öyrənmisiniz?
– Məncə, həyat da məni öyrədir. Sadəcə, həyat bizi öyrədərkən yaxşı öyrənci olmuruq. Bizə dərs olmur ki, bu işi belə yox, elə görərlər. Çünki biz çox zaman həyatda nəticə ilə üzləşmirik. Amma kitab öyrədəndə ki, belə etməyin nəticəsi budur, onda tamlıq olur. Həyatın bizə verdiyində ayrı-ayrı ştrixlər ola bilər, tamlığı bütöv şəkildə hiss etməyə bilərik. Amma kitabda sanki hər şey bir-birini tamamlayan şəkildədir. Ona görə kitabdan öyrənmək daha asan, həyatdan öyrənmək daha çətindir. Həyatı kitab kimi oxuya bilənlər isə xoşbəxt adamlardır. Qısası, hər şey kitabdır, hər şeyi kitabdan öyrənmək olar – həyat kitabından mənim dostum Çingiz Abdullayevin kitablarına qədər…
– Bu halda kitabın kütləviləşməsi üçün nə etmək lazımdır?
– Kitabla bağlı usanmadan nələrsə etmək – kitabı sevdirmək, bağışlamaq, hədiyyə vermək… Ona nail olmaq lazımdır ki, bir azərbaycanlı var-dövlət, qızıl əvəzinə kitab yığsın, sənət əsərləri toplasın. Təsəvvür edirsiniz, bunun nəticəsi hansı bəhrəni verə bilər?!
– Bəs kitabı dükandan birbaşa almaq?
– İndi alırlar. Az alırlarsa, deməli, həyatdan daha çox öyrənirlər. Bu saat hamı həyatdan, özü də havayı öyrənir. Öyrənmə prosesi insanın özündən asılı olmadan gedir. Mən bu saat tələbələrimdən də öyrənirəm. Bir devizim var – öyrədərək öyrənirəm. Latınca bunun adı “Docendo discimus”dur. Elə düşünmək doğru deyildir ki, müəyyən yaşdan sonra adamda artıq öyrətmək mərhələsi başlayır. İnsan yaşından asılı olmayaraq daim öyrənir.
– Məsələn, sizin kitablarınızı mağazadan alanlar var? Bundan qonorar qazana bilirsiniz?
– Alanlar var. Azərbaycanda, deməzdim, bundan yaxşı qazanıram. Amma ABŞ-da “Amazon” yayınları kitablarımın satışını izləyir. Nəşriyyat o satışdan mənə qonorar ödəyir. Və yaxud Moskvada gözəl tərcümə ustadı dostum Azər Mustafazadə ilə kitab dükanında satıcıdan öz kitabımı soruşanda bu kitabın artıq satılıb qurtardığı cavabını almaq mənimçün əsl yazıçı sevinci idi.
“Elə bilirlər, dialektoloji lüğəti oxumaqla yazıçı olmaq olar”
– Ədəbiyyatda “Atalar və oğullar” mübarizəsinin əsrlərlə ölçülən tarixi var. İllər öncə “oğullar”ı təmsil edən yazıçı Kamal Abdulla bu gün “atalar” statusunda bu mübarizəyə necə baxır?
– Ata statusunda olmaq hələ o demək deyil ki, sən atasan. Mən buna status yox, libas deyərdim. Ata kimi görünüb oğulluqda qala bilərsən. Oğul əvvəldən ata ola bilər, ata oğul kimi qala bilər. Burada cürbəcür kombinasiyalar mümkündür. Atalar və oğullar mənəvi keyfiyyətlərdir. Yayğın və bir-birinə keçən dəyərlərdir. Sadəcə, mən indi köhnəlik aşiqi olan konservatora çevrilmişəm. Bəlkə də bu mənim təbii dəyişməmdir.
– Elə isə yeni nəsil şair və yazıçıların yaradıcılıqlarındakı əsas problemləri, eyni zamanda uğurları nədə görürsünüz? Nədə səhv edirlər, harada düzgün yoldadırlar?
– Sizin sualınızda “istintaq” intonasiyası var. Amma yenə də çalışaq cavab verək. Mən yeni, orta, köhnə nəsil anlayışlarını başa düşməyə çalışıram, amma görürəm ki, yox, yenə də sonadək başa düşmürəm. Söhbət yazıçının yaşından gedirsə, bu bölgünü biblioqrafik göstərici kimi qurmaq mümkündür. Amma söhbət mənəvi müstəviyə keçəndə bu mümkün olmur. Bir də görürsən, cavan yazıçı son dərəcə yaşca böyük adamlardan və mətləblərdən yazır, yaşca böyük yazıçı gənclərdən və gənclik dəyərlərindən yazır. Bəs bunu nəslin hansı yaşına salaq? Həm bioloji, həm də mənəvi bölgü bəzən düzgün qurulmur. Məncə, nəsil əvəzinə məktəb demək olar. Amma vacib deyil, o məktəbə daxil olan ədiblər hökmən bir dövrün adamları olsunlar, bir-birlərini tanısınlar. Ola bilər biri XIX, digəri XX əsrdə yaşasın. Məsələn, Mirzə Cəlil ədəbi məktəbi formalaşıbsa, İsa Hüseynov, Anar, Elçin də o məktəbin nümayəndələridir. Bu baxımdan zaman yüklü nəsil anlayışını əqidə yüklü məktəb anlayışı ilə əvəz edərdim. Bir var mənəvi müstəvidə nəsil, bir də var xronoloji müstəvidə. Bunlar başqa-başqa şeylərdir. Mənəvi müstəvidə yaşlı və gənc yazarların məsələyə (mövzuya) münasibətini müəyyənləşdirmək son dərəcə müşküldür. Amma biz elə 60-cılar nəsli deyib dururuq. 70-ci illər nəsli guya bir az zəifdi, 80-ci illər nəsli demək olar ki, yoxdu. Məlum deyil ki, bu yanaşma hansı rakursdan aparılır. Bəlkə də biz yeni və köhnə nəsil sözlərini deyərkən bioloji və mənəvi meyarları qarışdırırıq. Burada nəsil əvəzinə məktəb anlayışı işə düşsə, daha düzgün olar. Yəni gənc nəsil hökmən gənclik baxışını, dəyərlərini formalaşdıran nəsil olmaya da bilər. Çünki 60-cı illərdə sadəcə, 3-5 yazıçı ədəbiyyatda dönüş yaratmağa çalışdılar və bunu bacardılar. 40-50-ci illərin ahənginə yeni nəfəs gətirdilər. Onların içində yaşlısı da, gənci də vardı. 60-cı illər nəsli anlayışı mənim fikrimcə, eyni ədəbi məktəbə mənsubluq deməkdir. Ayrı-ayrı ölkələrdə də bir məktəbə daxil olan yazıçılar yaşaya bilər, ayrı-ayrı dövrlərdə də.
O ki qaldı gənclərə, yaradıcılığa yeni başlayanların, yeni yazanların mətnlərində qəribə bir təmayül hiss edilir. Bir var yolu düz gedirsən. Bir də var əzilib-büzülürsən ki, diqqəti özünə cəlb edəsən. Diqqəti özünə cəlb etməyə çalışanda sən gücsüz olursan. Buna çalışmayanda güclü olursan. Stendalın “Qırmızı və qara” əsərində Jülyen Sorel obrazı var. Adi təbəqədən çıxmış adamdır. Kübarlar məclisinə düşür. Orda hər kəs paltarını özünəməxsus və ədabaz şəkildə nümayiş etdirir. Jülyenin üstünlüyü onda olur ki, paltarının gözəlliyini gözə soxmağa çalışmır. Çalışmadığı üçün də hamı deyir, nə gözəl geyinib, necə yaraşır və s. Üslub da, yazar da belə bir nəsnədir. Üslubu gözə soxmağa çalışanda, “mən nə qəşəng yeni söz dedim” iddiasında olanda istədiyinə nail olmursan. Amma bunları bir kənara atanda, yazmaq istədiyinin arxasınca gedəndə bundan mətn udur.
– Yeri gəlmişkən, bizdə belə bir təəssürat var ki, gənc yazar tanınmaq üçün, əsasən, ya özündən əvvəlki nəsli inkar edir, ya da pornoqrafik elementlərə əl atır…
– Bunlar da həmin üslubçuluğa, kənara çıxmalara daxildir. Bir yaşlı yazıçının yaradıcılığında bunu tapmazsınız. Yeni yazanlara, gəncliyə aiddir – hökmən özünü göstərmək istəyir, “mənə qədər bunu belə edən olmayıb” sindromu gülüncdür. Bir də çox qəribə başqa məqam var – gənc yazıçılar (artıq çoxu 40-ı haqlayıb) elə bilirlər ki, Azərbaycan dialektoloji lüğətini oxumaqla daha yaxşı yazıçı olmaq olar. Yaxud kənddə tövlədə gördüyü inəyin inək olana qədər 10 adını bilirsə, hə, bax bu, yazıçıdı, həyatı yaxşı bilir. Gülməlidir. Bütün bunları görkəmli yazıçılarımız son dərəcə təbii şəkildə əks etdiriblər. Daha deməyiblər, bu hələ çəpişdi, sonra keçi olacaq. Həyatın o məqamını yeri gəldikcə ifadə ediblər. Bunlar isə əvvəlcə göstərmək istəyirlər ki, mən bunu bilirəm, sonra ona uyğun təsvir tapırlar. Yaşlı nəsildə – Süleyman Rəhimovda, Əli Vəliyevdə, İlyas Əfəndiyevdə, Əbülhəsəndə əvvəl təsvir idi, sonra təsvirin içində olanlar. Bəzi gənclərdə bu, əksinədir.
“Özümü artıq tənqidçi kimi hiss etmirəm”
– Son illər içinizi titrədən hansısa roman, povest, hekayə, şeir oxumusunuz?
– Desəm, “yox” – düz olmaz, desəm, “hə” – o da düz olmaz. Məni xüsusi sarsıdan bir şey oxumamışam. Bəlkə də bu, yaşla bağlıdır. Məndən bundan artığını gözləməyə də dəyməz. Mən daha çox təkrar oxumağı sevirəm. Servantesi, Tolstoyu, Bulqakovu, Markesi, Borxesi, Ekonu… Demirəm, gündə oxuyuram, amma onların yaradıcılığı ilə tanış olduğum üçün kitabı istənilən yerdən açıb oxumaq mənə hələ də ləzzət edir. Bir də sonuncu dəfə Nəriman Əbdülrəhmanlının “Yolçu” romanını oxudum, mənə həqiqətən təsir etdi. Bu əsər Azərbaycan ədəbiyyatında “ağır” roman anlayışına yüzdə yüz uyğun gəlir və o “janrın” bütün tələblərinə cavab verir.
– Müsahibələrinizin birində “Azərbaycanın istedadsız şairləri” adlı yazı yazacağınızı demişdiniz. O yazı nə vaxt yazılacaq?
– Hər bir yazını yazmaq üçün gərək daxilən sənə güc gəlsin, ilham mənbəyin olsun. Həmin o istedadsız yazılar məndə heç bir həvəs yaratmadı. Gücü istedadlı yazılar, “mənim yazıçım” olan yazıçılar, “mənim şairim” olan şairlər yaradır. Bəlkə də istedadsız sözünü kəskin demişəm. Sonradan fikirləşdim ki, “mənim şairim” olmayan şairlər haqqında belə kəskin şəkildə yazmaq bəlkə də doğru deyil. Çünki onların da öz oxucusu ola bilər. Bir də ki, mən özümü artıq tənqidçi kimi hiss etmirəm.
– “Mənim şairim” dediyiniz şairlər kimlərdir?
– Füzuli, Hüseyn Cavid, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı, Aqşin, Qismət… Amma o istedadsızlara qayıdaq. Belə deməklə, sadəcə, göstərmək istəmişdim ki, bizə bu cür də yazılar lazımdır. Başqa prinsipim də var idi – Azərbaycan ədəbiyyatının tarixini misralar, şeirlər üstündə qurmaq, şəxslər üstündə yox. Məsələn, “bir axşam taksidən düşdüm payıza” – çox böyük mənəvi lövhədir. Yaxud “Yavrum, quzum adın nədir? Gülbahar”. Və ya “Tutuşdu qəm oduna şad gördügün könlüm, Müqəyyəd oldu ol azad gördügün könlüm” və ya “Bir təsəllidir sənə ol söz ki, derlər, var sübh”. Deməli, Füzuli üçün azad könüllər məqamı və məskəni var imiş ki, onu yada salır. Yazılar bu misralar üzərində qurulanda mənəvi aləmimiz daha aydın görünə bilər.
Başqa sözlə desək, Azərbaycan ədəbiyyat tarixini öyrənmək bugünkü azərbaycanlını daxilən bir qədər də möhkəm etmək məqsədi güdür. Bugünkü Azərbaycan dünənki Azərbaycandan təkcə şəhərləri, kəndləri, bağları, xiyabanları, hündürmərtəbəli binaları ilə fərqlənmir. Öz insanı ilə fərqlənir. Azərbaycan insanı artıq dəyişib. Ədəbiyyatın öyrənilməsi, mədəniyyətin təbliğ edilməsi həmin o insanın daha güclü formalaşmasına gətirib çıxarmalıdır. O güclü insan hansı prinsiplərlə yaşayır? Ən vacib prinsip odur ki, o, artıq şəxsi mənafeyini ictimai mənafedən irəli dürtmür. Bəli, məhz “dürtmür” sözünü işlədirəm, çünki bizdə çox zaman belə olub. O, ictimai mənafeyi üstün sayır, vətən, dövlət, bayraq, himn, prezident onun üçün adi sözlər deyil. O, bu sözlər uğrunda ölümə də gedə bilər. Bax, bu cür Azərbaycan formalaşır. Bu, çox vacib məsələdir. Ümumiləşdirsək, bizdə Niçşenin “səhrası” artıq böyüməkdən qalıb.
– Qarabağ savaşı və onun fəsadları mövzu kimi ədəbiyyatımızda əsas istiqamətə çevrilməli olsa da, təəssüf ki, kəmiyyət və keyfiyyət sarıdan ciddi kasadlıq yaşanır. Azərbaycan ədəbiyyatında “Qarabağ nəfəsi” niyə duyulmur?
– Bu fikirdəyəm ki, Qarabağ uğrunda mübarizə Qarabağ haqqında danışmaqla məhdudlaşmamalıdır. Biz bu gün Azərbaycanda nədən, hansı məsələdən danışırıqsa, Qarabağ uğrunda mübarizənin tərkib hissəsi olmalıdır. Bu gün iki gəncin sevgisindən roman yazılırsa, bu da Qarabağ uğrunda müharibə deməkdir. O sevgini elə göstərə bilərik ki, “Əli və Nino”da olan kimi, bütün dünya desin ki, belə böyük sevgisi olan xalq heç vaxt haqsız iş tutmaz, ədalətsiz yola düşməz. Bu da Qarabağ uğrunda mübarizədir. Yoxsa biz elə bilməyək ki, mübarizə yalnız əlinə silah almaqdır. Bu mübarizənin bir yolu da Azərbaycanı güclü etməkdir ki, bunu cənab Prezident İlham Əliyev hər addımında edir. Elə sonuncu Soçi və Aşqabad görüşlərini xatırlamaq kifayətdir.
“Müxtəlif Kamal Abdullalar yoxdur”
– Sizcə, Xalq yazıçısı ilə yazıçının fərqi nədir?
– Yazıçının özü üçün heç bir fərqi yoxdu yəqin ki… Kənardakılar üçün hansısa fərqlər ola bilər.
– İki ay əvvəl də belə düşünürdünüz?
– Vallah, heç vaxt düşünmürdüm ki, nə zamansa Xalq yazıçısı ola bilərəm, olmalıyam və bunun uğrunda mübarizə aparmalıyam. Sadəcə olaraq yazırdım. 20 ölkədə kitabım çıxıb. Fransa, Türkiyə, İtaliya və Rusiyada eyni romanım hətta iki dəfə çap olunub. İtaliyada kitabım çıxandan sonra Umberto Eko məni evinə dəvət edib. Yəni müəyyən zümrələrin diqqətini cəlb etmişəm. Demirəm, bu, mənim nailiyyətimdir. Bu, bəlkə də daha çox kitabın həsr olunduğu mövzunun müvəffəqiyyətidir. “Kitabi-Dədə Qorqud”a, Şah İsmayıl və onun dövrünə, Azərbaycan həqiqətləri və sirlərinin qələmə alındığı məqamlara olan maraqdır. Mənim ən böyük nailiyyətim, məncə, o mövzuları doğru-düzgün seçməyimdir.
– 20 ildir ən müxtəlif ali dövlət məqamlarındasınız. Məmur Kamal Abdullayev Xalq yazıçısı Kamal Abdullanı bir qədər arxa plana keçirdimi?
– Yox, elə düşünmürəm. Bunlar bir-birini tamamladılar. Biri o birinə mane olmadı. Çünki məmur kimi çalışanda da deyilənlərə görə maraqlı kitab yaza bildim – “Kitabi-Dədə Qoruqudun poetikası”. Yaxud “Yarımçıq əlyazma” ilk rektor olduğum zaman yazıldı. Eləcə də sonrakı kitablar. Soruşa bilərlər: həm rektorluq etdin, həm də necə oldu ki, roman yazdın? Rektorluğum da, romanlarım da məncə, göz qabağındadır. Və müxtəlif Kamal Abdullalar yoxdur. Siz deyən istiqamətlərin hamısını özündə ehtiva edən bir Kamal Abdulla var.
– “Kitabi-Dədə Qorqud”la bağlı çoxillik araşdırmalarınızın nəticəsi olaraq olduqca maraqlı, hələ də müzakirə və mübahisə mövzusu olan bədii əsər də ərsəyə gətirdiniz – “Yarımçıq əlyazma”. Kamal Abdullanın nəzərindəki, təqdimatındakı Dədə Qorqudla ənənəviləşmiş Dədə Qorqud obrazı arasında hansı fərqlər var?
– Mənim üçün “Yarımçıq əlyazma”nın ən böyük uğuru bilirsiz özünü nədə göstərdi? Çox adam dedi ki, sənin romanını oxuyandan sonra getdik “Dədə Qorqud” dastanını təzədən və ya birinci dəfə oxuduq. Bu, sevindirici haldır. Nəyə görə oxudular? Ona görə ki, görək Kamal Abdulla süjet xəttini, personajları nə qədər dəyişib, kimləri önə çıxarıb, kimlər arxa planda qalıb – bu fərqi öyrənmək üçün. Bunun özü də mənim üçün qiymətli məqamdır. Çünki bizim özümüzü yaxşı tanımağımız üçün “Dədə Qorqud”u hər rakursdan öyrənməyimizə böyük ehtiyac var. Eləcə də bu baxımdan dövlət tərəfindən “Dədə Qorqud”la bağlı keçirilən bütün tədbirlərin maarifləndirici, mənəvi və siyasi əhəmiyyəti var.
Yenə deyirəm, “Dədə Qorqud” kimi dastanların dünyaya təqdim edilməsinin müxtəlif yolları bir nöqtəyə gətirib çıxarır – dünya insanı deyir ki, bu dastanı yaradan xalq ədalətsiz, bihesab iş tutmaz. Məqsəd budur. Gərək, dünya desin ki, bu ölkənin insanları doğru yoldadırlar. Biz bunu onsuz da bilirdik. Azərbaycan multikulturalizm modeli bu gün dünyada qəbul edilən modeldir. Avropanın 20 ölkəsində universitetlərdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Məqsəd nədir? Göstərək ki, xalqımız, cəmiyyətimiz, dövlətimiz əsrlər boyu bu ideallara sadiq qalıb, onları bu günə qədər gətirib çıxarıb. Göstərək ki, Azərbaycanda dinlər, dillər, millətlər arasında münaqişə yoxdur, heç vaxt da olmayıb. Bizdə ən müxtəlif dinlərin nümayəndələri bir-birilə qardaş kimi dolanıblar. Bu, “Dədə Qorqud” dastanında, Nizami, Füzuli, Nəsimi yaradıcılığında da özünü göstərir. Yaxın və uzaq qonşularımızın hamısına ədəbiyyatımızın tarixi boyu məhəbbət izhar olunur. Bunu təbliğ etməklə onu göstərmək istəyirik ki, Azərbaycan xalqı budur, onun yaşadığı və yaşatdığı ideallar bundan ibarətdir. Qoy dünya insanı Azərbaycana multikulturalizm prizmasından baxıb onun həqiqətlərini qəbul etsin. Bunun özü də eyni zamanda Qarabağ uğrunda mübarizədir.
“Bu, ölüm qarşısında qorxumdur” və yaxud “var sübh!”
– Hansısa əsərinizdə öz prototipiniz var?
– Yox. Digər tərəfdən bütün yazılar da əslində müxtəlif personajlar, prototiplərdir. Ola bilər Basat da mənəm, Təpəgöz də… Dədə Qorqud da mənəm, Şir Şəmsəddin də… Bəzən məni tənqid edirdilər ki, Kamal Abdullanın çoban obrazı alim kimi danışır. “Unutmağa kimsə yox” romanında Bəhram kişi uzaq qalaktikalardan, paralel dünyalardan söhbət açır. Bəli, belədir. Çünki o da mənəm. Flober deyirdi ki, Madam Bovari – bu mənəm. O dövr getdi ki, çobanı çoban dilində danışdırmaq üçün kəndə gedib 3 ay çobanlıq etməliydin. Edirdilər də… Gərək biləsən ki, inəyi necə sağırlar, qoyunu necə xınalayırlar. Bu mənə həmişə qəribə gəlib. Amma digər tərəfdən etiraf edirəm ki, bunlar da etnoqrafiya üçün son dərəcə maraqlı və bəlkə də yaşamağa haqqı olan məqamlardır.
– Yaradıcılığınızda mistikaya meyil çoxdu. Hələ mətbəə qoxusu duyulan əsərinizdə – “Sirlərin sərgüzəşti”ndə də adından göründüyü kimi, mistika var. Bu, fərdi üslubdur, yoxsa bir janr?
– Bir dəfə pyesimin tamaşasına dostlarımı dəvət etmişdim. Məktəb yoldaşlarımdan biri soruşdu, “yenə ölülərdən yazmısan?” Janr deməzdim. Əslində, bu, bilirsiz nədir? Təntənəli desəm, bu, mənim insanın ölməzliyinə olan inamımdır. Təntənəsiz, səmimi şəkildə desəm, ölüm qarşısında qorxumdur. İstəmirsən öləsən, ümid edirsən ki, nə cürsə yaşayacaqsan, həyat davam edəcək. Bu ikisini birləşdirəndə nə alınırsa, odur.
– Son olaraq onu da soruşum. Sizcə, şah əsərinizi yazmısınız?
– Bir dəfə mənə sual verdilər ki, Azərbaycan ədəbiyyatının 3 ən gözəl romanı hansıdır? Dedim “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”. İndi dördüncünü soruşsalar, deyərəm “Sirlərin sərgüzəşti” (gülür) …
– Varmı planınızda belə əsər yazmaq?
– Füzulinin beyti ilə cavab vermək istəyirəm:
Ey Füzuli, şami-qəm əncamına
yoxdur ümid,
Bir təsəllidir sənə
ol söz ki, derlər,
var sübh…
Xəyalə MURADLI,
“Azərbaycan”