I
“Hipertekst” sözünü sosioloq Ted Nelson 1963-cü ildə uydurub. Bu sözün bizə məlum ilk mənbəyi 1965-ci ilin fevralında, Nelsonun həmin ərəfələrdə dərs dediyi “Vassar Kollecin” bir bülletenində çıxan yazıdır. Yazıda Nelsonun oxuduğu bir mühazirənin xəbəri verilib. Nelson “kompüter” deyilən bu yeni cihazların yaradıcılıq məsələlərinə böyük köməklik edəcəyini, qarşılıqlı istinadlar, görüntülər, səsli hipertekstlərin təhsil sahəsində zəngin imkanlar yaradacağını iddia edib. Nelson hipertekstlə bağlı araşdırmalarını “Xanadu” layihəsi adı altında davam etdirib. Onun fikirləri neçə illər boyu xeyli əməliyyat sisteminin yaranmasına ilham verib.
Həmin ərəfədə, 1966-cı ildə, Bolqarıstandan Parisə gələn Yuliya Kristeva yazdığı məqalələrdə Mixail Baxtinin fikirlərini inkişaf etdirərək, mətnləri sitatlar toplusu kimi görməyi, mətnlərin digər mətnlərlə əlaqəsindən doğan məna şəbəkələrini konseptuallaşdırıb: mətnlərarasılıq/intertekstuallıq. Bu terminin bu gün çoxumuz üçün hipertekstlə çox yaxın assosasiyaları var.
50 il sonra bu anlayışların onları yaradanların təsəvvür etmədiyi şəkildə yayıldığını, həyatımızın hər saniyəsinə sızdığını görürük. Xatırlayıram ki,1990-cı illərdə kompüterlərin həyatımıza təzə-təzə girməyə başladığı günlərdə, öz lüğəti, daxili bağlantıları olan elektron kitab ideyası, internet vasitəsilə hipertekst texnikasından istifadə edərək əsər yaratmaq fikri bizi necə həyəcanlandırmışdı. Bu gündən o günlərə baxanda bizim o vaxtkı həyəcanımızı haqlı çıxaran yeniliklərin olmadığını, əvvəlki vədlərin bütünlüklə qarşılıqsız olduğunu söyləmək haqsızlıq olar: bir yanda, universitetlərin cəhdləri ilə ortaya çıxan “Perseus Digital Library” kimi nümunələr, yaxud bu işə baş qoymuş insanların müstəqil şəkildə hazırladıqları “ubuweb”, “bach-cantatas.com” kimi məlumat bazaları, digər tərəfdə isə mümkün olan bütün məlumatları axtarışa uyğun şəkildə üst-üstə yığmağı və alqoritmlər vasitəsilə axtarılanın tapılmasına imkan yaratmağı özünə ticari strategiya kimi seçən “Google”un yaratdığı azman kitab və nəşr bazası sayəsində araşdırma aparmaq əvvəlki illərdən dəfələrlə asandır. Amma, təbii ki, maraqlananlar üçün: sosial medianın, reklamların, spamın necə yayılacağını, partlayacağını, başqa hər şeyi basdıracağını az adam görə bilmişdi. İnternetin necə tupiklərlə, tərk edilmiş səhifələrlə, yarım-yarımçıq informasiyalarla, bir-birini kopyalan saxta kontentlərlə, hətta reklam tutmaqdan başqa məqsədi olmayan saxta mətnlərlə dolacağını, bütün bunların xəyalını qurduğumuz o ideal hiperteksti, açarı tapılmış Babil Kitabxanasını boğacağını təxmin etməmişdik. Yuxarıda adını çəkdiyim, hipertekstin uğurlu tətbiqləri arasında saydığım bütün örnəklər azsaylı araşdırmaçıların üz tutduğu ünvanlardır.
Bu məqamda hipertekst sözünün müəllifi Ted Nelsonun “Xanadu” layihəsinin saytına nəzər yetirməliyik: “Dünya-çapında hiperteksti açıq və spesifik şəkildə proqnozlaşdırdıq, üstəlik, bunu 60-cı illərdə, az qala, heç kim hiperteksti təsəvvür etməyəndə gerçəkləşdirdik. Lakin “Xanadu” layihəsi World Wide Web-i (www) yaratmağa ÇALIŞMIRDI. World Wide Web bizim MANE olmağa çalışdığımız şey idi. Birtərəfli bağlantıların, qırılan bağlantıların (uzun müddətli yayım qarantiyasının olmamağı), şərh yazmağın qeyri-mümkünlüyü, versiya idarəetməsinin yoxluğu, müəlliflik hüququnun olmamağı – bu problemləri əvvəlcədən proqnozlaşdırmışdıq.”
Texnologiyanın imkanlarını əsas götürərək yazılmış hipertekstin ədəbiyyat tərəfinə keçsək, misal gətirə biləcəyim xeyli yaxşı örnəyə baxmayaraq (məsələn, Vil Selfin “London Review of Books” üçün hazırladığı Kafka məqaləsi), gördüyüm qədəriylə, yaxşı, uzun ömürlü ədəbiyyat hələki kitab formasındadır – e-kitablar da böyük mənada hipertekst formasında deyil, əksinə, kağız kitabı təqlid edərək hazırlanırlar.
II
- “Ulipo”çulardan Jak Rubo “proyekt” adlı azman, altı “nominasiya”ya ayrılan kitab seriyasının ilk kitabını, “Böyük London Yanğını: Haşiyələr və Bifurkasiyalarla bir hekayə” adlı avtobioqrafik romanını çap etdirdi. Rubo kitabın ilk hissəsini ana mətnə, ikinci hissəsini isə ana mətndəki bağlantıların bizi apardığı “haşiyələrə” ayırmışdı. Kitabın mövzusu da hipertekst/intertekstuallıq baxış bucağı ilə əlaqəlidir: Kitab Rubonun həyat hekayəsindən, məşğul olduğu sahələrdən (roman, şeir, riyaziyyat…) və bu azman layihənin riyazi strukturundan bəhs edirdi. Proyekt, 2008-ci ildə yeddi cild şəkildə tamamlananda, gördüyüm qədəriylə, çağdaş ədəbiyyatın ən önəmli mətnlərindən biri, Prustla yanaşı qoya biləcəyimiz bir əsər ortaya çıxdı: “Ulipo”çuların “Həyatdan İstifadə Bələdçisi” və “Əgər bir qış gecəsi bir səyyah…”dan başqa normal əsər yazmadıqları düşüncəsini artıq tərk etməliyik.
- Jorj Perek Parisdə bir binanı yüz yerə böldüyü, sujetin şahmatdakı atın hərəkətləriylə birindən başqa bütün xanaları gəzdiyi, hər hissədə istifadə olunan ünsürlərin (və ədəbi sitatların) riyazi bir proses vasitəsilə müəyyənləşdirildiyi “Həyatdan İstifadə Bələdçisi”ni romanını çap etdirdi.
- Xulio Kortasar həm əvvəldən axıra, həm də müəllifin təklif etdiyi sıçrayış sxemi əsasında oxuna bilən, bəzi hissələrin mütaliəsini oxucunun seçiminə buraxdığı “Xana-xana oyunu” adlı şah əsərini çap etdirdi.
- Vladimir Nabokov ən yetkin romanı sayılan “Solğun atəşi” çap etdirdi. Kitab uzun bir şeirə yazılmış şərhlər formatıyla hipertekst idi, üstəlik, şərhlər başqa şərhlərə işarə vurur, romanın içində gizlənmiş cinayət(lər)lə bağlı ipucları şərhlərin içində üz-üzə qoyulmuş güzgülər kimi bir-birinə əks etdirirdilər. Yuxarıda adını çəkdiyim Con Nelson “Xanadu” layihəsi çərçivəsində 1969-cu ildə hipertekstə nümunə kimi Nabokovun bu romanını misal çəkdi. (Layihəsi rədd edildi)
- Reymon Kyeno eyni qafiyə sxeminə sadiq qalan, bütün mümkün misra kombinasiyalarıyla oxuna bilən on sonetdən ibarət “Yüz trilyon Şeir” əsərini çap etdirdi.
- Amerikalı mühəndis və alim Vannevar Buş insan zehniylə bağlı bir məqaləsində “memeks” (memory-indeks) adlı bütün bilgilərimizi saxlayıb indeksləşdirəcəyimiz, beynimizin iş prosesini təqlid edən bir cihazın ideyasını təklif etdi.
- Xorxe Luis Borxes xeyli hipertekst azarkeşinin ən önəmli ilham mənbələrindən biri olan “Yolları şaxələnən bağça” adlı hekayəsini çap etdirdi.
- Ceyms Coys korlaşmağa doğru gedən gözləriylə bağlı şikayətlər, alkaqolizm, qızının əqli qüsuru, pul problemləri, müharibədən qaçmaq kimi dərdlərlə boğuşarkən, ən yaxın dəstəkçilərinin şiddətli etirazlarına fikir vermədən, 17 illik vasvası zəhmət nəticəsində “Finneqansayağı yas” romanını bitirib çap etdirdi. Dilləri, tarixi, insanları iç-içə keçirən, özü öz üstünə qatlanıb yığılan, Bekketin diliylə desək, “bir şey haqqında yox, bir şeyin birbaşa özü olan”, içindəki sonsuz sayda çarpaz bağlantıdan bəzilərinin elə birbaşa kitabın öz yazılma əhvalatı olan, dilin, mətnin çoxsaylı mənalarla, işarələrlə nə qədər yüklənə biləcəyinin təsəvvür etməkdə belə çətin çəkdiyimiz sərhədlərini göstərdi.
- Reymon Rassel “Yeni Afrika təəssüratları” adlı şeirini 12 illik çalışmadan sonra çap etdirdi. 1274 misralıq bu şeir iç-içə keçmiş, etap-etap mötərizələrlə göstərilən yan cümlələr və ətək qeydləri ilə yazılmış bir hipertekst idi.
- Ceyms Coys “azman bir hipertekst” saydığım “Uliss” romanını çap etdirdi.
- Çarlz Dikkens “Böyük ümidlər”in nəşrinə başladı. Dikkens bu romanında sonradan hipertekstlə bağlı düşünənlərin çox sevəcəyi “assosiasiya bağlantısı” (“link of association”) anlayışından bəhs etdi. Dikkens bir görüşün, bir görüntünün, bir xatirə parçasının roman personajlarına daha vacib olan başqa bir düşüncəni hiss etdirdiyi bu texnikadan romanında geniş şəkildə istifadə etdi. (&1)
- Lourens Stern əsərin adı “Tristam Şendinin həyatı və fikirləri” olsa da, mövzudan yayına-yayına Tristam Şendinin həyatına və fikirlərinə gedib çıxa bilməyən romanının ilk cildini çap etdirdi. Kitab inadkarcasına mövzudan mövzuya sıçramasıyla hipertekst idi, altdan alta “Melanxoliyanın anatomiyası”ndan, Rable və Bekonun əsərlərindən yararlanmaqla, intertekstuallıq fəndindən iki yüz əvvəl istifadə edirdi.
- Conatan Svift “Kitabların savaşı” adlı kitabını çap etdirdi. Bu əsər “St. Ceyms Kitabxanası”ndakı kitabların canlanaraq bir-birinə hücum çəkdiyi və klassiklərlə müasirlərin davasını birbaşa ifadə edən satirik bir romandır.
- Servantes “Don Kixot”un birinci cildini çap etdirdi. Kitab oxumaqdan beyni quruyan bir cəngavərin əhvalatlarından bəhs edən bu roman, əsas müəllifi guya Seyyid Həmid Badincani olan, sonradan tapılmış bir əlyazmadır və kitablarla bağlıdır, üstəlik, gəzərgi cəngavərlərin başına gələnlərin həqiqi olub-olmaması ətrafında fırlanır. Kitabın ikinci cildinin əvvəlində Don Kixot birinci cildin çap edildiyini və məşhurlaşdıqlarını öyrənir (“Əxlaqlı və görüb-götürmüş bir insanı ən çox xoşbəxt etməli olan şeylərdən biri yaşarkən özüylə bağlı çap olunmuş bir kitab görmək və ad-sanının məşhur insanların dilində gəzməsidir”). Servantesin ikinci cildi yazıb bitirməsindən əvvəl Alonso Fernandes de Avellaneda imzası altında bir nəfər əsərin ikinci cildini çap etdirmişdi. Servantesin yazdığı ikinci cildin axırlarında Don Kixot və Sanço Panza bu “saxta ikinci cild”lə qarşılaşırlar və onu heç bəyənmirlər. Belə deyirlər: “Kaş böyük Don Kixotun qəhrəmanlıqlarını Seyyid Həmid Badincanidən başqasının yazmağı qadağan ediləydi.” Kitabın finalında “saxta ikinci cild”in qəhrəmanlarından Don Alvaro Tarfe ilə qarşılaşırlar, onun üzləşirlər. Don Alvaro səhv etdiyini qəbul edir və “indi qarşıma mənimkindən çox fərqli, bambaşqa bir Don Kixot çıxdı” deyir, həqiqi Don Kixot və Sanço Panzanın Servantesinkilər olduğunu təsdiq edən bir sənədi bələdiyyə sədrinin iştirakı ilə imzalayır.
- Daniel Bomberq Venesiyada “Talmud”un təfsiri olan mətnlərin əsas mətnin yanında dərkənarlar kimi tərtib edildiyi, səhifələri xəttilikdən (linearlıqdan) xilas edərək çoxqatlı bir hipertekstə çevirən, sonradan standartlaşan kitab versiyasını çap etdirdi.
- Rotterdamlı Erazm klassik mətnlərə altdan-alta güldüyü “Axmaqlığa tərif” kitabını çap etdirdi. Klassiklərlə, ağzınacan dolu bir kitabxananın içindəkilərlə “bu günün” gözüylə təzədən əlaqə qurmaq, sonradan fransız və ingilis dilindəki iki əsas kitabın ana metodu olacaqdı: Montenin “Esselər”i və Robert Burtonun “Melanxoliyanın anatomiyası”
XII əsr. Musa bin Meymun (qərb dillərindəki adıyla Moses Maimonides) Aristotel fəlsəfəsi ilə Yəhudiliyi sintez edən klassik əsəri “Dəlalətül Hairin”i, yəni “Heyrətə düşənlərin bələdçisi” əsərini ərəbcə yazdı. (&2)
VII əsrin sonları. Bağdadda “Beytül Hikmət” kitabxanası quruldu. Yunan və Hind klassiklərinin ərəb dilinə tərcüməsi və təfsiri hərəkatı başladı. Əl-Xarəzmi və Əl-Kindi bu kitabxanada işləyərək ciddi əsərlər yazdılar. Qəzzali və İbn Rüşd arasındakı mübahisənin mövzusu (“Filosofların əsassızlığı”/ ”Əsassızlığın əsassızlığı”) bu tərcümə səfərbərliyi dövründə ərəb dilinə çevrilən Aristotel mətnləriylə bağlıydı.
Həmin illərdə Sevilya şəhərində yaşayan San İsidoro “Etimalogiya” başlığı altındakı ensiklopedik əsərində o zamankı bütün bilgiləri bir yerə yığan bir kitab yazırdı.
E.ə. I-II əsrlər. Pavelin məktubları və dört “İncil” mətnindən başlayaraq “Əhdi Cədid” toplanmağa başlandı. Mətnlərin məzmunu İsanın həyatı və “Əhdi Ətiq”də proqnozlaşdırılanların reallaşması ətrafındaydı. İsa mətnlərdə deyilənləri təsdiq etmək üçün yaşamışdı: İşaya 7:14-dəki “Qız hamilə qalacaq və bir oğul doğacaq” öncəgörlüyünü reallışdırmaq üçün doğulmuşdu. (&3) Çarmıxda olarkən yenə yazının yerinə yetməsi üçün “susadım” deyirdi və ona su yerinə sirkə verilirdi. (İohann 20:28, Məzmurlar 69:21). Sirkənin verilməsiylə yazının yerinə yetdiyini görən İsa “tamam oldu” deyərək son nəfəsini verirdi. (“consummatum est”).
E.ə. I əsr. Çimə-çimə mütaliə etməyi sevən Roma generalı Pliniy mütaliə və dünyanı görmək həvəsinin meyvəsi kimi, bildiyimiz ilk ensiklopediyanı – “Naturalis Historia”nı tərtib etdi. Deyilənə görə, Pliniy Vezuvi vulkanının Pompey şəhərinin əhalisini məhv edən püskürməsindən sonra baş verənləri yaxından görmək və insanları baxmaq üçün hadisə yerinə getmiş, orda qazdan zəhərlənərək ölmüşdür.
E.ə. VIII əsr. “Odisseya” və “İliada”nın bu dövrdə ortaya çıxdığı ehtimal edilir. Qərb ədəbiyyatının bu təməl mətnlərində sonradan kinematoqrafik təhkiyə və ya çağdaş ədəbiyyat saydığımız xeyli texnikadan istifadə edilib: əhvalatı nəql etməyə hadisələrin ortasından başlamaq, fləşbəklər, başqa əhvalatlara çarpaz referanslar… Bu mətnlərin əvvəlcə peşəsi ozanlıq olan insanlar tərəfindən əzbərdən oxunduğu, şeirlərin hipnotik, fasiləsiz davam edən vəzn xüsusiyyətlərinin əzbərləməyi asanlaşdırmaq məqsədi güddüyünü, elə buna görə də lazım gələndə vəzn boşluğunu doldura bilmək üçün personajların konkret qəliblərdən əmələ gələn formal sifətlərlə təkrar-təkrar xatırlandığı düşünülür. (gül barmaqlı şəfəq, öküz gözlü ilahə…) (&4) “Don Kixot”da gördüyümüz bəzi hipertekst xüsusiyyətləri bu mətnlərdə də var: Odissey kimliyini gizlədərək qatıldığı bir mərasimdə eynilə “Odisseya”nın və “İliada”nın ozanı kimi bir ozana qulaq asır, ozanın oxuduğu dastan da elə Odisseyin öz əhvalatıdır. Odissey göz yaşlarını saxlaya bilmir.
Başqa mətnlərdən bəhs etməyə keçəsi olsaq, Homerin bu kitablarında çox təsirli hesab etdiyim bir pasaj var: yunanların hələ yazılı mədəniyyətə keçmədiyi dövrdən gələn bu mətnlərdə “yazı” anlayışından təkcə bir yerdə, “İliada”nın 6-cı kitabında bəhs edilir – yazı, hərflər burada uğursuz və təhlükəli sayılır:
Likiyaya göndərərək əlinə də ölüm hökmü
Nəqş olunmuş iki lövhə vermiş onun…
E.ə. 2000 civarı. Bizə məlum ilk dastan olan “Qilqamış”ın ən qədim kopyaları. Mətnin yazılı olduğu gil tabletlər belə başlayır: (&5)
Sidr ağacından tablet qutusunu gör,
Tunc zəncirini aç!
Sirrin qapağını arala,
Lapiz lazuli tableti al və
Qilqamışın macəralarını,
başına gələnləri oxu.
Haşiyələr:
&1. Ceyms Coysun “Uliss” romanında Dikkensin bağlantı texnikasına verdiyi örnək üçün baxın, səh.139: “Sonralar o qəribə günləri xatırlayanda, özlüyündə mənası olmayan o balaca jestin, o kibrit alışmasının, onun və mənim həyatımın həmin andan sonrakı gedişatını müəyyənləşdirdiyini tez-tez düşündüm.”
&2. Musa bin Meymun adının ərəbcə yazılışına baxsanız, adamın adının “meymun” olduğunu görəcəksiniz. Bununla maraqlanıb araşdıranda iki izahla rastlaşdım: “meymun” sözü, əslində, yemin sözü ilə eyni kökdəndir, “sağ əl” ilə əlaqəlidir, “uğurlu”, “seçilmiş” kimi mənası olan bir sözdür. Başa düşdüyüm qədəriylə, nəslin familiyası bu idi və çox gözəl addır. Heyvana “meymun” deyilməsini araşdıranda iki ehtimaldan bəhs edildiyini tapdım: ərəblər meymunu uğursuz, ya da şeytan olaraq gördükləri üçün, fövqəltəbii gücləri ifadə edən bir təbir kimi heyvanlara meymun deyirdilər, ya da heyvanların təqlidçiliyini ifadə etmək üçün yunanca “mimon” sözünü borca götürmüşdülər.
&3. İşaya 7:14-dəki “qız” sözü, əslində, bakirəliyi ifadə etmirdi, bu hər hansı gənc qadın ola bilərdi. Söz nəyəsə görə yunan dilinə “parthenos” – “bakirə” kimi tərcümə edilib, bu tərcümə xətası xristian inancının əsas sütunlarından birini doğurub.
&4. Samsatlı Lukian əsrlər sonra Şekspirin “Afinalı Timon” əsərinə ilham verəcək olan “Mizantrop Timon” əsərinin girişində Zevsi bir xeyli sifətlə (ildırım yaradan və s.) yad etdikdən sonra, “dəli şairlərin vəznə düşmək üçün uydurduğu” bu cür sifətlərlə məzələnməyə başlayır.
&5. “Qilqamış” tabletləri XIX əsrdə oxuna bildi. “British Museum”un direktoru Neyl MakQreqor belə bir əhvalat danışır: 1827-ci ildə, “British Museum”da, “Qilqamış”ın 11-ci tabletində “Əhdi Ətiq”dəki tufan əhvalatının daha qədim versiyasının yazılı olduğunu (“Evini sök, bir təknə düzəlt. Malını burax, canını qurtar. Mülkünü tərk et, həyatını xilas et. Təknənə bütün canlıların toxumundan götür!”) görən mixi yazılarla maraqlanan həvəskar Corc Smit “iki min illik unuduluşdan sonra bunları birinci oxuyan mənəm!” deyərək tableti masanın üstünə qoyub, sonra həyəcanla otaqda sağa-sola gedib və qəfildən hamının yanında soyunmağa başlayıb.
III
Bizi başqa mətnlərə aparan mətnləri tarix içində geriyə doğru izləyərkən, hələlik bildiyimiz ən qədim mətnlərə gedib çıxdıq. Çox güman ki, maraqlananlar, bildiyim qədəriylə topladığım bu siyahıda xeyli çatışmazlıq görəcəklər. Göstərməyə çalışdığım bu idi: bağlantı vermək, oxucunu başqa bir mətnə göndərmək, başqa hekayələrə sıçramaq, başqa mətnlərlə hesablaşmaq, kitabda kitabın özündən bəhs etmək, tarix boyunca yazdığımız mətnlərin ortaq özəlliyi olub – bildiyimiz ən qədim mətnlərdən bu günə qədər.
“Qilqamış”dakı lapis lazuli (göy daşı) tablet də oxumağı asanlaşdıran (ya da estetizə edən) bir texnologiya idi, ən müasir elektronik tablet də. “Qilqamış”ın bizi göy tableti oxumağa dəvət etməsi kimi, bu gün də texnologiya bizi göy bağlantını tıklamağa dəvət edir.
Texnologiya dəyişə bilər. Əsas olan, davamlılığı olan və davam etməli olan, mətnləri oxuyanda, əlaqələr quranda insan beynində, yaddaşımızda yaranan bağlantılardır. Gəlin, oxumağa, bağlantılar qurmağa, “bir-birinin ardınca yuxular görməyə” davam edək, etməliyik.
Tərcümə: Qismət