sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Ələsgər Əhməd: “Mən pəncərə deyiləm, mənzərəyəm” – şeirlər

11/10/2021 - 10:00
A A
Facebookda paylaş

Sim-sim.az gənc şair Ələsgər Əhmədin şeirlərini təqdim edir.

 

Günəşsəl

 

Bu qaranlığın sol yarımkürəsində,

Quranın eşq surəsində

bir günəş salamladı səhəri

şairanə dəniz intiharından şeirləşən şəhəri.

 

Qarğalar,

leşlərə salam verməyənlərin ətinə acdır.

Dünya –

özünü yaxşı hiss etməyə layiq görməyənlərin

ədalətinə möhtacdır.

 

Gözüyumulu tərpənişini görməkdir,

saçlarını xoşbəxtliyə hörməkdir – eşq!

Mələklərin ahından yanmaz

Füzuli kantatasında,

səma allahından dayanmaz,

unutqanlıq yüklərini daşımaz çantasında.

 

Gözləmək, gözlətmək eyni qarətdir,

məram görüşdən ibarətdir həvəslə

Sənə bəlkə hər şeyi demişəm, yavaş səslə

 

Torpaqdan bir nəfəs götürəcəyəm

Əkdiyin toxumlar əhalidir.

 

Heyvanlar alidir.

Canlı insan olmasa, ot olar da.

Sənə təbəssüm ötürəcəyəm, çəkdiyin fotolarda.

 

Kazino tamahkarlığı.

 

Zaparogların göndərdiyi məktublarda

sevgisizlik imza yeri – yazılmazdı “Milena”

Aşırı bilgisizlik – artıq çəki.

Necə ki,

hindular hər dəfəsində tutublar da Zayeri

Ayaqqabı təmizləyənlər fəlsəfəsində,

qızıl mazdı “dilemma”

 

Paralel dünya,

Manenin intihar əməyindən sonrakı yaşam

Şam yeməyindən sonrakı

desert inzivalar – çölün fərqli sarbanlar koloniyası

Lipofreniya “jertva”lar – dərdli qurbanlar anhedoniası

 

Əşşi,

sanki ancaq, düşünmək mənim, Nəysə, taleyimdi.

Külbastıya daş dəysə, qırılar sancaq.

“Deyim”di.

Bilsəydim, aldığım hər həbs

tanrıtək haqsız dəlisoydu, əməllərimi keçərdi

Sinəni önə çək.

Əziz, Mary Phelps,

döşlərinin dili olsaydı, parçadansa, əllərimi seçərdi.

 

Solçu Mohseni

musiqidən qovalayardı fars izdəki yolçuluq.

Qayalar yuvarlayardı

dərmanlarını dağdan yumaq kimi.

Ad var, sizdəki solçuluq,

ərəblərin ölüm fərmanlarını sağdan oxumaq kimi qərarsızdır.

Yararsızdır, futbolçu əhsəni,

qapıçının qol vurmağı,

rəqib qapıçıyla eyni düşünməyinə bağlıdı.

Hər il dördü ilə ailə qurmağı,

isti saunaların sərin masajlarını sevirsən də.

Maraqlıdır.

Tərəf bizik, tələf onlar.

Nə qədər ki, bir gicbəsərin mesajlarını çatdıracaq

ağıllı telefonlar

dünya susacaq, dilini çevirsən də.

 

Mövzu bir az teatral,

bir az da cəllada əmr verməyən kral.

Masaj və mesaj:

biri ruhunu, o biri vücudunu yumşaldır.

 

Mənim intiharım

ləpələri uşaqlara çatmayan qumsaldır.

 

Ya da ki, limerens “SEVR”

 

Getmədən deyim,

dərviş Zolyanı oxuyandan sonra Parisi sevir.

 

Unutduğum dərmanın adı:

 

Yollar

dabanlara tüpürən qorxuları addım-addım dadır.

Səni yandırmaq istəyən

şimşəklərin arzuları qanadımdadır, Leşyeyən.

Damağımı kənardan dişləyən dişəklərin

öz izlərini pisləyən qitədə

meyvələrin təmizlərini axtarırdım çinardan xəritədə.

 

Tanımadığım mənzillərdə

dincəlməyə sürətlənir ağlımda daşıdıqlarım.

Pərdəli işıqlar

gözümün önünə gəlməyə sənətsəl cürətlənir.

Zərbi-məsəl rəzillər də yalvarır ki:

Bitirib qarətləri,

betonlara qumdan alışıqlar sanc!

 

İnanc –

bəşəriyyəti rənglərlə “oyadımdadır”

hansısa rəssamda.

 

Evimin yolunu unutsam da,

orda yaşadıqlarım hələ də yadımdadır.

Sonuncu mərhələdə,

tənhaların alın təri səhraları suvarar ki,

qərib hərarətləri yerli sputniklər gəvələdi.

 

Səsini izlədiklərini

gördüyün simfoniklər qovar,

lakin bir filmlə öyrənərsən – “Həyat axırdan əvvələdi”

 

Kiçildib dediklərini,

dərslərini ötürdüyün müəllimlə əylənərsən.

Yazdıqlarını içirdib anladarsan;

keyfiyyətcə bir sıfır öndədir ədəbiyyat çaxırdan.

 

 

Sözlər yaşamaz ha

səfillər namaza

can atdıqcan, şıltaqlığa əfəllər.

 

Dəfnlər və kəfənlər seviləndə,

yerlə göy bataqlığa çevriləndə.

 

Hər halda,

üstünü torpaqlayıb qazdıqlarını aldadarsan.

Dərhal da

hər kəsə öyrət qəbirləri,

tanrının tələffüzü ilə əcəlin təbirləri göndərir.

 

Zəmiləri fələklər əkir

Burğacları, ağacları dodağından yandırır.

Gəmiləri dayandırır,

çəkir torları mələklər.

 

Ulduzlanan küləklər

diktatorları budağından möhkəm dərir

gecənin tənəffüsü ilə.

Qar utandıqca,

qapqara görüntü istəyir suyu süzülə-süzülə.

 

Çirkli paltarlardakı büzüklər quyu,

xaltalardakı üzüklər sandıqça macərasında

 

Bir tərəfdən də

günəşi inilti-inilti səsləyir, qolların arasında buzlanan bələklər.

 

Əsrlər keçir.

Kimsəsiz yoxsulları zədagan nəsillər seçir.

Təbiət hər həftəndə,

yarpaqların sərinliyində payız üsulları əsdirir

Kalışlara.

 

Sərkərdə ailələri sarayın qapısını kəsdirir.

 

Bacarsan onda,

həyatı qaralmışlara bəyəndir rəngarəngliyi

Ac saxlayıb qəbilələri,

masayadək axsaqlayıb süfrə açarsan Pentaqonda.

 

Biz qaçanda sahibin baxdı

məğlubiyyət vaxtı sən qaçma, danlar

Cürbəcür çamadanlar xıncaxınca.

 

Bezib hürür,

arxasınca kəndir cəngəlliyi dartır it.

 

Yaralı əsgəri mərmilərdən gizlədir,

Burnuyla toxumları izlədir.

 

Səngərləyir.

Xülya mumları üfürüb dincəlir,

 

Torpaqların dərinliyində bir az.

Eyni anda,

bir qadını dörd bir yandan əngəlləyir.

 

Sümüklərdəki artrit,

dəridəki psoriaz.

O ağrıyır,

gələcəyi gözlənilməyən bütün sevinclərə qapı bağlayır.

 

Yekəpər çətinlik,

axmaqlığa incəlir.

Onun ağlından oğurlayıb asanlaşır.

 

Qızıldan bəzədilmiş mülklərdəki

zəki labirint, insanlaşır.

Sirrini balıqlara deyir ki, tez unudurlar

 

Birini,

yaşaya bilmədiyi qalıqlarla bəzəyir ki,

Suya həsrət qalmasın, paslansa da dəmir.

 

Cibində yarım şüşə “Urlar”

 

Yosunlar gözləmir

dəniz qızından etiraz.

 

Kəndirin istiqamətindən azır,

zülmkar iqamətindən, onun ayaqlarına qayıdır it

 

Təbiətin çarpazlığı

dümdüz hədəfə hazır.

 

Necə də asan,

atçı duyuqluğundan kəsir inad bölümün

atın soyuqluğundan donur, çapmır.

 

Heç bir müalicədə donur tapmır,

ölümün qan azlığı.

 

Gündə yüz dəfə yazır: Artrit, Psoriaz.

 

Sən yaşayacaqsan,

ya buludların altında, ya otların üstündə.

Ölmə ki,

meyvələri tapasan,

cəncəl yarpaqların sərinliyində.

 

Nəysə demə ki.

Uzan da

təkliyi içinə çək, xəstəlikdən də tək

torpaqların dərinliyində dincəl, bir az.

 

İstə, oyunun nəticəsini dəyişim,

uduzanda.

 

Bir müddət qaranlıqdır

uzaqdan alatoranlıqdı hiddət işığı.

 

Əzm

bir xörək qaşığı, ye.

Gərəksə, fikirini yayındıran oyuncağa bənzəyərəm.

 

Əzizim,

çərçivələr kənara çəksə, şüşə sındıran kirini

Közü qalan hər ocağa

 

Qışqıraraq de:

Mən pəncərə deyiləm, mənzərəyəm.

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az