Bəhram Osmanov deyəsən, teatrımızı qışqırmamağa öyrədir, düşünməyə, düşündürməyə öyrədir. Cavid Zeynallının “Şükriyyə”si rejissora münbit bir meydan, ölkənin ən böyük səhnəsinə böyük qayıdış imkanı verdi. Məlum oldu ki, sadəcə, Münəvvər Əliyevanın susması çox təsirli ola bilər, məlum oldu ki, Mehriban Xanlarovanın başını sağa-sola çevirməsi tufan effekti verə bilər. Və bunun üçün səhnədə 50 nəfərin olması, səsin işığa, küyə, bağırtıya qarışması lazım deyil. Niyə Mehriban Xanlarova heç nə eləmir, uzun monoloq söyləmir, amma onun oyunundan mən kövrəlirəm, elə bil, özümü görürəm, özüm kimiləri görürəm, 30 il keçdiyimiz yolu, yolun ağrısını görürəm. Xanlarovanın Münəvvər xanımla bu tamaşadakı tandemi rejissor və dramaturqun möhtəşəm qələbəsidi, iki dişi canavar səhnəni parça-parça edirlər. Rəngləri tündləşdirmədən, boğazdan yuxarıya çıxmadan, sadəcə yaşamaqla. Zöhrə-Şükriyyə xətti pyesin Fyodor Alkeseyeviç-Şükriyyə xətti qədər əsas, bəzi hallarda üstələyən xəttidir. Zöhrə Xanlarovanın traktovkasında Şükriyyənin qoruyucu mələyidi, Şükriyyə də elə bil İsanın həvarisidir, Zöhrənin həvarisidir, onun göstərdiyi yolla gedir, amma aktrisaların ifasında bu pafossuz təqdim edilir, elə bil, qonşu evdə seyyid xanımdır, təskinlik verir sənə. Tamaşadan fotoların birində sanki bir ikona təsviridir, sanki xristian rahibəsi tək əlini Şükriyyənin başı üstündə saxlayıb.
Rejissor ustalığı pyesin imkan verdiyi bir obrazı da maksimum istifadə edib – uşaq obrazını. Demək olar, bütün tamaşa boyu səhnədə olan uşaq xanım personajların faciəsinin ən böyük, nə qədər qəribə də olsa, vizual (həm də təbii ki, dramaturji) obrazına çevrilir – tamaşa boyu səhnədə lazım oldu-olmadı olan uşaq sanki bir xatırlatmadı – bu xanımlar analıq cənnətindən qovulublar, səadətləri əlindən alınıb, onlar bu dəqiqə bu uşağı böyütməlidirlər. Amma əmək düşərgəsində məhbusdurlar. Uşaq kinoda bir kadra rəng qatan başqa bir kadr kimi, personajların oyununa rəng qatır, şərh verir, qadınların taleyinin, faciəsinin güclü bir simvoluna çevrilir. Tamaşa boyu, xüsusi ilə anası ilə ayrılıq sonrası görüşdə uğurlu işıq, rəssam həllinin köməyi ilə mələk obrazında canlanır. Yeri gəlmişkən Rafael Həsənovun işıq həlləri rejissor fikirlərini tamaşa boyu dəstəkləyir, qabardır. Rejissor dramaturqun ona verdiyi başqa xətləri də məharətlə həll edir: “Yılmazın əlcəkləri”, “Fyodor Alekseyeviçin ata olandan sonrakı katarsisi”, “çörəyə öyrəşən itlər” xətləri.
Nurəddin Mehdixanlının ifasında Fyodor Alekseyeviç adlı qəhrəmanın arkası müəllifin uğurlarındandır. Mənfi qəhrəmanın “bəraəti” motivi dramaturgiyanın pozulmaz bir tələbidir. Bu tamaşada dramaturji kanonlara uyğun da qəhrəmanın bu dəyişməsini, katarsisini görürük. Birrəngli personajlara öyrəşmiş tamaşaçılarımız üçün bu əsl dərmandır. Burada həm də müəllifin tarixi “cəlladlar və qurbanlar” kimi bəsit traktovkadan azad etməsini görürük. Müəllif dramaturgiyamız üçün ənənəvi olmayan “zaman və qurbanları” tezisini təqdim edir.
Afət Məmmədova səhnədə idi, nə yaxşı səhnədə idi, elə bil 90-ların əvvəlinin – qaynayan teatr enerjimizin səfiri gəlib teatra. Yenə də hər şey qaynayacaq.
Nə yaxşı ki, bir qəhrəman, eyni tarixi hadisələr, oxşar mövzu səhnəmizin iki tamaşasında ifadəsini tapdı, nə yaxşı ki, teatrımızda belə estetik bir polemika, ərənlər döyüşü baş verdi. Kimin qalib gəlməsi vacib deyil, udan teatrımızdır.
Tamaşa səhnəmizə gerçək etiraz enerjisini də gətirdi (Tamarın Kobanı lənətləmə monolqu), bəlkə də teatrın ən böyük missiyası bu etiraz enerjisini küçələrdən, meydanlardan, teatra gətirməkdi.
Mən bir tamaşaya baxdım. Amma mən həm də bir kamil filmə baxdım. Kinoda tez-tez rast gəlinən xəsis musiqi həlli vardı tamaşanın, asketik ifadələrlə həll edilmiş, təkrarlanan 3-4 notlu, ilk baxışdan bəsit kompozisiyalar teatrda da güclü effekt verərmiş. Son illərin ən yaxşı musiqi həlli olan tamaşalardandır “Şükriyyə”. Hələ milli rəqs musiqisi motivlərinin faciəvi çalarının kəşfini demirəm.
Mən tamaşaya baxanda inanmaq istəyirəm, “inanıram”, “tanıyıram”, “acıyıram” demək istəyirəm. Bu tamaşada mən inandım. Mehribanın hər saniyəsinə, Münəvvərin qaməti və sükutu ilə oyununa, səhnənin dəqiq obrazlarından olan, səhnədəki dəmir yol relslərinə, çamadanlara, Dilarə Nəzərovanın “Olqa”sına inandım, gördüm o necə bir bioqrafiyadır.
Bunları niyə yazdım? Yazdım ki, tamaşada kövrəlməyimin, axıtdığım iki-üç damla göz yaşının borcunu qaytarım. Siz də gedin və baxın!