Bu yazını cavan yaşda əbədi sükuta qovuşmuş bütün dostlara ithaf edirəm.
Vaxt dolub vədə yetişib, qürbətdən qayıtmışam vətənə. Rayondayam. Uzun aradan sonra uşaqlıq dostlarımla görüşüb çay içmişik, köhnə zarafatları xatırlamışıq, deyib gülmüşük. Hamının bir-birini tanıdğı bu balaca rayonda əvvəllər demək olar ki hər gün qarşılaşdığımız, ancaq artıq heç vaxt qarşılaşmayacağımız adamları, dostları yad etmişik, kədərlənmişik. Çox şeylər dəyişib buralarda. İndi şirin-şirin xatırladğımız – eyni qıza vurulduğumuz, futboldan sonra tərimiz soyumamış susuzluğumuzu yatırmaq üçün birnəfəsə başımıza albalı tamlı “Cansu”lar çəkdiyimiz, dözülməz yay istilərində dəstə-dəstə bulağa gedib boyun-başımızı sərinlətdiymiz, bayram tonqalının közünə kartof atdığımız – o çox uzaq günlərdə hansımızn ağlına gələrdi ki, həmin uşaqlardan bəziləri illər sonra ya şəhid olacaq, ya qəzada həlak olacaq ya da xərçəngdən gedəcək. Gözlənilən ardıcıllıqla kədərli xatirələr yerini sükuta təhvil verib. Hərə bir siqaret yandırıb.
Evə qayıtmışam. Gecəyarıdır. Yuxum ərşə çəkilib. Pəncərədən baxıram. Bom-boş məhəllə. Əyinlərində tozlu, tərli paltarlar köhnə, cındır bir topun arxasıyca qışqır-bağırla qaçan nadinc uşaqlar indi mışıl-mışıl yatırlar. Evlərdən həyətə süzülən sarı ışıqlar növbə ilə sönür, qarşımdakı qaranlıq pəncərədə sarı-qırmızı nötqə kimi görünən siqaret közərtisi ulduz kimi axır yerə. Zülmət bütün məhəlləni acgözlüklə udub. Şərifin “İtmiş dünyanın balladası”ndakı zülmət kimi. Pəncərədən bu zil qaranlığa zillənmişəm. Beynimdə qarışıq, izaholunmaz fikirlər tüğyan edir. Ölü bir sükut çöküb ətrafa. Nə bir pişik miyoldayır, nə bir yarpaq əsir. Qaranlığın bətnində mürgülüləyən bu tükürpədici səssizliyə qulaq asıram. İlk dəfədir ki sözlər, səslər deyil lakin səzzizlik, sükut mənə nəyisə xatırladır. Bəli, qəflətən o möhtəşəm şeiri xatırlayıram!
Möhtəşəm, fövqəladə, ilahi bir şeir.
***
Hötenin bir şeiri var, dilimizə belə tərcümə olunur – “Səyyahın gecə nəğməsi”. Bütün alman uşaqlarının əzbər bildiyi, Hötenin ən məşhur, ən çox müzakirə olunan hətta alman poeziyasında çoxlarına görə ən gözəl lirik ahəngi olan bu xırda kompakt şeirin Ələkbər Qubatova məxsus qafiyəli, uyğunlaşdırılmış bədii-tərcüməsi qeyd edirəm:
Dağlar uca göy qədər,
Dağlar zülmət yuxulu.
Səssiz-ünsüz təpələr,
Duman, çiskin qoxulu.
Meşə laldır büsbütün,
Quşlar ötmür bu gecə.
Vaxt gələr, sən də bir gün,
Uyuyarsan beləcə.
Bu qafiyəli, uyğunlaşdırılmış bədii-tərcümə ilə yanaşı öz etdiyim hərfi tərcüməni də paylaşıram:
Bütün zirvələrdə
səssizlikdir
Ağacların təpəsində
Nəfəs belə duymazsan
Quşlar meşədə susurlar
Səbr et, əzizim
vaxt gələr
sən də beləcə uyuyarsan
Şeirin ideyası çox sadədir. Meşə uyuyur və sən də bir gün beləcə uyuyacaqsan. Bu şeirlə illər öncə, ilk dəfə Kunderanın “Ölümsüzlük” əsərində tanış olmuşdum. Vurulmuşdum şeirə. Xoşbəxtlikdən həmin ərəfələrdə universitetdə alman dili tədris olunurdu bizə. Təzə dil, təzə həvəs, bir tərəfdən də Höteni orjinaldan oxumaq kimi dəlisov bir xülya. Orjinalını tapıb əzbərləmişdim. İki bəndlik xırdaca bir şeir idi. Məni ən çox təsirləndirən, riqqətə gətirən 2-ci, yuxarıda paylaşdığım bənd idi. Düşünürdüm ki, bəlkə mən şişirdirəm, həddindən artıq məna yükləyirəm ya bəlkə təsadüfən emosional vaxtıma tuş gəlib deyə mənə bu qədər təsir edir bu şeir. Ancaq sonra gördüm ki, xeyr, bu şeiri nə vaxt xatırlasam məni qəribə, izaholunmaz, xiffətli bir auraya salır. Sakitləşdirir, arxayınlaşdırır. Bu kompakt, minimal bəndə dünyanın dözülməz, kədərli bir o qədər də şirnikləndirici faniliyi sığdırılıb.
Kunderanın “Ölümsüzlük”də yaratdığı, özünün ən yadda qalan personajlardan biri olan Agnes də bu şeiri sevir. Ona bu şeiri atası öyrədib və onlar həmişə ata-bala gəzintilərində bu şeiri ucadan oxuyur və şeirin ritminə uyğun addımlamağa çalışırlar. Kundera “Ölümsüzlük”də belə qeyd edir: Poeziyanın məqsədi heyrətamiz fikirlərlə gözqamaşdırmaq deyil, lakin mövcudiyyətin bir anını unudulmaz etmək və dözülməz nostalgiyaya çevirməkdir.
Höte bu şeiri 1780-ci ildə gündəlik həyatın stres və təlaşlarından bezərək baş götürüb getdiyi Kikelhan dağındakı gecəni keçirdiyi daxmanın divarına yazıb. Höte Kikelhannın zirvəsindəki bu daxmasına bir də yenidən şeiri yazdıqdan təxminən 50 il sonra, ölümünə bir neçə ay qalmış baş çəkib. Onunla birlikdə gələn yerli bələdçinin şahidliyində (sonradan dostuna yazdığı məktubunda etiraf etdiyi kimi) taxta divarda uzun-uzun illər öncə o səssiz axşamda yazdığı şeiri görüb və gözyaşlarını saxlaya bilməyib.
İndi Allahın unutduğu bu balaca rayonda, zülmətə zillənib sənətkarın bu şeiri yazdığı hal-əhvalını, həmin axşamı beynimdə canlandırıram: Yavaş-yavaş hər yerə zülmət çökür, məğrurluqla yüksələn bir dağın ətəyində balaca, içi zəif işıqlı bir daxmada Höte var-gəl edir. Arada daxmadan çölə çıxır, xəfif dumana baxır, nəzərləri səmanın ənginliklərində itib batır, alaqaranlıqda mürgüləyən meşəyə qulaq asır. İns-cins belə yoxdur. Məşədə səssizlikdir, nə bir yarpaq xışıltısı, nə bir quş səsi. O təbiətlə baş-başadır, çiyin-çiyinədir, iç-içədir. Qəfil təsvirəgəlməz hisslər bürüyür varlığını, vəcdə gəlir, təlatümlər qopur sinəsində. Özünü dəhşətli dərəcədə rahat, dinc hiss edir, çiyinləri yüngülləşir, bədəni boşalır, dərindən köks ötürür. Bir anlıq əbədi dincliyin məstedici, rayihəli həm də vahiməli, coşğun mehini duyur üzündə. Ötməyən quşlara, hərəkətsiz yarpaqlara qulaq verir, dumanlı təpələri və dumanın arxasında gizlənən, Günəşdən alıdığı işığı səxavətlə paylayan parlaq Aya tamaşa edir, ətrafdakı dinc zirvələri, toranlıqda uyuyan meşəni uzun-uzadı seyr edir və öz-özünə pıçıldayır: “Vaxt gələr sən də beləcə uyuyarsan.”
Və bir də 50 ildən sonra taqətdən düşmüş, cılızlaşmış, ölümün astanasındakı ahıl Höte gəlir gözümün qabağına: Daxmaya girir, divardakı misralar diqqətini çəkir, yaxınlaşıb şeiri oxuyur və gözləri dolur…Bir neçə ay sonra isə həmişəlik həmin şeirdəki sükuta və dincliyə qovuşur.
Kunderanın qəhrəmanı Agnesə də axırıncı dəfə bu şeiri atası ölümündən iki-üç gün öncə ölüm yatağında oxumuşdu. Agnes əvvəlcə düşünmüşdü ki yəqin atası öz uşaqlığına qayıtmaq istəyir. Sonra atasının ona zilləmiş baxışlarını diqqətlə incələmiş və düşünmüşdü ki yəqin atası bu şeiri yada salmaqla onu özlərinin çoxdankı xoşbəxt gəzintilərini xatırlamağa dəvət edir. Ancaq nəhayət Agnes başa düşmüşdü ki, atası bu şeirlə ona ölüm haqqında danışır. Atası ona demək istəyirdi ki, o ölür və bunu bilir. Agnes düşünməzdi ki, bütün məktəblilərin əzbər bildiyi bu şeirin belə dəhşətli mənası ola bilərmiş. Atası qızdırmadan alnını tər basmış, halsız uzanmışdı. Agnes ağlamamaq üçün var qüvvəsini səfərbər edərək atasınən əlindən tutub Hötenin Kikelhanın zirvəsində dua kimi zikr etdiyi o misranı pıçıldamışdı: “Vaxt gələr sən də beləcə uyuyarsan.” Və Agnes atasının yaxımlaşan ölümünün səsini eşitmişdi. Bu meşədəki quşların səssizliyi idi.
***
Gecəyarı pəncərədən qatı zülmətə zillənib sükuta qulaq verərkən xatırladığım bu şeirin məndə oyatdığı hisslər Kunderanın poeziya haqqında dediklərini təsdiqləyir: şeir mövcudluğun bu anını unudulmaz bir təcrübəyə çevirir və nə qədər ziddiyətli səslənsə də, həmin bu an dərhal nostalgiyaya çevrilir.
Pəncərəni bağlayıb yatağıma uzanıram. Millerin əbədi sükut haqqındakı əzbər bildiyim sətirləri yuxuya getməmişdən əvvəl xatırladığım son şey olur: “Ətrafımdakı dünya orada-burada zamandan izlər qoyaraq həll olub gedir. Dünya özünü yeyib bitirən xərçəng kimidir…Hər kəsin və hər şeyin üzərinə o möhtəşəm səssizliyin çökəcəyi və nəhayət hər yerdə musiqinin zəfər çalacağı anı düşünürəm…”