sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Əlibala: “Hərdən Allahdan danışırdın, ülvi həyatdan…” – Yeni imza
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Əlibala: “Hərdən Allahdan danışırdın, ülvi həyatdan…” – Yeni imza

Əlibala: “Hərdən Allahdan danışırdın, ülvi həyatdan…” – Yeni imza

Published 14/05/2022
Paylaş

Sim-sim.az Əlibalanın şeirlərini təqdim edir. Əlibala Əhmədov 2000-ci il, 19 apreldə Sabirabad rayonunda doğulub.  Yaradıcılıq Fakültəsinin tələbəsidir.

 

 

 

Yetərsizlik

 

Rəngbərəng, par-par eynəklərin üstünə

(yaşıl çəmənlərin üstünə)

quşların səsi, günəşin işığı düşsə də,

bu sayrışma hər yana yayılsa da,

qəlb xoşbəxt olmaya bilir.

 

(Elə bil, səhər-səhər atam

qara tüfəngiylə atəş açdı

və ruhum kakao rənginə boyandı.)

 

Sönmüş, sanki buxarda keyləşmiş

həvəsinlə sən,

yanmış kağıza bənzəyən bədəninlə

yaşıllıqdan keçirsən.

Üz gözünü turşudursan –

dindarların faydasız moizələri

turş göyəm kimi dadır.

 

Zərif bənövşə qoxusu

qadın barmağı kimi toxunur sənə,

lakin ondan da yayınmağı bacarırsan.

Bu yaşıllığın axırında,

təpənin arxasında

tüstüləyən siqaret …

 

Qəlb – o heç bir gözəllikdən imtina etmir,

ancaq yorulub, hansısa dadı duymaq üçün…

 

Həsrət

 

Gecənin içində şirin əncirlər

və qara köynəyə bürünmüş bədən sükutdadır.

Üz iztiraba bürünür və sən

barmağınla “Yox!” cavabı verirsən

manqalda ət bişirən adamlara…

Və qayıdırsan öz ağrına.

 

Üz iztiraba bürünür, çünki –

zehnin kabusları dirilir anbaan

və oyanan

qorxunc fikirlər bütün kisələri deşir…

 

Bir qadın

qarşıdakı bağçada öz donunu ətirləyir

və sən bunu duyanda ağlamaq istəyirsən…

 

Bir azdan sənə

mədələrindən necə bir sancının keçdiyini deyəcəklər,

qızarmış əti tamahla yemiş şəxslər…

 

Bir azdan sənə elə gələcək ki,

balaca bir qızın alnından öpüb

şəfqətlə onu yuxunun qollarına

yola salırsan…

 

(Sağ olsun, sənə isti yer düzəltdi

qoyun dərisi kimi isti;

sağ olsun, bişmiş əti yemədiyinə deyinmədi,

çörək və balaca pomidor yuyub gətirdi.)

 

Nə lazım idi sənə

havası təmiz gecədə,

burnuna qadın donunun qoxusu gələndə,

gözəl gülüşə bənzəyən şirin əncirlər

sükut içində olanda

uzandığın yerin ətrafında…?

 

Zehninin kisələrini yırtan kabuslar olmasaydı,

bu cənnətin içində rahatca uyuyardın…

 

MƏHRUMİYYƏT

 

İçinə sellofan keçirilmiş xırda qabların

qaraltısı göylərdə də dolaşır elə bil,

elə bil yuxarıda da bir zavod var…

 

Bit basmış it gəlir ağlıma

və mən

binaların yanından keçərkən,

zibillik içində dilimlənmiş kartofları görürəm,

büzüşüblər qorxmuş pişik kimi…

 

Ruhum özünü

sümüksüz balıq kimi hiss edir,

xətsiz, nizamsız,

yapışmağa heç nəyi qalmayıb…

 

Yumşalır dirsəklərim

əzilmiş meyvələr kimi…

 

Sənin üçün darıxmaq –

hər şeyi sovurub çıxarır varlığımdan

öyrəndiyim hər şeyi, sevdiyim bütün yolları…

 

(Heçnəsizəm…)

(Hətta) adım – yanmış tük kimi

büzüşüb yoxa çıxır kimliyimdən…

 

 

   SEÇİMLƏR

 

“Necə bacardım?!

Necə eləyə bildim bütün bunları…

Bu dəhşətli dünyada yaşadım –  

Mənə hökmən Allah gərəkdir.” Çeslav Miloş

 

 

Qapqara köynəkdə

nə qədər sıxılsan da bir otağın içində,

və bu, acı tütün şərbəti içməyi xatırlatsa da sənə,

bir az gözləsən, bütün bunlar ötüb keçəcək,

içi yeyilmiş nazik yemiş qabıqları kimi

yavaş-yavaş hədəflər görünəcək…

 

Artıq azalır boğazındakı sıxıntı

və anlayırsan ki,

indi içindən dünyalar,

kitablar,

qadınlar,

bəlkə Allah da getməlidir….

(Və tədricən gedirlər…)

 

***

 

Nə çox yorğun idim.

İnsan qəlbi nə çox əzab yaşayırmış,

qəlbimdən bu qədər şey sovrulub atılsa da,

özümü dağılmış hiss etmədim.

Qadınların,

kitabların,

Allahın ruhumdan getməsi

məni çoxlu qan itirmiş birinə bənzətmədi…

 

İndi

bayağı hiss etsəm də içimdəki dünyanı,

anlayıram ki, bu özü də yeni bir azadlıqdır…

Qəlbimin bu qədər yüksüz olması

yenicə sünnət edilmiş uşağın

qadın paltarı geyməsi kimi onu rahatlaşdırır…

 

***

 

Bilirəm,

bu azadlığın da ömrü uzun çəkməyəcək,

bir mərkəz ehtiyacı ilə yenidən alışıb yanacaq ürək,

bunu ən sakit halda da dərk edirsən,

sarışın bir pianoçunun barmaqlarını təbəssümlə izləyərkən də…

 

Onda – bir müddət dincəlmiş,

dünyasız,

qadınsız

və Allahsız qala bilmiş

ruhun köməyinə yetməlidir,

kömək etməlidir sənə bu sıxıcı dünya –

pozulmuş sinirlər içində doğru seçim etmək üçün…

 

Və mən daxilimdəki doğmalığı

yalnız Allahı hiss edərkən tapa bilirdim…

 

YAXINLAŞMAQ

 

“Doğrudan da, hələ vaxt olacaq

sual verməyə ki: “Görəsən bacaracağam?”

və ya “Cəsarətim çatacaq?”

Qayıdıb pilləkəndən düşmək vaxtıdır,

Saçları seyrəlmiş kəlləmlə bir yerdə –

(Onlar deyəcək: “Onun saçları necə tökülüb!”) Tomas Eliot

 

 

Duşun altında

(dəmirin necə boz, rəngsiz olduğuna da fikir verdin)

islanmış tüklərinə baxırsan,

islanıb dodaqlarının altındakı, üstündəki cod tüklər,

(cinsiyyət orqanındakılar da)

bədəninin yarısı qara, yarısı ağdır,

gözlərin islanmış hamam daşı kimi məyus, parıltısız…

 

İçəridə işıq yansa da, öz sarılığıyla o,

boz rəngi qətiyyən dağıtmır.

Sümüklərin əyri və sınmış görünür.

(Həmişə belə olmamısan.

Düyməli mavi köynəyin vardı,

çəmənlikdə və axar çay parkında

balaca uşaqlara gülürdün, sevgilinə də.

Sıxılmış, bezgin-bezgin gəzən polis nəfərlərinə

tezliklə eyni səadəti arzulayırdın…

Hərdən Allahdan danışırdın,

ülvi həyatdan,

nərgizgülüdən, yasəməndən – arzulardan.)

 

İndi belə görünürəm –

duş altında gözlərim

tüklərim,

cinsiyyət orqanım boşalmış halda qalıb deyə…

 

Amma kimsə məni sevsə,

əvvəlcə bu çılpaq – ümidsiz halımı təsəvvür etməliydi…

Təsəvvür etsəydi çılpaq halımı

gözlərimdə parıldayan işığın

hər an itə biləcəyini anlayardı,

ehtimal edərdi bunu…

 

Yenidən əynimə mavi köynək geyim, ya yox,

çaylarda, yasəmənlərdə Allahı arzulayım ya yox…

Bilmirəm, nə edəcəyimi…

Varlığımı yeni bir cəhd kimi görməyi arzulamıram…

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?