sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Əlibala. Yeni şeirlər

14/07/2022 - 11:35
A A
Facebookda paylaş

QARIŞIQLIQ

 

Şirə şüşəsinin dibində birazca şəffaf su

Və fincanların qızılı xəttinin parıltısı..

(Qırmızı qabığın üzərinə yaxılan torpaq.

Axan su üzündə yox olmuş günün əksikliyi.)

 

Və xəyal etmək – kakos içi kimi ağappaq gülən dişləri..

 

(Və Üfürmək – bibər qabığlarının içini..

Köynək qırışı kimi günahları əfvə bəxş etmək..)

 

Bəs insanoğlu – heçvaxt çatmadığı bu xoşbəxtliyə layiqdirmi?

İçində xırda balıqlar kimi məyusluq dolaşarkən..

O hər tər damcısında şəhvətdən ləkələnib..

Amma ruhu unutmaq istəmir

iki barmaqda sıxılan qırmızı tut şirəsini..

( əfvini unutmaq istəmir.)

 

Ruhla bədən arasına tökdüyün su nə rəngdə olacaq?

Nəylə pak ediləcək, bu bitməyən düşmənlik?

 

Heçnəyi anlamadan –

sənin səssizliyində

bu üşütmələrə

tab etməyə çalışıram…

 

atılan palçığın səsiylə qorxuram ki

beynim əzilsin…

 

 

O SƏNİ GÖRÜR

 

Əbəsdir özünü gizlətməyin –

Gizli saydığın yerin hər yanı dəlik – dəlikdir…

Görür səni keşiş, öz tənha hücrəsindən –

bükülmüş tütün kimi səssizcə sənə

baxır

(yanındakı şam – cəm olan şeyləri xatırladan bir təkin xatirəsi –

hər şeyin susmasındandan sonra….

sanki danışmağı yalnız bu şam bacarır)

otlar qısa biçilib onun hücrəsindən kənarda

və yalnız yağış yağanda su içə bilirlər.

 

Keşiş səni görür – əzgilin titrəyən yarpaqları altında

kiçik bir çay masasında

tək tənhasan…

əzgil yarpaqları

küskün sözləri xatırladır…

(Hıçqırtını –

qadın səsindən asta – asta daman küskünlüyü)

Üzünün yan tərəfləri

qara kölgənin hökmü altında yox kimi görünür.

Kömürlü dodaqlarla öpülübmüş kimi.

 

Niyyəti gizləmək mümkün deyil.

Və niyə susduğun məlumdur.

Sən danışaraq xərcləyə bilərsən cəsarətini

(necə ki)

önündəki şəkər qabı örtülmüş qapağıyla

içini qoruyur

susmaqla sən də öz qərarını hifz edirsən…

 

(Özünü inandırırsan – qorxmursan ülgücdən…)

 

Amma keşiş səni görür uzaqlarda bir hücrədən

və başını yan çevirərək

içində pıçıldayır:

 

qapqara tüpürcəklər qarışaraq yerində qaynayır

sonra birləşərək

zülmət libasına çevrilirlər…

 

 

YUXUSUZLUQ

 

(Əllərimdəki xətləri

susmuş çığırtı kimi görürdüm – kədərli duz dənələri,

pozulan sinirləri xatırladan doğma şeylər…)

Uzun ağ geyimə bürünmüş qadın

(sanki əynində süd qurumuşdu)

dua edirdi, sükunət içində…

 

Lakin birdən aralı tutduğu əllərini

birləşdirdi – ağcaqanadı əzdi,

sonra əllərini açdı, duasına davam etdi…

Beynimdə daha bir ümidin məntiqi qırıldı…

Daha bir inancın…

 

Mənə elə gəlir ki,

(əllərimdə Quranı tutmuşdum)

dünyanın harasındasa

qırıq – iti şüşələrlə dolu bir yer var

və artıq peyğəmbər də o yerlərə gəlməyə çəkinir.

 

Beləcə ümidsiz qalmışıq biz – artıq

peyğəmbəri gizlədən həmin toru

çeynəyirik…

 

Çarəsizcə addımladım mən,

saatlarla ürəyimi tutdum…

Əllərimlə bir – bir əşyalara toxundum

sonra gözlərimə yalvardım ki,

yuxuya getsin…

 

 

 

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az