Toxum kəndində dava-dalaşdan yaşamaq mümkün deyildi. Kəndlilər hər gün bir-biriylə öldürəsiyə mübahisə edir, ən xırda hadisələrə belə böyük reaksiyalar verirdilər. Uşaqlar və qadınlar çöldə-bayırda rahat gəzə bilmirdilər. İnsanlar mallarının oğurlanmaması üçün qapıda keşik çəkirdilər. Hər kəs özünü fikirləşir və öz ərazisi xaricindəki hər yanı zibilləyir, bərbad vəziyyətə salırdı. Burada nə insan insan kimi, nə də ki, heyvan heyvan kimi yaşaya bilirdi. Onlar qarşılarına çıxan hər şeyi öldürürdülər. Niyə belə etdikləri soruşulduğu zaman isə, cavabları – niyə etmiyək? – hazır idi. İnsan ən ağıllı heyvandır, lakin nə də olsa heyvandır. Heyvanlar nəyisə öldürmək üçün səbəb axtarmazlar, əgər öldürməmək üçün bir səbəb yoxdursa öldürərlər. Fəqət təkcə insan qarnı tox olduğu halda digərlərini öldürə bilər, çünki təkcə insan uzaq gələcəyi “fikirləşə” bilər. Yəni ki, insan şirdən fərqli olaraq 1 gün sonra nə yeyəcəyini yox 1 həftə sonra nə yeyəcəyinin dərdini çəkər. Bu bacarıq insanın uğur medalyonudur. Medalyonun bir tərəfi insanlığı qüdrətə aparsa da, digər tərəfi tamaha aparır.
Kəndin ağsaqqalları illərdir davam edən bu vəziyyətə bir son vermək üçün yığışırlar. Uzun müzakirələrdən sonra kəndin ən yaşlı adamı tərəfindən bir fikir irəli sürülür. O, əlindəki bildirçin yumurtası boyda, parlaq rəngli bir toxumu göstərir və deyir :
– Gəlin, bu toxumu kəndin mərkəzində əkək və hamıya deyək ki, bu toxum böyüyüb ağac olacaq, sonra isə o ağav meyvə verəcək. Bax o, meyvələrdən bir dəfə yeyən bir il tox qalacaq.
Məclisdəki azsaylı cavanlardan biri deyir :
– Yaxşı, ay dayı, bə o nə toxumudur ki, elə ?
– Əşi bir növ xurmanın toxumudur.
– Bəs adi xurmadırsa, onlar yeyəndən sonra görəcəklər ki, yenidən acırlar. Onda da yapışacaqlar bizim yaxamıza.
– Onu da onda fikirləşərik. Hə, birdə ki, deməliyik ki, hərə bir dəfə dağdakı bulaqdan vedrəylə su götürüb hər gün ağacın dibinə tökməlidir.
Çoxsaylı müzakirələrdən sonra fikir qəbul olunur. Kəndlilər hamısı bu nağıla inanır və deyilənləri yerinə yetirməyə başlayır. Hər gün su tökmə şərti əhalini birləşdirir və bir məqsədə yönəldir. Qadınlardan biri bulağa çıxıb su gətirəndə digər qadın onun uşağına baxır. Hərkəs qocalara, uşaqlara dağa çıxarkən və vedrəni daşıyarkən kömək etməyə başlayır. Çünki hamı hər gün su tökmədilir. Yoxsa sehr pozular. Kənd əmin-amanlığa qovuşur və hər kəs firavan, sülh içərisində yaşamağa başlayır. Toxumu verən – yəni fikiri ortaya çıxaran – qoca isə əlüstündə tutulur və “ Müqəddəs başçı” ünvanına yiyələnir.
2 il sonra ağac artıq böyüyür və meyvə verəcək yetkinliyə çatır. Tumurcuqları görən kənd camaatı daha səylə su daşıyır və o “möhtəşəm günü” həvəslə gözləyirlər. Bu ərəfədə isə eyni ağsaqqallar yenə yığılırlar və düşürlər “ Müqəddəs başçı”nın üstünə ki, “biz indi neyləyək?! Meyvələr yetişsə bizim axırımız çatdı”. Qoca çıxılmaz vəziyyətdə qalır, lakin bir həll yolu tapa bilmir. Cavanlardan birindən səs gəlir, “ Mən həll yolunu tapmışam, amma burada deməyəcəm. Vaxtı çatandahər kəsin qarşısında deyəcəm”. Nə qədər yalvarıb-yaxarsalar da oğlanın ağzını bıçaq açmır. “ Böyük” gün gəldi çatır. Hər kəs meydana yığılmış və “Müqəddəs başçının” meyvələri paylamasını gözləyirdi. Lakin qoca gözə dəymirdi. Əhali arasında narazılıq səsləri eşidilən vaxt həminki cavan yüksək bir yerə çıxıb nitqinə başladı :
– Camaat, biz hamıdan gizlədmişik amma “Müqəddəs başçı” toxumun sahiblərinin yanına köçüb. Mən onun elçisiyəm. O, dedi ki, bu meyvələrdən hərə ildə yalnız bir dənə götürüb yeyəcək. Əvəzində isə ömürlərinin sonu yetişəndə onlar da qoca kimi köçüb gedəcəklər insanların heç acmadığı yerlərə. Və biz bu ağacı qorumalı və onu eyni üsulla artırmalıyıq. Əgər bu ağac qurusa, bizi çox böyük fəlakətlər gözləyir.
Camaat səsi çıxmadan deyilənlərə qulaq asdı və hər kəs öz evinə qayıtdı. Cavanın nitqi zamanı rəng alıb rəng verən ağsaqqalar isə hamının sakitcə dağılışdığını görəndə onu təbrik etdilər. Onlar təcili olaraq gizli məclis təşkil etdilər. Bu dəfəki məclis bir qoca və 4 cavanda ibarət idi. Cavan onlara başa saldı :
– Onları belə aldatmaq olmaz. Yalanın üstü açıla bilər.
– Bir dəfə aldatmışıq, yenə aldadarıq.
– Yox, biz onları qorxutmalıyıq yoxsa inanmazlar.
– Necə edəcəyik bunu?
– Mən əminəm ki, onlardan bir neçəsi gecə meyvələrdən daha çox yığmaq üçün gələcəklər. Axı onların ağlı var, mənə elə-belə inanmazlar. Onların başına elə oyun gətircəyik ki, hər kəs görsün və qorxsun.
Gecə vaxtı çatır. Onlar tələlərini qurub ovlarını gözləməyə başlayırlar. Gözlənilən kimi 3 nəfər gizlincə ağaca yaxınlaşırlar meyvələrdən bir neçə dənə dərib qayıdanda böyük bir səs-küy qopur. Hər kəs evindən çıxıb nə olduğunu başa düşmək üçün ağacın yanına qaçır. Onlar dəhşətli hadisəni müşahidə edirlər. Adamlar bir çuxura düşüblər və çuxurdakı şişlər onların bədənini deşik-deşik edib, üçü də ölü halda çuxurda uzanırlar. Camaatın mənzərəni görüb dəhşətə gəlməsini gözləyəndən sonra cavan gizləndiyi yerdən çıxır. Hadisəni olduqca sakit tərzdə müşahidə edib deyir :
– Camaat, mən demişdim axı sadəcə bir meyvə dərilməlidir. Bu tamahkarlar öz cəzalarını çəkdilər artıq onlar ömür böyü bu dünyada bədənlərinə şiş batılı halda yaşayacaqlar. Camaat, toxumun sahiblərindən şüphə etmək olmaz, bundan sonra onların varlığına heç bir şəkk gətirilməməli və dediklərinə əməl edilməlidir.
O gecədən sonra kənddə dava-dalaş sona çatır. Hər kəs köməkləşərək mehriban halda yaşayırlar və yeni ağacları yetişdirirdilər. Bu ərəfədə isə toxumun sahiblərinin adından yeni “Müqəddəs başçı” – cavan oğlan – yeni qaydalar qoymağa başlayır. Bu qaydalar kənddə əmin-amanlıqla birlikdə “Müqəddəs başçı”nın da mövqeyini möhkəmlədir. O, öldükdən sonra isə onun oğlu “sahiblərin elçisi” vəzifəsini davam etdirir.
Əgər soruşsanız ki, reallıqları bilən digər 5 insan necə olur ? O gecəki hadisədən dərhal sonra yeni “ Müqəddəs başçı” digər cavanların ən güclüsünə gizlincə deyir :
– Bunun nağıl olduğunu heç kəs bilməməlidir. Sən və mən onları aradan götürməliyik. Yoxsa onlar qısqanclıq edibhər şeyi danışar və kəndimiz yenə də o pis vaxtlara qayıdar. Amma necə öldürəcəyini mən sənə deyəcəm.
Cavan “Müqəddəs başçı”nın dediklərinə əməl edir. Elə o gecəonların üçünü də öldürür və ağacın altına atır. Əllərinə də xurmalardan qoyur. Səhər camaat oyanıb biraz da qorxur və ondan sonra ağaca yaxın düşən olmur. Hadisədən bir ay sonra “Müqəddəs başçı” ilə güclü cavan bir stolda oturub yemək yeyirdilər. Cavan soruşur :
– Mən hələ də , başa düşmürəm ki, bu üsul necə işlədi?
– Qardaşım, mən insanlara yaşamağa bir səbəb, birləşəcəkləri ortaq bir məqsəd verdim. Bu məqsəd onların hamısının xeyrinədir, lakin bunu etmək üçün bir-birlərinə ehtiyyacları var. Biz insanların tək bacardığı şey birlikdir , dostum. Biz belə əməkdaşlıq edə bilməsəydik indi təbiətin hökmdarları deyildik. Mən onlara “heyvanı öldürməmək üçün” bir səbəb verdim. Bundan sonra qalıb bircə bu birliyi pozanlardan ehtiyyatlı olmaq.
Başçı nitqini bitirdikdən sonra güclü cavan boğazını tutur. O, nəfəs ala bilməyərək yıxılıb can verir.
Başçı onun da cəsədini eyni üsulla ağacın altına qoyur. Hətta ondan sonra kimi öldürmək istəsə ağacın altına qoyur. Heç kəs də şüphələnmir. Düzdür, başçı gün keçdikcə qəddarlaşırvə çıxardığı qaydaları öz xeyrinə formalaşdırır, lakin kənddə əmin-amanlıq həmişə davam edir. Əsas məqsəd də bu idi.
Burada ağıla bir sual gəlir. Bəs ağac qurusa və heç bir fəlakət baş verməsə nolacaq? Onda da yeni bir nağıl danışan çıxacaq. Bu nağıllar insanların vəhşidən mədəniyə keçid vasitəsidir. O nağıllar olmasa biz belə cəmiyyətlər qura bilməzdik. Onağıllar olmasa dünyanın hökmdarları insanlar ola bilməzdi. Əsas odur ki, bir nağılın vaxtı keçdikdə onu ustalıqla digəriylə əvəz edilən tapılsın və köhnə nağıllarda ilişib qalınmasın. Onun üçün isə reallıqları anlaya bilən insanları məhv etmək yox , onları bəsləmək lazımdır. Unutmayaq ki, yeni nağılı yarada bilən “Müqəddəs başçı” reallıqları bilən cavan idi. Çünki ancaq reallıqları bilənlər ən yeni nağılları yarada bilərlər.