Çox hörmətli Qəzənfər müəllim! Çox hörmətli ustad!
Sizin “Dil, Tarix, Poeziya” (Bakı, “Elm və təhsil”, 2020, 760 s.) adlı qiymətli ikinci kitabınız ətrafında düşüncələrə dalanda ixtiyarsız Xəlil Rza Ulutürkün bir təsdisindəki (Almaz İldırıma) sətirlər gözümdə ildırım kimi çaxdı, misraların istiliyi canımda şırımlandı, şaxələndi, ruhumacan sinirləndim:
Azərbaycan, can vermişik adına!
Canımızdır adındakı can sənin!
Soyuq qəlblər yana bilməz oduna!
Namus sənin, şərəf sənin, şan sənin!
Azərbaycan, mənim taxtım-tacım oy!
Oyanmazmı kor olası bəxtim oy!..
Hörmətli professor! Adına can verdiyin, şan-şərəf duyduğun, taxtın-tacın bildiyin Azərbaycanın tarix olmuş daş yaddaşındakı bəxtindən-taleyindən, onun kökündən-rişəsindən can bahasına tarixi kitablar yazmısınız, zəka yandırmısınız! Siz ulu Türkün kökü üstündə boy verən Dilindən, onun yayımlanan, şaxələnən, şırımlanan, genişlənən, yürüşlənən coğrafiyasından, qədim eraların özülündən, əşirət çağlarının düzənindən, əkinindən-biçinindən, ovundan-bərəsindən, dağından-meşəsindən, ətəyindən-zirvəsindən, Vətəni başdan-başa Yer kürəsi, bayrağı al günəş, çadırı Göy qübbəsi olan Məkanın, günümüzəcən gələn şərəfli Tarixin öz Dilindən, Dilin məlum-bəlli Tarixindən, bu tarixin isti-qaynar Poeziyasından–vicdanı, dini, vətəni və Dili bir olan Turanından qiymətli kitablar bağlamısınız! Narahat da olmusunuz ki, kök birliyi, ortaq məkan-yurd, mənəviyyat və elmi yaddaş məkanı havaxtacan uzaqlarla izah olunacaq, aydınlanacaq?! Bəs öz kökümüzün qərarlı qaldığı torpağı?! Oğuz yurdunun əcdadı, kökü-köməci niyə uzaq məmləkətlərdə axtarılsın, uzaqlarla bağlansın?! Ana elmin sübutları, dəlilləri də var axı!
Gözünüz aydın, Qəzənfər müəllim, daha elmin də haqqı-ədaləti, həqiqəti qayıdır. Nəfəs haqdan gələndə sərt qayanı da dəlir! Daha keçmiş deyil, daha Türk oyanır, Türk özünə qayıdır. Türk özünə qayıdanda amansız olur! Dövləti kimi, milləti kimi, rəhbəri-sərkərdəsi kimi Yeni Azərbaycan doğulur, yeni Azərbaycan gəlir. Azərbaycan zəfərlər çalır! Milli Ordu zəfərləri, diplomatiya zəfərləri, siyasət, iqtisadiyyat zəfərləri, mədəniyyət zəfərləri! Dil. Tarix. Poeziya zəfərləri çalır…
Bu məsləkin havasıyla yaşa dolur Azərbaycan!
Zirvələrdən üzü bəri gəlir məğrur Azərbaycan!
Gəlir cəsur Azərbaycan! Nur və büllur Azərbaycan!
Dar gözlərin görmədiyi tamam yeni Azərbaycan!
Varlığımda od yerinə gəzən qanım, Azərbaycan!
Acgözlərə, zalımlara yağı, qənim Azərbaycan!
Ey yol kəsən, çəkil, rədd ol, açır yolu Azərbaycan!
Böyük, ulu Azərbaycan mənim canım kibi dəli,
Dəli-dolu Azərbaycan. Köhlənimə çata bilər kimin atı!
Gözlərimdə ulduzlanır Azərbaycan kainatı!..
Budur, Sizin “Dil. Tarix. Poeziya” olan ikinci kitabınız. ”Hörmətli tələbəm və elmi redaktorum deyə mənə xitab etdiyiniz, ən xoş istəklər, arzular dilədiyiniz” kitab lap isti günlərimizin nəşri-nəfəsidir– unudulmaz tələbəniz, görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərlinin əziz xatirəsinə ithaf edilib. Rəyçiləri görkəmli şair, tarix elmləri doktoru, professor Şahin Fazil və şair-publisist Əlirza Xələflidir. Kitabda Sizin bir neçə məqalə istisna olmaqla 2014–2020-ci illərdə tarix, dil tarixi, dialektologiya, müasir dil və bədii dil məsələlərinə dair yazdığınız məqalələr toplanıb. Oxucular burada həm də Sizin öz müasirləriniz, müəllim və tələbələriniz barədə xatirə yazıları, bu dövrdə yazılmış bir sıra məqalə, kitab və dissertasiyalar haqqında rəyləriniz ilə tanış ola biləcəklər (Annotasiyadan).
Siz kitabınızın birinci hissəsində “Tarix, Dil tarixi, fonetika və dialektologiya məsələləri”ndən, –yəni ”Şah İsmayılın böyük qələbəsi və ölməzliyi”ndən ona görə yazıbsınız ki, Şah İsmayıla məhəbbətiniz var, ”Şah İsmayılda isə Astiaqın Turan imperiya quruculuğu, Cavanşirin qorxmazlıq və diplomatiyası, Babəkin mübarizlik və dönməzlik ruhu birləşib”.
Sizin ”Tarixi reallıq filoloq tədqiqatında” məqaləniz filologiya elmləri doktoru Hüseyn İsrafil Əsgər oğlunun”Alp Ər Tonqa (Astiaq–Əfrasiyab) tarixdə və bədii ədəbiyyatda” kitabı haqqındadır– “xalqımızın həqiqi tarixi öyrənilib, eradan əvvəlki son min illiyin ortalarına məxsus hadisələr adınlaşdırılıb”.
Siz ”IX əsrin anadilli alban abidəsi və onun dili haqqında” yazmısınız, IX əsrə aid olan alban dilli orijinal mətnin elmi izahından bəhs etmisiniz.
“Ortaq dil məsələsi” adlı məqaləniz indi türk aləmini düşündürən ən mühüm problemlərdən birinə, bəşəri əhəmiyyətli böyük ideyanın mümkün və namümkün tərəflərinə, vədəsi gələn və ya hələ gəlməyən yönlərinə həsr olunub.
“Rokfellerin etirafları və dünya mədəniyyətinin qurucusu türkün bədbəxtliyi” məqaləniz David Rokfellerin Türkiyə, türk mədəniyyəti və dövlətçiliyi, habelə, Türkiyənin yerləşdiyi straji ərazinin əhəmiyyəti və bir para başqa mətləblərdən söz açıb.
Sizin “Dünyanı bəzəyən Abbasın tarixi”nin Ana dilində doğuluşuna təbrik” məqaləniz A. Bakıxanov adına Tarix İnstitutunun nəşr etdiyi hər biri 1000 səhifədən artıq iki cildlik “Dünyanı bəzəyən Abbasın tarixi” haqqında–yazanın, tərcüməçinin böyük zəhmətin, institutut rəhbərliyinin qayğısı haqqında şövkət yazısıdır.
Keçən əsrin 60-cı illərindən başlayaraq Azərbaycan dilinin dialektoloji atlasının yaradılmasına təşəbbüs edilib, tarixi dialektologiya üçün zəmin yaranıb, ilk dialektoloji lüğət buraxılıb. Atlas tərtib olunarkən leksik vahidlərlə yanaşı, dilin frazeoloji qatından da istifadə olunub. Xəritələr dialekt faktlarının yayılma areallarını əks etdirib, dilin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini əhatə edib. Siz “Azərbaycan dilinin dialektoloji atlası” məqalənizdə bunlar barəsində, habelə, Türk xalqları dillərinə məxsus dialekt və şivə xüsusiyyətlərinin öyrənilməsinin əhəmiyyəti və ilk dəfə 1990, ikinci dəfə 2007-ci illərdəki nəşrindən yazırsınız.
“Azərbaycan dilinin dialekt sintaksisi” məqaləniz Məmməd Cəfərzadənin “Azərbaycan dilinin dialekt sintaksisi” kitabının nəşri münasibətilə qələmə alınıb, yazınızda söz birləşməsi, sadə və mürəkkəb cümlə problemləri əhatəli şərh və izah olunub. Siz şərhlərinizi belə elmi-nəzəri və praktik əsaslarla səciyyələndirmisiniz.
“Azərbaycan dilinin tarixi və onun fonetik strukturunun tədqiqi haqqında” məqaləniz də bu baxımdan səciyyəvi olub dil tarixinin təşəkkülü və fonetikanın fizioloji, akustik, təsviri, tarixi, müqayisəli, təcrübi, semantik, funksional fonetika kimi növləri və fonomorfologiya haqqında sistemli məlumat aşılayıb. Azərbaycan dilinin fonetik quruluşu, orfoqrafiya, orfoepiya, yazı, əlifba məsələlərinin ilk dəfə geniş tədqiqata cəlbi tərəfinizdən rövnəqləndirilib.
Möhtərəm professor! Siz Dilimizin Tarixindən Tarixin Dilinə həm də keçidlər edə-edə ikinci hissəyə “Ədəbi tənqid: poeziya və nəsrə” adlamısınız. Burada Sərdar Əsəddən (“Söz bulağı qurumaz”, “Şair Sərdar Əsəd: aralanıb gözümdən fikrimdə yaşayırsan”),professor Ə. Dəmirçizadənin olumunun 105, vəfatının 35illiyindən (“Bəlkə də son görüş”),Xalq şairi Səməd Vurğundan (“Şairin andı”,Traferet “Şura qızları”), Əli İldırımoğludan (“Qələm barmaqlar arasında”, “Qərib dağların nisgili”),Zəlimxan Yaqubdan (“Zəlimxan Yaqubun yuxusu və “Ün” poeması”,–75 illiyinə), Şahin Fazildən (“Beş divan, yaxud divanlar xəmsəsi yazan Şahin Fazil haqqında söz”), T. Salamoğludan (“Təyyar Salamoğlunun “Qarlı aşırım” romanı haqqında monoqrafiyası”), Oqtay Ələkbərovdan (“Didərgin ömürlü şair”), şair Vəliyulla Novruzov (“Təbiətə və insana, dərd içində boğulan dünyaya məhəbbətlə”), şair Rəşid Təhməzoğludan (“Rəşid Təhməzoğlunun”Qorxu”poeması”), Laçın antologiyasından (“Laçın poeziyasında qəm yükü və torpaq harayı”) yazmısınız.
Filoloji elmimizin əməkdar xadimi! Siz kitabınızın üçüncü hissəsini müasirlərinizə–zəhmət və istedad sahiblərinə həsr edibsiniz: yazıçı Yasif Nəsirliyə (“Onun böyük həyat yolu, yaxud Yasif Nəsirli dünyası”–80 illiyinə), alim Qara Məşədiyevə (“Yaxın dost və həmkar”), profesor Məmməd Həsənova (“Unudulmaz yoldaş”), Zəlimxan Yaquba (“Eşitmək istədiyim səs”), tələbə yoldaşınız və jurnalist Əsgər Əsgərova (“Gözəl yoldaşlardan biri”), Salatın Əhmədliyə (“Salatın Əhmədli” imzası”), Əlyar Səfərliyə (“Çıraq kimi işıq saçır”– 80 illiyinə), alim Zirəddin Xasıyevə (“Dostumuz, qardaşımız”), alim Əzizxan Tanrıverdiyə (“Keçmiş böyük nəslin yeni nümayəndəsi”), alim İlyas İbrahimova (“Onlardan biri İlyas–İlyas İbrahimov”),alim Zaman Kərimbəyliyə (“Vəfasız dünya, vaxtsız ayrılıq”), alim Cəfər Cəfərova (“Uzun illərin sirdaşı”), alim, jurnalist Qulu Məhərrəmliyə (“Mənəviyyat uğrunda mübarizələrdə”), həmyerliniz Valeh Soltanlıya (“Gözlənilməz görüş”), professor Nizami Tağısoya (“Şərəfli ömrün 70-ci baharı”). Hamısı səmimi, ilıq və kövrək… Hamısı mübarək!
Hörmətli ustad! Siz yüzlərlə elmi işə rəylər vermisiniz, müxtəlif münasibətlərdə mülahizələr söyləmisiniz. Dialektoloji lüğət–2007-yə, televiziya dili məsələlərinə (ANS, Az TV, Xəzər, Speys, Lider və 9 təklif), XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikasına (Şəbnəm Həsənli-Qəribova), 1910-2000-ci illərin ”Azərbaycan dili” dərsliklərindəki elmi dilçilik fikirlərinə (Sərdar Zeynalov), VIII sinfin ”Azərbaycan dili “ dərsliyinə, xarici söz və ifadələrin uşaq nitqində mənimsənilməsinin psixolinqvistik məsələlərinə (Zülfiyyə Musəvi), Nazim Hikmətin şeir dilinin leksikasına ( Turan Hüseynova), Müasir rus və Azərbaycan dillərində feildaxili söz yaradıcılığının problemlərinə (Valeh Nəsibov), Vəhdət nəzəriyyəsinə (Mayıl Əsgərov), Moisey Kalankatuklunun onomastik leksikasına (Gülbəniz Mehdiyeva), “Türk dili Azərbaycan dilinə necə çevrildi məqalənizdəki məsələlərə (Faiq Ələkbərov), Şəhriyarın fars divanında türk sözlərinə (Elman Quliyev), ”Kitabi-Dədə Qorqud” motivli çağdaş bədii ədəbiyyatın dili və üslubuna (Aynur Məmmədova), Cəfər Cabbarlının dramlarında tipaj dilinə (Mətanət Mehdizadə), Məktuba cavaba (mülahizə), Altayşünaslıq kontekstində feillərin strukturu və semantikasına (Oqtay Cəlilbəyli), Azərbaycan dilində mətnlərin məntiqi-semantik bütövlüyünə (Vəfa İbişova), Mehdi Hüseynin romanlarında antroponim və toponimlərin linqvistik xüsusiyyətlərinə (Ceyhunə Hüseynova), Türk xalqlarının yazı tarixinə (Musa Məmmədov), XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərinə (Mahirə Hüseynova), Mesrop Maştos “Əlifba” “ixtiraçısı” deyildir, fırıladaqçı anonim keşişə (Əjdər Tağıoğlu), Azərbaycan dilinin izahlı-etimoloji lüğətinə (Məmmədxan Soltanov),Nəsimi dilinin lüğət tərkibinin leksik-semantik təhlilinə (Şahnazxanım Şükürzadə),”Kitabi-Dədə Qorqud”dakı feillərin leksik-semantik inkişafına, ədəbi dilin təşəkkülünə (Sevinc Əliyeva), Azərbaycan dili və nitq mədəniyyəti fənni üzrə praktikuma (Gülnarə Qurbanova),Orfoqrafiya qaydalarının müzakirəsinə (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu), Qəntemirin nəsr dilinə (Mətanət Ağasiyeva), Müəllimindən xeyir-duaya (Vüsalə Tahirova), Müfəssəl Azərbaycan tarixinə (Əlisahib Əroğul) və bir neçə məkuba cavab, habelə, “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)” monoqrafiyasının Azərbaycan Respublikası Dövlət mükafatına təqdim edilməsinə dair Vəsadət. Nəhayət, kitabınızdakı məqalələrin müxtəlif mətbuat orqanlarındakı dərci. Və mündəricat. Vəssalam.Yox, lap unutmuşdum. Bir də kitabın cildi, birinci kitabınızdakı eyni cür şifrə.Və Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovun filosofanə şəkli. Qayğılı, düşüncəli və müdrik…
Hörmətli Qəzənfər müəllim! İndiki vaxtda çox nadir kitab tapılar ki, heç olmasa orfoqrafik səhvlərə yol verməsin. Sizin hazırladığınız kitab isə heyrətamizdir. Nə qədər böyük zəhmətin nəticəsi olduğunu bəlgələyir. Kifayət qədər ahəngdar, aydın, dürüst və elmi. Məsuliyyətli.Vicdanlı. və Müdrik. Görünür düşünürsünüz ki, kitab müəllif olaraq nəşrə qədər sizindir. Çapdan sonra isə Sizin yox, xalqın mənəvi mirasıdır. Kitablar insan ruhunun müqəddəs yazılarıdır! Kitablar milli sərvətdir! Dövlət və millət isə istəyər ki, məhsulu həmişə keyfiyyətli və dəyərli, əyarlı olsun. Dəyər isə Meyardır!
Möhtərəm Qəzənfər Şirinoğlu! Büllur ruhunuzun su içdiyi Cəbrayıl vətəniniz –Şövkətli Qarabağın vicdanlı ağıl sahibləri ilə zəngin olan türk yurdu, suyunu içdiyiniz, çörəyini yediyiniz, havasını udduğunuz doğma Soltanlı köyünüz, Vətən içində vətəniniz artıq düşmən tapdağından azad olunub. Sizə, professor İsmayıl Kazımova göz aydınlığı verirəm! Gün olsun diz qoyduğınuz, könül riqqəti çəkdiyiniz torpağınızda Qurbanlar kəsilsin! Qurbanlar kəsəsiniz! Azadlıq deyə neçə-neçə ulus-el, yurd-yuva alındıqca, adları eşidildikcə mən də Ulutürkün odlu sətirlərilə köz-köz olmuşam, körüklənmişəm. Doğma Dil tariximizin, tarixi vətənimizin, vətən-torpaq Tariximizin əşirətdən günümüzəcən gələn Poeziyasında əlçim-əlçim, budaq-dudaq çiçəkləmişəm…
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim
Doğransam da dilim-dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
Babaların nəfəsidir.
Dizlərimə, taqət- qüvvət,
Gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb
Şimşəklərlə qoşa gedən
İgidlərin nərəsidir.
Bu dildədir yüz abidə, min abidə,
Xilafəti parçalayan
Babəkimin qəzəbi də!
Məhv olarsa bir gün bu dil,
Göygöl onda Göygöl deyil,
Qoşqar onda Qoşqar deyil.
Qız qalası qala deyil,
Öz dilini sən qala bil!
Qərbə, Şərqə işıq salan
Füzulini sən qala bil!
Sağdır dilim,
Demək sağdır şərafətim, ləyaqətim,
Sağdır demək
Milyard yaşlı məmləkətim!..
İstiqlal mücahidimiz “Ana dilim ölən deyil”– deyəndə professor, məqalələrinizdəki Dilimizin gücünə, qüdrətinə qulaq kəsildim. Doğma ana Dilimizin torpaq üstündə–öz kökü üzərində boy verən, yayılan, budaqlanan, yarpaqlanan və çətirlənən gövdəsinə–kökünə-əcdadına əyildim.Tarixə qida verən Dil ağacınızı və onun bütün dünya dillərinə, bütün dünyaya bar verən bərəkətini xatırladım.
Torpağım nə doğma, nə mehribandır!
O ilk həqiqətim, haqqımdır mənim!
Bir ulu arxam var, Azərbaycandır!
O haqqım, o baxtım xalqımdır mənim!( N. Xəzridən).
Nüfuzlu professor! Kitabınızda Dilin və Tarixin vəhdəti Poeziya ilə nə qədər can-dildən qovuşub. Bir fikir verin mental fikir-düşüncə sahiblərindən –B.Vahabzadə, X.R.Ulutürk kimi Məmməd Araz da,– nə qədər içdən, nə qədər yanıqlı deyib:
Vətən nəğmələri olmasa bir an
Ürəkdə gül açıb yaz ola bilməz.
Nəğməsi olmayan, Şeiri olmayan
Bir Xalqın Tarixi yazıla bilməz!
Şövkətli Qəzənfər müəllim! “Dil. Tarix. Poeziya” adlı qiymətli kitabınız elə dil, tarix və poeziyamızın canlı vəhdətidir. Yaşasın Dilimiz, Tariximiz və Poeziyamız! Bu tarixi-estetik günlərimizdə Xalq şairi Səməd Vurğunun da sözləri nə qədər qüdrətli və poetik səslənir:
Bir vaxtda səslənir addımlarımız,
Bu birlik canımız, nəfəsimizdir!
Bir nəğmə oxuyur neçə min ağız,
Bu öz nəğməmizdir, öz səsimizdir!
Bu birlik canımız, nəfəsimizdir!
Dilimizin, Tariximizin və Poeziyamızın vəhdəti həm də Haqqla Ədalətin, Dövlətlə Qanunun, Elmlə Zəkanın, Ağılla Biliyin–Xalqla Şəxsiyyətin vəhdətidir! Ali Baş Komandanla Qalib Milli Ordunun birliyidir! Bir ocağa qalandığımız közümüzün və sözümüzün birliyidir!
Mən cəsur dövlət başçımızı, mətin xalqımızı və əzəmətli ordumuzu Tarixi Qələbə münasibətilə təbrik edirəm!
Çox hörmətli Qəzənfər müəllim! Çox hörmətli ustad!
Mən Sizi yeni kitabınız münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, daha böyük elmi uğurlar arzulayıram. Mən Sizi can kitabınız olan Cəbrayılın azadlığı münasibətilə ürəkdən təbrik edirəm! Ağdamlı Qurban Bayramovu, Laçınlı Şirindil Alışanlını, Kəlbəcərli İlham Məmmədlini, bütün Qarabağlıları, yaxınları və uzaqları, cəmi əhalimizi Tarixi Qələbə münasibətilə təbrik edirəm! Axır-aqibətimiz Dilimizlə, Tariximizlə, Poeziyamızla əbədi qutlu olsun!– deyirəm. Amin!
17 noyabr 2020-ci il
Hörmətlə, səmimiyyətlə tələbən Əlizadə Əsgərli