Xəyal məni hər gün hər qarışına bələd olduğum İrəvana aparır. İndi o yerləri hər gün həsrət dolu kövrəkliklə xatırlayıram. Yuxudan ayılarkən ilk qarşılaşdığım həmişə görməyə adət etdiyim, pəncərəmizdən aydın görünən başı qarlı əzəmətli Ağrı dağı idi. Belə rəvayət edirlər ki, əvvəllər Çuxur – Səd adlanan bu yer Şah İsmayıl Xətainin sərkərdəsi Rəvanqulu xanın şərəfinə İrəvan adlanmışdır.
Bəzən elə fikirləşirəm ki, bu şəhərin həsrətini hamıdan çox mən çəkirəm. İrəvanla bağlı silsilə məqalələr yazmışam. Ancaq elə bil heç nə yazılmayıb, deyilməyib. Hər şey yenidən başlanmalıdır. Buna görə daim bir narahatçılıq keçir içimdən. Hərdən öz-özümə sual verirəm: “İrəvanla məni bu qədər sıx bağlayan nədir?” Bu mənəvi bağlar çox olsa da, üçünü xüsusi qeyd etmək istəyirəm.
Birincisi – gözümü dünyaya İrəvan yaxınlığındakı Zəngibasar mahalının Yuxarı Necili kəndində açmışam. Pəncərəmizdən İrəvan çox gözəl, aydın görünürdü – şəhərin iki tərəfindən başı göylərdən nəm çəkən Ağrı dağı və Alagöz dağı da onun kimi.
İkincisi, elmi işlə əlaqədar İrəvana 10 il tez-tez getməli oldum – təxminən həftədə 3-4 dəfə. Sanki bir azdan görmək qeyri mümkün olacaqmış, bəlkə ona görə .
Üçüncüsü, nənəm – atamın anası İrəvandan idi, şəhər qızıydı – Gedərçay məhəlləsindən.
Hələ vaxtıyla yaşlı nəsillə etdiyim söhbətlər, qaynaqlarda apardığım axtarışlar İrəvanı tipik müsəlman şəhəri kimi xəyalımda canlandırmışdı.
Axtarış zamanı XIX əsrdə erməni əlifbası ilə yazıya alınmış İrəvanla bağlı bayatılara təsadüf etmişdik:
İrəvan ağ eylərəm,
Dörd yanın bağ eylərəm.
Eşitsəm yarım gəlir,
Sudan çıraq eylərəm.
Birinci bayatıda sonralar “İrəvan” sözü götürülmüş, tamamilə başqa misra ilə əvəz edilmişdir: “Bu bağı bağ eylərəm”. Bəllidir ki, bu bayatı “Bülbüllər” xalq mahnısının əsasını təşkil edir. Tale elə gətirmişdir ki, İrəvan öz qoynunda yaratdığı bayatıda imzasını sakinlərindən tez itirmişdi.
Sonralar yaşlı nəslin dilindən də İrəvanla bağlı bayatılara rast gəldik:
Corabın ağına bax, Dəstələ bağına bax. Mən yadına düşəndə İrəvan dağına bax.
Təpəbaşında çaşır, Çaşır necə qarışır. Bu zəhirmar bilərzik. Əllərimə dolaşır.
Təpəbaşı İrəvanda məhəllələrdən birinin adı idi.
Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli İrəvan şəhəri haqqında yazırdı: “İrəvan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binasına təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olublar. Şəhərin bir hissəsi Zəngi çayının kənarında ucalmış təpə üstündə, digər bir hissəsi çuxura düşübdür. Şimali-qərb və Şimali-şərq tərəflərdən şəhər əhatə olubdur uca təpələr ilə, amma cənub və qərbi-cənub tərəfləri açıq və düzən yerlərdir ki, onda gözəl bağ, bağça və mənzərələr vardır …”
İrəvan şəhərindən cənub və qərbi-şimal tərəfə baxdıqda göz önündə qəribə bir mənzərə açılır. Cənub səmtində bir cüt piramida şəklində gözəl, başı qarlı dağlar – Ağrı dağları göy səmtinə tərəf gərdənkeş olub,buluddan başlarına əmmamə sarıyıblar, guyə səbani- hal ilə xəlayiqi – asiman təpəsi həmişə qar ilə örtülü olur, amma Balaca ağrının başı yaz fəslində qardan xilas olub, onun üstündə ağaclar və hər qism çiçəklər və ələfiyyat bitib göyərir” (Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. Bakı, “Elm”, 1981).
İrəvanın bir tərəfindən Ağrı dağı, digər tərəfindən Alagöz dağı görünərdi.
Görkəmli alimin fikrini təsdiq edən bir sözü tez-tez yaşlı nəslin dilindən eşidərdim: “İrəvan bağlar şəhəri idi”. Bağların hamsı adla çağrılardı- Dərə bağları, Dəlmə bağları, Güllü bağ, Yoncalı bağ, Şəmistan bağları, Sərdar bağı, Xan bağı, Üzümün neçə-neçə növü vardı. Misqalı, Yeznədayı, Keçiməməsi, Kişmişi, Əsgəri, Xərci, Topxərci, Haçabaşı və s.
İrəvan gimnaziyasında təhsil almış, görkəmli ədəbiyyatşünas Əziz Şərif isə tələbəlik illərindən danışarkən orada yetişən şaftalıdan ağız dolusu söhbət açır. El arasında deyərdilər: “Şaftalının biri bir boşqabdır”.
Sonralar İrəvanı Yerevana çevirdilər. Az qala izi-tozu da qalmadı. Hanı Təpəbaşı, Toxmaxgöl, Şəhər, Qırmızı, Dəmirbulaq, Gedərçay məhəllələri? Bəs başı göylərə ucalan minarəli məscidlər- Göyməscid, Novruzəli məscidi , Künnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi, Hacı bəyim məscidi, Şəhər məscidi, Zal xan məscidi!…İrəvan tipik müsəlman şəhəri idi. “Kavkazski kalendar”ın 1894 –cü il tarixli nəşrində qeyd edilir ki, İrəvanda 8 məscid fəaliyyət göstərirdi. İrəvan ziyaliları həmişə Göy məscidə yığışar, elmi söhbətlər edər, şeirlər deyərdilər.
Tarixi faktlar təsdiq edir ki, İrəvanı həmişə azərbaycanlılar idarə etmişlər.
1604-cü ildə İrəvan xanlığı yaradılmışdı. İki yüz iyirmi dörd ildən sonra rus ordusunun hücumu ilə bu möhtəşəm xanlığa son qoyuldu.
Haşiyə: “Ümumdünya tarixi ” kitabının altıncı cildindəki 278-ci səhifəsində bir şəkil var. Şəklin altında bu sözlər yazılıb: “1 oktyabr 1827-ci il. Rus ordusunun İrəvan qalasına hücumu ” . B.Moşkovun çəkdiyi bu şəkildə təsvir olunmuş qaladan aralıda rus ordusunun sıra ilə düzülmüş xeyli topu gorünür. Onlardan yenicə açılmış atəşdən sonra həm topların, həm də şəhərin üstündən duman qalxır. Təbii ki, toplar aşağıda, İrəvan qalası isə yuxarıdadır. Uzaqdan görünən məscidlər həmin yerin müsəlman dünyasına məxsus olduğunu bildirir.
Bəs qalanı kimlər müdafiə edirdi? Qalanı azərbaycanlılar mərdliklə, qəhrəmanlıqla müdafiə edirdilər .
Paskeviçin İrəvanı mühasirəyə aldıqdan bir müddət sonra şəhər F.B.Köçərlinin dililə desək, “Rus dövlətinə tabe olmaq məcburiyyətində qaldı (şəhəri fəth etdikdə 49 top, 4 beydəq və 4 minə kimi əsir sərbaz alınmışdır)”.
Bu rus generalı sanki öz sələflərinin uğursuz hücumlarının əvəzini çıxardı. 1804- cü ildə general Sisianov İrəvana hücum edir və 2 ay qalanı ( iyulun 4- dən -sentyabrın 4-nə qədər) mühasirədə saxlayır.Ancaq İrəvanı Məhəmməd xanın ağıllı siyasəti, cəsarəti, Naxçıxan xanı Kəlbəli xanın ona köməyi və qala müdafiəçilərinin böyük şücaəti, mərdliyi sayəsində rus qoşunları rüsvayçı şəkildə məğlub olub geri qayıtdılar.Təkcə onu qeyd etmək kifayətdir ki, qalanın 30 nəfər döyüşçüsü mühasirəyə düşür, təslim olmaq əmri verilsə də axıradək vuruşur və qəhrəmanlıqla həlak olur.Tədqiqatçı M.Süleymanov Sisianov məğlubiyyətini belə təsəvvür edir: “Təkəbbürlüyünə və ötkəmliyinə vurulan zərbə, Məhəmməd xanın iradəsi qarşısında duruş gətirə bilməməsi Sisianov üçün elə bir xəcalət yükünə çevrilmişdi ki, gecə ikən geri çəkilməyi və qala döyüşçülərinin qalib baxışlarından gizlənməyi qərara almışdı.O, elə gizlincə geri çəkilmək istəyirdi ki, qala əhlinin şadlığını və sevincini görməsin…Bu məğlubiyyətlərin ağrı-acısı Sisianovun 30 illik xidmətinin ən qara səhifələrindən birinə çevrildi və ömrünün sonuna qədər ona rahatlıq vermədi.İrəvan qalası ətrafındakı məğlubiyyətinin həyatında dərin iz buraxdığını Sisianov imperatora yazdığı məktubunda belə təsvir edir: “Özümə baxanda ürəyim ağrıyır. Mənim 30 illik xidmətim ərzində ilk dəfədir ki, (Rusiya -ordusunun tarixinda isə ikinci generalam) mühasirəyə alınmış şəhəri fəth etmədən qoşunları geri çəkdim.”
1808-ci il sentyabrın 25-də 30 ildən çox sərkərdəlik təcrübəsi olan general-feldmarşal N.V.Qudoviçin komandanlığı altında rus qoşunları 8 minlik qoşunla İrəvan xanlığına hücum etdi.İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan qalanın müdafiəsini yüksək səviyyədə təşkil etmişdilər.Gəncənin işğalından sonra təxminən yarım il ərzində Azərbaycanın bütün xanlıqlarını, hətta Naxçıvanı da asanlıqla tutan rus qoşunları İrəvanı da sonralar çətinlik çəkmədən götürəcəyini güman edirdilər.Ancaq daş qayaya rast gəlmişdi.Araşdırıcı M.Süleymanov həlledici döyüşü belə təsvir edir: “Noyabr ayının 17-də səhər saat 5-də hələ hava işıqlanmamış rus qoşunları qala üzərinə qəti hücuma keçdilər.Bu hücum qəfil başlansa da, yenə də rus generallarının gözlədiyi nəticəni vermədi.Divarlar üzərində topların düzgün yerləşdirilməsi, onların atəşlərindən məharətlə istifadə edilməsi Feldmarşal Qudoviçin niyyətlərin alt-üst etdi.O, sonradan Rusiya imperatoruna göndərdiyi məktubunda etiraf edirdi ki, İrəvan qalasının müdafiəçiləri mərdliklə vuruşurdular”(Mehman Süleymanov.İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən.Bakı, “Hərbi nəşriyyat”, 1997, səh.112). Polkovnik Simonoviç, mayor Vılazkov, mayor Novitski, mayor Barşov döyüşlərdə ağır yaralanırlar.Podpolkovnik Bulqakov isə aldığı yaradan bir neçə gün sonra ölür.Rus qoşunlarının həmin döyüşdə 1000 nəfərdən artıq döyüşçüsü sıradan çıxır.1808-ci ildə noyabrın 30-da qoşunun tam məhv olmasından edən Qudoviçin İrəvanı rüsvayçı şəkildə tərk etməsi rus qoşunları ilə təkbətək vuruşa girmiş Həsən xanın (Hüseynqulu xan vuruşa-vuruşa Arazın o tayına çəkilmiş) yüksək sərkərdəlik və təşkilatçılıq qabiliyyətinin nəticəsi idi.
Bəli, Paskeviçin komandanlığı altında uzaqvuran toplarla yanaşı 12 min qoşun göndərən rus çarizmı 30 illik gərgin döyüşlərdən, ağır itkilərdən acınacaqlı məğlubiyyətlərdən sonra İrəvanı fəth edir.
Bu döyüşlə İrəvan xanlığı tarixə döndü.Xanlığın ad izləri: “Pənah xan körpüsü” , “Pənah xan bulvarı” sözləri yaşlı nəslin yaddaşında ömrünü yaşamağa başladı və sonralar 1762-83-cü illərədn İrəvanın xanı olmuş Hüseynəli xanın tikdirdiyi Göy məscid yerlə yeksan edildi.
Hərdən fikirləşəndə öz-özünə deyirsən: “İrəvanda nə qaldı ki? “
İrəvanın qoynundan çıxmış neçə-neçə görkəmli şəxsiyyət öz doğma şəhərinə bağlandığını, sevgisini bildirmək üçün özünə İrəvani təxəllüsün götürmüşdü.
Tarixdə nə qədər məşhur İrəvani olmuşdu-Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəvani, Aşub İrəvani, Əbülqasım İrəvani…saymaqla qurtaran deyil.Firudun bəy Köçərli yazır ki, “şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüərə olubdur.”
XIX əsrdə İrəvanda “Bəzmi” təxəllüsüylə yazan Məşhədi İsmayıl Hacı Kərimzadə, “Mütəlle” təxəllüslü Hacı Seyid Rza Əmirzadə, Mirzə Əlixan Şəmsül Hükəma , Ləli kimi şairlər yazıb-yaratmışlar.Seyid Rza Əmirzadənin şeirləri “Əkinçi” də nəşr olunmuşdur. XIX əsrin ikinci və XX əsrin əvvəlləirində İrəvanda güclü ziyalı nəsillər olmuşdur:Mirbabayevlər, Qaziyevlər, Mirbağırovlar, Məmmədzadələr, Bağırbəyovlar, Erivanskilər, Topçubaşovlar, Muğanlinskilər və s. Bu nəsillərin bir çox nümayəndələri İrəvan quberniyasında tutarlı mövqe sahibi idilər.Bu dövrdə İrəvan Qafqazda elmin, mədəniyyətin, maarifin ən çox inkişaf etdiyi mərkəzlərdən biri idi. Burada 1881-ci ildən müəllimlər seminariyası, 3 gimnaziya, 1 qadın gimnaziyası, 2 pansionat fəaliyyət göstərirdi.Teatr tamaşaları gedirdi. “Leylək” satirik jurnalı, “Həqiqət” bədii jurnalı nəşr olunurdu.
Buradan nə qəqdər gənc Rusiyanın və Avropanın məşhur universitetlərində təhsil almağa getmişdir.Sonralar dünya şöhrətli alim M.Topçubaşov, akademik H.Hüseynov, tanınmış dilçi M.Mirbabayev (hər üçü Stalin mükafatı laureatı idi), akademik Ə.Rəcəbli, görkəmli dövlət xadimləri Əziz Əliyev, M. Məmmədov, H.Seyidov, M.Seyidov, bəstəkar S.Rüstəmov və digər görkəmli şəxslər İrəvan gimnaziyasının yetirmələri idi.
… Deyəsən İrəvan azərbaycanlıları üçün səkkiz nəhs rəqəmdir.1828-ci il nə qədər azərbaycanlı bu torpaqlardan İrana köçürüldü.1918-ci il daşnakların silah gücünə azədbaycanlıları qovması, 1948-ci il “mədəni köçürülmə”, 1988-ci il azərbaycanlıların sonuncusuna qədər İrəvandan və Ermənistandan çıxarılması…gorunuz çatlasın, ay İrəvan xanları, bəyləri, sizin at oynatdığınız yerlərdə gör indi kimlər sülənir.Bəlkə “İrəvan da bir nağıl idi?”
Yox, İrəvan bizim üçün hələlik nağıldı, “tərlan oylağında sar ola bilməz”.
Hara gedir bu qatar?
* * * * *
Yol azmışdım bu payızın çənində!
…1988-ci il oktyabrın 11-də kəndi tərk etmişdim-doğma Yuxarı Necili kəndini.Artıq 14-cü ilə keçmişdi.Bu müddət ərzində hər gün azərbaycanlıların qədim tarixi yerlərindən biri olan İrəvanı, onun lap yaxınlığındakı Zəngibasar mahalını və doğulub boya-başa çatdığım Yuxarı Necili kəndini xatırlayır, gah da tez-tez yuxuda görürdüm.Hərdən o yerlərlə bağlı yazılmış kitablardan oxuyub və görkəmli rəssam Cabbar Quliyevin “Zəngi” tablosuna baxıb təsəlli tapırdım.Həyat gözlənilməz hadisəlrələ doludur.Bir gün o yerlərə getmək xəbərini aldım.Daha doğrusu ADU-nun elmi işlər üzrə sabiq prorektoru mərhum Z.Ağayev dedi ki, İrəvana səfər var, Məhəmməd müəllimlə səni nəzərdə tutmuşuq.Tədris işləri üzrə prorektor Natiq müəllimlə söhbət etdim.Mən Natiq müəllimlə söhbət edəndə o dedi ki, müxtəlif idarə və orqanların icazəsindən sonra bu məsələ həll olunacaq.2-3 həftədən sonra noyabr ayının 10-da təxminən axşam saat 10-a qalırdı, Natiq müəllim mənə zəng etdi ki, artıq icazə verilib, ayın 12-i Tbilisiyə yola düşürsünüz, orada Gürcüstanın nümayəndə heyəti ilə İrəvana yola düşəcəksiniz.
Mən müəyyən hazırlıqlar barəsində fikirləşməyə başladım. Erməni Sovet Ensiklopediyasının III cild 571-ci səhifəsinə baxdım. “İrəvan xanlığı” başlığına. Orada 1410-cu ildən 1828-ci ilə qədər İrəvanda hökmranlıq etmiş xanların adları göstərilmişdir. Sonra vaxtıyla erməni qaynaqlarından istifadə etdiyim sənədlərə yenidən nəzər saldım-yəni əgər söhbət düşsə, nəyisə sübut etmək məqsədilə bəzi qaynaqların yerini və tarixini dəqiqləşdirmək məqsədilə bəzi əlyazmaları yenidən səhifələməli oldum. Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinin ermənicə tərcüməsini də yaddan çıxarmadım. Çoxdan əzbər bildiyimə baxmayaraq, yaddaşda möhkəmlətmək üçün bir daha baxmalı oldum. Ancaq sonra bunların heç biri lazım olmadı… Çünki məsləhət belə oldu … Mənim ermənicə bilməyimi heç kəs bilməməli idi…
Səhərisi gün axşam Məhəmməd müəllimlə bilet alıb qayıdanda o, birdən ayaq saxlayıb mənə dedi: “Professor, (O, həmişə mənə belə müraciət edir) bir təzə ayaqqabım var, bir köhnə. Bilmirəm, təzəni geyinim, yoxsa köhnəni? Nə məsləhət eləyirsən?”
Mən cavab verdim ki, Məhəmməd müəllim, biz bir nömrəli düşmənin içərisinə gedirik. Dost başa baxar, düşmən ayağa? Get təzə ayaqqabını geyin!
-Çox düz buyurursan, professor, sən çox ağıllı adamsan, təzə ayaqqabını geyinəcəyəm, – deyə Məhəmməd müəllim söylədi.
Ertəsi gün – yəni noyabrın 12-də yola düşməmişdən bir neçə saat əvvəl müəyyən adamlarla görüşdük, lazımi söhbətlər etdik. Hətta belə bir sual da verildi: “Əhval- ruhiyyəniz necədir?” cavab verdim ki, əla! Mənə elə gəlir ki, qarşımızda heç bir qüvvə dayana bilməz, iki nəfər olmağımıza baxmayaraq, biz hər şeyi alt-üst edə bilərik. Dedilər ki, alt-üst etməyin, sakit gedin-gəlin!
Axşam saat təxminən 8-də mən yol tədarükünü götürüb evdən çıxdım. Yalnız evdən çıxanda anama İrəvana gedəcəyimi söylədim.O, heç nə demədi.Narahatlığı hiss olunurdu.Yalnız arxamca su səpməklə kifayətləndi. 20 Yanvar metro stansiyasının yanında qaynım Mehman məni gözləyirdi. Xırdalandan avtobusla gəlib 20 Yanvar meydanında Mehmanla görüşüb, qatar vağzalına gəldik. Hələ heç kəs yox idi. Çox çəkmədi Məhəmməd müəllim dostu Əli və kürəkəni Fərmanla gəldi. Az sonra Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, mərhum professor Zeydulla Ağayev, tədris işləri üzrə prorektoru, dosent Natiq Yusifov, tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev də bizi yola salmağa gəldilər. Zeydulla müəllim toydan yarımçıq çıxıb gəlmişdi. Natiq müəllim yolumuz üçün ərzaq tədarükü gətirmişdi. Hava bərk soyuq idi.Külək yağışla birlikdə gəlirdi.
Bəli, mən 1996-cı ildə Məhəmməd müəllimlə yol yoldaşı olmuşdum. Murovdağa əsgərlərin görüşünə getmişdik. O zaman oktyabr ayının 31-dən noyabr ayının 4-nə kimi biz Murovdağda, Göy Göldə, Tərtərdə, Ağdərədə əsgərlərlə görüşdə olduq. Xalq yazıçısı Sabir Əhmədli, Müdafiə Nazirliyinin nümayəndəsi şair-publisist Abdulla Qurbani, H.Aslanov adına Zabitlər evinin bədii hissə müdiri Arif Məmmədov, Azərbaycan Xarici Dillər Universitetinin dosentləri Həsən Baxşiyev, Rəna Məmmədova və bir neçə tələbə yol yoldaşımız idi. İndi yenə Məhəmməd müəllimlə yol yoldaşı olmağım məni sevindirirdi.
Ancaq bu adamların hamısı söhbət edə-edə axıra kimi qatar yola düşənə kimi gözlədilər. Söhbət əsnasında mən, Məhəmməd müəllimə dedim ki, biz birlikdə Murovdağda, Tərtərdə, Ağdərədə əsgərlərlə görüşdə olmuşuq, indi İrəvana gedirik. Atalar üçdən deyib. Üçüncü dəfə… Ələddin müəllim sanki ürəyimdən keçəni oxuyub dedi: “Üçüncü dəfə inşallah Şuşaya gedərsiniz.” Söylədim ki, Ələddin müəllim, siz nə bildiniz mən Şuşanı nəzərdə tutmuşdum. Bəli, inşallah, üçüncü dəfə Şuşaya səfər edəcəyik: Siz lap insanın ürəyini oxuyursunuzmuş. Natiq müəllim dedi ki, əgər Paris, London, Almaniya olsaydı, nə qədər adam deyərdi ki, məni niyə göndərmirsiniz? İndi bir nəfərin səsi də çıxmadı.
Saat 22.00-da qatar yola düşdü. Bizi yola salanlarla bir-birimizə əl edə-edə ayrıldıq. Ertəsi gün təxminən saat 15-də Tbilisiyə çatdıq, Gürcüstan nümayəndə heyəti bizi qarşıladı. 9 nəfərdən ibarət olan Gürcüstan nümayəndə heyəti içərisində yeganə azərbaycanlı Tbilisi Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Valeh Hacıyev qatar yaxınlığındakı yeməkxanalardan birinə dəvət etdi. Saat 16.00-da Tbilisi-İrəvan qatarı tərpəndi. Təxminən bir saatdan sonra Tbilisi Dövlət Pedaqoji Universitetinin rektoru, professor Vaxtanq Şaloviç Sartaniya bizi öz kupelərinə şam yeməyinə dəvət etdi. Gürcü şərabı üstündə müxtəlif sağlıqlar deyilirdi. Soruşdum ki, Şota Rustavelidən əzbər bilirsinizmi? Onların Universitetinin fransız dili kafedrasının müdiri dosent Maya xanım “Pələng dərisi geyinmiş pəhləvan” əsərindən bir neçə bənd söylədi. Məndən soruşdular ki, siz Rustaveli ilə maraqlanırsınız? Cavab verdim ki, məncə Rustavelidən mən sizdən çox əzbər bilirəm. Və bir neçə bənd əzbər dedim:
İgidlərin hekayəti bitdi gecə yuxusu tək
Onlar köçdü bu dünyadan vəfasızmış zalım fələk
Kim dünyanı daim saysa bil ki, əbəsdir demək
Bunu bir Mesxi şair yazır. Rustaveli adlı gerçək.
Gürcülərin tanrısı o Davidçün bu dastanı,
Bu əsəri yazmağımla tanıtdırdım Gürcüstanı.
O təqribən məşrüğa tək tutmuşdur bütün cahanı,
Məzlumlara nicat verir, zalımlardan alır canı.
Öz kupemizə gələndə Məhəmməd müəllim mənə dedi ki, yuxun gəlirsə, get yat, mən hələ yatmıram. Noyabrın 13-ü idi. Gecə saat 11-ə qalırdı. Mən yatmağa başladım. Gecə təxminən saat 2-3 radələrində qondarma Ermənistan ərazisində olarkən bir neçə erməni vaqonlara minib “türk” axtarırlar. Qatar bələdçisindən soruşdular ki, burada “türk” var? O cavab verir ki, yoxdur, yalnız gürcülərdir. Məhəmməd müəllim məni oyatmaq istəyir. Mən oyanmıram. Gürcülərdən bəzilərinin oyaq qalmağı, təhlükəni sovuşdurur. Səhər Məhəmməd müəllim gecə olmuş əhvalatı mənə danışdı. “Bəs məni niyə oyatmadınız” dedikdə o, “mən oyatmaq istədim, ancaq siz oyanmadınız,” –dedi.
Səhər yuxudan oyandım. Noyabr ayının 14-ü idi. 2001-ci il saat 8 olardı… Pəncərədən baxdım… Qatar dayanmışdı… Dairəvi şəkildə olan uca qülləni görəndə başa düşdüm ki, bura Aşağı Necili ilə Zəngibasar arasındakı Vağzal adlanan yerdir. Ürəyim yerindən atlandı. Əvvəllər burada çox yüksək keyfiyyətli çörək bişirilib satılırdı. Nə qədər buradakı qatarla üzbəüz olan mağazadan çörək almışıq. Yaxud buradan dəfələrlə Gümrüyə (Leninakana), Qarakilsəyə (Kirovakana) getmişik. Müəllim kollektivi ilə hərdən bura yeməkxanaya gələrdik.
Qatar yerindən tərpəndi … Zəngibasar torpağına yan alır. Günəş şəfəqlərini saçır. Ağrı dağı aydın görünür.
Zəngibasara gedən mərkəzi yoldan keçirik. Məhəmməd müəllimə deyirəm ki, iki il bu yolla Zəngibasar – Uluxanlı məktəbinə getmişik. 9-10-cu sinfi orada oxumuşuq. Uzaqdan bizim kənd görünməyə başladı. Məhəmməd müəllimə kəndimizi göstərdim – dünyaya göz açdığım, boya-başa çatdığım doğma Yuxarı Necili kəndini. Məhəmməd müəllimə dedim ki , bu yerdə türk şairi Əhməd Qüdsi Tecərin bir şeri yada düşür:
Orda, bir kənd var uzaqda
O kənd, bizim kəndimizdir
Getməsək də, tozmasaq da
O kənd bizim kəndimizdir.
Məhəmməd müəllim ucalan birinci iki mərtəbəli evi göstərib dedi: “O görünən birinci ev sizin evinizdir?” Cavab verdim ki, o atamın əmisi oğlu Müşdabanın evidir. Həmin küçədən beşinci ev bizimkidir. Yenə Tecərin dediyi kimi:
Orda, bir ev var uzaqda
O ev, bizim evimizdir
Yatmasaq da, qalxmasaq da
O ev bizim evimizdir.
Elə bu anda qatar bələdçisi yanımızdan keçirdi. Məhəmməd müəllim ondan soruşdu ki, bura haradır? O cavab verdi ki, bura Masis rayonudur. Burada yerlərin hamısında azərbaycanlılar yaşayırdılar. Çox yaxşı adamlar idilər. Məhəmməd müəllim dedi ki, onlar yenidən bu yerlərə qayıdacaqlar. Qadın cavab verdi: “Allah eləsin!”
Nəhayət, gəlib İrəvana çatdıq… Vağzalda bizi Bryusov adına İrəvan Linqvistik Universitetinin professoru Boris Qriqoryan, təhlükəsizlik komitəsinin iki üzvü qarşıladı. Orada B.Qriqoryan söylədi ki, 1971-ci ildə onun atası Bakıda Akademiyanın Fəlsəfə və Hüquq İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdi. Onu da qeyd etdi ki, o zaman akademik Firudin Köçərli həmin institutun direktoru idi. Onun insanlığından, humanistliyindən ağız dolusu danışırdı. Soruşdu ki, o sağdır? Cavab verdim ki, yaşayır, yaradır, qızı Firuzə bizim kafedrada işləyir, filologiya elmləri namizədidir. Söhbət zamanı başımdan bir fikir keçdi: “Öz yetirmələrimiz də bizə az qənim kəsilməyib.”
RAF avtobusuna yaxınlaşdıq … Mən yüz, bəlkə min dəfələrlə 121 nömrəli avtobusla evimizə gəldiyim İrəvan vağzalı … elə bil bunlar heç olmayıb… Avtobus vağzaldan keçmiş Hoktembryan prospektilə şütüyüb Pənah xan bulvarına çatdı – sonralar ora Əzizbəyov meydanı adlanırdı, Əzizbəyovun həmin meydanda balaca bir büstü də vardı. İndi gördüm ki, postament bir az da ucalmış, onun yerində başqa bir büst qoyulmuşdu. Gedərçay məhəlləsinin üstündəki azərbaycanlıların İrəvandakı son yaşayış evləri sökülmüş, onun yerində Ermənistanda xristianlığın yaranmasının 1700 illiyi münasibətilə çox böyük bir kilsə tikilmişdi. Son vaxtlara qədər buradakı küçələrdən biri Nəriman Nərimanovun adını daşıyırdı. İndi bu küçədən əsər-əlamət qalmamışdı.
Nəhayət, gəlib Sayat Nova küçəsilə Abovyan küçəsinin kəsişdiyi yerdə on altı mərtəbəli Ani mehmanxanasının 3-cü mərtəbəsində yerləşdik. Üç azərbaycanlının otaqları yanaşı idi – 323, 324, 325. Birinciyə Məhəmməd müəllim, 2-ciyə mən, 3-cüyə Valeh müəllim düşmüşdü. Onun yanındakı otaqda isə ermənilərin təhlükəsizlik orqanlarının nümayəndələri qalırdılar. Mehmanxanada yerbəyer olduqdan təxminən 15 dəqiqə sonra Bryusov adına İrəvan Linqvistik Universitetinə gəldik. Rektorun qəbul otağında çay süfrəsi düzəldilmişdi. Otağın bir tərəfində köhnə Bakının, yəni Şirvanşahlar sarayının və bir az aralıda gömgöy Xəzər dənizinin tabloda, digər tərəfdə köhnə Tiflisin şəkli asılmışdır. Sonralar bəlli oldu ki, Bakı tablosunu Bakıda may ayında Cənubi Qafqaz Respublikalarının “Təhsil hamı üçün” mövzusunda keçirilən konfrans zamanı Azərbaycan Dillər Universitetinin rəhbərliyi tərəfindən bağışlanılmışdı. Təxminən 40-50 dəqiqə çəkən bu tanışolma mərasimindən sonra, zalda konfransın açılış mərasimi başlandı. Universitetin rektoru professor Suren Zolyan giriş sözü ilə konfransı açıq elan etdi. Həmişə olduğu kimi, adətləri üzrə onlar iclası öz dillərində – erməni dilində aparırdılar. Bir nəfər mənə yaxınlaşdı ki, mən sizə tərcüməçilik edəcəm. Bəli erməni dilində çıxışlar getdikcə o mənə tərcüməçilik edirdi. Ancaq necə? Beş cümlə ötürüb, birini tərcümə edirdi. Mən o deyilənləri yaxşı başa düşürdüm. İstədim deyəm ki, bəlkə mən sizə tərcümə edəm!…
Sonra onların Milli Məclisinin təhsil, idman üzrə daimi komissiyasının üzvü çıxış etdi. Tbilisi Dövlət Universitetinin rektoru Vaxtanq Sartaniya çıxış etdi. Növbə Cənubi Qafqaz Respublikalarının müavinlərinə çatdı. Əvvəlcədən tərtib olunmuş proqram üzrə (biz hələ Bakıda ikən həmin proqramla tanış idik) ilk çıxışı Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini çıxış etməli idi. Ancaq nədənsə, elə olmadı. Qonşu respublikalarının təhsil nazirlərinin müavinlərinin çıxışlarından sonra Azərbaycanın nümayəndə heyətinin adından fəlsəfə kafedrasının müdiri Məhəmməd Teymurluya söz verildi. Məhəmməd müəllim əvvəlcə Azərbaycan dilində, sonra rus dilində danışdı. O dünya Azərbaycanlılarının I qurultayının Bakıda yenicə öz işini uğurla başa çatdırmasını söylədi, təhsil sahəsindəki əməkdaşlığa öz münasibətini, konfransı təşkil edənlərə öz təşəkkürünü bildirdi. Yeri gəlmişkən, bir məqamı xatırlatmaq istərdim. Məhəmməd müəllim çıxış edərkən söylədi ki, mən konfrans iştirakçılarını Azərbaycan Dillər Universitetinin rəhbərliyi adından salamlayıram. Sonra yüksək tonla, uca bir səslə necə dedisə, Azərbaycan Dillər Universitetinin Praktik fransız dili kafedrasının müdiri, dosent Əsgər Zeynalov da sizi salamlayır. Bir də gördüm ki, zalda əyləşənlərin, hamısı ayağa qalxıb məni alqışlayır.
İrəvan konfransının təşkilatçıları əsas vaxtı demək olar ki, özlərinin təbliğinə ayırmışdılar. Yəni ayrı-ayrı yerlərə gəzintini proqrama salmışdılar. Bu gəzinti zamanı onlar həmişə olduğu kimi, özlərinin qədim mədəniyyətə malik xalq olduğunu təbliğ etməyə çalışırdılar. Konfransın birinci günü – yəni noyabr ayının 14-də proqrama İrəvanın gəzintisi salınmışdı. Konfrans iştirakçıları, daha doğrusu qonaqların əksəriyyəti avtobusda əyləşib RAF-ın hərəkət etməyini gözləyirdilər. Mən avtobusa minəndə Sartaniyadan soruşdum ki, biz indi hara gedirik? – İrəvanı gəzməyə – deyə cavab verdi. Mən də bilirdim İrəvanı gəzməyə. Çünki proqramda saat 16-dan 20-ə kimi İrəvanın gəzintisi yazılmışdı. Ancaq mən onu da bilirdim ki, onlar ilkin olaraq nümayəndə heyətini “Genosid” abidəsinin üzərinə aparacaq, gül təqdim edəcək, qonaqlar həmin gülləri genosid abidəsinin üzərinə qoyacaq, bələdçi isə genosidin-soyqırımın uydurma tarixindən danışacaq – Guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırmışlar. Yəni uzun illər mən orada yaşadığım üçün bunları yaxşı bilirdim. 1988-ci ilə kimi, doğma ocaqlarımızı məcburi surətdə tərk edənə qədər belə görmüşdüm.
Buna görə də mən bir az aralıda əyləşən Məhəmməd müəllimə dedim ki, birdən bizi “Genosid” abidəsinin üstünə apararlar. Biz ya mehmanxaya gedib istirahət etməli, ya da avtobusu saxladıb yarı yolda düşməli idik. Çünki o yolu mən yaxşı tanıyırdım. Əvvəlcə, Məhəmməd müəllim eşitmədi, mənə dedi ki, ucadan danış, onsuz da kim başa düşür? Mən cavab verdim ki, bunların hansı başa düşmür? Sonrakı gedişat da həmin fikri təsdiq etdi… Bəlli oldu ki, onların müəyyən hissəsi Azərbaycanda doğulub boya başa çatmış adamlardır.
Nə isə, mən fikrimi Məhəmməd müəllimə başa salandan sonra, o, məsələni Sartaniyaya dedi. Yəni, əgər bizi “genosid” abidəsini ziyarətə aparırlarsa, biz getmirik. İnsafən Sartaniya bizim düzgün hərəkət etdiyimizi etiraf etdi.O isə bizim fikrimizi yanaşı əyləşdiyi Cənubi Qafqaz respublikaları üzrə YUNESKO-nun nümayəndəsi A.U.Sannikova bildirdi. Sannikov da söylədi ki, onlar haqlıdırlar.Hər ikisi aşağı düşüb ermənilərin “baş bilənləri” ilə danışıb sonra maşına qalxıb məsələnin həll olunduğunu söylədilər.Beləliklə, bundan sonra təkcə bizi yox, ümumiyyətlə, gələn qonaqların heç birini həmin yerə baş çəkməyi məsləhət bilmədilər.
Öncə, onu qeyd edim ki, İrəvan 1988-ci illə müqasiyədə o qədər də dəyişilməmişdi. Dəyişən əsasən adlardı. Məsələn: Lenin meydanının adı dəyişilib Respublika meydanı olmuş, Lenin prospekti Maştosun adına verilmiş, Rossiya kinoteatrı Ararat adlandırılmışdı.
Leninin abidəsi götürülüb, yerində iri xaç qoyulmuşdu. Əzizbəyovun büstünün yerində akademik Saxarovun büstü qoyulmuşdu. Vaxtıyla Pənah xan bulvarı adlanan bu yer, sonralar Əzizbəyov meydanı, indi isə Saxarov meydanı adlanırdı. İrəvanda azərbaycanlılar son vaxtlara qədər – yəni 1988-ci ilə qədər əsasən yığcam halda Gedərçay məhəlləsinin aşağı tərəfində yaşayırdılar. Bunlar, zaman-zaman bu yerlərdən qovulmuş azərbaycanlıların son akkordları idi. Burada Nərimanovun adını daşıyan bir küçə də var idi. İndi o yerlər elə təmizlənmişdi ki, heç izi-tozu da qalmamışdı. Azərbaycanlıların vaxtıkən yaşadığı o evlər sökülmüş, onların yerində guya indiki Ermənistan adlanan ərazidə 1700 il əvvəl xristianlıq yaranmış və bu münasibətlə çox böyük bir kilsə binası tikilmişdi.
İrəvanda qonaqları- bizi çox yerlərlə tanış etdilər. Nazirlər Sovetinin binası, Mərkəzi Poçtun binası, Tarix muzeyi, Sirkin binası, Mətbuat evi, Ermənistan anası və s. İrəvan Dövlət Opera və Balet Teatrı binasının qarşısından keçərkən ekskursavod “qəribə” bir izahat verdi. Guya üç min il əvvəl Zvartnotstda (indiki aeroportun yerində – Ə.Z) belə bir bina olmuş və onun şəkli hal-hazırda Matenadaranda durur. Və arxitektor da guya həmin şəklin əsasında bu binanı yaratmışdı. Köhnə uydurmalar, köhnə “mahnılar”.
İrəvandakı məşhur Göy məscidin qarşısından keçərkən (əlbəttə, hasara alınmışdı – Ə.Z) – bələdçi izah etdi ki, bura Göy məsciddir, İran sərdarı həmişə burada əyləşərdi, bu yaxınlarda iranlılar buranı təmir ediblər, bura fars məscididir.
Gorun çatlasın, ay Hüseynəli xan! Bu məscidi tikdirməklə sən adını tarixə saldırdın. Adına xoş mənada rəvayətlər qoşuldu. İrəvan xəzinəsinin ağzını gen-bol açaraq bu möhtəşəm abidəni tikdirmişdin. İndi bunu da sənə çox gördülər. Tale haqsızlığından əl çəkmir.
Məhəmməd müəllim dedi ki, biz Göy məscidə getmək istəyirik, bir də imkan daxilində bazara, mağazaya dəymək istəyirik. Məsləhət bilmədilər. Guya hələ Göy məscidin təmiri qurtarmayıbdır.
Axşam bizi Marko-Polo restoranına dəvət etdilər. Qonaqların şərəfinə ziyafət verilirdi. Azərbaycan nüməyəndə heyətinin şərəfinə “sağlıqlar” deyilirdi. Keçmişin və gələcəyin şərəfinə badələr qaldırılırdı. Öz-özümə deyirdim ki, 13 il əvvəl bəs bu barədə niyə fikirləşmirdilər – indi keçmişin sağlığına badə qaldırılır. Çünki Azərbaycan torpaqlarının 20 faizindən çoxu indi onların işğalı altındadır. Məclisdə böyük Səməd Vurğunun misraları fikrimdən keçirdi.
Məni qınamayın ağırdır dostlar
Qatillər evində məclis keçirmək
Hər düşmən gözündə neçə hiylə var
Onları duyduqca iyrənir ürək.
Yaxud:
Yüz sağlıq deyilir şərəfimizə
Düşmən can desə də, düşməndir yenə.
Marko Polo restoranı. Keçmiş Lenin meydanı yanındakı Mərkəzi Univermağın birinci mərtəbəsinin bir hissəsini restoran etmişdilər. Həmişə məktəblərdə dərs başlanmağa yaxın-təxminən avqust ayının 15-20-dən sonra uşaq vaxtı valideynlərimiz bizə məktəb paltarı almaq üçün məhz bu Univermağa gətirərdilər. Bu, bir ənənə kimi 1988-ci ilə qədər davam edirdi. Eh, İrəvanın hər addımı bir xatirə idi …
Gecə saat 12-yə 10 dəqiqə qalmış restorandan çıxdıq. Marko Polo ilə mehmanxananın arası təxminən 250-300 metr idi. Gələndə də piyada gəlmişdik, indi də piyada qalxdıq – Daşlı küçə ilə (indiki Abovyan küçəsi).
Yolda orta yaşlı bir qadın bizə yaxınlaşdı və ermənicə “nə olar mənə kömək edin” – dedi. Təhlükəsizlik Komitəsinin nümayəndəsi ona – “buradan get” deyə cavab verdi. Qadın yenə nümayəndə heyətinə yaxınlaşıb yenə – “nə olar, mənə kömək edin” – dedikdə, bu dəfə təhlükəsizlik komitəsinin nümayəndəsi onu rüsvayçı şəkildə söyüb itələdi – bizi rüsvay etmə dedi. Mən rusca soruşdum ki, o nə istəyir? Komitənin nümayəndəsi cavab verdi ki, heç nə, söz soruşurdu.
Hər yerdə, hər an özünü qalib kimi göstərən millət, indi istəmirdi ki, bunların belə vəziyyətini də görək.
Oradan mehmanxanaya gəldik. Artıq təxminən gecə birin yarısı idi. Ürəyim bərk ağrıyırdı. Bloknotda gördüklərim barədə qeydlər etdim.Televizoru açdım ki, görüm nə deyir? Məni maraqlandıran veriliş olmadığını görüb söndürdüm. Onu xüsusi qeyd etmək istərdim ki, ertəsi gün konfrans başlamamışdan əvvəl onların Universitetinin birinci prorektoru mənə dedi ki, deyəsən siz gecə televizora baxırdınız. Təkcə bu söz çox şeyi deyirdi. Yəni onlar mənim erməni dilini bilməyimi də çox gözəl bilir və hər addımımızı da nəzarət altında saxlayır – hətta yatıb-yatmamağımıza qədər.
Təxminən səhər saat altı idi. Yuxudan oyandım. Çarpayının üstündə əyləşib İrəvana baxmağa başladım. Dünənki izahat mənim içimi qurd kimi gəmirirdi. Guya burada azərbaycanlıların heç izi- tozu olmamışdır. Guya bura elə əvvəldən erməni torpağı olmuşdur.
Öz-özümə deyirdim ki, ay Məhəmməd xan, general Sisianovu 1804-cü ildə ona görə məğlub etdin ki, indi ermənilər gəlib burada məskən salsın, yaxud ay Hüseynqulu xan, ay onun qardaşı Həsən xan 1808-ci ildə feldmarşal Qudoviçi məğlub edəndə harada idi indiki tör-töküntülərin babaları? Ay İrəvan xanlığı, rus ordusunun hücumu qarşısında heç bir xanlıq sənin yarın qədər dayana bilmədi.İndi bəs nə oldu? Heç adın da çəkilmir? Guya nə belə bir xanlıq olub, nə də oranı idarə edən xanlar….. Düşdüyümüz Ani mehmanxanası Daşlı küçə (Abovyan küçəsi) ilə Pənah xan bulvarınn yuxarısındakı küçənin (Sayat-Nova küçəsi) kəsiyində yerləşirdi.Bu Daşlı küçənin sonunda İbadulla bəy Muğanlinskinin pansionu olmuşdu ki, dünya şöhrətli cərrah Mustafa bəy Topçubaşov, qardaşı Mehdi bəy, görkəmli alim Əziz Şərif burada təhsil almışlar.
Hüqo yazir ki, gecə ilə gündüzün birləşməsindən onlardan da gözəl olan sübh çağı yaranır.Ancaq belə bir gözəl sübh çağında məni düşündürən başqa şeylər idi. Gözümün qarşısından keçmiş İrəvan keçirdi-tipik müsəlman şəhəri İrəvan.Öz-özümə fikirləşirdim ki, axı Mirzə Qədim İrəvani, Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Heyder Hüseynov, Səid Rustəmov, Həsən Seyidov, Hüseyn Seyidzadə, Bağır Seyidzadə, Mir Yusif Mirbabayev, Mehdixan Erivanski, Əhməd Cəmil, Bəhmən Axundov, Cəfər Xəndan kimi böyük insanlar yetirmiş İrəvan şəhəri necə oldu ki, ermənilərin əlinə keçdi? Hələ nə qədər adını sadalamadığım, Azərbaycanın elmi, ictimai, mədəni həyatında görkəmli rol oynamış və bu gün də oynamaqda olan ziyalıları demirəm. Ermənilər təbliği elə aparırdılar ki, heç burada heç vaxt azərbaycanlılar yaşamayıb. Dərindən düşündükcə, az qalırdı adam havalansın, az qalırdı adamın ürəyi partlasın. Düşündükcə, dəhşətə gəlirdim. Necə oldu ki, bu torpaqları əldən verdik. Eh, içindən göynəyə-göynəyə qalırsan.
Belə ağrılı düşüncələrin altında bir də ayıldım ki, səhər yeməyinin vaxtı çatır. Hazırlaşıb, Məhəmməd müəllim və Valeh müəllimlə birlikdə aşağıya yeməkxanaya düşdük. Saat 10-da konfrans yenidən öz işinə başladı. Noyabr ayının 15-i idi. Bir gün əvvəl Maya xanım – Tbilisi Pedaqoji Universitetinin fransız dili kafedrasının müdiri mənə dedi ki, sabah fransız dili fakültəsi tələbələrinin bizimlə görüşü olacaq. Mən cavab verdim ki, mənə heç nə demiyiblər. Konfransın getdiyi vaxtda da mənə heç nə deyilmədi. Yalnız həmin gün konfrans qurtaranda rektor, prof. S.Zolyan mənə bildirdi ki, tələbələrlə görüş olacaq. Mən getməyi məsləhət bilmədim. Bir də ki, Bakıda məsləhət olunmuşdu ki, hara getsəniz birlikdə gedərsiniz. Yəni hər addımınız üçün diqqətli olun. Nə isə getmədim. Günortadan sonra yenə böyük gəzinti planı var idi. Əvvəlcə Üçkilsəyə (Eçmiadzin) sonra isə Kiçik Vedidə bir abidə vardı (Xorvirab), oraya getməli idik. Nahar fasiləsindən sonra Üçkilsəyə yola düşdük. Yenə yüz dəfələrlə gördüyüm yerlərdən keçirdim. Bələdçi isə yollardan keçdikcə lazım bildiyi yerlər, binalar barəsində izahat verirdi. Köhnə avtovağzaldan keçib, İrəvan Üçkilsə şossesi ilə kilsəyə baş çəkmək üçün yola düzəldik. Ancaq avtovağzaldan təxminən 300-400 metr aralanmışdıq ki, avtobus dayandı. Məlum oldu ki, YUNESKO-nun Ermənistan üzrə koordinatoru gecikibdi, onu gözləmək lazımdır. Bir az əvvəl bələdçi İrəvan qalasının yerini göstərmişdi və onu da söyləmişdi ki, o qalanın bir parçası indi də durur. Biz avtobusdan otağa düşəndə mən bələdçidən bilərəkdən yenidən İrəvan qalasının yerini soruşdum. O, iki uca binanı göstərib, lap onun yanında olduğunu söylədi. Ancaq bu qalanın tikilməsi, yaxud dəfələrlə müdafiəsi barədə heç nə söyləmədi. Yalnız sərf olunanlar, gah qondarma, gah da şişirdilmiş şəkildə söylənilirdi. Mən bələdçidən ayrılıb yerdə o yan – bu yana gedən Məhəmməd müəllimə yaxınlaşdım və İrəvan qalasının yerini ona göstərdim. Mən İrəvanın tarixindən bir neçə kəlmə ona danışandan sonra. “Eh, İrəvanda nə qaldı ki?” dedim. Sonra mən dərddənmi, qəmdənmi, çox kövrəkliklə “İrəvanda xal qalmadı” mahnısını zümzümə etməyə başlayanda Məhəmməd müəllim mənə qoşulub oxumağa başladı. Mən onun belə gözəl səsi olduğunu bilmirdim, birinci dəfə idi görürdüm. Bəlkə həmin anda oxuduğu üçün mənə belə gəlirdi və ya bu zaman onun səsində bir az yanğı var idi, ona görə. Ancaq onu bilirəm ki, bir neçə dəqiqə müddətində biz ən kövrək anlarımızı yaşadıq. “Eh, İrəvanda nə qaldı ki?”. Yanıb-qovrulurdum bu hislərin altında. Mən “İrəvanda xal qalmadı” mahnısını çox eşitmişəm. Ancaq mənə elə gəlir ki, bu mahnı ən yaxşı həmin anda oxunubdu.
Nəhayət, gözlədiyimiz adam gəlib-çıxdı,o, dövlət maşını ilə qabaqda getdi.Avtobus tərpəndi. Cəfərbad kəndinə tərəf çatanda,sürücü avtobusu döndərib lap kəndin qarşısından sürdü.Uzaqdan Zəhmət (Haçaparak-əvvəlki adı) kəndinin məktəbi görünürdü.Bir neçə dəqiqədən sonra artıq Üçmüəzzində (Eçmiadzində) idik. Bura əvvəl bizim rayon idi.Burada az olmamışdım.Ötən günlər gözümün qarşısından keçirdi.Kilsəyə yaxınlaşdıqca,bələdçi yenə “özünəməxsus” izahatını verirdi.Burada yeni tikililər nəzərə çarpırdı.
Həyətdə içmək üçün su tikilisi var idi, susuz olanlar oradan su içirlər.Mən çoxdan doğma yerlərin suyundan ötrü darıxmışdım, havanın soyuq olmasına baxmayaraq su içdim.Bir azdan Tbilisi Pedaqoji Universitetinin fransız dili kafesrasının müdiri Maya xanım dedi ki, burada içməli su var idi (kran) o haradadır.Dedim gəl, bu tərəfdədir.O, su içəndən sonra fransız dilində söhbətə başladıq.Fürsəti fövtə vermək olmaz.Mənim tələbələrlə görüşə getməyimə görə onda müəyyən fikirlər yarana bilərdi.İndi “özünütəsdiq” imkanı düşmüşdü.Mən Maya xanımdan soruşdum ki, nə vaxt müdafiə etmisiniz?Cavab verdi ki,1987-cı ildə.Neçə elmi əsəriniz var? Sualına isə müdafiədən sonra 7 məqalə-deyə bir az da təkəbbürlü halda cavab verdi.O isə məndən soruşduqda ”Bəs sizin?”.Çox sakit cavab verdim: “Mən 200-dən artıq elmi-publisistik məqalənin və 5 kitabın müəllifiyəm.Təkcə bu il 13 məqalə, 2 kitab nəşr olunmuşdur.Sabah üçünçü (yəni altıncı gün-Ə.Z) kitabım nəşr olunacaq.Bu ilki məqalələrimdən biri Moskvada, dördü fransız dilində, digərləri müxtəlif jurnal və qəzetlərdə nəşr olunmuşdur.”
Maya xanım çox heyrətlə: “Bu qədər vaxtı hardan tapırsınız?” deyə soruşduqda. “Bakıda da bu sualı mənə az vermirlər”-dedim. Sözarası onu da xatırlatdım ki, mən həm Azərbaycan Yazıçılar Birliyinin, həm də Jurnalistlər Birliyinin üzvüyəm, həm də “Vətən” mükafatı laureatıyam.
Sonra mən Hüqodan həm fransız dilində, həm də Azərbaycan dilində (öz tərcüməmdən-Ə.Z.) şeirlər söylədim.
Səhər tezdən sübh çağı, kənddə ağaranda dan,
Yola düşəcəyəm bax, bilirəm gözləyirsən.
Meşələrdən keçəcəm, dağlar aşacam inan,
Ta yaşaya bilmirəm, səndən ayrılıqda mən
Elə addımlayıram, dalğın, fikrə gedərək,
Eşitmirəm nə səs-küy, səsi gəlmir bir kəsin
Əllərini qabar-qabar, bel bükülüb qərib, tək
Gündüzün gecə kimi mənə olacaq qəmgin.
Ancaq baxmayacağam mən, axşam sönən şəfəqə
Nə uzaqda tüllərə düşürlər Harflörə
Elə ki gəlib çatdım, əyilib qəbrin üstə
Bürüyəcəm onu mən, təzə-tər çiçəkıərə.
Maya xanım çox diqqətlə qulaq asırdı.Elə bu anda Sartaniya gəlib bizə çatdı.Maya xanım mənim haqqımda ona danışmağa başladı.Söhbət edə-edə gəlib avtobusa mindik və oradan da Kiçik Vediyə yola düşdük(Xorviraba).
Haşiyə.
Hələ Bakıda olarkən fikirləşmişdim ki, kəndimizə gedərəm, evimizə baş çəkib, öz əlimlə çəkdirdiyim sudan içib, bir az da su ilə bərabər torpaqdan götürüb bura gətirərəm.Ancaq yola düşməzdən əvvəl müəyyən adamlarla görüşdükdə, mənə İrəvan şəhərinin yaxınlığında yerləşən (təxminən 10-12 km aralı) doğma Yuxarı Necili kəndinə getmək məsləhət bilinmədi.Ancaq Tanrının yazdığı qismətə heç kim mane ola bilməzmiş…
Üçkilsədən qayıdırdıq.Kimsə soruşdu ki, deyəsən, gəldiyimiz yolla getmirik.Bələdçi dedi ki, bəli, indi ayrı yolla gedirik.Mən isə elə Ağrı dağına baxırdım.Bu sözdən səksənən kimi oldum.Bir azdan Qaraqışlaq kəndinə daxil olanda ürəym az qaldı yerindən çıxsın.AMEA-nın müxbir üzvü M.Salmanovun, şair R.Heydərgilin kəndi. Qaraqışlaq kəndi 1988-ci ildə rayonun ən böyük azərbaycanlı kəndi idi.Yalnız azərbaycanlılardan ibarət olan bu kənd ən mərkəz bir yerdə yerləşirdi.Yəni kəndin tən ortasından ayrılan dörd yoldan biri Zəhmət (AMEA-nın müxbir üzvü S.Əkbərovun, əməkdar rəssam C. Quliyevin kəndi), Göykümbət (ak.M.Topçubaşovun doğulduğu kənd), Cəfərabad kəndlərinə-oradan da İrəvana gedirdi. İkinci yol-yəni həmin yolun əksi Mehmandar, Çobankərə (ak.B.Budaqovun kəndi) kəndlərinə tərəf gedirdi.
Üçüncü yol Üçkilsəyə, dördüncü yol isə Dəmirçi, Şorlu, Zəngilər kəndinə gedirdi.
Hələ Bakıdan yola düşərkən özümlə bir fotoaparat götürmüşdüm. Qaraqışlaq kəndinə çatanda ürəyim az qaldı yerindən çıxsın. Özümlə götürdüyüm fotoaparatı çıxarıb şəkillər çəkməyə başladım. Qaraqışlaq kəndini tərk edib Dəmirçi kəndinə yaxınlaşdıq.Gözüm qaynatamgilin evini axtarırdı.Ancaq dəfələrlə gəldiyim evi tanıya bilmədim. Kəndin mərkəzinə avtobus döndü.Mağaza bağlı idi. Demək olar ki, nə Qaraqışlaqda, nə də Dəmirçidə kəndin mərkəzində adam görünmürdü.Bu kəndin də şəklini çəkdim, əlbəttə, avtobusun sürətli gedişi altında.Zəngi çayının boyunca uzanan bu kənd demək olar ki, iki küçədən ibarət idi.Ancaq çox uzun idi.Kəndin bir ucu Zəhmət kəndi yaxınlığında, digər tərəfi Mehmandar kəndi yaxınlığında qurtarırdı.Kəndin mərkəzi küçəsinə çatanda ilk dəfə həmin yolla Dəmirçi kənt məktəbində dərs deməyə getdiyim gün yadıma düşdü. 1975-ci il sentyabrin əvvəli idi.Mənə xəbər verdilər ki, Dəmirçi məktəbində fransız dili müəllimi lazımdır, sifariş göndəriblər ki o, gənc müəllimə deyin gəlsin.Sözün düzü bu kənddə heç olmamışdım – bizim kəndlə arası cəmi 3-4 km olsa da.
Avdobusla Dəmirçiyə gəlib kəndin mərkəzində düşdüm. Bizim kənddən olan Adil müəllim (onun özü Texnika elimləri namizədi, oğlu Məmmədbagır isə tibb elimləri doktorudur , həm də Moskva azərbaycanlıları cəmiyyətinin sədridir) mağazanın qarşısinda dayanmışdı. O zaman ondan məktəbin harada yerləşdiyini soruşanda o yolu göstərərək sonda olduğunu bildirdi.
İndi Dəmirçi kəndindən keçərkən həmin an gözümün önündən gəlib keçdi.İlk dəfə bu kəndin məktəbinə həmil yolla getmişdim.Dəmirçi kəndinin də şəkillərini çəkdim.Zəngi çayının köprüsünü keçib Zəngilər kəndinə yaxinlaşdıq.Şorlu (el arasında Şöllü deyirləridi) kəndi sol tərəfdə qalırdı.Valeh müəllim fotoaparatı məndən alıb, uzaqdan aydın görünən Ağrı dağının şəklini çəkdi. Zəngilər kəndinə daxil olduq.Zəngilər kəndi… Bizim kənt məktəbinin nə qədər direktoru tədris hissə müdiri, müəllimi bu kənddən olmuşdu.. İbrahim Xəlilov, Səftər Abbasov, Yusif Qocayev, Nəriman Məmmədov, Fətullah Süleymanov, Kərim Sadıqov…
Avdobus bizim kəndə tərəf dönəndə Nəriman müəllimgilin evinə tərəf boylanıb baxdım.Sözün düzü hələ Bakıda ikən fikrimdə tutmuşdum ki, əgər imkan verilsə, bir neçə yerin şəklini çəkəcəm, onlardan biri Nəriman müəllimin evidir.Təkçə mənim müəllim yox, həm də mənim üçün iradə nümunəsi olan bir insanın evi. Bir də bu ev ona görə müqəddəs idi ki, şəhidlik zirvəsinə yüksəlmiş Altay Nəriman oğlu Məmmədov da bu evdə böyümüşdü.Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlilov və tibb elimləri doktoru, professor Maqsud Qasımov (o,uzun illər Respublika xəsdanasının baş həkimi olmuş, Azərbaycan Səhiyyə nazirinin muavini işləmişdir) da bu kəndin yetirməsdir.
…Nə isə avdobus bizim kəndə tərəf dönmədi .Əgər dönsəydi, kəndin mərkəzindən keçib məscidimizi (xatırladım ki, bu yerlərdə dinə inam güclü idi.Hər kəndin öz məscidi, məscidin mollası, kəndin öz qəbirsanlığı var idi) əvvəlki məktəbimizi, mədəniyyət evini, keçmiç sovxoz idarəsini, kənd sovetinin binasını, yeməkxana, bərbərxana, biraz aralıda kənd qəbirstanlığı və bizim evin yerləşdiyi küçənin mərkəzi yolla kəsişdiyi yerdə yerləşən kənd hamamını görmək nəsib olacaqdi. Şair Ələkbər Ziyatay demişkən olmalıydı, olmadı!
Zəngilər kənd mağazası və yeməkxanasının, klubun qarşısından keçəndə (təxminən axşam saat 5 iradələri idi) burda heç kəs yoxidi.Sanki kənddə adam yaşamırdı .Düşündüm ki, Zəngilərin əvvəlki yerli camaatı- Azərbaycanlılar olaydı, mağaza, yeməkxana da bağlı olaydı ?… Yaxud kəndin mərkəzində heç kim olmayaydı.Vaxtı ilə bütün azərbaycanlı kəndlərinin camaatı axşamüstü öz kəndinin mərkəzinə yığışar, şirin söhbətlər edərdi.
Avtobus sürətlə şütüyərək gəlib Zəngilərlə bizim kəndin – Yuxarı Necilinin birləşdiyi yerə çatdı.Kəndləri bir körpü ayırırdı burdada bizim kəndin su anbarı yerləşirdi.O dağılmış vəziyyətdə idi – qapısı da bağlı. Təxminən 70- 80 metr məsafədə atamın əmisi oğlanlarının evləri yerləşirdi .Üç qardaşın Qasımov Adilin ( uzun illər o kəndin baş mühasibi işləmişdi.),Qasımov Abbas (kənd toylarının qarmon çalanı idi), Qasımov Zeynal (kənddə partkom, təlimatçı, briqadir işləmişdir).Zeynalın evinin yanında bizim baba evimiz, baş ocağımız – atamın atasının – Əsgər kişinin evi yerləşirdi.1950 -ci ildə deportasiya zamanı həmin evi çox ucuz, necə deyərlər, su qiymətinə erməniyə satıb Ucar rayonuna köçmüşdür 1980-ci ildə əmim Lətif o evi yenidən həmin ermənidən çox baha qiymətə aldı.Mən bu evləri Məhəmməd müəllimə göstərə -göstərə izahat verir, həm də mümkün qədər şəkillər çəkirdim.
Yolumuza davam edirdik.Artıq yolun sağı da, solu da bizim kəndin torpaqlarıdır.Şair İsa İsmayılzadənin misraları fikrimdən keçir:
Ey atam, ey anam, ey doğma ocaq,
Siz mənə bir ömrü halal eyləyin.
Bu gün gəlməsəm də gələrəm sabah,
Siz mənə bir ömrü halal eyləyin.
Ana, əllərindən uzaq düşmüşəm,
Bəyazlı çöllərdən uzaq düşmüşəm,
Sevimli kəndlərdən uzaq düşmüşəm,
Siz mənə bir ömrü halal eyləyin.
Tale mənə bir də o yerlərlə görüşməyi qismət etmişdi – uşaqlığımın, gəncliyimin, ən gözəl çağlarımın keçdiyi doğma Yuxarı Necili kəndiylə. O kənd ki, 10-dan artıq alim, 8 şəhid, bir Milli Qəhrəmanı – Sahil Məmmədovu yetirmişdir. 13 ildən artıq idi ki, bu yerlərin həsrətilə göynəyirdim. Tez-tez yuxularda görürdüm. Heç nə ilə təsəlli tapa bilmirdim. Bir türk şarkısında deyildiyi kimi:
Ayrı-düşdüm gülşənimdən, elimdən,
Anlayan yox, şimdi bənim dilimdən
Bir təsəlli tapmam dəli könlümdən
O yerləri anar-anar ağlarım.
İndi öz-özümü aldadaraq təsəlli vermək istəyirdim ki, o yerləri yenidən görmək mənə nəsib oldu.
Öz kəndimizdən uzaqlaşıb bibim Leylangilin (Azərbaycan televiziyası və radiosu şirkətinin keçmiş sədri Babək Hüseynoğlunun anası) kəndinə – Aşağı Necili kəndinə yaxınlaşırdıq. Bir çox ziyalılarla yanaşı, bu kənd Ermənistan Ali Sovetinin sədr müavini, Ermənistan Ali Sovetinin deputatı, Amasiya rayonunun birinci katibi, “Sovet Ermənistanı” qəzetinin redaktoru olmuş Məhərrəm Bayramovun vətənidir. Zəngilər, Zəngibasar, Yuxarı Necili və Aşağı Necilini qovuşduran, həm də ayıran dörd yol ayrıcına çatdıq. Ancaq avtobus Aşağı Necili kəndinə dönmədi. Düz yolla Zəngibasara doğru irəlilədi. Təxminən bir kilometr məsafədən bizim küçə, bizim evlər görünürdü. Onu xüsusi xatırladım ki, Qaraqışlaq, Dəmirçi, Zəngilər eləcə də Yuxarı Necilinin yanından keçdikcə yolların kənarını, həyətyanı sahələrin yanlarını kol-kos elə basmışdı ki, bir mərtəbəli evlər güclə görünürdü. Kəndlərin mərkəzində adamın olmaması da belə bir qənaətə gəlməyə əsas verirdi ki, kəndlərdə əhali azdır, yaxud gənclərin çoxu bu yerləri tərk edib, qazanc dalınca müxtəlif yerlərə – ölkələrə, şəhərlərə getmişlər.
Yuxarı Necili ( Nizami) və Aşağı Necili kəndlərini sol və sağ tərəflərdə geridə qoyub Zəngibasara doğru irəliləyirdik. O yolla ki, iki il qarlı-yağışlı, istili-soyuqlu günlərdə Zəngibasar orta məktəbinə oxumağa getmişik.
O zaman – 1967-1969-cu illərdə hava bərk soyuq keçirdi. Qış çox möhkəm olurdu. Evdən çıxandan təxminən 10 metr sonra kipriklər buz bağlayırdı. Qışın sərtliyindən avtobus səhər saat 10-11-dən sonra işləyərdi. Buna görə də evdən havanın zil qaranlığında çıxar, bir az birinci dəmir yolu keçidində isinər, 4-5 km yolu piyada gedərdik. İndi xülyalar altında həmin yolu yenidən gedirdik. Budur, ikinci dəmir yolu xəttini keçib, Zəngibasara daxil oluruq. 2-3 küçə keçdikdən sonra bir az aralıdan 8 illik məktəbdə mənim məktəb direktorum, ədəbiyyat müəllimim olmuş Qadir müəllimimin evi görünürdü. O ev ki, 1988-ci ildə üç dəfə erməni vəhşiləri onu talan ediblər.
Nəhayət, bitirdiyim Zəngibasar orta məktəbinə çatırıq. Məhəmməd müəllimə məktəbin binasını göstərdim. Bu məktəb Azərbaycan elminə nə qədər ziyalı vermişdi?
50-70 metr aralıda məktəbin şəklini çəkirəm. Əgər avtobus İrəvana tərəf dönsəydi məktəbi çox aydın, təxminən 20 metrdən üzbəüz çox aydın çəkmək olardı. Ancaq avtobus nə Yuxarı Neciliyə, nə Aşağı Neciliyə, nə də Zəngibasar məktəbinə tərəf – İrəvana gedən yola dönmədi. Yenə Tecərin şeiri yada düşdü:
Orda, bir yol var uzaqda
O yol, bizim yolumuzdur.
Dönməsək də, varmasaq da
O yol, bizim yolumuzdur.
Bəli, o yol bizim yolumuzdur – tükənib, qurtarmayan yollar. Raykomun binasının, dövlət bankının qarşısından keçib, İrəvan-Qəmərli (Artaşat) yoluna çatdıq və avtobus Qəmərliyə tərəf dönür. Eh, kövrəkliklə Cəbəçəli, Ağ Həmzəli, Xarratlı kəndlərindən və Qəmərlinin özündən keçirik. Bu torpaq Qəşəm Şahbazov, Həsən Seyidov, Bağır Seyidzadə, Hüseyn Seyidzadə, Həqiqət Seyidova, Afiyəddin Cəlilov, Südabə Həsənova kimi görkəmli insanların vətənidir.
Bu da Vedibasar torpağı…. Abasqulu bəy Şadlinskinin, Fərman Kərimzadənin və nə qədər tanınmış ziyalıların vətəni. Axşamüstü, təxminən 6-nın yarısı olmasına, yəni eldə deyildiyi kimi, şər qarışan vaxtı olmasına baxmayaraq hava açıq idi. Dağlar – xüsusilə Ağrı dağı çox aydın görünürdü. Onun üzünü nə duman, nə də çən tutmuşdu – payızın son ayının – noyabrın tən ormasında – on beşində. Rəhmətlik Fərmanın şeiri fikrimdə səslənirdi:
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi
Siz deyin hanı, dağlar.
Hanı o Vedibasarın igidləri, ərənləri? Onların göstərdikləri şücaətlər yazıya alınmış, kitablara çevrilmiş, hələ nə qədər xam materiallar arxivlərdə qalır. Ancaq özlərinin səsi tamamilə bu yerlərdən kəsilmişdir. Dədə-babalarımın, ulu babalarımın əsrlərlə yaşadıqları bu yerlərdən. Avtobus sağa döndü. Xorviraba (Dərin quyu) abidəsinə tərəf. Pilləkənlərlə tikilinin yuxarı hissəsinə tərəf qalxdıq, Türkiyə ilə olan sərhəd məftillərinin təxminən 200-300 metrliyində idik. Yenə də bələdçi inandırıcı olmayan izahata başladı… Eradan əvvəl III əsrdə Hannibal bura hücum edəndə guya I Artaşes bu yerdə hökmdar imiş. Sonra guya bir hökmdarı həmin bu quyuya salırlar. 15 il hökmdarın bacısı ona yemək gətirir, görünən deşikdən (balaca bir deşik göstərirdilər) qardaşına yemək verir və s.
Bələdçi söhbəti qurtaranda, YUNESKO-nun Cənubi Qafqaz respublikaları üzrə koordinatoru A.U.Sannikov dedi ki, inanıb-inanmasan da, hər halda maraqlıdır. Burda bir el misalımız yada düşür: “Gop da olsa, maraqlıdır”. Şər qarışırdı. Ağrı dağı kimi, Türkiyənin sərhəddə olan kəndləri də açıq görünür və axşam verilən azan səsi də aydın eşidilirdi. “Vedinin yanı dağlar”dan ayrılıb yenidən Qəmərli və onun kəndləri, Zəngibasarın yuxarısı ilə İrəvana qayıtdıq. Pənah xan, sonrakı Əzizbəyov meydanından keçərkən (Əzizbəyovun balaca büstü oradan götürülüb, Saxarovun böyük büstü qoyulmuşdu) büstü görüb kimsə soruşdu ki, bu kimin büstüdür? Bələdçi cavab verdi ki, akademik Saxarovun. Yenidən soruşuldu ki, Saxarovun büstü nə üçün? Bələdçi çox quru və fəxrli bir səslə cavab verdi: “Çünki o insan hüquqlarının müdafiəçisidir”.
İnsan hüquqlarının müdafiəsi… O, insan hüquqlarının müdafiəçisi yox, əslində erməni lobbisinin, Bonerin əlində oyuncağa çevrilən bu bədbəxt akademik, erməni riyakar, avantüristlərinin sözlərini Azərbaycanın əleyhinə söyləyən bir “manqurt” idi.
Mehmanxanaya gəlirəm, gördüklərimi isti-isti qeyd edirəm.
Şam yeməyinə dəvət olunuruq – “Krunk” (Durna) restoranına. Orada təklif olunur ki, məclisə Sartaniya tamadalıq etsin. Yanımda əyləşən Tbilisi Pedaqoji Universitinin prorektoru Daniel Çibadze məndən soruşdu ki, sizdə də tamada var? Öz-özümə düşündüm ki, bunlar bizi nə hesab edirlər?
Mən cavab verdim ki, “tamada” təmiz Azərbaycan sözüdür. Yəni “məclisin tam atası”, “süfrənin tam atası, tam sahibi”. Bu izahatımdan sonra, gürcü dostumuz etiraf etdi ki, o “tamada” sözünün indiyə kimi Azərbaycan sözü olduğunu bilməyibdir.
Eh, milli eqoistlik çox həqiqətlərin açıqlanmasına imkan vermir. Bu yerdə, həmin hadisəyə oxşar başqa bir hadisə yada düşür. Bir dəfə böyük Səməd Vurğunun iştirak etdiyi bir məclisdə gürcü şairlərindən biri badəni qaldıraraq deyir ki, bizim ocağın sağlığına “çemi ocaxi” – “bizim ocağımız”. Rəhmətlik Səməd Vurğun deyir ki, “ocaq” bizim sözümüzdür, içək sizin “i” – nin sağlığına.
Göründüyü kimi həyatın qəribə işləri var. Bizim yaratdığımızı özümüzə öz adət-ənənələri kimi tanıtmaq istəyirlər.
Restoranda böyük bəstəkarlarımız Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Tofiq Quliyevin “Möcüzələr adası” filmindən “Pəncərəmə qondu günəş” mahnıları səsləndi. Bu məni o qədər təəccübləndirmədi. Şübhəsiz ki, burada keçirdiyim hisslər də aydındır. Ancaq müğənni Brilliant Dadaşovanın oxuduğu “Sən, sən, sən məndən başqasını sevə bilməyəcəksən” mahnısını çalanda mən təəccübləndim. Yəni bu mahnını qatı şovinistlər belə tez mənimsəyiblər? Bu mahnıların altında gürcülər erməni qızlarıyla rəqs edirdilər.
“Krunk” rektoranını şübhəsiz ki, Qarabağ hadisələrini törədən təşkilatın adıyla yaratmışdılar.Mən həmin məclisdə söz alıb üzümü Linqvistik Universitetinin rektoruna tutub dedim; ’’Cənab S.Zolyan! Siz Bakıya bir nəfər gəlmişdiniz.Biz iki nəfər gəlmişik.Siz iki gəlsəydiniz, biz dörd nəfər gələcəkdik.Biz borclu qalmağı sevmirik”.
Ancaq ağlıma belə gəlməzdi ki, bu sözlərin reaksiyası başqa cür olacaq.Bir qədər sonra….Təxminən gecə saat 1-ə 15-20 dəqiqə işləmiş restorandan çıxdıq.Məhəmməd müəllimin ürəyi ağrıyırdı.Mən onun qolundan yapışdım və Gedərçay çayının boyunca söhbət edə-edə gəlməyə başladıq.Restoranla mehmanxananın arası təxminən 700-800 metr idi.
Mən Məhəmməd müəllimə bildiyim səviyyədə yol boyu məlumat verməyə başladım.Dedim ki, Məhəmməd müəllim, Gedərçay məhəlləsi İrəvanın ən köhnə məhəllələrindən biridir.Camaatı da yalnız azərbaycanlılardan ibarət olubdur.Mənim Matan nənəm-atamın anası İrəvandan idi.Şəhər qızıydı, özü də bu Gədərçay məhəlləsindən idi.Əfşan, Leylan, Matan, Gülsüm, Leyli adları İrəvanda çox yayılan adlar idi.Məhəmməd müəllimə onu da danışdım ki, böyük şərqşünaş alim Mirzə Hüseyin ağa da Gedərçay məhəlləsindən idi. Erməni millətçiləri onu 1938-ci il martın 4-dən 5-nə keçən gecə evdən aparmışdılar. Bütün İrəvan əhli bu işıqlı ziyalı ilə fəxr edir, onun hörmətini saxlayırdı. Hüseyn Cavid, Bəkir Çobanzadə kimi güclü şəxsiyyətlər onunla hesablaşır, məktublaşırdılar. Hətta H.Cavid əsərlərini Mirzə Hüseyn Ağaya göndərər və onun fikrini öyrənərdi. Danışa-danışa alovlanırdım, qovrulurdum. Dedim ki, Məhəmməd müəllim, zamanın gərdişinə bax, İrəvan azərbaycanlıların ən əski yaşayış məskənlərindən olsun, azərbaycanlılar bu ərazini idarə etsin, mərdliklə, şücaətlə bu torpağı düşməndən müdafiə etsin, müşdəbeh düşməni (Sisianovu, Qudoviçi) rüsvayçı surətdə məğlub etsin, indi bu yerlərdə bir nəfər də olsun azərbaycanlı qalmasın. Dərdə bax!
Nümayəndə heyətinin hamısı getmiş, gözdən itmişdi. Yalnız Məhəmməd müəllim və mən, bir də bizdən 7-8 metr aralıda gedən təhlükəsizlik komitəsinin nümayəndəsi gedirdi.
Mehmanxanaya gedən yola çatdıq. İrəvanın keçmişini xatırlaya-xatırlaya, kövrək söhbətlərin altında bu yola nə zaman gəlib çatmağımızdan xəbərimiz də olmamışdı. Mehmanxanaya gedən yola dönmək istəyəndə Məhəmməd müəllim ayaq saxlayıb mənə dedi: “Professor, mənim yerimə kim olsaydı gəlməzdi, ancaq mən gəldim”. Mən yarı ciddi, yarı zarafat dedim: “Məgər siz gəlibsiniz?” Məhəmməd müəllim duruxdu.Sonra dedim ki, “Məhəmməd müəllim, siz gəlməyibsiniz, içinizdəki qeyrət sizi bura gətiribdir”. Qəh-qəhəylə gülüb- o da düzdür-, professor-dedi.
Bu zaman təhlükəsizlik komitəsinin nümayəndəsi Məhəmməd müəllimə dedi ki, ürəyiniz çox ağrıyırsa, həkim çağırım? Məhəmməd müəllim çox tutarlı bir cavab verdi:”Qorxmayın, mən sizi rüsvay etməyəcəyəm”.Bu yerdə dahi Səməd Vurğunun 1955-ci ildə Vyetnama gedərkən yolda xəstələnib Pekin xəstəxanasında yazdığı misralar yada düşür:
-Vaxtsız əcəl, məndən uzaq dayan, dur
Qürbət eldə can vermərəm ölümə.
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə
Qürbət eldə can vermərəm ölümə.
İrəvan bizim üçün hələlik qürbətdir. O,bizim doğma şəhərimizdir. Mehmanxanaya gəldik. Hər kəs öz otağına getdi. 5 dəqiqə sonra Məhəmməd müəllimə zəng etdim ki, soruşum “ürəyi yenə ağrayır?” Cavab verdi ki, yaxşıyam, artıq ağrı kəsib və onu da əlavə etdi ki, diqqətinə görə çox sağ ol, əziz qardaşım! Dəyməz deyib, yenə bir neçə qeyd etməyə başladım. Konfransın 3-cü günü Məhəmməd müəllim iclasa çox gözəl yığcam sədrlik etdi. Konfrasdan sonra bizi Paracanovun ev muzeyinə apardılar. Muzeyin direktoru rəssamın əsərlərinin izahına başlamamışdan əvvəl, söylədi ki, Paracanov Tiflisdə anadan olmuşdur. Və bundan sonra onun bir ifadəsi çox güclü etiraza səbəb oldu: “Tbilisi o zaman Tbilisi idi ki, orada ermənilər yaşayırdı. İndi erməniləri Tbilisdən qovurlar.” Gürcülər bomba kimi partladılar. “Onu kim deyir?” O isə elə də xam adam deyildi, tez cavab verdi ki, guya gürcülərin özləri belə deyir. Nə isə açılışdan belə bir “partlayış” başladı. Bu söhbət mənə 1984-cü ildə Sərdarabadda təsadüf etdiyim bir hadisəni xatırlatdı…. Bəli, gürcülər dedi ki, belə hadisə yoxdur, yalan sözdür.
Muzeydən sonra yaxınlıqdakı “Ocaq” restoranına gəldik. Artıq burada verilən ziyafətdən sonra bir başa qatar vağzalına gəlməli idik. Ancaq ziyafətdəki bir-iki məqamın üzərində dayanmaq lazım gəlir. Məclisdə İrəvan Linqvistik Universitetinin rektoru bağlanışı aparırdı. Bir-iki “tostdan” sonra birdən o gözlənilmədən mənim bir gün əvvəl dediyim sözlərin üzərinə qayıtdı və əvvəlcə ünvanı səhv saldı: “dünən cənab Məhəmməd müəllim dedi ki, siz bir nəfər gəlmişdiniz, biz iki gəlmişik.” Məhəmməd müəllim yerindən dedi ki, onu mən deməmişəm, onu bizim fransız dili kafedrasının müdiri Əsgər Zeynalov dedi. Rektor üzr istədi və sözünə davam edərək söylədi: “Bəli, cənab Zeynalov dedi ki, siz bir nəfər gəlmişdiniz, biz iki nəfər gəlmişik, siz iki gəlsəydiniz, biz dörd gələcəkdik. Biz borclu qalmağı sevmirik.” Və bu fikirlərin üstündə gəzişməyə başladı. Sözünün mənasından belə çıxırdı ki, yəni onlar Qarabağı işğal ediblərsə, biz İrəvana qədər gələcəyik.
Bu ifadəni tanrı mənə dedirtmişdi.Mənim istəyimi, arzularımı bildirən bu söz özümün xəbərin olmadan ağlıma gəlmiş, dilimə süzülmüşdü. Dil sözün düzünü deyər, deyiblər. Qəlbimizdə kök salmış bu inam, görünür tezliklə həqiqətə çevriləcəkdir.
Rektorun mənim sözlərimi dönüb-dönüb təkrarladığını və həmin sözlərin üzərində dayandığını görən Gürcüstan Təhsil Nazirinin müavini Tamaz Tatiaşvili üzünü mənə tutub: “Avtor tosta, qospodin Asker Zeynalov”-dedi. Bundan sonra həmin söhbət də qurtardı. Bəzən gürcü nümayəndə heyəti elə çıxış edirdi ki, baş aça bilmirdin, siyasi savadsızlıqdır, yoxsa… Fikri əsaslandırmaq üçün bir məqama toxunmaq istəyirəm:
Məclisin birində Tbilisi Pedaqoji Universitetinin rektoru V.Sartaniya “Böyük Ermənistanın” sağlığına badə qaldırdı.Aydındır ki, bizim badəmiz yerində də qalmalıydı. Doğrusu, mən çox təəccübləndim. Onların tərtib etdiyi xəritəni mən hələ 1985-ci ildə İrəvandan mərhum professor Mirəli Siyedova gətirmişdim. “Böyük Ermənistan” xəritəsini, 1988-ci il noyabr hadisələri zamanı M.Seyidov indiki Azadlıq meydanında çıxış edərkən həmin xəritəni göstərib deyirdi ki, ermənilər bizim torpaqların hesabına “Böyük Ermənistan” yaratmaq istəyirlər. Haşiyə: 1985-ci ildə “Böyük Ermənistan” xəritəsini Mirəli müəllimə yenicə gətirmişdim ki, bu zaman Gürcüstandan bir nəfər alim M.Seyidovun yanına gəldi. Mirəli müəllim üzünü ona tutub dedi: “Görürsənmi bizim erməni “dostlarımız” nə ediblər? Xəritə tərtib ediblər ki, guya Qara dənizdən Xəzər dənizinə qədər Ermənistan ərazisi olub”.
Sartaniya “Böyük Ermənistan” adına badə qaldırarkən düşündüm ki, görəsən bu böyüklükdə professorun, rektorun bu xəritədən, “bədxah qonşularımızın xülyalarından, iddialarından xəbəri yoxdur”. Həmin xəritədə Gürcüstan, Azərbaycan, indiki qondarma Ermənistan, Türkiyənin böyük bir hissəsi bu əraziyə daxil olurdu.
Əlbəttə, Sartaniyanın belə çıxışı, bədxah qonşuların ürəyindən idi. “Ocaq” restoranında Tbilisi Pedaqoji Universitetinin erməni dili kafedrasının müdiri Ema Axtyan Çarensin “Vətən” şeirini əzbər söylədi. Şeir söyləndikcə, onların nazir müavini (səhv etmirəmsə, Ermənistanın İdman Nazirinin müavini idi). Çarensin böyük şair olduğunu Sannikova söyləyirdi. Yəni fürsəti fövtə vermək onlar üçün “dəhşətli bir iş” olardı.
Qadın şeiri deyib qurtaran kimi əl vurmağa başladılar. Bu anda Məhəmməd müəllim heç bir icazə almadan yerindən dik qalxıb böyük Səməd Vurğunun “Azərbaycan” şeirindən bir məşhur bənd Azərbaycan dilində həyəcanlı, titrək səslə yumruğunu sıxıb ucadan söylədi.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam,məskənimsən,
Anam doğma Vətənimsən.
Mən gözlədim ki, indi deyəcək “Ayrılarmı könül candan” və “Azərbaycan!Azərbaycan!” sözlərini isə birlikdə deyək. Ancaq o, “Anam doğma Vətənimsən, Azərbaycan, Azərbaycan” deyib bəndi qurtardı. Yenə hamı əl vurdu. Sonra Məhəmməd müəllimə dedim ki, mən gözləyirdim sən “Ayrılarmı könül candan” misrasını deyəndən sonra, “Azərbaycan!Azərbaycan” sözlərini birlikdə deyək. Ancaq sən həmin misranı demədin deyə, mən də çaş-baş qaldım. Cavab verdi ki, elə həyəcanlıydım həmin misranı unutdum. Sonra əlavə etdim ki, Məhəmməd müəllim, heyf ki, mənə ermənicə danışmağı məsləhət bilmədilər, yoxsa qurtaran kimi mən həmin bəndi ermənicə deyərdim. O dedi ki, bu bəndi erməni dilində orada söyləsəydin, lap əla olardı. İnandırıcı olsun deyə, mən həmin bəndi ermənicə Məhəmməd müəllimə söylədim.
Məclisin sonunda həm rektor S.Zolyan, həm də YUNESKO-nun Ermənistan üzrə koordinatoru Vartuhi Azərbaycan nümayəndə heyətinə xüsusi minnətdarlıqlarını bildirdilər. Ayrıca vurğuladılar ki, belə bir çətin şəraitdə, belə bir mürəkkəb vəziyyətdə əgər onlar gələ biliblərsə, bu, böyük cəsarət tələb edir.
Onlar bu sözlərlə bir daha təsdiq edirdilər ki, Azərbaycan nümayəndə heyətinin gəlməyinə gümanları yox idi. Ancaq biz getdik, layiqincə, lazımınca sözümüzü də dedik. Nəhayət, məclis qurtardı, biz oradan birbaşa vağzala yola düzəldik. İrəvana çatan günü hava nə qədər günəşli idi, Ağrı dağının qarşısı açılmış, dağ öz əzəmətilə çox aydın görünürdü. Şəhərin-qədim İrəvanın elə bil üzü gülürdü. Sanki özlərinin əsl sakinlərini gördükləri üçün Ağrı dağı da, İrəvan da, Alagöz dağı da sevinirdi.
Ancaq qayıdanda nə Ağrı dağı, nə də onun əks tərəfində olan Alagöz dağı görünürdü. Üzərini duman, çən örtmüşdü. Sanki heç biri öz yerli sakinini buraxmaq istəmirdi. Sanki öz sakinini qoynunda saxlamaq istəyirdi, ancaq bacarmadığı üçün pərt olmuşdu. Bəlkə özü də yalqızlaşır. Qədim İrəvan da bərk tutulmuşdu.
Nə isə, xeyli vaxtdan sonra, nəhayət, qatar yola düşdü. Vaqonun pəncərəsinin qarşısında dayanmışdım. Yenidən Zəngibasara baxıram pəncərədən. Əks tərəf pəncərəyə dönürəm. Uzaqdan görünən kəndimizə qovrula-qovrula baxıram. Daha doğrusu işıqları görünən kəndimizə.
Orada bir kənd var uzaqda
O kənd, bizim kəndimizdir.
Bəli, o kənd bizim kəndimizdir. Kimsəsizləşən kənd doğma, qoynunda böyüyüb, pərvazlandığım Necili-Nizami kəndi. Zənginbasarın yanında olan vağzalda qatar dayanır. Bir neçə dəqiqədən sonra qatar tərpənir, Sarvanlar kəndinin torpağına daxil oluruq. Pəncərədən Sarvanlar kəndinə baxıram. Bu kənddə onların uşaqları ilə nə qədər futbol oynamışıq. 1967-1969-cu illərdə Sarvanlar kəndinin uşaqları ilə birlikdə Zəngibasarda orta məktəbdə oxumuşuq. Bura hind filmlərinə baxmağa gəlmişik. Pəncərədən Sarvanlar kəndinə baxıram. 70-ci illərin axırlarından orada çox böyük evlər tikildi. İndi pəncərədən baxanda, havanın qatı qaranlıq olduğu bir vaxtda, bilmirəm işıqların közərdiyindənmi, nədənsə, elə bil balaca daxmalardan işartı gəlirdi. Əks tərəfdən vaqonun pəncərəsindən baxıram: uzaqda Zəngilər, yenidən Yuxarı Necili və nisbətən yaxında olan Aşağı Necilinin şölələnən işıqları onların bir daha doğma ocaqlar olduqlarını xatırladır. Hara gedir bu qatar? O qatarı dayandırıb, yenidən o yerlərə gecənin bu romantik çağında, doyunca, doyunca baxmaq istəyirəm. Nə bunu etmək mümkündür, nə də o yerlərə qayıtmaq. Hələlik qayıtmaq mümkün deyildir. Yalnız o yerlərə baxdıqca, ötən günlər, xatirələr yadıma düşürdü. Nə hislər keçirdiyimi söyləmək mənim imkanımdan çox-çox uzaqdır. Məhəmməd müəllim də, Valeh müəllim də bir həqiqəti dönə-dönə, səmimiyyətlə söyləyirdilər:”Əsgər müəllim, sənin keçirdiyin hissləri biz keçirə bilmərik”. Bu səmimi etiraf idi.
Gözüm görə-görə kəndim tək qalır.
Lal sükut altında, ömrümün ən yaxşı çağlarını keçirdiyim günləri xatırlaya-xatırlaya, kövrək hislərlə o yerlərdən ayrılırdım. Bir türk mahnısı yadıma düşürdü:
Ay mənim bol salxımlı bağlarım.
Uca-uca başı qarlı dağlarım
Səndə keçdi mənim gözəl çağlarım
O yerləri anar-anar ağlarım.
Ayrı düşdüm gülşənimdən elimdən
Anlayan yox şimdi bənim dilimdən
Bir təsəlli tapım dəli könlümdən
O yerləri anar-anar ağlarım.
O kəndlər gözdən itəndən xeyli sonra kupeyə qayıtdım. Bu üç gündəki hadisələr gözümün qarşısından keçirdi. Bunları fikirləşə-fikirləşə nə zaman yuxuya getdiyimi heç özüm də bilmədim. Əvvəldən məsləhətləşmişdik ki, Bakıya getmək üçün Borçalıda düşək, Tbilisi ilə bir sutka da gecikirik. Səhər üzü qatar bələdçisi bizi oyatdı. Bizimlə görüşmək üçün bütün Gürcüstan nümayəndə heyəti oyanmışdı. Hamısı gəlib bir-bir bizimlə görüşdü. Valeh Hacıyev isə bizimlə düşdü. Biz maşın tutub oradan Qazaxa və Ağstafaya gəldik. Ağstafadan isə marşrut avtobusu ilə Bakıya yola düzəldik. Məhəmməd müəllim artıq Ağstafadan çıxanda yol boyu Universitetimizin prorektorları Natiq müəllimə, Zeydulla müəllimə, rektorun müşaviri Səməd Həsənova, öz evlərinə, bizim evə əl telefonu ilə zəng edib gəldiyimizi xəbər verirdi. Çünki o, onların narahatlığını çox gözəl bilirdi. Ancaq biz gedib-gələnə kimi narahatçılığın nə dərəcədə olduğunu bəlkə o qədər də hiss etmirdik. Axı gedəndə, narahatlıq da büruzə verilmirdi, daxildə saxlayırdılar.
Narahatlıqla bağlı bir məsələni də xatırlatmaq lazım gəlir. İrəvan vağzalında üç gün bizi müşayiət edən İrəvan təhlükəsizlik komitəsinin nümayəndələri bizdən ayrılarkən bir nəfəri bizə təqdim etdi və söylədilər ki, işdir, yolda bir problem ortaya çıxsa, bir narahatçılıq olsa, qatarın bələdçisinə deyin, o da bu oğlanı xəbərdar edər. Gürcüstanın sərhədinə qədər bu oğlan sizi müşayiət edəcək.
Bu yolu gələnlər onsuz da onun “narahat”, daha dəqiqi təhlükəli olduğunu çox gözəl bilirlər.
Biz İrəvanda olarkən nə qədər qohum-tanış orda olduğumuzu eşidib evə zəng edib, öz narahatlıqlarını bildirmişdilər. Öz-özümə düşünürdüm: “Mən getməyim, sən getmə. Bəs kim getməlidir? Getmək lazımdır. Özü də mütləq.”
İrəvandan qayıtdandan sonra qohum-tanışlar mənimlə görüşməyə gəlmişdilər. Bir səbəb gözaydınlığı münasibətilədirsə, ikinci səbəb bu görüşlə sanki məndən yerlərin ab-havasını alırdılar. Oradan su gətirmişdim, 1 litr yarım. Hər gələn bir az içirdi. Mən söhbət etdikcə, onlar özlərini o yerlərdə hiss edirdilər. Bakıda haradasa o camaatla görüşdükdə – yoldamı, məclisdəmi, hamı o yerləri, kəndləri, kəndlərdə, İrəvanda olan dəyişiklikləri soruşurdu. Hamının gözündə olan həsrət – Vətən həsrəti çox aydın görünürdü.
Qəlbimizdə bir həsrət, bir inam var. Bu Vətən həsrətidir. Gec-tez biz o yerlərə qayıdacağıq!
Haşiyə: İrəvandan qayıdandan sonra təxminən bir aydan artıq vaxt keçirdi. Bir gün işdən qayıdanda böyük qızım Səbinə dedi ki, su bir neçə gün qalandan sonra başqa dad verir. Mən bu gün bacımla İrəvandan gətirdiyin sudan içdik, elə əvvəlki kimi idi. “Bu Vətən suyudur, bala. Vətən suyu” – dedim.
Bakı da, Naxçıvan da, İrəvan da
qədim Azərbaycan torpaqlarıdır.
M.Ə.Rəsulzadə.
1760-cı illər… Bir səhər yuxudan oyanan camaat şəhərdə qəribə bir mənzərənin şahidi oldu: şəhərin mərkəzindən daş karxanasına qədər uzanan yolun bir tərəfinə yonca, digər tərəfinə arpa tökülmüşdü. Ulaqlar yoncanı yeyə-yeyə gedir, karxanadan isə arpa yeyə-yeyə daşla yüklənmiş halda geri qayıdırdılar.
Ulaqlar inciməsin deyə, qamçıları parçadan düzəldilmişdi.
Bu, Hüseynəli xanın tədbiri idi. Onun ürəyiyumşaqlığı, səxavəti hamıya bəlli idi. Bu, həmin Hüseynəli xan idi ki, bayram günləri İrəvandakı təpənin başına çıxıb, əlini alnına qoyub baxar, hansı evdən tüstü çıxmırdısa, nökəri çağırıb deyərdi: “Nökər, apar bu düyünü, kişmişi, yağı filan evə ver, qoy onun da bacası tüstülənsin”. Onun bu sözü artıq zərb-məsələ çevrilmişdi: “Yalnız qışda içdiyim su canıma sinir, çünki hamı eyni sudan içir.”
Hüseynəli xan hakimiyyətə keçəndə İrəvan xanlığı təqribən 160 il idi ki, mövcud idi.
Hüseynəli xan dönüb keçmişə baxır. İrəvan xanlığının geridə qoyduğu illərə…. O illərə ki, onun ata-babası xanlıq etmişdi. Onun ulu nəslindən elə bir gözə dəyən iz, nişanə qalmamışdı ki, tarix onları yaşatsın. O adını tarixdə əbədiləşdirmək üçün xəzinənin ağzını gen-bol açıb, İrəvanda Göy məscidi tikdirmək qərarına gəldi. Hüseynəli xan şairlər və sənətkarlar vətəni Təbrizdən ustalar çağırdı. Çünki, Qahirənin, Bağdadın, Dehlinin, Şamın, Heratın, İstanbulun, bir sözlə Şərqin elə bir güclü memarlıq abidəsi yox idi ki, Təbrizli ustaların “əl izi” orada görünməsin. Hətta başı bəlalı Təbrizə hücum edən istilaçılar da ilk növbədə onun sənətkarlarını öz ölkələrinə aparırdılar. Hüseynəli xanın da Təbrizdən ustalar dəvət etməsi təsadüfi deyildi.
Ustalar məscidin bünövrəsinə çox vaxt sərf etdilər. Və bir gün şəhərə xəbər yayıldı ki, ustalar gecə ikən qaçıblar.
Hüseynəli xan qaldı çarəsiz. Bilmədi necə eləsin? Başqa ustalar çağırdı. Gələnlər himin quruluşundan baş aça bilmədilər. Başqa bir dəstə gəldi. Onlar da hakəza. Hüseynəli xan lap ümidsizləşdi. … birdən gözlənilməz hadisə baş verdi. Təbrizli sənətkarlar yenidən peyda olurlar. Hüseynəli xan əsəbi halda: “harada idiniz bu vaxta qədər?”-deyə soruşduqda ustalar cavab verdi:
-Xan, him yaxşı otursun deyə bir il gözləmək lazım idi. Bilirdik ki, bu müddətə səbriniz çatmayacaq. Ona görə də gizlincə qaçdıq. İndi vaxt tamam olub, gəlmişik. Hüseynəli xan daha bir söz demədi. 1965-ci ildə Təbrizdə tikilmiş Göy məsciddən təxminən 3 əsr sonra İrəvanda da Göy məscid ucaldı.
Burada göy rəngdən geniş istifadə olunduğu üçün məhz Göy məscid adlandırılmışdı. Məscidin dörd minarəsi vardı. Gözəlliyinə də söz ola bilməzdi.
Tarixçi İ.Məmmədov qeyd edir ki, Hüseynəli xanın oğlu Göy məscidin güzgülü salonunu tikdirdi və məşhur rəssam Mirzə Qədim İrəvani məscidə bir sıra xanların şəklini nəqş etdi. Məscidin həyətində hovuz var idi. 1-1,5 metr hündürlükdə olan fəvvarələr hovuzun yaraşığını artırırdı. Nəziri olanlar qəndi gətirib hovuza tökərdi, camaat da şərbət kimi ondan istifadə edərdi.
Dövrün ziyalıları daha Göy məscidə yığışardılar. XX əsrin 30-cu illərinə qədər İrəvanda Mirzə Hüseyn Ağa adlı bir alim yaşayırdı. O, həmişə Göy məsciddə əyləşərdi. Əsrin əvvəllərində onu Qazan və Peterburq universitetlərinin şərq fakültəsinə dəvət etmişlər. Ancaq nədənsə o, bu təklifi qəbul etməmişdi. Ən güclü dilçilər belə ərəb dilinin incəliklərini öyrənmək üçün Mirzə Hüseyn Cavid, Əli Nazim tez-tez onun qonağı olardı. Hətta Türkiyədən, İrandan da onun yanına gələrdilər.
Hazırda İrəvan məscidinin yalnız gümbəzi və 8-10 hücrəsi durur. Minarələri uçurulmuş bu qiymətli yadigar İrəvan tarix muzeyinə çevrilmişdi. İrəvanda ümumiyyətlə, Ermənistanda azərbaycanlıların yaratdıqları tarixi abidələri Azərbaycan memarlığından kənarda təsəvvür etmək mümkün deyil. Buna görə də, onların şəkillərini toplayıb xalqa tanıtmaq hamımızın mənəvi borcudur. Təəssüflər olsun ki, öz əzəməti və arxitekturasına görə Şərq məscidlərindən heç də geridə qalmayan İrəvandakı Göy məscid Azərbaycan Sovet Ensiklopediyasına da düşməmişdir.
QEYD:Şuşanın azad olunmasının sevincini yaşamaq xalqımıza nəsib oldu.Murovdağa, Ağdərəyə getdiyimiz yoldaşlarla Şuşanı ziyarət etmək arzusu gerçəkləşdi.İnşallah növbəti səfərimiz gözü yolda qalan İrəvanadır.Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi : “…Zəngəzur, Göyçə, İrəvana qayıdacağıq.”