Altay Məmmədov 1964-cü ildə Uluxanlının Zəngilər kəndində ən hörmətli, savadlı ziyalılardan sayılan Nəriman müəllimin (o, baş müəllimdir) ailəsində dünyaya göz açmışdı. Atası oğluna, xatirini çox istədiyi, Gəncə Pedaqoji İnstitutunda ona dərs demiş sevimli müəllimi, yazıçı Altay Məmmədovım adını qoymuşdu…
1988-ci ildə onların da taleyində qaçqınlıq yazıldı, dədə-baba yurdlarını tərk etməli oldular. Bakının Əhmədli qəsəbəsində məskunlaşmışdılar. Altay H.Z.Tağıyev adına toxuculuq fabrikində işə düzəldi. Ancaq ermənilərin azğınlığı onu həmişə narahat edirdi… Bir neçə ay əvvəl Mingəçevirdə yaşayan qohumu Rüfət Abbasov ilə gedərkən, ona demişdi: “Cəbhəyə getmək istəyirəm”.
1993-cü ilin yanvarında Ağdərə uğrunda qızğın döyüşlər getdiyi bir vaxtda Altay könüllü olaraq döyüşə yollanır. Bəli, bu onun çoxdankı arzusu idi.
Altayın təxminən 20 günlük döyüş yolunun əvvəli də, sonu da Ağdərədə olur. Həmkəndlisi Fərman Dadaşov deyir ki, biz Ağdərədə yoldan keçərkən Altay postda durmuşdu.
Bu qeyrətli oğul 20 gün Ağdərədə qızğın döyüşlərdə iştirak etdi. О anlarda ki, həm torpaq, həm də oğul itkilərimiz olurdu. Fevralın əvvəllərində son döyüşlərini keçirən Altay da qəfildən düşmən gülləsinə tuş oldu… O, ölmədi, əbədiyyətə qoşuldu! Cənazəsi isə Müqəddəs Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
1988-ci il Qarabağ hadisələri başlayandan Nəriman müəllim ağır itkilərə məruz qaldı; ev, gəlin, qardaş, oğul. İndi isə Şəhid ucalığı ilə zirvələrənən 2-ci oğul. Oğlunun şəhidliyindən bir neçə gün sonra Nəriman müəllim cərrahiyyə stolunun üstünə çıxmalı olur. Həkim soruşur: “Nəriman müəllim, qorxursunuz?” Nəriman isə məğrurluqla: “Həkim bu mənim üçün adi bir hadisədir”. Böyük Sabirin misrası sanki Nəriman üçün deyilib: “Bənzərəm bir qocaman dağa ki, dəryada durar”.
Bu günlərdə Nəriman müəllimlə görüşdük. Səhhəti yaxşılaşmaq-dadır. Söhbət oğlundan düşəndə dedi ki, hərbi komissarlıqdan heç kəs görünməyib, ancaq iş yoldaşları dəfələrlə baş çəkib.
Əziz Nəriman müəllim! Tanrı səbrinizi versin. Yarımçıq qalmış igid ömrünün davamını sizin ömrünüzə calasın. Siz ağsaqqalımızsınız. Siz о Nəriman müəllimsiniz ki, kənddə ermənilər evinizə hücum edəndə, bir balta ilə yüz nəfərin qarşısına çıxdınız. Belə ailədə böyümüş vətənpərvər Altayın şəhidliyi isə təbiidir. Allah ona rəhmət eləsin!
Altaydan-Altaya
İrəvana lap yaxın olan – daha doğrusu İrəvanla Türkiyə arasında yerləşən Zəngibasar ərazisində 40-dan artıq azərbaycanlı kəndi vardı. Bir neçə müəllifin şərikli yazdığı “Ermənistan azərbaycanlılarının tarixi coğrafıyası” kitabında həmin kəndlərin adları – həm əvvəlki adları, həm də sonradan dəyişdirilmiş adları verilməklə aşağıdakı şəkildə edilmişdir: Ağhəmzəli (Marmaraşen), Ağjaqışlaq (Gedaniya), Arabat, Aşağı Necili (Sayat Nova), Aşağı Qulubəyli, Böyük Çobankərə, Qaraqışlaq (Dostluq), Qulujan, Dəmirçi, Şorlu, Kiçik Dəmirçi, Zəngilər (Donuzyeyon), Zəhmət (Xaçaparaq), Yengicə (Norabats), Yuxarı Necili (Nizami), Yuxarı Qulubəyli, Yuxarı Çarbax (Çaharbağ), Göy Künbət (Geganist), Mehmandar (Şorlu Mehşmandar, Hovtpaşad), Rəhimabad, Rənjbər (Şorlu-Kolanlı), Sarıjalaq, Seyidkənd, Sarvanlar (Ulya Sarvanlar), Uluxanlı, Xaraba Kolanlı, Şoıkənd, Rəncbər, Xaraba Sarvanlar (Nor Qoxb), Xarratlı (Arevbuyr), Hajı Elbz (darakert), Həbilkənd (Kalinino qəsəbəsi), Həsənli (Mirzə Hüseyn), Cəbəçili (Crahovid), Cəfərabad (Aıqavand), Şorlu-Dəmirçi (Daştavan).
Zəngibasar bölgəsində ən iri kəndlərdən biri Zəngi çayının sol, Qarasu çayının sağ sahilində yerləşən Zəngilər kəndi idi.
Kənd Yuxarı Necili, Aşağı Necili, Sarvanlar, Dəmirçi, Şorlu kəndlərinin əhatəsində yerləşirdi. Kəndin bir tərəfdən görünən Ağrı dağı, digər tərəfdən ajalan Alagöz dağları göz oxşayırdı.
Zəngilər kəndi haqqında “Erməni sovet ensiklopediyasının 3-cü cildinin 657-ci səhifəsində oxuyuruq: Zəngilər (1935-ci ilə qədər Donuzən adlanmışdır)”. Ermənistan SSR Masis rayonunda kənd, Hrazdan (Zəngi – Ə.Z.) çayının sol sahilində yerləşir, rayon mərkəzindən 4 km. aralıdır: 1712-ci ildə əsası qoyulmuşdur.
Yeri gəlmişkən burada diqqəti bir məsələyə yönəltmək lazım gəlir. Ermənilər bütün dünyada onların yaşadıqları kənd adlarını öz ensiklopediyalarında vermişlər. Bəllidir ki, keçmiş İttifaqın tərkibində olan respublikalar xüsusi süzgəcdən keçirilmişdir. Bu kəndlərdən danışarkən “ermənilər”in bu yerlərin əsas əhalisi olması və ya qarışıq yaşaması da ayrıca qeyd olunur. Məsələn, Erməni sovet ensiklopediyasının I cildinin 95-ci səhifəsində Azərbaycanın Ordubad rayonundakı Aza kəndi, Xanlar rayonundakı Azad kəndi, Gürcüstanın Axalkələk rayonundakı Azavret kəndi, Abxaziyanın Qulripşi rayonunun Azınta, Türkiyənin Qars vilayətinin Azad kəndi bu şəkildə təqdim olunmuşdur.
Ancaq ermənilərin “bu möhtəşəm” kitabında Qərbi Azərbaycanın (sonrakı qondarma Ermənistanın) Zəngibasar rayonunun (sonrakı Masis rayonu) Dəmirçi kəndi (səh. 347, III c.) yaxud ona qonşu olan Zəngilər (səh. 657, III c.) kəndləri haqqında danışılır, ancaq bu kəndlərin əhalisi barəsində bir kəlmə də olsun deyilmir. Sanki bunlar boş kəndlərdir. Ona görə deyilmirdi ki, bunlar sırf, heç bir qarışığı olmayan azərbaycanlı-türk kəndləri idi. Həmin söhbətlə bağlı bir məsələni də vurğulamaq lazım gəlir. Məsələn, Dəmirçi kəndi haqqında cəmi 4-5 cümlə verdiyi halda Ordubadın Aza kəndi haqqında təxminən 30 cümlə məlumat verilmişdir. Yaxud 3000-dən çox əhalisi olan Zəngilər kəndi barə¬sində 3-4 cümlə məlumat verildiyi halda həm ensiklopediyalarda Xanlar rayonunun cəmi 500 nəfər əhalisi olan Azad kəndi haqqında ondan xeyli geniş məlumat verilmişdir.
Yeri gəlmişkən, bununla bağlı digər bir məsələyə də münasibəti bildirmək lazım gəlir. Yəni yan ötmək də olmur: Azərbaycan sovet Ensiklopediyasında Qərbi Azərbaycandakı yer adları barədə bir kəlmə də olsun söhbət açılmır – nә rayonlardan (Basarkeçər, Vedibasar, Zəngibasar və s.) nə göllərdən, nә çaylardan, nә də kəndlərdən. Axı bunların hamısı azərbaycanlıların tarixən doğma məskənləri, yer yurdları idi. Necə olurdu ermənilər hər şeyi verə bilirdi. Biz yox.
Bu dövrün ab-havasından irəli gəlirdi, yaxud özümüzün laqeyidliyi, günahı idi?
Bir az deyəsən, mövzudan kənara çıxdıq. Burada bir el bayatısı yada düşür:
Su gəlir lilləndirir,
Bağçanı gülləndirir,
Mən ki, dinən deyiləm
Dərd məni dilləndirir.
Şübhəsiz ki, bu söhbət daxili yanğıdan, daxili ehtiyacdan və tələbatdan irəli gəlir.
“Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabında kəndin əhalisi ilə bağlı göstərilir ki, Zəngilər kəndində 1831-ci ildə 335 nəfər, 1873-cü ildə 905 nəfər, 1886-cı ildə 1012 nəfər, 1897-ci ildə 1077 nəfər, 1908-ci ildə 1131 nəfər, 1914-cü ildə 1464 nəfər azərbaycanlı əhali olmuşdur. 1918-1919-cu illərdə erməni daşnak hökumətinin azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti nəticəsində silahlı quldur dəstələri iki min nəfər əhalisi olan bu azərbaycanlı kəndinin əhalisini qılıncdan keçirmiş, bir hissəsini qırmış, kəndi talan etmiş, dağıtmış, salamat qurtaranları isə öz doğma torpaqlarından silah zoruna qovmuşlar. “Zəngibasar talanı” adlanan bu qırğının qurbanlarından biri də elə Zəngilər kəndidir. Bir neçə il kənd xarabalığa çevrilmiş, orada yaşayış olmamışdır. 1922-ci ildə kəndin qaçqınlarının bir hissəsi yenidən öz kəndinə qayıda bildi. 1922-ci ildə kəndə 399 nəfər (kəndin bütün əhalisinin beşdə biri), 1926-cı ildə 493 nəfərə, 1931-ci ildə 518 nəfər azərbaycanlı əhali qayıdıb yenidən məskunlaşmışdır. Kəndin dağılmış binaları tikilmiş, təsərrüfat dirçəldilmişdir. 1930-cu illərdə kənddə kolxoz qurulmuş, kənd zəhmətkeşləri kolxozun deyil, öz həyatını sahələri hesabına özlərinə güzəran yaratmışlar (Ermənistan Azərbaycanlı¬ların tarixi coğrafiyası, Bakı, “Gənjlik”, 1995, səh. 249).
1947-ci il dekabr ayının 23-də keçmiş SSRİ Nazirlər Sovetinin sədri İ.V.Stalinin qərarı ilə “Ermənistandan azərbaycanlıların köçürülməsi” barədə qərar verildi. Bu deportasiya Zəngilər kəndindən də yan örtmədi. 1950-ci ildə kənd əhalisinin bir hissəsi Ağcabədiyə, digər bir hissəsi Sabirabadın Qalaqayın kəndinə köçdü. Sonralar köçənlərin müəyyən bir hissəsi yenidən doğma Zəngilər kəndinə qayıtdı. Burada bir məsələni də vurğulamaq lazım gəlir. 1948-1953-cü ilin deportasiyası Qərbi Azərbaycan, о cümlədən onun bir hissəsi olan Zəngibasar azərbaycanlıları üçün ağır bir zərbə oldu. Bu deportasiyadan sonra Zəngibasar rayonunun Ağhəmzəli, Ağjaqışlaq, Yuxarı Çarbax (Çaharbağ), Göy Kümbət, Hajı Elləz kəndləri erməniləşdi, Mehmandar, Şorlu, Aşağı Necili, Arbat, Zəngibasarın özü beynəlmiləlləşdi. 1950-ci ilə kimi Zəngibasar rayonunun birinci katibi azərbaycanlı idi. Qəşəm Şahbazov 1947-1950-ci illərdə Zəngibasarın son birinci katibi oldu. Deportasiya ilə əlaqədar milli tərkibin dəyişməsilə bağlı 1950-ci ildən başlayaraq rayonun birinci katibi erməni təyin edildi.
Deportasiya ilə baglı bir məsələni qeyd etmək lazım gəlir. 1950-ci ilə kimi Zəngibasar rayonunda Azərbaycan dili dövlət dili idi. Yəni sənədlər (əlimizdə olan faktlar bunu əsaslı surətdə təsdiq edir) əvvəlcə Azərbaycan dilində, sonra erməni dilində yazılırdı. Deportasiyadan sonra sənədlərin yazılışı da əksinə oldu.
Zəngilər kəndində köhnə qəbristanlıqda qoç heykəlləri var idi. Bu abidələr həmin ərazilərin azərbaycanlıların-türklərin əski yaşayış məskənlərindən olduğunu bir daha təsdiq edir.
“Zəngilər” sözü “zəngi” türk tayfalarının adı ilə də əlaqələndiri¬lir. Zəngilər kəndinin layiqli ziyalılarından N.Məmmədov söyləyir ki, 1988-ci ilin iyul ayının 20-də Azərbaycandan ezam edilmiş nümayəndə heyətinə (heyətlə birlikdə erməni nümayəndələri də var idi) mərhum Y.Xəlilov və mən tariximizin о yerlərdə qədimliyinin şahidi olan Məhəmməd pəhləvanın uyuduğu daş kitabə timsalı olan qəbristanlığı qarış-qarış göstərdik. Bununla sanki Qərbi Azərbaycanda azərbaycanlıların çox qədimliyini təkiblə sübuta yetirməyə çalışırdıq. O zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri Musa Salam oğlu Məmmədov idi. Nümayəndə heyəti bizim fədakarlığımıza heyran kəsildi. Nümayəndələrdən hər iki tərəf bizi arxayın etdilər ki, guya bundan sonra hər şey qaydasında olacaqdır. Lakin heç də onlar deyən kimi olmadı.
Qəbristanlıqdakı qoç heykəllərlə bağlı Zəngilər kəndinin yaşlı nəsli maraqlı söhbətlər edirdilər. Onların söylədiyinə görə, qoç heykəlləri hər qəbirin üstünə deyil, pəhləvanların, hünər göstərmiş, igid adamların qəbirlərinin üstünə qoyulurdu.
Zəngilər kəndinin yaşlı ziyalılarından eşitmişdim ki, bu kənddə Məmmədəli adında bir pəhləvan olmuşdu. Əlbəttə, söhbət çox-çox əvvəllərdən gedirdi. Təxminən 100-200 il əvvəllərdən. Bir gün İrandan bir pəhləvan Məmmədəlinin adını eşidib onunla güləşməyə gəlir. Rəvayətə görə, İran pəhləvanı çox qüvvətli imiş. Ancaq Məmmədəli onu soyuqqanlılıqla qarşılayır və qalib gəlir. Nəriman müəllim deyil ki, yazıda qələmə alınmış pəhlivan haqqında anası Sürə belə danışardı: “Məhəmmədəli pəhləvanın bizə yaxın qohumluğu çatır. Onun nә qədər pəhləvanın kürəyini yerə vurması uzun illər ellərimizdə vurğulanırdı”. Görünür, qoç heykəllər belə pəhləvanların, igidləin qəbrləri üstündə qoyulurmuş.
Kənddə elmə də maraq həmişə güclü olmuşdu.
Əvvəlcə kənddə mollaxana fəaliyyət göstərmişdi. 20-ci illərdən sonra yeni tipli məktəblər açılmağa başladı. 1928-1938-ci illər arasında məktəb ibtidai siniflərdən, 1938-1966-cı illərdə 7 illik (1964-cü ildən 8 illik). 1966-cı ildən sonra isə orta məktəbdən ibarət idi. Məşhur “Afət qara gözlər” gəzəlinin müəllifi “Vahid” təxəllüsüylə şeirlər yazan zəngibasarlı Məşhədi Heydər Zəngilər kəndinin ilk məktəb müdirlərindən idi. Məmməd Zülfüqarov, Məmmədbağır Qədiməliyev, Yunis Şadlinski, Məmməd Rzayev Sultanov Sadıq, Əkbər Məsimov, Qara Rəsulov, Qadir Məmmədov, Sadıq Sadıqov, Məmməd Məmmədov, Karaal Qasımov, Məmməd Məsimov, Nəriman Məmmədov, Əsəd Məmmədov, İbrahim Xəlilov, İslam Əliyev, Abbas Abbasov müxtəlif vaxtlarda Zəngilər kənd məktəbinin direktoru vəzifəsində çalışmışlar.
Kənd məktəbi fəaliyyət göstərdiyi müddətdə 100-dən artıq ali təhsilli məzun yetirdi. Onu da qeyd etmək lazımdır ki, ətraf kəndlərdə maarifin inkişafında Zəngilər kənd müəllimlərinin əməyi də az deyildir.
Kəndin ilk ali təhsillilərindən İbrahim Xəlilov uzun müddət rayonun ən böyük orta məktəbinə – Zəngibasar beynəlmiləl orta məktəbinə başçılıq etmişdir. Aşağı Neclidə müəllim, Yuxarı Necili (Nizami) kənd orta məktəbinin direktoru olmuşdur. İ.Xəlilov barəsində onu da demək lazımdır ki, İrəvan Pedaqoji institutunda da işləmişdi. Gözəl şair, nasir idi. Qərbi Azərbaycanın (qondarma Ermənistanın) kəndlərini oymaq-oymaq gəzib atalar sözlərini toplamış. Onları “Ədəbi Ermənistan” almanaxında nəşr etdirmişdi. Şərikli yazdığı “Ermənicə-azərbaycanca lüğət” onun sağlığında özünə qoyduğu abidə idi. Ümumiyyətlə İ.Xəlilov rayonun hər tərəfindən görünən işıqlı bir sima idi.
Zəngilər kəndinin ilk ali təhsillərindən olan Qocayev Yusif rayonunun Dəmirçi kəndində fəaliyyətə başlamış, uzun illər əvvəlcə Yuxarı Necili kəndində, sonra isə 1988-ci ilə kimi doğma Zəngilər kəndində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Bir dəfə Yusif müəllim mənə zarafatyana onu da xatırlatdı ki, 1942-1943-cü ildə Dəmirçi məktəbində işləyərkən sənin qayınatana Cəlil Cabbarova dərs demişəm. O zaman о, təxminən 4-cü 5-ci sinifdə oxuyurdu.
Professor Maqsud Qasımov, Nəriman Məmmədov, Əbdül Süleymanov da kəndin ilk ali təhsillilərindən idi.
Bəs kəndin alimləri?
Kəndin yetirməsi, tibb elmləri doktoru, professor Maqsud Səfər oğlu Qasımov N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun bitirdikdən sonra bir müddət Orta Asiyada işləmiş, Bakı şəhər Səhiyyə şöbəsinin müdiri olmuş, uzun illər akademik M.Mirqasımov adına xəstəxananın baş həkimi, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Tibb Universitetində dərs deyir.
Filologiya elmləri doktoru, Şəfiqə Yusifli, fizika-riyaziyyat elmləri namizədi Cəmşid Abbasov, filologiya elmləri namizədi Abbas Rəhimov, tibb elmləri namizədi Əli Abbasov da bu kəndin yetirməsidir.
Keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, şair, publisist Kərəm Həbibov da Zəngilər kəndinin ziyalılarından idi. O, Zəngilər kənd orta mərkəbində dərs hissə müdiri, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi, müxbir kimi fəaliyyət göstərmişdir.
Qeyd etmək lazımdır ki, Zəngilər kəndinin özünə məxsus ədəbi mühiti vardı. Sözə-söhbətə qiymət qoyulan kənd idi. Yusif müəllimin atası Qocayev Nəcəf ərəb və fars dillərini çox gözəl bilirdi. Hüzr məclislərində nəsihətamız hekayətlər oxuyub tərcümə edərdi. İbrahim Xəlilov çox maraqlı elmi, dini söhbətlər edərdi. Onu da etiraf etmək lazımdır ki, 70-80-ci illərdə Zəngilər kəndində olan nəzərə çarpacaq ziyalı qədər ətraf kəndlərin əksəriyyətində ziyalı yox idi. İ.Xəlilov, N.Məmmədov, Y.Qocayev, K.Həbibov, F.Süleymanov, S.Abbasov, M.Novruzov və başqaları rayon miqyasında tanınan ziyalılar idi.
Zəngilər kəndinin yaşlı nəslinin arasında da şeir “xiridarları” az deyildi. Həmişə fikrimdə xoş bir xatirə kimi qalmış bir hadisəni xatırlamaq istəyirəm.
Təxminən 1977-ci ilin avqust ayı idi. Hava bərk tutqun idi. Uç nəfərlə taksiyə əyləşib İrəvandan kəndə gəlmək istəyirdik.
Bu zaman rayonun ən məşhur qəssabı Hatəm kişi bir yerin boş olduğunu görüb, yaşına nisbətən cəld addımlarla, daha doğrusu qaça-qaça gəlib arxa cərgədə yanımda əyləşdi. O, uca boylu, enli kürək, qalın, eşmə bığlı bir kişi idi. Həmişə köynəyi şalvarın üstün-dən salar və köynəyin üstündən iri bir kəmər bağlayardı. Havanın tutqunluğu, Hatəm kişinin görkəmi elə bil məni dilləndirdi və mən üzümü ona tərəf tutub Şövqinin bir qəzəlindən ilkin misranı dedim:
Ey dil, bu cahan cümləsi əfsanə deyilmi. Tamamilə gözləmədi¬yim halda Hatəm kişi qalın, gur, həm də çox ahəngdar səslə ikinci misranı söylədi:
Dünyaya uyanlar hamı biganə deyilmiş. Sonra mən üçüncü misranı söyləyəndə: zəhmət çəkilən хаnә bina etmə dünyada о, dedi ki, yox: Zəhmət çəkilən xanə bina etmə cahanda, Xana-binaların axırı viranə deyilmi – dedi.
1988-ci il Qarabağ hadisələri… Erməni saqqallıları maşınlara dolub kəndlərə hücum edirlər. Zəngibasar rayonunda və onun bəzi kəndlərində ermənilərin törətdikləri vəhşiliklər. 17-18 iyun vəhşilikləri… 1988-ci il iyunun 17-də gündüz saat 12-də erməni saqqallıları Zəngibasarda azərbaycanlıların evlərinə hücum etdilər. Dinc əhalinin döyüb qovmağa başladılar. Əldə olan faktlar bunun əvvəlcədən planlı, düşünülmüş şəkildə olduğunu təsdiq edir. Azərbaycanlıların evləri talan edildi. Aşağı Necili kəndində Məmmədov Xalidin və Əliyev Sərvətin evini yandırdılar. Zəngilərdə İbrahimov Sudeyifin evini yandırdılar.
Mənim doğulub, boya-başa çatdığım Yuxarı Necli kəndi ilə Zəngiləri qarasu çayı ilə onun körpüsündən keçən yol ayırırdı.
1988-ci il iyunun 17-si təxminən 22-23 radələrində bir neçə maşın erməni saqqallıları rayon mərkəzindən gələrək həmin körpüdən keçib Yuxarı Neçili (Nizami) və Zəngilər kəndinə hücum etmək istədilər. Elə bu andaca Zngilər və Yuxarı Necili kəndləri tərəfindən açılan atəş səsləri erməniləri dayanmağa, kəndlərə girməməyə məcbur etdi. Bu atəşləri açanlardan ikisi Yuxarı Necili kəndinin sakinləri idi. Uzun illər kəndin baş mühasibi işləmiş Adil Məşhədi İsmayıl oğlu Qasımov və Abbas Qasım oğlu Abbasov idi. Ertəsi gün İrəvanda nəşr olunan qəzetlərdə yolnan gedən dinc əhaliyə atəş açılması barədə məlumat verilirdi. Hətta bununla bağlı cinayət işinin qaldırdması da yaddan çıxarılmırdı.
Zəngibasar (Masis) rayon partiya komitəsinin orqanı olan, həm Azərbaycan, həm də erməni dillərində çıxan “Yeni yol” qəzetinin 22 iyun 1988-ci il tarixli nömrəsində bu barədə nisbətən daha ətraflı məlumat verilirdi. Orada göstərilirdi ki, dinc әhаli yolla gedərkən Zəngilər və Yuxarı Necili kəndlərində atəş açılmış, 8 nəfər erməni yaralanmışdı. Cinayət işi açılmışdı.
Ancaq soruşan yox idi ki, 4 ay əvvəl qaldırılan qondarma Qarabağ problemindən sonra, hadisələrin gərginləşdiyi bir vaxtda ermənilər bu azərbaycanlı kəndlərinin girəcəyində nә edirdilər? Xüsusilə də həmin gün gündüz Zəngibasarda nә qədər dinc əhalini döymüş, evlərini talan etmişdilər. Bu ermənilər də maşınlara dolub Zəngilər və Yuxarı Necili kəndindəki evləri yandırmağa gəlirdilər. Açılan atəşlər onları dayanmağa məcbur etdi.
Xatırladaq ki, 1918-1919-cu illərdə Uluxanlı Zəngibasar mahalı ermənilər tərəfindən talan edilmişdi – buna görə də aradan 60-70 il keçsə də zərb-məsələ çevrilmiş bu münasibətlə deyilmiş bir ifadə tez-tez işlənirdi: “Zəngibasar talanı deyil ki? İndi tarix yenidən təkrar olunurdu. Zaman bir tərəfli inkişaf edirdi. Azərbaycanlıların üstünə cinayət işi açılırdı, ancaq döyülən, evləri yandırılan, talan edilən azərbaycanlıların cavabdehliyin kim çəkəcəkdi, bilinmirdi”.
Bu hadisələrdən sonra rayonun əhalisi evlərini bir az sürətlə dəyişməyə başladı. Ümumiyyətlə, 1988-ci ilin fevralından sonra ermənilər Bakıdan, Sumqayıtdan, Gəncədən, Goranboydan, Tərtərdən, Mingəçevirdən bu rayonun mərkəzinə, eləcə də kəndlərinə gəlib evlərini dəyişdirməyə başladılar.
17-18 iyun hadisələri Zəngibasar rayonunun azərbaycanlılarının məcburi köçməsi üçün əsas hәуәсаn işarəsi oldu.
Daha doğrusu, 1-ci yüksək mərhələ idi. Çünki o vaxta kimi çoxları məsələlərin düzələcəyinə inanırdı: Kənd təsərrüfatı ilə məşğul olan bu əhali may ayından sonra öz məhsullarını İrəvanın bazarına çıxara bilmədi. Hər hansı bir iş üçün, yaxud sənəd almaq üçün rayonun özünə də getmək çox çətin idi. Deməli, əhali məcburi surətdə köçməli idi.
1988-ci ilin noyabr ayının 20-dən sonra ermənilərin vəhşi, küt¬ləvi hücumları nəticəsində azərbaycanlılar yaşı bilinməyən tarixdən yaşadıqları dədə-baba torpaqlarından son nəfərinədək qovuldu.
Əldə olan məlumatlara görə, 1988-ci ilin martından dekabr ayının sonuna kimi Qərbi Azərbaycanda (qondarma Ermənitanda) 214 azərbaycanlı Qarabağ hadisələrinin qurbanı olmuşdur ki, bunlardan 22 nəfəri Zəngibasar rayonundan idi.
Bəli, evi dəyişdirib köçmək də hər kəs nəsib olmadı. Məsələn, Yuxarı Necili kənd sakini Sabir Mehdiyev evini dəyişdirib gələrkən Göyçə gölünün (Sevan) yaxınlığında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Oğlu təsadüfən sağ qalmışdı.
Yaxud Zəngilər kəndində Məhərrəm Quliyev 1988-ci ilin noyabr ayının axırında baş verən hadisələrdən xəbəri olmadan qeydiyyatdan çıxmaq üçün kəndlərinə getmişdi. Hazır dayanmış ermənilər Мәhərrəmə hücum edir. Onu işgəncə ilə öldürüb, kəndin fermasının yanındakı kanala atmışdılar.
Bu bəlli hadisələrdən sonra Zəngilər camaatı evini Naxçıvana, Bakıya, Gəncəyə, Tərtərə və digər yerlərə dəyişməli oldu.
Respublikanın müxtəlif bölgələrində yaşayan Zəngilər kəndinin vətənpərvər oğulları Azərbaycanın azadlığı və bütövlüyü uğrunda əsl qeyrət nümunəsi göstərdilər.
Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda olan ilkin şəhidlərdən biri Zəngilər torpağının yetirməsi Ruhlan Novruz oğlu Əliyev idi.
Xalq şairi Bəxtiyar Vahabzadənin yazdığı kimi:
Millət millət olur xeyri-şərilə,
İnsan-insan olur əməlləriylə,
Torpağın bağrına cəsədlərilə
Azadlıq toxumu səpdi şəhidlər.
Müstəqillik uğrunda mübarizəyə qalxanlardan biri Ruhlan Əliyevi Gəncədə 1990-cı ilin yanvarında rus tankları altına salaraq məhv etmişdi. Zəngilər kəndinin övladlarından biri Əliyev Mehdi Rəşid oğlu Qarabağ döyüşlərində itkin düşmüşdü.
Qarabağ döyüşlərində şəhid olmuş Rəsulov Ələkbər Camal oğlu və Babayev Süleyman İnqilab oğlu da Zəngilər kəndində dünyaya göz açmışdılar.
Zəngibasar rayonu dörd Milli Qəhrəman yetirmişdir. Tale onlardan ikisini iki qonşu kəndə Yuxarı Neciliyə və Zəngilərə bəxş etmişdi. Yuxarı Necili kəndindən bu fəxri ada Sahil Ələmdar oğlu Məmmədov, Zəngilər kəndindən isə Eldar Xəlıl oğlu Xəlilov layiq görülmüşlər.
Qarabağ uğrunda gedən döyüşlərdə Zəngilər kəndinin verdiyi şəhidlərdən biri Altay Nəriman oğlu Məmmədov idi. Bu kitabın yazılmasının əsl səbəbkarı.
Şəhidin kimliyini yaxşı aydınlaşdırmaqdan ötrü öncə onun atası Nəriman müəllim haqqında söhbət açmaq lazım gəlir.
Nəriman Əbülhəsən oğlu Məmmədov 1930-cu il 06 sentyabrda Uluxanlı mahalının – Zəngibasar rayonunun Zəngilər kəndində dünyaya göz açmışdı. O, ilk təhsilini doğma kəndi Zəngilərdə, orta təhsilini isə rayonun mərkəzindəki Zəngibasar orta məktəbində almışdı.
1947-ci ildə İrəvan Pedaqoji məktəbini bitirən Nəriman Məmmədov Zəngilər, Sarvanlar kənd yeddillik məktəblərində müəllim kimi fəaliyyətə başlamış, sonra Zəngilər və Yuxarı Necili kəndlərində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Xatırladaq ki, 1942-ci ildə Smolensk uğrunda gedən döyüşlərdə ağır yaralanıb, geri göndərilmiş, elə həmin ildəcə Zəngilər məktəbinin direktoru təyin olunmuş, Nəriman müəllimə dərs demiş Qadir Məmmədov bu zaman Yuxarı Necili məktəbinə rəhbərlik edirdi. Demək lazımdır ki, o, bundan sonra da həmin məktəbin 20 il direktoru vəzifəsində çalışdı. 1953-cü ildə Nəriman Məmmədov öz müəllimi, müdiri Qadir müəllimin məsləhəti və xeyir-duası ilə ali təhsil almaq üçün Gəncə şəhərinə gəlir və burada fəaliyyət göstərən Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji institutunun dil-ədəbiyyat fakültəsinə daxil olur.
Nəriman müəllim həmişə həmkəndlisi Yusif Qocayev və qonşu Dəmirçi kəndindən İslam Abbasovla (onlar 1953-cü ildə həmin instituta daxil olmuşdular) keçirdiyi tələbəlik illərindən, xüsusilə ona dərs demiş professor Davud Hacıyevdən, alim, yazıçı dramaturq Altay Məmmədovdan böyük iftixarla söhbət açır.
1957-ci ildə hәlә institutu qurtarmağa bir neçə ay qalmış o həm-yerlisi İbrahim Xəlilovdan məktub alır ki, təyinatını öz yerinə götü-rüb, gəlib məktəbə rəhbərlik etsin. Şübhəsiz ki, bu ilk növbədə Nəriman müəllimin savadına, qabiliyyətinə, bacarığına olan inamdan irəli gəlirdi. Yeri gəlmişkən qeyd edək ki, Nəriman müəllimlə dəfə-lərlə söhbət edərkən hər zaman onun iki ziyalıya pərəstiş etdiyinin şahidi olmuşam: Qadir Məmmədov və İbrahim Xəlilov, əlbəttə, söhbət Zəngibasar mahalındakı ziyalılardan gedir. Bir dəfə təxminən 1985-ci il idi, Nəriman müəllim Qadir müəllim haqqında bir oçerk yazmışdı. Orada deyilirdi ki, biz müharibədən yenicə qayıtmış, hələ əsgər şinelini soyunmamış bu müəllimə qibtə ilə baxırdıq.
İllər keçdi, Nəriman müəllim müxtəlif vəzifələrdə çalışsa da, bu qibtə azalmadı. Əksinə daha da böyüdü.
Bəli, N.Məmmədov 1957-ci ildə Zərdabi adına Gəncə Pedaqoji İnstitutu bitirən kimi vaxtıyla qoynunda təhsil aldığı, sonra müəllim kimi fəaliyyət göstərdiyi Zəngilər məktəbinə direktor təyin olundu. Bu zaman məktəb о dövrün dili ilə desək “beynəlmiləl məktəb” idi.
Bundan sonra Nəriman Məmmədov müxtəlif illərdə gah müəl¬lim, gah yenidən Zəngilər orta məktəbinin direktoru, Zəngibasar (Masis) Rayon İcraiyyə Komitəsində təlimatçı, rayonun ən böyük kəndlərindən biri Qaraqışlaq (Dostluq) kənd orta məktəbinin direktoru işlədi. Bu illərdə Nəriman müəllim baş müəllim adına layiq görüldü.
1984-cü ildə Nəriman Məmmədov Yuxarı Necili (Nizami) kənd orta məktəbinə dərs hissə müdiri təyin olundu. 32 il əvvəl bu məktəbdə işlədiyi həmin vəzifəyə! Bu yerdə deyirlər, su gələn arxdan güman var bir də gələ, yaxud tarix təkrar olunur.
Özünün səmimiliyi, qayğısı ilə bir neçə ay təxminən 2-3 ay sonra hiss olundu ki, Nəriman müəllim bizim məktəbə lazımdır. Bu Nəriman Məmmədovun doğulub, böyüyüb, təhsil aldığı, işlədiyi, bina ucaltdığı, tanındığı mahalda son iş yeri idi….
Demək lazımdır ki, Yuxarı Necili kənd məktəbinin fəaliyyətində Zəngilər müəllimlərinin xidməti çoxdur. Müxtəlif vaxtlarda Yuxarı-Necili məktəbində Səftər Abbasov, İbrahim Xəlilov direktor, Nəriman Məmmədov, Yusif Qocayev dərs hissə müdiri, Fətullah Süleymanov kimya, Kərim Sadıqov riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişlər.
1988-ci il Qarabağ hadisələri… Artıq imkan düşdükcə Zəngibasar rayonunun azərbaycanlıları evlərini Azərbaycanın müxtəlif bölgə yerlərinə dəyişdirdilər. Artıq biz evimizi Xırdalana dəyişmişdik. Ailə üzvlərinin hamısını gətirib Xırdalana qoymuşdum. Qeydiyyat¬dan çıxmaq üçün yenidən İrəvana qayıtdım. Bütün sənədləri düzəl-dəndən sonra 1988-ci il oktyabrın 11-də Bakıya yola düşməli idim. Artıq kəndin 80 faizindən çoxu evi dəyişmişdi. Bakı-İrəvan qatarı saat 6-da yola düşəcəkdi. Qatara Zəngibasar dayanacağından minə-cəydim. Kəndin beş müəllimi məni yola salmaq məqsədilə Yuxarı Necili, Zəngilər və Aşağı Necili kəndlərinin arası ilə axan Qara su çayının sahilinə gəlib bir süfrə açdılar. Göy çəmənin üstündə. Təxminən saat iki idi. Hava bərk tutulmuşdu. Sanki yaşı bilinməyən tarixdən yaşadıqları sakinlərdən ayrıldığı üçün təbiət də öz etirazını bildirirdi. Mən hey Ağrı dağına baxıb, tez-tez kövrəkliklə böyük Məmməd Arazın “Duman salamat qal, dağ salamat qal!” misrasını deyirdim. Məclis başlayandan təxminən bir saat vaxt keçirdi. Birdən Nəriman müəllim əllərini arxası tərəfdə çəmənliyə bərk basdı: qollarını söykənərək üstündə çox gözəl bir səslə ölməz Səməd Vurğunun məşhur “Dağlar” şeirini aşıq mahnısı üstündə oxudu.
Binələri çadır-çadır,
Çox keçmişəm özüm dağlar.
Qubrətini sizdən aldı,
Mənim sazım sözüm dağlar.
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada.
Vurğunu da salar yada,
Düz ilqarlı bizim dağlar.
Məclis qurtardı. Rayonun Mehmandar kəndindən olan fizika müəllimi Rəhimov Məhərrəmin “Cuqili” maşını ilə gəldik. İdman müəllimi Hüseynov Hüseyn Yuxarı Necilidə, Nəriman müəllim və Sadıqov Kərim Zəngilərdə, ədəbiyyat müəllimi Qafarov İbrahim və mən Dəmirçidə (evi dəyişdirdiyimiz üçün mən qayınatam Cəlil Cabbarovgildə qalırdım) düşdük. Мәhərrəm müəllim isə Mehman-dara evlərinə getdi. Hər kəs maşından düşdükcə çox kövrəkliklə ayrılırdıq. Çünki məndən başqa hələlik bilinmirdi kim hara gedəcək.
Мən Nəriman müəllimin ilk və hələlik son oxumağını onda gördüm. Yanıqlı oxumağını.
Bu yerdə professor Teymur Əhmədovla bərabər elmi rəhbərim olmuş görkəmli alim professor Mirəli Seyidovun bir deyimi yada düşür. Bir dəfə Mirəli müəllim hal-hazırda fəlsəfə elmləri doktoru olan Vəli Həbiboğlundan soruşur:
-Sən heç Qu quşunun son nəğməsini eşitmisən?
Vəli müəllim “yox” cavabını verir.
Mirəli müəllim söyləyir ki, Qu quşu həyatında bir dəfə oxuyur. О da yurd-yuvalarından son dəfə köçmək ərəfəsində. Və sonra Mirəli müəllim əlavə edir ki, “Qam-şaman və onun qaynaqlarına ümumi baxış” kitabı mənim qu quşu kimi son nəğməmdir.
Bəli “Dağlar” mahnısı o zaman yaşı 60-a yaxınlaşmaqda olan Nəriman müəllimin doğma yerlərdə oxuduğu son nəğməsi idi…
1988-ci ilin noyabr ayının 20-dən sonra vəziyyət lap kəskinləşdi. “Saqqallı” erməni dəstələri kəndlərdə seyrəlmiş azərbaycanlı evlərinə hücum edirdilər.
Belə bir axın-dəstə Nəriman müəllimin də həyətinə gəlir. Nəriman müəllim bir balta ilə sayı bilinməyən bu quldur dəstələrinin qarşısına çıxır və deyir: “Probleminiz mənimlə həll olunacaqdısa, buyurun!” Ermənilərdən kimsə deyir ki, gedək sonra baxarıq. Sonra bir təsadüf nəticəsində Nəriman müəllim ailəni oradan çıxara bilir. O, oğlunun evini Bakıya dəyişə bildi. Ancaq onun bir neçə baş qaramalı, təxminən iki-üç il əvvəl aldığı “Jiquli” maşını, kəndin mərkəzində məscidin yanındakı gözəl, böyük evi, bağ-bağatlı 2300 kvm-dən artıq həyətyanı sahəsi orada qaldı, dəyişdirə bilmədi.
Bu yerdə görkəmü türk şairi Əhməd Qüdsi Teçərin “Orada bir kənd var, uzaqda” şeiri yada düşür:
Orda bir kənd var, uzaqda,
О kənd bizim kəndimizdir.
Gəzməsək də, tozmasaq da,
О kənd bizim kəndimizdir.
Orda bir ev var, uzaqda
O ev bizim evimizdir.
Yatmasaq da, qalxmasaq da
О ev bizim evimizdir.
Orda bir sas var, uzaqda
О səs bizim sosimizdir
Eşitməsək, duymasaq da
О səs bizim səsimizdir.
Orda bir dağ var, uzaqda,
О dağ bizim dağımızdır.
Enməsək də, çıxmasaq da
О dağ bizim dağımızdır.
Orda bir yol var, uzaqda
O yol bizim yolumuşdur.
Dönməsək də, varmasaq da
O yol bizim yolumuzdur.
Nəriman müəllimin orada kəndi, evi, səsi, dağı, yolu qalırdı…
Ancaq bu hadisələr Nəriman müəllimin sonra rastlaşacağı hadisələrlə müqayisədə bir neçə cildlik əsərin kiçik bir müqəddi¬məsi kimi müqayisə oluna bilər… öz doğma yurdunu tərk edəndən sonra Nəriman müəllim çox agir itkilərə məruz qaldı – gəlinini, qardaşını, iki oğlunu itirdi.
1993-cü il fevral ayının 15-i idi… Nəriman müəllimin böyrəyində cərrahiyyə əməliyyatı aparılmalı idi. 3-4 günlüyə analizləri vermək üçün daha doğrusu hazırlıq mərhələsi keçmək üçün xəstəxanada yatırdı. Sankt-Peterburqda təhsil almış, orada yaşayan ortancıl oğlu Qoşqar yaranmış vəziyyətlə əlaqədar gəlib atasının yanında qalırdı. Böyük oğlu Qasımı itirmiş, kiçik oğlu Altay isə cəbhədə idi.
Bir gün sonra Nəriman müəllim cərrahiyyə kürsüsünün üstünə çıxmalı idi. Elə bu zaman qohumlardan biri gəlib Qoşqara deyir ki, səninlə işimiz var. Bir neçə saat sonra Qoşqar qayıdır. Nəriman müəllim oğlundan soruşur: “Oğul, dəfn etdiniz?”
Qoşqar suala sualla cavab verir: “Kimi?” Nəriman müəllim bir kəlmə deyir: “Oğul, mən sənin atanam axı, deyirəm, dəfn etdiniz?”
Qoşqar baxır ki, atanın sümüyü duyub, o, artıq hər şeyi hiss edib, naəlac qalıb həqiqəti deyir: “Bəli”.
Altay cəbhədə həlak olmuşdu, ona görə Qoşqarı çağırmışdılar. Qoşqar isə qohum-əqrəba ilə qardaşını Fəxri Xiyabanda dəfn edib yenidən xəstəxanaya qayıtmışdı.
Bir gün sonra Nəriman müəllim cərrahiyyə kürsüsünün üstünə çıxarıldı. Həkim soruşur ki, Nəriman müəllim qorxursunuz? O, çox yığcam, tutarlı və mənalı cavab verir: “Həyatımda о qədər əzablı anlar olub ki, indi bu mənim üçün çox adi bir şey kimi görünür”.
Bir dəfə Nəriman müəllimin yanında bir bayatı dedim:
Əziziyəm qəmdə gül
Qəmdə danış, qəmdə gül
Ağ gündə gülən könül
Hünərin var, qəmdə gul.
Nəriman müəllim bayatını o saat əzbərlədi. Bu bayatı sanki onun üçün deyilmişdi: hünərin var, qəmdə gül. İndi hər dəfə görüşəndə o, bu bayatını deyir.
Vaxtıyla Nəriman müəllimin dərs dediyi şagirdlər, sonra həm də bir yerdə işləmiş müəllimlər Sadıqov Kərim, Əzizov Teyyub, Rzayev Zahir, qabiliyyətli gənc Cəlal Allahverdiyev, bu müdrik ağsaqqalın bir sözünü tez-tez təkrar edirlər:“Gec-tez insan dünyasını dəyişir. Ancaq mən istəmirəm desinlər ki, Nəriman müəllimi dərd apardı”. Bax, Altay belə bir kişinin ocağında dünyaya gəlmişdi.
1999-cu il iyun ayının 17-də öd kisəmdə cərrahiyyə aparılmalı idi. Gözəl, istiqanlı insan geniş qəlbə malik tibb elmləri namizədi Asiya xanım Məmmədəva ilə məsləhətləşdikdə o, cərrah professor Hidayət İsayevi məsləhət gördü. Xüsusi vurğulamaq lazımdır ki, professor H.İsayev yaxşı mütəxəssis olmaqla yanaşı, həm də ziyalıya və ziyalılığa qiymət verən xeyirxah insandır.
İyunun 17-də cərrahiyyə kürsüsünün üstünə çıxarılarkən mənə də həkimlərdən biri eyni sualı verdi: “Zeynalov, qorxursan?”
Mən hörmətli müəllimimiz Nəriman Məmmədovun həyatında rastlaşdığı hadisələri yıgcam şəkildə danışıb, təxminən eyni cavabı verdim: “Həyat mənim üçün o qədər də asan keçməyibdir, ona görə də bu mənim üçün adi bir şeydir.
Cərrahiyyə əməliyyatından 3 gün sonra təxminən gecə saat 12-nin yarısı şöbə müdirinin otağından Nəriman müəllimə zəng vurdum, yanıma gəlməyi xahiş etdim. Səhərisi günü Nəriman müəllim yanıma gəldi və oradaca mən ona yenicə çapdan çıxmış “İrəvan ziyalıları” kitabımı bağışladım.
Şair Nüsrət Kəsəmənlinin bir şeiri yada düşür.
Mənim bu şəhərdə kimim var axı,
Hər qapı döyməyə əlim gəlməir.
Özümü atıram taleyin üstə
Tale də hər zaman üzə gülməyir.
Mənim bu şəhərdə kimim var axı…
Yox, mənim Bakıda çoxlu qohumlarım, dostlarım, tanışlarım var. Ancaq mən yalnız Nəriman müəllimə zəng vurdum çünki о mənim üçün mərdlik nümunəsi idi. Elə zənn edirdim ki, о yanıma gələn kimi yaram sağalacaq …
Xalq şairi Səməd Vurğunun “Muğam” poemasında belə bir bənd var:
Ey könül, Kür ilə söhbəti qurtar,
Onsuz da uzundur bu dastanımız
Sabah da Boz dağa səfərimiz var.
Orda külüng çalır qəhrəmanımız.
Nəriman müəllim barəsində düşündüklərimizin çox az bir qismini söyləyib yekunlaşdırıb, indi isə əlimizdə olan məlumat əsasında şəhid Altay Məmmədovdan söhbət açmaq istəyirik.
Altay Nəriman oğlu Məmmədov 1964-cü il avqust ayının 3-də tipik müsəlman şəhəri olmuş İrəvan yaxınlığında yerləşən Uluxanlı-Zəngibasar mahalının Zəngilər kəndində əvvəldə haqqında danışılan belə bir mərd insanın, belə bir mərd ziyalının ailəsində dünyaya göz açmışdı. O, ailənin beşinci ovladı idi.
Uşağa Altay adı qoyulmuşdu. Bu təsadüfdən doğmuşdu, yoxsa ki, bir səbəbi var idi?
Bu ad haradan gəlirdi?
Altay qəbilələri Altay dilləri, Altaylılar, Altay ölkəsi, Altay dağları kimi söz və ifadələr elmə məlumdur. О da həqiqətdir ki, ayrı-ayrı şəxslər mənsub olduqları tayfanın adlarını daşımışlar: Ustaclı Məhəmməd, Bayat Abbas, Nadir Şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Bayandur və s. Qədim türk qəbilələrindən olan Altayların adı da şəxs adlarına qoyulmuşdu. Bizim görkəmli yazıçı və dramaturqumuz Altay Məmmədovun adı da həmin qədim türk qəbiləsinin adından irəli gəlirdi.
Nəriman müəllim isə oğluna vaxtıyla Gəncədə ona dərs demiş, həmişə haqqında həvəslə danışdığı öz sevimli müəllimınin xatirəsinə hörmət əlaməti olaraq Altay adını qoymuşdu.
Altay təhsilini öz doğma kəndində Zəngilərdə almışdı. Zəngilər kəndində səkkizinci sinfi bitirdikdən sonra təhsilini Uluxanlıdakı (Zəngibasarda) peşə-texniki məktəbində davam etdirmişdi. 1980-ci ildə həmin texniki peşə məktəbinin sürücülük ixtisasına yiyələnən Altay rayon yanğınsöndürmə idarasində əmək fəaliyyətinə başlayır. Altay Məmmədov 1982-1984-cü illərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərindən 40 km aralıda yerləşən Yelqava şəhərində hərbi xidmətdə olmuşdu. Dəfələrlə komandanlıqdan onun valideyninə təşəkkür məktubu gəlmişdi. A.Məmmədovun hərbi xidməti, onun xidmət etdiyi hərbi hissədən göndərilmiş təşəkkür məktubu ilə bağlı “Sovet Ermənistanı” qəzetinin 23 fevral 1983-cü il tarixli nömrəsində məqalə dərc olunmuşdu.
1984-cü ildə hərbi xidmətini ləyaqətlə başa vuran Altay doğma Zəngilər kəndinə qayıdır və yenidən rayon yanğınsöndürmə idarə-sində fəaliyyətini davam etdirir. 1988-ci il Qarabağ hadisələri başla-yana qədər o, bu idarədə çalışır. 1988-ci ildə Qarabağ hadisələri başlayandan sonra atasıgillə birlikdə məcburi surətdə öz doğma ocaqlarını tərk edib Bakının Əhmədli qəsəbəsində məskunlaşdılar.
Altay H.Z.Tağıyev adına toxuculuq fabrikində işə düzəldi. Ancaq ermənilərin azğınlığı onu həmişə narahat edirdi… Bir neçə ay əvvəl Mingəçevirdə yaşayan qohumu Rüfət Abbasov ilə görüşərkən ona demişdi: “Cəbhəyə getmək istəyirəm”.
1993-cü ilin yanvarında Ağdərə uğrunda qızğın döyüşlər getdiyi bir vaxtda Altay könüllü olaraq cəbhəyə yollanır. Bəli bu onun çoxdankı arzusu idi. Nə qədər qəribə görünsə də, o, döyüşə gedərkən heç evdəki əzizlərinə də deməmişdi. Bəlkə də ehtiyat edirdi ki, kimsə ona mane ola bilər.
Altayın təxminən 20 günlük döyüş yolunun əvvəli də, sonu da Ağdərə olur. Həmkəndlisi Fərman Dadaşovun söylədiklərindən: “Təxminən 1992-ci il fevral ayının 5-6-sı idi. Мən sürdüyüm Qaz-31 maşını ilə komandirimlə Ağdərənin bir kəndinə dəyib qayıdırdıq. Postda bizi saxladılar. Maşından düşdüm. Altayı Ağdərədə gördüm. Mən onu tanımadım. O, məni tanıdı. Altay saqqallı idi. Görüşdük. Atalarımız qohum idi. Mən onu nə qədər gətirməyə çalışsam da о gəlmədi. Dedi ki, yoldaşlarla gəlmişəm, onları qoyub gedə bilmərəm. Sabah onların üzünə necə baxa bilərəm. Komandir dedi ki, о getmir daha nə etmək olar, biz gəldik. Bundan bir neçə gün sonra Altayın şəhid olduğunu eşitdim. Mənə çox pis təsir etdi”.
Bu qeyrətli oğul 20 gün Ağdərədə qızğın döyüşlərdə iştirak etdi. О anlarda ki, həm torpaq, həm də oğul itkilərimiz olurdu. Fevral ayının əvvəllərində son döyüşlərini keçirən Altay qəfildən düşmən gülləsinə tuş oldu… O, ölmədi, əbədiyyətə qovuşdu! Cənazəsi isə müqəddəs Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Azərbaycan Televiziya və Radio Şirkətinin operatoru Müşviq Qasımov öz uşaqlıq dostu haqqında belə deyir: “Altayla uşaqlığımız demək olar ki, bir yerdə keçmişdi. Kəndlərimizi bircə çay ayırırdı. Altay yaxşı idmançı idi, gözəl futbol oynayırdı. Çox ürəyi açıq oğlan idi, aramızda bir inciklik olanda, səhər özü gəlib barışardı”.
Altay şəhid olandan təxminən ay yarım sonra Kərim Sadıqov və Cəlal Allahverdiyevlə birlikdə Nəriman müəllimə baş çəkdik. Səhhəti yavaş-yavaş yaxşılaşırdı. Söhbət Altaydan düşəndə söylədi ki, hərbi komissarlıqdan heç kəs görünməyib, ancaq iş yoldaşları dəfələrlə baş çəkib.
Nəriman müəllim söhbət etdikcə, fikrimdə böyük Sabirin “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” misrası səslənirdi. Bir də heç kəsə heç nə demədən məqalə üçün mənə lazım olan faktları toplayırdım.
1993-cü ilin may ayının 14-də “Sərbəst düşüncə” qəzetində Altay haqqında “O könüllü getmişdi” məqaləm nəşr olundu. Az da olsa təsəlli vermək məqsədilə Nəriman müəllimə zəng edib, belə bir yazının nəşr olunduğunu xəbər verdim. O, sonra zəng edərək yazını alıb oxuduğunu bildirdi.
Möhkəm iradəyə malik Nəriman müəllim, yox ki, oğlunun şəhid-liyindən sarsılmadı, əksinə özundə güc toplayıb, nə qədər maneə¬lərlə üzləşsə də geri çəkilmədi. Altayın adına torpaq sahəsi aldı.
Tarixdə nə qədər abidələr, məbədlər kiminsə şərəfinə tikilmişdir. Naxçıvandakı Mömünəxatun türbəsi Eldəgəzlərin ikinci hökmdarı Atabəy Məhəmmədin arvadı Mömünəxatının şərəfinə tikilmişdir. Hindistanın türk hökmdarı Cahan şah öz xanımının şərəfinə Dehlidəki məşhur Tac Mahal abidəsini, milyonçu Musa Nağıyev vaxtsız vəfat etmiş oğlu İsmayılın şərəfinə Bakının memarlıq incilərindən olan “İsmailiyyə” binasını tikdirmişdi.
Nəriman müəllim də belə bir tarixi addım atdı. O, şəhid ucalığı ilə zirvələnən oğlu Altayın şərəfinə üç mərtəbəli “Altay” şadlıq sarayını tikdirdi.
Bu günlərdə Nəriman müəllimlə görüşəndə, onu bu sarayın tikili-şinin başa çatmağı münasibətilə təbrik edib, sağlıqla, xeyir işlər üçün istifadə olunmasını arzuladıqdan sonra, “Daş üzərində poema” adlı hind filmindən bir sarayın tikilməsi münasibətilə deyilən ifadə¬ni ona şamil olunmasını istədim: “Nəriman müəllim, qoy dünyada uzun müddət bir-birindən ayrı düşən adamlar, məhz sizin böyük zəhmətlə tikdirdiyiniz bu möhtəşəm sarayda görüşsün, birləşsinlər”.
Altay! Bu ulu qəbilə adını sevimli sənətkar tədqiqatçı, pedaqoq Altay müəllim inamla daşıyır. Tanrıdan ona can sağlığı arzu edirik. Altay müəllimin adını müqəddəs şəhid adıyla Altay ləyaqətlə davam etdirdi, şəhid Altayın adı isə tarixi abidəyə çevrildi. Buna görə də biz kilabı belə adlandırmağı məsləhət bildik: “Altaydan-Altaya!”
2001-ci il dekabr ayının 17-də “Altay” şadlıq sarayının açılış mərasimi oldu. Açılış mərasimində 300-dən artıq dəvət olunmuş qonaq iştirak edirdi. Bunların arasında müxtəlif peşə sahibləri, respublikanın tanınmış ziyalıları el ağsaqqalları iştirak edirdi. Bir məqam xüsusilə kövrəldici idi. Uluxanlı mahalının demək olar ki, bütün kəndləri burada təmsil olunurdu. Onların arasında nә qədər adamlar var idi ki, 1988-ci ildə məcburi surətdə evlərini dəyişəndən sonra 13 ildən artıq idi ki, bir-birilərini görmürdülər. İndi onlar bu möhtəşəm sarayda bir-birilərini gördükdə sevinclərinin hədd-hüdudu yox idi. Bəziləri göz yaşlarını gizlədə bilmirdi. “Daş üzərində poema” adlı hind filmindəki sözlər beynimdə səslənirdi: “Мən gərək elə bir saray yaradım ki, uzun illər bir-birindən ayrı düşən adamlar bu sarayda görüşsünlər”.
Qurbanlıq quzu kəsiləndən və Nəriman müəllimin giriş sözündən sonra, Zəngibasar rayonunun keçmiş katibi Abbas Mustafayev, kənd təsərrüfatı elmləri namizədi, Dövlət mükafatı laureatı Şaban Elyasov, Zəngibasar orta məktəbinin keçmiş direktoru İsmayıl İsmayılov, “Qərbi Azərbaycan” qəzetinin baş redaktoru Yaşar Ələkbərov, filologiya elmləri namizədi, Azərbaycan Dillər Universitetində kafedra müdiri Əsgər Zeynalov, filologiya elmləri namizədi Əziz Ələkbərli və başqaları öz xeyir-dualarını verdilər. Bu mərasim böyük, xeyirxah məclislərə gedən yolun başlanğıcı idi…
Son söz: Kitab necə yarandı?
Bir dəfə söhbət əsasında professor Mirəli Seyidovla bərabər elmi rəhbərim olmuş “Respublika” qəzetinin baş redaktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Teymur Əhmədova Nəriman müəllim haqqında bir xeyli söhbət etdim. Təxminən yuxarıda dediklərimdən bir az da geniş. Teymur müəllim hələ söhbət qurtarmamış – bəs nə durmusan, bu barədə bir kitab hazırla, elə mənə söylədiklərini – dedi.
Belə bir xeyirxah ziyalının təklifilə kitab ərsəyə gəldi.
2020-ci il
Əsgər Zeynalov,
Filologiya elmləri doktoru, professor