Mən nikbinliyimi qorumağa çalışaraq hər gün Karl Popperin danlağını xatırlayıram; o deyirdi ki, bütün qüsurlarına baxmayaraq, bəşəriyyət heç vaxt indikindən yaxşı olmayıb. Ancaq etiraf edim ki, nikbin qalmaq mənim üçün get-gedə çox çətinləşir.
Əgər mən rus dissedenti və Putinin tənqidçisi olsaydım, bir restorana ya da dondurma verilən kafeyə getməyə qorxardım ki, məni zəhərləyəcəklər. Bir Perulu (və ispan) olaraq mən ABŞ prezidenti Trampa baxanda da həyəcanlanıram ki, bu məsuliyyətsiz, yarımçıq yetişmiş insan absurd lovğalığı ucbatından nüvə müharibəsinə başlaya və planetdəki ikiayaqlıların çoxunu məhv edə bilər. Ancaq son vaxtlar məni başqa bir şey də sarsıdır – bu, mənim üçün həyatda pessimizdən xilas olmağın yeganə yolu olan ədəbiyyatın yoxa çıxmaq ehtimalıdır.
Ədəbiyyatın həmişə düşmənləri olub. Keçmişdə din qətiyyətlə onu məhv etməyə çalışıb, ona qarşı sərt senzura tətbiq edib və əxlaqa, ortodoksallığa qarşı çıxan yazıçılar, naşirlər üçün tonqallar qalayıb. Sonra bu qorxunc ənənəni davam etdirən totalitar sistemlər olub. Və nəhayət demokratiya – o da öz növbəsində əxlaqi və qanuni səbəblərlə kitablara qadağa qoyub, ancaq burda müqavimət göstərmək, məhkəmələrdə mübarizə aparmaq imkanı var idi.
İndi isə ədəbiyyatın ən qatı düşməni onu maskulizmdən, çoxsaylı qərəz və əxlaqsızlıqdan təmizləməyi tələb edən feminizmdir. Söhbət, əlbəttə ki, bütün feministlərdən yox, ən radikallardan gedir ki, onların arxasında “irticaya, fallokratiyaya dəstək verirsən” ittihamından qorxaraq iflic vəziyyətdə ədəbiyyata və mədəniyyətə tuşlanmış bu hücumları dəstəkləyən geniş sektorlar var. Buna görə də İspaniyada az qala heç kimin cəsarəti çatmadı ki, Pablo Neruda, Xavier Marias, Arturo Perez-Reverte kimi maskulin yazıçıları məktəb proqramından çıxarmağı tələb edən “feminist həmkarlar ittifaqının əmrlərinə” etiraz etsin.
Onların arqumentləri XX əsrdə Varqas Vilaya qarşı imzaladıqları və onun “pornoqrafik kitablarının” qadağan edilməsini tələb etdikləri manifestlərdəki kimi xeyirxahdır. Lap bu yaxınlarda yazıçı Laura Freyşasın “El Pais” qəzetində yazdığı “Lolita” analizində olduğu kimi; müəllif yazır ki, romanın qəhrəmanı arvadının qızına təcavüz edən insestə meyilli pedofildir. (Xanım bircə şeyi yazmağı unudub ki, bu roman XX əsrin ən möhtəşəm əsərlərindən biridir.) Aydındır ki, bədii əsərə bu cür yanaşma qərb ədəbiyyatındakı bütün əsərləri autodafe-yə məhkum etməkdir. Məsələn, bu məntiqlə “Məbəd” romanındakı Dombagöz qarğıdalı qıçasıyla sadəlövh Templin məsumiyyətini korladığı üçün kitab yasaqlanmalı, müəllifi Folkner isə ömürlük həbs olunmalıdır.
Fransada “Qallimard” nəşriyyatı elan etdi ki, işğal dövründə nasistlərlə könüllü şəkildə əməkdaşlıq edən, dəlisov anti-semit yazıçı Lui Ferdinand Selinin esselər toplusunu nəşr edəcək. Mən Selin kimi adama salam vermərəm, amma etiraf edim ki, onun iki romanı – “Gecənin sonuna səyahət” və “Kreditlə ölüm” – məndə çox dərin təəssürat buraxıb, məncə, bu romanlar şedevrdir və Prustdan sonra fransız ədəbiyyatının ən yaxşı nəsr nümunələrindəndir. Selinin esselərini nəşr etmək ideyası elə bir qəzəb dalğası yaratdı ki, naşir layihədən imtina etməli oldu.
Jorj Batay müxtəlif esselərində bu vəziyyəti mükəmməl şəkildə işləyib, xüsusilə də gözəl və narahatlıq doğuran “Ədəbiyyat və şər” kitabında. Bu kitabında o, Freydin təsiri altında belə iddia edir: cəmiyyət naminə ört-basdır edilənlər – dağıdıcı instinktlər, “şər” – yalnız həyatın səthində yoxa çıxır, dərinlərdə və pərdə arxasında isə olduğu kimi qalır. Onlar daim üzə çıxmağa və yenidən varlığın bir hissəsinə çevrilməyə can atırlar. Bu necə baş verir? Ədəbiyyat vasitəçiliyi ilə. Bu həmin vasitəçidir ki, onun köməkliyi ilə insanın gizlindəki bütün günahları və əxlaqsızlıqları yenidən həyata qayıdır; ədəbiyyat onları daha dərindən başa düşməyimizə, hətta müəyyən qədər bütöv şəkildə yaşamağımıza icazə verir, beləcə, insani başlanğıcımızın rüşeym halında olduğu əcdadlarımızın tarixindəki kimi, cəmiyyəti nə dəlixanaya, nə də fasiləsiz qırğınlara düçar etməmək üçün məhv etməli olduğumuz hər şeyi kompensasiya edir.
Batay yazır ki, azadlıq sayəsində müəyyən dövrlərdə müəyyən cəmiyyətlərdə böyük ədəbiyyat mövcud olub və bu ədəbiyyat əxlaqlı vəya əxlaqsız yox, həqiqi, üsyankar, ipə-sapa yatmaz, uydurma, ənənəvi, daha dəqiqi, ölü ola bilər. Dəli köynəyi geyindirilmiş həyatsız və tapmacasız ədəbiyyat bizə içimizdə daşıdığımız bu qorxunc, lənətlənmiş təbiətimizdən çıxış yolu göstərməyəcək, deməli o, həyata keçmək üçün özünə başqa yollar axtaracaq. Nəticəsi hansı şəkildə olacaq? “Şər”in kitablarda yox, siyasi, dini və sosial barbarlığın təqibləri vasitəsilə həyatın özündə üzə çıxdığı cəhənnəm şəklində. Nəticə etibarilə, kitablardakı yanğınlar və qəddarlıq sayəsində həyat daha az vəhşi, daha az dəhşətli olur və sülhpərvər yerə çevrilir, insanlar bir-birlərini zədələmədən və daha azad şəkildə yaşaya bilirlər. Ədəbiyyatın zərərsiz olmasını istəyənlər, əslində, ona nail olmağa çalışırlar ki, həyat dözülməz olsun, Batayın dediyi kimi, şeytanların mələklərdən üstün olduğu əraziyə çevrilsin. Doğurdanmı istədiyimiz budur?
Tərcümə edən: Qismət