Hamı ümidlə gözləsə də, bu il Covid-16-un kölgəsindən xilas olmaq mümkün olmadı. Maykl Rosenin ölümcül vəziyyətə düşməsi, sonra virusdan sağalmasıyla bağlı yazdığı “Çox fərqli sevgi növləri” kitabı, şübhəsiz, pandemiya ilə poetik hesablaşmalardan birincisidir. Rosenin şeirləri komada olarkən ona baxan Milli Sağlamlıq Xidmətinin əməkdaşları tərəfindən yazılmış mesajlarla müşayət olunur. Kitab cəsurdur, ağır xəstə olmağın fəlakətlərini əks etdirir, ancaq həm də ümidverici, həvəsləndiricidir.
İqlim dəyişikliyi böhranı təkan verdi ki, şairlər hamımızın qarşı-qarşıya qaldığı problemlərlə bağlı narrativi dəyişdirmək üçün yeni ifadə axtarışına çıxsınlar. Keyt Simpsonun redaktoru olduğu “Vaxtdan kənar: İqlim faciəsində poeziya” adlı ekologiya temalı antologiya, dinamik, ağrılı, eyni zamanda, ümidverici şeirlərlı dolu olan ilin ən yaxşı kitablarındandır.
Oxşar şəkildə Penelopa Şattlın heyrətamiz “Layoness” kitabı da dənizlər altında qalmış mifik torpaqların, şəxsi itkilərin və ətraf mühitin təsvirini ön plana çıxarır.
Bu il çap olunan iki möhtəşəm debüt kitab fiziki və iqtisadi dislokasiya ilə mübarizə aparır. Holli Pesterin yazdığı “Gülməli zamanlama” kitabı yaşamağın və sağ qalmağın bədəli haqqında komik və kəskin qənaətləri ifadə edir: “Ümid edirəm ki, terapiya realdır, ümid edirəm ki, sağlamlıq üçün xeyirlidir, bahalıdır.”
Viktoriya Kennefikin “Ye, yoxsa ikimiz də ac qalacağıq” kitabı zəngin və ətli-qanlı dil vasitəsilə ac qalmaq, bədən və keçmişlə bağlı dərin fikirlər yürüdür: “Divarı elə yalayıram, elə bil, poçt markasıdır/ sümük dadı verir, bu iyli şəhər.”
Reymond Antrobusun yaradıcı zənginliklə dolu ikinci kolleksiyası “Bütün qoyulmuş adlar” kitabı ailə soyadının tarixçəsini araşdırır – “o qədər qədim ingiliscədir ki, özünə belə yad gəlir.” Kar səs sənətçisi Kristin San Kimdən ilham alan müəllifin bu kitabında səsin səhifədə necə təqdim və təmsil oluna biləcəyini araşdıran heyrətamiz “altyazı şeirlər” də yer alıb.
Rouen Rikardo Filipsin “Canlı silah” adlı kitabı da, eynilə, parlaq narahatlıq və təxəyyül uçuşları ilə zəngin olan zərif axtarışlarla doludur.
Tişani Doşinin kosmik miflərin və dünyəvi zəkanın səxavətli sintezi olan dördüncü kitabı “Qapıdakı Tanrı” zərif cizgiləriylə müdrik və dərindir: “Sən və mən heç vaxt kəpənək olmaya bilərik, ancaq tanıyırıq bir-birimizin zoomorfik əcdadını. Biz başımızı əyirik və döyünməkdə olan gözəgörünməzə çatırıq.”
Ən yaxşı şairlərimizdən olan Yan Dahiqin “Yeni və seçilmiş şeirlər” kitabı onun keçdiyi yaradıcılıq yolunun çox yaxşı xülasəsidir. Bu kitabda şair xilasın hardasa iki qütb arasında olduğunu bilərək, demotik olanla ilahi olanı birləşdirmək bacarığını nümayiş etdirir; onun parlaq yeni şeirləri sübut edir ki, şair hələ də yaradıcı formadadır.
İki parlaq kolleksiya bir daha bizə göstərdi ki, formal ustalıq şeirlərin çağdaşlığına və dərin hissi zənginlikləri ifadə etməsinə mane olmur. Kayo Çinqonyinin ikinci kitabı “Qanın vəziyyəti” təkcə bu ilin yox, istənilən ilin ən cəlbedici və gözəl kitablarından biridir. Şairin musiqini, kədəri və həsrəti birləşdirmək istedadı misilsizdir.
Və Hanna Lounun “Uşaqlar” kitabı Londonda altıncı siniflərə dərs dediyi dövrdən ilhamlanaraq yazılmış sevinc dolu sonetlərdir. Bu kitab öz şəfqətində səxavətlidir və sinifdə, eləcə də sinifdən kənarda öyrənmək ideyasına aşiqdir.
Saymon Armiticin Oksfordda poeziya professoru kimi işlədiyi dövrdə oxuduğu mühazirələrdən ibarət olan “Vertikal sənət: Oksford mühazirələri” kitabında poeziyanın fəzilətləri, eləcə də çatışmazlıqları haqqında fikir yürüdür. O, bəzən gülərüz, bəzən də hirsli mühazirələrində öz inancı izah edir: dil bəşəriyyətin ən qüdrətli aləti, poeziya isə dilin öz potensialını reallaşdırdığı ən yüksək məqamdır.
İlin sevindirici kitabları ən gözlənilməz zövqləri verənlər oldu. Marit Kaplanın “Osebol” kitabı 1945-ci ildən bu yana kiçik bir İsveç kəndinin şifahi tarixini şeirləşdirir. Bu kitab müxtəlif səslər, ötüb keçən mövsümlər, çıxıb gedən insanlar və az qala yoxa çıxan həyat haqqında dərin düşüncələr ifadə edən simfonik bir bütövlük yaradır.
Şimalda yaşayan Mariya Davana Hedlinin etdiyi “Beavulf”un radikal tərcüməsi qədim eposu bu gün üçün əyləncəli nağıla çevirir, belə ki, şair “hwæt” sözünü “Bro!” (qardaş!) kimi tərcümə etməklə, ilk cümləsindən sizin yaxanızdan tutub mətnə çəkir.
Son olaraq Lyuk Kennardın “Forvard” mükafatını qazanmış “Sonetlər haqqında qeydlər” kitabında Şekspiri heç vaxt getmək istəməyəcəyi bir ev partisinə aparır. O, anarxist, oyunbaz və prozaik şeirlər silsiləsi vasitəsilə hamımızı bir-birimizə bağlamalı olan əbədi ehtiyacdan söz açır: “Düşüncələrimin donuq substansiyası dəri olsaydı, onda biz dəriylə örtülü prospekt boyunca yeriyər və ətli-canlı, titrək bir ağacın altında dayanardıq və mən deyərdim ki, bu iyrənc dünyada sən məni tapdın.” Bu bizə xatırladır ki, poeziya necə dünyanı daha iyrənc olmaqdan qoruyur.