Sim-sim.az Zaman Piriyevin şeirlərini təqdim edir.
*****
Fırlanır, zaman tək dəyirman daşı.
Nə qədər buğdanı üyüdüb belə!?
Ürəyi nisgilli neçə ananın,
Dağ boyda dərdini böyüdüb belə.
Təknənin dibində son ümidini,
Daşa vura-vura əridib belə…
Nə qədər körpəni kiridib belə.
Zamanla bərabər dolanıb, gedib,
Soyuq baxışıyla həyat gətirib.
Mənim taleyimdir durub yanında,
Niyə üyüdürsən baxışlarımı.
Gör necə əzirsən daş ovucunda,
Bir darı ömrümün arzularını.
Minlərlə taleyin bədbəxtliyinin,
Üstündə qurulur bir xoşbəxt ömür.
Birisi gəmirir son ümidini,
Birisi hey yığır,dayan, dur demir.
Birinin gözündə dünya acıdır,
Birinin əlində yağ yaxmacıdır.
Biri bənövşə tək yar sinəsində,
Birinə səhərin şehli baxışı,
Bir mehin tumarı dəyməyib hələ.
Biri də gözləyir son ümidinin,
Əlindən nə zaman qurtarıb ölə.
Buna sən neyləyəsən, zaman neyləsin.
Bir yolluq ölməyən güman neyləsin.
İnsanın düşməni elə insandır,
Mərhəmət donunu geyən şeytandır.
İndi şeytanların üzü dəyişib,
Daha buğda ilə aldatmır bizi.
Hiyləsi, yalanı, sözü dəyişib,
İndi boş sözlərlə oynatmır bizi.
Doğrudan yüz dəfə inandırıcı,
Yalanlar uydurur, dastan yaradır,
Əlindən düşməyən qəzəb qılıncı,
Qanlı nəhrlərdən ümman yaradır.
Haqqa divan tutur, qırır belini,
Zülmün hərarətlə sıxır əlini.
Fırlanır zaman tək dəyirman daşı,
Üyüdür ayımı, günümü mənim.
Kəpəyi ayırıb, unu ayırıb,
Beləcə bitirir ömrümü mənim.
Yığıb kisələrə ağı, qaranı,
Belimə yüklərəm öz əllərimlə.
Ömrümə iz salan yaxşı- yamanı,
Bir-bir daşıyaram son mənzilimə.
Fırlanır zaman tək dəyirman daşı,
Bir yandan boşalır, bir yandan dolur.
Tarixin saralmış vərəqlərindən,
Gör neçə yarımçıq ömür boylanır.
Bir sultan önündə boynu qıl olan,
Nəfsinə yenilib qara qul olan,
Nə qədər asilər, üzü dönüklər,
Allahdan qorxmayan gözü dönüklər,
Musalla daşında son duasını,
Əlindən qaçırıb haqq nidasını.
Tələsib təndirə düşən darının,
Alovlar içində bişən darının,
Qəbrini bəxtəvər əllərlə qazıb,
Nakam taleyini daşlara yazıb,
Bir daşı altından, birin üstündən,
Qoyub bağlayıblar hekayəsini.
Əbədi olmayan qara mərmərlə,
“Əbədiləşdiriblər” xatirəsini.
Beləcə fırlanır dəyirman daşı,
Qaçır dalımızca bu zaman daşı.
Bir müdrik qocanın qırışlarında,
Gizlənən kədərdi, qəhərdi dünya.
Olumla ölümün yarışlarında,
Yorulub tər tökən kəhərdi dünya.
Dilinin altında qənd kimi şirin,
Nağıllar uydurub satanı gördüm.
Qəflətdən məst olub, daş yuxusunda,
Pərqular içində yatanı gördüm.
Əcəldən xəbərsiz yaşayan da var,
Cəhənnəm odunu öz əlləriylə,
Xəbis niyyətiylə, əməlləriylə,
Soyuq məzarına daşıyan da var.
Doğulduq, yaşadıq, öldük, vəssalam!
Bəlkə ömrümüzdən keçən bir andır.
Bəlkə ölmüş idik doğulmamışdan.
Bəlkə hər gələn gün keçən zamandır.
Bu qədər qarışıq yolun içində,
Başımı itirib tapa bilmirəm.
Boynumu qılıncım vurur yenə də,
Amma bədənimdən qopa bilmirəm.
Şübhəli qurd kimi üz-üzə yatan,
Dünyanın sevinci, kədəri varmış.
Əlinin altında oymaq oynadan,
Həyatın özü də demə bezarmış.
Aldığı yaralar, dağ döşündədir,
Dəyirman daşının dərdi bir yığın.
Fırlanır, dayanmır, öz işindədir,
Çax-çaxı başımı aparıb yəqin.
…
*****
Ömrümün çiçəkli, güllü yazını,
Uçurdu quş kimi yellər apardı.
Bəxtəvər günlərin şirin nazını,
Qatıb qabağına sellər apardı.
Biz də böyüyürdük kədərdən uzaq,
Qüssədən, qayğıdan, qəhərdən uzaq,
Beləcə yaşardıq dərd-sərdən uzaq,
Aldı əlimizdən illər apardı.
İzlədi taleyim hər yerişimi,
Səbrlə gözlədim, sıxdım dişimi,
Titrəyə-titrəyə ilk öpüşümü,
Yağışdan islanan tellər apardı.
Qaya inadımı, dağ vüqarımı,
İnsana sevgimi, iftixarımı,
Əhdimi, sözümü, etibarımı,
Ağ yalan danışan dillər apardı.
Bu dünya zalımı taxta mindirib,
Namərdin əyninə don geyindirib,
Məzlumun boynuna qılınc endirib,
Sonra məzarına güllər apardı.
Sevincim at üstdə, mənsə piyada,
Hey qaçdım dalınca, durmadı o da,
Ruzi-bərəkəti, xeyri dünyada,
Harama uzanan əllər apardı.
Güvənmə, dönükdür həyatın üzü,
Əyər qabağında, sındırar düzü,
El üçün ağlayıb kor olan gözü,
Ağlada ağlada ellər apardı. …
*****
Arzuların baş daşı
Nə vaxtdır əlinə dəymir əllərim,
Nə vaxtdır gözünə baxa bilmirəm.
Səndən uzaqlaşır sənsiz illərim,
Bu sirli quyudan çıxa bilmirəm.
Yanına gəlməyə qanadım yoxdur,
Gözünü yollarda qoymamalıydım.
Bəlkə də sevgidə inadım yoxdur,
Sənin göz yaşına qıymamalıydım.
Bu acı taleyə yas saxlayacam,
Qaralar geyəcəm ölənə kimi.
Sənin xəyalını qucaqlayacam,
Ayrılıq qatarı gələnə kimi.
Nə tez xəzan oldu ömrümün yazı,
O günlər geriyə qayıda bilmir.
Bu dəniz sahilə qalıb tamarzı,
Hirsini qayalar soyuda bilmir.
Payızda bir ağız ötən quşların,
Nəğməsi son bahar vidası imiş.
Sırayla düzülmüş baş daşıları,
Bitmiş arzuların nidası imiş.
Qəlbimin arzular qəbristanı
Dünya coşub-daşan ümman kimidir,
Hər ömür orada üzür gəmi tək.
Arzular, xəyallar yelkən kimidir,
Yaşayır insanla son mənzilədək.
Əlimlə gömmüşəm neçə arzumu,
Qəlbimin ölülər qəbristanına.
Taleyim söndürüb ürək odumu,
Atıb kimsəsizlər xiyabanına.
Demə qəbristanın dərdi böyükmüş,
İlahi, bu dərdi necə daşıyım.
Bir damla göz yaşı ürəyə yükmüş,
Ağlaya-ağlaya necə yaşayım.
Taledən min yara, xətər almışam,
Daha mən kiminlə ülfət bağlaram.
Bahar buludundan betər olmuşam,
Səni düşündükcə, sənsiz ağlaram.
Heyif…
Uçurub əlindən səadətini,
Sonra qəm-qüssəyə dalana heyif!
Gizləyib içində məhəbbətini,
Canını odlara salana heyif!
Qısılıb dinməzcə həya, arına,
Səpib göz yaşını intizarına,
Tüpürüb dünyanın etibarına,
Namərddən kamını alana heyif!
Axtarıb yollarda izi yorulan,
Dilində nəğməsi, sözü yorulan,
Vəfasız sevgidən gözü yorulan,
Gecələr bulud tək dolana heyif!
Fələklər çevirib yerdə taxtını,
Göylərdə arayıb qızıl baxtını,
Verib nadanlara çiçək vaxtını,
Bir otaq küncündə solana heyif!
Bircə gün qoymayıb baş sinəsinə,
Sevincdən axmayıb yaş sinəsinə,
Bir gün məzarının daş sinəsinə,
Sarılıb saçların yolana heyif!
Bilirik qədrini yaşa dolunca,
Çəkirik acısın ömür boyunca,
Nakam taleyinin baxıb dalınca,
Ağlaya-ağlaya qalana heyif!
*****
Bir həsrətin yağışında,
Ümid dolu baxışında,
Bir sevginin qarğışında,
Bitən ömrüm.
Bir cüt gözün qarasında,
Bir ürəyin parasında,
Xatirələr arasında,
İtən ömrüm.
Sinələri dağlamağa,
Qaraları bağlamağa,
Beş dəsmalla ağlamağa,
Yetən ömrüm.
Ağrılara, acılara,
Qəfil tutan sancılara,
Qəribsəmiş arzulara,
Vətən ömrüm.
Sevincimə alışmayan,
Xoş günlərə qarışmayan,
Kitablara sığışmayan,
Ötən ömrüm.
İlıq günün güdazında,
Üşuyərək yel ağzında,
Pöhrələnib payızında,
Bitən ömrüm.
*****
Yaxın durma, yoluxdurar canımı,
Bu sevginin nəfəsindən qorxuram.
Dünya mənə zindan olub görürsən,
Qıyma mənə, qəfəsindən qorxuram.
İnanaram, yıxar məni gerçəyin,
Yıxılmışdan de budurmu istəyin.
Küləklərin sovurduğu çiçəyin,
Ümidlənən həvəsindən qorxuram.
O gün qəfil baxışımız isindi,
Dedim, ürək, bu qədəri bəsindi,
Nə biləydim, bu necə bir tilsimdi,
Gözlərinin tələsindən qorxuram.
İçin-için xəyallarım sızıldar,
Öz özümə deyəcək çox sözüm var.
Çiynim yara, belim bükük, əl qabar,
Gücüm çatmaz, şələsindən qorxuram.
Qəsd eləyib bilə-bilə öldürən,
Göz yaşını silə-silə öldürən,
Yavaş-yavaş, gilə-gilə öldürən,
Məhəbbətin beləsindən qorxuram.
Sevən qəlbin yarasına bələdəm,
Baş fırladan havasına bələdəm,
Mən ki, ürək yanğısına bələdəm,
Tez alışıb sönməsindən qorxuram…
Könlüm olub xoş bir sözə tamarzı,
Necə qalım taleyimdən narazı.
Bu atəşin bəs eləyər bir azı,
Ürəyimin naləsindən qorxuram.
Atalar ağlamaz, atalar sınar
Övladın əlinə tikan batanda,
Ana ürəyinə od vurub yaxar.
Təmkinli davranıb, sakit dursa da,
Atanın göz yaşı ürəyə axar.
Ananın gözləri oğul boyunda,
Ömründən min dəfə pay verər ona.
Lap belə yaşasa şah sarayında,
Qoynunda yer edər gecələr ona.
Bir oğul böyüyür arzular kimi,
Atanın zəhmli baxışlarında.
Açıb deyə bilmir ürək sirrini,
Gizlədir üzünün qırışlarında.
İlk eşqin havası gəlib çatmadan,
Analar toy edər, gəlin gətirər.
Nə qədər xəyallar qurar yatmadan,
Hər şeyi yüz dəfə qoyar, götürər.
Dünyanın yükünü alıb çiyninə,
Övladın ömrünü gülə döndərər.
Yağışı, soyuğu almaz eyninə,
Ata gəncliyini külə döndərər.
Övladın səhvini görəndə ana,
Özünü danlayar, özünü qınar.
Dözər ağrısına, yanar oduna,
Atalar ağlamaz, atalar sınar.
*****
Sarsılmaz bir inadla,
Bir qırıntı çörəyi
Daşıyan qarışqanın,
İnamına heyranam.
Aşıb maneələri,
Kiçicik bir ümidlə
Yaşayan qarışqanın,
Yaşamına heyranam.
Yükü tale yüküdür,
Şələsi dağdan ağır.
Gah yıxıla, gah dura,
Hara gedir bu fağır?!
Nə nəfəsin minnəti,
Nə yolun əziyyəti,
Kəsə bilməz yolunu.
Qıra bilməz qolunu.
Bir qarışqa sevinci,
Bu dünyaya sığışmaz.
Nə küsməz qədərindən,
Nə zülmətlə barışmaz.
Yoluna işıq salan,
Sabahların nurudur.
Həqiqətlə yoğrulan,
Bu yol haqqın yoludur.
Məşəqqətlər önündə,
Yorulub sınıq düşən,
Bir-birini öldürən,
Bir-biriylə didişən,
Qardaşının malına,
Tamah salan zavallı,
Bir qarın çörək üçün,
Kölə olan zavallı,
Yenə insan oğludur.
Yükünü başqasına,
Yükləməkdən zövq alan,
Zəifin göz yaşını,
Axıtmaqdan şövq alan,
Yenə insan oğludur.
Atəşlərə yanan da,
Həm yaxşı, həm yaman da,
Özünə qənim olan,
Taxt-tac savaşında,
Atasının başını,
Əliylə qoparan da,
Düşmənə aparan da,
Zəfər təntənəsində,
Öz nəfsinə yenilən,
Bir zifaf gecəsində,
Xəyanətə uğrayan,
Al qanına bələnən,
Yenə insan oğludur.
Qan qoxusu bürüyüb,
Ədalət salonların.
Canavarlar əlində,
Taleyi milyonların.
Bəşərə bax, İlahi,
Zülmə boyun əyməyən,
Rəzalət köynəyini,
Mütiliklə geyməyən,
Haqq söyləyən dilləri,
Bir gün dilindən asar.
Şakərə bax, İlahi,
Ömür boyu yalanla,
Oğurluqla, talanla,
Toplayıb düzəltdiyi,
İllərlə bəzətdiyi,
Qızıl teştə qan qusar.
Bir qarışqa ordusu
Sıralara düzülüb.
Neçə belə ordular
Ayaq altda əzilib.
Mənzilinə yetməyə,
Son nəfəsi yetərmi?
Məzarına getməyə,
Son nəfəsi yetərmi?
Görən ömür bitərmi?
Bəlkə hər şey hədərdir?
Bu da belə qədərdir,
İnsanlığın süqutu
Sərhədlərdən başlayıb.
Əlinə daş götürən,
Qardaşını daşlayıb.
İki qardaş yad olub,
Araya çəpər çəkib,
Nifrət bir gün od olub,
Qəlblərə sipər çəkib.
Bu qara qarışqanın,
Vətəni varmı görən?
Çəpərin o tayında,
Bitəni varmı görən?
Bir qarışqa sevinci,
Azadlığın dadıdır.
Sənin, mənim olmayan,
Bu dünyanın adıdır.
*****
Görməyi öyrətdi gözlərin mənə.
Orda yalanların yüzünü gördüm.
Ağ ilə qaranın, xeyirlə şərin,
Sevgiylə nifrətin özünü gördüm.
Mənimçün hər şeyin bir rəngi vardı,
Hər yerdə bağçalar çiçək açardı.
Bir gün ayrılığın tufan qopardı,
Onda bu dünyanın üzünü gördüm.
Dənizlər coşardı qayalar üçün,
Ümidlər yaşardı xəyallar üçün,
Sən məni tərk etdin dünyalar üçün,
Ayıldım, yuxunun düzünü gördüm.
Bəlkə də bu həsrət məni yaşatmaz,
Ürəyim qəmini heç vaxt boşaltmaz,
Deyirdim taleyim mənə daş atmaz,
Fələyin çevrilən gözünü gördüm.
O gün çiçəklərin xəzan çağıydı,
Gecələr elə bil qəm ortağıydı,
Bülbülün nəğməsi sanki ağıydı,
Yaralı qəlbinin közünü gördüm.
Döyüşdüm illərlə sevda başımda,
Yenildim, əzildim hər savaşımda,
Özümə qoyduğum məzar daşımda,
Oxudum, ayrılıq sözünü gördüm.
*****
Bu mənim yazımdır, tale yazısı,
Burax əllərimi çıxım gedim mən.
Göynədər nə vaxtsa səni acısı,
Onda göz yaşların axar sinəndən.
Bu ah da sənindir, günah da sənin.
Daşı günahını, çək günahını.
Sən görə bilmədin çarəsiz eşqi
Sevgi nəğmələrin sinəndə qaldı.
Qayıtmaz bu istək, daha çox gecdi,
Bir zərrə ümid də dünəndə qaldı.
Sabah da sənindir, günah da sənin.
Daşı günahını, çək günahını.
Mənim ümidlərim çiçək açanda,
Soyuq baxışların xəzan gətirdi.
Mənim məhəbbətim işıq saçanda,
Sənin ayrılığın duman gətirdi.
Eyvah da sənindir, günah da sənin,
Daşı günahını, çək günahını.
Yollar acığını gözümdən aldı,
Gedənlər qayıtdı, sən qayıtmadın.
Saçının tumarı əlimdə qaldı,
Yaralı könlümü heç ovutmadın.
Silah da sənindir, günah da sənin,
Daşı günahını, çək günahını.
Axtardım, tapmadım eşqi, ülfəti,
Bitirdim bir gülün ömrünü səndə.
Ayrıldıq, ayırdıq bu məhəbbəti,
Acı məndə qaldı, şirini səndə.
Tamah da sənindir, günah da sənin,
Daşı günahını, çək günahını.
…
*****
Bu sevgidən söylə mənə nə qaldı,
Sızıldayan yarasından savayı.
Bir gecədə dünya yaman daraldı,
Həsrətinin yuvasından savayı.
Ürəyimin közü mənə əmanət,
Qan ağlayan gözü mənə əmanət,
Bu yolların izi mənə əmanət,
Təkcə xeyir-duasından savayı.
Hər kədərin üzü mənə tanışdı,
Acılarım göz yaşıma qarışdı.
Yazıq könlüm hər havaya alışdı,
Ayrılığın havasından savayı.
Çıxıb getdin, mənə qaldı bu kədər,
Sevincini daddı hansı bəxtəvər?!
Başqa bir şey yandırmadı bu qədər,
Əllərinin xınasından savayı.
Dünyanın ağıl dişi
Dünyanı qocaldıb asmaq istədik,
Bir gün qurduğumuz dar ağacında.
Taladıq, daşıdıq, əzdik, sömürdük,
Qoymadıq bir dənə bar ağacında.
Hər gün bostanına daş ata-ata,
Qurutduq suyunu, kəsdik arxını.
Hər gün günahlara biz bata-bata.
Çevirdik yönünü, əydik çarxını.
Axirət tarlası əkən zavallı,
Əkdiyin arpadan nə gözləyirsən?
Var-dövlət dərdini çəkən zavallı,
Bu yırtıq torbadan nə gözləyirsən?!
Dünyadan kamını alan sevinir,
Almayan qarğayır, söyür dalınca.
Beş günlük sevincə dalan sevinir,
Dalmayan vəfasız deyir dalınca.
Çoxumuz oturub elçi daşında,
Gözlədik bir ömür bitənə kimi.
Qan ilə yazdığı qan yaddaşında,
Bir gün unudulub itənə kimi.
De, kimə yar olub, əlindən tutub,
De, kimi bir gecə alıb qoynuna?
Bu qanlı savaşda kimlər uduzub,
Kimləri aldadıb salıb oyununa.
Dolaşıb kələfin içində həyat,
İzini tapmıram bu nəsnələrin.
Könlüm narahatdır, yaman narahat,
Dünya ağıl dişi çıxardır yəqin.…
*****
Həsrət acısını dadandan bəri,
Şirin nədir, şəkər nədir bilmirəm.
Bu yükü çiynimə alandan bəri,
Bekar nədir, nökər nədir bilmirəm.
Nə biləsən sənsiz necə şişmişəm,
Yana-yana alovlanıb bişmişəm,
Dərd əlindən elə günə düşmüşəm,
Axşam nədir, səhər nədir bilmirəm.
Kaş görəydin bu divanə halımı,
Bu ayrılıq necə qırıb qolumu,
Biganələr elə kəsib yolumu,
Bircə kəlmə xəbər nədir bilmirəm.
Xəzan oldu baharımı itirdim,
Xoş ülfəti, tumarımı itirdim,
Dözə-dözə qərarımı itirdim,
Bundan belə təpər nədir bilmirəm.
Dəli könlüm neçə yerdən dağlanıb,
Yara tutub, qaysaq olub, çuğlanıb,
Sən gedəndən basaratım bağlanıb,
Sevinc nədir, kədər nədir bilmirəm.
*****
Yağış yağır…
Pəncərəmdən baxışımı yuyur yenə,
Yağış yağır…
Susuzluqdan cadar olmuş bu yolların,
Vüsalına ilk qovuşan damlaların,
Alqışını yuyur yenə.
Yağış yağır…
İlk məhəbbət gecəsində,
Sevgimizə nur çiləyən
Yağışımı yuyur yenə.
Yağış yağır…
Küçələrdən neçə gözün intizarı,
Neçə qəlbin şirin-şirin arzuları,
Bax beləcə yuyularaq bir çay olur,
Göy Xəzərə tökülür.
Bax beləcə ağ qanadlı arzular da,
xəyallar da boğulur.
İçin-için inləyərək,
bu soyuqdan göyərərək,
Xəzər olur.
Yağış yağır…
Dil ucunda veyillənən,
Ürəyimdə düyünlənən,
O gün deyə bilmədiyim,
Sözlərimi demək üçün.
Bir cümlədə kəkələyən,
mübtədamın,
Xəbərini demək üçün.
Yağış yağır…
Göz yaşı tək,
Süzülərək,
ürəyimdən axıb gedir,
Sevgi dolu damcıları
Səssizləşən küçələrlə,
Vidalaşır,
Bir dəfəlik çıxıb gedir.
Yağış yağır…
Ağır-ağır mürgüləyən
Bu şəhərin
Üz-gözünü yumaq üçün.
Gecələri oyaq qalan,
Sonra bir div yuxusundan
Ayılmayan bu səhərin,
Üz gözünü yumaq üçün.
Hər küçədən xatirələr
Bir birinə qovuşaraq,
Üzür yağış sularında.
Sevincimiz, kədərimiz,
Bir birinə qoşularaq,
Gəzir yağış sularında.
Nə bu gecə, nə bu səhər,
Nə bu küçə, nə bu şəhər,
Saxlamadı xatirəmi,
Nə bu yağış,
Çox sevdiyim nə o baxış,
Qorumadı xatirəmi.
Aramızda hər nə varsa,
Bu yağışla çıxıb getdi.
Dünya boyda pəncərəmdən,
Məhəbbətim baxıb getdi.
*****
Sıxır gözlərini qara buludlar,
Ağlayıb təmizə çıxır yağışla.
Göylərin torpağa saf məhəbbəti,
Ülfətə çevrilib axır yağışla.
Torpağın bətninə düşər damcılar,
Üzünə toxunar vüsal nəfəsi.
Tutar yavaş-yavas onu sancılar,
Doğular bu eşqin yeni meyvəsi.
Bizim taleyimiz torpağa bənzər,
Ölərik yenidən dirilmək üçün.
Həyat kotan kimi ruhumu əzər,
Şumlayar torpağa çevrilmək üçün.
Bir ömür içində neçə ömür var,
Adəmdən bu yana iç-içəyik biz.
Bəlkə yaşayıblar bizi nə vaxtsa,
Bəlkə başqa adla öləcəyik biz.
Quruyub çör-çöpə dönür arzular,
Başqa bir sinədə doğulanadək.
Ulduz tək parlayıb sönür arzular,
Üfüqdə yenə də doğulanadək.
Tutar əllərimdən taleyim mənim,
Ayağa duraram yıxılmaq üçün.
Çoxdan qabar tutub ürəyim mənim,
Ağlaram saflaşıb durulmaq üçün.
Ələdim ömrümü görüm nə qaldı,
Yaxşıdan yamandan nəyim var mənim.
Axtara-axtara səbrim qocaldı,
Sən demə boş qalan əlim var mənim…
*****
İslandı fikrimin üst-başı tamam,
Bu qəfil yağışı gözləməmişdim.
Üşüdü dilimdə bu son əlvidam,
Mən belə qarğışı gözləməmışdim.
Sənin ki, əllərin soyumazdı heç,
Bu eşqin odunu kimə ötürdün?
Mənim arzularım uyumazdı heç,
Bu ömrü yarıda niyə bitirdin?
Daş olub yolumu kəsər ayrılıq,
Yüz ilin başında qovuşmaz daha.
Bu cür ayrılıqdan bezər ayrılıq,
Od tutub sinəndə alışmaz daha.
Bizə şahid olan buludlar hanı,
Bəlkə yağış olub yağıb çöllərə?
Məni şamsız qoyan umudlar hanı,
Görən nəğmə olub hansı dillərə?
Bu inad, bu tərslik nə idi səndə,
Son sözü deməyə niyə tələsdin?
Sən ki, danışmazdın yeri gələndə
Nə oldu, bir anda kükrəyib əsdin?
Tərslikdən yağış da şıdırğı idi,
Yaman tələsirdi ayırsın bizi.
Tərslikdən axşamın şər çağı idi,
Zaman tələsirdi ayırsın bizi.
Bəhanə axtarıb tapa bilmədim,
Bir azca yolları uzada bilim.
Lal olmuş dilimi çırpa bilmədim,
Bəlkə bu yuxudan oyada bilim.
Sən getdin yağış da dayandı, durdu,
Axşamın şəri də qovuşdu getdi.
Yollar da min cürə bəhanə qurdu,
Dilim də sinəmdə alışdı getdi…
*****
İçimdə sönməyən bir duyğu vardır,
Alar bu dünyadan götürər məni.
İçimdə sönməyən bir duyğu vardır,
Yanar alov-alov, bitirər məni.
Səsimi, ünümü sorağa salar,
Gözümün yaşını yanağa salar,
Qırar qürurumu ayağa salar,
Nadan qapısına gətirər məni.
Küləklər apardı səadətimi,
Qopardı sinəmdən cəsarətimi,
Gümana bağlayıb məhəbbətimi,
Sonra dərd içində itirər məni.
Qısılıb köksümə qorxularım da,
Sığınıb yaşayar ağrılarımda,
Hüzünlü gecənin yuxularında,
Yarın vüsalına yetirər məni.
Bu eşqin nəfəsi dəyən yerlərə,
Könlüm güzar edər gündə min kərə,
Kəsər nəfəsimi göz görə-görə,
Bir gün o dünyaya ötürər məni.
*****
Ruhunu şeytana satanda insan,
Tamam başqalaşır, başqa cür olur.
Ruhsuz bədən kimi, ölü daş kimi,
İllərlə əyindən çıxarılmayan,
Üfunət qoxulu bir nimdaş kimi.
Gözünün içindən başqa göz baxır,
Görülə biləni görməmək üçün.
Həqiqət süfrəsi açıq olanda,
Yalanla qarnını doydura bilir,
Haqqın ayağına gəlməmək üçün.
Ruhunu şeytana satanda insan,
Abırdan, həyadan, ardan utanmır.
Dönür Allahından, dindən, imandan,
Onu var eləyən Vardan utanmır.
Həyatın ağ-qara rəngini görüb,
Qəlbinin içi boş rəngsizliyini,
Başqa boyalarla boyaya bilmir.
Səmanın, günəşin, göy dənizlərin,
Yaşıl meşələrin, eşsiz düzlərin,
Ruhunu hiss edib yaşaya bilmir.
Ruhunu şeytana satanda insan,
Vicdanın səsini eşitmir demək,
Ruhun naləsini eşitmir demək.
Nəfsinin önündə qara qul kimi,
Əyilib ikiqat olur həmişə.
Vəfalı bir yarın təmiz eşqini,
Əlində oynadır saxta pul kimi.
Şübhələr qurd olub yeyir ömrünü,
İçində yurd salır ölüm təşvişi.
Haphamar yollarda bezir, yorulur,
Azır dalanlarda cılız yerişi.
Ruhunu şeytana satanda insan,
Bir quru kötük tək vətənsizləşər.
Qaçar keçmişindən, qopar kökündən,
Elə bil gorunda kəfənsizləşər.
Asılıb havadan qalar beləcə,
İçi boş müqəvva olar beləcə.
Torpağın nəfəsi isitməz onu,
Soyuq baxışları qılınc tək kəsər.
Ruhunu şeytana satandan bəri,
Küləklər qəlbinin içindən əsər.
Ruhsuz cəsədlərin içində yadam,
Hayqırsam səsimi eşidən olmaz.
Bu ölü şəhərdə yoxmu bir adam,
Çağırsam hay verib kimsə oyanmaz.
Bir zaman bu yerdə adamlar vardı,
Bədənlər içində ruhlar yaşardı.
Sonra müharibə, aclıq, səfalət,
Bir az da nadanlıq, bir az cəhalət,
Şeytan bazarına fürsət gətirdi.
Ruhunu satmağa razılaşanda,
Dəyərsiz malına qiymət gətirdi.
Nanəcib adamlar, dibsiz adamlar,
Əl açıb dilənən cibsiz adamlar,
Qeyrəti tullayan qeyri ət kimi,
Peysəri yoğunlar, ensiz adamlar,
Axışdı hər yerdən ruh bazarına.
Yoluxdu çoxusu pul azarına.
Ruhsuz bədənlərin üfunət iyi,
Müxənnəs şəhərin xəyanət iyi,
Qovdu adamları şəhərimizdən,
Yox olub getdilər səhərimizdən.
Adəmdən adama gələn yol itdi,
Həsədin, kibirin burulğanında.
Ədalət qapısı qaldı kilidli,
Zülüm yuvalandı şah sarayında.
O gündən ən təmiz, yaxşı adamlar,
Ən yaxşı atlara minib getdilər.
Ruhunu şeytana satmamaq üçün,
Şeytanı savaşda yenib getdilər.…
*****
Üz tutub getməyə yer də qalmadı,
Qapılar bağlandı yalan üzündən.
Yollar əyri-üyrü, yollar qarışıq,
Əllərim boşaldı güman üzündən.
Fikirlər yarımçıq, sözlər haçalı,
Gəlib nöqtələrdə dayana bilmir.
Dilimdə həqiqət susur, qocalır,
İçimdə vulkanlar oyana bilmir.
Bəlkələr aldadıb yordu ömrümü,
İnanıb min dəfə yoldan qayıtdım.
Yalanlar ilan tək sardı ömrümü,
Özümü özümdən yaman soyutdum.
Bu yol ayrıcında xeyir də, şər də,
Dartar taleyimi hərə bir yana.
Nə vaxtsa bu yoldan keçib bəşər də,
Biri ağlayaraq, biri şadyana.
Daşların ağına, qarasına bax,
Yolçunun taleyi gizlənir onda.
Hələ bir bu daşın yarasına bax,
Görən nə cür dərddi közlənir onda.
Gəzirəm qapqara daşlar içində,
Ömrümü, günümü haraylayıram.
Bu qədər bəlalı başlar içində,
Mən də öz başımı soraqlayıram.
Bu kədər, bu nalə, bu ah tanışdı,
Ana laylasında duymuşam onu.
Dünyanın hər üzü qırış-qırışdı,
Bir-bir əllərimlə oymuşam onu.
Məzarın ürpədən səssizliyindən,
Nə qədər nigaran baxışlar baxır.
Ümid təslim olub gücsüzlüyündən,
Üstünə şıdırğı yağışlar yağır.
Soyuq əllərini burax yaxamdan,
Mənim əzab şerim, bəlalı şerim.
Acı bir xatirə yazma arxamdan,
Məni dərdə salan sevdalı şerim.
*****
Göydə bir ağ bulud var,
Ağ qalaya bənzəyir.
Hər tərəfi bəyaz qar,
Himalaya bənzəyir.
Göylə yer arasında,
Rahat uzanıb yatıb.
Küləklərlə yarışıb,
Zəfər qazanıb yatıb.
Çətir tutub dağlara,
Sərinlədib döşünü.
Yaylaqdakı çobanın,
Rahatladıb işini.
Göydə bir ağ bulud var,
Ağ göyərçin kimidir.
Yapış qanadlarından,
Bircə əlçim kimidir.
Ağ bayraqlı buludlar,
Sülh diləyir dünyaya.
Bütün gecə boyunca,
Keşik çəkir səmaya.
Dağıl vətən boyunca,
Yağış olub yağ bizə.
Salam apar doyunca,
Savalana, Təbrizə.
Qoy yurdumun dağları,
Dərdə vətən olmasın.
Çəksin qara buludlar,
Ünüm yetən olmasın.
Məzarı boyda olan adamlar
Ömrümün qırxını verib qurtardım,
İndi unudulmaq zamanı gəldi.
Ağladım, sızladım gəncliyim üçün,
Əlvida deməyin son anı gəldi.
Qaralar bağladım, yasa büründüm,
Əlimi havada qapdı ayrılıq,
Gəlib hardan məni tapdı ayrılıq.
Kimə ürək açım bu dar ayaqda,
Qırx yaşın içində qaldım nagüman.
Hardasa uzaqda, lap çox uzaqda,
Bir cüt göz ağlayır məndən nigaran.
Uşaqkən sayardım hər keçən günü,
Cavab axtarardım çox suallara.
Daşlara yazardım gizli sevgimi,
Əlim çatmayanda xam xəyallara.
Kölgəmlə yarışıb məğlub olanda,
Hər gün boy atardım bir darı boyda.
Sevgimdən alışıb qəlbim yananda,
Böyümək istərdim, bizi ayıran,
Həsrətin ucalan hasarı boyda.
İçində atəşlər yanan gözlərim,
Ağlayır uzaqda bu halım üçün.
Bir eşqin yolunda dolan gözlərim,
Yamanca darıxır vüsalım üçün.
Məni bu yaşımda öldürən illər,
Ömrümü əzaba sevdirən illər,
Ayrılır, tək-tənha qoyur dünyada,
Məni öz taxtımdan endirən illər.
Məzarları boyda olan adamlar,
Doğulur dünyanın qəbristanında.
Kəfəni boynunda, ipi əlində,
Yaşayır bir ömür qorxu canında.
Vətənim hardadır, evim hansıdır,
Bitdiyim torpaqmı, içdiyim sumu?
Gözümü dikdiyim göyüm hansıdır,
Görən bu dünya da boş xəyaldımı?
Hər məzar üstündə bir vətən daşı,
Mismar tək mıxlayır torpağa bizi.
Beləcə torpağın hər vətəndaşı,
Vətənə çevirir çəməni, düzü.
Bir qarış vətənəm, suyu, torpağı,
Qırx ildir çiynimdə daşıyıram mən.
Tərki-dünya olub dərviş sayağı,
Kiçik vətənimdə yaşayıram mən.
Mənim günəşim var, mənim ayım var,
Qəlbimi ikiyə bölüb ayıran,
Qan ilə doyurulmuş Araz çayım var.
Köksümə dağ basan Savalanam mən,
Təbrizəm, Göyçəyəm, həm Qarabağam,
Dərdi öz içində qocalanam mən.
Sən ey dərd əlindən qovrulan ürək,
Dünyadan ədalət gözləmə daha.
Ümidsiz yollarda yorulan ürək,
Zalımdan mərhəmət gözləmə daha.
Sıyır qəzəbini qınımdan artıq,
Püskür vulkan kimi bağrımdan artıq.
Dilim qələm olsun, fikrim mürəkkəb,
Qırılsın zəncirlər qolumdan artıq.
Qırxıncı otağın sındı tilsimi,
Qırx arşın quyunun dibinə çatdım.
Yaşadım bir ömrü lap nağıl kimi,
İçimdə nə qədər ümid yaştdım.
Əlim ətəyimdən uzun görsənir,
Taleyin çəkdiyi rəsmlərində,
Həmişə kədərli üzüm görsənir,
Özümə yazdığım şerlərimdə.
Bu kədər, bu ahla yaşamaq olmur,
Daha özümüzdən soyumuşuq biz.
Nə də bu kədəri boşamaq olmur,
Qırx il bir yastığa baş qoymuşuq biz.
*****
Ürək dözməyəndə ağrı-acıya,
Gözün imtahanı çətin olurmuş.
Həsrət dirəşəndə daşa-qayaya,
Dizin imtahanı çətin olurmuş.
Ayrılıq uzanıb ilə dönəndə,
Kədər də böyüyüb filə dönəndə,
Ürək yana-yana külə dönəndə,
Közün imtahanı çətin olurmuş.
Köksünə min cürə yara çəkilən,
Əzəldən taleyi qara çəkilən,
Dərisi soyulan, dara çəkilən,
Düzün imtahanı çətin olurmuş.
Hər tərəf qaranlıq, hər tərəf duman,
Olanlar təsəlli, qalanlar güman,
Bağlı qapılarda əlacsız qalan,
Üzün imtahanı çətin olurmuş.
Yaralar göynədər ömür ötəndə,
Yiyəsiz mal kimi azıb itəndə,
Yolunun üstündə tikan bitəndə,
İzin imtahanı çətin olurmuş.
Günəşə yalvarıb göz yaşı tökən,
Torpaqla əlləşən, belini bükən,
Hər açan çiçəyin nazını çəkən,
Yazın imtahanı çətin olurmuş.
Həqiqət yolunda vursa ürəyin,
Haqqın sahibindən gələr köməyin,
Namərd süfrəsində haram çörəyin,
Duzun imtahanı çətin olurmuş.
Yerini bilməyən nadan önündə,
Şeytanla yarışan insan önündə,
Zülüm divanında, sultan önündə,
Sözün imtahanı çətin olurmuş.
Dünya ilə söhbətim
Dünya, pəncərəmdən nə boylanırsan,
Axı nə gəzirsən bu boş içimdə?
Ürəkmi, könülmü, yoxsa ümidmi?
Köksümə sıxmışam bir daş içimdə.
Qürurmu, qəzəbmi, yoxsa inadmı?
Tapdanıb, qırılıb zərif buz kimi,
Bir nadan yolçunun ayaqlarında.
Sevincmi, sevgimi, bir cüt qanadmı?
Anidən parlayan bir ulduz kimi,
Yox olub göylərin uzaqlarında.
Boylanma içəri, uzaqlaş daha,
Baxmağın haramdır, məhrəmin deyil.
Yazıqsan, özünü salma günaha,
Bu aləm heç sənin aləmin deyil.
Bir kiçik cığıra möhtac olanda,
Üzümə baxmadın dərdimi deyim.
Qarşımda keçilməz yamac olanda,
Yoluma çıxmadın dərdimi deyim.
Yarımçıq quranda xəyallarımı,
Dolanbac ömrümə işıq tutmadın.
Cavabsız buraxıb suallarımı,
Vecinə almadın, çarə tapmadın.
Saf idim, inanıb tora ilişdim,
Çəkib çıxarmadın bu tordan məni.
Sonuncu qatarı çox gözləmişdim,
Bəs niyə düşürdün qatardan məni.
Qaldım baxa-baxa mən boynu bükük,
Vağzalın adamsız döngələrində.
Cibim boş, qarnım ac, dərdimsə böyük,
Tək qaldım Bakının küçələrində.
Daha illər ötüb, hirsim soyuyub,
Burax, çıxım gedim gedər gəlməzə.
Əllərim qoynumda çoxdan uyuyub,
Bir də könül verməz qədir bilməzə.
Ey insan ovçusu, adam qəssabı,
Burax, öz xoşumla içimdən çıxım.
Bir quru canım var, olsun insafın,
Burax, adam kimi küncümdən çıxım.
Ruhumu göylərə əmanət edim,
Yorulmuş durna tək köçümdən çıxım.
Mən uça bilmədim tək bir qanadla,
Yaşaya bilmədim bu cür inadla,
Burax, inadımdan, hirsimdən çıxım.
Şəkillərdə donan ömür
Qərib quşlar yurd yerinə tələsər,
Mən qəribin tələsməyə yurdu yox.
Viranə ömrümdə soyuq yel əsər,
Sevinci süpürər, amma dərdi yox.
Yarımçıq cümləyəm, ütüsüz sözəm,
Odlu bir sinədə dustaq olmuşam.
Soyumuş ocaqda tüstüsüz közəm,
Dəli bir sevgiyə çildağ olmuşam.
Uçuşur havada boş kağız kimi,
Küləyə verdiyim sənsiz illərim.
Üşüyür ovucumda qara buz kimi,
Ömrümə düzdüyüm qərənfillərim.
Nəğmələr oxundu neçə sevgiyə,
Biz düşdük aşığın dalay vaxtına.
O gecə bəxtimiz daldı mürgüyə,
Tuş gəldik taleyin lay-lay vaxtına.
Uzaq üfüqlərdə günəşə bir bax,
Qüruba enəndə rəngi saralır.
Köksümə sıxdığım atəşə bir bax,
İçimdə qarıyıb necə qocalır.
Kaş ki, əllərini buraxmasaydım,
Şəkildə qalardıq xatirə kimi.
O gecə soyuqdan mən qorxmasaydım,
Birlikdə donardıq səhərə kimi.
Sevincim, gülüşüm şəkildə qaldı,
Yox oldu ömrümün şirin anları.
Sonuncu dalğam da sahildə qaldı,
Qayıda bilmədi dənizə sarı.…
*****
Qaysaq tutan yaraları qanatma,
Qan içində boğularsan, ay yazıq.
Dərdlərimi oyatmağa can atma,
Parçalanıb dağılarsan, ay yazıq.
Bəs deyilmi ömrümə daş atdığın,
Saf eşqimə acı zəhər qatdığın?
İllər boyu öz-özunə satdığın,
Yalanları doğrularsan, ay yazıq.
Yaşa görüm bu qarğışın içində,
Xəyanətin, aldanışın içində,
Qorxmadınmı dost-tanışın içində,
Öz adınla çağrılarsan, ay yazıq.
Mən baxanda durnaların köçünə,
Ağlayırdım, sən almadın vecinə.
Dedim axı bir otağın küncünə,
Bir gün gələr sıxılarsan, ay yazıq.
Sən bilmədin bu sevginin qədrini,
İlk görüşün saxlamadın xətrini,
Küləklərdən almaq üçün ətrimi,
Yeri-göyü qoxularsan, ay yazıq.
Məhəbbəti oyuncaqmı sanırdın,
Yana-yana ürəyini danırdın,
İllər ötdü, daş yuxudan ayıldın,
Bir də çətin yuxularsan, ay yazıq.
Dünya səndən öz öcünü alanda,
Bir xatirən, bomboş əlin qalanda,
Yollarını daş-kəsəyə salanda,
Dizin tutmaz yıxılarsan, ay yazıq.
Ürəyimə döz deməyə qorxuram,
Tez aldanar, söz deməyə qorxuram,
Bu baharı gözləməyə qorxuram,
Bir ümidlə doğularsan, ay yazıq…