Sim-sim.az Yuliya Nikolayevna Buçilinanın “Nibelunqlar haqqında nəğmənin əsası” yazısını təqdim edir.
XII əsrdə yaranmış “Nibelunqlar haqqında nəğmə” qəhrəmanlıq poemasını zahiri nizamının arxasında dayanan dəbdəbəli təsvirlərlə zəngin arxaikliyi hiss etmədən bir çox səbəblərdən orta əsrlər cəngavər romanı adlandıraraq kurtuaz eposa aid edirlər.
Qədim alman rəvayətinin bu arxaikliyi bir çox cəhətdən Skandinaviya əfsanələri ilə uyğundur. Bu xüsusda poemada Krimxildanın yuxusu motivini önə çəkmək olar. Qəhrəman öz yarını heyvan surətində görür, bu isə qədim totem təsvirlərinə görə həyat yoldaşının heyvani təbiətindən xəbər verir. Qədim dövrə aid ilkin mənbələrin əsas kompleksi isə Ziqfridlə bağlıdır.
Poemanı əjdaha, buynuz qişası, nibelunqların xəzinəsi və elçilik haqqında rəvayət kimi xarakterizə etmək olar. Bundan başqa əsərin gedişatı zamanı Ziqfrid sehrli əşyalar əldə edir, bu isə “Völsunq haqqında saqa”da olduğu kimi yalquzaqlıq və simanın dəyişməsi motivlərini əvəzləyir. Mifik qəhrəmanın əldə etdiyi gözəgörünməz papaq və ya plaş sehrli nağılın süjetinə xarakterik olan, kosmik və mədəni obyektlərlə əlaqəli əşyalardır. Y.M.Meletinskinin fikrincə, bu cür çevrilmə kosmik “yaradılış”dan möcüzələr vəd edən arzuların gerçəkləşməsinin individual psixologiyasına qədər hadisələri təsvir edir.
Birinci nağıl Ziqfridin döyüşlərinin başlanğıcı ilə bağlıdır. Qəhrəman evdən çıxıb gedir, yolda müxtəlif macəralarla rastlaşır, daha doğrusu səyahət və ya Kempbel “monomif”inin ilkin sxemi reallaşır (Devid Kempbel – 1904-1987. Kempbel iddia edirdi ki, hər bir xeyirxah hekayə öz strukturunda digər xeyirxah hekayələrlə ümumi cizgilərə malikdir, hər şey çoxdan icad edilmişdir, sözügedən strukturdan hər hansı uzaqlaşma oxucunu çaşqın vəziyyətə salır – X.N. ).
Qəhrəman dünyaya nəhəng güc-qüvvə ilə gəlib. Bu, əlamət qəhrəman üçün xarakterikdir. “Nibelunqlar haqqında nəğmə”də Ziqfridin uşaqlıqda qeyri-adi igidlik göstərməsi barədə danışılmır. Alman versiyasına əsasən, Ziqfrid-Siqurd əjdahanın qanında yuyunmuş və hər bir silah üçün əlçatmaz varlığa (qədim miflərdəki Axilles kimi) çevrilmişdir. Bu motiv əjdaha ürəyinin həzm edilməsi motivi ilə uyğundur, nəticədə isə qəhrəman müdriklik əldə edərək quş dilində danışa bilir. Orada da qanın xüsusi rolu nəzərə çarpır. Siqurdun dilinə sadəcə bir neçə damcı qan dəyir. Amma bu, quş dilinin öyrənilməsi üçün kifayət edir. Bu, hər şeydən əvvəl qədim adətlərlə bağlıdır, qana və düşmənin bədəninə qarşı xüsusi münasibətdən qaynaqlanır. Beləliklə, məsələn, “Nibelunqlar haqqında nəğmə”nin ikinci hissəsində Xagen susuzluğu yatırmaq və güc toplamaq üçün düşmənlərin qanını içməyə çağırır. O, qanı ən yaxşı içki adlandırır.
Əjdaha ilə mübarizə motivi adətən əjdahanın mühafizə etdiyi xəzinənin ələ keçirilməsi ilə bağlıdır. “Nibelunqlar haqqında nəğmə”də bu cür xəzinələrin sayı ikidir. Onlardan biri əjdahanın mühafizə etdiyi qızıldır, ikincisini isə Ziqfrid döyüş zamanı nibelunqların saysız xəzinə sahibi olan iki qardaşını öldürərək əldə edir. Biz bu barədə Xagenin söhbətlərindən öyrənirik. Azman-krallar Ziqfriddən xəzinəni bölüşdürməyə kömək etməsini xahiş edirlər. Amma bölüşdürülmədən narazı qaldıqları üçün ona hücum edir və həlak olurlar. Beləliklə, burada eyni anda bir neçə motiv birləşir: bu sıraya xəzinə və mübahisənin həlli haqqındakı motivi göstərmək olar. Mübahisənin nəticəsində isə mübahisə elementi əsas qəhrəmana çatır. Əvvəla bu hadisələr əsasən qeyri-adi, mifdən nağıla keçid etmiş məxluqlarla – əjdahalarla, cırtdanlarla və ya azmanlarla mübarizə əlamətinə uyğundur. Xagen həm də cırtdan Albrix və Ziqfridin ondan gözəgörünməz plaş aldığı barədə də danışır.
Skandinaviya versiyasında burada müəyyən dəyişiklik qeydə alınır: tanrılar (Odin, Henir və Loki) xəzinəni Otranın qətlə yetirilmiş oğlunun əvəzinə azman Xreydmara verirlər. Xəzinə cırtdan Andvari tərəfindən artıq lənətlənmişdi və öz sahibinə bəla gətirməli idi, elə azmanın öz oğlu Fafninin əli ilə ölməsi də bunu təsdiqlədi. O, sonra ilana (əjdahaya) çevrilir (yeri gəlmişkən Siqurd da ilanla döyüşmüşdü). Digər versiya “Böyük Edde”dəki qəhrəmanlar (Hyöqni və Hunnar) da lənətlənmiş xəzinəyə görə ölürlər. “Nibelunqlar haqqında nəğmə”də xəzinə hakimiyyətin və qüdrətin simvolu, güc mənbəyi kimi çıxış edir. Poemada onun qəddarlığının səbəbi göstərilmir, çünki xəzinənin lənətlənməsi ilə əlaqədar olan süjet xətti yoxdur.
Ziqfridlə bağlı ilkin motivlərdən ən maraqlısı onun çətin süjet və ilkin struktura malik olan elçiliyidi. Eposdakı qəhrəman elçilik sanki toy sınaqlarına və nağıldakı çariça ilə evliliyə paraleldir. Ziqfrid sevgilisinin qardaşı Günterə nişanlı tapmaqda kömək edir ki sonra onun bacısı Krimxilda ilə evlənsin. Bunun üçün o, gözəgörünməz plaşı geyinir və Günterin görünüşündə pəhləvan gücünə malik qıza – Bryunxildaya üç döyüşdə qələbə çalır. Qız elə düşünür ki, bütün bunları Günter edib.
Ziqfridin Bryunxildaya elçiliyi alman və Skandinaviya eposunda ən məşhur çoxmənalı motivdir.
V.M.Jirmunski (Viktor Maksimoviç Jirmunski – 1891-1971. Rus və sovet linqvisti, ədəbiyyatçı – X.N.) nağıl elementlərinin qədim nağıl motivlərindən gəldiyini əsas götürərək və ya sadəcə ədəbi mənbə olduğunu nəzərdə tutaraq, xəzinə haqqında hissənin bütöv bir motivlər sistemindən ibarət olduğu, ola bilər ki, qədim pəhləvan nağılından qaynaqlandığı nəticəsinə gəlmişdir. Lakin Ziqfrid nağıl yox, epik qəhrəman kimi həlak olur. V.M.Jirmunski bunu epik tarixi hadisədə nağıl pəhləvanına yerin olmaması ilə izah edir. Ziqfrid feodal kral Günterin sarayında deyil, nağıl çarlığında yaşamalıdır. Ziqfridin zəifliyi şərtidir və bu, süjetin inkişafı nöqteyi-nəzərindən gecikmiş motivdir.
Amma başqa nəzəriyyələr də var. Məsələn, A.Xoysler gəlinlə mübarizəni folklorda nağılın inkişafının daha gecikmiş həddi hesab edirdi. Ziqfrid və Bryunxildanın gücləri arasında mübarizəni həm ilkin motiv, həm də kişi və qadın arasındakı qədim qarşıdurma süjeti kimi təsnifatlaşdırmaq olar.
Əgər Ziqfridi zahiri əlamətlərinə görə mədəni qəhrəmanlar sırasına aid etmək olarsa, onun qatili Xageni ona əks olan “Kölgə” ilə (Q.Yunqun konsepsiyasına görə “Kölgə” şəxsiyyətin şüurun hüdudları xaricindəki iblisanı əkizi kimi görünə bilən şüursuz hissəsidir) müqayisə etmək olar. Ədəbi əsərlər çərçivəsində bu əlamət Trikster obrazında təcəssüm olunur. O, bacarıqsızlıqla, ya da qəsdən hadisələrə yanlış reaksiya verir və ya açıq-aşkar zərər vurur. Miflərdə bu cür daha çox əkiz-qardaşlar çıxış edirdi.
Skandinaviya və qədim alman mifologiyasında bu, Odin və Lokidi. Ədəbiyyatda daha sonralar bu əlamət Plut obrazında təcəssüm olunur. Trikster öz hərəkətlərini şəxsi tamahı və ya başqalarına zərər vurmaq kimi digər arzuları həyata keçirməklə yerinə yetirir. Beləcə, Loki digər qəhrəman Odin Baldrın hər kəs tərəfindən sevilən oğlunun həlak olmasına səbəb olur, ona görə oğlan ölülər səltənətindən geri qayıda bilmir. Lokinin tanrılarla dalaşması heç də çətin deyil, amma mürəkkəb vəziyyət yarandıqda, adətən, təkcə o, öz zirəkliyi və hiyləgərliyi ilə bunun öhdəsindən gələ bilir. Bunu Xagenlə bağlı əhvalatda da görə bilərik. O, öz individual motivlərinə başçılıq edərək həsəd hissinə tabe olub ən yaxşı döyüşçü və qəhrəman Ziqfridi öldürür – bunun üçün hiyləgərliklə Krimxildadan Ziqfridin zəiflik sirrini öyrənir, sonra isə qadının ərindən qalan xəzinəni ələ keçirir. Amma bununla belə o, öz krallarının hər zaman maraqlarını qoruyan, onları çətin vəziyyətdən dəfələrlə xilas edən sadiq vassaldır. Onun “sədaqət və etibarsız”lıq kimi xüsusiyyətlərin birləşməsi ilə təsvir edilən obrazının paradoksu bundadır.
Poemanın ikinci hissəsində ortaya çıxan növbəti əlamətdar motiv qəhrəmanların çaydan keçərək (çay burada müxtəlif sferalardan baxdıqda sərhəddir) yollandığı səyahət motividir. Həm də onların artıq geriyə yolu yoxdur, çünki Xagen gələcəyi duyaraq qayığı parçalamışdır ki, geri çəkilmənin qarşısını alsın və bu yolla öz qəhrəman xarakterini ortaya qoysun.
Bu səyahətin sonunda onları öz qisasını almaq və düşmənlərini cəzalandırmaq üçün mümkün olan hər şeyi edən Krimxildanın namərdliyi gözləyir. O, öz vassalları arasında hunlarla döyüşmək üçün iğtişaş yaradır. Bundan sonra Xagen onun oğlunun başını kəsir. Qadın qardaşlarının ziyafət təşkil etdiyi zalı yandırır və səs-küylü, şən keçən ziyafət yas məclisinə çevrilir. Gernot, Gizlxer və onların adamları, bundan başqa Etselin vassalları, eləcə də cəngavər şərəfi və sədaqətinin mücəssəməsi olan Rüdeger və sayları minlərlə ölçüləcək miqyasda olan bir çox digər döyüşçülər həlak olur. Kral-qardaşlardan sonuncusu olan Günter də faciəvi şəkildə vəfat edir. Bacısının əmri ilə onun başı kəsilir. Xagenlə Krimxilda da həlak olur. Günterlə Xagenin ölüm şəraiti Skandinaviya versiyası ilə uyğundur. Ola bilər ki, yaxınların sədaqət və susqunluq barədə bu cür sınağı – qəhrəmanlar buna əmin idilər – qədim insanların qurbanverilməsi rituallarına aiddir.
“Nibelunqlar haqqında nəğmə”nin analizinin yekununda qeyd etmək istərdim ki, nağılın ikinci hissəsindəki kədərli ovqat heç də təsadüfi deyildir. Bizim fikrimizcə, bu süjet qlobal əlamətə malik Skandinaviya və qədim Almaniya mifologiyasında yer almış, onun üzərində qurulmuşdur (məsələn, tanrılar haqqında olan “Böyük Edda” nəğmələrində). Bu aşkara çıxaraq esxotologiyaya (Esxotologiya – xristian teologiyasının “Bibliya” əsasında dünyanın sonu, bəşəriyyətin aqibəti kimi məsələləri tədqiq edən sahəsidir – X.N.) çevrilən yaradılış nişanəsidir. Axı Ziqfridin qətlə yetirilməsinə razılaşan Günterlə Xagen müqəddəs hesab edilən qardaşlıq andını pozmuşdular. Burqundlar üçün törətdiyi cinayətə görə rüsvaylıq və xəcalət hissi duyan Ziqfrid isə ölərək bütün yaxşı şeyləri özü ilə aparır. Bu da sonda onların faciəsinə – bütün qəhrəmanların həlak olmasına səbəb olur.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül /artkaspi.az/