Sim-sim.az Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın müsahibəsini təqdim edir
-Kamal müəllim, Azərbaycan dövləti və xalqı Vətən müharibəsində böyük qələbə qazandı. Bu qələbənin qazanılmasında lider amili necə səciyyələndirərdiniz?
– Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsindəki zəfər yalnız bu ay yarım ərzində başa gələ bilməzdi, belə düşünmək sadəlövhlük olardı. Bunun üçün ölkənin və xalqın ruhunda, canında yatan potensialı hərəkətə gətirmək, onu məqsədəyönlü şəkildə istiqamətləndirmək, təbiri-caizsə, partlatmaq lazım idi.
Amma bu da hələ işin yarısı olardı. Bütün sosial, iqtisadi, ideoloji, diplomatik, güc tətbiqi istiqamətlərdə elə bir harmonik, sistemli əlaqəni əldə etmək lazım idi ki, onlar hamısı bir yerdə bir ali məqsədə doğru tuşlansınlar, vaxtı gələndə bir-birini tamamlayan zərbələr endirsinlər. Burada, yəni, həmən gərəkli atributları hazır vəziyyətə gətirdikdən sonra ən vacib məsələ, zənnimcə, sistemlilikdir. Bütün bu saydıqlarımız bir orkestr kimi elə ahəng yaratmalıdırlar ki, nəhayətdə, kakafoniya yox, Möhtəşəm ZƏFƏR marşı alınsın. Azərbaycan bunu bacardı. Ali Baş Komandan böyük bir bacarıqla bu missiyanın öhdəsindən gəldi.
Uzun və həsrətli illər bizi bu zəfərdən ayırırdı. Ancaq bir anlıq düşünək. Prezident İlham Əliyevin bu uzun və ağrılı yolda ən birinci və başlıca strateji məqsədi problemin beynəlxalq səviyyədə dondurulmasına yol verməmək olmuşdu. O, harda oldusa bu problemdən danışdı, onu regional təhlükəsizliyin ən vacib şərti kimi təqdim elədi. Hamını buna inandırdı. Bu gün sanki inanmayanlar var. Onlar inanıb özlərini inanmayanlar kimi göstərənlərdir. Onlara da sarsıdıcı, məğrur cavablar müharibə dövründə xarici jurnalistlərə müsahibələrində Prezident Əliyev tərəfindən artıqlaması ilə verildi.
Məsələnin dondurulmasının qarşısının alınması Azərbaycan Prezidentinin böyük qələbəyə doğru atdığı ilk möhtəşəm addımı idi. Buna nail olmaq asan məsələ deyildi. Elə bircə bunun özü böyük bir mənəvi, intellektual, elmi hazırlıq prosesindən xəbər verir. Azərbaycan Prezidenti bu imtahanlardan böyük ləyaqətlə qalib çıxdı və eyni zamanda hər məqamda böyük və uzaqgörən siyasətçi olduğunu inamla ortaya qoydu. Müharibə dövründə «Qarabağ Azərbaycan ərazisidir» deyib hadisələrdən kənarda qalmağa üstünlük verən dövlət başçıları bunu nə üçün əvvəllər demirdilər, indi dedilər?! Bu sözlərin əhəmiyyətini anlamaq və onlara qiymət vermək lazımdır. Həm bu gün üçün, həm də perspektiv üçün onların əhəmiyyəti böyükdür. Və bu sözləri Azərbaycan Prezidentinin yorulmaz öncül fəaliyyəti siyasi gündəliklərə gətirmişdi. Bilirdilər, amma dilə gətirmirdilər. İndi bilirlər və dilə gətirirlər.
Daha sonra ordunun ilbəil, aybaay deyil, günbəgün döyüşə hazır vəziyyətə gətirilməsi, ən müxtəlif hərbi bazalarda təlimlərin keçirilməsindən başlayaraq, onun hərbi potensialının gücləndirilməsi və müasir hərbi avadanlıqla təmin edilməsi, bu avadanlıqlarla işləyən mühəndis, icraçı blokun yetişdirilməsi, nəhayət, Vətən üçün təkcə yaşamağa yox, ölməyə hazır olan gənc Azərbaycanlı nəslinin ərsəyə gətirilməsi, bundan əlavə övladının Vətən yolunda şəhidliyinə o doğulduğundakı qədər sevinən və bundan qürur duyan ictimai təbəqənin formalaşması – bütün bunlar təsəvvür eləmək belə çətindir ki, bir insanın beyninin gələcəyə tuşlanmış fəaliyyətinin məhsuludur. Bu, hamısı bir yerdə bu günkü Azərbaycan gerçəkliyidir. Və kim nə deyir, desin, hansı havanı çalır çalsın, siyasi lider, özü də cəsur, mərd, səmimi, son dərəcə hazırlıqlı, əlbəttə ki, ləyaqətli siyasi lider olmadan bunları bir məkanda birləşdirmək nəinki çətin olardı, heç mümkün olmazdı.
-Vətən müharibəsinin gedişi zamanı cəmiyyətimizdə möhtəşəm milli birlik və həmrəylik nümayiş etdirildi. Sizcə, bu fakt qələbəmizdə nə dərəcədə rol oynadı?
– Millət müharibə dövründə öz böyük birliyini nəhayət ki, nümayiş etdirdi. Bu birlik həm də siyasi hakimiyyətə etimad birliyi idi. Xalqın bütün təbəqələri, bütün ictimai-siyasi qüvvələr, aşağılar, yuxarılar dövlət ətrafında, bayraq, himn, Prezident ətrafında qardaş kimi birləşdi. Belə birliyi heç birimiz görməmişdik. Bizi Qarabağ uğrunda ölüm-dirim döyüşünə gedən Prezident birləşdirdi. Əbədi olsun bu birlik – deyirəm. Qarşı tərəfdəki hərc-mərcliyin fonunda bu birliyin əzəməti daha aydın görünür.
İndi ən vacib məsələ, özü də vacib milli məsələ postmüharibə dövründə bizim özümüzü necə aparmağımızla bağlıdır: həm ölkə daxilində, həm də ölkə xaricində. Biz qələbəyə layiq millət olduğumuzu müharibə dövründə olduğu qədər də postmüharibə dövründə nümayiş etdirməliyik. Biz «qaliblərin mədəniyyəti necə olar?!» fikrini hamıya göstərməliyik, xüsusilə də düşmənlərimizə. Biz azad edilmiş torpaqlara nəvaziş, məhəbbət, anlayış və könül xoşluğu gətirməliyik. Mərhəmət gətirməliyik. «Dünən sən mənə bunu etmişdin, mən də sənə bu gün bunu edəcəyəm» ideologiyası ilə biz bu düşmənçiliyi övladlarımıza, nəvə-nəticələrimizə buraxıb gedə bilmərik. Burada mən illər öncə yenə də müdrik Prezidentimizin böyük fəhm və uzaqgörənliklə siyasi-ideoloji müstəviyə gətirdiyi Azərbaycan multikulturalizmi ideyasını xatırlamaya bilmirəm. Bu gün bu ideyanın bizə nə qədər lazım olduğu bir daha hamımıza əyan olur. «Multikulturalizm Azərbaycanın dövlət siyasətidir» fikrini dəfələrlə rəsmi şəkildə qeyd edən Azərbaycan Prezidenti ona nail oldu ki, bu gün bizim haqq müharibəmizi xristian – müsəlman qarşıdurması kimi qələmə vermək istəyənlərə cavab belə verməyə ehtiyac duyulmur. Çünki dünya artıq multikultural Azərbaycanı tanıyır.
Multikulturalizm sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın dünya səviyyəsində gördüyü təkzibedilməz işlər, əməllər, Azərbaycanda müxtəlif konfessiya sahiblərinin bir-birilə münasibəti, qədim kilsə və məbədlərin bərpası, məscidlərin tikilməsi, konfessiyasından asılı olmayaraq dini-ruhani təbəqəyə get-gedə artan diqqət bu gün bütün dünyanın gözü qarşısında baş verən milli-ideoloji proseslərdir. Azərbaycanda yaşayan milli icmaların Vətən müharibəsindəki iştirakını, göstərdikləri rəşadəti də bura əlavə eləsək, ölkəmizin milli və dini müxtəlifliyinin Ulu Öndərin sözlərilə desək, Azərbaycanın bütövlükdə gücü olduğunu bir daha sübut etdi. Təsəvvür edin. Vətən müharibəsi və multikulturalizm. Sanki bir-birindən xeyli uzaq mətləblərdir. Amma bir-birinə nə qədər də yaxın imişlər. Ali Baş Komandan hələ neçə il bundan əvvəl özünəməxsus bir fəhmlə hiss edib bilirdi ki, bizim bu boşluğun doldurulmasına ehtiyacımız olacaq. Və hələ o zaman ideoloji siyasəti elə qurdu ki, xalqımızın canında, qanında, ruhunda yaşayan bu multikultural baxışlar yeni bir parlaqlıqda üzə çıxdı, yeni işıqlı görmə bucaqları yaratdı.
Biz hələ çox təəccüb edəcəyik ki, necə oldu bütün bu dediyimiz keyfiyyətlər bir şəxsiyyətin timsalında özünü göstərdi?! Buna çox cavablar axtaracağıq. Ulu Öndərin xidmətləri də unudulmayacaq, cənab İlham Əliyevin fərdi fövqəladə səriştə və bacarığı da qeyd ediləcək, xalqın sevgi və inamının verdiyi güc də diqqətdən kənarda qalmayacaq. Amma bir səbəb də var ki, biz onu çox zaman dilə gətirməyə çətinlik çəkirik. Bu, Allahın inayətidir. Azərbaycan xalqına Allahın inayəti olan İlham Əliyev – xalqının başında, xalqının yanında, xalqının xidmətində olan insan! Mən bu gün onu belə qiymətləndirərdim.
-Bu gün Azərbaycan dəyişir, müasirləşir, daha da inkişaf edir. Siz bu dəyişiklikləri necə xarakterizə edərdiniz?
– Mən bunu bir dəfə demişəm. Bu gün Azərbaycan dəyişir. Dəyişən təkcə onun şəhərləri, kəndləri, bu şəhər və kəndlərdə çəkilən və tikilən yollar, evlər, küçələr deyil. Abadlaşan yaşayış məntəqələri deyil. Bu gün Azərbaycan insanı dəyişir. Bu gün o, ölkəsində, regionda, dünyada gedən proseslərə daha açıq gözlə, daha sayıqlıqla baxır. Artıq ona yalan demək, hətta yalan sırımaq heç də asan məsələ deyil. O, artıq tükü tükdən seçməyi bacarır. Ona müharibədən sonra verilən saxta və yalan məsləhətlər lazım deyil. Ona başqa ölkə, başqa bayraq, başqa Prezident lazım deyil. O artıq ictimai mənafeni şəxsi mənafedən üstün tutmağı bacarır. Raketlərlə dağıdılmış evi onun umurunda belə deyil. O deyir: Vətən sağ olsun. Qarabağ Azərbaycandır. Qarabağ azad olsun.
Bəs biz qarşı tərəfdə nə görürük?! Kəlbəcərdən, Laçından köçən ermənilər evləri yandırır ki, bu evlər azərbaycanlılara qismət olmasın. Guya biz ev tikə bilmirdik?! Başlarına vurmayaq. Amma Avropaya bunu deyək. Qoy bilsinlər, özlərini mədəni və qədim xalq kimi qələmə verənlərin əsl üzü nədən ibarətdir. Avropanın anladığı özəl bir dil var. Evlərin, ağacların yandırılması, ev heyvanlarının öldürülməsi onların başa düşdükləri dildir. Onlar bunu anlayıb bundan dəhşətə gələ bilərlər. Başlarına vurmadığımızı da deyək. Biz belə olarkən güclü oluruq. Bu gücümüzü itirməyək.
Azərbaycan insanı bu gün öz Prezidenti ilə güclüdür. Prezident də bu sadə, əməksevər, ədalətli, haqqı nahaqqa verməyən insanlarla. Mən dəfələrlə şahidi olmuşam ki, Prezidentin özü, onun xanımı Mehriban xanım sadə adamlarla necə böyük bir səmimiyyət, məhəbbətlə görüşürlər. Ürəkdən görüşürlər. Prezident ilk növbədə onların Prezidentidir. Sonra bütün dünya azərbaycanlıların!
Müharibə təkcə Qarabağa azadlıq gətirmədi, müharibə bizi bizə qaytardı. Bu isə ancaq eyforiya demək deyil. Təkcə sevinc və şənlik demək deyil. Təkcə bayrağa sarılıb nərə çəkmək demək deyil. Bu, çox böyük bir məsuliyyətdir. Əsgərə, zabitə layiq olma məsuliyyəti. Hər kəs öz iş yerində öz görə biləcəyini görməli, dünənkindən daha böyük əzmlə çalışmalıdır. Postmüharibə dövrü bizdən bunu tələb edir. Yaratmaq! Yaratmaq! Yenə də Yaratmaq!
Pandemiya bizə ondan qorunarkən bir-birimizin gözünə baxmağı öyrətdi. Çünki maska geyinənlər ancaq qarşıdakının gözlərini görə bilir. Biz gözlər vasitəsilə insanları tanımağa başladıq. Biz gözlər vasitəsilə qəlblərə girməyə alışırıq. Biz qəlbimizi dinləməyə çalışırıq və buna öyrəşirik. Bir-birimizin qəlbində bir-birimizə və dünyaya sevgi görək. Mərhəmət, nəvaziş görək. Arzum budur.
Prezidentimizə bir kəlmə ilə müraciət etməli olsaydım, belə müraciət edərdim: MÜZƏFFƏR ÖNDƏR! Və Müzəffər Öndərə qəlbdən gələn təbriklər, təbriklər, təbriklər.
yap.org.az