Qonşum liftə minmək üçün məni ötüb keçəndə bir az üzrxahlıqla, bir az da zarafatyana deyir: mənim üçün yerin elə də fərqi yoxdur, 20 ildir ki, məhbus kimi bir şeyəm, ona görə də sıxıntıya öyrəncəliyəm.
Mən liftin növbəti gəlişini gözləməli oluram və qisasımı almaq üçün belə təsəvvür edirəm: guya qonşum etiraf edir ki, çıxmadığı bütün səyahətlər gün keçdikcə ona daha çox zehni kateqoriya, yuxuya getməmişdən əvvəl özünü yaddaşın mənzərələrində itirməyin bir yolu kimi gəlir. Bununla da, onun xəyali səyahətlərini və iki dekadalıq məhbusluğu barədə “könüllü” etirafını eyni müstəviyə yerləşdirirəm. Bunu bir az da Kristian Kruzatın “Bioqrafik qaçış” adlı yeni essesinin diqqətimi cəlb edən bir səhifəsinin təsiri ilə edirəm. Orada müəllif bizə xatırladır ki, həyat təkcə elədiklərimizdən ibarət deyil, eləyə bilmədiklərimiz, nə vaxtsa eləməyi arzuladığımız şeylər də həyata daxildir.
İndi düşünürəm ki, bu, vətəndaş Corc Ştaynerin vəziyyətini xatırladır. Ştayner kimi adam üçün də bioqrafiyası və sonraya saxladığı səfərlər (“Mənim yaşımda adam üçün Ayers Rok və Petra şəhərinə getmək çətinliyi…”) ömrünün sonunda eyni müstəvidə ola bilər. Məhz buna görə də xatirələrinə verdiyi ad (“Errata”) çox uğurlu alınıb, çünki ümumilikdə onun həyatı çoxsaylı it-bata düşmüş layihələr seriyasından ibarət idi və bunlar həyatının bir hissəsini formalaşdırmışdı.
Və bir səhifəyə təkcə orada yazılanlar daxil deyil. İndinin özündə də Kruzatın essesindəki həmin məqamdan uzaqlaşa bilməməyim bunun sübutudur; çünki mən hələ də həyatlarımızın gerçəkləşən və heç vaxt gerçəkləşməyən anlardan ibarət olmasıyla bağlı şübhə yaradan analogiyanın tələsindəyəm. Antonio Tabukki də təsdiqləyir ki, kitab (həmçinin, səhifə) sadəcə orada yazılanları yox, həm də oxucuların oxuyarkən axtardıqlarını ehtiva edir.
Oxucuların kitablarında tapdığı şeylər həmişə Tabukkini təəccübləndirirdi. Deyəsən, mən də belə bir təcrübə yaşamışam: qəfil adama elə gəlir ki, oxumaq yazmaqdan daha nəcib məşğuliyyətdir. Yazdıqlarımda nəsə axtaran və tapan oxucuların olduğu heç vaxt ağlıma gəlməzdi. Bəzən yadıma düşür ki, kitablarımın ən intellektual oxucusu qəti kompromisə getməyən dostum idi və bu illər ərzində bütün yazdıqlarımı tənqid etmişdi. Lakin bir gün axırıncı kitabımın 343-cü səhifəsinin onda iz qoyduğunu üzümə demək üçün düz küçənin ortasında yolumu kəsərək məni xeyli təəccübləndirmişdi.
Eynilə belə dedi və hətta təkrarladı: o, məndə iz qoydu. Buna heç inana bilmədim və həmin səhifəni yenidən oxumaq üçün evə tələsdim. Tezliklə anladım ki, səhifəni ən yaxın dostumun baxış bucağından dəfələrlə oxumağa çalışsam da, ona təsir edən şeyi tapmaq cəhdim getdikcə daha çox uğursuzluqla nəticələnir. Onun beynini özümünki ilə əvəzləmək kimi mənasız işdən imtina etməkdən başqa çarəm yox idi. Amma o vaxtdan bəri kimsə iddia edəndə ki, bir səhifə və ya bir kitab təkcə orada yazılanları yox, həm də hansısa oxucuların – hətta ən uzaqgörən və ən müdrik olanların belə – arzularını əks etdirə bilər, içimdə nəsə titrəməyə başlayır.
“El Pais”
İspancadan tərcümə edən: İlahə Əkbər