Sim-sim.az Nəriman Əbdülrəmhanlının tərcüməsində Ukrayna ədəbiyyatının klassiki Mixail Kotsyubinskinin “Daş üzərində” hekayəsini təqdim edir.
Mixail Kotsyubinski (ukr. Миха́йло Миха́йлович Коцюби́нський; 1864–1913) – Ukrayna ədəbiyyatının klissiki, ictimai xadim. M.Kotsyubinski Vinnitsa da məmur ailəsində doğulub, uşağlığı kiçik kəndlərdə və şəhərlərdə keçib, təhsilini Barsk ibtidai məktəbində və Şarqorod ruhani məktəbində alıb. O, ədəbiyyata erkən yaşlarında gəlib, poeziyada, tərcümədə, rəssamlıqda gücünü sınayıb, amma yaradıcılığının özəyini bədii nəsr tutub. O, gənclik illərində “Andrey Soloveyko, yaxud savad işıq, savadsızlıq zülmətdir” (1884), “Dekabrın 21-də qüvvəyə minsin” (1885), “Əmi və xala” (1885) və s hekayələr qələmə alsa da, mətbuatda əvvəlcə şeirlərlə çıxış edib.
M.Kotsyubinski 90-cı illərdə bir çox hekayələrini o cümlədən, “Əqidəyə doğru” (1993) povestini qələmə alıb. Sonralar Moldovada və Krımda dövlət qulluğunda çalışanda “Hamının xeyrinə” (1995), Qara çarın elçisi” (1897), “İfritə” (1897), “Şeytanın yollarında” (1898), “Daş üzərində” (1892), sonralar “Minarələr altında” (1902), “O, gəlir” (1906), “Yolda” (1907), “Debüt” (1909), “Yarpaq” (1911), “Adada” (1912) və s. hekayə və novellalarını, eyni zamanda, “Fata morqana” (1905-1912) və “Unudulmuş əcdadların kölgəsi” (1911) povestlərini qələmə alıb. M.Kotsyubinski öz yaradıcılığı ilə Ukrayna ədəbiyyatının inkişafına mühüm təsir göstərib.
DAŞ ÜZƏRİNDƏ
Tatar kəndindəki yeganə qəhvəxanadan dəniz və sahilin boz qumu aydın görünürdü. Açıq pəncərələrdən və eyvanın sütunları arasındakı iri qapıdan səmanın sonsuz maviliyinə dənizin açı-mavi rəngi içəri dolurdu. Hətta yay gününün bürkülü havası belə açıq-mavi çalar alır, o çalarda uzaq sahil dağlarının cizgiləri qərq olur və yayılırdı.
Dənizdən külək əsirdi. Duzlutəhər sərinlik qonaqları cəlb eləmişdi, onlar qəhvə sifariş eləyib pəncərənin qabağında dayanır, ya da eyvanda əyləşirdilər. Hətta qəhvəxana sahibinin özü, əyriqıç Məhmət də qonaqların istəklərini əvvəlcədən başa düşüb kiçik qardaşına qışqırırdı: “Cəfər, bir qəhvə… iki qəhvə”, – özüsə başını qapıdan çıxarırdı ki, bir anlığa rütubətli havayla sərinləsin, qırxıq başındakı kirdə tatar təsəyini götürsün.
Boğanaqdan qıpqırmızı olmuş Cəfər peçin odunu üfürənə, yaxşı “qaymağı” çıxması üçün qəhvədanı taqqıldadanacan Məhmət dənizə baxırdı.
-Fırtına olacaq, – o, geri çevrilmədən dilləndi. – Külək sərinləyir, bax, qayığın yelkənini də yığışdırdılar.
Tatarlar yönlərini dənizə sarı çevirdilər.
Deyəsən, sahilə tərəf üz tutan böyük, qara rəngli barkasda doğrudan da yelkənləri yığışdırırdılar. Külək yelkənləri şişirdib iri, ağ quş kimi, qayıqçıların əlindən qoparırdı; qara rəngli qayıq döndü, böyrü mavi dalğaların üzərinə yatdı.
-Biz tərəf gəlirlər, – Cəfər dilləndi, – hətta o qayığı da tanıyıram, yunan duz gətirir.
Məhmət də yunanın qayığını tanıyırdı. Bunun ondan ötrü əhəmiyyəti vardı, çünki qəhvəxanadan başqa kənddə yeganə dükan da saxlayırdı, üstəlik, qəssab idi. Deməli, ona duz lazım idi.
Barkas yaxınlaşanda Məhmət qəhvəxanadan çıxıb sahilə endi. Qonaqlar tələsik qəhvələrini içib onun arxasınca getdilər. Onlar sərt və dər küçəni eşdilər, məscidin yanından keçib daşlı çığırla sahilə endilər.
Mavi dəniz dalğalanır, sahildə köpük qaynayırdı. Barkas yerində atılıb-düşür, balıq kimi yırğalanır, amma sahilə yan ala bilmirdi. Digər yunan və cavan batrak – yaraşıqlı və uzunqıç səfeh cavan özünü avarların üstünə salıb cani-dildən çalışır, amma yenə də sahilə yan ala bilmirdilər. Bunu görən yunan lövbəri dənizə atdı, cavan oğlansa cəld ayaqqabısını soyunub şalvarının balağını çirmədi. Tatarlar sahildən yunanla danışmağa başladılar. Mavi dəniz onların ayaqları altında süd kimi qaynayır, sonra əriyib dənizə çəkilə-çəkilə qumun üsründə şappıldayırdı.
-Əli, artıq hazırsan? – Yunan oğlana qışqırdı.
Əli cavab vermək əvəzini çılpaq ayaqlarını qayığın göyərtəsindən sallayıb dənizə atıldı. O, cəld hərəkətlə yunandan duz kisəsini aldı, çiyninə götürüb sahilə apardı.
Oğlanın dar, sarı rəngli şalvar və mabi rəngli gödəkçə içindəki yaraşıqlı bədəni, sağlam, dəniz küləyinin yandırdığı sifəti, başına bağladığı qırmızı başlıq mavi dənizin fonunda aydın görünürdü. Əli yükünü qumun üstünə atıb yenidən dənizə qayıtdı, çəhrayı rəngli yaş dabanlarını dümağ, yumurta ağını xatırladan köpüyə basdı, sonra ayaqlarının şəffaf, mavi dalğalarda yudu. O, qayığın müvazinətini düzəltdiyi, çiyinləri bərabərində dayandığı məqamda yetişib kisəni asanlıqla götürmək üçün yunana doğru yüyürdü. Sonra xeyli müddət qayıqdan sahilə, sahildən də qayığa qaçdı. Dalğalar oğlanı təqib eləyir, ağ köpüklərini ayaqları altına sərirdilər. Əli bəzən münasib məqamı əldən verir, belə vaxtda qayığın kənarından tutur, gövdəyə yapışmış xərçəng kimi, onunla birgə yuxarı qalxırdı.
Tatarlar sahilə yığışırdılar. Hətta kənddə, evlərin yastı damlarında belə, istiyə baxmayaraq, tatar qadınlar görünməyə başladılar; onlar sahildən dibçəklərdəki al-əlvan gülləri xatıərladırdılar.
Dəniz get-gedə daha da coşurdu. Qağayılar tənha sahil qayalarından qopur, sinələrilə üstə dalğaların üzərinə yatır, dənizə ağı deyirdilər. Dəniz dəyişir, tutqunlaşırdı. Kiçik dalğalar birləşir, sanki yaşıl şüşə kütləsi kimi, nəzərə çarpmadan sahilə yaxınlaşır, qumun üzərinə yatır, ağ köpüyə çevrlirdi. Qayığın altında su coşub qaynayır, uğuldayır, atılıb-düşür, elə bil, ağ yalmanlı vəhşi heyvanların belində harasa çapırdı. Yunan tez-tez geri çevrilir, dənizə həyəcanla və diqqətlə nəzər salırdı. Başdan-ayağacan köpüyə bulaşmış Əli qayıqdan sahilə, sahildən də dənizə daha sürətlə qaçırdı. Sahilin yaxınlığında su bulanmağa, sarı rəngə çalmağa başladı: dalğalar qumla birgə dənizin dibindən daşları da sahilə çıxarır, sonra geri çəkilə-çəkilə o daşları elə səs-küylə aparırdı ki, elə bil, orda nəhəng bir məxluq dişlərini xırçıldada-xırçıldada donquldanırdı. Təxminən bir saatdan sonra dalğalar artıq daşların üstündən keçib sahil yolunu doldurmuş, duz kisələrinə yaxınlaşmışdı. Tatarlar ayaqqabılarını islatmamaq üçün geri çəkilmək məcburiyyətində qaldılar.
-Məhmət!.. Nurla!.. Ay camaat, kömək eləyin, yoxsa duz islanacaq!.. Əli, sən də kömək elə! – Yunan xırıltılı səslə deyirdi.
Tatarlar hərəkətə gəldilər, yunan qayığıyla birgə dalğalar üzərində oynadığı, kədərli nəzərlərlə dənizə baxdığı müddətdə duz kisələrini təhlükəsiz yerə daşıdılar.
Bu vaxt ərzində də dəniz hücuma keçmişdi. Dalğaların yeknəsəq, ahangdar səsi artıq nəriltiyə çevrilmişdi. Əvvəlcə dərin xorultu kimi ket, sonra uzaq top atəşitək şiddətli, qısa səs eşidilirdi. Səmadan boz rəngli hörümçək torunu xatırladan buludlar ötüb-keçirdi. Artıq çirkli, həm də tutqun olan, həyəcana gəlmiş dəniz sahilə şığıyır, qayaların üstündən aşır, ardınca o qayalardan bulanıq, köpüklü su axırdı.
-Ey, ey, fırtına olacaq! – Məhmət yunana qışqırırdı. – Qayığı sahilə çək!
-Nə dfeyirsən axı?.. – Yunan dalğaların səsini batırmaq üçün var gücüylə qışqırırdı.
-Qayığı sahilə çək! – Nurla da bərkdən qışqırdı.
Yunan narahat halda əl-ayağa düşdü, su sıçrantıları, dalğaların nəriltisi içində zənciri dartmağa, kəndiri bağlamağa başladı Əli zəncirə doğru cumdu. Tatarlar ayaqqabılarını soyundular, şalvarlarının balağını çirməyib köməyə tələsdilər. Nəhayət, yunan lövbəri qaldırdı, tatarları başdan-ayağacan isladan bulanıq dalğaların bürüdüyü qara rəngli barkas sahilə doğru hərəkət eləməyə başladı. Bir dəətə islanmış, bellərini aşağı əymiş tatar qışqıra-qışqıra qara rəngli qayığı köpük içindən naməlum dəniz heyvanı, ya da nəhəng delfin kimi çəkirdi. Axır ki, qayıq qumun üstünə çıxdı. Tatarlar barkası bağlayandan sonra silkinib yunanla birgə duzu çəkməyə başladılar.
Əli onlara kömək eləyir, sahibin başı müştərilərlə söhbətə qarışanda yad kəndə nəzər salırdı. Artıq Günəş dağların başındaydı. Qayaların çılpaq, boz rəngli çıxıntılarının üzərində yonulmamış daşlardan yastı, torpaq damlı tatar evləri, elə bil, üst-üstə qoyulmuş qutular kimi, bir-birinin üstündə tikilmişdi. Nə hasarları, nə darvazaları, nə küçələri vardı. Hər şey Əyri-üyrü cığırlar daşlı yamacda bir-birinə qarışır, damların altında gözdən itir, daş pilləkənlərin altında peyda olurdu. Hər şey çılpaq, həm də tutqun rəngdəydi. Yalnız damların birində möcüzə nəticəsində tut ağacı bitmişdi, həmin ağac aşağıdan baxanda mavi səmanın fonunda dikəlmiş qaramtıl tacı xatırladırdı.
Amma kəndin arxasında, uzaqlarda sehirli bir aləm açılırdı. Yaşıl üzümlüklər, ağımtıl qaranlıqla dolu dərin dərələrdə qürub günəşinin şüaları altında çəhrayı rəngə çalan nəhəng qalalar, göyümtül qalın meşələr gözə dəyirdi. Girdə, çılpaq dağlar nəhəng çadırlar kimi, tutqun kölgə salırdılar, buzumtul-mavi rəngdə olan uzaq dağ zirvələrisə donub qalmış buludların dişlərini xatırladırdı. Bununla yanaşı, Günəş buludların arxasından dərənin dibinə maili qızıl sapa oxşar şüalar salır, o şüalar çəhrayı qayaları, göz meşələri, tutqun, ağır çadırları bürüyür, şişuclu zirvələrdə tonqal qalayırdı.
Bu nağılvari mənzərənin yaxınlığındakı tatar kəndi yonulmamış daş yığınından ibarət kütləni xatırladır, daş səhranı yalnız çiyinlərində səhəng qatarlanıb çeşməyə gedən yaraşıqlı qızlar cana gətirirdilər.
Kəndin kənarındakı dərin dərədən, nəhəng ceviz ağacları arasından çeşmə axırdı. Dənizin ləpədöyəni yaxınlığında çeşmə göllənir, su ağacların arasında yaşıllığı, tatar qızlarının alabəzək geyimlərini, uşaqların çılpaq bədənlərini əks etdirirdi.
-Əli, – yunan qışqırdı, – duzu tökməyə kömək elə!..
Əli dənizin nəriltisindən sahibin səsini güclə eşidirdi.
Xırda sıçrantılardan sahil üzərində duzlu duman asılıb qalmışdı. Dəniz coşub-daşır, hiddətlə nərildəyirdi.
Dənizdə artıq dalğalar yox, uca, qəzəbli, ağ yalmanlı təpələr peyda olur, o təpələrdən uzun köpük parçaları qopub yuxarı sıçrayırdı. Təpələr fasiləsiz gəlir, qarşılaşdıqları dalğaları altlarına alır, üstlərindən adlayır, sahilə çırpılır, ətrafa xırda, boz rəngli qumlar səpələyirdilər. Hər yer yaş idi, çala-çuxurda su yığılmış, gölməçələr yaranmışdı.
Tatarlar qəfildən gurultu eşitdilər, həmin məqamda da su onların ayaqqabılarını islatdı. Həmin güclü dalğa qayığı götürüb körpücüyün üstünə atdı. Yunan qayığa sarı cumun heyrətindən qışqırdı: qayıq deşilmişdi. O, dərddən başını itirdi, söyməyə, ağlamağa başladı, amma dənizin nəriltisi onun səsini batırdı. Qayığı bir qədər də irəli çəkib bağlamalı oldular. Yunan elə dilxor olmuşdu ki, axşam düşsə, Məhmət onu qəhvəxanaya dəvət eləsə də, kəndə getməyib sahildə qaldı. O, əliylə birfə su sıçrantıları, hiddətli gurultu, təpədən-dırnağacan büründükləri kəskin dəniz qoxusu işində kabus kimi dolaşırdılar. Ay atıq çoxdan çıxmışdı, hərdən buludlar arasından görünürdü; onun ziyası altında köpüklü sahil xətti ağarırdı, sanki ilin ilk, yumşaq qarı yağmışdı. Axırda kəndin işıqlarının cazibəsinə düşmüş Əli yunanı qəhvəxanaya getməyə razı saldı.
Yunan ildə bir dəfə Krımın sahilyanı kəndlərinə duz gətirir, adətən, nisyə verirdi. Səhəri gün o, vaxt itirməmək üçün Əliyə qayığı təmir eləməyi tapşırdı, özüsə dağ cığırıyla kəndlərdən borclarını yığmağa getdi. Sahilyanı cığrı su basmış, kənd dəniz tərəfdən dünyayla əlaqəsini kəsmişdi.
Artıq günortadan sonra dalğalar sakitləşməyə başladı, Əli də işə girişdi. Külək oğlanın qırmızı başlığını yellədir, o, qabarma kimi yeknəsəq mahnı zümzümə eləyə-eləyə qayığın yanında əlləşirdi. Vaxtı çatanda mömin müsəlman kimi, canamazını qumun üstünə sərib namaz qılmağa başladı. Axşam dənizin kənarında tonqal qaladı, qayıqda qalan islanmış düyüdən plov bişirdi, hətta qayığın yanında yatmağa hazırlaşdı, amma Məhmət onu qəhvəxanaya dəvət elədi. Qəhvəxana ildə yalnız bir dəfə – üzüm almağa gələnlər tökülüşəndə – yer tapmaq çətin idi, indisə bomboş idi.
Qəhvəxanada sakitlik idi. Cəfər üstünə parıldayan qazan qoyulmuş, içindəsə odun korun-korun yanıb külə çevrildiyi sobanın yanında mürgüləyirdi. Mehmet “Qəhvə!” qışqırtısıyla onu oyadanda Cəfər diksinir, yerindən sıçrayır, ocağı alışdırmaq üçün maşanı götürürdü. Sobanın alovu dişlərini işıqlandırır, qığılcım saçır, mis qazanı işıldadır, içərini təzədəm qəhvənin gözəl ətri doldururdu. Tavanın altında milçəklər vızıldaşırdı. Masalar arxasında, üzərinə qumaş çəkilmiş skamyalarda tatarlar əyləşmişdilər: bəziləri aşıq-aşıq, bəziləri kart oynayırdılar, hamsısının qarşısında da kiçik fincanlarda qara qəhvə vardı. Qəhvəxana kəndin qəlbi sayılırdı, burda daş üzərində yaşayan bütün kənd camaatının maraqları cəmləşmişdi. Bu məkanda ən hörmətli qonaqlar əyləşirdilər. Başında çalma, əynində irisümüklü, qurumuş bədəninə gen uzun əba olan qoca, sərt görkəmli Molla Hasan qəhvəxanadaydı; o qaraşın, uzunqulaq kimi inadkar adam idi, bu xasiyyətinə görə də hörmətlə qarşılanırdı. Pəhləvan cüssəli, sarı inəyi, həsir arabası, bir cür kəli olan Nurla əfəndi də burdaydı. Kənddə yekanə atı sahibi olan varlı-hallı yüzbaşı da gəlmişdi. Bu kiçik, gözdən-könüldən uzaq kəndin bütün sakinləri kimi, onlar da qohum idilər, bununla belə, qohumluqları onların iki rəqib cəbhəyə ayrılmalarına mane olmurdu. Düşmənliklərinin səbəbi də qayanın altından çıxan, düz kəndin ortasıyla, dirriklərin arasıyla axan çeşməydi. Daş üzərində bitən hər şeyə yalnız həmin çeşmə həyat verirdi; kəndin bir tərəfində yaşayanlar çeşməni öz dirriklərinə yönəldəndə digər tərəfin camaatı Günəşin və daşın soğanlarını necə yandırdığına ürək ağrısıyla tamaşa eləyirdilər. Kəndin ən varlı və nüfuzlu iki sakininin çeşmənin hər iki tərəfində – Hurlanın sağ, yüzbaşının sağ tərəfdə – dirrikləri vardı. Yüzbaşı suyu öz sahəsinə yönəldəndə Nurla çeşmənin qabaşını daha yuxarıda kəsir, axıarını öz dirriyinə yönəldirdi. Bu sol tərəfdə yaçşayanların hamısını hiddətləndirir, onlar qohumluq bağlarını unudub soğanlarına həyat vermək haqqı uğrunda mübarizə aparır, bir-birinin başını yarırdılar. Nurla və yüzbaşı iki rəqib partiyaya rəhbərlik eləyirdilər, Molla Hasanın yardımıyla da, yüzbaşının partiyası, deyəsən, qələbə qazanırdı. Bu rəqabət özünü qəhvəxanada da göstərirdi: Nurlanın tərəfdarları aşıq-aşıq oynayanda, yüzbaşının tərəfdarları onlara nifrətlə baxa-baxa kart oyununa girişirdilər. Rəqiblər bircə məsələdə – qəhvə içməkdə – dil tapırdılar. Dirriyi olmayan, tacir kimi partiyalararası çəkişmələrin fövqündə dayanan Məhmət əyri qıçlarını ata-ata Nurlanın yanından yüzbaşının yanına qaçır, onları sakitləşdirir, barışdırırdı. Onun girdə sifəti və qırxıq başı təmizlənmiş qoyun kəlləsi kimi işıldayır, həmişə qırmızı olan hiyləgər gözlərindəsə narahat qığılcımlar yanıb-sönürdü. Məhmət daim nədənsə əndişliydi, elə hey nə barədəsə düşünür, həyisə yadına salır, hesablayır, fasiləsiz fah dükana, gah zirzəmiyə, gah da yenə müştərilərin yanına qaçırdı. O, bəzən qaça-qaça qəhvəxanadan çıxır, üzünü yuxarı, yastı dama sarı tutub çağırırdı:
-Fatma!..
Həmin məqamda da qəhvəxanın üstündə ucalan evinin divarından çadraya bürünmüş bir qadın kölgə kimi aralamır, düz damın kənarına gəlirdi.
Məhmət boş kisəni, yaxud başqa bir şeyi ona atır, kəskin, cırıltılı səslə, qısaca və hökmlü tərzdə əmr verir, kölgə də peyda olduğu kimi hiss olunmadan yox olurdu.
Əli qadını bir dəfə görmüşdü. O, qəhvəxananın qabağında dayanmışdı, sarı başmaqları Mehmetin evindən enən pilləkənə ahəstə toxunduğunu eşitdi, büzməli açıq-yaşıl fərəcəsinin başından qırmızı tumanınacan yaraşıqlı bədəninə kip oturduğunu sezdi. Qız asta-asta, tələsmədən enirdi, bir əlində boş cürdək, digərində fərəcə tutmuşdu, kənar adam onun yalnız iri, uzunsov, qara, dağkeçisinin gözləri kimi ifadəli gözlərini görə bilərdi. O, nəzərlərinin Əlinin simasında saxladı, sonra kirpiklərini endirdi, Misir kahinləritək sakit və arxayın addımlarla keçib getdi.
Əliyə gəldi ki, qızın nəzərləri ox kimi ürəyinə sancıldı, çıxarıb özüylə apardı.
O, dənizin kənarında qayıqla əlləşə-əlləşə, mürgü gətirən mahnılarını zümzümə eləyə-eləyə həmin gözlərə baxırdı. Oğlan o gözləri hər yerdə – şüşə kimi şəffaf, çoşib-daşan dalğada da, Günəş altında bərq vuran nəhəng daşda da görürdü. Həmin gözlər Əliyə hətta qara qəhvə dolu fincanın içindən belə baxırdılar.
O, tez-tez kəndə boylanır, tez-tez qəhvəxananın damındakı tənha ağac altında üzü dənizə sarı dayanmış, sanki öz gözlərini axtaran qadının tutqun fiqurunu görürdü.
Kənddə Əliyə tez alışdılar. Çeşmədən qayıdan qızlar yaraşıqlı türklə qarşılaşanda, guya, təsadüfən üzlərini açır, qızarır, addımlarını yeyinlədir, öz aralarında pıçıldaşırdılar. Oğlanın şən təbiəti cavanların xoşuna gəlirdi. Sakit, sərin yay axşamlarında, ulduzlar Yer, Aysa dəniz üzərində asılı qalanda Əli Smirnə yaxınlığındakı yurdundan gətirdiyi zurnasını çıxarır, qəhvəxananın yanında, ya da başqa bir yerdə oturur, qüssəli, qəlbə toxunan səslər vasitəsilə doğma diyarıyla söhbət eləyirdi. Camaat Şərq mahnıların sevirdi, az sonra da mavitəhər işığa bürünmüş daş evlərin kölgəsində əyləncə başlayırdı: zurna yeknəsəq, sadə, işıldaquş nəğməsi kimi, bitib-tükənməyən eyni melodiyanı təkrarlayırdı; hətta tatarlar ürəklərində sıxıntı, ağrı duyur, özlərindən çıxıb mahnının ritminə uyğun qışqırırdılar:
-O-lya-lya… o-na-na…
Bir tərəfdə turqun, nəhəbng dağların sirli işığı mürgü vurur, diigər tərəfdə sakit dəniz uzanıb gedir, balaca uşaq içində yoxulu-yuxulu nəfəsini dərir, Ayın nuru altında qızılı yol kimi cilvələnirdi…
-O-lya-lya… o-na-na…
Öz daş yuvalarından yuxarı boylananlar bəzən irəli uzadılmış, Ayın nuru düşən əli, yaxud rəqs məqamında titrəyən çiyinləri görür, zurnanın yeknəsəq, zəhlətökən səsini eşidirdilər:
-O-lya-lya… o-na-na…
Qız dağlardan, başqa təbiətli adamların yaşadığı, öz adətləri olan, rəfiqələrinin qaldığı dağlardan gəlmi.di. Orda dəniz yox idi. Qəssab gəldi, atasına kənddəki oğlanların verə biləcəklərindən daha artıq məbləğ ödəyib onu özüylə gətirdi. Kişi burdakı bütün adamlar, bu diyar kimi xoşagəlməz, sərt və yad idi. Burda ailəsi, rəfiqələri, xeyirxah insanlar yoxdu, bura dünyanın qurtaracağıdı, hətta getməyə yol da tapmaq mümkün deyil.
-O-lya-lya… o-na-na…
Hətta yol da yoxdu, çünki dəniz qəzəblənəndə yeganə sahil cığırını su basır… Burda göz işlədikcə yalnız dəniz uzanıb gedir. Səhərlər adamın gözlərini suyun maviliyi qamaşdırır, gündüz yamyaşıl dalğlar yırğalanır, gecələr ümman xəstə adam kimi inildəyir… Hava yaxşı olanda dəniz öz sakitliyilə əsəbləri qıcıqlandırır, fırtına qopanda içindəkiləri sahilə atır, çırpınır, nərildəyir, yatmağa qoymur… Hətta onun kəskin qoxusu evə soxulur, o qozudan adamın ürəyi bulanır… Dənizdən qaçıb gizlənə bilməzsən, o hər yerdədi, qıza göz qoyur… Bəzən cırnadır, dağlardakı dümağ qartək dumana bürünür; adama elə gəlir ki, yoxdu, qeyb olub, amma yenə də indi olduğu kimi, dumanın içində çırpınır. İnildəyir, nəfəsini dərir, – oh!..
-Gur-r!.. gur-gur!.. gur-r!..
-O-lya-lya… o-na-na…
Dəniz uşaq bələyində çırpınantək çırpınır, sonra bələyi kənara atır… Dumanın uzunsov, əlçim-əlçim olmuş parçaları yuxarı qalxır, məsciddən yaspışır, kəndi bürüyür, evlərə dolur, ürəkləri sıxır – hətta Günəş belə görünmür… İndisə… indisə…
-O-lya-lya… o-na-na…
İndi qadın tez-tez qəhvəxananın damına çıxır, ağaca söykənib dənizə tamaşa eləyir… Yox, o, dənizi axtarmır, yadellinin başındakı başlığa göz qoyur, sanki onun iri, qara, yuxusunda gördüyü kimi, qaynar gözlərini görməyə ümid bəsləyir… Orda, dəniz sahilinin qumu üstündə qadının sevdiyi çiçək – dağ zəfəranı gül açıb.
-O-lya-lya… o-na-na…
Ulduzlar Yer, Ay dəniz üzərində asılı qalıb.
…
-Uzaqdan gəlmisən?
Əli diksindi. Səs yuxarıdan, damdan gəlirdi. Əli başını qaldırdı.
Fatma ağacın altında dayanmışdı, kölgədə görünmürdü.
Oğlan təlaşa düşdü, kəkələməyə başladı:
-Smirnə… altından!.. Burdan uzaqdı…
-Mən dağlardan gəlmişəm.
Sükut.
Qan oğlanın beynində dəniz dalğası kimi uğuldayır, gözlərini tatar qadından çəkə bilmirdi.
-Bura niyə gəlmisən? İndi xiffət çəkirsən?
Kasıb adamam, heç nəyim yoxdu… Batraklıq eləyirəm…
-Zurna çaldığını eşitdim…
Sükut.
-Şənlik eləyirsiniz… Bizim dağlarda da şənlik eləyirlər… çal-çağr, qızlar, əyləncə… Bəs sizdə?
-Yaxınlıqda elə bir yer yoxdu…
-Yoxdu?.. Bəs öz diyarınızda onun necə nəfəs aldığını eşitmirsın?
-Yox, bizdə dəniz əvəzinə qum var… Külək isti qumu gətirir, dağlar dəvə hörgücləri kimi dikəlir… bizdə…
-Sss!..
O, sanki təsadüfən çarşabının altında dümağ, şümal sifətini göstərdi, dırnağı boyalı barmağını dolu və çəhrayı rəngli dodaqlarının üstünə qoydu.
Ətrafda ins-cins yox idi. Mavi dəniz ona, elə bil, ikinci səma kimi göz qoyurdu, yalnız məscidin yanında bir qadın göründü.
-Mənimlə danışmaqdan qorxmursunuz, xanım? Məhmət bizi görsə, neyləyər?
-İstədiyini eləyər…
-Görsə, bizi öldürər.
-İstəsə…
***
Bəzi dağ zirvələri çəhrayı rəngə boyansa da, Günəş hələ çıxmamışdı.
Tutqun qayalar qaşqabaqlı idilər, yuxulu dənizsə aşağıda bomboz dumana bürünmüşdü. Nurla Yayladan enir, kəllərinin axasınca, az qala, qaçırdı. O, tələsirdi, vaxtı yox idi, hətta həsir arabassının hündür təkəri daşa ilişib atılanda təzə ot dəstinin arabadan sürüşüb kəllərin boynuna, sonra da yola töküldüyünü sezmirdi. Alçaqboylu, qara rəngli kəllər tüklü boyunlarını, iri başlarını tərpədə-tərpədə kəndə, Nurlanın yətinə burulanda kişi əl-ayağa düşdü, arabanı başqa səmtə döndərib qəhvəxananın qabağında saxladı. O, Məhmətin orda gecələdiyinin bildiyindən qapını itələdi:
-Məhmət, Məhmət, bəri dur görüm!
Məhmət yuxulu halda sıçrayıb gözlərini sildi.
-Məhmət! Əli hanı? – Nurla soruşdu.
-Əli… Əli… Hardasa buralardadı… – Sonra boş dükana baxdı.
-Bəs Fatma hanı?
-Fatma?.. Fatma yatır…
-Onlar dağlardadılar.
Məhmət gözlərini Nurlaya bərəltdi, dinməzcə qəhvəxananın içindən keçib həyətə nəzər saldı. Yolda bellərinə ot yığılmış kəllər dayanmışdı, Günəşin ilk şüaları da dənizə düşürdü.
Məhmət Nurlanın yanına qayıtdı.
-Sənə nə lazımdı?
-Dəlisən, nəsən? Sənə deyirəm ki, arvadı o cavanla qaçıb… Onları Yayladan qayıdanda gördüm.
Mehmetin gözləri bərəldi. Nurla sözünü bitirəndə onu itələyib evdən qama-qaça çıxdı, əyri qıçları üstündə səndələyə-səndələyə pilləkənlə qalxdı.
O, otaqlara baş çəkib qəhvəxananın damına sıçradı. İndi, həqiqətən, dəlini xatırladırdı.
-Osma-an! – Əlini ağzına boru kimi tutub xırıltılı səslə qışqırdı. – Sə-lim!.. Cəfər!.. Bəkir!.. Bura gəlin! Hər tərəfə dönür, sanki yanğına çağırırdı. – Hüse-eyn!.. Mustafa-a!
Tatarlar oyanır, yastı damlara çıxırdılar. Həmin məqamda Nurla aşağıda kömək eləyirdi;
-Hasan! Mahmud! Zəkəriyyə-ə-ə! – O, özünə də yad gələn səslə qışqırırdı.
Həyəcan kəndin üstündən ötdü, yuxarıdakı evlərə doğru qalxır, damdan-dama atıla-atıla aşağı enir, adamları bir yerə yığırdı. Hər yerdə qırmızı fəslər görünür, adamlar sərt cığırlarla qəhvəxanaya doğru qaçırdılar.
Nurla baş vermiş hadisəni danışdı.
Qıpqırmızı qızarıb, demək olar, şüurunu itirmiş Məhmət dinib-danışmadan nəzərlərini camaatın üzündə gəzdirirdi. Axırda damın lap kənarına gedib, pişik kimi çevik və arxayıncasına aşağı atdı.
Tatarlardan uğultu qopdu. Hələ dünən su üzündən bir-birilə mübahisə eləyən, bir-birinin başını yaran bütün qohumları indi qəzəb hissi birləşdirirdi.
Təkcə Məhmətin yox, həm də bütün nəslinin şərəfinə ləkə düşmüşdü. Ağlagəlməz işdi ki, qotur, murdar səfehin, batrakın, yadellinin biri gəlib belə bir addım atsın! Mehmet evdə qoyun kəsdiyi iri bıçağı gətirib Günəşin şüaları altında parıldadandan, qurşağının altına keçirəndə bütün nəsli arxasınca getməyə hazır idi.
-Bələdçilik elə!
Nurla irəli düşdü, arxasınca da qəssab sağ qıçını çəkə-çəkə hiddətlənmiş, qətiyyətli qohum-qardaşını ardınca apardı.
Günəş artıq qalxmışdı, daşları yandırırdı. Tatarlar yaxşı tanış olan cığırla cərgələnib qarışqa kimi sürünə-sürünə dağlara dırmaşırdılar. İrəlidəkilər susur, yalnız arxadakı qonaqlar arabir bir neçə kəlmə deyirdilər. Nurla şikar iyi almış ov iti kimi gedirdi. Pörtmüş və tutqun Məhmət əməlli-başlı axsamağa başladı. Hələ erkən olsa da, bomboz qayalar od tutub yanırdı. Daşların çökək, bəzən nəhəng çadırlar kimi qabarıq, bəzən də donub qalmış dalğalartək iti böyürlərində qalın yarpaqları olan zəhərli saqqız ağacları sallanır, yamyaşıl bitkilər daş yığınlarının üzərilə dənizə doğru sürünürdü.
Güclə sezilən, vəhşi heyvan izi kimi ensiz cığır bəzən daş düzənlikdə itib-batır, bəzən də qayaların çıxışları arxasında yox olurdu. Hava rütubətli, həm də soyuq idi, tatarlar qırxıq başlarını sərinlətmək üçün fəslərini götürmüşdülər. Sonra yenə soba kimi qızmar, bürkülü, bomboz, qözqamaşdırıcı Günəş şüalarına bürünmüş yerə çatdılar. Onlar bədənlərini bir qədər irəli əyib, qövs kimi əyri tatar qıçları üztündə yırğalana-yırğalana inadla dağa dırmaşır, ya da çiyinləri qayaların kənarlarına toxuna-toxuna, ayaqlarını uçurumun qırağına dağ qatırları sayaq inamla qoya-qoya ensiz, qaranlıq dərələrdən keçirdilər. Get-gedə maneələri adlamaq çətinləşirdi, yuxarıdan Günəş, aşağıdan da daş hə qədər çox yandırırdısa, inadkarlıq onların qızarmış, tərli sifətlərində o qədər aydın hiss olunur, inadkarlıqdan gözləri kəllələrinə çıxırdı. Gecələr spyuyan, gündüzlərsə bədən kimi isti olan bu vəhşi, bəhrəsiz, çılpaq qayaların təhqir olunmuş adamlara güc-qüvvət verir, sərt Yaylanın sarsılmaz təbiətilə mübarizə apara-apara öz şərəf və haqlarını qaytarmağa gedirdilər. Onlar tələsirdilər. Qaçqınları qonşu Suaku kəndinə çatıb dənizdə gözdən itməmiş yaxalamaq niyyətində idilər. Düzdü, Əli və Fatma bu yerləri tanımırdılar, cığırlara bələd deyildilər, dolanbaclarda asanlıqla aza bilərdilər, təqibçilər də məhz buna ümid eləyirdilər. Amma Suakuya az qalsa da, qaçanlar heç yerdə görünmürdülər. Sahildə öyrəşdikləri rütubətli dəniz küləyi bura, dağlara gəlib çatmadığına görə, isti, həm də bürkülüydü. Onlar dərəyə enəndə, yaxud dağlara qalxanda xırda, iti daşlar ayaqlarının altından qopub aşağı yuvarlanırdı, bu da yorulmuş, tərləmiş qəzəbli təqibçiləri əsəbiləşdirirdi: onlar axtardıqlarını tapmırdılar, bununla yanaşı, hər biri kənddə görməli işi atıb gəlmişdi. Amma Məhmət hiddətlənmiş keçi kimi, gözləri və beyni dumanlanmış halda, dənizin dalğalarıtək gah şiddətlə, gah da bir qədər axsaya-axsaya irəli cumurdu. Onlar ümidlərini itirməyə başlamışdılar. Nulanın gecikdiyi aydın olurdu. Bununla belə, dayanmırdılar. Bir neçə dəfə Suakunun girintili-çıxıntılı sahilinin boz qumu gözləri qarşısında peyda olmuş, sonra yoxa çıxmışdı.
Qəfildən irəlidə gedənlərdən biri – Zəkəriyyə – fit çalıb dayandı. Hamı gözlərini ona zillədi, o isə dinib-danışmadan əlini irəli uzatdı, dənizın sahilindəki hündür daş burunu göstərdi.
Orda qırmızı başlıqlı baş bir anlığa uçurumun arxasından görünüb yox oldu. Hamının ürəyi şiddətlə döyündü, Məhmətsə astaca nərildədi. Təqibçilər baxışdılart, hamısının beyninə bir fikir gəldi: Əlini burunun üstündə yaxalamaq münkün olsaydı, qaçmağa yolu qalmayacaqdı. Nurlanın planı artıq hazır idi; o barmağını dodağının üstünə qoydu, hamı susanda adamları üç qrupa ayırıb uçurumu üç tərəfdən mühasirəyə almağı tapşırdı, dördüncü – dəniz tərəfdəsə sıldırım qaya vardı.
Hamı ovdakı kimi ehtiyatlı idi, yalnız Məhmət hiddətindən qaynayır, irəli can atır, qayanı nəzərlərilə deşirdi. Amma həmin məqamda daşın arxasından yaşıl çarşıabın qırağı, onun arxasınca da sanki qayadan qopmuş yaraşıqlı oğlan göründü. Bahar kolu kimi yamyaşıl geyimli Fatma irəlidə gedi, uzun qıçlarına kip yapışan sarı şalvar, mavi gödəkcə geymiş, başında qırmızı başlıq olan, cavan sərv ağacıtək ucaboy, çevik Əlisə səmanın fonunda pəhləvana oxşayırdı. Onlar zirvədə ayaq saxlayanda sahilboyu qayalardan dəniz quşları havalanıb dənizin mavi səthini titrək qanadların toruyla örtdülər.
Əli, görünür, azmışdı, Fatmayla məsləhətləşirdi. Onlar həyəcanla uçuruma nəzər salıb çığırı tapmağa çalışdılar. Uzaqlarda sakit Suaku körfəzi nəzərə çarpırdı. Çarşab qadının başından sürüşüb çiyninə düşdü, o, nəzərlərini daş arxasından baxan ərinin qanla dolmuş gözlərinin içinə zillədi. Əli geri çevrildi, həmin məqamda da Zəkəriyyə, Cəfər, Mustafa – oğlanın çalğısını dinləyib birgə qəhvə içənlərin hamısı əlləri-ayaqlarıyla qayadan yapışa-yapışa yuxarı qalxdılar. Onlar artıq susmurdular, sinələrindən qızğın nəfəslə birgə qarışıq səslər dalğa-dalğa çıxır, qaçqınların üstünə axırdı. Qaçmağa yol yox idi. Əli qəddini düzəltdi, ayaqlarını daşa dirədi, əlini qəməsinin üstünə qoyub gözlədi. Onun solğun, vüqarlı, yaraşıqlı siması cavan qartalın cəsarətini əks etdirdi.
Həmin məqamda Fatma uçurum üzərində yaralı qağayı kimi çırpınırdı… Bir tərəfdə mərhəmətsiz dəniz, digər tərəfdəsə daha mərhəmətsiz qəssab vardı. O, ərinin qoyun gözlərinə oxşar gözlərini, hiddətdən göyərmiş dodaqlarını, qısa qəməsini, qoyun kəsdiyi iri bıçağını görürdü. Qadının xəyalı dağların üstündən qanadlanıb uçdu. Doğma kəndini gördü. Gözlərini bağlamışdılar. Mudiqi çalınırdı, qəssab da onu qoyun kimi kəsmək üçün dəniz kənarına aparırdı. Qadın ümidsiZlik içində gözlərini yumub müvazinətini itirdi. Üstündə sarı aypara olan mavi xalat qayanın arxasına sürüşüb hürkmüş qağayıların qışqırtıları arasında yox oldu.
Tatarlar dəhşətə gəldilər: bu adi, gözlənilməz ölüm onların diqqətini Əlidən yayındırdı. Əli arxa tərəfində baş verənləri görmürdü. Qurd kimi, ətrafa boylanır, onların ləngliyindən təəccüblənirdi. Doğrudan, qorxurlar? O, qarşısında yırtıcı gözlərin parıltısını, qızarmış, qəddar sifətləri, şişmiş burun pərələrini, ağ dişləri görürdü, bütün bu hiddət dağası dəniz qabarması kimi onun üzərinə atılmışdı. Əli müdafiə olunurdu. O, Nurlanın əlini yaraladı, Osmanı aşırdı, amma həmin məqamda da onu yıxdılar, yıxıla-yıxıla Məhmətin bıçağı yuxarı qaldırıb qabırğalarının arasına sancdığını gördü. Məhmət hədsiz təhqir olunmuş adam kimi, hiddətlə, qəssabtək soyuqqanlılıqla bıçağı hara gəldi endirirdi, amma artıq Əlinin sinəsi qalxıb-enmirdi, yaraşıqlı sifətinə sakitlik çökmüşdü.
Məsələ həll olundu, nəslin şərəfi ləkədən təmizləndi. Onların ayaqları altında, daşın üstündə oğlanın meyiti, onun yanındasa tapdalanmış, parça-parça edilmiş gərəcə qaldı.
Məhmət sərxoş idi. O, əyri qıçları üstündə yırğalanır, əllərini yelləyirdi: hərəkətləri yöndəmsiz, mənasız idi. Meyitin ətrafına yığışmış adamları kənara itələdi, Əlinin ayaqlarından yapışıb sürüməyə başladı.
Hamı onun arxasınca getdi. Enib qalxa-qalxa elə həmin cığırla da geri qayıdanda Əlinin gözəl başı, Yusifin simasını xatırladan yaraşıqlı sifəti iti daşlara daşlara dəyir, qanı axırdı. Bəzən baş çala-çuzur terlərdə atılıb-düşəndə adama elə gəlirdi ki, Əli nəyıəsə razılaşıb deyir: “Belə, belə”.
Dəstə, nəhayət, kəndə çatanda evlərin yastı damları al-əlvar paltar geyinmiş qadınlar və uşaqlarla dolub Semiramida bağlarını xatırlatdı.
Maraq dolu yüzlərlə göz dəstəni dənizəcən təqib elədi. Orda bir qədər yana əyilmiş, böyrü deşilmiş qara rəngli qayıq sanki fırtınanın sahilə atdığı delfin kimi, qum üstündə dururdu. Şəffaf, qız qoynutək ilıq, mehriban mavi dalğalar sahilə zərif naxışlı köpük atırdı. Dəniz Fünəşin şüaları altında mehribancasına gülümsəyir, uzaqlara – tatar kəndlərinə, tutqun meşələrə, Yaylanın qızmar qayalarına uzanıb gedirdi.
Hər şey gülümsəyirdi.
Tatarlar dinib-danışmadan Əlinin meyitini qaldırıb qayığa atdılar, sonra qağayı iniltilərinin, kəndin yastı damlarında yığışmış qadınların həyəcan dolu qışqırtılarının müşayiətilə qayığı dənizə itələdilər.
Qayıq daşları xırçıldada-xırçıldada suya endi, dalğalar böyürlərinə çırpılıb onu yırğaladı, köpüyə buladı, sonra asta-asta dənizə apardı.
Əli Fatmaya doru üzürdü…
Yanvar, 1902-ci il
Tərcümə: Nəriman ƏBDÜLRƏHMANLI