Hind əsilli Britaniya yazıçısı Vidiadxar Suracprasad Naypol 1932-ci ildə Çaquanasda doğulub. İslamı açıq şəkildə tənqid etməsi ilə tanınır.
Hindli müəllif “Sirli masajçı” (1957), “Təqlidçilər” (1967), “Azad bir ölkədə” (1971), “Partizanlar” (1974) kimi romanların müəllifidir. 1971-ci ildə qələmə aldığı “Azad bir ölkədə” (“In a free state”) romanına görə Buker mükafatına layiq görülmüşdür.
Yazıçı Buker mükafatı alan ilk Britaniya hindistanlısıdır.
2001-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını “barəsində fikir yürüdülməsi adətən düzgün sayılmayan faktlarla bağlı bizi düşünməyə vadar edən sarsılmaz dürüstlüyünə görə” almışdır, yəni XXI yüzilliyin ilk Nobel mükafatı laureatıdır.
Sim-sim.az Vidiadxar Suracprasad Naypolun “İnsan-adam” hekayəsini təqdim edir.
Migel küçəsində məskunlaşanlar İnsan-adamın dəli, ipləmə olduğunu deyirlər, buna görə də ona dəyib-dolaşmırlar. Lakin mən onun dəli, ipləmə olduğuna əmin deyiləm, hətta düşünürəm ki, ondan da dəli adamlar var. Dəliyə oxşar bir halı yox idi. Orta boylu, sısqa adam idi, eybəcər də sayılmazdı. Bir səfehin baxdığı kimi baxmazdı sənə, hətta onunla söhbətləşsən, məntiqli cavablar verərdi. Di gəl, bəzi müxətlif vərdişləri vardı. Hər seçkiyə namizədliyini verirdi; bələdiyyə seçkilərinə ve milli məclisə. Ərazinin hər yerinə plakatlarını yapışdırırdı. Bu plakatlar keyfiyyətli çap olunardı. Üstündə bircə “Səs verin” yazılardı, aşağı qismində isə İnsan-adamın şəkli olardı. Hər seçkidə üçcə səs toplayardı. Bax burası ağlıma batmır. Yaxşı, İnsan-adam özünə səs verirdi, aydındır, bəs digər iki səs kimə aid idi? Hetdən soruşdum. “Vallah mən də bilmirəm. Allah bilir kimdi. Bəlkə də, iki nəfər qurumsaq məzələnir. Amma hər seçkidə bunu təkrarladıqlarına görə bu qurumsaqlar doğrudan çox baməzədirlər. İnsan-adam kimi dəlidir onlar da”. Uzun müddət İnsan-adama səs verən bu iki səfeh barədə fikirləşdim. Nə vaxt qəribə bir şey edən kimisə görsəm, “Görəsən, İnsan-adama bu səs verib?” deyə soruşuram özümdən. Bütün şəhər bu iki nəfərin sirrini açmağa çalışırdı. İnsan-adam heç bir yerdə işləmirdi. Fəqət avaragor da sayılmazdı. Sözlərlə başını pozmuşdu, daha doğrusu, sözlər yazmaqla. Bütün gününü bircə söz yazmaqla yola verə bilirdi.
Bir gün Migel küçəsinin tinində İnsan-adamı gördüm. “Hara gedirsən, a bala” deyə soruşdu İnsan-adam. “Məktəbə” deyə cavabladım. İnsan-adam məni ciddi nəzərlərlə süzüb kinayəli bir şəkildə “Deməli məktəbə gedirsən, eləmi” dedi. Mən də qeyri-ixtiyari “Hə, məktəbə gedirəm” dedim. Sonra fikirləşdim ki, fərqinə varmadan İnsan-adamın düzgün və gözəl aksentli ingiliscəsini təqlid etmişəm. Bu, İnsan-adamla əlaqəli başqa bir müəmma idi. Yəni, aksenti. O danışanda gözlərini yumsan, sanki, qrammatikasına çox fikir verməyən yüksək təbəqəli bir ingilis centlmeniylə söhbət edirsən. İnsan-adam öz-özünə danışırcasına “Deməli, balaca oğlancığaz məktəbə gedir” dedi. Ardınca məni yaddan çıxarıb cibindən uzun bir təbaşir çıxartdı və səkiyə yazmağa başladı. Böyük bir “O” yazıb içini qaraladı, sonra “K” və “U” yazdı. Dalıyca bir sürü “U” yazdı. Hər birini əvvəlkindən daha balaca yazırdı. “U” dalıyca “U” yazırdı. Nahar üçün evə gələndə, Fransız küçəsinə adlayıb hələ də “U” yazdığını gördüm. Əlində bir cında tutub səhvləri silirdi. Günortadan sonra, tini burulub təzədən Migel küçəsinə qayıtmışdı. Evə gedib məktəbli formasını soyundum, gündəlik ev paltarımı geyinib bayıra çıxdım. İndiysə Migel küçəsinin səkilərini yarılamışdı. “Həə, balaca oğlancığaz, bu gün məktəb getdin?” deyə soruşdu. “Aha” dedim. Ayağa qalxıb belini dikəltdi. Təzədən çöməldi və yekə bir “L” yazdı və yazdığını bəyənərək yavaş-yavaş içini qaralayaraq doldurmağa başladı. Yekunda qalxıb belə dedi: “Sən öz işinlə məşğul ol. Mən də öz işimlə” Yaxud da buna oxşar nəsə dedi.
İnsan-adama kriket oynamağa gedirəm desən, “KRİK” yazacaq və sənin böyründə dayandığının təkrarən fərqinə varan kimi “E”yə diqqətini verəcək. Günlərin birində Migel küçəsinin baş tərəfindəki böyük kafeyə getdi və kətillərdə oturmuş müştərilərə it kimi mırıldanıb hürdü. Əlləri tüklü, portuqaliyalı və cüssəli bir adam olan kafe yiyəsi “İnsan-adam, məni zibilə salmamış çıx get buradan” dedi. İnsan-adam bircə dişini ağartdı. İnsan-adamı bayıra tulladılar. Ertəsi gün kafenin yiyəsi bütün qapıların açıq olduğunu gördü, gecə vaxtı biri içəri giribmiş. Amma hər şey yerində idi. Het beləcə dedi: “İnsan-adamın əsəbləriylə oynamayın. Heç nəyi yaddan çıxartmaz”.
O gecə kafeyə yenə bir nəfər girib çünki qapılar yenə açıq idi. Kafeyə ertəsi gecə də girmişdilər; bu dəfə də kətillərin, masaların üstünə və piştaxtaya məlum aralıqlarla nəcis tökülmüşdü. Kafe yiyəsi həftələrlə məhəllənin dedi-qodu mövzusu, lağ yeri oldu. Uzun müddət kafeyə gedən olmadı. Het, “Görürsən, dediyim çıxdı. Ay bala, bu adamla işiniz olmasın. Zarafatsız belə adamlar fitnə-fəsaddır. Allah belə yaradıb” dedi. Belə-belə hadisələr ucbatından hamı İnsan-adamdan uzaq gəzməyə başladı.
Yeganə dostu qulaqları qara xallı, balaca, ağ rəngli, qarışıq cins bir it idi. İt də belə götürəndə İnsan-adama çox oxşayırdı. Qəribə bir it idi. Qəti hürməz, başını qaldırıb adama da baxmaz; sən çevrilib itə baxası olsan, o başını başqa səmtə çevirər. Başqa itlərlə də yoldaşlıq etməz. Bir it ona yaxınlıq göstərsə ya da dalaşmaq istəsə, İnsan-adamın iti ona sakitcə, qınayıcı nəzərlə bir baxış atıb başını döndərib gedər, arxasına da baxmaz. İnsan-adam itini sevərdi, iti də onu. Bir-biriləri üçün yaradılmışdılar. İnsan-adam iti olmadan yaşaya bilməz. Görünür ki, İnsan-adamın itinin bağırsaqları üstündə böyük bir nəzarəti var. Het, “Həqiqətən, bunu başa düşmürəm. Necə olur bu?” demişdi. Hər şey Migel küçəsində başladı. Bir səhər bir sürü qadın bir də baxdı ki, qurusun deyə axşam zivəyə asdıqları pal-paltarlar it nəcisiylə kirlənib. Təbii ki, heç kim o mələfələri və köynəkləri təzədən istifadə etmək istəmədi. İnsan-adama dedilər, o da kirli paltarları sevə-sevə götürdü. İnsan-adam bu paltarları satırdı. Het, “Belə şeylər məni, bu adam konkret dəlidir, deyə düşündürür” demişdi. Migel küçəsindəki hadisələr ətrafa yayılmışdı və İnsan-adama məxsus olan itin əlindən azar-bezar olanlar, özgələrinin də eynən belə əsəbləri korlanacaq deyə narahat idilər.
Biz Migel küçəsində azacıq da olsa onu düşünüb qürur hissi keçirdik. Necə oldu ki, İnsan-adam yaxşılaşmağa başladı, ağlım kəsmir. Bəlkə də, itinin ölümüylə əlaqəlidir. İti maşın vurub və Hetin dediyinə görə, incə bir fəryad qoparıb, vəssalam, sonra da ölüb. İnsan-adam günlərlə lal-dinməz oldu, nə etdiyindən bixəbər sərgərdan gəzdi küçələrdə. Səkilərə artıq yazı yazmırdı, nə mənlə, nə də məhəllədəki uşaqlarla danışırdı. Əllərini bir-birin keçirib malyariya xəstəliyinə yoluxmuşcasına öz-özünə danışmağa başladı.
Günlərin bir günü də camaata çiməndən sonra Allahı gördüyünü dedi. Çoxumuz buna təəccüblənmədik. O günlərdə İspaniya limanında hətta Trinidadda Allahı görmək dəb halını almışdı. Buna Fuente Qrovedəki sirli masajist Quaneş Pundit ilk dəfə start vermişdi. O da Allahı görmüşdü və “Allahın mənə danışdıqları” adlı bir kitabça da nəşr etdirmişdi. Bir yığın rəqib mistik və sayları heç də az olmayan masajist də eyni şeyi iddia etmişdi. Allah həndəvərdə olduğundan İnsan-adam da böyük ehtimalla onu görməliydi. İnsan-adam Migel küçəsinin tinində yerləşən Merinin mağazasının talvarı altında vəz verməyə başladı. Hər şənbə axşamı vəzlər verirdi. Uzun bir bəyaz cübbə geydi və saqqallını uzatdı. Bir əlində “İncil”, o birində dini şeylər tutub neft lampasının işığında vəzlər verməyə başladı. Qadınları ağladırdı və insanları elə bir vəziyyətə salırdı ki, Het belə təlaşlanmağa başlamışdı. “İncil”i sağ əlində tutub, üstünə sol əliylə yüngülcə vurub mükəmməl bir ingilis aksentiylə bunları deyirdi: “Bir neçə gündür Allahla söhbətləşirəm və mənə biz insanlarla bağlı dedikləri heç də xoş sayılmaz. Bu aralar siyasətçilər adanın öz-özünə bəs edəcək bir vəziyyətə gələcəyini deyirlər. Dünən axşam Allah mənə nə dedi, bilirsiz? Elə dünən axşam, düz axşam yeməyindən sonra Allah bunları dedi: “İnsan-adam, gəl bu insanların vəziyyətinə bax”. Mənə ərlərin arvadlarını, arvadların da ərlərini yeməyini göstərdi. Mənə atanın oğlunu, ananın qızını yeməyini göstərdi. Mənə qardaşın qardaşı yeməyini göstərdi. Budur siyasətçilərin ada öz-özünə bəs edəcək bir vəziyyətə gələcək deyəndə nəzərdə tutduqları şey. Di gəl ki, qardaşlarım, Allahın yoluna qayıtmaq üçün hələ də vaxtımız var.”
İnsan-adamın öyüdlərinə qulaq asdığım hər şənbə gecəsi kabus görürdüm. Amma ki ən qəribəsi, İnsan-adamın adamları nə qədər çox qorxudursa, adamlar onun vəzlərini bir o qədər də dinləmək istəyirdilər və ona həmişəkindən daha çox əşya verirdilər. Həftə içi bircə ağ cübbəsiylə həndəvərdə gəzişir, yemək dilənirdi. İsanın əmr olunan şeyləri etdiyini və bütün mal-mülkünü payladığını deyirdi. Uzun qara saqqallarını və dərin parlaq gözlərini görəndə adam onu rədd edə bilmir. Mənə fikir vermirdi artıq, “Deməli, məktəbə gedirsən, hə?” deyə sual vermirdi. Məhəllədəkilər bu dəyişilmənin hardan qaynaqlandığını başa düşə bilmirdi. İnsan-adamın, həqiqətən, dəli olduğunu düşünüb özlərini ovundurmağa çalışırdılar, amma, məncə, onlar da mənim kimi İnsan-adamın dəli olmadığından əmin idilər.
Sonradan baş verənlər isə gözlənilməz deyildi. İnsan adam, özünün yeni Məsih olduğunu elan etdi. Het bir gün gəlib, “Axrıncı söhbətdən xəbəriniz varmı?” dedi. “Nəyi” deyə soruşduq. “İnsan-adamla bağlı olan. Tezliklə çarmıxa çəkiləcəyini deyirlər.” “Heç kim toxunmaz ona. Hamının ödü ağzına gəlir” dedi Eduard. Sonra Het, “Xeyr, elə deyil. Gedib öz-özünü çarmıxa çəkəcəkmiş. Bir cümə günü Mavi Hövzə Şəlaləsinə (Blue Basin Waterfall – tərc.)gedib özünü xaça bağlayacaqmış və insanlar da onu daşa basacaqmış” deyə izah etdi. Birisi qəhqəhəyə boğuldu, deyəsən, Errol idi, amma heç kəs ona qoşulmadı deyə sakitləşdi. Nə qədər narahat olub təlaşlansaq da İnsan-adam bizim məhəlləmizin yetirməsidir deyə qürurlanırdıq. Mağazalarda, kafelərdə, bəzi evlərin qapısında İnsan-adamın çarmıxa gərilməsiylə bağlı balaca əlyazma elanlar görünməyə başladı. Het, “Mavi Hövzə Şəlaləsi olduqca izdihamlı olacaq” dedi və əlavə etdi “Bir neçə polis də gələcəkmiş deyə eşitdim”.
Həmin gün sabah ertədən mağazalar açılmamış, Ariapita meydanında trolleybuslar hərəkətə başlamamış Migel küçəsinin tinində böyük bir izdiham göründü. Biryığın kişi qara, biryığın qadınsa, ağ geyinmişdi. İlahilər oxunurdu. Təxminən iyirmi polis var idi, onlar ilahi oxumurdular. İnsan-adam nəhayət göründü; çox zəyif və müqəddəs görünürdü. Qadınlar cübbəsinə toxunmaq üçün ağlayaraq ona tərəf qaçmağa başladılar. Polislər hər bir vəziyyətdə müdaxilə üçün hazır gözləyirdilər. Böyük bir yük maşını taxtadan düzəldilmiş bir xaç gətirdi. Het, izdiham arasında qüssəli görünürdü. “Kibrit üçün nəzərdə tutulan odundan hazırlanıb. Ağır deyil, olduqca yüngüldür” Eduard əsəbiliklə söhbətə girişdi “Nə olsun ki? Bu çox vacibdir? Can və bədən nə qədər önəmlidir ki? dedi. Het, “Mən heç bir şey demirəm” dedi. Bir neçə adam xaçı yük maşınından endirib İnsan-adama verəcəkdi, amma o, qadınları dayandırdı. İngiliz aksenti səhərin bu ertə vaxtında qulağa xoş gəlirdi. “Bura yox, Mavi Hövzə Şəlaləsinə aparın”. Het çaş-baş qaldı. Mavi Hövzə Şəlaləsinə tərəf yol aldıq; İspaniya limanının şimal-qərbindəki dağlarda bir şəlalə idi. İkicə saata çatdıq. İnsan-adam xaçı yolda, daşlı cığırda şəlaləyə qədər daşıdı. Bir neçə adam xaçı çiyninə qaldırdı və İnsan-adamı xaça bağladı. İnsan-adam “Qardaşlarım, daşa basın məni” dedi. Qadınlar ağlaşdılar və onun ayaqlarına torpaq, çay daşları atdılar. İnsan-adam inildəyir, “Müqəddəs ata onları əfv elə. Nə etdiklərini bilmirlər” dedi və “Qardaşlar, daşa basın məni” deyə qışqırdı. Sinəsinə yumurta yekəliyində bir daş dəydi. İnsan-adam “Daş atın, qardaşlar, DAŞ ATIN mənə! Sizi bağışlayıram!” deyərək ağlayırdı. Eduard “Bu adam, həqiqətən, çox mərd adamdır” dedi. Adamlar İnsan-adamın üzünə və sinəsinə iri daşlar sovurmağa başladılar. İnsan-adam kədərli və çaşqın görünürdü. “Burda nə baş verir? Ay millət, siz nə etdiyinizi qanırsız? Tez olun endirin məni, cəld endirin, mənə o daşı atan qəhbə balasını da minəcəm” deyə cığırdı. Eduard, Het və digərlərinin dayandıqları yerdən baxanda ağrıdan ağladığı zənn edilirdi. İnsan-adama yekə bir daş gəldi, qadınlar ona çay daşları və torpaq atmağa davam edirdi. İnsan-adam açıq şəkildə “Dayandırın bu axmaqlığı. Sizə dedim buraxın məni. Bu axmaqlıqdan əl çəkin deyirəm sizə, eşitmirsiz?” deyə qışqırırdı. Ardınca da hündür səslə elə bir söyüş işlətdi ki, insanlar çaşqınlıqla dayandılar. Polislər İnsan-adamı tutub bölməyə apardılar. Səlahiyyətli şəxslərin qərarıyla onu nəzarətxanaya atdılar. Sonra da ona ömürlük həbs verildi.
Tərcümə: Məhəmməd Tanhu