Abelardo Kastilyo XX əsr Argentina ədəbiyyatının əsas nümayəndələrindən biri hesab olunur. O, bir çox dillərə tərcümə olunmuş çoxsaylı romanların, hekayələrin və esselərin müəllifidir. Həmçinin “ El Escarabajo de Oro” və “El Ornitorrinco” ədəbi jurnalların ərsəyə gəlməsində yaxından iştirak edib. Abelardo Kastilyo fəaliyyəti ərzində bir sıra milli və beynəlxalq mükafatlara layiq görülüb. Bunların arasında UNESCO-nun “Beynəlxalq Müasir Yazıçılar Mükafatı”, “Konex” mükafatı, “Milli Ədəbiyyat Mükafatı” var.
Başqasının arvadı
Bilirdim, bir gün bu qapını döyəcəyimi bilirdim. Həmin an bu gecə gəlib çatdı. Ev az-çox təsəvvür etdiyim kimi idi. Floresta məhəllələrindəki evlərdən biri. Qarşısında bağça vardı (əgər çin qızılgülü ilə artıq üstünü kol-kos basmış bir-iki çiçək yatağının güclə sığdığı hasarlanmış kiçik dördbucağı bağça adlandırmaq olardısa). Niyə “artıq” dediyimi bilmirəm. Bəlkə həmişə beləydi? Bağçada cırtdan heykəlciyi də var idi, bax bunu təsəvvür etməmişdim. Əri demişdi ki, bunu bir il əvvəl Karolinanın özü alıb. Yağışlı gecədə taksi ilə gəlmiş; maşını küçədə gözlədib evə tələsmişdi. “Avtomobil qapıda gözləyir, bir qəpiyim də yoxdur, zəhmət olmasa, pulunu ver, içində cırtdan heykəlciyi olan bağlamanı da götür” – demişdi.
– Onu yaxından tanıyırdınız, – ərinin bu sözlərində heç bir pis niyyət hiss etməmişdim, – Necə adam olduğunu bilirsiniz.
Ona düzünü dedim. Bu kədərli və nəzakətli adama düzünü deməmək müşkül məsələydi. Dedim ki, onu yaxşı tanıdığımdan əmin deyiləm.
– Düzdür, – dedi fikirli-fikirli, – İnanmıram ki, kimsə onu həqiqətən yaxşı tanısın, – incik təbəssümlə davam etdi, – Ən azından mən onu heç tanımamışam.
Amma bu əhvalatı xeyli sonra, mən getməyə hazırlaşanda danışmışdı; indi isə evin mətbəxində əyləşmişdik və bir-birimizin üzünü ilk dəfə görməyimizdən heç yarım saat keçməmişdi. Karolina onun adını cəmi bir-iki dəfə çəkmişdi, sanki bu ev əri də daxil olmaqla içindəki hər şeylə birlikdə onun gizli bağı, kiçik cənnəti, ümumiyyətlə mənim üçün əlçatmaz qalmalı olan bir şey idi. Sanki bu gecə ora mənfur, qərib taleyin hökmü ilə getmişdim. İndiyədək sadəcə o həndəvərdə dolanardım, amma bu gecə gedib zəngi basmışdım.
Əri paltosunu tələsik çiyninə atıb qapını pijama ilə açmışdı. Qəribədir, ona adımı deyəndə təəccüblənməmişdi. And içə bilərəm ki, gəlişim onun başına gələ biləcək ən pis şey deyildi.
– Geyimimə görə üzr istəyirəm, – dedi, – Təkəm, heç kimi gözləmirdim.
Görünüşü eynilə dediyi kimi idi. Heç kimi gözləməyən tənha kişi.
Nə deyəcəyimi bilmədən, ümumiyyətlə nəsə deyib-deməyəcəyimi bilmədən zəngi basmışdım. Gecə saat onda bu evə gəlmək üçün heç bir bəhanəm yox idi. Naqolay, absurd vəziyyət yaranmışdı.
– Keçin, keçin, – tez qərar verdi, – Bir dəqiqə, əynimi dəyişim.
– Yox, əziyyət çəkməyin, – düşündüm ki, “getsəm, yaxşıdır” deyim; amma özüm öz sözümü kəsdim, – Əyninizi dəyişməyə ehtiyac yoxdur.
Bircə “istədiyiniz kimi geyinə bilərsiniz, axı Karolinanın əri sizsiniz, bura sizin evinizdir” deməyim qalmışdı. İstənilən halda, onun əynini dəyişməyinin mənə heç bir istisi-soyuğu yox idi. Bəlkə də, bundan sonra sussam yaxşı olardı, amma hiss edirdim ki, gəlməkdə məqsədim nə olur-olsun, ayağında başmaq, əynində pijamanın üstündən atılmış palto olan bu adamın qarşısına yaxşı geyinmiş vəziyyətdə çıxmağım mənim xeyrimə idi. Təzə çatanda beləydi, indi vəziyyət bir qədər dəyişmişdi. O öz evində, öz mətbəxində köhnə dəmir sobanın yanındaydı, əynində pijamayla özünü rahat hiss edirdi, mən isə özümü aydan gəlmiş kimi hiss edirdim.
– Mate içirsiniz? – ehtiyatla soruşdu. İnanılmazdır, amma “hə” dedim. Mate içərək susa və vaxt qazana bilərdim.
– Karolina həlim, özünəməxsus davranışları olan insan idi, bəzi səhərlər mate də içərdi. Çox gülməli idi. Pipeti ağzının kənarı ilə elə sovururdu ki, elə bil hansısa tanqo səhnəciyində baş rolu ifa edirdi. Ya da yox, belə deyildi. Matesini fikirli-fikirli içərdi.
– Yəqin, gəlişimin səbəbi sizə maraqlıdır.
– Yox. Məni çox az şey maraqlandırır, həmişə bir gün görüşəcəyimizi bilirdim, – gözlərini mateyə zilləyib gülümsədi, – Amma yenə də deyin görüm, niyə gəlmisiniz?
Səsində qıcıq və ya meydan oxuma hiss etməyə çalışdım. Alınmadı. Bu adi sual idi, arxasında heç nə yox idi.
Ya da kifayət qədər şey var idi. Məsələn, Karolinanın fikirli üzü. Mən bu üzü tanıyırdım, sevirdim. Onu bir axşamçağı hansısa tənha kafedə pəncərə şüşəsindəki əksinə baxıb pipetini sovuranda görmüşdüm. Onu günorta öz mənzilimdə fikirli-fikirli karandaşın ucunu çeynəyəndə görmüşdüm. Mənə balaca qız olanda yaşadığı yerlərin, evlərin kiçik xəritələrini, planlarını çəkirdi. Anlamadığım səbəbdən bu yerləri, evləri sözlə ifadə etmək onun üçün qeyri-mümkün görünürdü, həmişə onların mövcudluğundan şübhələnirdim. Bəlkə də sadəcə onun danışdığı hekayələrdə yerləri yox idi. Nə isə, mən həm də bu üzün dalğın və müdafiəsiz, bədənindən daha çılpaq halını görmüşdüm. Amma heç vaxt səhər matesini içəndə görməmişdim. Düşündüm ki, bəlkə də buna görə minnətdar olmalıyam, amma yenə də bu fikir məni sakitləşdirmədi. Eyni şeyi daha sonra cırtdan əhvalatında da yaşayacaqdım.
İndicə məndən niyə gəldiyimi soruşmuşdu.
– Bilmirəm, – Fasilə verdim. Əlavə etməli olduğum söz qəsdən pis niyyətli səsləndi, – Maraq, – dedim.
– Başa düşürəm, – pıçıldadı.
Nə demək istədiyini bilmədim. Amma elə təəssürat bağışladı ki, dediyini elədiyinə şübhəm qalmamışdı.
Mənzilimə gecə saat birdən sonra çatdım. Deyəsən, təxminən üç saat oturmuşduq, ancaq söhbətimizin müəyyən hissələri yadımda qalmışdı, əsasən də mənasız hissələr. Siyasətdən, axşam qəzetində çıxan cinayət xəbərindən danışmışdıq. Buenos-Ayres qışının sərtliyindən danışmışdıq. İndi mənə elə gəlir ki, Karolina barədə demək olar, danışmamışıq.
Söhbətin bir yerində məndən şəkillərə baxmaq istəyib-istəmədiyimi soruşdu.
– Şəkillər, – dedim.
Bunun təhdidkar bir təklif olduğu hissini başımdan ata bilmirdim. Evlilik şəkilləri ilə dolu albomu, Karolinanın bikinili fotolarını, ikisinin gülüb qucaqlaşdıqları fotoları, Allah bilir, daha nələrin təsvir olunduğu fotoları xəyal etdim.
– Şəkillər, – təkrarladı, – Karolinanın şəkilləri.
Hər mənada yozula biləcək jestlə cavab verdim.
– Bir az gecdir, – dedim.
– O qədər də gec deyil, – ayağa qalxıb dedi, – Çoxdandır, mən də baxmıram.
Mətbəxi tərk edib məni tək qoydu. Sakitlikdən istifadə edib ətrafa göz gəzdirdim. Karolinanı o piştaxtanın yanında, yaxud barmaqlarının ucunda qazanı, cəzvəni götürməyə cəhd edərkən təsəvvür etməyə çalışdım. Bəlkə də bu evə təxminən belə bir şey axtarmağa gəlmişdim. Divarların birində iki çox kiçik rəsm asılmışdı. Onlara yaxından baxmaq üçün qalxdım. Heç bir təəssürat yaratmadılar. Kiçik natürmorta bənzəyən şeylər idi. Mətbəxin içindəki xırda mətbəxlər. Kim bilir, bəlkə də bunları o asıb, kim bilir, bunları seçdiyi gün onun üçün hansı mənanı daşıyırmışlar. Kişi qayıdanda pijamanın üstündən gen şalvar və əl işi olduğunu düşündüyüm qalın sviter geyinmişdi.
Karton qutu gətirmişdi. Məndən bir az uzaqda əyləşib ilk fotonu uzatdı:
Karolina təkdir. Ağacların arasındadır, yəqin ya meydan, ya da parkdadır. Bir neçəsini kənara atdı və növbəti şəkli uzatdı. Karolina təkdir, pəncələrini yuxarı qaldırmış itin yanında diz çöküb. Üç-dörd fotoya baxdı, birini lap diqqətlə süzdü. Onları qutunun içində qalanların altına qoydu və mənə başqa bir şəkil uzatdı. Karolina təkdir.
Sonra absurd bir şey hiss etdim. Hiss etdim ki, bu kişi məni incitmək istəmir.
– Bu qəşəngdir, – dedi.
Karolina poçt qutusunun yanındadır, gülümsəyir.
– Hə, – dedim düşünmədən, – Onu belə gülən görmək çətin məsələydi, – Mənə minnətdarlığa bənzər ifadəylə baxdı.
– Bunlara heç vaxt təkrar baxmamışdım. Tək baxmaq başqadır.
– Göstərdiklərinizin heç birində siz yoxsunuz, – dedim.
– Hə, mən fotoqraf idim, – dedi.
Az-çox xatırladıqlarım bunlar idi. Ya da bu gecə baş verənlər elə bundan ibarət idi.
Getməli olduğumu dedim, o məni darvazaya qədər yox, qapıya qədər ötürdü. Cırtdanın hekayəsini də onda danışdı. Dəmir cəftəni açanda arxadan səsi gəldi.
– O çox gözəl idi, elə deyil?
Çıxdım, darvazanı bağladım və səki tərəfdən cavab verdim.
– Hə, – dedim, – Çox gözəl idi.
Xahiş etdi ki, bir də gəlim. Dedim ki, gələrəm.
İspancadan tərcümə edən: İlahə Əkbər