Seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov açaraq bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 31 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.”
ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olduğunu qeyd edərək bildirib ki, həmin gün Azərbaycan xalqı çox ağır imtahan verdi: “Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı”.

Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova qeyd edib ki, şəhidlik böyük zirvədir və hər kəsə nəsib olmur. Gərək cəsur, mərd, igid, mübariz, vətəni ürəkdən sevən bir vətəndaş olasan ki, bu ada layiq ola biləsən. O bildirib ki, 20 yanvar hadisəsi nə qədər ağrılı, faciəli olsa da, bir o qədər də qürurludur, biz onlarla fəxr edirik.
Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva çıxış edərək, Qanlı 20 yanvarın tarixindən bəhs edərək bildirib ki, Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamışdır. O, bu gün firavan bir ölkədə yaşadığımız, uşaqlarımızı vətənpərvəlik ruhunda böyütdüyümüz üçün xoşbəxt olduğumuzu vurğulayıb.
Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva faciədə həyatını itirən Ülvi Bünyadzadəni yad edib və Universitet rəhbərliyinə ona həsr olunan guşə və auditoriya üçün təşəkkür edib.
İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib.
Daha sonra faciənin canlı şahidləri olan iclas iştirakçıları – Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov və İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Mülayim Bağırova həmin gün haqqında öz təəssüratlarını danışıblar.