Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla universitetin professor-müəllim heyətini, tələbə, magistr və doktorantları Novruz bayramı münasibəti ilə təbrik edib. Həmin təbriki təqdim edirik.
Əziz professor-müəllim heyəti, tələbə, magistr və doktorantlarımız!
Hörmətli ADU əməkdaşları!
Sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, işlərinizdə və dərslərinizdə böyük uğurlar, könül xoşluğu, bol ruzi-bərəkət arzu edirəm.
Bu il əziz bayramımız olan Novruzu qeyd etmək bizim üçün ikiqat sevinclidir. Müzəffər öndərimiz İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində uzun illər düşmən əsarətində olan yurd yerlərimizə qovuşduq, uzun illərin vətən həsrətinə son qoyuldu. Şuşada – Cıdır düzündə yandırılan tonqallar ruhumuzu, könlümüzü isitdi, şəhid qardaşlarımızın unudulmaz xatirəsini sevindirdi. İndi bizi Zəfər yolu ilə böyük qayıdış, daşı daş üstə qalmayan ev-eşiyimizi, şəhər-kəndimizi abad etmək kimi böyük mənəvi vəzifə gözləyir.
44 günlük Vətən müharibəsində universitetimizin əməkdaşları, tələbə və magistrlərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda həqiqi vətəndaşlıq təəssübkeşliyi göstərdi, erməni təxribatları haqqında xəbərlər 20 dildə dünyanın müxtəlif qurumlarına, o cümlədən mətbuat orqanlarına, universitetlərə göndərildi. 2020-ci ildə ölkəmiz iki müharibə ilə üz-üzə qaldı: Vətən müharibəsi və Covid-19 pandemiyası. Bir müharibədən üzüağ, alnıaçıq, zəfər sevinci ilə çıxdıq. Koronovirus bəlası ilə müharibəmiz isə davam edir. Müəllimli-tələbəli hər birimizin mənəvi borcumuz özümüzü və ətrafımızı qorumaq, məsuliyyətli olmaqdır. İnanıram ki, nümunəvi vətəndaş münasibətimizi bu cəbhədə də ən yüksək şəkildə göstərə biləcəyik.
Universitetimiz bu il də dərslərini məsafədən təşkil edir. Sevinirəm ki, ənənəvi dərslər kimi onlayn dərslərə də böyük maraq göstərir, məsuliyyətlə yanaşırsınız.
Sizi Novruz bayramı münasibəti ilə bir daha ürəkdən təbrik edir, doğmalarınıza və əzizlərinizə ən gözəl arzularımı bildirirəm.