Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Sevinc Saday qızı Zeynalova və Dokuz Eylül Universitetinin Xarici dillər departamentinin direktoru, professor Gülmira Kuruoglu giriş nitqi ilə çıxış edərək, hər iki ölkənin universitet tələbələrini, eləcə də professor-müəllim heyətini salamlayaraq onlara uğurlar arzulayıblar.
Sevinc Zeynalova çıxışı zamanı gənclər arasında əməkdaşlığın gücləndirilməsi baxımından bu tədbirin təqdirəlayiq oduğunu qeyd edib. Eyni zamanda, həmmüəllifi olduğu “Welcome to Azerbaijan” adlı kitabını nümayiş etdirərək vebinar iştirakçılarına təqdim edib. Professor S. Zeynalova, həmçinin, hal-hazırda elmi veb-saytlarda xüsusi yer alan, eləcə də Azərbaycanın həqiqətlərini təbliğ edən “Welcome to Azerbaijan” adlı kitabına dair bir sıra xüsusi məqamlara da toxunub. Belə ki, həmmüəllif S. Zeynalova 2018-ci ildə tərtib etdiyi “Welcome to Azerbaijan” adlı vəsaitdə Dağlıq Qarabağ konfliktindən bəhs edən 36 və 38–ci səhifələrə bəzi düzəlişlər edildiyini vurğulayıb. Bununla yanaşı, həmin səhifələrə 27 sentyabr 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin ölkəmizin qələbəsi ilə başa çatdığını və 8 noyabr Zəfər tariximizin bu səhifələrdə işıqlandırıldığını qürur hissi ilə qeyd edib.
Vebinarda Azərbaycan Dillər Universitetini layiqincə 4 tələbə təmsil edib.
Kövsər Zəkəriyeva: Fundamentals of Azerbaijan foreign policy
Gülşən Sərxanova: The state structure of Azerbaijan
Tahirə Rzayeva: Education in Azerbaijan
Şəms Cəfərova və Sara Həsənli: “Azerbaijani Culture and Literature”.
Tələbələr tərəfindən hazırlanmış maraqlı prezentasiyalar onların çıxış etdikləri mövzuları müşayiət edib.
Vebinarın yekun çıxışında Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Aynur Beşkonak və Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva Azərbaycan və Türkiyə arasında təhsil, mədəniyyət əməkdaşlığının inkişafından bəhs edib. Vebinar zamanı, həmçinin Azərbaycan, ADU və Regionşünaslıq kafedrasının Türkiyə universitetlərində tədbirlərinə dair video çarxları xüsusi maraqla nümayiş etdirilib. Azərbaycan tərəfindən vebinarın koordinatorları Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dos.Könül Hacıyeva və TECin sədri Elşən Məcidov olub.
Ümidvarıq ki, Azərbaycan Dillər Universiteti və Dokuz Eylül Universitetinin gənc istedadlı tələbələrinin birgə iştirakı ilə keçirilən və müvəffəqiyyətlə sona çatan onlayn vebinar hər iki ölkənin gənclərinin sıx təmas qurmalarına, dostluq əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.