Qərb elminə nə üçün güvənə bilmərik?
Müasir Qərb (Günbatan) təfəkkürü təhtəlşüurçudur, səbəbləri şüurun altında axtarmağı sevir, “yerçi”dir, Günəş kimi yerin dibinə batmağı xoşlayır; Şərq (Günçıxan) təfəkkürü isə fövqəlşüurçudur, mənaları şüurun üstündə tapmağı sevir, “göyçü”dür, Günəş kimi göy üzünə yüksəlməyi xoşlayır. Əllərini göylərə açan şərqliyə qarşı qollarını yerə soxan qərbli.
Qərb təfəkkürünün dünyada dəbə minməsiylə göyləri buludlar örtdü. O vaxtdan etibarən artıq heç nəyi başucaldan, “göyçü” səbəblərlə izah edə bilməzsiniz, çünki onda inandırıcı olmazsınız. Mütləq alçaldıcı, utandırıcı, adi, “yerçi” səbəblər tapmalısınız, axtarışınızı yerin lap dibinə soxmalısınız. Dərinlik eşqi – göyə arxa çevirməkdir müasir Qərb təfəkküründə. Məsələn, “Filankəs bunu fədakarlığından etmişdir” desəniz, insanlar sizə şübhə ilə baxacaqlar, ancaq əvəzində, məsələn, “O, bunu seks arzusuyla etmişdir” desəniz, hamı qımışacaq və göstərdiyiniz səbəbi doğru sayacaqdır. “Filankəs bunu sevgisindən edir”, deyə izah etsəniz, insanlar sizə yenə inamsızlıqla baxacaqlar, ancaq əvəzində, “O, bunu qazanc məqsədiylə edir”, deyə izah etsəniz, insanlar sualın cavabını tapdıqlarını qəbul edəcəklər.
M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov və b. həmin bu göysüzlüyün, həmin bu yerçiliyin, alçaldaraq, utandıraraq, qaralayaraq, adiləşdirərək, güldürərək izah edən maarifçi-rasionalist paradiqmanın bizim kulturamızdakı ilk nümayəndələri idilər. (Elm nəzəriyyəsində paradiqma
– misal üçün, “qədim türklər primitiv və yarımvəhşi olublar” və yaxud “hind-avropalılar dünyaya yüksək sivilizasiya gətiriblər” və yaxud “Orta Əsrlər tarixin qaranlıq dövrüdür” kimi– elmi tədqiqatlarda yönverici normativ kimi qəbul edilən, böhrana yol açacaq əks-faktlar çoxalmayanadək mübahisə doğurmadan tətbiq edilən ənənə, elmi qabaqlayan konvensiya, qeyri-elmi inam deməkdir.) Maarifçi-rasionalist paradiqmaya görə, bəşərdə öyüləsi, göylərə qaldırılası heç nə yoxdur, bir şəxsin ya travması var ya çatışmazlıq kompleksindən əziyyət çəkir, ya qazanc məqsədi güdür ya qorxaqlığından belə edir, ya savadsızlığından ya geridə qalmışlığından və s. Ucaltma, əksinə, alçalt – artıq həqiqəti tapmısan! Son 200-300 ildir Qərbdə təfəkkür dəbi budur. Göylərin ağıl buludlarıyla örtülməsi budur. Allahın ölməsi budur.
Qədim şərqlilər müşahidə etmişdilər ki, adam – məsələn, vurulanda şeir yazmaq istəyir, eşqin dili şeirdir. Həqiqi şeir – şüur transformasiyasından, hal metamorfozasından doğulur, əsla sözləri qafiyələndirmək qabiliyyətindən, əruz bacarığından, filologiya ixtisası üzrə təhsil almış olmaqdan yox. İlk dəfə olaraq burada anlamış oluruq: ərəb dilində “şeir” və “şüur” sözləri niyə eyni feildən (“şaara”dan) törəmiş isimlər imişlər. Deməli, ancaq vurulanların, dəlilərin, havalananların, sehrlənənlərin, coşanların, ekstaza düşənlərin, yuxuda buta verilənlərin və b. şeir yazması legitimdir. Bu səbəbdən də şairlərə həmişə qeyri-adi adamlar kimi baxılıb Şərqdə. Ərəbcədən qabaq biz “şeir”ə “qoşuq” deyirdik. “Qoşuq” – məncə, heç də sözləri bir-birinə qoşmaq deyildir, özü başqa bir yerə qoşulmaqdır, onunla qoşalaşmaqdır.
Mənim görüşümcə, “aşıq” sözü də bu kökdəndir ,aşıq – qoşulandır. Latıncada bu qoşulmaya “unio mystica” (mistik birləşmə), ərəbcədə “vəhdəti vücud” (vücudların – ekzistenslərin bir olması), sanskritçədə “advaita” (ikisizlik) deyilir. Boğulursansa, nəfəsin çatmırsa, pəltəkləyirsənsə, sayaqlayırsansa, coşub rəqs edirsənsə, özünü itirib göylərə qoşulmusansa, içkisiz sərməstsənsə, heyrət içindəsənsə, ağı deyirsənsə, ritmik hərəkətdəsənsə… – şeir yazmaq haqqın var. Ancaq şüurca dəyişmiş olanların yazdıqları başqalarını da şüurca dəyişdirə bilir. Bütün bu sözlər filosofluq üçün dəxi qüvvədədir. Şərq mütəfəkkirləri şairdirlər də. Şair deyilsənsə, mütəfəkkir də deyilsən Şərqdə!
Gözünüzün qabağına nəhəng və zəngin bir qəsr salonu gətirin. Salonun uca və şəkilli tavanı, uzun çilçıraqlar, xalılar, güldanlar, sürahilər, buxurdanlar, heykəllər, fiqurlar, mizlər, kətillər, tablolar, akvariumda balıqlar, qəfəslərdə quşlar və s. və i. var burada. Burada ümumiyyətlə, boş yer yoxdur, hər yer nə iləsə doludur. Bir belə əşyanı bir-bir, adbaad sayıb təsvir etməyə isə imkan yoxdur. Onda biz, misal üçün, təklər, cütlər, çoxlar deyə, üçbucaq quruluşlular, düzbucaq quruluşlular, yumrular və s. deyə, canlılar və cansızlar deyə, min bir bölgü ilə qruplaşdırma apara bilərik. Misal üçün, gəlin, bu salonda yumru quruluşlu nəsnələri ayırd edək. “Yumruluq” bir anlayışdır, fərdiliyi, yəni əti-sümüyü olmayan abstraksiyadır. Bu anlayışla biz bu salonda bir sıra nəsnələri seçə – “ələ keçirə”, “tuta”, “qapa” (greifen) biləcəyik, məsələn, yumru quruluşlu mizlərdən birini, yuvarlaq tablolardan ikisini və s.
Aristoteldən başlanan, indi filosofia ilə yanaşı elmdə də davam edən bu təfəkkür ənənəsində varlıq (burada: salon) anlayışlar (concept-lər, Begriff-lər) vasitəsilə elə məhz bu cür, pazl kimi, kəsik-kəsik, tikə-tikə tutulur, qapılır. Konseptual (begrifflich, kavramsal) təfəkkür buna deyilir. Anlayışın xüsusi adı olur, bu ada termin deyilir. Qərb təfəkkürünün konseptual və terminolojiq olması budur.
(“Fəlsəfə” yox, “filosofia” yazmağımın məqsədi – bu adın gələcəkdə vermək istədiyim alternativ etimologiyasına açılan qapını indidən azacıq aralamaqdır; “filosofia” yazıram, eynilə Cəlil Məmmədquluzadənin yüz il bundan qabaq (1920-ci ildə) yazıb qurtardığı “Anamın kitabı” dramında “Fəlsəfə lüğəti” yox, “Filosofiya lüğəti” yazması kimi.)
Elmi və fəlsəfi terminologiya süni dildir, o, dilin içində ikinci dil kimidir, elə bu səbəbdən də varlıqdan iki qat uzaqdır. Təbiətdə rəqəmlərin müqabili olmadığı kimi, terminlərin də müqabili yoxdur. Təbiətdə bir yumurta, bir nar, bir daş mövcud olub, “bir” mövcud olmadığı kimi, yumru yumurta, yumru nar, yumru daş da mövcud olub, “yumruluq” özü mövcud deyildir. “Yumruluq” – “bir” rəqəmi kimi zehnimizin bir qurğusudur. Mənim qənaətim belədir: Rəqəmlər (ədədlər) riyaziyyatda nədirsə, terminlər (anlayışlar) də elmdə və filosofiada odur. Başqa sözlə, Qərb elmi və filosofiası– Platon və Aristoteldən üzü bəri – matematikdir, dijitaldır, türkiyəcə desək, rəqəmsaldır.
Bunları yazarkən biz, miflər quraşdırıb, bədii lövhələr çəkən Platonu, Allaha xitabən bədii dillə tövbə məktubu yazan Avqustini və b., əlbəttə, unutmuruq. Bizə Zərdüştü danışdıran, filologiya təhsilli şair F.Nitsşe terminologiyadan (oxu: rəqəmli filosofiadan) imtina etmiş ilk müasir Qərb filosofu idi. Ardından eyni səpkidə yazan M.Haydeqa gəldi.
Bəs, Şərq necədir? Şərqdə dilin kəsirini həmişə görüblər, sözlərin bizi yanıltdığını, yarı yolda qoyduğunu daim biliblər, bu səbəbdən də sözlərə, adlara, sintaksisə qarşı həmişə həssas və güvənsiz olublar, varlığı tutmaq üçün anlayışlarla yox, onu əks etdirmək üçün terminologiya ilə yox, məsəllər, rəmzlər (simvollar), eyhamlar, kinayələrlə danışıblar, şeirlər yazıblar, musiqilər bəstələyiblər, yaxud susmağı qızıl sayıblar. Musiqi özü dilin susmasıdır.
İncəsənət – çəkməkdir, lövhələr çəkmək. Bu lövhəni səslə də, boyalarla da, hərəkətlərlə, nəsnələrlə də və nəhayət, sözlərlə də çəkmək mümkündür. Sənət ustası – lövhəçidir, çəkəndir o.
İstənilən bir sənət əsəriylə tanış olmaq isə – dinləmək, baxmaq, oxumaq və s. – lövhə görməkdir, lövhə “oxumaq”dır. Ərəbcə sayılan “lövhə” (lauha) sözü – “layihə” (laiha) sözüylə qohumdur; ərəb dilində “lövhə” sözünün içində eyham, işarə, kinayə kimi mənalar da gizlidir.
Gildən, şirədən, bal mumundan yapılıb ilk lövhələr Şumerdə. Həmin lövhələrin üstünə ucu əydəmli kəsilmiş qamış “qələm”lərlə mıxa oxşar işarələr basılıb. Beləcə, Şumerdə yazı sənəti – Şərqin təfəkkür yolunu da müəyyənləşdirdi. Yaxşı şeir də, yaxşı nağıl da, yaxşı musiqi də, yaxşı film də, yaxşı roman da və s. dünyanın hansısa bir üzünü göstərən üz (lövhə) kimidir.
Bu, o çağlardı ki, dünya yuvarlaq yox, elə lövhə kimi, üz kimi düz sayılırdı. Dünyanın üz kimi düz sayıldığı çağlarda “o dünya”-“bu dünya” yoxdu, dünyanın o üzü, bu üzü vardı. Biz indi də belə deyirik: “Mən dünyanın hər üzünü görmüşəm”, yəni hər iki üzünü.
Qədim Şərqdə, islamdan minillərlə qabaq, inanılıb ki, baş məbəddə gizli saxlanılan və qorunan, əlçatmaz və toxunulmaz qalan, ərəb dilində “lövhi-məhfuz” adlandırılan, ən ulu lövhə mövcuddur. Nə ola bilərdi bu lövhənin üzərində? Boyun ən ulu nənəsinin gizli adımı, vəsiyyətimi, nəsil şəcərəsimi? Hökmdarın ən ali tələblərimi, qanunlarımı? Şəhərin yeraltı gizli yollarının xəritəsimi? Tilsimə salan sehrli sözlərmi, dualarmı? Bilmirik.
Bizim dilimizdə “lövhə”yə ən uğurlu tərcümə, indilik məncə, “üz” sözümüz ola bilər. Lövhə – üzdür. Üzə çıxarmaq – həm də lövhə üzərində təsvir etməkdir. Bütün varlıq özü – qarşımızda lövhədir, üzərində qabartma və basmaların olduğu, sözlərin yazıldığı, təsvirlərin çəkildiyi üzdür o. Həyatda gördüklərimizin hamısı – ayrı-ayrı lövhələrdir, üzəri minbir sirrli naxışlı lövhələr, unudulmazları var, mənasızları var. Üz – açıqlıq deməkdir. Onda “lövhi-məhfuz” – “gizli üz” demək olur. Bu, “ağ qarğa”, “lal qışqırıq” sayaq oksimoron kimi səslənir.
İ.Nəsimi bəşərin üzünü – oxunası lövhə sayır, deyir, insan üzü özü – lövhi-məhfuzdür: “Lövhi-məhfuz imiş üzün…”, “Üzün lövhündə, ey huri, ilahı görməyən qafil…”, “Lövhi-məhfuz oldu üzün…”
Deməli, ən açıq yerimiz ən gizli imiş?!
Bəlkə, qadınlar (bəzən kişilər də, məsələn, Dədə Qorqud dastanımızda Bəyrək) elə bu səbəbdən üzlərini niqabla örtməli, baxılıb “oxunmasına” imkan yaratmamalı idilər.
Qədim şərqlilər bu gizli üzün üstünə çəkilmiş təsvirin, yazılan yazının yiyəsini – ilk, əzəli, ən ulu müəllifi də axtarmağa başladılar. Ona Allah dedilər.
Latındilli filosofiada lövhi-məhfuza “tabula secreta” deyilirdi. İnsan bu dünyaya gələrkən, zehnində özüylə heç nə gətirmir, ona anlağında (idrakında) yiyə duracağı irs verilməmişdir, onun anlağı anadangəlmə bomboş, “ağ lövhə” (“tabula rasa”) kimidir, o, hər şeyi öz şəxsi təcrübələriylə (“empeira”larıyla) öyrənir, deyən və bununla da modern təcrübəçiliyin (empirizmin) atası sayılan C.Lok-un, çox böyük ehtimalla, Orta Əsrlərin “tabula secreta” (lövhi-məhfuz) anlayışından xəbəri olub.
Axtarışların bezgin bir mərhələsi də olur, qırx qapı dalında gizli qalan üzü (lövhi-məhfuzu) görmək istəyirsən artıq: “Axır ki, tapdım, bax, bu misra, deyəsən, odur; bax, bu abzas, deyəsən, odur; bax, bu cümlə, bax, bu söz, bax, bu üz!..”
Onda qədim şərqli filosoflar dizlərinin dibində oturanın qulağına sanskirtcə belə pıçıldayıblarr: “neti, neti” – yoox, bu, o deyil, yoox, o da deyil, yoox, onlar da deyil, heç biri deyil bunların.
Sözlərlə lövhə çəkməyə Fəridəddin Əttar-dan bir nümunə. Əttar 900 il bundan qabaq doğulmuş, Ş.Söhrəverdi ilə təxminən yaşıd, Qazalidən 60 yaş kiçik, N.Gəncəvidən 20, Ş.Təbrizidən 65, Mövlanadan 87 yaş böyük mütəfəkkir və şairdir. Əttarın çəkdiyi lövhələrdən biri aşağadakı kimidir.
Padşahın – gözəlliyi dillərdə dastan olan bir qızı vardı. Bu qızın dərdindən, canından usanan bimarlar çox idi ölkədə. Bir gün padşahın sarayına yeni bir qul gətirilir, gənc bir oğlan. Bu qul öz gözəlliyi ilə tezliklə şəhərdə hamının diqqətini cəlb edir, onu görən bir də dönüb baxardı. Bir gün necəsə oldu, padşahın qızı da bu qulu gördü və elə görməsiylə də könlü əldən getdi, o, qula vuruldu. Qız bir müddət səsini çıxarmadı, qəmini pünhan tutdu. Lakin eşq ona güc gəldikcə utanc hissini itirdi, artıq dözə bilmədi və çalıb-oxumaqla onu əyləndirən xanım çalğıçılarına öz sirrini açdı. Onlara dedi, mən padşah qızıyam, o isə bir qul. Ona ürəyimi açsam, məni səhv başa düşər, sonra rüsvay olaram. Ancaq belə də olmur, mən artıq dözə bilmirəm, ölürəm. Mən istəyirəm ondan istədiyimi alam, amma onun özünün bundan xəbəri olmasın. Çalğıcı qızlar dedilər, qəm yemə, biz onu sənə elə gətirərik, onun özünün bundan xəbəri də olmaz. Qızlar elə də edirlər, bir yol tapıb, qula yuxu dərmanı qatılmış içki içizdirirlər, qul yuxuya gedir, onu bir döşəyə uzadırlar, yatır. Gecə yarısı gizlincə götürüb, padşah qızının məclisinə gətirirlər, qızıl taxta uzadırlar, üstünə incilər, çiçəklər, ətirlər səpirlər. Ətrafda şamlar yanır, musiqi çalınır, gözəl çalğıçı qızlar çalıb-oynayırlar. Qul birdən yarımxumar halda gözlərini açır, harada olduğunu, nə baş verdiyini anlamağa çalışır. O, heyrətlər içərisindədir. Elə bu anda qarşısında padşahın qızını görür, onu ilk dəfə görür və görməsiylə də qəlbi viran olur. Yan-yörəsindəki gözəllikləri görməz, eşitməz hala düşür. Qul padşahın qızına baxır, baxır, amma dinmir, dinə bilmir, utanır, gözlərindən yaşlar süzülür, o, ağlayır. Padşahın qızı da ona baxır, o, ondan da bərk ağlayır. Onlar danışmırlar, onlar yatışmırlar, onlar bir-birlərinə baxıb-baxıb ağlaşırlar. Dan yeri ağarana yaxın qul bu vəziyyətdə yarımhuşsuz halda düşüb qalır, çalğıçı qızlar onu götürüb yenidən gətirdikləri yerə aparırlar. Səhər qulun dostları – o biri qullar ondan soruşurlar, gecə hardaydın? Qul belə sözlər deyir: Mən bilmirəm, gördüklərimi mən gördüm, ya başqası? Hər şeyi mən gördüm, mən eşitdimsə də, o, mən deyildim. Mən bir gözəllik gördüm, onu kimsə görməmişdir. Gördüklərimi deyə də bilmirəm, susa da. Gördüyümü unuda da bilmirəm, tapa da. Mən onu gördüm də, görmədim də.
Əttar-ın çəkdiyi bu lövhədə nələr görülə bilər, buna artıq özünüz qərar verin.
Beləliklə, anlayışa qarşı təsvir, terminolojiq dilə qarşı bədii dil, rəqəmə qarşı şeir – Qərbə qarşı Şərq.
Maarifçiliyin ən yaramaz təkəbbürü – özündən qabaqkı bütün tarixi “puç və əfsanə”hesab etməsi idi. Bu, bütün bəşər tarixindən imtina edən avantyüra demək idi. Avropada millətçilik, milli dövlətçilik, irqçilik kimi ideologiyalar maarifçi nihilizmi tormozlaya bildi. Harada ki, millətçilik, irqçilik, milli dövlət olmadı, oralarda maarifçilik daha böyük fəsadlar törətdi.
Mən balaca uşaq idim, atam bir gün baltanı götürüb, məni də yanına salıb, bağımızdakı ağaclardan birinə yaxınlaşdı. Ağacın gövdəsinə yox, dibinə bir neçə əl balta çalıb, ağaca belə dedi: “Bu il də bar verməsən, səni kəsəcəyəm!” Gəlin, indi buna “xurafat”, “mövhumat”, “cəhalət” və s. kimi əzbər damğalarımızı yapışdırıb, mirzəcəlil sayaq güldükdən sonra, bunları da deyək: bu, təbiətlə ünsiyyətdir, bu, oyundur, bu, qədimlikdir, bu, yaddaşdır, bu, izdir, bu, bağdır. Qərb insanı bar verməyən ağacına belə şey etməz, o, misal üçün, ağacı budayıb, gəncləşdirər, ağaca kimyəvi gübrələr verər. İndi də gəlin, Qərbə “elmi”, “müasir”, “rasional” kimi tərifləri yağdırıb, onun qarşısında Mirzə Ələkbər Sabir sayaq təzim etdikdən sonra, bunları da deyək: Birincisi, Qərbin öz xurafatı, öz mövhumatı var, pasxada (Ostern, Easter) ağaclardan boyanmış yumurtalar asmaq kimi, bapbalaca uşaqları sürü ilə kilsələrə aparmaq kimi, onları hellouin-də (Halloween) qapı-qapı gəzdirib diləndirmək kimi və s.; ikincisi, qədim yunanlardan özünə qədimlik düzəldən Avropa xalqları mənşəyə tanıq olmamışlar, lövhi-məhfuz yazmamış, onu oxumamışlar; Avropa xalqları gənc olduqlarından, onların uzun və canlı yaddaşları boşdur, adət-ənənələri, dillərinin etimologiyası və s. onları aparıb heç bir qədimliyə bağlamır(qısa tarixli avropalıların qədim tarixli yəhudilərə paxıllıqlarının səbəblərindən biri!), bu səbəbdən də avropalı alimlər xüsusilə, Şərqin qədim təsisatlarını interpretasiya edə bilmirlər; üçüncüsü, Avropada maarifçi rasionalizm ağlın məhdud qəliblərinə sığmayan, keçmişdən qalan nə vardısa, silib-süpürüb yox etdi. Şərq isə mənşənin birbaşa özüdür, bir şərqli tarixin ən dərin izlərini gəzdirir özündə – dilində, adət-ənənəsində, fikir yürütmə tərzində, qərarlarında və s.
Ömrü boyu kənddə yaşamış, təhsil almamış (yəni Avropa elminin kitablarından xəbərsiz), sadəcə folklorik sərvətlərimizlə şifahi bəslənmiş bir azərbaycanlı aşıq əsla cahil deyildir, əksinə, o, bir çox avropalı professorun kitablarından daha mənəvi, daha dolğun, daha müdrikdir. Elita-kütlə, ziyalı-xalq kimi uçurumları maarifçi filosofia gətirdi bizə.
Şərq sivilizasiyasını yaradanlar “yüz iyirmi dörd min peyğəmbər” kod adı altında bizə gəlib çatıblar; “yüz iyirmi dörd min” söhbətinin ərəbə, islama, şəriətə dəxli yoxdur. Ümumiyyətlə, Şərqi islamla eyniləşdirmək alışqanlığının özü – Qərbdən bizə yoluxmuş infeksiyadır. İslam – elə təkcə zaman baxımından, məlum Şərq tarixinin heç üçdən biri də deyildir. “Yüz iyirmi dörd min”lər (maqlar, muğlar, rahiblər, təbiblər, loğmanlar, nəqqaşlar, ozanlar, aşıqlar, şairlər, ulu nənələr, dədələr, atalar, mütəfəkkirlər və b.) tarixin hələ ümumiçi dövründə yaşayırdılar deyə, onların öz Mənləri, şəxsilikləri, müəlliflikləri yox idi deyə, öz adlarını ötürmədilər. Adlı peyğəmbərlər, sanlı qəhrəmanlar, məxləsli (şəxsi təxəllüslü) şairlər – fərdiyyətçiliyin (individualizmin) yaranışından sonra doğuldular. Hegel necə demişdi? – Filosofun “məncə” demək haqqı yoxdur, filosofun “mən”i olmaz. Adsızlıq – qədim Şərqin obyektivliyi idi.
“Müasir Qərb elmi” ifadəsinə qarşı bəziləri belə etiraz edə bilərlər: “Qərb və yaxud Şərq elmi olmaz, elm vahiddir!” Xeyr! XVII əsrdə Qərbdə yaranan elm artıq yeni elm idi, o, qədim Şərqin passiv müşahidəçi, məsələn, nücum elmi deyildi və yaxud Aristotelin elmi deyildi, heç İbn Sinanın elmi də deyildi; müasir Qərb elmi təcrübidir (empirikdir – ancaq hesablaya bildiyini mövcud sayır: mövcud olmaq – hesablanıla bilməkdir); o, ümumləşdiricidir (induktivdir – cüzi sayda nəsnəni sayıb, hesablayıb, küll üçün nəticələr çıxarır; möcüzəvi təklər, qaydadan qırağa çıxan istisnalar faciəvi taleyə məhkumdur elm dövründə); müdaxiləçi və qaydaçıdır (normativdir – həyatımız elmlə tənzimlənilməlidir); riyazidir (matematikdir – təbiət rəqəmlərlə əks olunmalıdır, təbiət bəşərlə guya riyazi dillə danışır).
Bir sözlə, müasir elm – biliyin, bilməyin növlərindən ancaq və ancaq biridir və məhz o, Qərb elmidir. Yoxsa, “Qərb elmi” ifadəsi o demək deyildir ki, su Qərb elmində 100 dərəcədə, xəyali hansısa başqa bir elmdə başqa dərəcədə qaynayır.
Elm – burada söhbət kultura elmlərindən gedir – obyektivdirmi, neytraldırmı, tərəfsizdirmi? Xeyr! Birincisi, bir avropalı üçün obyektivlik, neytrallıq və tərəfsizlik – duyğusuzluğun, qəlbsizliyin, soyuqqanlılığın terminolojiq adıdır; bir şərqli üçün obyektiv olmaq – duyğusuz, qəlbsiz, eşqsiz olmaq kimi qeyri-mümkündür. Alman-ın uşağı gülmür, o, genetik olaraq emosiyasız doğulur, olan-qalan hissləri də tərbiyə prosesində burulub axtalanır. Bir alman-ın uşağı gülə biləndə, şərqli də obyektiv ola biləcəkdir. Üstəlik, elmdə avropalı əsla obyektiv, neytral və tərəfsiz də deyildir, o, bir az irqçi, bir az millətçi, bir az avropaçı, bir az da xristiandır. (Bu mövzunu isə başqa yazılarımda geniş açmağa çalışacağam.)
Elm – dünyanın bütövlükdə nə olduğunun öyrənilməsi yox, təbiətin ayrı-ayrı tikələrinin necə işlədiyinin, bu tikələrin öz aralarında necə əlaqəli olmasının öyrənilməsidir. Bütövlükdə həyatın nə olması sualı bizim üçün yenə də müəmma olaraq qalır. Bu suala isə qədim miflər, nağıllar, şeirlər, dinlər, ədəbiyyat, filosofialar cavab verir. Müasir Qərb elmi – bəşərin əzəli suallarından imtinanın adıdır. Bütün varlığı ancaq təcrübə edilə (görülə, eşidilə və s.) bilən boyda qəbul edib, insanın bütün zehni qabiliyyətlərini onun ancaq ağlıyla eyniləşdirməkdir müasir Qərb elmi. Empirizm (təcrübəçilik) üstəgəl rasionalizm (ağılçılıq), bərabərdir müasir Qərb elmi. Bağışlasınlar, biz bu bəsitliyə təslim ola bilmərik.
Avropalı öz lyuks maşınları, interneti, silahları, smartfonları və s. ilə qızımıza elçiliyə gəlib. Əvvəla, bu, pis elçilikdir. Habelə, bunları düzəldib deyə, avropalı hər şeydə haqlı ola bilməz və şərqli də maddi yoxsulluq, məhrumiyyət və imkansızlıqlar içərisindədir deyə, onun bütün tarixi-mənəvi sərvətləri dəyərsiz ola bilməz. İndiki halda biz, qızını Məcnuna verməyən Leylinin atasına bənzəyirik.
“Elmi” epitetinin – şübhəgötürməz, yekun, ən ali həqiqət möhürü sayıldığı dövrdə yaşayırıq. Əslinə qalanda isə bilməkdən yox, biliyin “elmi” növündən danışılmalıdır. Mənim gələ bildiyim nəticə belədir: Elmin görmək istəməyib örtdüyünü elmi yolla görmək mümkün olmayacaqdır.