“Ağır bir qismətdir Borxes olmaq” – Xorxe Luis Borxes – Tərcümə
XX əsrin klassikləri
Xorxe Luis Borxes (1899-1986) – dahi Argentina yazıçısı, şair, publisist, esse ustası, kulturoloq. XX əsr dünya ədəbiyyatında heç kimə bənzəməyən azsaylı söz ustalarındandır. Argentina yazıçılarının Qran-prisi (1944), Argentinanın ədəbiyyat üzrə dövlət mükafatı (1956), Yerusəlim mükafatı (1971), Edqar Po mükafatı (1976), Servantes mükafatı (1979) və başqa nüfuzlu ədəbiyyat ödüllərini alıb.
Gözətçi
Sabah obaşdandır və özümü xatırlayıram: o burdadır.
İlk işi öz adını (elə mənim də adımı) xatırlatmaqdır.
Altmış ildən çoxdur ki, davam edən köləliyə qayıdıram.
O öz yaddaşını mənə sırıyır.
İnsan mövcudluğunun gündəlik şərtlərini də.
Çoxdandır ki, ona qulluq edirəm: ayaqlarını da yuyuram.
Məni qırmızı palıd şkafın
güzgülərində gözləyir, vitrin şüşələrində də.
Əvvvəlcə bir, sonra isə daha bir qadın atıb onu
və bu aqibəti onunla bölüşməli olmuşam.
İndi xoşuma gəlməyən bu şeiri onun diktəsi altında yazıram.
Anqlosakson dilinin azanlaşıqlı kursunu
keçməyə də məni o vadar edib.
Müharibədə həlak olanları anmanın
bütpərəst ayinlərini o mənə təlqin edib,
hərçənd, onlarla əlaqəyə girib
kəlmə kəsə bilməzdim çox güman.
Sonun pilləkən meydançasında
hiss edirəm ki, hardasa yaxındadır.
Səsimdə, addımlarımda.
Onu ən xırdalıqlarına qədər sevmirəm.
Demək olar, heç nə görmədiyini
məmnuniyyətlə müşahidə edirəm.
Bir-birimizi aldatmasaq da, hər ikimiz yalançıyıq.
Yaxından tanıyırıq bir-birimizi, ayrılmaz qardaşlarıq.
Suyu mənim fincanımdan içir,
mənim çörəyimdən yeyirsən.
Sui-qəsdin darvazaları açıqdısa da, teoloqlar iddia edirlər ki,
o biri, o qaranlıq dünyada mən
məni gözləyən özümü qarşılayacam.
Bizə aid olanlar
O şeyi sevirik ki, əldən vermişik,
barəsində heç nə bilməyəcəyik.
Əvvəllər ucqar sayılan məhəllələri.
Gözəl əsatirlərə döndüyündən
bizi heyrətləndirə bilməyən keçmişləri.
Şopenhauerin oxunub bitməyən altıcildliyini.
“Don Kixot”un yadımızda olan ikinci hissəsini.
Əfqan, türk və ya fars üçün mövcud olmayan Şərqi.
Hətta on beş dəqiqə belə
söhbət edə bilməyəcəyimiz əcdadlarımızı.
Yaddaşın unutqanlıqdan doğan
dəyişkən obrazlarını.
Güclə anladığımız dilləri.
Vərdişlə vird etdiyimiz latın və sakson dilini.
Ölüblər deyə, bizi heç vaxt satmayacaq dostları.
Şekspirin hüdudsuz şöhrətini.
Nə vaxtsa yanımızda, indi isə çox uzaqda olan qadını.
Heç vaxt öyrənə bilmədiyim cəbri və şahmatı.
Üçüncü adam
Bu şeir
(hələlik bu sözdən yararlanaq)
srağagün rastlaşdığım,
Artistotelin üçüncü adamı kimi əlçatmaz olan
üçüncü adama ithafdır.
Həmin şənbə axşamı
küçə adamla doluydu
və üçüncü adam elə orda, kütlənin arasındaydı;
dördüncü və birinci adam da elə.
Ola bilsin baxışlarımız toqquşdu da;
o, Paraqvaya, mən Kordovaya getdim.
Bəlkə də o elə bu sözlərin yaratdığı kəsdir;
adı nədir, kimsə bilmir.
Bilirəm ki, hansı dadı sevir.
Bilirəm ki, Aya çox baxır.
Hətta ola bilər ölüb də.
Bu sətirləri oxusaydı da
onu nəzərdə tutduğumu çətin anlaya bilərdi.
Sirli gələcəkdə biz bir-birinə layiq rəqiblər,
ya da dost da ola bilərik.
Bağışlanmaz səhv etdim,
onunla bu əlaqəyə girdim.
“Min bir gecə”yə çox bənzəyən bu adi dünyada
bir hadisə belə yoxdur ki,
təsadüfən möcüzəvi olmasın;
və sonsuz zəncirin başlanğıcı olacaq
elə bir əməl də yoxdur.
Və indi düşün: bu boş sətirlər
hər hansı şübhəni qova bildimi?
Öləziyən qürub
Qürub zövqsüzlüyü və kasıblığı ilə,
amma daha çox üfüqin arxasında gizlənərkən
düzəngahı pas rənginə bələyən
təşviş dolu sonuncu bərqi ilə adamı sarsıdır.
Məkanı mütləq qaranlıq qorxusuyla
dolduran bu qarabasma,
bu dözülməz, gərgin və aydın işıq
onun saxtalığını anlayan kimi qəfil bitir,
eynən yatdığımız ağlımıza gələndə
bitən yuxularımız kimi.
Ağı
Ağır bir qismətdir Borxes olmaq:
planetin çoxlu, fərqli dənizlərində,
ya da eyni dənizdə fərqli adlarla üzmək;
Sürixdə, Edinburqda,
eyni vaxtda Texas və Kolumbiya Kordovasında olmaq,
sonra əvvəlki nəsilləri yola salıb
doğma yerlərə – Portuqala, Əndəlüsə dönmək,
daniyalı və saksların qan qarışdırdığı
həmin o iki-üç qraflığa;
sakit və qırmızı London labirintlərində azmaq,
çoxlu nüsxələrlə qocalmaq,
mərmər heykəllərin baxışlarını
uğursuz şəkildə oxumağa cəhd etmək,
ensiklopediyaları, xəritələri, litoqrafiyaları öyrənmək,
ölümün, səhərləri zülümlə oyanmanın,
düzəngahın, titrək ulduzların
insanlar üçün pay olduğunu bilmək,
lap düzü, onları görməmək,
bircə paytaxtdakı o qızın üzündən savayı,
əbədi unutmaq istədiyin üzləri də.
Bütün başqa aqibətlər kimi
ağır bir qismətdir Borxes olmaq…
Əşyalar
Əsa, dəmir pullar, açar zənciri,
üzüyola kilid, gündəlikdə qeyd –
hərçənd bir az gecdi oxumaq üçün;
kitab arasında quru bənövşə –
ötən əziz günün bir xatirəsi;
evin qərb səmtində divarda güzgü –
güzgüdə qürubun titrəyən əksi,
qapılar, xəritə, şahmat taxtası;
badələr, mismarlar və başqa şeylər –
bu lal gözətçilər, susqun əşyalar
səssiz duracaqlar necə vardılar,
dayanıb yanında yaddaşsızlığın
heç zaman fərqində olmayacaqlar
görəsən, burdayıq, ya köçmüşük biz.
Tərcümələr Səlim Babullaoğlunundur
/edebiyyatqazeti.az/