Sim-sim.az Alber Kamünün “Taun” əsəri haqqında yazını təqdim edir
Əlcəzairdə doğulmuş fransız yazıçısı, filosof, dramaturq və tənqidçisi Alber Kamünün dünyaca məşhur “Taun” əsəri 1947-ci ildə çap olunmuşdur. “Taun” romanın süjetinin ilk qeydləri ilə kitabın işıq üzü görməsi arasında təxminən on il vaxt keçib. Əsərdə olan ayır-ayrı personajlar Kamünün 1938-ci ildə qeydlərində rast gəlinir. Şübhəsiz ki, kitab üzərində işi müharibə daha da dəqiq yönə istiqamətləndirdi. Bütün kitab boyu az qala adbaad dəqiq göndərmələr var.
“Taun, yoxsa macəra” başlığı Kamünün qeyd kitabçasında var. O biri il Kamü dəqiq təsvir etdiyi personajların sayını artırır (məsələn, Kottar və astma xəstəsi olan qoca da peyda olur). Əlyazmanın ilk nüsxələri sonuncu varyantdan kəskin şəkildə fərqlənir. Fəsillərin yeri və müxtəlif təsvirlər dəyişib, Ramber və Qrana personajları da yoxdur.
Fəlsəfi-intellektual məzmunlu bu romanı yazıçının dünya görüşü, düşüncələri, müxtəlif aspekt və tendensiyalarını ayrı-ayrı persoajlar arasında bölüşdürmüş özünəməxsus bir müəllif monoloqu adlandırmaq olar. Əsərin nasist və faşist işğalının alleqorik hekayəsi olduğu haqda çox danışılıb. Müqavimət hərəkatının nümayəndəsi, filosof və yazıçı, “Qərbin vicdanı” adını qazanmış Alber Kamü avtoritar rejimlərə və onlara yoldaşlıq edən zorakılığa şər kimi, müsibət kimi baxırdı. Romanda hadisələrin cərəyan etdiyi Oran şəhəri, çox maraqlıdır ki, reallıqda Fransanın müstəmləkə tarixinin sona yetdiyi qanlı bir məkandır. Bu şəhər iki kontinentin, iki mədəniyyətin, iki dünyəvi dinin sərhəd nöqtəsində yerləşir və bu da qəddar ziddiyyətlər və kinli konfliklərin inkişafına zəmin yaradan amillər idi. Kamü, yuxarıda qeyd etdiyim kimi, Əlcəzairdə doğulmuşdu və buna görə də müxtəlif düşüncəli cəmiyyət arasında olan insanların necə qeyri-müəyyən, necə qərarsız olduğunu yaxşı bilirdi. Bundan başqa, yazıçı özü də gəncliyində şüuraltısında ölüm yaxınlığının ekzistensial hissini və həyatın absurdluğunu həkk edən qorxu dolu ağır xəstəlik keçirib.
Albert Kamü İkinci Dünya müharibəsi hadisələrini bu əsərində göstərib. Taunu Holokostla müqayisə edərkən oxşarlıqlar tapmaq asandır. Əsərin ilk bir neçə fəsli, əslində Almaniyada və qonşu ölkələrdə milyonlarla yəhudinin məhv edilməsi ilə baş verənləri göstərir. Yüzlərlə siçovulun ölümü barədə eşidən Oranda heç kim epidemiya xəstəliyinin ola biləcəyini qəbul etmək istəmədi. Xəstəliyin həqiqi şiddəti bəlli olduqdan sonra belə, inkarlar xəstləyin cəmiyyətə vurduğu zərbəni təsdiqləməyə mane oldu. Bu, Holokost zamanı baş verənlərə bənzəyir, əvvəlcə heç kim nasistlərin yəhudilərə qarşı vəhşiliyini etiraf etmək istəmədi. Bilmədiyiniz şeyin sizə zərər verə bilməyəcəyi ideyası İkinci Dünya Müharibəsi zamanı fransızların da başına gəldi. Oran sakinlərinin tauna hazır olmadıqları kimi, Fransa da Alman hücumuna qarşı elə də hazırlıqlı deyildi.
Epidemiya kiçik bir şəhərin sakinlərini yoluxdurduğu kimi, nasistlər də insanları öz ideologiyalarına yoluxdurdular. Dünyada nasistlərlə əməkdaşlıq edən xüsusi adamalar var idi. Çox sayda insanın öldüyündən sonra görülən ilk iş şəhərin bağlanması oldu. Xətəlik şəhər sakinlərini sevdiklərindən ayırdı. Nasistlər da fransızlara qarşı eyni şeyi etdi, istər fransız əsgərlərinin öldürülməsi olsun, istərsə də yəhudi ailələrinin ayrı salınması. Fransa kimi Oran da, dünyanın qalan hissəsindən ayrıldı.
Bu kitabın qəhrəmanları – həkim, cinayətkar, məmur, gənc yazıçı-qrafoman, jurnalist şəhəri qəflətən bürüyən taun xəstəliyinin əsirinə çevrilirlər. Bu xəstəliyin bir dərmanı, çarəsi olmadığından xəstəliyə tutulanları izaolyasiya etməkdən və ölənlərin statistikasını aparmaqdan başqa əllərindən bir şey gəlmir. Yeni hazırlanmış dərmanınsa heç bir xeyri olmur, əksinə üzərində yoxlanılan adamlara daha da çox əzab verir. Romanda ürək parçalayan bir epizod var: yeni vasitəylə sağaltmağa çalışdıqları uşağın əzablı ölüm səhnəsi. Bu, dünya tarixində təsvir olunmuş ən dəhşətli səhnələrdəndir. Qəhrəmanların uşaq ölümüylə bağlı düşüncələrini Alber Kamünün ateisti və Fyodor Mixayloviç Dostoyevskinin kəndlisi ilə bir-birinə ayrılmaz şəkildə bağlayırlar. Bu fransız ekzistemsialisti ona bir xeyli cümlə həsr edib. Hətta onun biblioqrafiyasında “Şeytanlar” adlı pyes də var. Bu pyesi o, dahi rus yazıçısının romanı əsasında yazıb.
Nə qədər kədərli olsa da, Alber Kamünün yaratdığı rəsmdə həyatın özü təsvir olunub. Tədricən xəstəliyə bulaşmış şəhər karantin izolyatorları (Hitler konslagerlərinə işarə) və epidemiyanın qurbanlarını “utilizasiya” etməyi çatdıra bilməyən nəhəng zibil sobalarıyla dolu bir məkana çevrilir. Ətrafda baş verənlərin təsvirlərini geniş şəkildə çatdırmaqdan ötrü istifadə edilən klassik fransız romanına xarakterik sözçülük mətni oxuyarkən ağır təəssüratları bir az da gücləndirir. Heç bir vaxt epidemiyanın mərkəzində olmayan Kamünün ölməkdə olan şəhərin minlərlə xırdalıqlarını, təfsilatını necə romana yazdığını anlamaq çətindir. Dəqiqliklə yazılmış bütün detallar oxucunu səhifəbəsəhifə faciəli hadisənin təsirinə salır. Taun – dünyəvi şər müasir şəhərlərin yüksək divarları arxasında dayanıb. O öz vaxtını gözləyir. Gözləyir ki, ildırım sürətiylə müharibə, dava-dalaş, epidemiya, maliyyə böhranları qiyafəsində bütün dünyaya yayılsın.
Oran şəhərində əvvəlcə siçanlar, sonra isə insanlar ölməyə başlayır. Əvvəlcə bunun sadə bir infeksiya olduğunu düşündülər. Sonra isə bunun böyük bir epidemiya olduğunu etiraf etməli oldular. Şəhər bağlıdır və günbəgün ölülərin sayı artır. kütləvi ölüm reallığından böyük sözlər arasında gizlənmək mümkün deyil. Xilas yoxdur, bütün insanlar məhvə məhkumdur. Müəllif getgedə dəhşəti böyüdür ki, heç olmasa balaca bir ümid işığı görünsün. Ədəbiyyatda bu cür olur. Kamü ətrafında gözəgörünməz bir varlıq tərəfindən atılmış milyonlarla fikirsiz, qayğısız insanı görür. Onlar kədərlə birdəfəlik heçliyə qərq olana qədər gündəlik həyatın mənasızığında ömürlərini yaşayırlar. Bu yaxşı deyil, çox pisdir. İnsan olmaq ölümlə mübarizə aparmaq, taleylə savaşmaq deməkdir. Epidemiya insanları sınaqdan çıxarır: nəyi seçəcəklər, kim olacaqlar? Taun bircə Oranda deyil, mədəniyyət və sivilizasiya olan hər bir yerdədir. Əvvəldə qeyd etdiyim kimi roman 1944-cü ildə yazılıb. Və buna görə də taun məsələsinin ortaya qoyulması faşizmlə mütləq şəkildə əlaqəlidir. Romanda Kamü xeyir və şərin fəlsəfi problemlərini, insanın mənəvi seçimini kəskin şəkildə ortaya qoyur. Bu seçim sakitcə başa gələcəklərlə razılaşmaq və ya qələbəyə bir damla ümid olmadan belə sona qədər mübrizə aparmaq arasındadır. Taun tarix boyu istənilən vaxt ortaya çıxan dünyəvi şər, pislikdir. Ona görə də əsərin başlıca açarı astma xəstəliyindən əziyyət çəkən doktor Rienin pasientinin deyinərək dediyi sözlərdir: “Nədir axı bu taun? O da elə həyatın özüdür”. Rie bilir ki, epidemiya – taun geri çəkiləcək. Lakin onun qoyduğu izlər insaların taleyində, yaddaşında əbədi iz qoyacaq. Bu sanki bir “daxili taun” olacaq.
Kamünün yaradıcılığı özündə yazıçı və filosof keyfiyyətlərini birləşdirir. Əsərləri dünyanın absurdluğu və insan ömrünün mənası haqda düşüncələrdir. O, insanı hər şeydən üstün tutur. İnsan şüurlu varlıqdır və canlı olan hər bir şeydən ötrü məsuliyyət daşıyır. Buna görə də şər və mənasızlıq meydanına çıxmalı, həyata və həyatın absurd tərəflərinə qarşı üsyan etməli, mübarizə aparmalı, boynuna düşəni yerinə yetirməlidir. Müəllifin dediyinə görə, “Taun – nasizm əleyhinə Avropa Müqavimətinin mübarizəsidir. Taun vasitəsilə mən mənasız, məqsədsiz bir ömür sürdüyümüz boğanaq atmosferi, yaşadığımız təhlükə və sürgün atmosferini ötürmək istəmişəm. Bununla yanaşı, mən bu obrazın məişətdə ümumıyyətlə mənasını yaymışam”.
Kamünün qəhrəmanları üsyançıdır. Onlar cəsarətlə dünya şərinə qarşı etirazlar edirlər. Burada biz qədim Yunan mifologiyasından Sizif fiqurunu xatırlamaya bilmərik. O, tanrılar tərəfindən əbədi cəzaya məhkum edilmişdi. Sizif nəhən bir qaya daşını dağın başına qaldırmalı, o daş dağın başından aşağı diyirlənməli və bu proses yenidən təkrarlanmalıdır. Və bu əbədi olaraq davam etməlidir. Məhz buradan “Sizif əməyi” sözü dilimizə gəlmişdir. Alber Kamüyə görə “Sizif əməyi” insanın yeganə ləyaqətli işidir. Romanın qəhrəmanları həm də ona görə praktiklər, həkimlərdir ki, xəstəliyin əlacı yoxdur – sağalmazdır, xəstəliksə həm də sağalmaz dərəcədə absurd olan mövcudluğu lərzəyə salıb. Həkimlər xəstəliklə bacarmadılar və o özü geri çəkildi. Çəkildi ki, nə vaxtsa geri qayıtsın. Bax məhz buna görə də Rie obrazında Sizifin cizgilərini sezmək heç də çətin deyil. Sizif kimi Rieni də qələbə gözləmir. Ona ancaq ölümlə mübarizədə ləyaqətini, insanlığını bir daha təsdiqləyə bilir. Buna görə də taun təkcə faşizmin alleqorik obrazı deyil. Kamü sosial anlamıyla yanaşı, metaforanın metafiziki anlamını saxlayır. Gördüyümüz kimi məişət, həyat absurddur və insan seçim qarşısında azaddır və bu seçim onu, sözün əsl mənasında İnsan edir.
Taun – iki məsələni ortaya qoyan çox sərt imtahandır: həyat nədir və fəlakət və şərin baş verdiyi bir zamanda ləyaqətini saxlaya bilmək nə deməkdir. Yazıçı-filosof Kamü inanır ki, şər əbədidir, lakin onunla mübarizə də əbədidir. İnsanların gücü isə onların birliyindədir.
Tərcümə və tərtib: Xanım Aydın /artkaspi.az/