Borxes deyəndə adətən gözümüzün qabağına konseptual yazıçı kimi təqdim olunan fəlsəfi bir fiqur gəlir. Siz isə diqqəti onun forma fəhləliyinə və həssaslıqla bağlı tərəflərinə yönəldirsiniz.
Alberto Manquel: Borxesin iki tərəfi var. Birincisi sırf profesional tərəfdir: sənətkar, zamanölçən, mexanik. Məsələn, Bioy Kasares gündəliyindən öyrənirik ki, Borxes bir mətni strukturu, qrammatikası, dili baxımından analiz edirmiş. Borxes fransızca “L’Auteur et autres textes” adlanan kitabının adını ispanca “El hacedor” (Yaradan) qoymuşdu; “hacedor” sözü ingilicsə “maker”in – qədim anqlo-saksoncadakı şair sözünün birəbir tərcüməsiydi, amma sənətkar (artisan) mənasında. Yəni ki, fransızca “L’Auteur” yox, “L’Artisan” olmalıydı, çox konkretdir, əlləriylə nəsə yaradan kəs. Digər tərəfdən, Borxesin ikinci tərəfi var ki, xeyli serebraldır, dərin fəlsəfi və metafizik düşüncələri buradan çıxır, ancaq bu ikinci Borxesin də müəyyən qədər duyğusal olduğunu unutmamalıyıq. Epik kimi müəyyən növlərin kəskin təsiri altında olan Borxes fiziki qəddarlığa qarşı qəribə bir maraq bəsləyirdi: Borxesin çox sevdiyi, amma Kasaresi dəhşətə gətirən Kiplinqin bəzi hekayələri buna misaldır.
Bununla yanaşı, bu hissi sənətkar ədəbiyyat təsəvvürümüzü dəyişdirdi.
Alberto Manquel: Bəlkə də daha maraqlı, ya da Borxesin əsərləri baxımından daha önəmli olan nöqtə ədəbiyyat tarixi və ya oxumağın tarixi dediyimiz şeyə yeni heç nə gətirmir Borxes. O, ədəbiyyat tariximizdə uzun müddət əvvəl edilmiş kəşfləri və yenilikləri götürür, yenidən təqdim edir, bunları yenidən kəşf etməyimizə yardımçı olur, fərqli kombinasiyalarda yenidən istifadə edir. Borxesə qədər ədəbiyyat oxucuların girib-çıxdığı adalardan ibarət idi; oxucular bu adaını dolaşır, sonra oradan ayrılıb başqa bir adanı kəşf etməyə gedirdi. Bu adaların hamısının eyni torpaqlara aid olduğunu bizə Borxes göstərdi. Bunu etmək üçün köhnə bir metaforadan istifadə edirdi: həm yazdığımız, həm də yazıldığımız mənada Dünya Kitab kimi. Ədəbiyyatı bir-birindən ayrı adacıqlar kimi yox, bir-birinə bağlı topraq parçaları kimi ziyarət etmək fikri, Şelli tərəfindən də dilə gətirilmişdi; o da bütün şairlərin iştirak etdiyi universal bir şeirdən söz açırdı. Bu fikrə Valeridə də rast gəlirik; o da Musanın, ya da Müqəddəs Ruhun yazdığı və içində yazıçı olduğumuz vahid bir mətndən danışır. Bircə yazıçı var, eynilə çox sayda qütbü olan bircə mətn və bircə oxucu olduğu kimi. Məncə bizi Borxesə aparan da budur: oxumağın möhtəşəm comərdliyi… Borxesdən bu yana artıq təzə bir şey yazırmış kimi yaza bilmirik. Çünki siz fərqinə varmasanız belə, Borxesian oxucu həmişə olacaq və sizin əsərinizə həmişə əvvəllər yazılmış başqa şeylərlə əlaqə kontekstində baxacaq.
Bəs artıq yenilik iddiasında ola bilmiriksə, necə yazmalı?
Alberto Manquel: “Mümkün qədər təvazökarlıqla və təkəbbürü kənara buraxaraq başlamalı. Borxes oxucunun hörmətini geri qaytardı. Ona görə də yazıçı artıq təkcə ədəbiyyatla məsul kəs deyil. Bu heç vaxt belə olmayıb, amma belə olduğuna inanırıq. Yaxud ədəbiyyat tarixinin Homer, Şekspir və sonrakılar tərəfindən müəyyənləşdirildiyinə inanırıq. Digər tərəfdən Homer, Şekspir və digərlərində qərar qılırıq, bunlar biz oxucuların qarşımızdakıların arasından etdiyimiz seçimlərdir. Fikrimcə, bu ədəbiyyat baxışı həm oxucu, həm də yazıçı olaraq bizə möhtəşəm bir azadlıq verir. Bu eyni zamanda bizə belə demək rahatlığını da bəxş edir: Artıq öz respublikamızı yeni qaydalarla, yeni bir dillə qurmayacağıq; biz keçmiş və gələcəyə uzanan, beləliklə, ədəbiyyatın hamısını çağdaş hala gətirən bir ənənənin mirasçılarıyıq. Belə ki, Borxesin əsərlərində də ədəbiyyatın əcdadlarında rast gəldiyimiz xeyli fikrə rast gəlirik, amma Borxes bunları özünə aid etmək üçün olduqca açıq şəkildə sözə çevirir. Məsələn, “Divar, Kitablar” adlı qısa mətnin axırlarında estetik duyğunu ifadə etməyə cəhd edir, günlərin bir günü kəşf etdiyi həqiqi bir hadisədən yola çıxır; Çin Səddini tikdirən imperatorun eyni zamanda özündən əvvəl yazılmış bütün kitabların yandırılmasını əmr edən şəxs olduğunu deyir. Bunun nə demək olduğunu və ona niyə cazibədar gəldiyini öyrənmək üçün çoxlu tezis ortaya atır; axırda bu əhvalatın onu niyə estetik olaraq məşğul etdiyini öyrənməmiş yazını bitirir. Belə yazır: “Bu kəşfdəki doğmalıq bəlkə də elə estetik faktın özüdür.”
Fikrimcə, bu sənətin nə olduğunun, sənətdə bizə cəzb edən şeyin nə olduğunun ən açıq ifadəsidir.
Görəsən Borxes həyatının axırlarına doğru əsərlərinin ortaya çıxardığı oxunuşların və yenidən yazmaq trendinin fərqindəydi?
Alberto Manquel: “Borxes bəlkə də bir qrup yazıçıdan daha çox həyatda olduğu insanla yaratdığı Borxesin şəxsiyyəti və yazıçı Borxes arasındakı fərqin çox yaxşı fərqindəydi. Mən də həyatdakıyla yazıçı arasında ayrım etmirəm, çünki adam yazıçı olsa da, şəxsiyyəti yazdıqlarında bütöv şəkildə əks olunmaz. Yaradıcı şəxs kimi Borxes çox təvazökar, çox etikalı adam idi, sevdiyini və sevmədiyini gizlətmədən deyən, əsərlərinə olan marağa həmişə təəccüblənən bir oxucu idi. Bir insan kimi Borxes önəmli əsərlər yazmaqda olduğunu bilirdi, uşaqlıqdan bəri bunu başa düşməyənlərin axmaqlığına əsəbləşirdi – bir az Dante kimi. Dante də klassik olduğunu bilirdi. Homer və digər şairlər Vergilini qarşılamağa çıxırlar, eyni zamanda Danteni də qarşılayırlar, bu vəziyyət Vergilini gülümsədir və ona bunu dedizdirir: “Olsun, Homer, Horatsi və digərləri var.” Bax, Dante özünü bu yazıçılar arasında görürdü. Borxes də özünü orada görürdü, buna şübhəm yoxdur. Yenə insan olaraq Borxes üçün eyni şeyi deyə bilmərəm. Ortaya qoyduğu şəxsiyyət daim belə deyən bir şəxsiyyət idi: “Məndən bir yazı rica edərək məni şərəfləndirirsiniz. Bəs yaxşı bu kor adamla niyə belə maraqlanırsınız ki?” Ondan sitat gətirəndə xırdaca bir səhv etsəniz belə o saat hiss edərdi, çünki əsərlərini əzbər bilirdi. Belə deyərdi sizə: “Xeyr, xeyr, orada vergül vardı, nöqtə yox.” Nəticə etibarilə 1960-cı illərdən etibarən bütün dünyada oxunduğunu bilirdi. Bilməməsi mümkünmüydü? Buenos-Ayresə çatanda ziyarət etməli olduğu həqiqi bir abidəsi vardı. Drie la Roçelin dediyi kimi: “Borxesi səyahət etməyə dəyər.”
Borxesin həyatının sonlarında keçirdiyi konfranslarda ölümsüzlük haqqında dediklərinə inanırsınız? Yoxsa bu məqamda qurmaq istədiyi şəxsiyyətdən qopurdu?
Alberto Manquel: “ Bildiyiniz kimi, bu fövqəladə bir şeydir. Buna özü cavab verdi, amma yaratdığı Borxesə sadiq qalaraq cavab verdi. “Zamanın Yeni Çürüdülməsi”nin axırında belə bəyan edir: “Zaman məni sürükləyən bir axıntıdır, amma mən zamanam; zaman məni udan bir qaplandır, amma mən qaplanam; zaman məni yandırıb-yaxan bir atəşdir, amma mən atəşəm. Bizim bəxtsizliyimiz dünyanın gerçək olmasıdır; mənim bəxtsizliyim Borxes olmağımdır.” Bax, bu çəmbərin içindən çıxaraq yaradır, amma bu çəmbərdən çıxanda da, sözlərin içindən çıxan şeylərdən istifadə edir, beləcə, yenidən çəmbərə qayıdır. İnamsızlıqdan danışır, amma inamsızlıqdan danışarkən belə özünü ədəbiyyata çevirir.
Tərcümə: Qismət