Seyfəddin Hüseynli ruscadan çevirib
Çağdaş italyan nəsrinin parlaq nümayəndəsi Alessandro Piperno (1972) “Ən bəd niyyətlə”, “Xatirələrin munis alovu”, “Gerçək həyat hekayələri”, “Yaddaşa qarşı” kitablarının müəllifidir. İtaliyanın (“Viareco”, “Kampyello”, “Streqa”), Fransanın (“Ən yaxşı kitaba görə”) nüfuzlu ədəbi mükafatlarını qazanıb. Təqdim olunan esse yazıçının “İctimai bəlalar” kitabından götürülüb.
İbtidaidə oxuyuram. Nasistlər doluşur sinifimizə. Əmr edilir ki, şalvarımı aşağı salım. Yəhudi ənənəsincə sünnət olunduğumu oradakıların hamısı görüb-bilməliymiş… İllər boyu eyni yuxu. Son dərəcə də ibrətamiz məzmunlu. Hətta Freydin ən yorğun-arğın ardıcılı da, yəqin ki, bu yuxudan vaz keçər, onu gəldiyi yerə yollayardı. Məndəki bu yazıqlıq duyğusu baxdığım saysız filmlərin, oxuduğum kitabların təsirilə güclənib. Bu yuxu əhvalatında mənim özümə aid yeganə cəhət hər dəfə oyananda keçirdiyim xəcalət hissidir.
Zamanın məni illərin o tayına uçuran xalçası uşaqlıq çağlarımdakı yatağıma enir. Bir qış günüdür. Dərsdən yenicə gəlmişəm, yeməkdən sonra yorğanın altına girmişəm ki, nahardan sonrakı istirahətin həzzini dadım. Rahatlığımı pozmaq vəzifəsi bu gün anamın öhdəsinə düşüb (burası yuxu deyil). O, acıqlanıb. Görünür, qalxmalı olacağam. Elə bu dəqiqələrdə xalıyamayanla onun əziz-xələf şagirdi olan oğlu bizə gəlməlidir. Məni çarpayıda uzanıb-genələn görsələr, nə fikirləşərlər? Hə, günümə baxın mənim: hüznlü neorealist nəzərlərimlə xalıyamayanın və oğlunun işini seyr etməkdəyəm. Bədənimdən gizilti keçir, alayuxulu, üstəlik, nədənsə narahatam.
İllər keçdikcə zamanın uçan xalçası köhnəlib üzüldü. İndi onu ancaq həmin xalıyamayanın oğlu – ata yolunun davamçısı abıra sala bilər…
Milanın “Linate” hava limanında taksi növbəsinə durmuşam. Seqrateyə, “Mondadori”nin redaktorları iıə görüşə gedirəm. Həyəcanlıyam. Hava limanından yaxınlıqdakı Seqrateyə taksiylə qəpik-quruşluq yoldur. Seqrateyə getməli olduğunu eşidəndə taksiçinin necə reaksiya verəcəyini aydın təsəvvür edirəm. “Seqrateyə? İki saat sərasər burda gözlə ki, bəlkə şəhərə gedən sanballı müştəri götürəsən, axırı da belə!” Növbəm çatır, sonrakı maşın mənlikdir. Ləng tərpənib taksiçini gözdən keçirirəm. Əlləri tatuajlı bir oğlandır. Növbəmi yapon ər-arvada verirəm – salamatı budur. Belə… Sonrakı taksiyə boylanıram. Kaş ki qadın olaydı, yaşlısı lap yaxşı… Amma yox, deyəsən, bugünə qadın sürücü qalmayıb. Daha dörd maşını buraxıram. Elə bu məqamda ağlıma sadə olduğu qədər də dahiyanə bir fikir gəlir: “Niyə piyada getmirəm ki?” Vaxtım – itinə tök. Əllərim – bomboş. Hava da, Milan iqlimincə, gözəl. Şəhərkənarı yolla 5 kilometrlik gəzinti isə sağlamlıq üçün çox faydalıdır. Hər şeyə hazıram, təki taksiçinin o qınaq yağan, o məyusluq dolu, məni dəhşət utandıran baxışlarına tuş gəlməyim.
Milenaya bir məktubunda Kafka məhz belə xəcalət hissindən söz açır. Bir gün səhər-səhər yazıçı öz otağında sakitcə yemək yeyirmiş. Ovqatı yaxşıymış: bayırda Praqa qışı cövlan edir, o isə isti otaqda oturub. Birdən pəncərədə şüşəyuyan onun diqqətini çəkir. O andaca iştahı qaçır: özünün bu tox-rahat halına görə xəcalət çəkir. Elə utanıb-sıxılır ki, daha masadakı qab-qaşığa əl vurmağa ürəyi gəlmir. Bu mənə anamı, həmin xalıyamayanın dilə gəlməyən qınaqlarını xatırlatdı.
Utanc hissinin Yer üzündəki ən dağıdıcı qüvvə olduğunu anlamaq üçün görkəmli antropoloq-filan olmaq lazım deyil. Adəmlə Həvva almanı dişləyən kimi ayıb yerlərini örtməyə can atıblar. Qardaşını qətlə yetirən Qabil xəcalətindən yerə girmək istərdi – başqa heç nə. Yəhuda, aldığı pulla yenə qazanc eləmək əvəzinə, qaçıb getmişdi özünü asmağa. Adam arasında valideynindən şillə yeyən uşaq, ağrıdan daha çox, aşağılanmaqdan doğan hıçqırıqlarını boğmağa çalışır.
Nədir axı utanc hissi? Yandırıb-yaxan gizlənmək arzusu. O andaca yox olmaq, ən azı, başqa bir yerə yayınmaq istəyi. Xeyli səthi təqdimat oldu. “Xəcalətin ümumbəşəri tarixi” mövzusunda ayrıca əsər yazmaq olar. Ancaq bu işin də qəliz tərəfi var: bəzi məfhumlar davamlı istifadə üzündən əməlli-başlı korşalıb. Utanc, Günah, Qanun, Cəza və sair. Bu məfhumlara, ənənəvi qayda üzrə, “Siz” deyə müraciət olunur, onlarla ünsiyyətdə “sən”ə keçsən, başın ağrıyar.
Beynimdə bu söhbətə dəxli olan bir yığın ad var: Po, Bodler, Dostoyevski, Coys, Prust, Bekket, Zvevo, Kamü, Qadda, daha kimlər… Maraqlıdır: burda məsələyə qürur da qarışırmı, onları birləşdirən sırf utanc hissinə münasibətdəki yekdillik deyilmi?
Nitsşe yazırdı: “O adamı sevirəm ki, bəxt üzünə gülüb əli gətirəndə bundan utansın, özündən şübhələnib düşünsün: “Mən buna layiqəmmi, bəlkə bir fırıldağım var…” (“Zərdüşt belə deyirdi”- tərc.).
Rola girməkdən utanan aktyorları, uğur qazanmış olsalar belə, kələklərinin bir gün üzə çıxacağını düşünəndə quruyub qalan iş adamlarını necə alqışlamayasan?! Batinindəki qorxunu özünüdərkin istinad mənbəyi kimi qəbul edənləri alqışlamayaqmı?
Cavanlığında Marsel Prust yerli-yersiz hey utanıb-sıxılarmış. Homoseksual, bir tərəfi yəhudi, işsiz-gücsüz, ancaq varlı, əsilzadə olduğu üçün xəcalət çəkirmiş. Təsəvvür edin: Prust “İtirilmiş vaxtın axtarışı”na məhz onda girişib ki, yaza biləcəyi əsas mövzunun yalnız öz həyatı – bütün o utandığı hallar olduğunu, nəhayət, anlayıb. Ancaq yazıçı, yenə də öz altereqosu – “ikinci mən”i sayəsində, şəxsi qənaətincə ayıb sayılan homoseksuallığa, yəhudiliyə, ictimai mövqeyə aid məqamları seçib kənara qoya bilib.
Bəs öz yaraşıqsız görkəmindən utanan Tolstoya nə deyək? Bəxtinə dahilik düşənin sıxıntısına bax! Avtobioqrafik əsərində (“Uşaqlıq”- tərc.) yazır: “Tez-tez məyusluğa qapılırdım, fikirləşirdim, bu cür enli burnu, qalın dodaqları, xırdaca boz gözləri olan mənim kimi birisi dünyasında xoşbəxt ola bilməz; Tanrıya yalvarırdım ki, möcüzə göstərib məni göyçək bir oğlana döndərsin, o an nəyim vardısa, gələcəkdə də nəyim olacaqdısa, hamısını göyçəklik xətrinə qurban verərdim”. Nəcib qəlblə nataraz görkəm arasındakı uyğunsuzluğu anlamaq əzabı deyildimi Tolstoyu Pyer Bezuxovla Konstantin Levini bu cəhətdən mükafatlandırmağa sövq edən?
Bir neçə il əvvəl Alber Koenin öz anası haqqında kitabını oxumuşdum. Sentimentalizm püskürən belə kitablar mənə sarsıdıcı təsir göstərir (Hə, hə, mən Edqar Allan Ponun sevdiyi oxuculardanam, “daha bir də” ifadəsini görən kimi boynunu bükənlərdənəm). Koen yazır ki, bir gecə anam dostlarımgilə zəng vurub məni xəbər aldığı üçün ona bərk hirslənmişdim. “Bu sarsaq hirsin səbəbi nə idi? – Koen illər sonra özü-özündən soruşur. – Yəqin ki, həmin savadlı zırramaların telefonda onun avam, naqis fransızcasını eşitmələrindən utanmışdım. Anamın o avam, naqis fransızcasını daha bir də eşitmərəm mən…”
Həddən artıq qayğıkeş valideynlərin övladları tez-tez beləcə utanmalı olurlar. İllər keçir, həmin utancın yerini vicdan əzabı tutur. Özlüyündə bu da xəcalət duyğusudur. Amma bu duyğu ömrünün sonuna qədər adamdan əl çəkmir. Bir vaxt Koen öz anasının danışığından utanırdısa, indi ondakı utancına görə xəcalət çəkir. Dövrə qapanır.
Bizə birbaşa dəxli olmayan məsələlərdən qaynaqlanan, xüsusi növ utanc da var. Adətən, hansısa dəhşətli səhnə, misal üçün, bir qızın qəza nəticəsində əzilib yumağa dönmüş maşında sıxılıb qalması bu cür hiss oyadır.
Primo Levi “Atəşkəs” romanında rus əsgərlərin onların olduğu ölüm düşərgəsinə gəlişini belə təsvir edir: “Onlar bizimlə kəlmə kəsmədilər, heç salam əvəzi gülümsəmədilər də; mərhəmətdən çox, utancaq bir təmkin onların dodaqlarını möhürləmiş, baxışları ölümün mənzərəsinə dikilmişdi. Bu hiss bizə tanış idi: hər dəfə seleksiya əməliyyatından sonra, gözlərimiz önündə alçaldılan başqaları ilə birgə özümüz də təhqir olunanda biz də eyni hissi keçirmişdik”. “Boğulanlar və qurtulanlar” romanında Primo Levi utanc hissinə bütöv bir fəsil ayırıb, intiharın astanasındakı insana xas kədərlə, sağ qalanların ölənlərə münasibətdə duyduğu dərin xəcalətdən söz açır: “Başqasının yerinə yaşadığın üçün xəcalət çəkirsən? Həm də səndən qat-qat nəcib, həssas, müdrik, gərəkli birinin yerinə! Həyata daha çox haqqı çatan bir adamın yerinə!… Əksərən pis adamlar – xəbislər, qəddarlar, heyvərələr, “boz bölgə”yə aid satqınlar, xəbərçilər qurtuldular. Ölən elə yaxşılar oldu”.
Vinfrid Zebald “Austerlits” romanında Mərkəzi Avropadan olan, 40-cı illərin əvvəllərində uelsli bir ailənin oğulluğa götürdüyü yəhudi uşağın başına gələnlərdən yazır. Artıq böyüyəndən sonra həmin oğlan bir gün London metrosunun “Liverpul-strit” stansiyasında özünün əsl mənşəyini öyrənir. Onu xəcalət bürüyür. Deməli, Levi sağ qalanların ölənlərin xatirəsi önündə utancını üzə çıxarır, Zebald isə almanların dünya qarşısında xəcalətini ortaya qoyur.
Son vaxtlar dəfələrlə olub ki, Parisdə, ya da Londonda taksiçilər (Hə, onlar məndən əl çəkmirlər ki) haralı olduğumu bilən kimi bic-bic gülümsəyib, italyan siyasətçilərin şəhvani şücaətləri barədə suallar veriblər. Belə suallar heysiyyətimə toxunur, söhbətdən yayınmaqla həmin taksiçiyə anlatmağa çalışıram ki, bu məsələlər onluq deyil, yaxşı olar, yola baxsın, çaşmasın. Nədir bu? Vətənsevərlikmi? Qətiyyən. İtalyan olmaqdan utanmaqmı? Heç dəxli var?! Əslində isə, bizim siyasətçilərin cinsi həyatına münasibətdəki kobud söhbətlər, bunların məğzindəki ictimai əxlaqsızlıq və şəxsi sıxıntılar məndə ikrahqarışıq şəfqət oyadır (Başqa nə hiss edə bilərəm? Axı hər dəfə qapının zəngi səslənəndə canıma qorxu düşür ki, bəlkə polislərdir, hansısa cinayət bəhanəsilə məni tutub aparmağa gəliblər!)
Belə görünür ki, yanlış tərbiyə olunmuşam: abırsız güc və ixtiyar sahiblərinin ötəri xəcalətini hardasa anlasam da, həqiqətpərəstlərin hikkəsi heç cür mənə çatmır.
Burası da var ki, indi dünyada güc sahiblərinin utanc duyduqları andakı çəkingən, çox zaman da gülməli davranışları elə də təəccüb doğurmur. Utancın birmənalı və sərt tələbləri var. Hakimiyyət əzminə zidd olan başlıca duyğu utancdır. Utanmaq gücsüzlüyə bərabərdir.
Bəs utanc hissindən azad olmaq nə dərəcədə vacibdir? Düzgün yoldurmu bu? Sağlam fikirdirmi? Məntiqidirmi? Utanmaq bilməyən insan nə cür bir varlıqdır? “Utancdan azad olmaq” nə deməkdir? Ayıb hərəkətlərə yol verməməkmi? Yoxsa belə hərəkətlərdən utanmamaqmı?
İndi məni üzrlü sayın. Qalxmalıyam. Evdə usta var, duşu düzəldir. Birdən gəlib görər ki, burda yazı-pozuyla məşğulam, bu düşük peşəm üzündən biabır olaram.