sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

Alov İNANNA – Böyük adam

Facebookda paylaş

Böyük adam

 

Dilini diksindirən bir dada,

qulağını çırmaqlayan bir səsə,

ya da, məsələn,

ilk dəfə gördüyü kölgəsinə,

və daha nələrə, nələrə –

gözləri böyüyən körpənin

özü də böyüyür.

Gözləri böyüdür adamı.

Gözləriylə böyüyür adam.

Böyük adam –

gözləri hər zaman böyüyə bilən adamdı.

Gözləri daha böyüyə bilmirsə

demək dünyanın sərhəddində dayanıb adam –

dünya adiləşib qurtarıb.

Adiləşən dünya

kiçildikcə kiçiləcək

daraldıqca daralacaq

bozardıqca bozaracaq,

qocalacaq.

Beləcə,

yerişindən-duruşundan,

qırışından –

deyil,

baxışından, görüşündən qocalır adam;

gözlərindən qocalır adam.

 

Yadınıza gəlirmi?

 

Yadınıza gəlirmi?

Yumru bir evimiz vardı,

dam-dardı.

İçinə zorla sığardıq.

Nə hava, nə günəş, nə torpaq,

su vardı, yalnız su vardı.

Bir az balıq kimi yaşardıq.

Gözlərimiz vardı – görməzdik,

ağzımız vardı – yeməzdik,

burnumuz vardı – qoxlamazdıq.

Yalnız  qulaqlarımızı şəklərdik.

Və  “tup-tup” eşidərdik –

varedənimizin döyüntülərini.

Nə dərd-qəm, nə aclıq-susuzluq,

yalnız bir ipimiz vardı –

bizi varedənimizə bağlardı.

İpimiz üzüldü bir gün.

Qopduq varedənimizdən.

Yumru, dar evimizdən

Və dar qapıdan

Atıldıq gen dünyaya.

Biz qopmuşduq dünyamızdan

və qiyamət qopmuşdu.

Dünyamızın sonu gəlmişdi;

Necə bağırırdıq, yadınızdamı?

Bağrıyarığıq o gündən…

İpimizi kəsdilər…

“İpi qırığıq” o gündən…

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az