İsrail ədəbiyyatının canlı klassiki, bu il Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərdən biri sayılan Amos Ozun “İuda” əsəri rus dilində nəfis şəkildə nəşr olunub. Roman İsa Məsihin şəxsiyyətinə yəhudi baxışlarını araşdıran gənc Şmuel Aşın bu işdə onunla həmfikir olan yaşlı intellektual Gerşom Valdın evinə köçməsi üstündə qurulub.
Rusiyanın gazeta.ru saytı Amos Ozla onun şərhində İncil motivləri, Qüdsün romandakı rolu və ümumən satqınlıq problemləri barədə fikir mübadiləsi aparıb.
sim-sim.az sözügedən müsahibəni təqim edir
“İuda” kimi kamera əsərinin bestsellerə çevriləcəyini gözləyirdinizmi? Əsəri oxuyanda elə təəssürat yaranır ki, bütün roman boyu sizin qəhrəmanlar ancaq çay içib söhbət edirlər.
“Yox, mən ümumiyyətlə “İuda”nın İsraildə və ya onun sərhədlərindən kənarda belə geniş yayılacağını gözləmirdim. Bu müəyyən mənada ideya, emosiya romanıdır və bu gün müasir dünyada belə ahəngdən bəhs edən əsərlərə tələbat o qədər də çox deyil. Müasir auditoriya daha çox əyləncəyə və ekşenə üstünlük verir, onları idealların mübarizəsindən bəhs edən əsərlər bir o qədər də maraqlandırmır.”
“Məhz İuda obrazını yenidən dəyərlindirmək hansı zərurətdən yarandı?”
“Mənim qəhrəmanım Şmuelin (tədqiq etdiyi) işləyib hazırladığı İuda obrazı xristian nöqteyi nəzərindən fitnəkarlıq kimi dəyərləndirilir.Və mən hesab edirəm ki, bu düzgün, düşünülmüş fitnəkarlıqdır.
İudanın İncildə bəhs olunan hekayəsi yaxşı deyil, mən hətta deyərdim ki, eybəcər hekayədir.
Otuz gümüş sikkə və dünyaca məhşur busə süjeti başdan-ayağa nifrətlə doludur. Məhz bu süjetdən tamahkar və pul hərisi olan yəhudi, faşist stereotipi əmələ gəlir. Mən bunu dünya anti-semitizminin Çernobılı adlandırardım, çünki tarix boyu yer üzündə davamiyyətli qırğınlar, günahsız məsum adamların təqib olunması və qırğına məruz qalması məhz İncildə bəhs olunan İudanın hekayəsindən qaynaqlanır. Mənim səmimi təəccübümə səbəb olan bir amili də bildirim. Əhdi-cədidi redaktə edən şəxs niyə sadəcə olaraq bu iyrənc hekayəni çıxarıb kənara atmayıb, axı bu İsa peyğəmbərin məhəbbət və günahların bağışlanmasını təbliğ edən təliminə ziddir. Bir şeyi həqiqətən başa düşə bilmirəm, niyə xristian mənbələrinə istinadən varlı olan İuda o dövr üçün kiçik məbləğ sayılan otuz gümüş sikkəyə öz müəllimini satsın. Ümumiyyətlə, İudaya İsanı ələ vermək üçün pul vermək niyə lazım idi. Axı o heç gizlənməyi ağlına belə gətirmirdi: nə maskalanır, nə saqqalını qırxır, nə qaçmağa cəhd edir və heç kəsə demir ki,”Mən İsa deyiləm, mən Donald Trampam.” Onda bu pul məsələsi nəyə lazımdır? Mən, əlbəttə, Çarmıxa çəkilmə günü Qüdsdə olmamışam, həmin vaxt mən diş həkiminin qəbulunda idim, ancaq Şmuelin versiyası mənə İncildəkindən daha ağlabatan görünür.”
“Rus ədəbiyyatında İudanın ən koloritli obrazını Leonid Andreyev “İskariotlu İuda” əsərində yaradıb. Onun yozumu sizə yaxındırmı? Əsərinizdə hansı obrazlara əsaslanmısınız?”
“Təəssüf ki, dediyiniz əsərlə tanış deyiləm, ancaq mən Borxesin “İuda xəyanətinin üç variantı”, habelə İudanın təmiz adına bəraət qazandıran bu səpkidə xeyli əsər oxumuşam. Bu əsərlərdə İuda xristianlığın başlanğıcına təkan vermək üçün özünü qurban verir. Ancaq mənim kitabımda vurğular nisbətən fərqli yöndədir.
Mənim İudam İsa Məsihə onun özünə inandığından daha çox inanır. İsa İsrailə getmək istəmir, orada öldürüləcəyindən qorxur, lakin İuda onu kütlənin gözü qarşısında çarmıxa çıxmağa dilə tutur ki, onun yenidən dirilməyini insanlar görsünlər, ona inansınlar. Mənim İudam müqəddəs deyil, o fanatikdir, özü də səbirsizdir və bəşəriyyətin tez bir zamanda xilas olmağını ehtirasla arzulayır. Mən özüm belə adamlardan qorxuram. Mən bəşəriyyətin bir an içində xilas olacağına inanmıram və mənim İudam kimi adamlardan ehtiyat edirəm, lakin onu xain adlandıra bilmərəm.”
“Əsərinizin xarici dillərə tərcüməsində orijinal variantdakı “İncil” sözü itmişdir. Bu xətanın bir prinsipial əhəmiyyəti varmı?”
“Bilirsiniz, mən naşirə bildirdim ki, əsərin ivritcə nəşrinin tam adı “İudanın İncili” kimi olmalıdır. Qalan dillərdə roman sadəcə “İuda” adlanır və buna səbəb var. İsraildə İuda adı geniş yayılıb, məsələn Rusiyada Osip kimi. Mənim atamın da adı İudadır və elə öz oğluma da atamın şərəfinə İuda adı vermişəm. Odur ki, siz indi İudanın həm oğlu, həm də atası ilə danışırsınız. Ona görə də əgər İsraildə kitabı sadəcə “İuda” adlandırsaydım, məni heç kim başa düşməyəcəkdi—bu ona oxşayır ki, Rusiyada “Semyon” adı ilə kitab nəşr edəsən. Ancaq xristian ölkələrində İuda adı çox mətləblərdən xəbər verir, çünki o semantik olaraq xəyanətlə biləvasitə əlaqədardır.”
“Bəs hər bir qəhrəmanınızın bu və ya digər şəkildə etdikləri xəyanət sizin üçün nədir? Şmuelin təbiri ilə desək, “xəyanətə ancaq zəmanəsini qabaqlamış şəxslər qabildirlər” fikri ilə razısınızmı?”
“Burda bir az ehtiyatlı olmaq lazımdır və bu iddiaya “bəzən” sözünü də əlavə etmək lazımdır: bəzən müasirləri zəmanəni qabaqlamış adamları satqın adlandırırlar. Belə hallar peyğəmbərlərin, uzaqgörənlərin taleyində tez-tez müşahidə olunur: yəhudi çarlarının təbəələri İeremiyanı xain adlandırıblar, fransız vətənpərvərləri Şarl de Qolu Əlcəzairə müstəqillik verdiyi üçün satqın adlandırırdılar. Milyonlarla fransız antisemit-katolikləri Emil Zolyanı satqın adlandırırdılar. 1944-cü ildə Hitleri öldürmək istəyən cəsur alman zabitləri xəyanətə görə edam olunmuşdular. Şübhəsiz, Zəmanəsini qabaqlamış Soljenitsini xain adlandırırdılar. Belə şeylər üçün Stalin milyonlarla adamı ölümə məhkum etmişdi, onların arasında elələri var idi ki, onları sadəcə başa düşməmişdilər.”
“Adamda elə təsürat yaranır ki, sizin qəhrəmanlarınız üçün dini məsələlər siyasətlə vəhdət təşkil edir. Romanda bu məsələlər bir-biri ilə necə əlaqələndirilir?”
“Suala cavab vermədən öncə xatıtlatmaq istəyirəm ki, mənim romanım manifest deyil. Bu əsər uzun qış günlərində, kitabla dolu bir otaqda oturub bir-biri ilə mübahisə edən üç adamın hekayəsidir. Əlbəttə, mən başa düşürəm ki, bu “üç nəfər otaqda oturub mübahisə edirdilər…” lətifəsinin başlanğıcına oxşayır, lakin bu zarafat deyil, bu mənim romanımdır. Hadisələrin gedişində personajlar tədricən bir-birini əvəzləyir: kitabın əvvəlində onların hər biri digərinə opponent qismində çıxış edir, lakin əsərin sonuna yaxın bu tamamilə fərqlənən üç nəfər praktiki olaraq bir ailəyə çevrilirlər. Bax, indi sizin din və siyasət haqqında sualınızı cavablandıra bilərəm: mən hesab edirəm ki, bir çox hallarda din siyasətə çevrilir. Din özlüyündə hakimiyyətə gələnə qədər gözəl bir konsepsiya ola bilər. Elə ki, din dövlət aparatının bir hissəsinə çevrildi, artıq o siyasətə çevrilir.”
“Dini sujetlərin aktuallığını artırmaq üçün onların bədii əsərlərdə yenidən dəyərləndirməyə ehtiyac varmı?”
“Doğrusu, “yenidən dəyərləndirmə” sözünü sevmirəm və deyə bilmərəm ki, İudanın tarixçəsini “yenidən dəyərləndirdim.” Mən sadəcə olaraq bu tarixçəni özüm yozumumda nəql etdim, bu isə insan üçün ən möcüzəli məşğələdir—köhnə hadisələri yeni üsulda nəql etmək. Bunu təkcə yazıçılara şamil etmək olmaz. Hər dəfə uşaqlarımıza gecə nağıl danışanda adətən öz uşaqlığımızdan, keçmişimizdən gələn, oxuduğumuz kitblardan qaynaqlanan köhnə nağıl və əhvalatları özümüzə uyğun şəkildə danışırıq. Bu nağılları necə nəql etməyi özümüz seçirik. Elə romanımda da mən qədimi bir əhvəlatı götürüb başqalarının danışmadığı üsulda nəql edirəm.”
“Kitabınızda Qüds müstəqil personaja çevrilir.Əsərdə bu şəhərin rolu nədir?”
“Buna düzgün diqqət yetirmisiniz. Romanda Qüds təkcə hadisələrin cərəyan etdiyi dekorasiya deyil, həmçinin, Dostoyevskinin əsərlərində Peterburq, Bulqakovun ”Master və Marqarita”əsərində Moskva kimi müstəqil personaj qismində görünür. Bu çox kədərli şəhərdir, mina və tikanlı məftillə ikiyə bölünüb. Bu yaralı, çox tənha və nəyəsə kəskin ehtiyacı olan şəhərdir. Bilirsiz, hər dəfə oturub bu kitabı yazanda və Qüds barədə düşünəndə, soyuq qış axşamı tənha violonçel sədası eşidirdim. Həmin musiqini “İuda”nın daha bir qəhrəmanı Ataliya barədə yazanda da eşidirdim, odur ki, onunla Qüds arasında xüsusi əlaqə mövcuddur.”
“Pedoqoji təcrübənizin sizə köməyi varmı?”
“Bu sualınızı belə cavablandırardım: Adam yaxşı ginekoloq ola bilər, bununla yanaşı, yaxşı məşuq da, lakin bu, eyni vaxtda mümkün deyil.”
“Bu il iki israilli yazıçı– siz və David Qrossman Buker mükafatına namizədlər siyahısına düşmüsünüz. Sizin müşahidələrinizə görə İsrail ədəbiyyatı dünya çapında geniş təqdim olunub?”
“Mənim üçün çox sevindirici haldır ki, nəhayət İsrail ədəbiyyatını başqa dillərə tərcümə edirlər. Hal-hazırda bu nümunələri dünyanın bir çox yerlərində görmək olar, bizim ədəbiyyatımız hələ cavan olsa da. Yüz il əvvəl dünyada cəmi 4-5 avropa nəşr evi mövcud idi, yəhudi yazıçıların oxucularının sayı 30-40 min nəfəri aşmırdı. Lakin indi Çinin, Norveçin, Sloveniyanın və Portuqaliyanın kitab mağazalarında ivritdən tərcümə edilmiş azından ondan yuxarı kitabı asanlıqla tapmaq olar. Mən bununla qürur duyuram. “
Tərcümə etdi: Rəqifə Məmmədova