Sim-sim.az Qismətin tərcüməsində Pol Tomas Andersonun “Anadangəlmə qüsur” filmiylə bağlı Əli Dəniz Şənsözün yazdığı esseni təqdim edir.
“Anadangəlmə qüsur” – beyni dumanlı nuar
Rejissor Pol Tomas Anderson yazıçı Tomas Pinçonun eyniadlı romanı əsasında ekranlaşdırdığı “Anadangəlmə qüsur” filmində 70-ci illərin Kaliforniyasındakı sərgərdan bir detektivin əhvalatını danışır. “Anadangəlmə qüsur” klassik nuar-filmlərdəki sisli-dumanlı limanların dumanlı başlarla əvəzləndiyi itmiş zamanın nuarıdır…
Postmodern ədəbiyyatın böyük adlarından olan Tomas Pinçonu bəziləri hədsiz çox personaj yaratdığı və oxunması məşəqqətli sujetlərlə dolu romanlar yazdığı üçün tənqid edir. Pol Tomas Andersonun yazıçının eyniadlı romanı əsasında ekranlaşdırdığı “Anadangəlmə qüsur”a (İnherent Vice, 2014) da birnəfəsə “baxılmayan film” etiketi yapışdırmaq olar. Konvensional qəlibləri darmadağın edərək özünəməxsus bir dünya quran “Anadangəlmə qüsur” filmi kinodan klassik hekayə gözləməyənlərə xitab edir.
Hər filmində fərqli üslub eksperimentlərinə baş vuran Andersonun “kinoya gəlməyən romanlar yazıram” deyən bir müəllifin kitabını ekranlaşdırmağa cəhd etməsi elə də təəccüblü deyil. “Anadangəlmə qüsur” Andersonun rejissor kimi özünü nisbətən arxa planda tutduğu filmdir. Bir müayinəxananı ofisə çevirərək sirli hadisələri açmağa çalışan, kirli-pasaqlı, narkoman, hippi detektiv Dokun başına gələn hadisələr zənciri üstündə qurulan “Anadangəlmə qüsur”da, formalist filmləriylə tanınan Anderson, əlindəki narrativ alətləri mümkün qədər ekonom istifadə edir. Bu filmində rejissor hər şeydən əvvəl təhkiyəni və dialoqları qabartmağa çalışır. Bir müsahibəsində “haradasa əyləşib saatlarca söhbət edən insanların olduğu bir hekayədə əvvəla danışılan şeylərə fokuslanmaq istədiyini” deyən rejissor, filmi daha çox uzun plan səhnələr üstündə qurub. Anderson bu səhnələrdə kəsmədən istifadə etmədən, eynilə Pinçonun romanda etdiyi kimi, tamaşaçının laqqırtıdan ibarət dialoqların içində itməsini istəyir. Dialoq səhnələrində konvensional bucaq – əks bucaq texnikasına çox da müraciət etməyən rejissor, beləcə, tamaşaçıya hara baxmalı, ya da nəyə qulaq asmalı olduğunu diqtə etmir. Tamaşaçı yönünü asanlıqla tapa bilməyəcəyi informasiya bombardımanına məruz qalır. Beləcə, filmin təhkiyə strukturu beyni dumanlı gəzən Dokun zehnindəkilərin proyeksiyasına çevrilir.
“Anadangəlmə qüsur” nəyin həqiqi nəyin hallüsinasiya olmasından əmin ola bilmədiyimiz bir səhnəylə başlayır. Dokun köhnə sevgilisi Şasta qəfildən detektivin evinə gəlir. Hətta filmin (kitabın da) ilk cümləsi birbaşa bu müəmmanın altından xətt çəkir. Dok köhnə sevgilisini görəndə tərəddüdlə soruşur: “Şasta, sənsən?”, Şasta isə Doka cavab verir: “Elə bilir ki, hallüsinasiya görür.” Sonra bu ikili filmin sujetini işə salan uzun bir söhbətə başlayırlar. Yeni sevgilisi Mikki Vulfmanın qaçırıldığını düşünən Şasta, Dokdan xahiş edir ki, onu tapsın. Sonrakı səhnədəsə ofisinə gələn Qara Partizan Ailəsinin nümayəndəsi Tariq Xəlil, Dokdan xahiş edir ki, Vulfmanın ona borclu olan mühafizəçisini tapsın. Bu iki səhnədən sonra Dokun hadisələri həll etmək adına yol qət edəcəyini düşünsək də, hər şey əks istiqamətdə irəliləyir. “Anadangəlmə qüsur” öz hekayəsinə dalbadal sirlər qataraq irəliləyir, ilk yarım saatında öz təhkiyəsinə o qədər möhkəm düyün atır ki, filmin axırında o düyün az-maz boşalır, ancaq heç bir şey tam açılmır. Anderson səhnələr arasında səbəb-nəticə əlaqəsi qurmaqda çətinlik çəkəcəyiniz, hallüsinativ bir kino dünyası qurur. Filmdəki dumanlı səhnələr də bu dünyanı qurmağa yarayan ən güclü elementdir. Məsələn, Dokun sirli ticarət təşkilatı “Qızıl diş”lə (Golden Fang) bağlı informasiya almaq üçün getdiyi sisli-qapalı liman, ya da “The Boards” qrupunun parti keçirdiyi duman basmış ev – filmdəki ən dumanlı iki məkan kimi yaddaşda qalır.
Neo(n) Nuar
Nəşəxor bir hippi detektivin 70-ci illərin əvvəlində, xaotik bir dünyada baş verən, 2009-cu ildə yazılmış bir romandan ekrana uyğunlaşdırılan əhvalatı, 2015-ci ildə tamaşaçıya necə təsir edir? Bu sualın cavabını filmin ikonoqrafiyasında gəzişərək tapmaq mümkündür. “Anadangəlmə qüsur” filmi sirli hadisələri çözməyə çalışan detektivi, yol qırağı barlarında keçən səhnələri, dumanlı küçələri, “femme fatale”larla qohum olan qadın xarakterləriylə, həm tematik, həm formal olaraq film-nuar xüsusiyyətlərini əks etdirir.
Arxa fonda İkinci Dünya Müharibəsində və sonrasında amerika cəmiyyətinin qərq olduğu böhranı təsvir edən film-nuarlar müharibələrin, yoxsulluğun, ictimai deqradasiyanın hökm sürdüyü bir dövrün ovqatını əks etdirir. Ekzistensial böhranlar yaşayan, əxlaqi dilemmalar içində çabalayan detektivlərin cəmiyyətin qaranlıq tərəfiylə toqquşmasını ifadə edən bu əhvalatlar, sözügedən qaranlığı təsvir edəcək şəkildə, kəskin kölgələr əmələ gətirən yüksək kontrastlı işıqla təqdim olunur. Xarakterlər əksərən özlərinə mehmanxana otağı, bar, yol qırağı restoran kimi “gözləmə məkanları”nı məskən seçirlər. Bu “gözləmə məkanları” xarakterlərin yaşadıqları dünyaya özgələşdiklərinin işarəsidir. Xarakterlər özlərinə aid hiss edəcəkləri evdənsə, bu cür əraf-məkanları seçirlər.
“Anadangəlmə qüsur”un klassik nuarla güclü bağları olduğunu demək olmaz. Dokun məşhur nuar-filmlərdən olan “Dərin yuxu”nun (The big sleep, 1946) alkaqolik detektivi Filip Marlovla oxşar tərəfi olduğunu, filmin nələrin baş verdiyini anlamaqda çətin çəkdiyimiz strukturunun da Hovard Houksun adı çəkilən şedevrini xatırlatdığını demək olar. Ancaq “Anadangəlmə qüsur”un köklərini Vyetnam Müharibəsinin yaşandığı, Votergeyt skandalının ortaya çıxdığı, ABŞ-ın başqa bir ictimai böhrana sürükləndiyi dövrdə ortaya çıxan neo-nuarda axtarmaq lazımdır. Nuarın kögələr və qaranlıqlarla hörülmüş atmosferi neo-nuarda öz yerini gün işığına və aydınlığa verir, eynilə “Anadangəlmə qüsur”dakı kimi. Artıq cinayət, sadəcə şəhərin arxa küçələrində, ya da qaranlıq məkanlarında baş vermir. Hər şey açıq şəkildə gün işığında baş tutur. Deqradasiya, bürokratiyanın ən yuxarısından cəmiyyətin ən aşağı təbəqəsinə qədər virus kimi yayılıb. Cinayət gündəlik həyatın bir hissəsinə çevrilib.
“Anadangəlmə qüsur”un diqqət çəkən xüsusiyyətlərindən biri neo-nuarın qəlibləşən təhkiyə kodlarıyla oynamağı bacarmasıdır. Film, polislərin hovuzlu partilərdə şelləndiyi, dəlixanaların İsa kostyumu geyinmiş silahlı adamlar tərəfindən mühafizə edildiyi, neon işıqlarla bəzənmiş məkanların hər yanı basdığı bir dünyanı təsvir edir. Nuarın çatışmazlıqları olsa da, xarizmatik olmağı bacaran detektivinin yerində isə özünə belə xeyri olmayan, başı dumanlı “luzeri” var. Kəsəsi, artıq məna axtarışının da mənasızlaşdığı, məntiqin işləmədiyi, zibili çıxmış bir dünya var “Anadangəlmə qüsur”da.
İrrasional zamanlar
“Anadangəlmə qüsur” artıq ictimai mübarizələrin faydasız olduğunun düşünüldüyü, Roman Polanskinin arvadı da daxil olmaqla, yeddi nəfəri öldürən psevdo-hippi Çarlz Mensonun törətdiyi cinayətlərin ABŞ-ı silkələdiyi, kontr-mədəniyyətin çöküşdə olduğu bir dövrdən bəhs edir. Artıq hippilərlə neo-nasistlərin eyni narkotik vasitədən istifadə edərək hallandığı, özlərini ictimai nizamın axarına bərabər şəkildə buraxdıqları bir dövrün hekayəsidir bu. Film, nə qədər oyunbaz yumor anlayışı ilə əldən uçub gedən bir əhvalat nəql etsə də, dövrün ovqatını əks etdirən melanxolik və nostalgik anlar vasitəsilə bəzən yorucu olan sujetə nəfəs aldırmağı bacarır. Sujet bir tərəfdən Mikki Vulfmanın ətrafında baş verən sirr xəttiylə inkişaf edir, digər tərəfdən isə keçmişdən qalan izlərin ardınca düşür. Məsələn, Dokun Mikki Vulfmanla bağlı informasiya toplamaq üçün getdiyi fahişəxana sökülən köhnə məhəllənin yerində tikilmiş lyuks villaların kimi qarşımıza çıxır. Dokun keçmiş gözəl günləri xatırladığı bir səhnədə isə Şasta ilə narkotik almağa getdikləri dükanın yerində “Qızıl diş”in fallik binasını görürük.
Nəzəriyyəçi Dean MakKannel film-nuarla bağlı bir məqaləsində yazır ki, klassik nuarın arxa fonunu əmələ gətirən məkanlar öz yerini neo-nuarlarda aristoklaşdırılmış məkanlara verir. Neo-nuarlarda fəhlə sinfinin yaşadığı məhəllələrdə lyuks villaların ucalması, detektivlərin dəbdəbəli ofislərinin öz yerini köhnə məkanlara verməsi kimi, “Anadangəlmə qüsur”da da Dokun ofisi yarım-müayinəxana olan əldəqayırma bir yerdir. Filmin əvvəlində qarşımıza çıxan Tariq Xəlil belə xəbər verir: yaşadığı məhəllənin əmlak şefi deyib ki, Vulfman tikiləcək yeni binalara yer açmaq üçün aradan götürülüb. Filmdəki itmişlik hissini mülksüzləşdirmə ilə bərabər düşünmək olar. “Anadangəlmə qüsur” bir az da itmiş bir idealdan, itmiş məhəllələrdən, itmiş zamandan geriyə qalan ovqata bir nəzərdir.
Filmə çökən bu melanxolik atmosferə baxmayaraq, “Anadangəlmə qüsur”un özünü ciddiyə almayan tonunu da nəzərə almaq lazımdır. Dokun həm başının bəlası, həm də can dostu olan polis məmurunun film boyunca yediyi bananlı dondurmaya oxşayan fallik “Qızıl diş” binası filmin hər yerinə nüfuz edən “kişilik” həcvinin topoqrafik təzahürü kimidir. Klassik nuarda kişiliyi zərər görən xarakterlərin “pis qadın”ın cazibəsinə qapılmaq qorxusu “Anadangəlmə qüsur”da yoxdur.
Bəli, Doku yoldan çıxaran cazibəli Şasta var, ancaq onun da sujetdə Doku səyahətə çıxarmaqdan başqa funksiyası yoxdur. “Anadangəlmə qüsur”da kişiləri yoldan çıxaran sarışın pis qadınlardan çox, güclü görünməyə çalışarkən gülməli vəziyyətlərə düşən və özü özünü yoldan çıxaran, xərcləyən kişilər var. Maço hərəkətləriylə Doka film boyunca “kişi” olmağı öyrədən polis məmurunun daim fallik dondurmalar əmdiyini gördüyümüz səhnələr filmin ən absurd anlarıdır. Polis məmuru ilə Dokun iki sevgili kimi daim telefonda danışması, axırda arvadının üsyan edərək polis məmurunun əlindən telefonu qapıb Doku söyüb-batırması, Dok ilə polis arasındakı homo-erotik gərginliyi vurğulayır. Hətta Anderson işi daha da irəli götürərək bir səhnədə Doku ofisindəki abort masasında olarkən təsvir edir. Rejissor filmdə güc sahibi olmasını gözlədiyimiz iki kişi xarakterin xarizmasını darmadağın edir.
“Anadangəlmə qüsur” termini sığorta sistemində hər hansı obyektin onun özünə zərər verən xüsusiyyətindən bəhs edərkən istifadə edilir. Bu termini özü- özünü xərcləyən fərdlərin, özü-özünü xərcləyən bir nəslin metaforası kimi götürmək olar. “Anadangəlmə qüsur” istehlak mədəniyyətinin, müharibələrin, ayrı-seçkiliyin əleyhinə olan gül balaların (müharibə əleyhinə nümayişlərdə polisə gül uzadan hippilər – tərcüməçidən) cəmiyyət tərəfindən soldurulub normallaşdırıldığı bir dövrdən bəhs edir. Yazıçı Tomas Pinçonun öz cavanlığı ilə üzləşməsi olan bu roman beyni dumanlandırmaqdan başqa heç nəyi düşünə bilməyən hala gəlmiş bir nəslin parodiyasıdır. Pinçonun və Andersonun niyə 2000-ci illərdə belə bir hekayə danışmaq istəməsinin ipucu da burada gizlidir. Hər şey gün kimi aydın olsa da, həqiqətin heç bir məna ifadə etmədiyi bir dünya ilə başa çıxmaq metodu bəziləri üçün bəlkə də öz-özünü xərcləməkdən keçir. Müharibələrin, qətliamların, rüşvətxorluğun bitmədiyi, deqradasiyaya uğramış hökümətlərin günü gündən avtoritarlaşdığı, sərmayənin davamlı olması üçün işləyən bu azman, “ağlasığmaz” planetlə bağlı ən gözəl sözü bəlkə də Şasta deyir filmin axırında: “Təxminən suyun altında olmaq kimi… Dünya, hər şey, başqa yerə gedib.”
Tərcümə edən: Qismət