Vətən
Qoynunda göz açdığım,
Torpağında qaçdığım,
Göylərində uçduğum;
Oba da, el də Vətən!
Günümə ətir qatan,
Ömrümə ətir qatan,
Sinəsində boy atan;
Çiçək də, gül də Vətən!
Hər açılan sabahım,
Yer üzündə Allahım,
Son ümidim, pənahım;
Ocaq da, pir də Vətən!
Ocaqları gur yaranar,
Düşmən bağrı odlanar.
Fəxrlə de ki, Anar,
Ürəkdə, dildə Vətən!
Hədər
Bu sevgidə körpülər,
Söylə gülüm, yandımı?
Sənmi pozdun əhdini,
Mənmi pozdum andımı?
Dedin sevəcəyik biz,
Ömrün sonuna qədər.
Həyat davam, eşq tamam,
Getdi o sevgi hədər.
Yollar yan düşən deyil,
Gözlər görüşən deyil.
Ürəyimiz sevinci,
Dərdi bölüşən deyil.
Gün gələcəkdir…bizə,
Sevgi qənim olacaq.
Göz yaşları həm sənin,
Həm də mənim olacaq.
Bu sevgidə körpülər,
Söylə gülüm, yandımı?
Sənmi pozdun əhdini,
Mənmi pozdum andımı?
Qərib şəhərdə
Mən səni düşünürəm,
Gecə, gündüz, səhər də.
Səndən başqa kimim var,
Mənim qərib şəhərdə?
Özüm özümdən incik,
Özümdən də küsmüşəm.
Sən olmayan ömürdən,
Taledən əl üzmüşəm.
Daha yağış yağmayır,
Göz yaşımı gizlədim.
Ürəyi qəm, gözü nəm,
Hər an səni izlədim.
Gecələr də bitməyir,
Günəş də gec oyanır.
Səhər açılan kimi,
Gözüm yola boylanır.
Sənsizlikdən başlayıb,
Tənhalığım, təkliyim.
Sən ki hardan biləsən,
Nədir mənim çəkdiyim?!
Mən səni düşünürəm,
Gecə, gündüz, səhər də.
Səndən başqa kimim var,
Mənim qərib şəhərdə?
Cavanlığım
Gənclik ötdü, hədər oldu,
Qüssə oldu, kədər oldu.
Heç bilmədim nələr oldu;
Gəlib keçdi cavanlığım.
Demək heçdi cavanlığım.
Könül verdim gözəl yara,
Gözlər qara, kiprik qara.
Bilənmədim getdi hara;
Onsuz ötdü cavanlığım.
Külə döndü cavanlığım.
Ötən günlər yuxulardı,
Sevinc payı çox olardı,
Oyansaydım yox olardı;
Şən yuxulu cavanlığım.
Gül qoxulu cavanlığım.
İndi artıq doldum yaşa,
Hökm etmir ürək başa.
Döndü köçəri bir quşa;
Uçub getdi cavanlığım.
Daha bitdi cavanlığım.