Sim-sim.az Norveç Ədəbiyyat Komitəsinin 2018-ci ildə ayın ən yaxşı tərcüməçisi seçilən Anar Rəhimovla müsahibəni təqdim edir.
Norveç Ədəbiyyat Komitəsinin (NORLA) təqdimatı:
2018-c il, yyun ayının ən yaxşı tərcüməçisi bu dəfə Azərbaycandan olan Anar Rəhimovdur. Bu yaz o, bir neçə kitabla gündəmə gəlsə də, əsas diqqət çəkən tərcümələri Viqdis Yortun “Miras və Vəsiyyətnamə” əsəri və Hokon Överasın “Qəhvəyi” və “Qaraşın” uşaq kitablarıdır.
Bundan əlavə, Anar yaxınlarda Norveçin paytaxtı Osloda həm yeni tərcümə etdiyi (Simen Ekern, “Avropalılar”) kitabıyla bağlı elmi araşdırma aparmaq, həm də yazıçı ilə görüşmək üçün elmi-işgüzar səfərdə olmuşdur.
Ayın ən yaxşısı Anar Rəhimovla müsahibəni sizlərə təqdim edirik:
Necə oldu ki, Norveç dilindən ədəbi tərcümələr etməyə başladın?
– Hər şeydən əvvəl, mən Norveç Ədəbiyyat Komitəsinə (NORLA) çox zaman kölgədə qalan sənət sahiblərini, tərcüməçiləri geniş kütləyə tanıtdığı üçün ürəkdən təşəkkür edirəm. Hə… Necə oldu ki, Norveç dilindən tərcümələr etməyə başladım? Əslində, bu işin elə də uzun tarixçəsi yoxdur, daha dəqiq desək, ilk kitabımı cəmi iki il öncə, 2016-cı ilin yayında tərcümə etmişəm. Amma onu da əlavə etməliyəm ki, bu heç də həyatımın gözlənilməz və təsadüfi bir dönüşü olmadı. Mən elə bir ailədə böyümüşəm ki, həm atam, həm də anam dilçi olub, onlar Bakıda xarici dilləri tədris edirdilər. Nəticədə kitablara, oxumağa, ümumiyyətlə, ədəbiyyata böyük sevgimin yaranmasında onların təsiri olub. Yadımdadır ki, balaca evimizdə hər yer kitablarla dolu idi. Uşaqlıqdan İvan Krılovun, Hans Xristian Andersenin, Astrid Lindqrenin, Mark Tvenin kitablarını oxuyaraq böyümüşəm. Tələbəlik illərində isə rus və ingilis dillərindən elmi məqalələri istifadə qaydaları haqqında kitabçaları, işgüzar məktubları Azərbaycan dilinə tərcümə edirdim. Mən bunu cib xərcliyimi çıxartmaq üçün edirdim, digər tərəfdən isə bu iş mənə böyük zövq verirdi. Hiss edirdim ki, azacıq istedadım var, bir az öz üzərimdə işləsəm, bu sahədə uğurlu ola bilərəm. Amma Norveç dilini universitet səviyyəsində öyrənməyim, Norveç dilindən ədəbi tərcümələr etməyə başlamağım tam təsadüf nəticəsində baş verdi. Mən Azərbaycan Dillər Universitetini bitirmişəm və ixtisasıma uyğun olaraq həmin universitetdə 2011-ci ilə kimi ingilis dili müəllimi kimi çalışırdım. Həmin vaxt heç ağlıma da gəlməzdi ki, bir gün Norveçə gedəcəyəm, Oslo universitetində Norveç dili və ədəbiyyatı istiqamətində təhsili alacağam. Beləcə, bir gün tamam yeni ölkədə, mənim üçün tamam yeni bir dil mühitində təhsil almaq imkanı əldə etdim. Həmin vaxt mən Norveç dilində bircə kəlmə də bilmirdim. Üç mərhələli müsahibədən uğurla keçdim, Norveçə 2 il yarım Norveç dili və ədəbiyyatı üzrə təhsil almaq üçün yollandım. Orada əsas istiqamətim Norveç dili və ədəbiyyatı olsa da, Norveç tarixi, mədəniyyəti, siyasəti, cəmiyyəti haqqında fənnləri də götürürdüm. Bu mənim üçün tamam yeni bir dövr, yeni bir yaşantı idi. Yeni dili öyrənmək çətinliyindən əlavə, mən Norveç qaydalarına, onların davranış tərzinə, mədəniyyətinə uyğunlaşmalıydım. Hə, hələ kifayət qədər soyuq keçən Norveç yaylarını demirəm heç… Amma əsas çətinliyim dillə bağlı idi, norveç dilində ilk sözləri yalnız Norveçə addım atandan bir qədər sonra öyrəndim. Ədəbiyyat fənnindən bəxtim gətirdi ki, Erik Yuriks kimi bir müəllimim oldu. Onunla bərabər Norveç ədəbiyyatının incilərindən Knut Hamsunu, Sinqrid Undseti, Henrik İbseni, Daq Sulstadı müzakirə və analiz etmək çox zövqlü proses idi.
İndi yadıma salmağa çalışıram: necə oldu ki, mən Norveç ədəbiyyatına aşiq oldum? Bu, məhşur Norveç yazarı Daq Sulstadın “Həya və Dəyər” əsərini oxuyandan sonra oldu. Mən kitabı oxuyanda başa düşdüm ki, bu indiyə qədər oxuduğum kitablardan heç birinə bənzəmir. Mənə elə gəlir ki, bu, təzə başlayan tərcüməçilər üçün xarakterik məqamdır. Sən bir kitab oxuyursan, bütün varlığınla hiss edirsən ki, bu kitab mütləq tərcümə olunmalıdır, sənin ana dilində çıxmalıdır, ancaq eyni zamanda bu iş sənə həddindən artıq çətin, əlçatmaz, qeyri-mümkün bir iş kimi gəlir. Mən hələ tələbə ikən bu kitabı tərcümə etmək istəyirdim, amma müxtəlif səbəblərdən bu planımı üç-dörd il təxirə salmalı oldum. (Özümə əmin deyildim, tərçüməçi kimi işləməkdən zövq alıb-almayacağımı hələ bilmirdim, müəyyən qədər təzadlı süjet xəttinə malik olan kitabın vətənimdə necə qəbul olunacağı da şübhəli idi). Mənim üçün hər şey 2016-ci ilin yayında Norveç ədəbiyyat komitəsinin Oslodakı ofisinə baş çəkən gündən sonra başladı. Həmin yay mən Oslo Universitetinin Norveç dili müəllimləri üçün təşkil etdiyi ixtisasartırma seminarına qatılmaq üçün Oslodaydım. Həmin günə kimi bu və ya digər səbəbdən özümü bədii tərcüməyə başlamağa hazır saymırdım. Ədəbiyyat komitəsinin iki gözəl, mehriban işçisi Dina-Roll Hansen və Torill Yohansenlə söhbətdən sonra mənim üçün hər şey artıq başqa cür görünməyə başladı. Mən onlara həvəsimi, Daq Sulstadın kitabına olan böyük coşqumu danışdım, onlar isə mənə peşəkar kimi həm düzgün yol göstərdilər, həm də böyük ruh verdilər. Bu iki yardımsevər qadın mənim tərcüməçi kimi karyeramın başlanmasında təkanverici qüvvə oldular. İndi artıq mən demək olar ki, üç ildir Norveç dilindən bədii tərcümə ilə məşğulam. Bu müddətdə doqquz kitab tərcümə etmişəm. (Onların arasında ən diqqətçəkən nümunə kimi Daq Sulstadın “Həya və Dəyər”, Roy Yakobsenin “Görünməzlər” əsərlərini qeyd edə bilərəm. İki kitabım isə artıq çap ərəfəsindədir və tezliklə oxucularla görüşə gələcək.
Tərcümə sənətindən başqa bir işlə məşğulsanmı? Hansı işlə?
-Bakıda, ADU-da təhsilimi bitirəndən sonra, elə həmin universitetdə qalıb müəllim kimi fəaliyyətə başladım. Daha sonra isə Oslo Universitetində təhsil alıb Bakıya qayıtdım. Bakıda Azərbaycan Dillər Universitetində həm Norveç dili, həm də İngilis dili müəllimi kimi işimə davam etdim. Deyim ki, müəllim kimi işimi də sevirəm, tələbələrim istedadlı və işgüzardır. Həm də məncə, müəllimlik sənəti ilə mənim bədii tərcüməçilik karyeram arasında elə də qalın sərhəd yoxdur. Demək olar ki, hər zaman mənim əsərlərimin ilk tənqidçiləri, fikir bildirənləri arasında tələbələrim də olur. Digər tərəfdən, Azərbaycan dilində olmayan Norveç dilindəki söz və ifadələri tələbələrimlə müzakirə etmək, düzgün, yerinə düşən tərcümələr barədə mübahisələr aparmaq ən sevdiyim məşğuliyyətlərdəndir. Mən hər zaman sağlam tənqidin tərəfdarı olmuşam. Hansı sənət olur-olsun, hansı formada olur-olsun, mənə görə insanın hər zaman özünü inkşaf etdirməsi üçün potensialı mövcuddur. Mən həm müəllim kimi, həm də bədii tərcüməçi kimi işimi çox sevirəm. Düşünürəm ki, bu hal az təsadüf olunan haldır – adam məşğul olduğu hər iki işdən zövq alır, eyni zamanda, bununla yaşayışını təmin edir. Bu baxımdan özümü kifayət qədər xoşbəxt adam hesab edirəm. Hiss edirəm ki, müəllim və tərcüməçi kimi çalışdığım mühitdə hər həftə yeni nələrsə öyrənə, özümü inkşaf etdirə bilirəm.
Bilirik ki, yaxınlarda Simen Ekernin “Avropalılar” kitabının tərcüməsi ilə bağlı elmi araşdırma üçün Osloda olmusunuz. Bu barədə bizə qısa məlumat verə bilərsiniz?
-Bir şeyi etiraf edim ki, tərcüməçilik peşəsinin ən sevdiyim cəhətlərdən biri də araşdırma mərhələsidir. Bu kitab (“Avropalılar”) çox bacarıqlı, savadlı, öz kitabını ərsəyə gətirmək üçün dərin araşdırmalar aparan, bir çox ölkələrdə səfərdə olan, müxtəlif siyasi liderlərlə görüşüb müsahibə alan bir yazıçı-jurnalist əsəridir. Kitabda Avropa siyasəti, həyat tərzi haqqında həddən artıq faktlara, rəqəmlərə, adlara rast gəlmək mümkündür. “Avropalılar” Avropa siyasi gerçəkliyi, Avropa birliyi və sadə insanlar münasibətləri, miqrant böhranı, ümumiyyətlə, Avropanın gələcək perspektivləri haqqında yazılıb. Mənim kimi Avropanın sərhədlərindən kənarda yaşayan biri üçün həm kitabın adı, həm də onun mövzusu çox çəkici gəldi. Bundan əlavə, kitabı tərcümə edərkən bir xeyli əziyyət çəkməli oldum. Həm Bakıda, həm də Osloda araşdırmalar aparmaq məcburiyyətində qaldım. Əvvəllər heç vaxt içində bu qədər ağır siyasi terminlər, çətin ifadələr olan bir kitabı Norveç dilindən tərcümə etməmişdim. Bəzən elə olurdu ki, bir sözün və ya ifadənin Azərbaycanca düzgün qarşılığını tapmaq üçün yarım saat baş sındırırdım. Elə siyasi terminlər vardı ki, heç Azərbaycan dilində onlara rast gəlməmişdim. Amma nə qədər vaxt aparsa da, nə qədər çətin olsa da, layihənin özü çox maraqlı idi. Kitabın tərcüməsi zamanı bir dəfə də olsun nə ümidsizliyə qapıldım, nə də işi yarımçıq saxlamaq istədim. Tərcümə sənətində tələb olunan əsas keyfiyyətlər səbr və məqsədyönlülükdür axı! Əziyyət çəkirsən, yuxusuz gecələr keçirirsən, çətin anlardan sonra kitabı hazır edib nəşriyyata göndərirsən ha, bax onda, dünyada səndən xoşbəxt insan olmur. Mən lap başdan bəri əmin olmuşam ki, tərcüməçilik sənəti məhz belə anları ilə daha mənalıdır. Azərbaycanda xeyli oxucu hazırda Avropanın sərhədləri daxilində nələrin baş verməsi ilə maraqlanır. Bu baxımdan tamamilə Avropaya və onun gerçəkliklərinə, gizlinlərinə həsr edilən “Avropalılar” kitabının ölkəmizdə də məşhurluq qazanacağına inanıram və ümid edirəm. Bu mövzuda kitab az olduğu üçün insanlar bu mövzuya yəqin ki. maraq göstərəcəklər. Həm də mən hər zaman artıq formalaşmış meyilləri dəyişməyə cəhd edirəm, məni yeniliklər cəzb edir.
İndiyədək sənə xüsusi çətin yaxud xüsusi əyləncəli gələn tərcümə işin barədə bizlərə məlumat verə bilərsənmi?
-Burada mən iki kitabın adını çəkə bilərəm. Bir tərəfdən uzun, çətin cümlələri olan və tərcümə etdiyim ilk kitab olan Daq Sulstadın “Həya və Dəyər” kitabının adını çəkərdim. Bu dediyim kimi ilk işim idi, həyəcanlı idim, həm də bilirdim ki, ilk işimdə tərcüməçi kimi öz stilimi formalaşdırmaq ərəfəsindəyəm. Buna görə üzərimdə məsuliyyət də çox idi. Hər işin başlanğıcı çox önəmlidir. Bu baxımdan tərcümədən qabaq müəllifin (Daq Sulstad) həyatını, yazılarını, müsahibələrini oxumaq mənim işimi asanlaşdırdı. Yeri gəlmişkən, bu mənim iş prinsipimdir: hər hansı bir tərcüməyə başlamamışdan qabaq yazıçını, onun daha əvvəl yazdığı kitabları yaxşıca araşdırmaq, onun stilini, ədəbi mövqeyini öyrənmək. Bu araşdırma sonradan tərcümə prosesində mənə çox kömək olur.
Mənə xüsusi çətin gələn kitablardan biri kimi Roy Yakobsenin “Görünməzlər” kitabının adını çəkə bilərəm. Yakobsenin çox özündənəmin yazı tərzi var. Onun təbiəti, adada yaşayan insanları, Norveçin landşaftını təsvir etmək tərzi möhtəşəmdir, bənzərsizdir. Elə formada yazır, elə təsvir vasitələrindən istifadə edir ki, bəzən tərcüməçi bir saat oturub düşünməli olur ki, yazıçı bu məqamda məhz nəyi nəzərdə tutub. Bundan əlavə onun əsərindəki dənizlə bağlı terminlər, qəhrəmanların dialektlərdə danışması da işimi kifayət qədər çətinləşdirmişdi. Norveçlilər üçün, həmin əraziyə yaxın insanlar üçün bu adi və başadüşüləndir. Amma mənim kimi heç vaxt həmin yerlərdə olmayan biri üçün bu, kifayət qədər əziyyətli iş idi. Yakobsenin stili, onun yazı tərzi, müraciət etdiyi mövzular Azərbaycanlı oxucular üçün yenilikdir. Amma bu kitabın dünya oxucularının qəlbinə artıq yol tapdığını nəzərə alsaq, ümid edirəm ki, əsər mənim vətənimdə də seviləcək.
Elə bir Norveç kitabı varmı ki, qəlbinə xüsusi yaxınlığı ilə seçilir. Varsa, hansıdır və nəyə görə?
-Mənim üçün əziz olan, Norveç ədəbiyyatı, mədəniyyəti haqqında təsəvvür yaradan bir neçə kitab mövcuddur. Amma əgər mütləq ad çəkməliyəmsə, onda icazənizlə, üç kitabın adını çəkim. Mənim üçün Norveç ədəbiyyatını tərcümə etmək yalnız sevdiyim işlə məşğul olmaq deyil. Məqsədim həm də Norveç tarixi, siyasəti, adət-ənənələri, həyat tərzi barədə oxucularda kifayət qədər aydın təəssürat yaratmaqdır. İstəyirəm Azərbaycanlı oxucular bu uzaq, soyuq ölkəni daha yaxından tanısınlar. Bu baxımdan Viqdis Yortun “ Miras və Vəsiyyətnamə” kitabının adını çəkə bilərəm. Bu kitab hələ də məndə öz dərin izlərini qoruyub-saxlayıb, bu əsəri oxuduqca müəllifin düşüncələrinə, onun cəsarətinə heyran olmamaq mümkün deyil. Müəllifin seçdiyi mövzu elədir ki, əhalisinin əsas hissəsi müsəlman olan ölkədə bu kitabı tərcümə etmək, nəşr etmək, etiraf edim ki, cəsarət edir. Kitab mənim üçün həm də ona görə doğmadır ki, əsas qəhrəmanın daxili iztirabları, onun emosional manipulyasiya edilməsi real həyatda mənə bəzi insanları xatırlatdı. Tərcümə etdikcə, özümdə də həddən artıq güclü təəssüratlar doğulurdu. Mən tamam başqa cəmiyyətin nümayəndəsi olsam da, Norveçlə Azərbaycan arasında kifayət qədər fərq olsa da, amma yenə də mən bu ailə faciəsini kifayət qədər yaxşı başa düşüb qəlbimə yaxın buraxa bildim. Müəllifin müraciət etdiyi mövzu mənim ölkəmdə tabudur və demək olar ki, heç kəs bu barədə danışmağa meyilli deyil. Buna görə də bu kitabın ölkəmdəki oxucular tərəfindən necə qəbul ediləcəyini səbirsizliklə və həyəcanla gözləyirəm.
Sonra… Norveçli yazar Zeşan Şakarın ilk işi olan “Ulrikke xalanın evi” kitabını da qeyd edə bilərəm. Bu kitab da həm beynimdə, həm də ürəyimdə xüsusi yerə sahibdir. Fikrimcə, Şakarın Osloda böyüməkdə olan iki mühacir oğlanın həyatından bəhs edən romanı ədəbi uğurdur. Başqa mədəniyyətdən gəlib yeni yerlərə alışmağın çətinliyi, tamam başqa mədəniyyətə, cəmiyyətə, həyata uyğunlaşmağın çağırışları hər zaman mənim üçün maraqlı olub. Kitab digər tərəfdən həm də ona görə qiymətlidir ki, o, Osloda norveçli olmayan uşaqların necə böyüməsini, hansı çətinliklərlə qarşılaşdıqlarını real lövhələrlə təsvir edir. Bu kitabın tərcüməsi də yaxın zamandakl planlarıma daxildir. Mən əvvəl kitabı seçirəm , sevirəm sonra isə onun tərcüməsinə qərar verirəm.
Səncə, tərcüməçi olmağın ən yaxşı tərəfi hansıdır?
– Mənim üçün sevdiyim işlə məşğul olmaq imkanıdır. Tərcüməçilik peşəsi elədir ki, insan gərək həm oxumağı, həm də yazmağı sevsin. Bundan əlavə, məncə. tərcüməçi həm də gərək iki mədəniyyəti yaxşı başa düşsün, dərk etsin. Tərcüməçinin işi ancaq oturub klaviaturanı döyəcləmək deyil ki! Ən sevdiyim cəhətlərdən biri də işimdə müxtəlifliyin olmasıdır. İstəyirəm uşaq kitabı tərcümə edirəm, istəyirəm dedektiv, istəyirəm elmi ədəbiyyat. Özümü qayda-qanunlarla işləyən, dəqiq insan hesab etmirəm. Ancaq etiraf edim ki, tərcüməçiliyə başladıqdan sonra daha punktual olmağa başlamışam. Tərcüməçi həm də dili sevməlidir, dillə oynamaqdan zövq almalıdır. Neçə ildir eyni noutbukda işləsəm də, iş yerim evin eyni küncü olsa da, bu mənə bezdirici və darıxdırıcı gəlmir. Əksinə, hər yeni kitaba başlamaq mənim üçün yeni maraq, yeni həyəcan və zövq mənbəyidir. Amma bir şeyi də deyim ki, bəzən bu iş yorucu olur. Misal üçün, Norveç dilində elə sözlər var ki, Azərbaycan dilində onları bir sözlə ifadə etmək olmur. Necəmi? Sadəcə, həmin məfhumlar bizim dilimiz yoxdur. Misal üçün, utepils, attpoklat, uting, dugnad, fyord və s. Ancaq bu da məni həvəsdən salmır. Bir şeyi də deyim, özü-özünün müdiri olmaq çox xoş duyğudur.
Parkda, kitabxanada, ictimai nəqliyyatda görəndə ki, insanlar mənim tərcümə etdiyim kitabı oxuyur, bu mənə zövq verir. Hələ onların kitab haqqında müsbət rəylərini eşidəndə, sevincdən uçmağa qanad axtarıram. Adam düşünəndə ki, oxucular Skandinaviya ədəbiyyatının bəzi incilərini dilimizdə sənin tərcümələr vasitəsilə tanış olur, onda işinə daha da həvəslə girişir. Sualınıza ümumiləşdirib belə cavab verim: Tərcüməçilik mənim üçün çoxlu səyahət etmək, kitab festivallarında, beynəlxalq konfranslarda yeni insanlarla tanış olmaq, qiymətli və maraqlı kitabların ilk oxucularından olmaq, öz işinin və iş qrafikin ağası olmaq, bütün bunlardan da başqa yaşamaq üçün pul qazanmaq, maddi cəhətdən müstəqil olmaq deməkdir.