Sim-sim.az Anar Şamilin “Arzuların rəsmi” hekayəsini təqdim edir.
İş çantasını masanın üzərinə qoyduqdan sonra qapının qarşısında qoyulan karqo şirkətinin səbətlərini otağa gətirdi. Keçən ay aldığı maaşının kirəyə üçün verilən hissəsini çıxmaq şərtilə qalan məbləği səbətdəki əşyalara xərcləmişdi. Otağa daxil olduqda əlindəkiləri döşəməyə qoydu. Otağın işığını yandırdı. Sonra isə qapıya söykənərək cibindən siqareti çıxardıb işığın yaratdığı mənzərəni seyr etdi. Tələbəlik illərindən bəri özünə aid bir iş otağının olmasını arzuladığı vaxtları xatırladı. Otaq kirəyə haqqını zorla çatdıran rəssamların kasıb məhəllədəki balaca emalatxanalarına bənzəyirdi. Otağın divarları bütövlükdə rəsm əsərləri ilə bəzədilmişdi. Orijinalından təkcə görüntüsünü götürən şəkillərin içində ən diqqət çəkəni əlini üzünə tutaraq çay sahilində dayanıb qışqıran insan şəkli idi. İnsan sanki evin sahibinin gəlişindən qorxaraq digər rəsmlərdəki obrazları yardıma çağırır, yaxud bütün gücünü toplayaraq qışqırıb cəmiyyətə öz gücsüzlüyünü və çarəsizliyini götərməyə çalışırdı. (Edvard Munk bu rəsmi yaradarkən yəqin mənim kimi düşünüb.)
Pəncərənin önündə üç ayaq üzərində dayanan bir rəsm dəzgahı vardı. Divarda rəsmlərdən boş qalan kiçik bir guşədə, rəfin üzərində düzülən kitablar sanki oxuculardan incimişdilər. Hamısı arxasını çevirərək dayanmışdı. Divanın üzərində olan, Tanrıdan, insan və insanın yaratdıqlarından bəhs edən “Üçlü bir həyat” kitabı cinayət işində vacib bir fakt kimi ən son oxunulan kitab olduğunu sübut edirdi…
Varlığını yanaraq tüstülənməklə hiss elətdirən siqaret kötüyü mətbəxdəki kül qabında sönərkən Elnay divanda əyləşib balaca uşaqlar kimi böyük həvəslə səbətləri açmağa başlamışdı. Bir müddət sonra rəssam üçün lazım olan avadanlıqlar dəzgahın ətrafına səpələnmişdi. Tanrı olmaq üçün hər şey vardı. Elnay peşəkar rəssam deyildi, uşaqlıq illərindəki cızma-qaraları çıxmaq şərtilə bu sahədə təcrübəsi olmayan biri idi. Elnay şəkilləri seyr etməyi daha yaxşı bacarırdı. Rəssamın çəkmədən ifadə etmək istədiyini axtarmağı xoşlayırdı.
Aldıqlarını səliqə ilə bir kənara düzərkən bir anlıq dayandı. Əlindəkilərə niyə bu qədər pul xəclədiyini düşündü, lakin cavabı ona maraqlı gəlmədi. Aldıqlarına toxunmaq və istifadə etmək ona daha həyəcanlı gəldi. Almışamsa demək ki, istəmişəm. Bu cümlə ilə beynində yaranan sualı tamamladı.
Rəsm çəkməyi bacarmasa belə yeni dünya yaratmaq istəyi güclü idi. İçindəki etiraz nələrəsə görə yaşamaq məcburiyyətində olsa da, həyatını maraqsız edirdi. Ətrafında olanları nə anlaya, nə də qəbul edə bilirdi. Şəxsiyyət olmağı tələb edən cəmiyyət dəyəri başqa insanlara verirdi. Bu “hə”lər və “yox”lar, ağlar və qaralar burulğanında boğulmamaq üçün ruhu dincəlməyə ehtiyac duyurdu.
Yerə tökdüyü fırçalar və rənglərə baxdı. Nə etmək istədiyini bilsə də, necə edəcəyini bilmirdi. Möcüzələrə inanmırdı, amma o dərk edirdi ki, bir şey ancaq çox istədildiyi təqdirdə reallaşır. Bir də içdən gələn səsinə çox güvənirdi. O bu səsi bədənində digər insanlardan gizlədiş tanrısı hesab edirdi. Bu səs onda başladığı hər bir şeyi mükəmməl yekunlaşdıracağına inamını artırırdı. Ağ kətanı qara səbətin içindən çıxardı. Kətanı dəzgahın üzərinə asaraq fırçanı əlinə aldı. O, dünyadakı daha bir “ağı” ləkələyəcəkdi. Amma ağı qaraltmaq başqa, onun üzərində rəngli bir dünya yaratmaq başqa məna ifadə edirdi. Əlini rənglərin üzərində gəzdirdi. İlk olaraq Günəşi fırçanın üzərinə aldı. İlk növbədə sarı rəngi seçməyinin əsk qütblərdə dayanan iki səbəbi vardı. Elnay Günəşi çox sevərdi, lakin gözlərinin ağının bulaşdığı sarı rəngə nifrət edirdi. Səhər yuxdan oyanarkən güzgü önündə izlədiyi mənzərəni sevməzdi. Qara ciyərin xəstə olması onun gözlərinin rəngini saraltmışdı. Xəstəliyə qarşı mübarizə aparmaq istəyi vardı. Amma hər istəyin real olması üçün mübarizənin qaçılmaz olmadığını da bilirdi. Lakin arzularını yaşadığı reallığı unutduran sevimli içkisi buna mane olurdu…Könlündən bir anlıq məst etmək gücü olan şəffaf sudan içmək keçdi. Sığal çəkən bəzi insanlar kimi fırça rəngin ən qatı hissəsini özünə çəkdi. Çəkməyə başladığı rəsmin onu xilas edəcəyinə və həyatını yaxşı mənada dəyişəcəyinə inanırdı Sarı rəngin ağın üzərində süzdüyü zaman telefonu zəng çaldı. Ekranda Leyla yazılmışdı. Adı oxuduqdan sonra Elnay telefonu məşğul edib söndürdü. Leyla səbəbindən bir neçə gün əvvəl suya atlamaq üçün körpünün üzərində dayanıb intihar etmək istədiyi anları xatırladı. Qısa müddət ərzində telefonu və xatirələrini kənara qoyaraq davam etdi. Bacarıqsızlıq və istək arasında gedən bir neçə saatlıq mübarizə yekunlaşmaq üzrə idi. Üst-başının rənglə bulaşması onun daxili aləmini göstərirdi. Yaşıla boyanmış fırçanı son dəfə kətanın üzərinə çəkdi. Rəsm artıq hazır idi.
Şəkildə mavi pərdəli pəncərəsinin önündə günəbaxan çiçəyi olan bir otaq təsvir edilmişdi. Divarlar tünd göy rəngli divar kağızı ilə örtülmüşdü. Evin ortasına qoyulmuş, üzərində yazılmış vərəqlərə dolu stolun arxasında isə 40-50 yaş arası kişi əyləşmişdi. Əlindəki qələmlə kağızın üzərində nəsə yazırdı. Yazdığı əsərin təsiri hətta onun üz cizgilərində belə hiss olunurdu. Əynində tünd yaşıl rəngli, boğazlı köynək vardı. Otaqda odunları çöldəki soyuqdan qoruyan soba otağın qaranlıq küncündə yanaraq ətrafa xüsusi işıq efekti verirdi. O, hərdən başını qaldırır sobaya baxır, sonra isə yazısına davam edirdi. Baxdıqca uşaqlıq xatirələri canlanırdı. Sobanın istisi otağa yayıldıqca sanki uşaqlığı onun üzünə toxunur, isti əlləri ilə sığal çəkirdi. Bir vaxtlar sevinərək tərk etdiyi kəndə indi sevərək geri qayıtmışdı. Etdiyi hərəkətdən peşiman deyildi. Qəbul edilməyən xəyallarına görə kəndi tərk etmişdi. Bu gün onun xəyallarını uğur hekayəsi kimi bütün ölkə dinləyirdi.
O, ayağa qalxaraq sobaya doğru hərəkət etdi və sobanın yanıdakı döşəkçədə əyləşdi. Bir müddət pəncərədən Günəşə boylanan gülü seyr etdi. Özlüyündə bir sual yarandı: Görəsən, gülün qışda Günəşi həsrətlə seyr etməsi sevgidir yoxsa ehtiyac? Yazdığı yeni əsərin qəhrəmanı Leylanı fikirləşdi. Necə də o haqlı idi: – Elnay, sənin dünya ilə bağlılığın çox zəifdi. Xəyalların səni, sən isə xəyyallarını məhv edəcəksən. Sən reallıqdan çox uzaqdasan. Palıd ağacının yetişdiyi torpaqda Baobabın yetişməməyindən şikayət edirsən. İstəməsən belə, yaşadığın reallıqları qəbul etmək məcburiyyətindəsən.
Sobanın istisindən enerji almaq istəyirdi, lakin əsəri yarımçıq qalmışdı. Körpünün üzərində dayanıb suya atlamaq istəyən qəhrəman vardı. Mübarizəsinin sonuna gələn bir qəhraman. Onu öldürmüş olsaydı əsəri də yekunlaşacaqdı. Ayağa qalxaraq yenidən yazmağa başladı.
“Əlini körpünün kənarından tutaraq öz qərarını 3 dəfə təkrarladı. Mən istədiyim kimi yaşamağı bacarmadım. Hamının istədiyi kimi yaşamaq istəmirəm”. Sonuncu cümlədən sonra gələn səs onu qərarsızlaşdırdı. “Yaşadığın məkanı dəyişə bilmirsənsə və sən ona uyğunlaşmaq istəmirsənsə olduğun yeri tərk et… Bu Leylanın səsi idi”.
“Elnay, gəl sevdiyimiz məkanda bir fincan kofe içək. Köhnə xatirələrin xətrinə. Səninlə bağlı hisslərimi itirmək istəmirəm. Gəl bu qərarı birlikdə müzakirə edək. Əgər sən haqlı olsan, çıxış yolu ancaq suiqəsddirsə məndə səninlə birlikdə atlayacam. Son mesajını aldıqdan sonra burada olacağını anadım. Səninlə son seyr etdiyimiz yerdə – dənizdə olacam yazmışdın. Sən özünü ordan atsan… Bax mənə… Mənə bax xahiş edirəm. Qarşıdan gələn maşınları görürsən? Sən suya atladığında məndə gələn maşınların qarşısına atacam özümü. Elnay, sən mənim qatilim olaraq gedəcəksən o dünyaya… Əlini ver, mənə toxun həqiqəti dediyimi hiss edəcəksən. Titrək, üzərində göz yaşının nəmliyi olan əllər bir-birini tutaraq qarşı-qarşıya dayanmışdılar. Leylanın göz yaşları göz bəbəklərini yuyaraq daha da şəfaflaşdırmışdı. Ən dibdə yerləşən qəlbini görmək mümkün idi. Orada böyük bir sevgi vardı. Kənardan baxıldıqda körpüdə iki nəfər dayanmışdı. Amma bədənlərindən xəbərsiz ehtirasla öpüşən iki ürək vardı.
İki fincan və hər fincanın arxasında bir fədakar əyləşmişdi. Sevgi fədailəri..Elnay düşdüyü mənzərəyə baxaraq sevindi. Həmişə belə xəyal etmişdi. Onun yaşamağı üçün ağlayan sevgilisi indi şirin gülüşü, qayğı dolu gözləri, onu həyata bağlayan varlığı ilə onun qarşısında idi.
– Leyla, gəl gedək burdan. Hə nə deyirsən? Burada özümü tək hiss edirəm. Sanki dənizədəyəm, boğula-boğula balıqlara səhranın gözlliyini izah edirəm. Burdan uzaqlara getsəm ruhum azadlıqda olacaq. Amma sənsiz getsəm ürəyim qəfəsdə olacaq.
- Əlbəttə Elnay gedərik. Bu barədə hələ çox danışacağıq.
Divara çırpılan fincanın səsi hər kəsin diqqətini dağıtdı. Xaosdan nizam doğan kimi hər kəsin diqqəti bir yerə yönəldi. .Elnay və Leyla mərkəzdə idi. Leyla həyəcan içində ona baxırdı.
“Cəhənnəm olsun hər şey. Səndə hər kəs kimi. Sən mənim həyatımın ən qara rəngisən. Sən bir yalançı qaranlıq kimisən, işıq yoxdu deyə varsan. Sənin mənə yazığın gəlir, eləmi? Hə de, de qorxma! Özünü güclü, məni zəif görürsən. Bütün bu səhnəni isə məni daha yaxşı idarə etmək üçün qurmusan. Öz aləmində yola verirsən məni. Dərdimə şərik olursan ki, məni rahat idarə edəsən. Durun …….Rədd olun hamınız. Sən də get… Sevgi və qayğı dolu göz yaşlarının görüntüsünü ətrafdakılarına göstər .Ya da yox, sən qal mən gedirəm.
Elnay qapını çırparaq restoranı tərk etdi.
İş yoldaşlarından birinin otağa daxil olması və çırpılan qapı onu xəyalından ayıltdı. Kompüterin ekranında rəsm alətləri görüntülənən Trendyolun səhifəsini bağladı. Yazıçılıq xəyallarından da reallığa qayıtdı. Qarşısında əyləşən iş yoldaşı Leyla stoldakı hesabat qeydləri olan vərəqləri səliqəli şəkildə bir yerə yığaraq masanın kənarına qoydu. Elnay öz qarşısındakı işlərə baxdı. İcra ediləməli xeyli tapşırıq vardı. Bütün reallığı ilə arzuları üçün vuruşan insan məhz arzuları üçün komfortzonanı bir müddət idi ki, tərk etmişdi. Mühütünü dəyişərək həyatını dəyişəcəyinə inamı vardı. Ümidi ilə bərabər təbii ki, onu reallaşdıracaq planları da vardı. Amma indi plan üzrə gedən və yorulmadan işləyən tək şey xəyal etmək bacarığı idi. Elnay Leylaya baxaraq gülümsədi. Lakin, Leylanın bundan xəbəri olmadı. Gizlədərək işə gətirdiyi telefonun titrəyişi onun gülüşünü oğurladı. Telefonda yoldaşından mesaj vardı. Balaca oğlu Sabutay xəstələnmişdi və onlar həkimə gedirdilər. Ürəyində bir boşluq hiss etdi. Öz xəyallarına çatmaq üçün o öz ailəsini kənddə qoyaraq böyük şəhərə gəlmişdi. Ürəyində qüsur olan uşağının yanında deyildi. Və bəlkə də onu bir daha görə bilməyəcəkdi. Həkimlər doğulandan onun həyatının təhlükədə olduğunu deyirdilər. Atam mənim qəhrəmandımıdı deyən oğlunun yanında deyildi. O dünənki hazır tapşırıqları götürürərək müdirin otağına getdi. Niyyətində ailəsinə baş çəkmək üçün icazə almaq vardı. Vərəqləri toplayarkən əli kompüter ekranına dəyir. Çərçivəyə yapışmış sarı kağız stolun üzərinə düşür. Kağızda bu cümlələr yazılmışdı.
-Daim gülümsə, gülüş səni kənardan güclü göstərir.
-Daim xəyal et, xəyal gələcəyinin qurucusudur.
-Xəyalı olduğun insanların fədaisi ol.