Günəşin şuaları asta-asta qayanın soyuq daşlarını isidirdi. Qayalar işıqlandıqca qartallar qanadlarını açaraq uçuşa hazırlaşırdılar. Uzaqda, qüzeydə yerləşən yaylaqdan fit səsi gəlirdi. Sürünü qoruyan, əyribuynuzlu dağ keçisi digərlərinə otlaqlardan mağaralara getməli olduqlarını xəbər verirdi. Keçənilki savaşda buynuzlarından biri sınan, sürünün başçısı olan keçi, başını qaldıraraq ətrafına baxdı. Əyribuynuzlunun xəbərdarlığına tabe olmaq istəmədiyindən, ya da təhlükə hiss etmədiyindən sürüyə heç bir işarə vermədi. Keçilər otlamağa davam edirdilər. Başçının hərəkətini diqqətlə izləyən Əyribuynuz bu yay onu liderlikdən salacağını qət etdi. Bir il əvvəl buynuzunu sındırmağına rəğmən, məğlub edə bilməmişdi. Biri balaca digəri uzun olan buynuzuna baxaraq gülümsədi. Əyribuynuz ətrafına baxdı, təhlükəni görüb yenidən fit çaldı. Başçı bu dəfə heç bir reaksiya vermədi. Lakin ardınca eşidilən partlayış səsindən sonra sürü başını otdan qaldırdı.Həmin anda Əyribuynuzun qayadan yuvarlandığının şahidi oldular.
Sürüdə baş verənlərdən xəbərsiz olan, əks tərəfdəki dağda pusqu quran ovçu, silahını daşa söykəyərək yaxınlaşdırıcı gözlüklə keçinin düşdüyü yeri axtardı. Yerini təyin etdikdən sonra silahı çiyninə alaraq dağın ətəyinə düşdü. Palıd ağacına bağladığı atını minərək digər tərəfdəki talaya doğru sürdü. Keçi qayadan yuvarlanaraq həmin talaya düşmüşdü. Çatdıqda ilk əvvəl ovuna diqqətlə baxdı, buynuzları əyri olsada canı yaxşı idi. Ovunu atın belinə yükləyib ocaq qaladı. Özü ilə gətirdiyi çaydanı iki dağın arasında axan çaydan su ilə dolduraraq ocağın üstünə qoydu.
Qış bitmişdi, yazın ilk günləri olmağına rəğmən hava soyuq idi. Ələxsusda səhərlər dağlarda hava soyuq qışı xatırladırdı. Üşüməyinə baxmayaraq ocaqdan kənarda əyləşdi. Məcbur olmadıqca ocağa yaxınlaşmadı. Ocağın üstündəki su buxarlarını gördükdən sonra evdən kağıza bükərək gətirdiyi quru çayı suyun içinə atdı. Bir müddət sonra isə qaynar çayı dəmir fincanına dolduraraq çiynini daşa sökəyib əyləşdi. Bir az dincəlib yolunu davam edəcəkdi. Yaşadığı yer çox uzaqda idi. Ov və odun ehtiyatı tükənmək üzrə olduğundan kənd camaatı məcburən daha uzaq və keçilməsi çətin olan yerlərə gəlməli olurdular. Uzaqda olduğunu və bir az irəlidə aşırdığı Fıstıq ağacınıda nəzərə alsaq evə qayıtmağı xeyli vaxt alacaqdı. Yükün altında rahatca dayanan mis rəngli at diqqətlə sahibinə baxırdı. Kənddə baş verən hadisədən sonra ilk dəfə idi ki, ova gəlmişdilər. Sahibi dəyişmişdi. Onu bu görünüşdə ilk dəfə görəndə ürkmüşdü, lakin “Günəş, bu mənəm” sözlərini eşitdikdə səsin doğma olduğunu anlamışdı. Sahibi gözlərini uzaqlara dikərək dəmir fincandan çayını içirdi.
Ali təhsilini Bakıda bitirdikdən sonra dərhal sevdiyi insanla ailə həyatı qurmuşdu. Birinci kursdan başlayan sevgi onu valideynləri və doğma kəndi ilə düşmən etmişdi. Valideynlərinin məsləhət bildiklərini və kənddən ona elçi düşənləri rədd etmişdi. Həm sevgisi, həm də Bakı, doğulduğu yeri onun gözündə kiçiltmişdi. Valideynlərinə “hər kəs öz səviyyəsini bilsin, elə qapıya gəlsin ” deyirdi. Qapıya gələnlərin əksəriyyəti alli təhsilli gənclər idi. İlk illər kəndin oxumuş və gözəl qızlarından olduğundan hər kəs onunla xoşbəxt ailə qurmaq arzusunda idi. Lakin zaman keçdikcə həmin insanlar bu arzudan əl çəkib onun bədbəxtliyini arzuladılar. Qoca qadınlar onun haqqında qiybət qırarkən cümləni “yəqin Bakıda kimisə tapıb ona görə bizimkiəri bəyənmir, onun kimilərinin çoxunun bədbəxt olduğunu görmüşük” sözləri ilə başlayardılar. Lakin bütün bunlara rəğmən, hər kəsin acığına o xoşbəxt olacağına inanırdı. Çünkü özünün və qarşı tərəfin sevgisinə tam əmin idi. Oğlan toyu ilə bərabər qız toyu da Bakıda oldu, ailəsindən və yaxın qohumlarından başqa kənddən heç kim iştrak etmədi. Zaman keçdikcə valideynləri Aygünün seçiminə, digər rayondan olan qohumlarına öyrəşirdilər. Tezliklə nəvələrinin olması ümüdi ilə bağçadan nə toplayırdılarsa, Bakıya yollayırdılar. Lakin uzun zaman keçməsinə baxmayaraq şad xəbər yox idi. Artıq həkim və müayinələr mərhələsi başlamışdı. İndi təqaüdlərini toplayıb qızı üçün göndərirdilər. Qarşı tərəfdəki qohumlar artıq narazılıq edir, qızının həkim xərcini atası versin deyirdilər. Bir çox problemlərin həlli olan zaman, Aygünün və onun inandığı xoşbəxtliyin əlehinə idi. Bütün hadisələrə neytral qaldığına görə Aygünün dərdinə də şərik olmadı. Nə qədər sevdiyini desə də, hər şeyin düzələcyini bildirib bir az da zaman istəsə də, problemlər həllini tapmırdı. “ Mən səni sevirəm, biz xoşbəxtik bir yerdə, bax bu həkimlə alınmadı, gələn il başqa həkimə gedərik, olmaz xaricdə müalicə alaram, imkanın yoxdursa, mən valideynlərimdən daha çox pul istəyərəm, işə düzələrəm, gəl ailəmizi dağıtmayaq” kimi cümlələr belə sevginin və nəvazişlərin keçmişdə qalmasına, xatirələrə çevrilməsinə mane olmurdu. Sonda günahı Aygünün üstündə qalan uşaq problemi ailənin dağılmasına səbəb oldu. Aygünün təhsil aldığı, uşağı olandan sonra işə girməyi planlaşdırdığı Bakı şəhərindən öz ata evinə qayıtma vaxtı yetişdi. Nifrət etdiyi və bir zamanlar öz səviyyəsindən aşağı tutduğu yerə və insanların yanına geri dönmüşdü. Öz ailə həyatının belə sonluqla bitidyinə görə onları günahkar bilirdi. Uzun müddət keçdiyinə görə kənddə əksər insanlar onunla yaşanan xatirələri unutsalar da, qayıdışı ilə acısı yenidən canlanmişdı. Bir vaxtlar qapısına gəlib “yox” cavab alan gənclərin övladlı, xoşbəxt ailələri olmasına rəğmən qadın kimi kəndə dönən Aygünü gördüklərində, içlərində sevgi görünüşlü bir qisas baş qaldırdı.
Sonuncu kursdan bəri kəndə gəlməmişdi. Evlilik həyatını xəstəxanalarda, müayinələrin cavablarını gözləməkdə keçirmişdi, bundan sonrakı həyatını isə öz mübarizəsində məğlub olmuş biri kimi qarşı çıxdığı insanların üzünə baxmaqdan çəkinərək keçirəcəkdi. Ali təhsil almağına baxmayaraq evlilikdən sonra diplomunu dolaba qoymuş, ixtisas biliklərini isə çoxdan unutmuşdu. Artıq ixtisasına görə işləmək şansı belə yox idi. İnandığı xöşbəxtliyə nail olmadığına görə özünə və ətrafdakı insanlara qarşı nifrət, valideynlərinə hörmətsizlik etdiyinə görə günahkarlıq hissi ilə yaşamaq çətin idi. Ən çətini isə saf sevgidən dolayı aldatılmaq idi. Bəzən özünə sui-qəsd etmək istəyini son anda cəsarətsizlik üstələyirdi. Ölməkdən qorxmaq və yaşaya bilməmək vardı. Nifrəti səngitmək və valideynlərinə etdiyinə görə vicdanını rahatlatmaq üçün tanrıdan bir cəza istəyirdi. Bir müddət sonra onun istədiyi oldu. Tanrının birinə göndərdiyi bədbəxtlik onun işinə yaradı.
Ocağın közlərini çubuqla bir-birindən araladı. Yanğın olmasından qorxurdu. Sonra atının başını sığallayıb üstünə mindi.Son kəs sönməkdə olan ocağa baxıb evləriinə doğru yola düşdü. Yol uzun və təkrarlanan olduğuna görə darıxdırıcı idi. Getdiyi çay yatağının hər iki tərəfi meşəli dağlar idi. Bu üzdən yaşadığı həyatı, keçmişini gözünün önünə gətirdi. Nələri isə təkrar yaşayaraq yol getmək ona daha maraqlı gəlirdi.
“Beş və yeddi yaşında analarına oxşayan iki qızı vardı. Yoldaşı onun kimi alın təri ilə pul qazanmağı bacaran insanların qayğısına qalmağı bilən biri idi. Azərın arvadı həmkəndlisi idi. Ailə qurarkən sevdiyi yox, uyğun gəldiyi adamla evlənmişdi. Məktəb illəri o da əksəriyyət kimi Aygünə aşiq olsa da, bu sevgisini biruzə vermirdi. Evləndikdən sonra yoldaşı tərəfindən göstərilən qayğı Aygünü unutdurmuş, Sevdanın aşiqi etmişdi. Uşaqları dünyaya gələndən sonra Azərlə Sevda bir-birini hər cəhətdən tamamlayan iki yarı olmuşdular. Kasıb həyat sürsələrdə pulla əldə edilməyən xoşbəxtlikləri vardı. Birlikdə olduqları müddətdə sözləri heç vaxt tərs gəlməmişdi.”
Xatirələr və Günəş çayın yatağı ilə onu aparırdı. Bir az sonra Azər atın yüyənini dartdı. Yolun kənarında budanmış hazır kötük gözünə dəyməsəydi evə ağacsız qayıdacaqdı. Kötüyü zəncirlə qoşqu formasında atın arxasından bağladı. Ata getmək üçün işarə etdi. Özü isə piyada onun yanı ilə getdi. Ata əlavə yük olmaq istəmədi. Ov və ağac kifayət qədər ağırlıq edirdi. Xeyli müddət getdikdən sonra uzaqdan qaraltının gəldiyini gördü. Qaraltı yaxınlaşdıqca atlı olduğunu, üzərindəkinin isə Mahir olduğunu sezdi. Atını dayandırdı. Mahir həm kəndçisi həmdə qonşusu idi. Sonuncu dəfə bu dağlarda Mahirlə qarşılaşmanın nə ilə nəticələndiyini xatırladı. Kənddə də hər kəs ondan qara pişikdən qorxduqları kimi qorxurdular. Yayılmışdı ki, əgər səhər tezdən sənin qarşına Mahir çıxırsa, deməli, günün uğursuz olacaq. Hadisədən əvvəl Azər belə şeylərə inanmazdı. Bilirdiki hər şey ALLAHın əlindədir, heç nə insandan asılı deyil. Lakin indi tərəddüd içində idi. Bir daha uzaqdan gələn Mahirə, sonra isə əllərinə baxdı, bəlkə atı kənara çəkib odun doğrayırmış kimi meşəyə qalxsın, Mahir keçəndən sonra isə meşədən düşər. Bu fikrinə görə Mahirdən və neçə illərin qonşuluğundan utandı . Hamı bilirdi ki, bu tərəflərdəki ata yüklənəsi odun yoxdu. Dağçılar bu tərəfdəki meşələrə qalxmırlar. Dodağının altında ərəbcə nəsə deyərək Mahirə doğru irəlilədi. Lakin bir az sonra Mahirin atını sola çəkərək meşəyə doğru sürdüyünü gördü. Atı meşənin ətəyində saxlayib yəhərdən baltanı götürərək meşəyə qalxdı. Azər özündən asılı olmayaraq sevindi. Atına səslənərək sürətini artırdı. Meşəyə tərəf baxmadan Mahirin atının dayandığı yeri ötüb keçdilər…….
Gövdəsi nazik, lakin budaqları çox olan ağacın arxasında gizlənərək Azərin uzaqlaşmasını gözləyirdi. Kənddə ona o qədər ayağın ağırdır demişdilər ki, artıq özü də inanmağa başlamışdı. Həmin gün Azərın qabağından keçdiyinə görə özünü və tanrını lənətləyirdi. Bu onun ayağına yazılan ən bədbəxt hadisə idi. Ondan asılı olsa idi, baş verənləri geri qaytarmaq üçün bütün maddi imkanlarını xərcləyərdi. Lakin zamana təsir etmədən itkiləri geri qaytarmaq mümkün deyildi. Mahir dağa gedib odun gətirməklə yanaşı həm də “qara carçılıq edib” oz dolanışığını təmin edirdi. Kənddə kim isə ölsə, onu çağırardılar. Mahir həmin gün kəndi gəzər “filankəsin yası var”- deyə car çəkərdi. Lakin Azərın hadisə zamanı həyətə girəndə qışqıraraq Mahiri lənətləməsi, hadisədən qorxan insanlarda qəti bir fikir formalaşdırdı. Mahir ağır ayağı ilə bədbəxtlik gətirir. Bu andan etibarən Mahirin ayağı ilə bağlı yarı zarafatla deyilən sözləri hər kəs tam ciddiyə almışdı. Artıq heç kəs onu evinə çağırmazdı, hər kəs ondan uzaq gəzərdi. Mahirin yeganə gəlir yeri ayagından qorxaraq arxasında gizləndiyi ağaclar idi. Azər uzaqda bir qaraltıya çevrilmişdi. Mahir gizləndiyi ağacın dibində əyləşib rahatlamış kimi bir siqaret yandırdı. Həmin görüşdə dediyi sözlər yadına düşdü
“Həqiqətən, Azərin bəxti gətirmişdi, başına o boyda hadisə gəlməsinə rəğmən bu dəfə də kəndin ən gözəl qadını ilə ailə qurdu. Yenə də məndən tez yola salınır, mən dağa getdiyimdə o artıq qayıtmış olur. Vallah paxıllığım tutur. O kəndə qayıdandan sonra ətrafın bütün ailəli ya subay oğlanları onu xəyalını qururdu. Şəhər mühütü görmüş, uşağı olmayan,. boşanmış bir qadın idi. Onunla söhbət etmək, dostu olmaq üçün hamı bir fürsət axtarırdı. Qapılarının önündə bahalı maşınlar dayanırdı. Mənim qızlıq vaxtlarında, Aygündən xoşum gəlməzdi, lakin qadın kimi məni heyran etdi. Bir neçə dəfə o qapının yanından keçmək istədim, lakin cavanlar məni “ayağın ağırdı” deyib qovdular. Onların acığına Aygün mənim qonşuluğumda idi. Səhər eyvanda siqaret çəkərkən onu həyətdə işləyərkən izləyib zövq alıram.Yəqin ki, o, Azərin yanında çox qalmaz. İnsana bənzəmir , belə gözəllik onun yanında günahdır. Bunə qədər arvadım ölsə idi, onu alardım” Son sözlərinə gülüməsdi, siqareti dabanı ilə söndürüb atının yanına düşdü.
Aygün həyətdə sonuncu paltarı ipdən asarkən fikirli halda dayanmışdı.Gözlərini qarşısındakı dağa zilləyərək fikirlərinin cavabını axtarırdı. Həyətin sonunda- aşağı hissəsində hasara bitişik şəkildə ayaqyolu, tövlə və hin ardıcıllıqla düzülmüşdü. Üst hissəsini ev tutduğuna görə bağça üçün az bir yer qalmışdı. Aygünün arxasındakı evin xeyli hissəsi yanmışdı, daşların rəngi hisdən qaralmışdı. Qara, yanmış tirlər evin damından kənara çıxmışdı. Dörd otaq və eyvandan ibarət olan evdən yalnız bir otaq qalmışdı. Nə vaxtsa istifadəyə yararlı olma ehtimalı olan yanmış dəmir və taxta materiallar sol tərəfədə hasarın dibinə yığılmışdı.Hasardan çöldə cavan uşaqlar yığışmışdı. Təzəlikcə buranı cimgə yerinə çevirmişdilər. Ev hündürdə olduğundan həyətin içi görünürdü. Amma Aygün bu cür şeylərə öyrəşmişdi. Anasıgildə olarkən məhəllədə belələrini çox izləmişdi. İnsanların heç biri onun dərdinə şərik çıxmaq isətmirdi. Düşdüyü vəziyyətdən istifadə edib, onu əyləncələrinə çevirmək istəyirdilər. Lakin bu dəfə onların istəyini gözündə qoydu. Onların əyləncəsi yox, ərli qadın oldu. Həmişəki kimi öz gücünə güvənsə də, bu dəfə kəndin qisasına cavab vermək təkcə özündən asılı deyildi. Bu üzdən bir az qorxurdu. Dörd məhəllə aşağıda anasıgilin evi görünürdü. Aygün indi nə evini, nə evdəkiləri fikirləşmirdi. Gözlərini üfüqə zilləyib Tanrıya şikayət etmək istəyirdi, lakin bura nə üçün gəldiyini xatırlayıb fikrindən daşındı. Universitet oxu, bir müddət Bakıda yaşa, sonra isə diplomunuda götür gəl dul birinə ərə get. Günün tövlə təmizləməklə keçər, at iyi gələn birilə yatmaqla bitər. Məhz vicdanı rahatlasın, etdiklərinə görə bir cəza çəksin deyə Aygün Azərə ərə gəlmişdi. Azərın onu məktəb illərindən bəri sevdiyini bilirdi. Azərın ona qarşı olan sevgisini, özünün tələbəlik illərindəki sevgisinə bənzətdi. O da qarşısındakı adamı tanımadan aşiq olmuşdu. Ani olaraq fikrindən qisas almaq keçdi. Özünə haqlı arqumentlər gətirdi. Mənimlə necə davranıblarsa, mən də elə etməliyəm. Bir müddət sonra boşanacağını qət etdi. Azərın hadisədən sonra bir daha uşağı olamaycağını bilirdi, bu üzdən ayrılandan sonra həsrətini çəkəcək, onu bura bağlayan bir səbəb olmayacaqdı. Cəzasını çəkəndən sonra Bakıya qayıdacağını, heç kimə əhəmiyyət vermədən, valideynlərindən uzaqda istədiyi həyatı, istədiyi birilə yaşayacağına qət etdi. Lakin özünə əsəbindən doğan bu fikirlər hər səhər siqarət dodağında, oğraş gözləri ilə ona baxan qonşunun dağa getdiyini gördükdə başından uzaqlaşdı. Kəndin qisasını xatırladı. Gözlərini dağlardan ayırıb həyətədki bulaqda əl- üzünü yudu. Sonra isə evə keçdi , axşama Azər üçün yemək hazırlamaq lazım idi. Bir də Azərdən həyətin ətarfındakı hasarın daha da hündürə qalxmasını istəyəcəkdi.
Azər Mahirin dayandığı yerdən uzaqlaşandan sonra həmin gün baş verənləri xatirladı.
“Mahirlə kəndin girişində rastlaşmışdı. Sübh tezdən evdən çıxandan sonra qarşısına çıxan ilk adam idi. Mahir onunla salamlaşmış zarafatla “xoşbəxt adamsan sən dağdan qayıdanda mən dağa gedirəm. Sənin yoldaşına halaldı mənimki günorta yuxudan qalxır. Paxıllığım tutur sənə” demişdi. Bu sözlərdən sonra onlar ayrılmışdılar. Kəndin içərisinə doğru girdikdən sonra uzaqda evi tərəfdə qara tüstünün qalxdığını görür. Həmin gün dağdan boş qayıtmışdı. Atına qamçı vurub sürətləndirdi. Məhəlləyə çatdıqda insanların səs küyün və şəhər tərəfədən gələn təxirəsalınmaz yardım maşınlarının səsini eşitdi. Atdan düşərək əlində vedrə ilə su daşıyan insanları itələyib həyətə keçdi. Toplaşan insanlara, ətrafına baxıb yoldaşını və uşaqlarını axtarır. Görmədikdə qarşısında duran qonşusunun sinəsindən tutub
-Uşaqlarım, yoldaşım, hardadır?
-Azər sakitləş, yanğın söndürənlər çatır artıq. Kömək edərlər.
– Nə köməyi? Evdəmi qalıblar? Qışqıraraq bu Mahirin ayağını….bu insan mənim bu gün qabağıma çıxmalı idimi?
– Yanğını görən kimi gəlmişik Azər. Uşaqlar oyanmamışdı, yoldaşın ilk əvvəl söndürməyə çalışdı , lakin sonra insanların gözündən yayınıb özünü yanan evə atdı. Lakin o girdikdən sonra evin üstünün bir hissəsi qapının önünə çökdü, bir müddət səslərini eşitdik. İndi hər kəs həmin otağı söndürməyə çalışır. Azərın sinəsindən tutaraq-səndə sakitləş, ora girmək mümkün deyil.
Azər cümlənin sonun dinləmədi. Qonşunun əlindən çıxmağa çalışdı, lakin çıxa bilmədiyini gördükdə başı ilə zərbə endirdi, sonra isə əlindən çıxaraq özünü alovun içinə atdı. Ortada yanmış üç cəsəd vardı, uşaqlar anasını qucaqlayıb birlikdə ölmüşdülər. Azər hər şeyin gec olduğunu anladı, amma geri çıxa bilməyəcəkdi. Çarəsiz halda yaxınlarının yanında əyləşdi. Tüstünün və yanğının təsirindən özündən getdi. Son dəfə alovun içindən kaskalı bir nəfərin ona tərəf gəldiyini gördü. Gözünü təkrar açdıqda bütün bədəni sarıqlı halda xəstəxanada idi.”
Əli ilə gözünün yaşını sildi. Həmin hadisədən sonra ilk ovundan gəlirdi. Sağalandan sonra bir otağı qalmış evindən nadir hallarda insanlar arasına çıxırdı. Özünün belə uyğunlaşa bilmədiyi yanmış dərisinə görə insanların çəkinəcəyini bilirdi. Lakin zaman keçdikcə qonşuların və qohumların köməyi ilə psixaloji cəhətdən özünə gəlməyə başladı. Sonralar təqaüd məsələsinidə həll etdi. Tək yaşadığından meşəyə getməyə ehtiyac qalmırdı, aldığı pul ona yetirdi. Amma indi o tək deyildi, evində gözləyən xanımı vardı. Azərın illər öncə yoldaşı ölsə də, o, illər sonra ölmüş sevgisini diriltmişdi. Qohumluqdakı qadınların dediklərinə etiraz etsə də, indi onlara təşəkkür edirdi. Onlar təkid etməsə idi evlənməyəcəkdi. Amma qohumlarının dediklərinin əksinə o, Aygünü seçmişdi. Onun qayğısını, gülüşünü göz önünə gətirib düzgün seçim etdiyini özündə təsdiqlədi. Onun əziyyətli günlər keçirtdiyini eşitmişdi, bu üzdən həmin günləri unutdurub Aygünü xoşbəxt edəcəyinə söz vermişdi. Çünki sevirdi və sevildiyinə inanırdı. Fikirli halda yolu necə gəldiyinin fərqinə varmadı. At qapının önündə dayanmışdı. Azər başını qaldırdı, evinin işiğı yanırdı, gülümsədi.