Sim-sim.az Anar Şamilin “Mavi kəpənək” hekayəsini təqdim edir.
Qulaqcığı saçlarımın arasından keçirib rahatlaşdırdıqdan sonra telefonda sevdiyim musiqini seçdim. Əynimdəki köynəyin yaxasını bağlayıb yola düşdüm. Havada aprelin martdan oğurladığı dəlilik vardı. Nəm, küləkli, lakin yumşaq və soyuq qaranlıq məni əhatəyə almışdı. Saat gecə onu keçmişdi. Küçələr işıqsız olduğundan yol boyu qaranlıq hakim idi. Bəzi evlərin eyvanında yanan işıqlar axşama sabahın olacağını xatırlatmağa çalışırdı. Yol qırağında işığı yanmayan dirəklər beyni boş insanlara bənzəyirdi. Vardılar, lakin heç kimə fayda verə bilmirdilər. Bir müddət sonra addımımı daha da sürətləndirdim. Çünki həkim daha sürətli addımlar atmağımı məsləhət görmüşdü. Yürüşdən əvvəl isə dostumla danışarkən ona axşama yaxın boş vaxt tapa bildiyimi və gəzintiyə çıxacağımı demişdim, o isə cavabında qaranlıqda cinlər insanın arxasınca gələcəyini bildirmiş və cümlənin sonunda gülüş işarəsi qoymuşdu. Təbii ki, zarafat edirdi. Lakin cin sözü qaranlığın təkidi ilə beynimdə məskunlaşmağa başlamışdı. Telefonumun işığını qoşaraq qarşıma tutudum. Yerdə səhər yağışdan qalan gölməçələr daşdan döşənmiş kənd yolunun üzərinə sərilərək yuxuya getmişdilər. Hərdən mən gözümdən qaçırıb üzərindən basar, onları oyadardım. Onlar isə qisas almaq üçün ayaqqabıma düşməyə can atırdılar. Qulaqcıqda musiqinin kifayət qədər gur olmasına rəğmən anidən ayırd edə bilmədiyim pıçıltılı, qırıq səslər eşitdim. Bob Marlinin “Dont werri happy” musiqisinin bədənimdə yaratdığı ritm zaman keçdikcə qorxunun diktəsi ilə özünü itirməyə başladı. Artıq musiqinin şuxluğunu unutmuşdum. Arxamdan gələn növbəti səsdə çevrilib baxmaq istədim, lakin cəsarət edə bilmədim və bu fikrimdən yayındım. Sonra cəsarət özüm üçün qəbul etdiyim faktla gücləndi.. “Axi niyə cin arxamda olmalıdır ki, varsa sözü kişi kimi çıxıb üzümə deyər”. Özüm üçün qurduğum cümlələri əsas gətirib çevrildim və həmin anda yoldan hasarın üzərinə atılan kölgə gördüm. Hasarda əyləşib mənə baxdı. Geriyə dönüb sürətimi artırdım. İşin ən pis tərəfi o idi ki, evə qayıdanda da , mən buradan yenidən keçməli olacam. Addımladıqca kölgənin nə olduğunu düşünürdüm. Hiss edirdim ki, küçə boyu yanımdakı divarların üzərində hərəkətlər var. Arxaya baxmaqla yanaşı, indi üzümü yana çevirməyə belə çəkinirdim. Artıq cinlərin kişiliyinə səslənən fikirlərimi unutmuşdum. Papağımı başıma örtdüm. Özümü diqqəti ətrafa yayınmasın deyə gözlərinə yandan örtük taxılan yarış atlarına bənzətdim. Həqiqətən bir yarışda idim. Zaman keçdikcə küçənin sağ və solunda yerləşən hasarlardakı hərəkət səsləri və pıçıltılar daha da güclənirdi. Musiqini tamamilə kəsdim. Sürətli getməklə olduğum mühitdən qurtula bilməyəcəyimi anladım. Addımımı yavaşlatdım, əlimlə ayağımı iki dəfə bərk sıxdım. Yuxulu olacağıma ümid edirdim, lakin bu anda yuxu özü belə qorxub gizlənmişdi. Artıq pıçıltıları daha yaxşı anlamağa başlamışdım.
-FSTSFTFS ho hissə inamıır.. ıhı ıhı ıhı… kıtafsfflar oxur, o yaradanı inkar edir….biz ona göstərək… kimik göstərək, göstərək…
“Göstərək” sözü əks-səda verirdi, sanki mənim ardımca bir ordu gəlirdi. İnanclı biri deyiləm amma dinin yox, insanlığın tələb etdiyi, vicdanımın icazə verdiyi normalar üzrə yaşayıram. Edəcəyim hərəkətin cənnət üçün keçərli olub-olmaması məni maraqlandırmır. Ümumən anlamıram…İnsan görünən, bilinən, sübut edilən ən ali varlıqdır. İnsanlıq isə onun davranış qaydaları toplusudur. İnsanlar insanlıqdan uzaqlaşıb xəyallarında qurduqları, özlərindən uca tutduqları Tanrının qanunlarına sığınıblar. Yaxşı və pis bütün çalarları ilə sənin içindədir. Vicdan deyə bir mexanizmlə pisi və yaxşını ayırd edə bildiyi təqdirdə insan özündən niyə uzaqlaşır?.. və görəsən bütün bu fikirlərimlə mən haqsızammı? Mən yuxuda deyiləm və ardımca düşən, üzləri görünməyən kölgələr mənim necə biri olduğumu, bilirlər.. Yəni Tanrı varmı və onları Tanrı göndəribmi? Tanrı yaratdığı zəif varlığın üzərinə günəşli, gözəl bir gündə ağ paltar geyinən xoş görünüşlü bir qadın da göndərə bilərdi… Niyə axı bunlar. Addımımı dayandırdım. Tanrı göndəribsə deməli pis heç nə baş verməyəcək kimi fikirləşib, baxış acımı inkar etdiyim paralelə keçirdim. Artıq qorxunun üzünə baxmaq vaxtıdır deyə düşündüm. Üzünə baxa bilmədiyiniz heç kimə və heç nəyə qalib gələ bilməzsiniz. Yenidən geriyə çevrildim. Çevrildikdən sonra gözlərimi açdım, (gözlərimi yummuşdum, yuxu olmağına ümidim vardı) artıq geriyə yol bağlanmışdı. Yolun ortasında başında işıq sallanan qara çadır vardı. Mənə 1 il əvvəl anamın dəfni zamanı cəsədi yumaq üçün qurulmuş çadrı xatırlatdı. Əllərim biixtiyar əsməyə başladı. Ayaqlarım yerində donmuşdu, onları hiss etmirdim. Beynimdə durmadan geri dönüb qaçmaq əmri formalaşırdı. Lakin bu əmr ayaqlarıma gəlib çatmırdı. Bir anda çadırın parçası qalxdı. Üzərində qara don olan və sifəti qara torla örtülü bir qadın əlində ağ gəlin donu ilə çadırdan çıxdı. Başını qaldırıb mənə baxdı. Sonra isə ağ donu çadırın çölündən asıb geri qayıtdı. Bədənimdə ancaq ürək döyüntülərimi hiss edirdim. Ürəyim vurnuxaraq sanki, gizlənməyə yer axtarırdı. Titrəyən əllərimi yumruq halında sıxdım. Özümü toparlayıb bərk qışqırmaq istədim amma, səsim çölə çıxmağa çəkinirdi. Gözüm isə ağ donda idi. Don küləyin təsiri ilə yellənirdi. Lakin bir anlıq çadırdan, asıldığı yerdən düşdü. İçində adam varmış kimi mənə doğru gəldi. O yaxınlaşdıqca qorxudan inancımı itirdim. Yaslarda böyüklərdən eşitdiyim, ərəb dilində olan bütün sözləri təkrarlamağa başladım. Sözlərin donu geri qaytaracağına inanırdım. Lakin don artıq qarşımda dayanmışdı.
Gözümü açdıqda ilk gödüyüm ağ rəngli tavan idi. Yatağımdan qalxaraq yerimdə oturdum. Gözlərimdə yaş vardı, əllərim isə bərk tərləmişdi. Ürəyim yuxudakı kimi qəfəsimin içində hey çırpınırdı. Ətrafıma göz gəzdirdim. Öz evimdə idim, hər şey yatarkən qoyduğum kimi idi. Stolun başına asdığım paltarlarım, musiqi dinləyərək uyuduğum telefon sönməmiş və “o yar gəlir” mahnısı səslənirdi. Axşamüstü oxuyub sona çatdıra bildiyim, yaşıl üzlü Qurani-Kərim kitabı yan masanın üzərində idi. Ətrafa baxdıqdan sonra yenidən nənəmin mənə yadigar buraxdığı vərdişə qayıtdım. Kitabı öpüb yerinə qoydum. Əvvəllər Tövratı və İncili oxumuşdum, lakin belə qarabasma görməmişdim. Görəsən bu gün gördüklərimin bu kitabla bağlılığı varmı? Bu düşüncələrimi kənara qoymaq qərarına gəldim, əlimi atıb telefonumu götürdüm. Saat 03:14-ü göstərirdi. Saatın oyanış musiqisi üçün 3 saat qalmışdı. Amma yenidən yuxuya getməyə cəsarətim yox idi. Gecə işığını yandırıb bir müddət əvvəl yatarkən oxumaq üçün qoyduğum kitabı götürdüm. Bu yeni aldığım “Üçlü bir həyat” kitabı idi. Kitabı açdıqda ilk romanın adının “O Mən və tanrı “olduğunun bu gün üçün uyğun olmamasına rəğmən oxumağa başladım. Başqa kitab üçün ayağa qalxmağa halım yox idi. Ayaqlarım sanki uzun bir gəzintidə olmuşdu. Çox yorulmuşdular. Əlimdəki kitabın vərəqini bitirib hər dəfə növbəti vərəqini çevirdikdə əlimin artıq quruduğunu hiss etdim. Qaranlıq küçənin təsiri yekunlaşırdı. Və qaranlıqda səhər açılmaq üzrə idi. Yeməyimi yeyib işə getmək lazım idi. Yeməyi yeyənə qədər isə onu hazırlamaq lazım idi. Atam və anam 1 il fərqilə rəhmətə getdikdən sonra yataqdan qalxıb işə gedənə qədər görüləsi işlərin hamısının tək müəllifi özüməm. Təbii ki, bu illər ərzində elə anamın sağlığında belə digər yaşıdlarım kimi ailə qura bilərdim, lakin mən ruhumun sevgi tərəfinə xəyanət edə bilmədim.
Artıq yumurtanın sarısını və ağını yumurtadan azadlığa, tavanın üzərinə buraxmışdım. Azad olduqlarını zənn edən digərləri kimi xəbərləri olmadan tavanın içində yeyilməli hala gəlirdilər. Üzümü qırxıb yeməyi yekunlaşdırdım. Əynimi geyinib yola düşdüm. Əslində sırf iş görmək anlamında hər gün işim olmur, amma evdə oturmağı xoşlamıram və uzun müddət fasiləsiz hər gün işə gedirəm. Piyada gəzərək bir müddət sonra qara paslı dəmir qapıya yaxınlaşdım. Bu gün qapının paslarını təmizləyib rəngləməyi planlaşdırmışam. İçəri keçib alətlərimin dalınca sahənin ortasında qurduğum komaya yaxınlaşdım. İş vaxtı bu komada dincəlir, yeməyimi yeyir, yağışdan və qızmar günəşdən qorunuram. Komaya doğru getdikcə uzanan insanlara baxır, hər biri ilə salamlaşır, hal-əhvallarını soruşur sonra işə başlayıram. Onlarla xoş ünsiyyətimin olmasına rəğmən bir dəfə də olsun qarşılıq verməyiblər. Elə tərpənmədən dayanırlar. Fırça və mavi rəngli boya qutusunu götürüb geri döndüm. Mavi anamın sevdiyi rəng idi. O da uzandığı yerdən qapını görə bilirdi. Amma mavi rənglə işləməyə səbəb təkcə anam idimi? Özümü aldatmış olsam bəlkə də elə idi. Lakin insanın bilərək inandığı tək yalan özünə danışdığı yalandı. İnandığım yalan isə onunla bağlı hər şeyi unutduğum əminliyim idi. Mavi rəngin onun sevdiyi rəng olduğunu, onunla eyni küçədən tapıldığımızı, yetim evindəki tanışlığımız, fərqli təbəqələr tərəfindən övladlığa götürüldüyümüzü xatırlamıram. Mənim onunla sevgim yaşıl otun üzərində uzanıb səmanı izləməyə bənzəyirdi. Torpaqda uzanıb göyü xatırlamaq kimi. Səma gözlü o kəsin mənimlə bağlı ilk əvvəllər sözləri belə olmuşdu. “Mən səni yalnız sevə bilərəm. Səninlə ailə qura bilmərəm. Sevilmək üçün hər şeyə maliksən, lakin bir ər olaraq heç nəyin yoxdu. Atanın peşəsinin davamçısısan sadəcə. Məni bağışla.”
Kitab oxumağı xoşlayan, ali təhsili olmayan, incəliyi və inciləri sevən fiziki cəhətdən kobud biriyəm. Ruhum zərif olduğu qədər əllərim qabarlı və kobud idi. Bəli atamın peşəsini davam etdirirdim. Sevərək əllərimlə torpaqda dəlik açardım. Canlı olan hər kəsin son məzilinin ustası mən idim. Qəbir qazan Asimin oğlu deyirdilər mənə. Qəbir qazmaqdan daha çox mən sahəni təmizləməyi sevərdim. Mənim ərazimdə hər qəbirin ətrafının kolları təmizlənir, güllər əkilərdi. Bu üzdən yay gəldikdə bu ərazilər gül həvəskarı kəpənək və digər böcəklərlə dolu olur. Əyləşib ətrafımdakı təbiəti bir müddət seyr etdikdən sonra qapını rəngləməli olduğumu xatırladım. Fırçanı boyaya batırıb dəmirin paslı rəngini yaralayaraq sonuna çıxmağa çalışırdım. Fırçanı növbəti dəfə çəkdiyimdə gözlərimin önündə görməyini istədiyim, lakin görə bilməyəcəyimə əmin olduğum bir mənzərə canlandı. Dəmir qapının üzərinə mavi rəngli kəpənək qonmuşdu. Qanadlarını yelləyərək bir müddət dayandı. Sonra isə giriş yoluna yaxın olan, lakin boş qalan ərazidə otun üzərinə qondu. Gözlərimlə onu izlədim. Otun üzərində yelləndikdən sonra ani olaraq yerə düşdü. Gözlədim, bələkə qanadlanıb yenidən göyə qalxacaq, lakin dəyişiklik yox idi. Ayağa qalxaraq ora çatdıqda gün şüasının altında uzanan ilan məni görüb torpaqda olan dəliyə girdi. Mən isə kəpənəyi götürüb komaya doğru getdim. Kəpənəyi günəşin altında qurutduqdan sonra, rastlaşdığım böcəklərin kolleksiyasını yığdığım kitabın arasına qoyacaqdım. Kəpənəyi pəncərənin önünə qoyaraq üzərinə tor sərdim. Sonra isə geri qayıtdım. Kəpənəyin düşdüyü yerdə çoxlu insanın toplaşdığını gördüm. İnsanların əksəriyyətinin siması tanış gəlirdi. Daha dəqiq əksəriyyəti Səmanın qohumları idi. Mənim mavi sevgimin. Amma niyə qəbiristanlıqda, niyə məhz kəpənəyin olduğu yerdə? Sürətlə yaxınlaşdım. Ərafda Səmanın valideynlərindən başqa qohumlarından hamı vardı. Lakin mənim yaxın ünsiyyətdə olduğum Səmanın rəfiqəsi olan Leyla idi. O ağlayaraq mənə yaxınlaşdı.
-Elnar, Səma öldü, Elnar o yoxdu artıq.
Bayaq kəpənəyin düşdüyü yerdə böyük bir dəlik vardı. Ağ parçaya bürünmüş Səmanı torpaq üçün qurban verirdilər. Özümdən asılı olmayaraq cəld yaxınlaşıb cəsədin başından tutan adamı itələdim. Cansız bədəni sinəmə sıxıb son dəfə o xatirələrin qoxusunu içimə çəkmək istədim. Lakin Səmanın qoxusu gəlmirdi artıq. Cəsədin ayaq hissəsindən tutan digər adamla birgə onu qəbirə saldım. Qəbrin içində cəsədi mollanın dediyi kimi düzəldirdim, lakin bir anda ayağımda sancma və ağrı hiss etdim. Ətrafımdakılar ilan deyə qışqıraraq həmin istiqamətdə bel vurdular. Çevrildikdə bayaqkı ilanın ölüm qabağı qıvırıldığını gördüm. Beli alıb mən də vurmaq istədim lakin ani olaraq özümü pis hiss etdim, ayaq üstə dura bilməyib qəbirin içinə çökdüm.
Gözümü açdıqda heçnə görmədim, çünki hər yer qaranlıq idi. Ətrafın qaranlıq olduqda gözünü açmağın bir əhəmiyyəti qalmır. Əllərimlə bədənimə toxundum, bu qara boşluğun içində ən azı öz varlığımı hiss etmək istəyirdim. Sonra isə əllərimi ətrafa sallayaraq nəyə isə toxunacağımı arzu edir, lakin o qədər də qorxurdum. Niyə burada olduğumu anlamırdım. Görəsən Elnar hardadı niyə məni tək qoyub. Axı biz ailə qurarkən daim mənimlə olacağını, məni tərk etməyəcəyini demişdi. Bəlkə məni bilərəkdən tək qoyub. Axı onu mən məcbur etmişdim ki, atasının peşəsini atıb mənim atamın şirkətinə işə düzəlsin. Təbii ki bunlar hamısı fərziyələr idi. Həqiqət isə qaranlıq idi, görünmürdü. Lakin ani olaraq su damlasına bənzər bir işıq közərtisi gördüm. Sonra işıq asta-asta otağı öz əhatəsinə aldı, gözümü yumdum, sanki harda olduğumu və nələrlə əhatə oldunduğumu bilmək və görmək istəmirdim. Mən niyə buradayam, yuxudayam, oyağam, sanki böyük bir müəmmanın içində idim. Səssizlik pıçıltılara yaxınlaşırdı. Zaman keçdikcə pıçıltılar səslərlə əvəz olundu.
“Tez elə çöldə bizi gözləyirlər. O gözlərini açmasa, bizi görməsə dediklərimizi anlamayacaq.
-biz ona heç nə anlatmayacağıq, işimizi görüb yuxuya geri qaytarasıyıq”
Daxilimdə qorxuya rəqib peyda olunmuşdu. Maraq, demək olar ki, qorxunu məğlub etmişdi. Gözlərimi açdım. Qara donlu, üzündə qara tor olan, lakin arxadan saçları donun üzərinə sallanan qadın neft lampasının yanında dayanmışdı, digəri isə içində olduğum qara çadırın çölə çıxmaq üçün istifadə olunan dəliyin pərdəsini çəkirdi. İşini bitirib mənə doğru döndü. Asta-asta mənə yaxınlaşaraq əynimdəki paltarı çıxarmaq istədi. Paltar sözünü eşitdikdən sonra üzərimdəki geyimə baxdım, bu vaxta qədər gəlinlik paltarında olduğumu hiss etməmişdim. Özümdən asılı olamyaraq əllərimi çarpazlaşdırıb sinəmə sıxdım. Çıxartmayacağımı dedim, ağlayaraq məni buraxmaqlarını xahiş etdim. Lakin onlar ya məni dinləmirdilər, ya da eşitmirdilər. Bayaqkı qadın tam qarşımda dayanaraq gözlərimə baxdı və dedi ”bir gün bütün insanlar Tanrı tərəfindən hədiyyə edilən geyimləri çıxararaq sənin kimi çılpaq qalacaq, sən nə birincisən, nə də sonuncu. Səssiz tabe ol”. Son cümləsini dedikdən sonra əli ilə çiynimə toxundu.Toxunuşdan sonra yuxuya getdiyimi hiss etdim.
Hər ikisi birdən oyandı. Dörd gözün hər birində qorxu var idi. Mavi rəngə üstünlük verilərək bəzədilən otaq sahibinin imkanlı olduğunu hiss elətdirirdi. Otaqda cəmi iki pəncərə vardı, qapı isə tavanda idi. Yuxarıdan yerə baxan iki qapı hansısa ultra modern dizaynerin yaradıcı məhsulu idi. Pəncərədən çölə çox gözəl mənzərə var idi. Günəş göy çəmənlik və güllərin hər birinə toxunaraq pəncərəyə doğru gəlirdi. Uzaqda yarısı qara, yarısı isə mavi rənglə boyanmış qapıdan keçən iki uşaq əl-ələ tutaraq hərəkət edirdilər. Pəncərələr bağlı olduğundan çöldə nə olursa olsun içəridə heçnə eşidilmirdi. Lakin bəzi hallarda çöldən ərəb dilində sözlər eşidilirdi.
Ayılan iki gənc biri-birilərinə diqqətlə baxıb ayağa qalxdılar. Oğlan kitab rəfinə yaxınlaşaraq qırmızı üzlü kitabı açdı. Sonuncu səhifədə qurudulmuş şəkildə səhifəyə yapışıdırılmış mavi qanadlı kəpənəyə baxıb gülümsədi. Dodaq altında qadın eşitməyəcək səslə “qəbir qazan Asimin oğlu”-mən o mərhələni çoxdan atlamışam, şirkət sahibiyəm artıq. Bu anda qadın da kişi ilə eyni hissləri yaşayırdı. Qarşısında asılan gəlinlik donunu görüb sevindi. Sonra bir-birilərinə yaxınılaşıb qucaqlaşdılar. Qəlblərindəki sevinc hissini sanki isti bir dənizdə üzmək üçün sərbəst buraxmışdılar. Burada kədər, sevinc, sevgi, dostluq, ər və arvad obrazları bir sintezdə birləşib Rene Maqrittin fırçaları üzərində gəzirdilər. Bu anda ikisinin arasında sevgidən daha müqəddəs bir hiss peyda olmuşdu. Yəqin ki, kvant sevgi deyirlər buna izahı və sınağı mümkün deyil. Bilinməyən bir paraleldə mövcudluğu var.
Oğlan xanımın saçını yuxarı çəkərək, pıçıltı ilə – bu yuxular bizdən əl çəkmir. Nə vaxt bu kəndə yay tətilinə gəlirik, yuxu bizim qarşımıza çıxır. Sanki böyüdüyümüz kənd bizdən ondan uzaqlaşdığımıza görə qisas alır. Bəlkə gələn yay tətilinə qədər başqa kənddə ev alıb tətili orada keçirək?
Qadın yoldaşına daha da, bərk sıxılaraq- Mümkün deyil. Heç kim və heç nə bir şeyin əvvəlini və sonunu dəyişə bilməz.
-Mən fəlsəfədən anlamam, yaxşısı mənə (qulağını xəfifcə dişləyərək) və özünə kofe gətir. Pəncərəyə bax gör nə gözəl mənzərə var.
-Yaxşı (gülümsəyərək), sən stolları pəncərənin önünə qoy gəlirəm.
Kofe gəldikdə hər ikisi pəncərənin önündə əyləşib mənzərəyə baxdılar. Kofeni içdikdən sonra fincanları yerə qoyub, bir-birinin əlindən tutub bərk sıxıdılar. Bayaq qapının yanından hərəkətləri görünən iki uşaq artıq pəncərəyə yaxınlaşırdılar. Lakin bu vaxtı Səma və Elnar bir-birinin əlindən tutaraq elə stolda yuxuya getmişdilər.
Hər yay tətilində nənələri ilə birgə paytaxdan gələn iki uşaq kəndə gəldikləri günün sabahı həmişə qarşısında durduqları qəbirləri ziyarət edərdilər. Səma və Elnar yazılan başdaşıları önündə dayanaraq, xatirələrini və həyatlarındakı yeni hadisələri bölüşərdilər. Xatirələrində daha çox o günü anırdılar. Görmədikləri lakin nənələrinin danışdığını onlar da qəbir önündə danışırdılar. Nənəsi valideynlərinin tətil üçün kənddə gedərkən avtomobil qəzasında öldüyünü demişdi. Balaca olduqları üçün onları tətilə götürməmişdilər. Qəbir önündə dayanarkən əksəriyyət kimi ərəbcə danışmağı bacarmırdılar. Sadəcə valideynləri sağmış kimi dərdləşib sonda isə soyuq daşları qucaqlayıb uzaqlaşırdılar.
İşıq təkcə dəhlizdə yanırdı. Otaqların qapısı açıq, işıqları isə söndürülmüşdü. Dəhlizdən gələn parıltı otaqları qaranlıqdan uzaqlaşdırmağa çalışırdı. Dəhlizin sağ tərəfindəki otaqlarda qızlar, sol tərəfində isə oğlanlar qalırdı. Artıq 35 il idi ki, Simnaz xanım şəhər mərkəzindən kənarda yerləşən uşaq evində işləyirdi. Bu gün gecə növbəsində uzun dəhlizə sığışmağa çalışan işıği öz xəyalları fonunda izləyərkən qarşı-qarşıya olan otaqlardan iki uşağın ona doğru qaçdığını görür. Oturduğu yerdən qalxıb onlara doğru gedir. Çatdıqda uşaqların suya qərq olduqlarını görür. Qorxudan için-için ağlayan uşaqların əlləri əsirdi. Valideynləri tərəfindən eyni kəndin ərazisində küçəyə atılan uşaqlar yoldan keçən insanlar tərəfindən təsadüfən tapılaraq yetim evinə təhvil verilmişdi. Buranın 6 yaşlı sakinləri Səma ilə Elnar əvvəllər də belə formada yuxudan oyanaraq dəhlizə qaçıblar. Fasilələrlə uşaqlar eyni yuxunu görüb qorxu içində oyanırlar. Onlar Simnaz xalanı qucaqlayıb yenidən adları yazılan həmin iki qəbri və naməlum iki uşağın o qəbri qucaqladıqlarını gödüklərini dedilər. Simnaz uşaqları sinəsinə sıxıb başlarını sığallayır.
-Qorxmayın son və əvvəl dəyişməz qalır. -Olacağından artıq heç nə olmayacaq sizə.
P.S. Bir müddət sonra hər iki uşaq tapıldıqları kəndin sakinləri tərəfindən övladlığa götürüldülər