Sim-sim.az Anar Şamilin “Miqrant” hekayəsini təqdim edir.
Ağ rəngli boşluğun içində çılpaq, orta yaşlı bir kişi qarşısında dayanan şəffaf enerji toplusuna heyrətlə baxırdı. Genişlənmiş göz bəbəkləri onun qorxu içində olduğunu hiss etdirirdi. Niyə burada olduğunu anlamırdı, bir müddət əvvəli xatırlamağa çalışdı, lakin yadına sala bildiyi ən son səhnədə onu təcili yardım maşınında aparırdılar. Gördüklərini anlamaqda çətinlik çəkən insan ətrafına yenidən göz gəzdirdi. Simmetriya xətləri və sonluğu olmayan mühitdə ilk öncə qaçmağı, lakin məkansızlıqdan çıxışın olmadığını anlayınca qarşısındakı varlığı öldürməyi düşündü,amma varlıq həm var idi, həm yox. Barmaqlarını ovucunun içinə sıxaraq zərbə vurdu. Yumruq boşluğu süzülərək yenidən özünə qayıtdı.
-Zübeyir, sakit ol sən keçid məkanındasan
Səsin hardan gəldiyini anlamırdı . Sanki səs onun bədənindən gəlirdi. Qarşısındakı varlığında halında bir dəyişiklik yox idi. Varlığa diqqətlə baxıb ağız boşluğu axtardı.Təsəvvürünə gətirdiyi görüntüyə görə ilk dəfə gülümsədi. Sonra isə varlığa əli ilə işarə edərək
– Sən kimsən, ya da nəsən? Sən səssiz necə danışa bilirsən?
– Mən hər şeyin başlanğıcıyam.
– Sən tanrısan?
– Mən yaradanam.
– Deməli hər şeyə səbəbkar sənsən?
Cümlə tamamlandıqdan sonra qaranlıq çökdü. Ətrafındakı ağ rəng yox oldu, Zübeyirin bu ana qədər görmədiyi bir qaranlıq çökdü, xatırladığı bütün gecələri sanki üst-üstə yığmışdılar. Elə bil əlləri ilə qaranlığı hiss edirdi. Səssizlik, məkansızlıq, qaranlıq və tənhalıq onun içindəki qorxunu çölə atmışdı. Əlləri əsməyə başladı, sakitləşdirmək üçün əllərini bir-birinə sıxdı. Həbsdən qaçan ömürlük məhkumlar kimi tər damcıları üzündən süzülərək qaranlıqda yox olurdu. Öz qaranlığının daha təhlükəsiz olduğunu düşünür, öz bədənində gizlənmək istəyirdi. Gözünü qırparaq qaranlığa qalib gəlməyə çalışdı. Yuxuya getdiyini hiss etdi. Oyanmaq istədi, lakin bacarmadı.
Gözlərini açdıqda ətrafında hər kəs bir istiqamətdə qaçırdı. Ətrafında onun kimi yerdə uzanan insanlar çox idi, lakin onlar tərpənmirdi. Hər kəsin üzərində qan izi var idi. Yanındakı əsgərlər kimi silahını götürərək hamının qaçdığı istiqamətə qaçmağa başladı. Bir müddət sonra o da Allahu Əkbər qışqıraraq hamı kimi özünü cuşa gətirirdi. Beynində formalaşan “niyə mən burdayam” sualı hisslərə dəyərək geri qayıdırdı. Hara qaçdığını, nə üçün qaçdığını bilmirdi. Yəqin bizim düşmənimiz var,onlar bizə hücüm ediblər, biz vətənimizi qorumaq üçün onları öldürməyə gedirik. Bu düşüncələr formalaşdıqca yerdə rənglərin dəyişdiyini hiss etdi. Yerdə öldürülmüş əsgərlərin üzərindən tapdalayaraq irəliləyirdi. Anidən biri onun ayağını möhkəm qucaqlayaraq saxladı.
– Tanrı xətrinə yardım et, mən ölmək istəmirəm…..
Sözünü tamamlamağa imkan verməmiş Zübeyir silahından atəş açaraq yoluna davam etdi. Bir müddət sonra güclü atışma baş verdi. Atışmadan qalib çıxan Zübeyir və onunla birgə qaçanlar artıq düşmən səngərində idi. Səngərdə möhkəmlənmə işləri aparırdılar. Onunla birgə döyüşən əsgərlərin heç birini tanımırdı. Lakin ətrafındakı əsgərlər ona gülümsəyir, onun əhvalını soruşurdular. Bir müddət sonra yemək fasiləsi elan edildi. Əsgərlərin bir hissəsi işini davam etdirərkən,bir hissəsi yemək üçün elə torpaqda əyləşdilər. Onların ardınca gələn yemək qazanını top təkərlərinin üstündə daşıyan əsgərlər hər kəsə dəmir qabda yemək payladılar. Zübeyir yeməyi götürərkən birdən əli əsdi. Torpaq onun əlindən aldığı sulu yeməyi acgözlüklə yox etdi. Yeməkdən sadəcə boş qab qalmışdı. Qabını uzadaraq yenidən yemək istəsə də, yox cavabı aldı. Zübeyir səssizcə belini torpağa söykəyərək gözünü göyə zillədi. Ağ və qaranlığı xatırladı. Özünə verəcək çoxlu sualları vardı. Niyə burda idi. Müharibədən əvvəl ya gördüyü yuxudan əvvəl kimi idi. Heçnə xatırlamırdı. Sadəcə yuxuda səslənən adını bilirdi. Hansı ailədə dünyaya gəlmişdi. Öz ailəsi və ya onu da müharibədən gözləyən biri var idimi. Hansı ölkə üçün savaşdığını belə bilmirdi. Gülümsədi . Ətrafındakı insanların qolundakı rəngli parçaya baxdı, lakin hansı ölkəyə məxsus olduğunu anlamadı. Bu vaxt səngərin sonundan uzun boylu biri ayağa qalxaraq ona doğru gəldi. Bədən cüssəsi vahiməli idi. Qara saqqalı onun görünüşünə xüsusi qorxu qatırdı. Zübeyirə yaxınlaşdıqda əlindəki çörəyi və qabda qalmış supu ona uzatdı. Zübeyir diqqətlə ona baxdı . Əlini tərpədərək yeməyi götürməyinə işarə etdi. Vicdan və aclıq arasında qalmışdı. Yeməyi götürsə onun payına şərik olmuş olurdu. Həm cüssəsindən onun yeməyə daha çox ehtiyac duyduğu hiss olunurdu. Lakin aclıq qalib gəldi. Yeməyi götürüb təşəkkürünü bildirdi. Şəxs heçnə demədən səssizcə yerinə qayıtdı. Yanında əyləşən onun çiyninə vuraraq.
– Haçan dost olmağı bacardın onunla?. Halaldı sənə, bölüyün ən güclü adamıdır. Sənin xətrinə heç kim dəyməyəcək. Zabitlər belə çəkinir ondan.
– Mən onu birinci dəfə görürəm.
– Bilirsən ləqəbi nədir onun, hə? Ona hamı dilsiz deyir.
– Az danışır deyə?
Yox ey, o,ümumiyyətlə laldı, danışa bilmir, amma ləqəbi ona görə verməyiblər. Kəşfiyyata gedərkən qarşısına çıxan düşmən əsgərlərinin canlı-canlı dillərini kəsərək onları bölüyə gətirər, sonra isə itlərinə yedizdirərdi.
Zübeyir biixtiyar dilini yanağına və dodaqlarına sürtdü, sanki ağzında olduğunu hiss etmək istəyirdi. Belə bir vəziyyətdə son tikəsini bölüşən bir insan niyə belə qəddarlıq edir sualına cavab tapa bilmədi. Beynində formalaşan digər suala isə cavab tapmaq üçün yanındakılarla ünsiyyəti fürsət bildi.
– Müharibə olmasa, daha yaxşı olardı məncə , indi evimizdə oturmuşduq, rahatca yeməyimizi yeyirdik.
– Nə danışırsan sən . Rahat yeməyini necə yeyə bilərsən. Şərəfsiz xristianlar dinimizi təhqir etdilər, Quranı yandırdılar,məscidlərimizə hücum etdilər. Qadınların hicabıni başlarından çıxartdılar. Buna, nə qədər dözmək olardı? Yaxşı ki, bizim baş bilənlər fətva verdilər və böyük ordu topladılar. O xaçpərəstləri kimi məğlub edəsiyik. Allah bizim tərəfimizdədir.
Bu sözlər Zübeyirə əsgərlikdə olduğu vaxtlarını xatırlatdı.Əks səngərdə oturub Allahu Əkbər deyənlərə qarşı vuruşur, eyni sözləri deyirdilər. Müqəddəs İsa bizimlədir. Xatırladıqca gülümsədi,amma hansı ölkənin tərəfində olduğunu və hansı tərəfə qarşı vuruşduğunu və ya əsgərlikdən digər səhnələri çalışsa da, xatırlaya bilmədi. Lakin artıq anlamışdı ki, hər səngərin öz tanrısı olur. Sanki Tanrı hər kütləyə fərqli vaxtlarda fərqli günlərdə görünür,sonra isə onların arasına fərqli insanlar göndərib bir neçə cəbhəyə böldükdən sonra kənardan əyləncəli mənzərəni izləyir..
Fikrini yekunlaşdırıb yanındakı yoldaşına cavab vermək istəyirdi,lakin eşidilən partlayış səsi Zübeyirin xatırladığı son hadisə oldu.
Qağayıların dalğalarla qarışmış səsləri və gözlərinə düşməkdə olan günəş şüaları onu yuxudan oyatdı. Çevrilərək gözlərini günəşdən gizlətmək və bir az daha yatmaq istədi. Lakin çevrilərkən bədəni boşluğa düşdü,özünü saxlaya bilməyib asfalta yıxıldı. Dünən gecə içdiyi tekilanın təsirindən dəniz sahilindəki oturacaqların birində yatdığını unutmuşdu. Ayılanda yenidən eyni təəccüblə ətrafına baxdı .Qan yox idi, səngərdə deyildi. Qarşısında gözəl mənzərəli dənizin görüntüsünü kəsən yaşlı kişi vardı. Ağsaqqal bir müddət ona baxdı, sonra başını bulayaraq yoluna davam etdi. Ayağa qalxdıqda gözü şüşələrə sataşdı,onları yığıb zibil qabına atdıqdan sonra yenidən oturacağa əyləşdi. Ətrafına bir daha baxdı. Müxtəlif növ ağaclarla bəzədilmiş bir dəniz sahilində idi. Mənzərədən yaranmış sükutu pozan tək şey yaxından keçən maşınlar idi. Səhər tezdən olmasına rəğmən maşınların sıxlığı hiss edilirdi. Yoldan kənarda isə yanındakı binalardan fərqlənən, daha çox qədim qalaları xatırladan bir bina vardı. Zübeyir binaya diqqətlə baxıb nə olduğunu anlamağa çalışdı. Əvvəllər belə görünüşlü bina gördüyünü xatırlamadı. Ətrafına göz gəzdirdikdən sonra öz əyninə baxdı. Əvvəlki yuxudan fərqli olaraq qara pencək və şalvarda idi. Boynundakı yaşıl rəngli qalstuk ağ rəngli köynəklə gözəl uyuşurdu. Kənardan gələn səs onu fikirlərindən ayırdı. Ruslan -deyərək səslənən cavan oğlan ona doğru gəlirdi. Zübeyir gözünü kənara çəkdi. Tanımadığı insanın diqqətini çəkmək istəmirdi. Şəxs onun yanına çataraq Gülnar mənə zəng etmişdi,- dedi,- o şərəfsizi tap, məni təcili yardımla həkimə aparırlar. Əlini Zübeyirin çiyninə vuraraq: “ata olursan, deyəsən.” Amma səni anlaya bilmirəm sən necə o qadını hamilə ola-ola evdə tək qoyursan hələ üstəlik gecələr. Yaxşı ki sənin burda olduğundan xəbərim var.
Zübeyir çaşqınlıq içində idi,ona Ruslan deyə müraciət edən olmamışdı.
– Siz məni bəlkə kiminləsə səhv salırsız. Gülnar kimdi?
Məzələnirsən mənimlə, iki ildi evlisiniz. Qaqanda sağdışın idi toyda.
Bəs sən kimsən?
İmran: “ o qədər içmisən ki, dostunu tanımırsan. Ə biz bir yerdə böyümüşük . İndi zarafatın vaxtı deyil.
Zübeyir daxilində heç nə hiss etmirdi. Nə atalıq sevinci, nə də Gülnara qarşı bir sevgi vardı,. Dəli kimi olmuşdu, bir həyat yaşadığını anlayırdı. Amma kimi və necə yaşadığını bilmirdi. İlk xatırladığı məkansızlıq sonra müharibə indi də bu. Zübeyir kimdi, Ruslan kimdi, və hərdən bəzi anlarını xatırladığı həyat kimindi.
– Dur gedək
Zübeyir səssizcə riayət etdi. Ayağa qalxaraq yolun kənarında dayandılar, sifariş etdikləri taksi gəldikdə əyləşdilər. Yol gedərkən İmran qabaq oturacaqdan geri çevrilərək mənim qaqam ata olacaq, yadındadır anan rəhmətlik çox istəyirdi sənin birinci oğlun olsun. Adını isə atanın adını qoyarsan demişdi.
Zübeyir təəccübdən başqa heçnə ifadə etməyən gözləri ilə İmrana baxırdı.
– Nə tez unutdun, üç il əvvəl olub. Mənim yadımdadı hər şey . Biz işdən qayıdarkən sizə getmişdik. Demişdin anam sevimli yeməyimizi bişirib. Gəncə dovğası. Gülnarı da o sənə tapmışdı. Amma sən ananla razılaşmırdın, düzdü özünə demədin, bu barədə mənə demişdin .
– Nə ilə razılaşmırdım.?
– Nə içmisən sən bu gün.
– Bilmirəm… Tez ol, danış.
Zübeyirin səsində qışqırıq vardı. Çarəsizlik və haray…
İmran çəkindi, sanki qarşısındakı köhnə dostu deyildi, onu bu vəziyyətdə heç vaxt görməmişdi.
– Heç nə, sən Gülnarı sevmirdin. Oğluna isə atanın adını vermək istəmirdin.
– Gülnarı niyə sevmirdim?
– Sən Zümrüdü də unutmusansa, sənə sözüm yoxdu. Sonda o Pullu Nadirin oğlu ilə ailə qurdu.
Atamın adını niyə istəmirdim?
– Onu təklikdə danışarıq.
– Danışşşşşşşş…
– Atan şərəfsiz olub . Nə sənə,nə də anana hörmətlə yanaşıb. Hər gün içkili gəlib sizi döyürdü. Bir neçə dəfə atam sizə gəlib ananı onun əlindən alıb. Axırda da içkidən zəhərlənib öldü, biz səkkizinci sinifdə oxuyurdıq.
– Zümrüdə nə olub dedin bayaq?
-Heçnə onu dəlicəsinə sevmənə rəğmən Zümrüd elə ilk elçilikdə başqa birisi ilə evlənməyə razılıq verdi. Hətta ananla dalaşmışdın ona görə . Zümrüdün yerinə Gülnarı sənə rəva bildiyinə görə. Amma sonunda görünən o oldu ki, anan haqlı çıxdı. Sən içkini burax,məncə, bax, uşağında dünyaya gələcək . Atana oxşama, uşağında səndən nifrət eləməsin. Onsuzda Gülnara normal münasibət göstərmirsən . Ümumiyyətlə, anlamıram bu nə giclikdir hər beşinci gün işdən çıxıb gedirsən harasa, yazıq Gülnar deyir ki, onunla ailə qurandan sonra hər həftə belə edirsən. Mən gəlib səni burda – Qız qalasının qarşısında tapıram, ya da hansısa oteldə birinin qoynunda . Sənə atanın yaşatdığını sən onlara yaşatma.
Onlar İmranın dediyi kimi idi axı. Zübeyir heç cür anlamırdı. Düzdür,dinlədiklərindən nəticə olaraq artıq özünə qarşı nifrət hissi formalaşmışdı,tanımadığı Gülnara isə yazığı gəlirdi. Birdə nədənsə fərqinə varmadan rəhmətə getmiş anasına qarşı bir hiss formalaşdı ürəyində . İçindən ağlamaq gəldi. Bu hisslərin hardan gəldiyini nə üçün onun içində yığılıb qaldığının fərqində deyildi.
İmran taksinin pulunu ödədikdən sonra onlar xəstəxananın önündə maşından düşdülər. Xəstəxananın böyük həyəti vardı . Bir müddət piyada getdikdən sonra binanın qapısına yaxınlaşdılar. Lakin ani çıxan qadın səsləri onları dayandırdı. Səslər çoxalırdı. Yas zamanı eşidilən vay-şüvən qadın səslərinə bənzəyirdi. İmran Zübeyirə gözləməyini söyləyib özü qapıdan daxil oldu. Bir müddət sonra isə uşaq kimi ağlayaraq çıxdı. Həkimə gec gəldiyinə görə doğuşda problem olduğunu,nə uşağı,nə ananı xilas etmək mümkün olmadığıni – deyərək Zübeyiri qucaqladı. “Ananın həyatını xilas etəmk mümkün olmadı” sözlərinin təsrindən Zübeyirin gözləri yaşardı, biixtiyar o da İmranı qucaqladı,sanki gücsüzlük çökdü bədəninə . Bir anlıq həm Gülnara,həm gələcəkdə ola biləcək uşağına görə ağlamağa başladı. Bu anda qapıdan bir qadın çıxdı. Gözlərində nifrət və çarəsizlik vardı. İmran: “ Fatma xala” – deyərək kənara çəkildi. Zübeyirin qarşısında yaşlı,lakin güclü bir qadın dayanmışdı. İmran dodaqaltı: – “Allah rəhmət eləsin,” – dedi.
– Sən şərəfsiz, istədiyinə nail oldun. Onsuz istəmirdin bu ailəni . Allah sənə hələ bir uşaq da bağışlamaq istədi,lakin sonra yanlış qərar verdiyini anladı. Sadəcə mənim qızımın günahı nə idi, hə . Anan uşağın başını yedi, o da kül başına sevirdi səni .. Sən onu istəmədiyini bilə-bilə ailə qurmuşdu səninlə . “Ana, ailə qurandan sonra o da sevəcək məni” .. yanıldığını dərk edəndə isə bətnində o, dünyaya gəlməmiş vardı. Ay şərəfsiz açıqcasına ona xəyanət edirdin sən, heç fikirləşirdin o nə əziyyət çəkirdi, bir ailə kimi hörmət qoymadın. Niyə axı?! başqa münasibət gözləyirdim səndən, günah həm də məndədi Şərəfsiz atanın belə də oğlu olacaqdı. -Zübeyirin daxilində atasına qarşı nifrət yarandı.
Fatma İmranı qucaqlayaraq ağlayırdı. Artıq deyəcək sözü yox idi. Bəlkə də insanlığı imkan versəydi boğub öldürərdi onu. Zübeyirin hissləri ucuz ayfonun satışını reklam edən maqazinin açılışını gözləyən insanların qapı açıldığı zaman hərəkəştinə bənzəyirdi. Hamısı eyni anda görünməyə,öz varlıqlarını göstərməyə çalışırdı. Amma heç biri çıxa bilmirdi,içəridə qalmışdılar. Zübeyir ilk əvvəl qalxıb Gülnarı görmək istədi, zülm verdiyi birinin üzünü görmək istəyirdi, sonra fikrindən daşındı. Sanki aşiq ola biləcək bir gözəllik görə biləcəyindən, öz şərəfsizliyinə dözməyəcəyindən qorxdu. Çevrilərək sürətlə uzaqlaşdı. Şəhərdə tanıdığı tək ünvan köhnə tikilinin önündəki sahil olduğundan yenidən ora qayıtmaq üçün yolun əks tərəfinə keçməyə çalışdı. Fikri özündə deyildi, o səbəbdən gələn maşınlara fikir vermirdi. Bir anlıq siqnal səsi eşitdi,sağına baxdıqda maşınla toqquşduğunun fərqinə vardı.Yerə yıxılaraq özündən getdi.
Gözünü açdığında özünü çarpayıda uzanmış gördü . Yanında digər insanlar da vardı,əksəriyyəti yuxuda idi,oyanmamışdılar. Əynində ağ rəngli gecə paltarı var idi . Ayağı ipdən asılı vəziyyətdə olduğundan istədiyi kimi tərpənə bilmirdi. Qapı açıldı, otağa ağ xalatlı kök bir qadın daxil oldu. Otaqda oyaq olan insanlara yaxınlaşıb əhvalını soruşdu, sonra isə Zübeyirə yaxınlaşaraq:
– Ruslan necəsən? Məncə, yaxşısan, bu gün səni evə buraxasıyıq. Yaxınların gəlməlidir.
– Mən niyə bura gəlmişəm.
Gülümsəyərək: “sənin başın zədə almamışdı axı. Ayağını sındırmışdın və bədəninin bir neçə yerində xırda zədələrin var idi. Yəqin ki sənə dərs olar, birdə maşın yolunda velosiped sürərkən ehtiyatlı olarsan. Sən hələ uşaqsan,sənin üçün bu yollarda sürmək təhlükəlidir.
Zübeyir uşaq sözündən sonra çarpayıda tutduğu yerə baxdı , boyu çox balaca idi. Sonra əllərinə baxdı. Nə boyu, nə də əlləri sahildə uzanan Ruslanın deyildi.
– Mənə güzgü verə bilərsiz?
– Neynirsən?
– Demirsiz yaxınlar gələcək səliqəli görünmək istəyirəm
Qadın gülümsəyərək qarşı tərəfdə uzanan yaşlı kişiyə yaxınlaşdı
– Əhməd dayı sən üzünü qırxarkən istifadə edilən güzgün vardı ey, onu ver mənə
-Zübeyir ilk dəfə özünə baxırdı. Yoxluğa zərbə endirməyə çalışan bir yaşlı insandan, insanları öldürən canidən, ailəsinin ölümünə səbəb olan şərəfsiz cavandan azyaşlı uşağa çevrilmişdi. Gözlərinin içində bir məsumluq vardı. Xanım isə gülümsəyərək Zübeyirin təəccübünü izləyirdi. Bu vaxt qapı açıldı. 30 yaşlarında bir qadınla iki uşaq gəldi. Qadının üzündə təbii gözəllik vardı. Qadın Ruslanın üzünə gülümsədi. Ruslanın bədənindən bir istilik keçdi. Kövrəldi, ağlamaq istədi amma saxladı özünü . Qadın yaxınlaşdıqda Ruslan onun gözünün alıtındakı qaraltını sezdi.
Tibb bacısı güzgünü götürərək bax anan da gəldi sənin, uzaqlaşarkən:
– Nübar xanım, oğlunuza yaxşı baxmışıq, sonra şikayət etməyin bizdən.
Nübar cibindən pul çıxardaraq qadının cibinə qoyduqdan sonra o gülümsəyərək uzaqlaşdı.
Nübar yaxınlaşaraq Zübeyirin alnından öpdü. “Yaxşısan Ruslan, gör kimləri gətirmişəm”.
– Ancaq İmranla Zümrüdü özümlə götürdüm, digər uşaqlara dedim, gəlib evə görərlər səni.
Zübeyir Zümrüd və İmran adlarını, anasının gözünün altındakı ləkəni beynindəki bir mozaykanı tamamlamaq üçün istifadə etdi və tamamladı
– Zümrüdə diqqətlə baxdı. Çox gözəl idi. Aşiq olmamaq mümkün deyildi, amma içində bir nifrət vardı.İndi o Zümrüdün yerinə Gülnarı görmək istəyiridi.
-Atam hardadı deyə anasından soruşdu. Sualın deyilişində bir müstəntiq tonu vardı.
İmran Nübarı gözləmədən cavab verməyə çalışdı- həmişəki kimi Ruslan dünən,
Nübar əsəblə İmranın üzünə baxdı.
İmran dodağının altda -hələdə oyanmayıb.
– Oğlum, atan dünən işdən gec gəlib, hələ yuxudan oyanmayıb. Onsuz bu gün çıxarıq, atanıda görərsən.
– Gözlərinin altına nə olub.
Bu sualdan Nübar diksindi, cinayət törətdikdən sonra müdafiə etmək üçün yalan danışan biri kimi hiss etdi özünü.
– Elə bu gün evdən sənin yanına tələsik çıxarkən gözüm qapıya çırpılıb.
Zübeyir İmranın sifətinə baxdı. Onun sifətində yalan danışır ifadə edili rdi.
Ruslan anasının gülümsəməyə çalışan gözlərinə baxdı. Nəhayət göz yaşları o tıxacdan bir yol tapdı.
– Ana, məni bərk qucaqla…..bərk
Gülümsəməyə çalışan anası kövrəldi. Oğlunu qucaqladı. Zübeyir anasının qoxusunu içinə çəkdi. Bədəninə yayılan bir istilik hiss etdi. Sanki həyatı boyu ehtiyac duyduğu tək bir şeyi əldə etmişdi . Elə bu formada ömürlük yuxuya getmək istəyirdi. Gözünü yumdu…
Gözünü açdıqda yenə həmin qaranlıqda idi. Yoxluqda yəni. Boşluqdan istifadə edib yaşadıqlarını təhlil etdi. Atası ilə danışmadan və Gülnarı görmədən yenidən qaranlığına qayıtmağına peşman idi. Lakin artıq Tanrının yanında olduğunu tam anlamışdı və arzularını gerçəkləşdirə bilərdi.
Qaranlıqda: “Tanrı”- deyə səsləməyə başladı. Bir müddət sonra qaranlıq yox oldu hər şey əvvəlki vəziyyətə qayıtdı. Qarşısında həmin varlıq dayanmışdı. Bir müddət sonra isə görüntü peyda oldu.
Görüntülər yenə xəstəxanadan idi. Ağ xalatlı qadınlar ağ bələyə bürünmüş uşağı qadının qucağına verdilər . Zübeyir qadını tanıdı. Yanında isə uzun boylu cüssəli cavan oğlan dayanmışdı. Bir az əvvəl güzgüdə gördüyü Ruslanın üzünə bənzəyirdi. Qadınla bir-birnə baxıb gülümsəyirdilər, çox xoşbəxt görünürdülər. Zübeyir qadının üzündəki xoşbəxtliyi görüb sevindi. Nə qədər nifrət etsə belə atasınıda görməyə şad idi. Görüntülər birdən yox oldu
-Biraz əvvəl yaşadıqların və bu görüntülər sənin növbəti həyatındı. Sən əvvəlki həyatında 55 yaşında ağ ciyər xəstəliyindən vəfat etmisən. Ata və anan tərəfindən istənilmədiyin halda dünyaya gəlmisən. Atanın səndən xəbəri olmayıb öz ailəsi ilə yaşayıb. Anan 5 yaşında səni uşaq evinə verib o vaxtdan ananın üzünü görməmisən. Lakin bunlara baxmayaraq uşaq evindən çıxdıqdan sonra sən öz həyatını qurmusan, uşaqların və xoşbəxt ailən olub. Əvvəlki həyatından əldə etdiklərin, biliklərin və bir sıra xatirələrin yaddaşında qalıb digərləri silinib. Yenidən dünyaya gəldikdən sonra mənim sənə yaşatdıqlarım və göstərdiyim , növbəti həyatından olan hissələr yadında qalmayacaq əvvəlki həyatından qalanlar isə tamamilə yox olacaq. İlk dəfə dünyaya gələndə bizə bu sualı vermirlər və nələr yaşayacağımızdan xəbərimiz olmur. Lakin ikinci həyatı yaşadıqda hər şey tam fəqrli olur. Niyə biz dedim çünkü mən elə sənəm. Sənin qərarınla biz yenidən dünyaya gələ bilər ya da bu dünyadan bir dəfəlik yox olub növbəti mərhələyə keçmə şansını itirərik
– Sən tanrı deyilsən..?
-Tanrı sənin anladığın kimi deyil. Mən səni yaradan bir enerjiyəm. Biz bir yerdə yaranırıq. Sən bir həyatda öldükdə mən keçid məkanında oluram, və yeni görünüşdə sənin razılığınla dünyaya gəlmək şansı əldə edirəm. Biz bir neçə həyat yaşayır kamilləşəndən sonra tam başqa bir mərhələyə adlayırıq. Nə dediyimi sən bir neçə həyat yaşadıqdan sonra anlayacaqsan. İndi isə keçək seçimə. Gördüyün bu həyatı sən hə desən olduğu kimi yaşayacaqsan. Acınacaqlı olmasına rəğmən növbəti həyatı təcrübə bankına toplamaq, onu yaşamaq istəyirsən ya yox? Hə desən biz növbəti sınağa gedirik yox desən bir dəfəlik məhv oluruq.
Mən, anamı qucaqlayarkən yaşadığım o hissləri yenidən yaşamaq istəyirəm, bütün çətinliklərə rəğmən…