
Anheles Mastretta (1948) – meksikalı yazıçı, jurnalist və film prodüseridir. Yaradıcılığında əsasən feminizm və Meksika inqilabı mövzularına toxunur. O, ədəbiyyat üzrə “Romulo Gallegos Prize” və “Mazatlan Prize” mükafatlarına layiq görülüb. “İri gözlü qadınlar”, “Ərlər” adlı hekayə kitablarının, “Mənimki kimi sonsuzluq yoxdur”, “Sevgi dərdi” kimi romanların müəllifidir.
Daniela xala lap bütün ağıllı qadınlar kimi aşiq olmuşdu, yəni ağlını itirmişdi. Onunla bir səhər vaxtı qarşılaşmışdı. Qədd-qaməti yerində, yerişi təmkinli… İlk görüşdə belə düşünmüşdü: “Deyəsən bu kişi özünü Tanrı hesab eləyir”. Amma yad diyarlar, əcaib ehtiraslar barədə söhbətlərinə qulaq asdıqca, ona, onun qollarına vurulmuşdu. Sanki uşaqlıqdan latın dilində danışan, məntiqdən xəbərdar olan, Qonqora və Sor Xuananın oyunlarını təkrarlayaraq şəhərin yarısını təəccübləndirən Daniela xala deyildi.
Bal rəngli gözləri, möhtəşəm ağzı, insan təxəyyülünü qıcıqlandırıb çılpaq görmək həvəsi oyadan bədəni, Bakirə Rozario kimi gözəl olsa da, Daniela o qədər ağıllıydı ki, heç bir kişi ona baş qoşmaq istəmirdi. Onu arzulamaq qorxuluydu, çünki onun zəkasında qəribə bir şey vardı. Elə bil, həmişə əks cinsə və onların sərsəmliklərinə qarşı bir ikrah duyduğunu hiss etdirirdi.
Ancaq onun özü və kitabları barədə heç nə bilməyən bu kişi ona hər hansı bir qadına yanaşan kimi yanaşmışdı. Daniela xala da öz parlaq zəkasını, mələk fəzilətini və istedadını tamamilə bu kişiyə həsr etmişdi. Ona o qədər fərqli bucaqlardan baxmışdı ki, on iki gündə yüzlərlə kişi tanıdığını düşünməyə başlamışdı. Daniela onu Tanrının insanlar arasında gəzə biləcəyinə inandırmaq istəyirdi. Sevgisini izah etmək üçün oxumaq istədiyi şeirləri başa düşmək və həmişəlik qalmaq ehtimalı olmayan bu kişinin ehtiraslarına, fikirlərinə təpədən dırnağadək təslim olmuşdu.
Günlərin bir günü sevgilisi gəldiyi kimi xəbərsiz, sağollaşmadan çıxıb getmişdi və Daniela xalanın zəkası belə nə baş verdiyini anlamağa yetməmişdi. Bu adsız və bəxtsiz kədər Danielanı ovsunlayıb axmaqların axmağına çevirmişdi. Onu itirmək yuxusuzluq, əsrlər boyu davan edən qocalıq və cəhənnəm kimi sonsuz ağrı verirdi.
İşıqlı günlərə, bir eyhama, onunla keçirdiyi gecədən yaddaşında qalan dəmir gözlərə və yalvarışlara ümid bağlayan Daniela xala yaşamaq istəyini boğdu, ayaqları taqətdən düşdü, başı və bağırsaqları gücünü itirdi.
O, üç ay ərzində demək olar ki, kor oldu, belində donqar çıxdı, üstəlik, sanki istilik hissiyyatına da nəsə olmuşdu. Günəşli günlərdə belə palto və corabla gəzsə də, həmişə qışın ortasındakı kimi soyuqdan titrəyirdi. Onu sarı bülbül kimi hava almağa çıxarırdılar. Yanına meyvə, peçenye qoyurdular ki, bəlkə dimdikləyə. Amma anası qoyulanları olduğu kimi götürürdü, özü isə ətrafındakıların fikrini yayındırmağa cəhd etsə də, səssizliyini qoruyurdu.
Sonra onu küçəyə çıxardılar. Bəlkə göyərçinləri, ya da insanları izləsəydi, bu, həyata yenidən bağlandığının bir işarəsi olardı. Hər şeyi sınadılar. Anası onunla İspaniyanı gəzdi, Seviliyanın bütün küçə teatrlarında oldular. Amma bütün səyahət ərzində Daniela cəmi bircə dəfə reaksiya vermişdi. Müğənninin hədsiz sevincli olduğu gecə gözündən bir damla yaş axmışdı. Səhəri gün qadın ərinə teleqram göndərmişdi: “Yaxşılaşmağa başlayır, bir anlıq gözündən yaş axdı”. Daniela quru ağaca dönmüşdü, hara sürüsələr, ora gedirdi və fürsət düşən kimi özünü yatağa atırdı. Elə bil, iyirmi dörd saat pambıq yığıb yorulmuşdu. Axırda olan-qalan gücünü toplayıb stulda əyləşdi və anasına dedi: “Yalvarıram, evə qayıdaq.”
Qayıdandan sonra Daniela xala çətinliklə yeriyir və səhərlər yerindən qalxmaq istəmirdi. Onun nə çimməyə, nə saçını daramağa, nə də işəməyə halı qalmamışdı. Bir səhər heç gözlərini də aça bilmədi.
– O ölüb! – dediklərini eşitdi, amma bunu inkar etməyə belə gücü yox idi.
Sonra kimsə anasına dedi ki, bəlkə də bu bir növ şantaj, digərlərindən alınan intiqam, uşaq ərköyünlüyüdür. Əgər o evinin dincliyindən, hər zaman bir tikə çörək tapa bilmək arxayınlığından məhrum qalsa, günbəgün yaxşılaşacaq. Anası bunu da yoxlayıb qızını Kilsə qapısında atıb getməyə qərar verdi. Beləcə, onu bir gecə tək qoydular. Ümid edirdilər ki, səhəri gün bir vaxtlar olduğu kimi ac və qəzəbli halda evə qayıdacaq. Üçüncü gecə onu sətəlcəmli vəziyyətdə Kilsənin qarşısından götürüb ailəlikcə ağlaya-ağlaya xəstəxanaya çatdırdılar.
Burada rəfiqəsi Elida onun ziyarətinə gəldi. Dərisi işıq saçan bu gənc qız dil-boğaza qoymur və qəlb ağrısının çarəsini bildiyini iddia edirdi. Qız xahiş elədi ki, bu səfilin ruhunu və mədəsini sağaltmağı onun öhdəsinə buraxsınlar. Elida şən və həvəsli qız idi. Buna görə də ona qulaq asmaq qərarına gəldilər. Dediyinə görə, intellektual rəfiqəsinin müalicəsindəki əsas səhv mühüm bir məsləhətin tamamilə unudulmasından ibarət idi. Unutmaq qeyri-mümkündür! Amma xatirələri elə yönləndirmək olar ki, onu öldürməsin, əksinə, yaşamağa vadar etsin.
Danielanın valideynləri qıza laqeydliklə qulaq asırdılar. Əslində, artıq övladlarını sağaltmağa istiqamətlənmiş istənilən cəhdə belə yanaşırdılar. Onlara görə bu cəhdlərin hamısı faydasız idi. Lakin ümidlərini itirsələr də, itirməmiş kimi görünmək üçün qıza icazə verdilər.
Qızlara eyni otaqda yatmağa şərait yaratdılar. Nə vaxt qapının yanından keçsələr, Elidanın yorulmaq bilməyən səsini eşidirdilər. O, ölən insanın qeydinə qalan həkim kimi dayanmadan eyni mövzudan danışırdı. O, susmurdu. O, təslim olmurdu. Günlər günləri, həftələr həftələri əvəzləyirdi.
– Necə deyirdin? Onun əlləri necəydi? – soruşurdu. Daniela xala cavab verməyəndə başqa tərəfdən yaxınlaşmağa çalışırdı.
– Gözləri yaşıl idi? Yoxsa qəhvəyi? Böyük idi?
– Xırda, – Daniela xala otuz gündə ilk dəfə cavab vermişdi.
– Xırda və bulanıq? – soruşdu Elida.
– Xırda və kəskin, – Daniela xala cavab verib yenidən bir ay sükuta qərq olmuşdu.
– Əminəm ki, şir bürcü idi. Şirlər belədir, – Elida bunu deyib bürc kitabını çıxardı və şir bürcünün bütün dəhşətli xasiyyətlərini oxumağa başladı, – Boş ver, bunların hamısı yalançıdır. Amma sən özünü itirmə, sən buğa bürcüsən. Buğa qadınları güclü olur.
– Dedikləri yalan imiş, – bir günorta Danieladan cavab gəldi.
– Hansıları? Unutma ha. Çünki dünya elə də böyük deyil. Onunla yenidən qarşılaşa bilərik. Bax onda bütün sözləri xatırlamalısan. Bir-bir. Həm onun dediklərini, həm sənə dedizdirdiklərini.
– Özümü alçaltmaq istəmirəm.
– Alçalan o olacaq. Boş sözlər deyib aradan çıxmaq? Başa düşəcək ki, hər şey bu qədər asan deyil.
– Bu sözlər məni aydınladırdı.
– Hə, aydınlanmış görünürsən, – söhbətin belə yerlərində rəfiqəsi bu cür cavab verərdi.
Üç ay boyu dayanmadan danışdıqdan sonra Elida onu yeməyə məcbur etdi. Elə bil, hər şey Allahın əmriylə baş vermişdi. Bunu necə bacardığını özü də anlamamışdı. Bir gün Danielanı bağçada gəzintiyə çıxardı. İçi meyvə, pendir, çörək, yağ və çay dolu səbət də hazırlamışdı. Çəmənliyə süfrə salıb gətirdiklərini çıxardı. Bir yandan danışa-danışa Danielaya təklif eləmədən özü yeməyə başladı.
– O, üzüm xoşlayırdı.
– Başa düşürəm, ondan ötrü darıxırsan.
– Hə, – xəstə qız əlini üzümə uzadıb dedi, – Möhtəşəm öpüşürdü. Çiyinlərinin və boynunun dərisi hamar idi.
– Ümumiyyətlə o necəydi? Özün bilirsən də, – rəfiqəsi elə dedi ki, elə bil, ona əziyyət verən şeyin nə olduğunu bilirdi.
– Yox, bunu sənə deməyəcəm, – Daniela aylar sonra ilk dəfə gülərək cavab verdi. Sonra pendirin, çayın, çörəyin və yağın dadına baxdı.
– Ləzzətliydi?
– Hə, – xəstə yenidən özü olmağa başlayırdı.
Bir axşam yeməyə endilər. Daniela xala yeni paltar geyinmişdi, saçları parlaq və təmiz idi. Nəhayət aylarla daramadığı tozlu yumaqdan xilas olmuşdu. İyirmi gün sonra o rəfiqəsi ilə birlikdə bütün xatirələri yenidən nəzərdən keçirib onları tamamilə əhəmiyyətsiz bir şeyə çevirdi. Daniela xalanın unutmağa, düşünməməyə çalışdığı hər şey dəfələrlə təkrarlandıqdan sonra artıq yaddaşda qalmağa da layiq deyildi. Bir vaxtlar onu xoşbəxt və ya bədbəxt edən yüz iyirmi min cəfəngiyyatı ard-arda təkrarlayaraq öz ağlını cəzalandırırdı.
– Artıq özümdən intiqam almaq istəmirəm, – bir səhər Elidaya belə dedi, – Artıq bu mövzudan bezmişəm.
– Necə? Ağıllı-ağıllı danışma, – dedi Elida, – Bu qədər vaxt ərzində bütün bunlar boş mühakimə mövzusu olub. İndi söhbəti aydınlaşdıracaqsan? İşi korlama. Hələ ən yaxşı yerə çatmamışıq. Hələ o kişini Avropada və Afrikada, Latın Amerikasında və Hindistanda axtarmamışıq, hələ onunla qarşılaşmamışıq, səyahətlərimizin haqqını vermək üçün qalmaqal yaratmamışıq. Pittini, Florensiyanı görməmişik, Venesiyada aşiq olmamışıq, Trevi fontanına qəpik atmamışıq, yəni biz sənə axmaq kimi aşiq olub sonra da tərk edən həmin kişinin ardınca getməyəcəyik?
Onlar günahkarı tapmaq üçün dünya səyahətinə çıxmağı planlaşdırmışdılar və artıq intiqamın rəfiqəsinin sağalmasında böyük rol oynamadığını anlayan Elida məyus olmuşdu. Hindistan və Mərakeş, Boliviya və Konqo, xüsusilə də İtaliya əldən çıxmışdı. Ağlına da gəlməzdi ki, dörd ay əvvəl, az qala, iflic və dəli olmuş vəziyyətdə gördüyü Daniela bu cür rasional birinə çevrilə bilər.
– Onu axtarmağa yollanmalıyıq. Vaxtından əvvəl ağıllanma, – dedi Elida.
– O, dünən gəlib, – Daniela xala günorta xəbər verdi.
– Hardan bilirsən?
– Onu gördüm. Həmişəki kimi eyvan qapısını tıqqıldatdı.
– Nə hiss etdin?
– Heç nə.
– Bəs o nə dedi?
– Hər şeyi.
– Sən nə cavab verdin?
– Qapını üzünə bağladım.
– Bəs indi? – soruşdu “terapevt”.
– İndi isə gəl İtaliyaya gedək: yanımızda olmayanlar həmişə səhvdirlər.
Onlar Dantenin müşayiəti ilə İtaliyaya yollandılar: “Piovverà dentro a l’alta fantasía.”
İspancadan tərcümə edən: İlahə Əkbər