Ona görə ədəbi tənqid anlayışının mahiyyətinin tam mənası ilə dərk edilmədiyini, tənqidin hansı işi gördüyünü anlayışın adından yola çıxaraq yorumlandığını qeyd etməklə başlamaq istəyirik ki, “tənqid” və “feminist” sözlərinin birlikdə nə məna kəsb etdiyi aydın olsun.
Müasir Azərbaycan ədəbi tənqidinin mövcud durumunun əksinə olaraq ədəbi prosesin dayanmadan “hərəkət”də olması ikisi arasındakı məsafəni artırır ki, bu da birincinin prosesdənkənar qalması ilə nəticələnir. Belə olduğu üçün prosesə adekvat tənqid məsələsi ortaya çıxır. Bu hal ötən əsrin yeniliklərinin, fərqli baxışlarının hələ də Azərbaycan ədəbi tənqidinə (ədəbiyyata da) gəlib çatmaması ilə şərtlənir.
İndi cəhd edəcəyimiz feminist tənqid örnəyi də belələrindəndir.
*
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, XX əsrin 60-cı illərindən etibarən feminizm hərəkatına bağlı şəkildə inkişaf etməyə başlayan feminist tənqid ilk vaxtlarda kişi yazıçıların əsərlərində qadının necə təsvir edildiyini aydınlaşdırmaqla işə başlamış, sonrakı inkişaf mərhələsində qadın yazıçıların qadın dünyasına baxış tərzini əsas obyektə çevirmiş, nəticədə feminist tənqid daxilində fərqli istiqamətlənmələr meydana gəlmişdir.
*
Feminist tənqid nəzərindən təhlilə cəlb edəcəyimiz Nadir Yalçının “Yad” hekayəsi də kişi hegemonluğunun hökm sürdüyü ailədə qadın yoxluğunun təsirlərinin dəqiq təsviri ilə seçilir.
Zərnigarın ölümündən sonra Sadıxla (ər) oğullarının – Mahir və Qadirin həyatı tamamilə dəyişir. Ölüm şoku keçdikdən sonra ailədə qadının yoxluğu hiss edilməyə başlayır. Müəllif Zərnigarın yoxluğunu onun ailədəki statusundan qaynaqlanan çatışmazlıqlarla oxucuya çatdırır.
“Hamı əl-ayağını yığışdırıb evinə gedən gündən kişilər çar-naçar qaldılar. Pal-paltar, yeyib-içmək, həyət-bacanın işi qutarmırdı. Sadıx da, oğlanları da gündən-günə çöpə dönürdülər, qatsız şalvar geyinirdilər, köynəklərinin harasındasa mütləq yağ ləkəsi olurdu, Zərnigar öləndən bağçanın gülləri də öləzimişdi”.
Zərnigarın ölümü fonunda onun yoxluğunun ailə fərdlərinin maddi təminat tərəfdən çəkdiyi sıxıntılarla təsvir edilməsi qadının ailədəki statusu ilə yanaşı, toplumsal münasibəti də ön plana çıxarır.
Kiçik cəmiyyət olan ailədə qadına “paltar ütüləyən”, “yemək bişirən”, “həyət təmizləyən” və s. bu kimi işləri görən, bir növ “qulluqçu” münasibətinin göstərilməsi, əslində, geniş mənada toplumun qadına baxışının ortaya çıxarılmasıdır.
Zərnigarın ailədə “boşalmış” yerini doldurmaq lazım gəldikdə mətndən yuxarıda gətirdiyimiz nümunədəki ilə eyni səbəblər irəli sürülür: “Mən bir qərara gəlmişəm, day dolana bilmirik, işimiz ağırdı, bu evə bir arvad lazımdı, Güllünü məsləhət görüblər. Sabah götürüb gələcəm” (Sadıx). – Bu qədər sadə.
Qadına cinsi tələbatı ödəmək üçün “seks əşyası” kimi baxılması da əsas diqqət çəkən nüanslardandır. Sadıxın dilindən verilən “dolana bilmirik”, “işimiz ağırdır” cümlələrinin davamında “bu evə bir arvad lazımdır” fikrinin səsləndirilməsi qadın və seks düşüncəsinin obrazın (əslində, cəmiyyət fərdlərinin) şüuraltında yer etməsinə dəlalətdir.
Qadının ölümü ilə birlikdə ailənin pozulan tarazlığının yenə də bir qadınla düzəldilə biləcəyi tezisinin irəli sürülməsi müəyyənləşmiş sosial statusun dəyişməzliyi təsiri bağışlayır.
Burada başqa bir məqam da Güllünün ölümündən 6 ay keçmiş Zərnigarın yerinə gəlin gəlməsidir. Müəllifin Güllü və Zərnigar haqqında ətraflı məlumat verməməsi, Güllünün buna necə razı olduğunun oxucuya qaranlıq qalması müəllifin sabit ictimai düşüncəyə malik olduğunu göstərir.
“Yad” hekayəsinə “qadının cəmiyyətdəki yeri” cəhətdən yanaşdığımızdan müəllifin (kişi!) Zərnigar obrazına baxış bucağının üzərində çox dayanmadıq. Lakin onu da qeyd etmək lazımdır ki, mətndə müəllifin qadına münasibəti aydın şəkildə sezilir. İlk olaraq onu bildirək ki, müəllifin hekayəni yazma qayəsinin qadın və cəmiyyət münasibətinin aydınlaşdırılması olmadığı hiss olunur. Hekayədə ön plana daha çox Sadıx və oğlanları çıxır. Bu, qadına yanaşma şəklinin aydınlaşdırılmasını çətinləşdirsə də, psixoloji gərginliklərin qabardılması ilə üzərində durduğumuz yanaşmanın sərgilənməsinə gətirib çıxarır.
“Güllünün buna necə razı olduğunun oxucuya qaranlıq qalması müəllifin sabit ictimai düşüncəyə malik olduğunu göstərir” cümləsinə qayıtsaq, burada cəmiyyət reallığının qəlibləşmiş münasibəti nəzərdə tutulur. Güllünün buna necə razı olması müəllifin nəzərində oxucu üçün aydın olduğundan əlavə açıqlamaya ehtiyac görülmədiyi qənaətindəyik.
Son nəticə kimi onu qeyd edə bilərik ki, Nadir Yalçının “Yad” hekayəsi sistemləşmiş ictimai qadın münasibətləri baxımından özündə “sosial açar”ları gizləyir. Qadına əşya münasibəti isə toplumun onlar üçün biçdiyi rol ilə səciyyələnir.
Müəllifin qadın obrazlarını təsviri isə feminist tənqidin “kişi yazıçının qadına yanaşma tərzi” istiqamətinin tədqiqat predmetidir.