–Öldü, öldü.
–Skoranı çağır!
–Ay arvad o yana dur!
–Ay uşaq rədd ol!
Səsə oyanıb, yuxulu-yuxulu, eyvana çıxdım. Bir dəstə adam binamızın böyründəkı məscidin həyətinə yığışmışdı. Deyəsən, kimsə öldü, ya da ölüm ayağında idi. Aydınlaşdıra bilmədim.
“Qonşumuz Sərrac kişi, özünü minarədən atıb. Allah günahlarını bağışlasın.”– yanaşı eyvanda əlil arabasında oturmuş əvvəllər Ağcabədidə prokuror işləyən qonşumuz Xeyranisa xala, hadisə yerinə baxa-baxa başını məyus-məyus yellətdi.
–Hardan bildiz, minarədən atıb?– çaşqın soruşdum. Elə bildim kimsə lapdan daş parçasını başıma tuşladı və mən kəllə sümüyümün küt taqqıltısını eşitdim.
–Dedilər.
–Kim dedi?
–Eşitdim.
–Kimdən?
–Sənə nə var!
–Maraqlıdır.
–Deyəsən, sən də hazırlaşırsan axı… – qadın başını ağır-ağır çevirib nəhayət, mənə sarı baxdı. Gözlərini bərəltmişdi. Ürpərdim. Elə bildim gülür və onun qaşları da dişləri də yoxdur.
–Nəyə, hara?–kortəbii soruşdum.
–İntihara.
–Kim dedi?
–Özünü elə aparırsan.
–Yalan söhbətdir. –dedim, gözlərimi yumub-açdım, yumub-açdım, yumub-açdım.
Qar üstünə qar gəldi. Camaat, məscidin həyətində sürüşə-sürüşə itələşir, bir-birilərinin çiynindən basıb boylanırdılar. Yəqin, hamı Sərracı görmək istəyirdi. Görüb danışmaq istəyirdi. Danışıb susmaq istəyirdi.
Ambulans gəldi, xərək göründü. Mən də kiçik gölməçə adlayanlar sayaq pəncəmi yarım metr içəri atıb evə tullandım. Dabanımla eyvanın qapısını bağlayanda qarabaqara səslər eşitdim:
–Ay bala o yana qalın biz də baxaq da…
–Ölüb ölüb də… Ölənlərimizdən artıq deyil ki…
–Eh… Allah rəhmət eləsin…
Tualetə girdim. Ortasından çat vermiş, saralmış qapağı soyuqdan keyimiş ayağımla qaldırdım, sonra qara dəliyə baxa-baxa düşündüm.Yuxuda nə görürdüm? Unitazın sol tərəfinə əksi düşən, mirvari dənələri kimi bir-birinə qoşulmuş sidiyimin qövsvari hərəkətini izləyə-izləyə, nə gördüyümü xatırlamağa çalışdım. Xatırladım. Sifonu çəkdim, xlorlu su, saralmış, mikrob dolu qara dəliyi ağuşuna aldı, saat istiqamətində fırlana-fırlana –eynilə burulğan kimi–bədənimdən ifraz olmuş kələm qoxulu, sarımtıl xatirələri yuyub apardı. Tualetdən çıxdım.
Yuxuda görürdüm ki, yuxuda görürəm, hansısa kənddir. Naxırçı Sərrac, əlində bıçaq, öz-özünə danışa-danışa pay-piyada harasa gedir. Birdən hay düşdü. Kimsə haradansa həyəcanla qışqırdı:
“Ay camaat, ay camaat, Sərrac qulaq kəsdi, naxırçı qardaşı oğlunun qulaqlarını kəsdi.”
Azanı eşitdim. Eyni səs həyəcanla qışqırdı:
“Ay camaat, ay camaat, naxırçının qardaşı oğlu qanaxmadan getdi.”
Yuxuda yuxudan ayıldım, hiss etdim ki, oyağam, ancaq o məqam daha bir yuxu görməyə başladım. Görürəm ki, nənəm, günəşli bağçada rəngli-rəngli güllərin arasında, torpaq üstündə oturub, ayaqlarını uzadıb, çəliyini sinəsinə sıxıb vaxtsız səslənən azana qulaq asır. Qoca, nigarandı, fikirlidi. Yaşı yetmişi keçmişdi, ölümdən yaman qorxurdu. Vədəsiz ölümdən…
Sərrac, sovetin vaxtında kəndin naxırçısı olmuşdu. İmperiya dağılandan sonra ailəsilə birgə şəhərə köçmüşdü. Doğrusu,qardaşı oğlunu öldürüb bir müddət türmə həyatı yaşamışdı, həbsdən qayıdandan sonra, kənddə qohum-qonşu ilə yola gedə bilməmiş, külfətini də götürüb Bakıya üz tutmuşdu. Ailəsi üç nəfərdən ibarətdi; Özü, arvadı bir də oğlu.
Sərrac, şəhərə köçəndən bəri ibadətlə məşğul olub, ölü yuyurdu, mürdəşir idi. Avazı yaxşı idi deyə hərdən onu müəzzin əvəzi minarəyə də çıxarırdılar. Eyni məsciddə xuddamlıq da edirdi.
Sərrac, parik taxırdı. İri başı vardı Sərracın. İri qulaqları vardı Sərracın.Kömbə dodağı vardı Sərracın. Arvadı təqaüdçü idi Sərracın. Oğlu dayanacaqda konduktor idi Sərracın.
Üç ay əvvəl oğlunu öldürmüşdülər. Oğlan, dan yeri ağarmamış işdə olmalı idi deyə adətən, gecələri evinə gəlməz, internet klubda yatardı. Onu gecə vaxtı yatdığı klubdan çıxarıb Cəfər Cabbarlının postamentinin arxasında döyə-döyə öldürmüşdülər.
Sərracı sübhün alatoranlığında məsciddən hadisə yerinə aparıb oğlunun meyitini göstərəndə naxırçı, canının bir parçası olan övladının piylənmiş qarnının üstündə üzüm ilbizi kimi duran, ipi boynundan asılı boz rəngli fitə, yanına düşmüş paslı dəmirdən qayrılan üstündən sapla toxunmuş, ölkə bayrağının rənglərini əks etdirən jezlə, ənsəsindən axan qaralmış qana baxıb dərin fikrə gedibmiş. Sərrac, ağlamayıbmış.
Cinayətkarların (onlar üç nəfər olublar) üçü də istintaq zamanı müstəntiqə bircə söz demişdilər. Guya naxırçının oğlunun peysəri üfunət qoxuyurmuş, o,aylardır çimmirmiş. Üç müşketyora görə insan vaxtlı-vaxtında yuyunmalı, qüsul verib pak olmalıdır. Vəssalam.
Yuxuda görürdüm ki, yuxuda görürəm, kimsə kəndin mərkəzi kimi tanınan çayxananın qarşısına, mal təzəyinin mozaik düzülüşü ilə paralel əraziyə parik atdı. Süni qayrılmış saçlar, bir-birinə elə sarmaşıb, elə dolaşıb, elə yapışıb ki, açılması müşkülə oxşayır. Eyni səs həyəcanla qışqırdı:
“Ay camaat, ay camaat, naxırçının parikindən üfunət iyi gəlir. O, parikini yumur.”
Bu vaxt çayxanadan çıxan qoluyox bir kişi, parikə yaxınlaşdı, ona baxa-baxa sinəsindən çarpaz asılmış qıpqırmızı qayışlı davula dişlərində tutduğu ağac parçası ilə döyəcləyə-döyəcləyə“Cəngi” ritmləri vurmağa başladı. Həmin anda çayxananın arxasındakı itburnu kollarının arasından çıxan iri başlı, sapsarı bir inək, iki ayaq üstə durub pəhləvanlar kimi qollarını yana açdı,oynaya-oynaya parikə tərəf addımladı.
Azanı eşitdim, şübhəm qalmadı. Allah naxırçını qəni-qəni rəhmət eləsin. Pis adam deyildi.
Beynimi ovuşdura-ovuşdura gəlib çarpayıya uzandım. Muğannanın “Məhşər”i yatağımın küncündə tarazlığını saxlaya bilməyib başmaqlarımın üstünə düşdü. Yumşaq, şirin tappıltını eşitdim, ancaq kitabı götürməyə tənbəllik elədim, tavana baxdım, divara baxdım, ayaq barmaqlarıma baxdım, əllərimə baxdım, bilmədim nə edəm, bekarçılıqdan gözlərimi oyuncaq maşının təkərləri kimi saat əqrəblərinin əksi istiqamətində fırlatmağa başladım.
“Bu gecə aya baxıb
Yar səni yad eyləmişəm
Ləbu-ləbu ləb”
Komodun üstündəki sovetdən qalma radio öz-özünə oxumağa başladı.Qorxudan dik atıldım. Baba Mahmudoğlu qaşlarını çatıb, gözlərini bərəldib, radionun dinamikindən mənə baxırdı. İlahi, yuxuda yuxu görürəm, yoxsa, yuxuda yuxudan oyanıb yenə yuxu görürəm?
Pəncərəni açıb başımı bayıra çıxartdım. Qızarmış balıq qoxusunu, bir də əriyib eyvanın aralığından süzülən namnazik qar axıntısının alt qonşunun çanaq antenasının üstünə tökülüb çıxartdığı incə, məsum səsi duydum. Sərracın arvadı qiyyə vurdu. Gözlərim bərəldi, eynən Baba Mahmudoğlu kimi, eynən Xeyranisa xala kimi. Tüklərim biz-biz durdu.
Yuxuda görürdüm ki, yuxuda görürəm,naxırçı Sərracın qardaşı oğlu DTX-nin rayon şöbəsinin kənd arası agentidir. Könüllü. Qonşuda kim nə yeyir, nə içir, filankəs saat neçədə işə gedir, arvadını kim çox döyür, ən çox siqaret çəkən kimdir, kimin neçə atı var təhlükəsizlik əməkdaşlarına çatdırır.
Yuxuda görürdüm ki, yuxuda görürəm, naxırçının qardaşı arvadı,oğlu ölən günün səhəri,tonqal qalayıb, ağlaya-ağlaya onun bütün kitablarını,paltarlarını,əşyalarını yandırır. Bu işdə ona əri də köməklik edir. Əri qaşqabaqla kitabları ortasından açır, oda atırdı.
Soruşa bilərsiz, yaxşı bəs naxırçı Sərrac, qardaşı oğlunu niyə öldürüb?
Sərracın arvadı başlarına gələn bu dəhşətli hadisələri az qala binanın bütün sakinlərinə fərdi şəkildə dəfələrlə danışmışdı.
Qardaşı oğlu örüşdə qoyun otararkən həmyaşıdlarına maraqlı olsun deyə əmisinin ona tapşırılan, əmanət edilən heyvanlarını işğal olunmuş ərazinin minalanmış hissəsinə hürküdüb, keçinin, qoyunun, inəyin səs-səsə verib vahiməli partlayışla hissələrə necə bölündüyünü telefonunun kamerasına çəkibmiş. Çəkib internetə yerləşdiribmiş. Sərrac da videonu izləmiş, bir söz demədən fikrə gedibmiş.
Yuxuda görürdüm ki, yuxuda görürəm,naxırçının qardaşı, tonqalın yanında çömbəlib, iki əlilə başına qapaz vurur, seyrək saçlarını dartışdırır,ulaya-ulaya:
–Ay Allah mənimlə haqq-hesabın var idisə əvəzini uşağımdan niyə çıxdın?
***
İki adam, ağ binanın qarşısındakı küknar ağacının yanında dayanıb söhbət edirlər. Qar dayanmayıb.
–Şair deyib ki, təzə balıq qızaranda iyi başqa olur.
–Hansı şair?
–Şeyx iz Pir.
–Hə vallah o deyər. O, deyəndi.
Ağ binanın üçüncü mərtəbəsinin açıq nəfəsliyindən balıq qoxusu yayılır. Par-par parıldayan aynabəndin qarşısında portağal rəngli keramikadan dibçək var. Dibçəkdən çobanyastığı boylanıb. Radioda Baba Mahmudoğlu oxuyur. Xeyranisa xala telefonla dibçəyin şəklini çəkir. Arabasıyla eyvandan otağa, otaqdan eyvana girir-çıxır, girir-çıxır, girir-çıxır.
–Tez deyil?
–Nə mənada deyirsən?
–Ona görə ki, hava işıqlıdır.
–Kimdir bizdən şübhələnən?
–Hə vallah düz deyirsən, kimdir bizdən şübhələnən.
Ağ binanın qarşısında “Opel” dayanır. Maşından polis mayoru düşür. Mayor, qaşqabaqlıdır, mayor, maşının qapılarını bağlayır, mayor ətrafına baxır, mayor dərindən nəfəs alır, mayor balıq qoxusunu duyur–əlcəkli barmaqları ilə burnunu tumarlayır ki, nəfsi çəkməsin–mayor boylanır, Mahmudoğlunun səsini axtarır, mayor yenidən maşına oturur.
–Bu haradan çıxdı?
–Hə vallah, bircə bu çatmırdı.
–Cəhənnəmə ki. Kimdir bizdən şübhələnən…
–Orası yerində… amma…
Mayor maşından düşür, qapılarını bağlayır, yenidən açır, içinə oturur.
–Bunu ciddi adam kimi tanıyırdım. Dəlidir ki…
–Hə vallah düz deyirsən, qoymaz da işimizi görək.
Mayor maşından düşür qapılarını bağlayır, ətrafına baxır, yenidən maşının qapısını açır, oturur.
–Deyəsən, məzələnir.
–Hə vallah düz deyirsən, gəlsənə onu da…
Mayor maşından düşür qapılarını bağlayır, ətrafına baxır, qapıları açır, yenidən maşına oturur.
Kimsə şaqqanaq çəkir.
–Yaxşı gülməyin var, kişi bala, quzu kəsərəm…
–Hə vallah düz deyirsən, yaxşı gülür.
–Tanıyırsan?
–Bəs nə…Yuxugörəndi.
–Mən tanımıram. Dəli maşındadı?
–Hə vallah. Aha, deyəsən, düşür.
–Kakaya razniça, yenə minəcək də. Uje üşütmə tutdu.Sağ ayağımın baş barmağını hiss etmirəm.
Mayor öskürə-öskürə maşından düşür, cibindən dəsmal çıxarır, dəsmala tüpürür, dəsmala baxır, nəsə görür, gözlərini bərəldir, təəccüblənir, dəsmalı qatlayır, ətrafına göz gəzdirir, dəsmalı cibinə qoyur, dəsmalı yenidən çıxarır, dəsmalı açır, dəsmala baxır, dəsmalı yenidən cibinə soxur,yenə açır, yenə baxır, yenə yerinə… Bir neçə dəfə təkrarlanır.
–Deyəsən, bu vərəmi öldürəcəm.
–Özü öləcək də. İt öldürmək sənə qalıb?
***
Qapımız döyüldü. Açdım. Xeyranisa xala arabasında oturmuş, mənə baxırdı. Qollarını sinəsində çarpazlamışdı, çiynindəki məxməri şal, dirsəklərindən sallanmışdı.Handan-hana,qulluqçunu yollamışam, özümsə qəşəng balıq qızartmışam, gəl bizə dedi.
İlk dəfə idi ki, qapı qonşumuzun evinə ayaq basırdım.
Xeyranisa xalagilin pəncərəsindən hər yer görünürmüş. Dəniz də, vağzal da, məscid də, musiqi məktəbi də.
Şər qarışırdı. Pəncərədən perronun parıldayan fənərlərinin altında oynaşan qar dənəciylərini, vağzalda süpürgəsinə söykənən qadını görürdüm.Arxamı pəncərəyə tutub əllərimi cibimə soxdum, stolun üstünü hazırlayan Xeyranisa xalaya tamaşa etməyə başladım. Arabasının elektronik təkərlərini sinxron hərəkətlə gah dala, gah qabağa, gah sağa, gah da sola verə-verə stolun üstünə qabları düzür, gülümsəyirdi.
Xeyranisa xalanın əri ölmüşdü. İki oğlu vardı, (heç biri ailə qurmamışdı) böyük oğlu həbsdə idi, kiçiyi də az qalırdı türməyə düşsün. Narkomanlıq, oğurluq edirdi. Bundan bütün məhəllə agahdı. Oğlan, sonuncu dəfə binanın qarşısındakı gül bağçasının aliminium məhəccərlərini oğurlayıb satmışdı. Güllərə qulluq edən ruslar, Xeyranisa xalaya şikayət etmişdilər. Xeyranisa xala evinə şikayətə gələn qadınlara demişdi ki, artıq bacara bilmir,nə istəyirlər etsinlər. Qonşular yenə də polisə getməmişdilər. Xeyranisa xala, yuxarıda da dediyim kimi əvvəllər Ağcabədi rayonunda prokuror işləyərdi. Qadının, xüsusi xətir-hörməti vardı. Bu hörmət, tutduğu vəzifəyə görə deyil, insani idi. O, üç il əvvəl avto-qəzəda ağır xəsarət alıb təqaüdə çıxmışdı.
Xeyranisa xala narşərabı da stolun üstünə qoyandan sonra divardakı qızılı rəngli, futlyarsız saksafonun kimə aid olduğunu soruşdum. Dedi ki, illər əvvəl Rusiyada ərinə sevdiyi qız– Lena hədiyyə edib.
Xeyranisa xalanın əri ticarətçi idi. Adı Qılınc idi. Qılınc, ticari işlərlə bağlı gəmi ilə müxtəlif ölkələrə səyahət edərdi. Elə gəmidə də ürək tutmasından vəfat etmişdi. Yaxşı insandı. Məhəllənin uşaqları onu çox sevərdi. Hər dəfə səfərdən qayıdanda uşaqları xaricdən gətirdiyi hədiyyələrlə sevindirərdi.
Xeyranisa xala yeməyə başlamamış, sağ əlinin şəhadət barmağını havada açıb, bircə dəqiqə səbrli olmağımı istədi,arabasının motorunu işə saldı, digər otağa keçdi, əlində kiçik bir qutu ilə qayıtdı. Qutudan Lenanın şəklini tapıb uzatdı, aldım, sonra ərinin rus sevgilisinə yazdığı şeirlərin solmuş vərəqlərini çıxarıb, laqeyd pafosla oxumağa başladı. Pasternakın şeirlərinə bənzəyirdi. Səhər şehi, sayrışan ulduzlar, qızın saçının rəngi, birgə gülüşləri və.s. Lena isə şəkildə o qədər də gözəl deyildi. Tozağacılarının qarşısında durub gülümsəyirdi Lena. Zəif bədəni, ağıllı sifəti, mehriban təbəssümü, uzun ayaqları vardı. Qırmızı yubka, ağ köynək geyinmişdi, yaxasındakı sancaq parıldayırdı,qırmızı lentli, ağ şlyapası əlində idi. Saralmış şəkilin arxasında kirilcə“Moskva-avqust” yazılmışdı.
Xeyranisa xala ilə balığımızı yeyə-yeyə hər şeydən söhbət etdik. Ancaq ondan soruşa bilmədim ki, ərinin sevgilisinin şəklini, rus qızına yazdığı şeirləri, hədiyyə saksafonu niyə saxlayıb?
Ona hələlik işsiz olduğumu, magistr təhsili aldığım üçün Rusiyaya valideynlərimin yanına gedə bilmədiyimi, onların yolladığı pulla dolandığımı söylədim. Sonra isə bir müddətdir məni dəhşətə gətirən kabuslardan, keçmişlə əlaqəli müəmmalı hadisələri sanki xoronoloji ardıcıllıqla yuxuda gördüyümü dedim. Naxırçı Sərracdan da söz açdım. Səhərə qədər onun və qardaşının ailəsi haqqında gördüyüm yuxunu danışdım. Bəzən də yuxunun içində yuxu gördüyümü,yuxuda yuxudan ayılmağımı, cismimi oyaq hiss edib, daha bir yuxu gördüyümü qonşuma sirr gəldim. “Olan işdir”– dedi Xeyranisa xala. –Rəhmətlik Sərracgil binamıza köçəndən bəri solaxay arvadı onsuz da sənin gördüyün yuxunu bütün təfərrüatı ilə məhəllə camaatına demək olar ki, birbəbir danışıb. Sən də ondan eşitdiklərini yuxuda görmüsən.
Mən naxırçının qardaşı oğlunun DTX-nin agenti olduğunu yuxuda gördüyümü deyəndə Xeyranisa xala gülümsədi. Oğlanın ölümünün ardınca onun bütün əşyalarını insafsızcasına od vurub yandıran valideynlərindən danışdım. O an qadının üz cizgiləri hamarlaşdı, gözlərimə heyrətlə baxdı.
–Maraqlıdır. Bu hissəni Sərracın arvadı dilindən qaçırtmayıb. Biz bunu özümüz üçün araşdıra bilərik, görək ər-arvad oğulları öləndən sonra ona aid əşyaları yandırıblarmı? Ümumiyyətlə, oğlan agent idimi? Bura bax, bəlkə sən bunu haradansa eşitmisən? Ola bilər, haçansa duymusan, beyninin hansısa qatında ilişb qalıb və yuxuda görmüsən. –Yox dedim.
Xeyranisa xala, mənimlə dərdləşə-dərdləşə gah gülümsəyir, gah da qaşqabağını sallayırdı.
“Gələcəklə də bağlı yuxular görürsənmi?” Üzümə baxmadan, çəngəl-bıçaqla oynaya-oynaya peşəsinə uyğun qətiyyətlə soruşdu. Onun tən ortadan ayrılmış saçlarının dibini –qafasının ağımtıl dərisini sonu görünməyən, gedib üfüqə dirənən tərtəmiz, uzun, upuzun bir yola bənzətdim. Başını dikəldib, gülümsədi, göz vurdu, sol qaşını qaldırdı,“Hə?”–deyə təkrar soruşdu. Dedim ki yox, ağlım başımdadır. “Hmm”–dedi, qəşəng, ürəkdən güldü, o dəqiqə də dodaqları ilə dişlərini örtdü. Fikir verdim, Xeyranisa xala peşəkar aktyorlar sayaq gülüşünü çox tez gizlədə bilirdi. Güləndən sonra sifəti elə ciddi görkəm alırdi ki, baxanda elə bilərdin bütün dünyanın yükü bu qadının incə çiyinlərindədir.
O, süfrəni yığışdırdı, qabları üst-üstə yığıb əllərinə götürdü.
–İstəyirsinizsə sizə kömək edim.–Salfetlə ağzımı, barmaqlarımı sildim.
–Yox, yüküm yüngüldür.–dedi, arabanın təkərləri hərəkətə gəldi, stoldan aralandı.
–Bu anlaşılmaz həyatda artıq öz talehi ilə barışmış bir insanın yükü, nə qədər yüngül ola bilər ki?–qımışdım. Sözüm özümə xoş gəlmədi. Araba dayandı. Arxası mənə sarı idi, bu vəziyyətdə bir neçə saniyə hərəkətsiz qaldı, sonra arabanın təkərlərinin cızıltılı səsi eşdildi, yerində döndü. Xeyranisa xala boynunu büküb, əllərində qab-qacaqla üzümə zillənmişdi. Çilçırağın işığı şabalıdı saçlarını parıldadırdı.
–Bilirsən, o insanın ki həyasında ədəbiyyat var, o darıxır, kövrək olur, xəyallarla yaşayır, bəzən isə yersiz, fəlsəfi danışır. Ancaq lazım deyil. Bu heç kimə lazım deyil –dedi tutqunlaşmış səsi ilə. Araba mətbəxə tərəf üz tutdu. Arxasınca uzun-uzadı baxdım.
Pərt olmuşdum. Pəncərəni azca açdım, aralıqdan sızan narın dekabr sazağı köynəyimin yaxasından yol tapıb bədənimdə gəzindi. Yersiz danışmağıma görə özümü dəfələrlə məzəmmət etmişdim. Nə qədər edirdimsə alınmırdı ki, alınmırdı. Niyə sözlərimi cilovlaya bilmirəm? Niyə insanların qəlbini qırıram? Düşünərəkmi edirəm? Haradansa şeypur səsi gəldi. Musiqi məktəbinə tərəf baxdım. Həyətin gur projektorları yansa da bina qaranlıq idi.Yarpağı tökülmüş ağacların incə qar örtüyü çəkilmiş budaqlarının arasından gördüm ki, ikinci mərtəbədə bir otağın işığı yanır. Yəqin məşq gedir, düşündüm. Daha bir səs. Bu səfər olduqca aydın, eyni zamanda xaric bir not.
–Rəhmətlik atam polis müstəntiqi idi, istəyirdi ki, yeganə övladı, yəni bəndəniz onun yolunu getsin. İstəyinə nail oldu–dedi arxadakı səs. Şeypurun növbəti xaric notu və mən pəncərəni bağladım, gülümsəyib qanrıldım. –Rayonları, şəhərləri gəzdim, ən qəliz insanlarla, cinayətkarlarla rastlaşdım. Dostlaşdım. Düşmən oldum. Evimə zəng vurub qorxu gəldilər. Çətinliklərdən keçdim. Bütün bunlar olduqca təbii idi–dedi, gəlib küncdəki yeni il yolkasının işıqlarını yandırdı. –Dayan, görüm, maraqlı bir əhvalat yadıma düşdü– gözlərini qıydı–Hə, atam danışırdı ki, yetmişinci illərdə Sovetski adlanan ərazidə cibgir Əliabbas varmış, polis onu nəzarətdə saxlayırmış. Oğurluq üstündə dəfələrlə həbs olunubmuş. Bir gün Əliabbasın evinə basqın ediblər. Nə görsələr yaxşıdı? Beş yüzdən çox qadın koşeloku. Qonşu qadınlar, evin zalında bardaş qurub,koşelok təpəciyini dövrəyə alıb, sevinə-sevinə əllərinə alır, seçir,bəyəndiklərini götürürmüşlər.Cibgir, tramvayda, trolleybusda, metroda, avtobusda, qadınların koşeloklarını oğurlayır, içindəkiləri götürür, gətirib atırmış evə–deyə gülümsədi– Maraqlıdır, əyləncəlidir, çətindir, təhlükəlidir, ancaq neyləmək olar, seçdiyimiz peşə, yol budur. Oğru, qatil, cinayətkar tutmaq… Eh…– dərindən köks ötürdü, qaşlarının ikisini də qaldırdı–Atamla dost-tanışa, qohum-əqrabaya o qədər oğru, qatil tutmağımızdan danışırdıq ki…Görürsən ki, axırda doğmaca balalarım da…– ah çəkdi–Biri oğru-qatil, o biri oğru-narkoman. Bu bədbəxt talelərin baiskarı mənəmmi? Bilmirəm. –dedi Xeyranisa xala, sonra qatlanan dizlərinə təəssüflə baxdı. Söz tapıb deyə bilmədim. Gözlədim.
–Dəhşətdir, hə? Sən ədəbiyyat adamısan axı, keçmişlə bağlı detallı şəkildə yuxular da görürsən. Düz demirəm, dəhşətdir, hə?–deyə Xeyranisa xala səsini yüksəltdi, gözlərini bərəltdi. Cavab vermədim. Ürpərdim. Elə bildim gülür və onun qaşları da dişləri də yoxdur.
“Sən ədəbiyyat adamısan, yuxular da görürsən” sözlərini o qədər eqoistcəsinə, kinayə ilə dedi ki, utandım, hiss etdim ki, qulaqlarım da, yanağım da qızardı.
Sirrini heç kəsə verməməlisən. Heç kəsə! Saniyə çəkməyəcək, sənə qarşı silah kimi istifadə edəcəklər. Danılmaz həqiqətdir! İnanın!
–Cavab vermədin. Eybi yoxdur–başını ehmalca tərpətdi. Birdən-birə səsinin tonu elə yazıqlaşdı, elə yazıqlaşdı, sanki əlli il əvvəl törətdiyi cinayət hadisəsinin mənəvi yorğunluğunu artıq daşıya bilməyəcəyini anladı, tutduğu işə görə peşiman olub hər şeyi etiraf etmək istədi, gözü yol çəkən adamlar kimi küncə baxdı.
–Türmədəki oğlum, qaçaq yolla silah gətirdibmiş, növü makara imiş–danışa-danışa arabası tərpənib divanın yanında dayandı, əlilə işarə elədi ki, ayaq üstə qalmayım, bir yer tapıb oturum. Stulda oturdum.– Silahda cinayət işi də varmış. Hansısa əclaf,hansısa əclafı gülləyəbmiş. Mənim əclafım da o silahdan istifadə etmişdi. Qızını mənim əclafıma yox, başqasına ərə verib deyə Mərdəkanda sevgilisinin atasını qapısının ağzında güllələmişdi. Dedi mamaşa, onu yaşadığı evin kandarında güllələdim. Tapançanı Marneulili bir gədədən on dollara alıbmış. Üstündə ücçə güllə varmış. Dedi mamaşa, gördüm evindən çıxır, aramızda üç metr məsafə ola ya da olmazdı, məni gördü, üzümə baxdı, silahı görmədi. Tapançanı çıxartdım, təşvişə düşdü, sağına-soluna baxdı, ancaq yerindən tərpənmədi. Atdım gülləni, almacıq sümüyündə qırmızı indeyski xal yarandı, əlilə üzünü qapayıb evinə yox, sağa dönüb qışqıra-qışqıra, iti-iti yeriməyə başladı. Açığı vahimələndim,dedi, sonra arxadan kürəyinə bir güllə atdım, yıxıldı. Çatdım, başına da birini geydirdim. Vəssalam.
Xeyranisa xalanın dilindən olmasa da məhəllədə hadisəni eştimişdim, ancaq bu barədə hələ detallı yuxu görməmişdim. Bilmirəm, görəcəkdim, yoxsa yox.
–Bilirsən, düz deyirlər, Allah istəməsə onun bəndəsinə toxunmaq, pislik etmək olmaz. Bütün bunları Allahı istədi və oldu. Allahın qarşısında nə qədər günahkar olduğumu bilmirəm, heç kəs də bilmir, ancaq ağıllı adam dərk edir, anlayır ki, onun pis əməlləri daha çoxdur və balansı qoruyanın ədalətli cəzası qarşısında dik durmalı, gözləməlidir, qarşıdakı bədbəxt hadisəni dörd gözlə gözləməldir. O bəla gələcək, mütləq gələcək! Ya özün cavab vercəksən, ya da…–dedi, sol qaşını qaldıraraq, baş barmağını büküb sağ əlini havada yellədərək,sol əlilə saçını qulağına ilişdirərək.– Ya da…–Sanki bir az kövrələn kimi oldu. Gözlərini qaçırtdı, yolkaya baxdı. Sarı, qırmızı, yaşıl, göy ulduzcuqlar, hadisələrdən bixəbər, izahaolunmaz rahatlıqla, aramla bir-birini əvəzləyir, yanıb-sönürdü…
–İcazənizlə.–Əllərimi ovuşdurub yerimdən qalxdım.
–Sənin də baş-beynini apardım.
–Yox. Qətiyyən. Xeyranisa xala, balıq qızartsaz, mütləq çağırın.
–Olar– dedi, gülümsədi, elə o dəqiqə də gülüşünü gizlətdi, arabasını qapının yanına çəkdi.
Koridorda ayaqqabılarımı geyindim, sonuncu dəfə təşəkkür edib, sağollaşdım, qapının cəftəsini burub açdım. Eşik qaranlıq idi. Xeyranisa xala dedi ki, çölün işığını yandırmağı unudub.Əlimi küncdəki elektrik yeşiyinə uzatdım. Həmin anda arxamdakı kabusdolu səs pıçıldadı:
–Gördüm. Naxırçını minarədən itələdilər.
Yerimdə keyiyib qaldım. İlahi, yuxuda yuxu görürəm, yoxsa, yuxuda yuxudan oyanıb yenə yuxu görürəm?Arxaya baxmaq istəmirdim. Xeyranisa xala yenə pıçıldadı:
–Gördüm. Şeytan itələdi. Şeytanı gördüm.
Beynim, vahiməli pıçıltını dəf etməsəydi, gözlərim, alaqaranlıqda üzbəüz duran orta boylu, maskalı iki adamı seçə bilməzdi…
***
Maskalılardan nisbətən cüssəlisi əlindəki tüfəngi əlil arabasında oturan qadına tuşlamışdı. Qadın, silahın qarşısında başını dik tutub, susmuşdu. Digər maskalı isə qapını ehmalca bağlayıb, sifətindən ölümcül zərbə alıb sərələnmiş oğlanın üstündən atıldı. Onun balaqlarından qar çırpılıb yerdəkinin üstünə töküldü…