Sim-sim.az Aydın Cavadın “Forvard” hekayəsini təqdim edir.
Forvard
Böyük uğurların bir addımlığında ikən birdən birə karyerasını bitirməyə qərar verən Forvard, hər kəsi təəccübləndirmişdi. Bir səhər qəzetlərə manşet olmuş xəbəri oxuyan bütün azarkeşlər həm şok olmuş, həm də qəzəblərini gizlədə bilməmişdilər. Gün ərzində Forvard`ın sosial media hesablarını gəzib bir açıqlama verəcəyini gözləsələr də, günün sonunda məyus olmuşdular. Dəfələrlə klubunu son dəqiqələrdə məğlubiyyətdən xilas edən, sona qədər ümidini üzmədən oynayan, hətta kubok oyunlarında qarşılaşdığı A klass klublara da qol vurmağı bacaran Forvard bir müddət idi ki klubun simvolu olmağı bacarmışdı. Transfer mövsümündə hər sezon adı böyük klublarla yanaşı çəkilsə də, hər sezonun əvvəli öz klubunun forması ilə ilk oyuna çıxardı və azarkeşlər onun heç vaxt klubu tərk etməyəcəyini, onları əsas liqaya çıxarmamış klubdan getməyəcəyini düşünərdi. Bəziləri isə bu xəbərlərin sadəcə uydurma olduğunu deyərdi. Futbolun ən inkişaf etdiyi ölkələrdən birinin aşağı liqasında oynamasına baxmayaraq, Forvard sezonun elə ilk oyununda nəsə qeyri adi bir şey edib mütləq gündəmə gələrdi. Bu səbəbdən onun gələcəkdə böyük futbolçu olacağına heç kimin şübhəsi olmazdı.
Məktəb yaşlarında hər il keçirilən ənənəvi həvəskar futbol liqasında davamlı oynayardı. Amma bir gün məşqçisi ona bu liqada oynamağı qadağan etdi. Oyunların birində sağ ayağında yüngül ağrılar hiss etmiş, bu səbəbdən də tərkibində olduğu klubun məşqlərində iştirak edə bilməmişdi. Liqada bir daha oynamayacağını sinif yoldaşlarına dediyi gün, təkcə komanda üzvləri yox, sinifin bütün oğlanları ondan incimişdi. Komanda onun sayəsində qrupdan birinci çıxmışdı və heç bir oyunda məğlub olmamışdılar. Ənənəvi futbol çempionatı hər il dərslərin başladığı vaxtdan başlayar və sezonun bitməyinə yaxın bitərdi. Uşaqlar tətil aylarında teztez toplaşıb çempionata hazırlaşardı. Forvard isə bu hazırlıqlara qatılmazdı, çünki buna ehtiyacı yox idi. Bəzən, əgər komandanın hazırlığı onun boş vaxtlarına uyğun gələrsə, stadiona gələr və onlara xüsusi məşqlər keçərdi. Bu baxımdan, onun ayda bir dəfə keçdiyi məşq, komandanın bir aylıq məşqindən daha faydalı olardı. Liqada heç vaxt bombardirlik cədvəli tutulmazdı, hətta bir dəfə yoldaşları zarafatyana “mükafatı almaq üçün yarışmanın bitməyinə gərək yoxdur” deyib, təşkilatçılara mükafatın ona öncədən verilməsi üçün müraciət edəcəklərini əlavə etmişdilər, o qətiyyən belə bir şey etməmələri barəsində yoldaşlarına xəbərdarlıq etmişdi. Bu sezon onların qatıldığı dördüncü sezon idi və üç çempionluqları var idi. İndiyə qədər heç bir sinif bunu bacarmamışdı. Forvard davam etsəydi, çox da çətinlik çəkmədən yeni rekorda sahib olacaqdılar.
Yoldaşlarının ondan uzaqlaşması onu xeyli təsirləndirmişdi. Görüşüb bərabər məktəbə getdikləri, dərs bitəndən sonra bəzən bir yerdə oturub saatlarla söhbət etdikəri, maraqlarını bölüşdükləri dostları artıq onun üçün əlçatmaz idi. Bir neçə dəfə onların hər biri ilə təklikdə söhbət etməyə cəhd etsə də, ondan sonra komandanın kapitanı olan Z, “ onunla söhbət etməyin, əgər sizə yaxınlaşıb danışmaq istəsə qulaqlarınızı tutun, mahnı oxuyun və yanından gedin” dediyinə görə, bu istəyinə nail ola bilməmişdi. Bir müddətdən sonra həm Forvard məktəbə tək gedib gəlməyə öyrəşmişdi, həm də yoldaşları ondan uzaqlaşmağa. Bu uzaqlıq onların arasında elə böyük sədd yaratmışdı ki, bir az böyüyəndən sonra sözdə “barışdıq” desələr də, heç vaxt əvvəlki kimi dostlaşa bilməmişdilər. Forvard məktəbdə olanları valideynlərinə deməmişdi, amma onlar vəziyyətin fərqində idi. Hər gün məktəbə getməyə can atan uşaqları, indi çoxlu bəhanələrlə məktəbdən yayınmağa çalışırdı. Bunun belə davam edə bilməyəcəyini anlayan ailəsi, çıxış yolunu Forvard`ın məktəbini dəyişdirməkdə gördülər. Çox keçmədi ki, özləri də yeni məktəbə yaxın olan məhəllələrdən birinə köçdülər.
Məktəb və liseyi bitirəndən sonra, sadəcə futbolla məşğul olmaq istədiyi üçün universitetə imtahan vermədi. Tez bir zamanda özünü maksimum inkişaf etdirib, klubun əsas heyətinə seçilməyi hədəfləyirdi. Həm də klubda çox güclü rəqabətin olduğu bir vaxtda. Yeni transferlər və klubun məktəbindən gələn gənclər məşqçiləri çətin vəziyyətə salmışdı. Forvard isə qətiyyən narahat deyildi. Gec tez əlinə düşəcək şansı gözləyirdi. Əsas komandaya qoşulandan sonra, boyunun hündürlüyünü və fiziki gücünü avantaja çevirmək üçün məşqlərdə hava toplarına üstünlük verdi, baş zərbələrinin dəqiqliyini artırdı. Bu dəqiqlik sayəsində ona əsas heyətdə ehtiyac yarandı. Debütünü isə kubok matçında etdi. İlk dəfə adı iştirak ərizəsinə salındı və oyuna ehtiyatlardan başladı. İlk hissəni məğlub bitirən klub, ikinci hissəyə də eyni heyətlə çıxdı. Baş məşqçinin göstərişləri əsasında qısa paslarla müdafiəni yarmağa çalışan komandanın cəhdləri bir nəticə vermirdi və teztez əks hücumda yaxalanırdılar. Belə əks hücumların birində az qala ikinci top qapıdan keçəcəkdi, amma zərbə dirəkdən qayıtdı. Hər an ikinci qolu buraxa bilərdilər, taktikanı dəyişmək lazım idi. Bu an baş məşqçi Forvard`ın məşqdəki baş zərbələrini xatırladı və ona isinməyə başlamasını söylədi. Ümid cinah ötürmələri və baş zərbələrinə qalmışdı.
Oyunun bitməsinə 10 dəqiqə qalmış, Forvard oyuna daxil oldu. Çox vaxtı yox idi komandasını məğlubiyyətdən xilas etmək üçün. Onun oyuna daxil olması ilə bərabər məşqçi taktikanı dəyişdi. Artıq müdafiədən uzun paslarla çıxılmalı, cinahlardan cərimə meydançasına hava pasları ötürülməli idi. Rəqib tamamilə qapanmışdı. Bu onlara topla rahat oynamaq imkanı verirdi. Di gəl ki, cərimə meydançasına ötürülən heç bir top gedib Forvard`ın başına çatmırdı. Belə ötürmələrin sadəcə biri təhlükəli olmuşdu ki, onu da son anda Forvard`ı qabaqlayan müdafiəçi çıxara bilmişdi. Korner. Forvard yoldaşlarına əl işarəsi ilə çalışdıqları ev tapşırığını xatırlatdı. Hər kəs bir sıra ilə düzüldü. Ən arxalarında dayanan Forvard topun ötürülməsi ilə bərabər hərəkətləndi, hamını qabaqladı və baş zərbəsində birinci oldu. Zərbə çox dəqiq vurulmuşdu. Qapıçı nəinki reaksiya vermək, topun haraya getdiyini izləməyə belə fürsət tapmadı.
Hesab bərabərləşdi. Yarış tək matç sistemiylə oynanılırdı. Heçheçə olacağı təqdirdə əlavə vaxt təyin olunmayacaqdı. Birbaşa oyunsonrası penaltilər seriyasında qalib müəyyənləşəcəkdi. Azarkeşlərin də bunu gözlədiyi bir vaxtda, rəqib son hücum şansını əldə etdi. Bir neçə pasdan sonra topu birbaşa havadan cərimə meydançasına ötürdülər və cərimə meydançası daxilində top komandanın müdafiəçilərindən birinin əlinə dəydi. Hakim etirazlara baxmayaraq tərəddüdsüz penalti təyin etdi. Daxilindəki ümidi açığa çıxaran Forvard etiraz etməyə yanaşmadı. Qapıçının topu çıxaracaağından o qədər əmin idi ki, mərkəzə yaxın bir yerə gedib əks hücum üçün yerini aldı. Zərbə anında qapıçı rəqibin gözlərinə baxaraq istiqaməti müəyyən edə bildi. Topu iki cəhddə tutub tez boş bir oyunçuya atdı. Cinahdan kontra başladı. Müdafiəçi uzun hava pası ilə topu mərkəzə, Forvard`ın önünə atdı. Arxada bir dənə də olsun rəqib müdafiəçi yox idi, amma qapıya təxminən 50 metr məsafə vardı və qapıçı sürətlə onun üstünə gəlirdi. Aşırmaya risk etmək istəmədi, xeyli irəliləyib qapıçdan sıyrıldı. Bu an topu ayağından açdı və qapıçı onun formasından tutub çəkməyə başladı. Müdafiəçilərin ona yaxınlaşdığını sanan Forvard qapıçının əlindən qurtulmağa çalışırdı. Futbol qaydaları tamamilə unudulmuşdu. İksi əməlli başlı əlbəyaxa olmuşdular. Bu səbəbdən meydanda baş verənlərdən heç birinin xəbəri yox idi. Onlardan başqa bütün oyunçular hakimin ətrafına yığılmışdılar. Möhtəşəm azarkeş atmosferi səbəbindən hakimin daha öncədən çaldığı fiti onlar eşitməmişdilər. Eyni zamanda şərhçi və rejissorun da bu aqibəti yaşadığı hiss olunurdu. Kamera ancaq onların üstünə tuşlanmışdı və şərhçi təkbətək anını çox ustalıqla şərh edirdi. Meydanın digər tərəfində olanlara isə qaranlıq qalan, hakimin niyə bu hücumun yenicə başladığı anda oyunu saxlaması idi. Çünki ofsayd yox idi, olsaydı belə, yeni qərara əsasən hakim hücumun bitməsini gözləməli idi. VAR`dan gələn qərardan sonra hakim penalti nöqtəsinə tərəf gedib penaltinin təkrarlanmasına qərar verdi. Qapıçının hər iki ayağı vuruşdan öncə qapı xəttindən çıxıbmış. Etirazlar şiddətlənərkən, iki oyunçuya birdən qırmızı kart göstərildi. Həmin oyunda məğlub olsalar da hər kəs bu oyun haqqında yazdı və yenə Forvard dünya mediasının gündəmində öz yerini aldı. Onun qapıçı ilə mübarizə apararkən çəkilən maraqlı bir fotosuna isə uzun müddət cürbəcür maraqlı caps`lər hazırlandı.
Bundan sonrakı sezonlarda qələbəli məğlubiyyətli maraqlı oyunlar keçirdi. Kubok da qazandı, komandasını ikinci liqaya qədər də yüksəltdi. Müxtəlif mükafatlar aldı. O sadəcə öz klubunun yox, həm də ümumilikdə futbol azarkeşlərinin bəyənib izlədiyi futbolçu idi. Youtube`da onun haqqında hazırlanan “qolları, bacarıqları, asistləri” videoları milyonlarla izlənmə yığmışdı. Futbolla bu qədər tez vidalaşması həm də azarkeşlərdə ona görə narahatlıq yaratmışdı ki, tez unudula bilərdi. Bəziləri onun ulduz olmaq istəmədiyi üçün bu qərarı verdiyini söyləyirdilər. Çünki son vaxtlar mütəxəssislərin bu yöndə rəyləri teztez eşidilirdi.