Sim-sim.az Aygün Cəfərovanın “Yurdçu” hekayəsini təqdim edir.
(Həyat ən usta yazıçıdır.)
Evin kandarındakı kiçik xalçanın üstünə ayağını qoyacağı anda kələ-kötürlüyündən bildi ki, xalçanın altında nəsə var. Kənarını qaldırdı ki, əlini xalçanın altına salıb o “nəsə”ni götürə. Həmin vaxtda xalçanın kənarından çıxan qara quyruğu gördü – ilan quyruğu idi. Qorxudan geri atıldı.
– Ay Allah, evə ilan girib?! – titrək səsi böyük eyvanın pəncərələrinə dəyib daş pilləkəndə çilikləndi.
Kimdən soruşurdu ki?! Bir də öz səsindən diksindi. Elə bil, anasının öldüyü həmin günü indi bir də yaşadı. “Nənəm vay!”- deyib ağlaya-ağlaya çarəsizcə sağa-sola baxdı. Bilirdi ki, yaxınlıqda insan övladı adına bir ins-cins yoxdur. Ən yaxın qonşu belə buradan səsini eşitməzdi: kənd evləri aralı tikilir axı. Amma yenə də gözü axtardı. Atasını, qardaşlarını çağırmaq istədi, “Heç olmasa, Zəminə yanımda olaydı kaş”- deyə bacısını arzuladı. Üşüdü. Bilmədi, qorxudan əsirdi, ya doğrudan da, soyuq idi. Nə soyuğu? Yayın ortasında soyuq nə gəzirdi buralarda?! Gözünün yaşı üzündə qurudu. Ağlamağa vaxt olacaqdı. Gecələri kim əlindən alıb ki?!
İndi isə ilanı öldürməli idi. Həyətdəki odun yığdığı kümədən bir odun parçası götürdü. İlanın quyruğunun əks tərəfindən – başının ola biləcəyi yeri təxmini bəlirləyib xalçanın üstündəncə bir neçə zərbə endirdi. Qorxu adamı cəsarətli edirmiş. İlanın fısıltısı, çırpınışları tükürpədici olsa da, ev sahibəsinin fikri qəti idi: çağrılmamış “qonağ”ı öldürmək. Başı əzilmiş ilan bütün zəhərini sağına-soluna saçaraq, nəhayət ki, öldü.
Ev sahibəsi yalnız indi onun evə niyə girdiyini düşünməyə macal tapdı: lənətəgəlmiş bayırdakı istidən qaçıb sərin yer axtara-axtara buraya – yenicə sildiyi daş pilləkənlərin sement suvaqlı kandarının sərinliyinə soxulub.
-Amma bura mənim evimdir! Eşidirsən, qara talxa? Bura hələ də mənim evimdir! – acıqla pıçıldadı. Taleyinə olan acığını öz yerini bilməyən uğursuz ilandan çıxdı sanki.
Birtəhər əlləri əsə-əsə yabanın ucunda ölü ilanı götürüb həyətdən kənardakı dərəyə tulladı. Qayıdıb pilləkənin qabağındakı zəhəri, qanı su ilə yudu. Bir neçə dəfə silib təmizlədi. Balaca xalçanı da yuyub salavatlayıb dəmir teldən asdı. Pilləkənin qabağına ayrı kilim sərdi.
– Gərək küncə-bucağa dərman-filan qoyum. Keçən dəfə də evin içində əqrəb sancmışdı ayağımı. Ağrısı öldürmüşdü az qala məni. İndi də bu adıbatmış. Heç keçən qış həyətə doluşan canavarlardan belə ürpənməmişdim. Tüfəngin səsinə qaçışmışdılar bir dəqiqədə. O itən itdilər… Ölümdən qorxmuram e. “Ölüm haqqdı” – nənəm deyərdi. Can nənə… – yenə göz yaşlarının üzündəki qurumuş cığırı islandı – Ölüm nədir ki? El içində qardaşlarımı xəcalətli qoyaram deyə, qorxuram belə ilan-çayan zəhəri ilə ölməkdən. Allah iraq eləsin… “Yığış gəl şəhərə, bacı!” – deyirlər. Gələ bilmirəm axı, qardaş. Siz oralarda qocalmısınız, mən bu həyət-bacada. Şəhərin dörd divarı içində bağrım çatlayar üç gündə. Ömrüm bu evimizdə keçib. Dədə yurdumu necə xaraba qoyum gəlim? Son nəfəsimə qədər də olsa, qoymaram “Xızır kişinin evi viran qaldı” deyilə. Kənddə neçə evə bayquşlar yiyələnib indi. Ayağı yer tutan qaçır şəhərə. Sehrangilin, Afatgilin, Qafargilin, Rəfiqəgilin evləri uçulub dağılıb. Kəndin mal-heyvanı da bir yandan dağıtdı çəpər-çoluqlarını. Bizim evi də ot bassınmı biz ola-ola?!Bu evin o günləri vardı ha… Hara getdi o günlər, İlahi?! Qağam at belində həyətə yaxınlaşanda nənəm inəkləri sağıb həyətə girirdi. Biz də əllərində-ayaqlarında qulluğa qaçırdıq. Şam namazlarından sonra açılan süfrənin bu başından o başı görünmürdü. Bağ-bostanımızın bar-bəhərindən düzərdik süfrəyə. Nəvə-nəticələrin hay-küyü, gülüşləri, gəlinlərin yaşmaqlanıb süfrəni hazırlamaları, zarafatlarımız… Nadir ailəsini götürüb Almaniyaya köçəndən sonra nəvələrin həsrətinə heç bircə ay dözə bilmədilər nənəmgil. Yarızarafata da olsa, qağam haqq edirdi Nadirə “nemes” deyəndə. Nəvələrin adını çağıra-çağıra gözüaçıq getdilər ikisi də. Özləri ilə apardılar evin olan-qalan həyat nişanələrini də rəhmətliklər…Həyətdəki heyvanların, itin, pişiyin də huzuru var idi onda, elə bil. İndi yazıq Bozdar nə gündədi? Elə “it günündə” dedikləri bu imiş. İt də o günlərin xiffətini çəkir. Mənim kimi. Əldən düşüb yazıq. Çox çəkməz o da; bu gün-sabahlıqdı. O boyda bağ sovulub, hər nubaranlıqda uşaq kimi sevinərdi, əlləri ilə peyvənd etdiyi ağaclar da qağamsız bəhər vermək istəmədilər… - gözlərini bir nöqtəyə zilləyib sanki kiminləsə danışırdı. Daş pilləkəndə oturub xatirələrə dalan əlli yaşlı bu qızın özü də daşa dönmüşdü sanki. Birdən ilanı öldürdüyü yerə – qapının kandarına baxaraq səsi yetdiyi qədər ucadan bir bayatı çəkdi:
Əzizinəm, qardaş, gəl,
Uzaq ellərdən aş gəl,
Yolunu gözləməkdən
Oldum yurduma daş, gəl…
Hönkür-hönkür ağladı. Ürəyinin nisgilini gözlərindən boşaldandan sonra özünü yenə danlamağa başladı:
– Allah keçsin günahımdan. Təki canları sağ olsun. Oxumağa gediblər, ruzi dalınca gediblər. Allah işlərini avand eləsin. Qərib ağa imam Rza xatirinə Allah qərib qardaşımı pənahında saxlasın…
Bu vaxt hiss elədi ki, həyətə bir maşın girdi. Ardınca maşının qapılarının səsi gəldi. Özünü yetirib həyətə qaçana qədər doğma səslər onun qulağına yetirdilər özlərini:
– Bozdar! Bozdar, gəl bura! Ay ata, Bozdar necə arıqlayıb?!
– Bacı! Ay bacı!
– Bibi!
– Can bibi! Bibi sizin qədəmlərinizə qurban olsun! – gələnlərə tərəf ayaqyalın gedən ev sahibəsinin indi yeridiyini yox, qanadlanıb uçduğunu görürdü Bozdar. İt özü də sevincdən elə zingildəyirdi ki, elə bil, dil açıb bu yeddi ildə nələr baş veribsə, hamısını bir-bir danışacaqdı tanış iylərin yiyələrinə…