PEŞƏKAR TƏRCÜMƏÇİLƏR ASSOSİASİYASININ YARADILMASI AZƏRBAYCANIN ƏDƏBİ-MƏDƏNİ VƏ İCTİMAİ MÜHİTİNDƏ MÜSBƏT HADİSƏ KİMİ QARŞILANIR
Assosiasiyanın rəhbəri Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır. Bununla bağlı geniş açıqlama verən Kamal Abdulla qeyd edib ki, Azərbaycanda həmişə peşəkar tərcüməçilər olub. İstər peşəkar, istərsə də gənc tərcüməçilərin fəaliyyəti bu gün də uğurla davam edir. Lakin onların sistemli fəaliyyətini bir araya gətirən təşkilat olmayıb. Bu baxımdan yeni yaradılmış Assosiasiyanın məqsədi ictimai səviyyədə Azərbaycan tərcüməçilərini bir məqsəd ətrafında toplamaq, onların fəaliyyətini Azərbaycanı daha optimal şəkildə təbliğ etmək istiqamətinə yönəltmək, eyni zamanda, sistemli şəkildə əlaqələndirməkdir.
Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyasının yaradılması ədəbi-mədəni və ictimai mühitdə müsbət hadisə kimi qarşılanıb, onun əhəmiyyətinin vacibliyi qeyd olunub.
Sim-sim.az tərcüməçilərin fikirlərini təqdim edir.
Kamran Nəzirli, yazıçı-tərcüməçi: “Bəli, eşq olsun! Mən lap çoxdan deyirdim ki, belə bir Assosiasiya yaradılmalıdır. 2-3 il bundan qabaq “Ədəbiyyat qəzeti”ndə təcümə problemləri ilə bağlı müzakirədə də bunu xüsusi vurğuladım. O zaman Azər Turan, İradə Musayeva, Vilayət Hacıyev, Elnarə Akimova məni dəstəklədilər. Elə həmin müzakirədə son 20 ildə tərcümə sahəsində (söhbət hələ bədii tərcümədən gedirdi!) təsərrüfatsızlığın yaranmasının səbəb və nəticələrindən də danışıldı. Odur ki, Kamal müəllimin təşəbbüsü ilə yaradılmış bu təzə qurumu mən də alqışlayır, gələcək fəaliyyətində uğurlar arzulayıram. Xeyirli-uğurlu olsun! Və bu gündən mən də Assosiasiyaya qoşuluram, bacardığım köməyi də əsirgəməyəcəm.
Nəriman Əbdürrəhmanlı: Təbii ki, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının dünyaya tanıdılması məramıyla görülən bütün işləri, o sıradan da Azərbaycan Peşəkar Tərcüməçilər Assosiyasiyasının yaradılmasını bəyənirəm. Əslində, biz bu kimi məsələlərdə həmişə gecikmişik. Məsələn, gürcülərin “Saunce” tərcümə mərkəzi hələ 1937-ci ildə yaradılmışdı, həm də təkcə dünya ədəbiyyatından tərcümələr eləmirdilər, gürcü ədəbiyyatını da dünya dillərinə tərcümə eləməklə məşğul olurdular. Azərbaycanda belə bir mərkəz ancaq 1989-cu ildə yaradıldı, qısamüddətli fəaliyyətdən sonra cürbəcür çətinliklərlə üzləşdi, yalnız 2014-cü ildə hörmətli yazıçımız Afaq Məsudun səyi nəticəsində planlı fəaliyyət yoluna qədəm qoydu. Neçə illər əvvəl yaradılmış Gənc Tərcüməçilər Assosiyasiyası da üzvlərinin entuziazmı hesabına müəyyən işlər gördü. Amma bizim ədəbi əsərləri dünya dillərinə tərcümə edəcək, ədəbiyyatımızı dünyaya tanıdacaq tərcüməçilərin yetişdirilməsinə daha çox ehtiyacımız var, yeni qurumun da bu yönümü prioritet kimi qəbul eləməsi təqdirəlayiqdir. Hörmətli yazıçımız Kamal Abdulla bu işin layiqli səviyyədə görüləcəyinə inanırsa, deməli, arxalandığı yaradıcı potensial var. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin son illərdə bu yönümdə gördüyü işlərin miqyasını daha da genişləndirmək, mövcud tərcüməçi potensialından səmərəli istifadə eləmək ancaq ədəbiyyatımızın, bütövlükdə də mədəniyyətimizin xeyrinə olar.
Norveç və Danimarka dillərindən bir neçə kitabı Azərbaycan dilinə tərcümə edən Anar Rəhimov Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaradılmasını yüksək qiymətləndirir: “Assosiasiyanın yaranması heç şübhəsiz, Azərbaycan ədəbi mühitində tarixi bir hadisədir. Hər zaman yenilikçi ideyaları ilə elmimizə, ədəbiyyatımıza və təhsilimizə töhfəsini verən akademik Kamal Abdullanın bu addımı böyük bir boşluğu doldurmağa hesablanıb. Düşünürəm ki, assosiasiya fəaliyyət müddəti ərazində qarşıya qoyulan vəzifələrə, o cümlədən, gənc peşəkar tərcüməçilərin yetişməsi, tərcüməçilərin sistemli və peşəkar bir qurum ətrafında birləşməsi və klassik, müasir Azərbaycan ədəbiyyatının nümunələrinin dünya dillərində xarici kitabsevərlərə çatdırılması reallaşacaqdır. Dünyanın müxtəlif ölkələrində bənzər qurumlar olsa da, təəssüf ki, ölkəmizdə ədəbi tərcüməçiləri öz bayrağı altında birləşdirən vahid, peşəkar bir qurum yox idi. Lakin indi ədəbiyyatımıza və dövlətimizin tanınmasına xidmət edən tərcüməçilər assosiasiyası bizdə də yarandı. Xeyirli olsun!”
Almaniyada yaşayan tərcüməçi-tədqiqatçı Orhan Aras: “Əvvəlcə bu təşəbbüsü ürəkdən alqışlayıram və dəyərli ədibimiz Kamal Abdullanı bu münasibətlə təbrik edirəm. Tərcümə işi dünyada yazıçılıq işi kimi çox vacib məsələdir. Məsələn, Almaniyada ədəbi tərcümə üçün ədəbiyyatı bilməyən və yazarın üslubunu analiz edə bilməyən tərcüməçilər nəşriyyat tərəfindən diqqətə alınmırlar. Türkiyədə edilən tərcümələri görəndə çox təəssüf edirəm. Son vaxtlar Azərbaycandakı tərcümələrin də bir qismini gördüm və doğrusu şaşırdım. Çünki Azərbaycanda ən azı keçmişdən gələn bir tərcümə ənənəsi vardı. İndi yoxdur. Tərcümə yazıçının üslubunu, dilindəki zənginliyi və folklor koloritini eynən başqa dildə axtarmırsa, o, doğru tərcümə sayılmaz. Mən uzun illərdir tərcümə ilə məşğul olan bir insan olaraq Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaradılmasına böyük ümidlə yanaşıram və uğurlar arzu edirəm”.
Filologiya üzrə fəlsəfə doktoru Jalə İsmayıl: “Bədii və ya elmi ədəbiyyat, film dublyajı, reklam adaptasiyası – Azərbaycan dilinə tərcümə edilmiş mətnlər həmişə müzakirə mövzusudur. Nəyi və necə tərcümə edirik? Material seçimi, tərcümə metodikası barədə peşəkar rəyinə daim ehtiyac var. Bu günlərdə Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaradılması barədə xəbər yayıldı. Qurumun rəhbəri akademik Kamal Abdullanın APTA-nın fəaliyyət prinsipləri haqqında geniş açıqlaması bu təşkilatın çoxprofilli iş planından xəbər verir. İnanıram ki, ölkəmizin dünyada tanıdılması və dünyanı doğru tərəfdən tanımağımız üçün peşəkar tərcüməçiləri ətrafında birləşdirəcək bu qurumun müstəsna vəzifələrin öhdəsindən gələ biləcək”.
Şair-tərcüməçi Qismət: “Xalq yazıçısı, akademik Kamal Abdullanın rəhbərliyi ilə yaradılan Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının təsis olunması müstəsna hadisə, çox qiymətli layihədir. Əsas əhəmiyyətli tərəfi ondan ibarətdir ki, tərcümə istiqamətində kadrlar yetişdirən Azərbaycan Dillər Universitetinin bazası kifayət qədər geniş imkanlara sahibdir ki, peşəkar tərcüməçilərin yetişdirilməsində ən aşağı pillədən, ən yuxarı pilləyə qədər bütün mərhələləri əhatə eləsin. Bizim tərcümə təsərrüfatında adətən problem ondan ibarətdir ki, neçə illərdir xarici dillərdən bizim dilə tərcümələr olunur. Amma Azərbaycan ədəbiyyatının başqa dillərə tərcüməsində sistemsizlik, xaotiklik var. “Mənim sevimli hekayəm” layihəsi də onu göstərdi ki, Azərbaycan dilindən başqa dillərə hekayələrin tərcümə olunmasına nə qədər böyük maraq, ehtiyac var. Assosiasiyanın yaradılması daha geniş çapda layihələri həyata keçirmək üçün çox dəyərli bir addımdır”.